“Atam bizə “Arşın mal alan”ı nağıl kimi danışardı” - Türkiyənin tanınmış şairəsi Yeşim Ağaoğlunun "Ədəbiyyat qəzeti"nə müsahibəsi

 

- Yeşim xanım, kökləri Qarabağa bağlı bir insan olduğunuz üçün söhbətimizə Azərbaycanın 44 günlük Vətən savaşı və qazandığı tarixi qələbədən körpü salmaq istəyirəm.

- Azərbaycanda müharibə başlayanda İstanbuldan kənarda idim. Amma yenə də bacardığım qədər xəbərdar olmağa, baş verənləri yaxından izləməyə çalışırdım. İstər media vasitəsilə, istərsə də Bakıdakı dostlarımdan orda baş verən hadisələri detallarına qədər bilməyə çalışırdım.

- Ədəbiyyat hər zaman barış tərəfdarıdır. Müharibə sizin üçün nədir və ədəbiyyata nələr qatar?

- Əlbəttə, əvvəla insan, sonra da ədəbiyyat və sənətlə məşğul olan bir insan olaraq sülh tərəfdarıyam. Müharibələrdə bir tərəf qalib gəlsə belə, hər iki tərəfin əslində itirdiyini düşünürəm. Müharibə zamanı insanlar övladlarını itirərkən, qazananlar ancaq silah satanlar olur. Amma bütün bunlarla yanaşı, bir də realist tərəfim var və şərtlər əgər müharibə deyirsə, bundan da qaçmaq olmaz.

- Azərbaycanın və Türkiyənin əhəmiyyətli ictimai xadimi, maarifçi Əhməd bəy Ağaoğlu nəslindənsiniz. Ailənizdə sizə Azərbaycan, Qarabağ sevgisi necə aşılanırdı?

- Bəli, ailəmin əsli Qarabağın əsrarəngiz şəhəri Şuşa şəhərindəndir. Əhməd bəy Ağaoğlu mənim babamın əmisi oğludu. Əmilərim və atam Bakıda dünyaya gəlib. Atamın ailəsilə aramda, həm fiziki, həm də könül bağı olaraq çox güclü bir bağ var. Uşaqlığım demək olar ki, o ailənin yanında keçib. Atamın anası uşaqlığımdan bəri çox sevdiyim, aşırı bağlılıq hiss etdiyim bir insan idi. İnanın, nənəm dünyasını dəyişən günə qədər demək olar ki, hər gün bizə ancaq Şuşa, Qarabağ, Bakı və orda qalan ailəmizdən bəhs edirdi. Biz hər nə qədər İstanbulda dünyaya gəlmiş olsaq da, istər mədəniyyət, istərsə də mətbəx, musiqi baxımından Azərbaycan kültürü ilə böyüdük. Hətta uşaq vaxtı dinlədiyim nağıllar belə "Cırtdanın macəraları" olub. Atam bizə "Arşın mal alan"nı nağıl kimi danışırdı. Azərbaycan mətbəxini çox sevirəm. Ən sevdiyim yeməklər dovğa və bozbaşdı.

- İnsan yaşa dolduqca könül bağı olan nəsnələri daha çox sahiblənir. Artıq Şuşa işğaldan azad olunub. Bu bağlar sizi nə zamansa baba yurdunuz Şuşaya köçüb orda yaşamağa sürükləyə bilərmi?

- Mən xatirələrə, keçmişə və ailə bağlarına olduqca sadiq bir insanam. Bu səbəblə inanın, şərtlər əl verərsə, Şuşaya köçüb həyatımın qalan hissəsini o şəhərdə davam etdirməyi çox istəyərəm.

- Söhbətimizə şeirlə, ədəbiyyatla davam edək. Bildiyimiz bir şey var ki, şeir durduğu yerdə yazılmır. Kəlmələrlə tanışlığınız necə baş verdi?

- Mən hələ yazıb-oxuya bilmədiyim vaxtlarda, təxminən 5 yaşlarımda şeir söyləməyə başlamışam. O vaxt ailədə böyüklərim söylədiklərimi bəzən qeyd edərdilər. Yəni mən şeiri deyil, şeir məni tapdı, seçdi deyə bilərəm.

- Mənə elə gəlir ki, poeziya digər janrlardan fərqli olaraq dünyanı öz dilinə çevirmə təşəbbüsüdür. Şeirin dünyadakı və insan həyatındakı yeri haqqında siz nə düşünürsünüz?

- Günümüzdə şeir kitabları artıq oxunmur, sanki poeziyaya maraq azalmış kimi görünsə də, mən əslində, bunun belə olmadığını, əksinə, insanların hər zaman olduğundan daha çox şeir söyləyərək, yazaraq və paylaşaraq özlərini ifadə etməyə çalışdıqlarını düşünürəm. Çünki şeir arxaik bir sənət növü deyil. əksinə, son dərəcədə çağdaş bir yaradıcılıq nümunəsidir.

- Burda sizinlə həmfikirəm. Amma belə bir məsələ də var. Şeir yazan çoxdu. Dövrümüzdə şeirləri ilə hisslərimizin tərcümanı olmağı bacaran, qalıcı şairlər yetişirmi?

- Məncə, hər dövr öz şairlərini yetişdirir. Qalıcı olan, zamanın irəlisində, bütün zamanları içində hiss edə bilən, insanlarla bağ qura bilən şeirlərdir. Bilirsiniz, şeir bir az da hiss, düşüncə, metafizika, elm və kültürdür.

- Azərbaycanda yeni nəsil şairlərdən kimləri oxuyur, izləyirsiniz?

- Azərbaycanda tanıdığım, sevdiyim şair dostlarım var. Onların şeirlərini oxumuşam. Amma nə yalan deyim, təəssüf ki, onların bütün yaradıcılığını izlədiyimi deyə bilmərəm.

- Siz həm də fotoqraflıqla məşğul olursunuz. Foto ilə şeir arasında necə bir əlaqə var?

- Bəli, təkcə şeir yazmıram. Sənətlə, xüsusilə də fotoqraflıq, video və instalyasiya ilə məşğulam. Belə deyək, şeiri, yazını sənətin ana mərkəzinə qoyan işlər istehsal edib sərgiləyirəm. Mənə görə bütün sənətlərin bir-birilə yaxınlığı var. Sənətə heç zaman bütöv bir şəkildə baxmamışam. Şeir (burda bir az lütfkarlıq edəcəyəm) digər sənətlərin bir az daha üstündə, içindədir.

- İncəsənətin bir çox sahəsində işlər görmək sizi əslində şeirə daha da yaxınlaşdırır. Düz anladım sizi?

- Yox, tam olaraq elə deyil. Mən bütün incəsənət sahələrini bir şəkildə, yəni bütöv görürəm. Nəticədə, istər şeir, istərsə də hər hansı bir sənət növü ilə məşğul olan bir insanın bir dərdi, bir sözü var və bunu paylaşmaq üçün bir dil, metod seçir. Bu mənim üçün bəzən şeir, bəzən fotoqraflıq, bəzən də bir heykəl ola bilir. Məsələn, bir çox işlərimdə fərqli sənət növlərini vahid bir əsərdə birləşdirə bilirəm. Bundan, yəni disiplinlərarası çalışmaqdan daha çox məmnun oluram və bunu əhəmiyyətli hesab edirəm.

- Çətinlik yaşadığınız zamanlar da olmamış deyil, hər halda. Çünki hər nə qədər hamısı sənət olsa da, nəticədə, hərəsinin fərqli ərsəyə gəlmə metodu var.

- Çətinliklər də işin bir parçasıdır. Ancaq mən görüşdürmə, birləşdirmə və başqa şeyləri sənətimin ən əhəmiyyətli xətti hesab etdiyim üçün bu öz-özünə ərsəyə gəlir.

- Bu yaxınlarda bir söz oxudum və məni çox təsirləndirdi: "İnsan yazarkən öyrənməyib, öyrətmək üçün yazırsa bu o adamın özünə də, oxucuya da çətindir". Sizin yazma təcrübənizdə öyrənmə və kəşf etmə nə dərəcədə var?

- Mən nə öyrənmək, nə də öyrətmək üçün yazmıram. Əsl məqsədim paylaşmaqdır. Mənim kimi olan, eyni həssaslığı daşıyan insanlarla paylaşmaq. Yoxsa hər kəslə paylaşmalıyam deyə də bir dərdim yoxdur.

- Divan ədəbiyyatından üzü bəri hardasa, bütün dövrlərdə türk toplumunda və ədəbi mühitində qadın şairlərə reaksiyalar amansız olub. Bu yüzillikdə o yanaşmaları aşa bilibmi türk toplumu. Bu çağda qadın şairlər hansı çətinliklərlə qarşı-qarşıyadı?

- Qadının toplumdakı yeri və mövqeyi nədirsə, şeir yazan qadınların da toplumdakı yeri əslində eynidir. Şeir yazan kişilər şair qadınları şeirlərinin mövzusu kimi deyil. Özləri ilə bərabər görməlidir. Eyni şey qadınlara da aiddir. Onlar da özlərini o şəkildə görməli və göstərməlidir.

- Şübhəsiz ki, bütün ayrı-seçkilik yanaşmalarına qarşı durmaq lazımdır. Amma qadınların başqa sahələrdə olduğu kimi, ədəbi mühitdə də açıq və ya gizli şəkildə qarşısının kəsildiyi tarixi faktdır. Bütün bu maneələrə rəğmən qadın şairlərin bu gün həm keyfiyyət, həm də kəmiyyət baxımından uzun bir yol keçdiyini deyə bilərikmi?

- Keyfiyyətdən söhbət gedirsə, bəli. Amma layiq olduqları yerdədirlərmi? Bundan çox da əmin deyiləm.

- Yeşim xanım, türk xanımı olduğumuz üçün istəyirəm bir az da ev xanımlığınızdan danışaq. Yaradıcı qadın olmağın ev xanımlığına qatdığı bir dəyər varmı?

- Vallah, bunu əvvəllər heç düşünməmişdim. Məni bir az təəccübləndirdiniz yaxşı mənada (gülür). Görəsən, bu sual kişi şairə, sənətçiyə verilirmi? Evini çox sevən bir insanam. Evim mənim qalam, məbədimdir deyə bilərəm. Amma dörd divar və otaqlardan ibarət olan bir evdən bəhs etmirəm. İstər uşaqlığımdan bəri məni mən edən hər şey, istərsə də bir şair, sənətçi olaraq məni mən edən şeyləri evimdə görmək mənə inanılmaz rahatlıq verir. Evim mənə görə həyatımın nəhəng instalasiyasıdır.

- Qadınların ən çox vaxt keçirdiyi yer mətbəx olur adətən. Məsələn, mən bu saat sizinlə mətbəxdən danışıram. Evinizin sizə şeir yazdırdığı xüsususi bir köşəsi varmı?

- Mətbəxdə heç şeir yazmadım. Çox vaxt divanda yazıram şeirlərimi.

- Deyəsən, mətbəxlə aranız yaxşı deyil.

- Yemək yeməyi və özüm üçün nələrsə hazırlamağı sevirəm. Amma qələbəliklər üçün yox. Hər şeyi bişirə bilmirəm, amma bişirdiyim hər şeyi ləzzətli edə bilirəm. Hətta bir yemək necə dadsız, pis ola bilir onu heç cür başa düşə bilmirəm (gülür). Klassik təbirlə desək, hər şeyə olduğu kimi, yeməyə də ruh qatmaq lazımdır. Yağı, duzu, şəkəri isə az qatmalı.

- Kökləri Qarabağa, Şuşaya bağlı insanların gözəl səsi olur. Sizinlə danışarkən öz-özümə düşünürəm, Yeşim xanımın belə bir istedadı varmı görəsən?

- Mahnı oxumağı sevirəm. Amma hamının içində yox. Təbiətən çox utancaq bir insanam. Amma bu xüsusiyyətimi çox adam bilmir. Çox yaxın dostlarımın yanında mahnı oxuyuram. 70-80-ci illərin türk pop musiqisinə düşkünəm və o tərzi çox yaxşı bilirəm. Fransız şansonları, bu işdən çox yaxşı anlayan peşəkar musiqiçilər caz ifa edə biləcək bir səsim olduğunu deyiblər mənə.

- Şeirləriniz heç musiqi ilə görüşüb?

- Bir neçə dəfə gənc musiqiçilər məndən izn istədilər şeirlərimə mahnı bəstələmək üçün. "Mütləq əvvəlcə mən dinləmək istəyirəm" dediyim zaman "qaçdılar".

- Şeirlərinizi hansı təzdə musiqidə görürsünüz. Bax bu mənim şeirimin tərzidir dediyiniz bir tərz varmı?

- Pop, rok ola bilər.

- Azərbaycan müğənnilərindən kimləri dinləyirsiniz?

- Azərbaycan musiqisini çox sevirəm. Məncə, dünya miqyaslı musiqdir Azərbaycan musiqisi. Lirik musiqilər möhtəşəmdir. Zeynəb Xanlarova və Brilliant Dadaşovanı dinləməyi çox sevirəm.

- Və sonda özünüzü bütünlüklə ifadə etdiyiniz bir şeiriniz desəm, hansı şeiriniz olar?

- Çox köhnə bir şeirim var. "Yalnızlar şehrinde randevu".

 

Henüz yerimi bulamadım ben

iğreti oturuyorum

batıyor çivileri, kıymıkları sokakların

Şehir üstüme geliyor

minareler göğü deliyor

bulutlar boynumda halka

yağmurları cimri sen gitdiyinden beri

insanları kalbi dışarıda

elleriyle sunuyorlar yüreklerini

iyi insanlar, doğru insanlar, güzel insanlar

dillerini sokuyorlar beynime kaygan

gördüğüm kanları yalnızca

bu şehir, bu hava, bu insanlar

ve sen yoksun

yerimi bulamadım ben

bekle sen olduğun yerde

basıb basıb minarelere

kalpleri atarak sokaklara

kanları içerek geleğim

yanlışlar şehrine, doğru bir saatte.

 

Söhbətləşdi: Günel MUSA


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!