Nəsrimizin anası... Ya da “Yad et məni” - "Varislər" rubrikası - Müsahibə

"Varislər"in bugünkü qonağı unudulmaz Xalq yazıçısı, bir-birindən maraqlı tarixi romanların müəllifi, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin varisi, texniki elmlər üzrə fəlsəfə doktoru Turan İbrahimovdur.

 

Nəsrimizin unudulmaz anası

 

1921-ci ilin qışında Bakıda anadan olmuşdu. Orta təhsilini paytaxtda başa vurduqdan sonra teatr texnikumunda, daha sonra ikiillik müəllimlik kursunda oxumuş, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini ekstern bitirmişdi.

Onun həyatı kitabların, tarixi sənədlərin, elmi əsərlərin vərəqləri arasında ötüşür, dincliyini, rahatlığını doğma yazı masası arxasına keçib qara üzlü çap makinası ilə baş-başa qalanda, hisslərini, düşüncələrini bozumtul kağızlara köçürəndə tapırdı. Bir də tələbələri vardı... Hər birinə doğma ana kimi qayğı göstərdiyi, ədəbiyyatı sevdirə bildiyi tələbələri.

Bu gün qələmə aldığı gözəl tarixi romanları, bir-birindən maraqlı bədii nəsr nümunələri ilə yaddaşlarımızda özünə əbədiyyət taxtı qurmuş mehriban insandan, Xalq yazıçısı Əzizə xanım Cəfərzadədən danışacağıq.

 

- Turan y, Əzizə xanım uzun illər əbiyyatızda ana missiyasını öz ürinə bildi təəssüf ki, bu n onun r çəkili, intellektual yazar qadız yoxdur. Bu n onun şəxsi əşyaları ilə qarşı-qarşıya olduğum vaxtlarda ribə hisslər yaşadım, elə lir, bu anlarda ruhu da yanızdadır. Əzizə xanın aqlığı, ncliyi çətin vrləsadüf etmişdi...

- Bəzi sənədlərdə onun Şamaxıda anadan olduğu yazılıb, amma Bakıda anadan olmuşdu, ola bilər doğum sənədini kimsə almağa gedib və yanlışlıq elə orada baş verib. Onun anası 1902-ci il Şamaxı zəlzələsində 17 günün uşağı olub və elə o zəlzələdən sonra Bakıya köçüblər. Özü də, qardaşları da burada anadan olublar. 5-6 yaşına qədər Bakıda yaşayıb və əsasən, anası ilə nənəsinin himayəsində böyüyüb.

 

Türklər gəlir

 

1918-ci ildə 26 Bakı komissarları paytaxtda türk ordusuna qarşı döyüşmək üçün səfərbərlik elan ediblər, atası Məmməd kişi bu səfərbərlikdən imtina edib və Şamaxıya - Udulu kəndinə qayıdıb, nənəmiz onunla getməyib, bir müddətdən sonra kənddə yenidən ailə qurub. 1926-cı ildə gəlib Bakıda ailəsi ilə görüşüb, bu ölkədə qalıb yaşaya bilmədiyini deyib, sonra xanımlarının ikisini də, bacı dediyi qayınanası Rübabə xanımı və 5 yaşlı Əzizə xanımı da götürüb, bacısı Şərəfnisənin yanına, İranın Məşhəd şəhərinə gedib. Bacısı 1918-ci il Bakıda erməni-müsəlman davasından sonra Məşhədə köçmüşdü. Əzizə ana İran həyatını gözəl bilirdi. 1928-ci ildə təzədən Bakıya qayıtmışdılar və burada orta məktəbə getmişdi. 1990-cı ildə yenidən İrana gedəndə artıq qohumların əksəriyyəti dünyasını dəyişmiş, ya da müxtəlif ölkələrə mühacirət etmişdilər, nisbətən sonra dünyaya gələnlərlə, bəzi qohumlarla görüşə bilmişdi. 

- Əzizə xanım əbiyyata "Əzrayıl"la lib. 1937-ci ildə "Əbiyyat incət" zetində çap olunan bu hekayə birmənalı qarşılanmayıb, deyirdilər, guya Əzrayıl Stalin imiş.

 

"Əzrayıl"dan sonra

 

- Təəssüf ki, "Ədəbiyyat və incəsənət" qəzetinin həmin sayını tapa bilmədik, amma o dövrdə haqqında yazılanları tapdıq. Hekayənin iki əlyazması Əzizə ananın şəxsi arxivində qorunur. Sadəcə, redaktə fərqləri var. Əzizə ananın əsərlərinin külliyyatını çapa hazırlayanda həmin hekayəni 8-ci cildə daxil eləmişəm. Külliyyata onun 109 hekayəsi daxil edilib. Bu hekayələrin bir qismi onun heç bir kitabında yoxdur, çünki 1948-ci ildə çap olunan kitabı yığışdırılaraq məhv edilmişdi və həmin hadisədən sonra Əzizə ananın çap olunmasında böyük fasilə yaranmışdı. Yəqin, çap qadağası və təqiblər müəyyən qovluqların kəndə gedib çıxmasına səbəb olmuşdu, Azərbaycan Dövlət Televiziyası anam haqqında film çəkəndə qardaşı oğlu Aydın Cəfərzadə bizə onun kənddəki qovluqlarını təqdim etdi və xeyli çap olunmayan yazısı üzə çıxdı. "Əzrayıl"ın bir nüsxəsi də orada idi, üstəlik, çap olunmayan bir-neçə povestini də o qovluqlarda tapdım. Onların çap olunmamasının bir səbəbi də 1948-ci ildən sonrakı dövrdə elmi işlə məşğul olması, namizədlik dissertasiyası üzərində işləməsi olmuşdu.

1953-cü ildə özündən 8 yaş kiçik qardaşı Əhməd Stalin əleyhinə şeirlər yazdığı üçün həbs olunub Sibirə sürgünə göndərilmişdi. Əzizə ana deyirdi ki, Məmməd qardaşım məndən 5 yaş kiçik olsa da, onu atam kimi təsəvvür eləyirəm, amma Əhmədi övladım kimi. Əhməd böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin cəza çəkdiyi düşərgədə - Nijniy Novqorodun Suxobezvodnıy düşərgəsində cəza çəkib.

 

Çəmənzəminlinin son günləri

 

Əhməd Cəfərzadənin çox maraqlı bir xatirəsi var. Ayda bir dəfə onları nəzarətçinin yanına məktub yazmağa aparırdılar. Növbəti dəfə nəzarətçi rus qadın onun kimi cavan birinin nə səbəbdən sürgün olduğunu xəbər alır, o da siyasi şeirlər yazdığına görə deyir. Haralı olduğuyla maraqlanıb, bakılı olduğunu biləndə deyib ki, yəqin, Vəzirovu da tanıyırsan. Axı orda hamı sənədlə tanınırdı. Məlum olub ki, söhbət Yusif Vəzirdən gedir. Nəzarətçi qadın Yusif Vəzirin həyatının son günlərini Əhməd dayıya danışır. Demə, bu qadının əri də həmin həbsxanada işləyirmiş, birdən fransız dili öyrənmək fikrinə düşüb və müəllim kimi Yusif Vəzirdən yaxşı namizəd tapılmayıb, çünki hamı onun altı dildə sərbəst yazıb-oxuya bildiyindən danışırmış. Bu, həm də Yusif Vəzirin ağır düşərgə işlərindən qurtulması olur. Onu ailəyə məişət işlərində köməkçi kimi yazdırıblar və Yusif Vəzir nəzarətçinin ərinə fransız dili dərsləri keçib. Qadın deyib ki, yazıçı bir neçə qovluqluq əlyazmasını da onlara saxlamaq üçün verib, həmin əlyazmaları bir müddət qoruyub saxlayıblar, amma bayırdakı anbarda qaldığı üçün kağızlar müəyyən qədər korlanıb, həm də qorxduqları üçün onları yandırıblar. Qadın, hətta Çəmənzəminlinin məzarının yerini də ona nişan veribmiş. Amma sonradan çayda suyun səviyyəsi artdığına görə başqa qəbirlərlə bərabər onun da məzarı su altında qalıb.

 

"Əli və Nino"

Çəmənzəminlinindir

 

Söhbət Yusif Vəzirdən düşmüşkən, ana o vaxt "Əli və Nino"nu oxuyan kimi əminliklə müəllifinin Yusif Vəzir olduğunu dedi. Betti Bleyer Yusif Vəzirin maraqlı tədqiqatçılarından biridir və o, məşhur "Əli və Nino"nun müəllifinin Çəmənzəminli olduğunu sübut etməyə çalışır və bu yöndə çox böyük işlər görüb.

Betti Bleyer anamla söhbətlərində Əhməd dayımla da maraqlandı. Mən ona 1947-1948-ci illərin "Ədəbiyyat və incəsənət" qəzetlərini verdim, həmin qəzetləri diqqətlə təqdid etməyə başladı və bu əməkdaşlıqdan maraqlı işlər ərsəyə gəldi. Anamın ingilis dilində "Yandırdığım kitablar" adlı maraqlı məqaləsi çap olundu. Orada qeyd edirdi ki, sovet quruluşunun ilk dövrlərində hökuməti təmsil edən adamlar həyətlərə girib evdəki kitabları tələb edirdilər. Kimin evində nə qədər qiymətli tarixi, astronomiya, tibb və başqa kitablar vardısa hamısını yığıb məhv edirdilər. Əlbəttə, bu, bizim minillik tariximizi məhv etmək üçün nəzərdə tutulmuşdu və sovet hakimiyyəti bu coğrafiyada hər şeyin rus tarixi ilə başlandığını təbliğ edirdi. 

 

"Yandırdığım kitablar"

 

Əhməd Cəfərzadə sürgündən gələndə özüylə xeyli yazı gətirib - həm xatirələr, gündəliklər, həm də topladığı folklor nümunələrini. Dustaqların qoşduğu bayatıları yığıb. Dəftərində bayatını deyən dustaq haqqında bəzi şəxsi məlumatları da qeyd edib.

 

"Uzaq ölkə Sibirdi,

Orda olmaq səbirdi.

Gedən çox, qayıdan yox,

Yoxsa ora qəbirdi?".

 

Bu bayatılar ingiliscəyə də tərcümə olundu, çap edildi, sonra mən onun öz kitabını hazırladım, bu bayatıları oraya da daxil elədim. Kitaba onun həbs edilərkən müsadirə olunan şeirlərini də saldıq. Oğlu sağ olsun, DTK-nın arxivindəki cinayət işindən götürmüşdü, indi həmin dəftərlər məndədir.

- İctimai işləri, elmi araşdırmaları, müəllimlik və təbii ki, yazıçılıq... amma həm də ən böyük bir missiyası vardı onun - nəslin anası. Bütün bunlara, məncə, 24 saat çatmaz... Yəqin, bu qara makina onun hisslərinə daha çox bələddir.

 

Sevgilim - qara üzlü

çap makinası

 

- Hə, bu makinaya sevgilim deyirdi. Çox möhkəm və etibarlı makinadır. Ana yazmağa başlayanda dörd ağ vərəqin arasına surətköçürən qara kağız qoyub yazırdı. Yəni birbaşa bura yazırdı və günə 25 səhifə yazmaq normaydı. Uzun illər bu makinada yazdı, amma 1995-ci ildən sonra qollarında, barmaqlarında problemlər yarandı, çox işləyə bilmirdi, 97-dən sonra, ümumiyyətlə, yaza bilmədi və onun üçün makinaçı tutduq, amma qəribəydi, makinaçı yanında olanda fikri dağılırdı, ona görə makinaçıdan imtina elədik. Başqa variant fikirləşdik - diktofon. Ömrünün son 5-6 ilində nə yazdısa diktofona dedi, onları təzədən kağıza köçürmək nə qədər çətin olsa da, biz bunu elədik. İndi son əsərlərinin həm də səs yazısı var.

 

Məhəmməd Füzuli və Sultan Süleyman Mühibbi

 

Məsəlçün, Füzuli və Mühibbi təxəllüsü ilə gözəl lirik şeirlər yazmış Sultan Süleyman Qanuninin həyatına həsr etdiyi sonuncu "Eşq sultanı" romanı diktofona yazılıb. Təəssüf, ana onun kitab halında çap olunduğunu görə bilmədi. Romanın ilk oxucularından biri rəhmətlik Tofiq Hacıyev oldu, dedi ki, üç gün bütün işlərimi təxirə salıb, romanı həvəslə oxudum. Diktofona deyilmiş əsərlərini dinləyəndə qəribə hisslər keçirirəm, onun yoxluğuna inanmaq çətindir, sanki harasa səfərə gedib və qayıdacaq. Bəzi yazılarında emosiyaları, obrazların psixi vəziyyətini də verib, axı teatr texnikumunu da bitirmişdi o, obrazların içini öz səsində yüksək peşəkarlıqla verib.

Cəmiyyətdə bəzən Əzizə ana ancaq yazıçı kimi qəbul edilir, amma o, həm də ədəbiyyatçı alimdir və xeyli elmi əsəri, monoqrafiyası var. "Aşıq və şair qadınlar" çox maraqlı elmi araşdırmadır. Onun 900 səhifəlik "Vaqif ədəbi məktəbi" adlı doktorluq dissertasiyası var ki, müdafiə prosesində xəyanətlə vurulub və sonradan buna görə anadan üzr istəsələr belə, fakt odur ki, ana tamam başqa mövzuda yenidən doktorluq işi yazıb və bir neçə il gecikmə ilə haqqı olan adı qazanıb.

 

Kitablarına olan qadağalar

 

Üstəlik, həm 1948-ci ildə vurulan kitabına, həm də qardaşının sürgünə göndərilməsinə görə də ana müəyyən məhrumiyyətlər yaşayıb. Təxminən 15 ilə qədər çap oluna bilməyib, doğrudur, yaradıcılıq davam edib, amma insan çap olunmadıqca həvəsdən düşür axı. Çap imkanı qazanandan sonra da seçim qarşısında qalıb, çünki ildə bir kitab çap etdirə bilərdi, o da elmi işlərinin çapını bədii yazılarından irəli buraxıb. Cəmi bir il Bakıda, Rusiyada və Qazaxıstanda olmaqla üç kitabı çıxıb və həmin il aldığı qonorarla sonradan dəfn olunduğu Udulu kənddə öz hesabına məktəb tikdirib.

- Əzizə xanımın ədəbi mövzusu tarix idi, daha çox tarixi romanlar müəllifi kimi xatırlanır. Bəzən mənə elə gəlir ki, müasir mövzular onu çox az maraqlandırıb.

 

Tarix və o tarixin izi ilə

 

- Əslində, bəlkə də biz onu elə görürük, amma oxucular 12 cildlik əsərləri ilə tanış olduqda onun müasir həyatdan yazdığı maraqlı povestləri, hekayələri ilə də qarşılaşacaqlar.

- Külliyyatı çapa verəndə özünün vaxtında bəyənməyib çap olunmasını istəmədiyi hər hansısa əsərini 12 cildliyə əlavə eləmisiniz? İstənilən müəllifin alınmayan əsəri olur və illər sonra ona qayıdacağını düşünüb çapını saxlayır.

- Birinci cildə daxil olan "Qobustan çökəklərində" heç vaxt çap olunmamışdı, amma külliyyatı çapa hazırlayanda mən və zövqünə əmin olduğum bir neçə nəfər əsəri oxuyub bəyəndi, amma bir vaxtlar nəşriyyatda üstündən "Əzizə xanım, bu olmadı da!" yazıb geri qaytarmışdılar, məncə, səbəb əsərdə erməni məsələsinə toxunması idi, görünür, bu mövzu kimlərinsə həssas yeri olub.

 

Ailənin baş senzoru

 

Onun "Manar sahillərində" romanında Hindistan həyatından, Mahatma Qandi sui-qəsdindən bəsh edilir. İyirmi yaşım olandan sonra ailədə baş senzor vəzifəsini mənə həvalə eləmişdi, deyirdi, müəllimlərim yaşlaşandan sonra elə şeylər yazdılar ki, utandıq, məni elə şeylərdən uzaqlaşdır. "Manar sahilləri" də və başqa iki əsərinin çapını mənim təklifimlə saxlamışdı. Bayaq dedim, ömrünün son günlərinə qədər işlədi, son iki il ərzində 200-ə yaxın məqaləsi, müsahibəsi, öz yazıları çap olundu. Adam yorulmaq bilmədən işləyirdi. Deyirdi, "xalqdan topladıqlarımı ona qaytarmalıyam".

- O, xeyli ədəbiyyat adamının sevimli müəllimi idi həm də...

- Lap əvvəldə orta məktəb şagirdlərinin sevimli müəllimi olub, Ağsuda kənd məktəbində dərs hissə müdiri, məktəb direktoru olub. Sonra Mirzə İbrahimov Maarif naziri olanda ananı geri çağırtdırır və Bakı Teatr Texnikumuna direktor təyin edir. Sonra kinostudiyada Ssenari şöbəsinin müdiri olub. Sonradan BDU-nun Filologiya fakültəsinə daxil olub. Birinci kursun təxminən 2-ci ayında əlində Tofiq Fikrətin şeirlər kitabını tutub, ali məktəbdən xaric ediblər. Yenə Mirzə İbrahimov nazir kimi kömək edib, universitetə bərpa olunub. Bir professor onun başını sığallamaq istəyəndə mürəkkəbi üstünə sıçradıb, "bura başımı sığallatmağa gəlməmişəm", deyib. Yenə qalmaqal, amma o ərəfədə həmin professor kiminləsə dalaşıb, universitetdən xaric edilib və məsələ qapanıb.

 

Universitetdə qalmaqal

 

Üçüncü dəfə yenə nəsə qalmaqal yarananda Məhəmməd Hadinin bacısı oğlu olub, müəllim, anaya deyib ki, ay qızım, bu dilli-dilavərliklə sənə çətin olacaq, ekstern imtahanlar başlayıb, sən də hazırlıqlısan, get imtahanı ver, bitir universiteti. Divarda tarixi məzun albomu var, oradakı məşhurlar beş il, ana isə bir il oxuyandan sonra diplom alıb.

- Mən belə başa düşdüm ki, universitet Əzizə xanımı başından eləmək istəyib (gülürük).

- Amma başdan eləmirlər, savadlı olduğunu nəzərə alıb aspiranturada saxlayırlar. O imtahanda müharibədən yeni qayıtmış İsmayıl Şıxlı da iştirak edir, əynində kitellə. İsmayıl Şıxlı bu haqda "Mənim rəqibim" adlı povest yazıb. Ananın balı üstün olsa da, imtiha edib və rayona gedib. Müəllimləri Əli Sultanlı bununla razılaşmayıb, əlavə bir yer də açdırıb, ananı rayondan geri çağırtdırıb və ana qısa müddətdən sonra namizədlik işini müdafiə edib.

 

Alimin yaradıcılığından alim olanlar

 

Amma Əzizə ananın yaradıcığılı ilə bağlı elmi işlər yazanlar da var, bir-neçəsini deyə bilərəm. "Əzizə Cəfərzadənin bədii yaradıcılığı" bir, "Əzizə Cəfərzadə yaradıcılığında tarixi və bədii gerçəklərin inikası" başqa bir namizədlik işidir. Murad Deger adlı türk araşdırmaçısı "Türk və Azərbaycan ədəbiyyatında tarixi roman: Semihe Ayverdi və Əzizə Cəfərzadə yaradıcılığı əsasında". Semihe xanım anadan, haradasa, 15 yaş böyük idi, məktublaşırdılar, münasibətləri vardı. Gülüsüm Hasilova adlı bir xanım da "Əzizə Cəfərzadə və folklor" mövzusunda namizədlik işi müdafiə edib.

- Yazıçı, alim, qadınlar şurasının sədri... və ailəsi olan ana. İnsan üçün əsas dayaq yeri ailədir, amma qadınlar, analar çox şeyi ailədə tapırlar. Bir az ana Əzizədən danışaq.

 

Onun təyyarəçi sevgilisi

 

- Əlbəttə, onun üçün ən rahat yer ailəsinin yanı idi. Bütün işlərin arasında mütləq ailəyə vaxt ayırmağı özünə borc bilirdi. Doğrudur, ev işlərinə kömək edən olurdu, amma nə olur-olsun, yeməyi özü bişirirdi və bu işə qətiyyən tələskənliklə vaxt sərf eləməzdi. Bütün ədəvalarla yanaşı, həm də öz sevgisini qatırdı yeməyə və dadından doymaq olmurdu. Atam Məmməd müəllim təyyarəçiydi, olurdu gecə saat 3-də işə gedirdi, ana mütləq onunçün isti yemək hazırlamalıydı, çayını verib, sonra yola salmalıydı.

- Maraqlıdır, Əzizə xanım öz gələcək təyyarəçi həyat yoldaşı ilə necə tanış olmuşdu?

- Onlar lap gənclik dövrlərindən tanıyıblar bir-birini. Aviatorlar dərnəyinə gediblər, anam da təyyarəçi olmaq istəyirdi axı, sadəcə, boyu 2 santimetr normaya uyğun gəlməyib.

- Yaxşı ki, çatmayıb, bəlkə də göylərin romantikası yazıçı Əzizə Cəfərzadəni əlimizdən alardı. Amma deyəsən, nəsildə Məmmədlər çox oldu axı...

- Hə, həm ana babamızın adı, həm dayımızın adı, həm atanın adı və bir də qayınatamın adı Məmməddir və bəzən bu adları qarışdırırlar. Ailədən danışırdıq: qonaq qarşılamaq mədəniyyətini, süfrə açmaq, yeməyi sevgi ilə bişirməyi ailələrimiz ondan öyrənib.

 

Doğmalar... doğmalar...

 

- Gözəl. Allah rəhmət eləsin, bacınız Kəmalə xanımı tanıyırdım, bir yerdə işləyirdik, indi də sizinlə tanış oldum və çox möhtəşəm təəssüratlarım var, amma mən bu sualı verəcəyəm, siz Əzizə xanımın qardaşının övladlarısınız, məncə, onun öz övladı yox idi.

- Biz bunu heç vaxt hiss eləməmişik axı. Əzizə ana da, atamız Məmməd kişi də bizi rəsmi şəkildə öz himayələrinə övladlığa götürmüşdülər. Hətta mənim öz genetik valideynlərim ailədə uşaq çox olduğundan bir ara heç mənim dünyaya gəlməyimi istəməyiblər, amma atam - yəni Məmməd İbrahimov deyib ki, biz böyüdərik, uşağı tələf eləməyin. O məni boynuna mindirib pilləkənə qaldırırdı, başımız ağrıyanda gözünə yuxu getmirdi, uğurlarımıza sevinirdilər, yəni biz heç vaxt doğmalıq, qeyri-doğmalıq nədir bilməmişik. Əlbəttə, mən də, bacım Kəmalə xanım da genetik valideynlərimizin kim olduğunu bilirdik, onlara da hörmət və sevgi vardı, amma bizim ailəmiz burda idi - Əzizə Cəfərzadə ilə Məmməd İbrahimovun evində. Onların bir övladı körpə ikən tələf olmuşdu və Əzizə ana uzun illər bunun travmasını yaşadı.

 

Məni Afrikaya aparmadılar

 

Çox həssas qadın idi axı, mələk kimi insan idi. O məni məktəbə aparıb, o məni evləndirib, bir evdə, bir otaqda yaşamışıq. İki yaşıma qədər, yəni necə deyirlər, süddən kəsilənə qədər kənddə qalmışam, sonra Bakıya gəlmişəm. Atam Afrikada işləyirdi, ana onun yanına gedəndə məni də aparacaqdı, hər şey hazır idi, son məqamda ata xəbər göndərib ki, burda xəstəliklər baş alıb gedir, uşağı gətirmə. Yenə 5-6 aylığa kəndə qayıtmışam. Bilirsiniz necədir, ana nəslin rəisi idi. Evimizə çox adam gəlib-gedirdi, Məmməd Aslan bir gün dedi ki, mən uzun illərdir bu evə gəlib-gedirəm, amma bilmədim, kim hansının uşağıdır. Əslində, elə idi, çünki hamısı ona ana deyirdi, kənddə hamı ona bibi deyirdi, hamı mehriban idi, qəti dayıuşağı-bibiuşağı söhbəti yox idi, biz hamımız bacı-qardaş idik və böyüklərin təməlini qoyduğu o doğma münasibətləri biz bu gün də qoruyub saxlamağa çalışırıq. Qayınatamın çox yaxşı bir sözü var, deyir, mən 30 ildir bu ailəyə gəlib-gedirəm, lap əvvəldə kim vardısa, həmin adamlar yenə burdadır.

- Məclislərdə ən çox istinad etdiyi şeir parçası vardımı?

 

"Ey rəqibim, çox yaşa..."

 

- Çox idi, lap çox, ən çox sevdiyi farsca bir şeir vardı tacik şairi Gülruxsardan "Ey rəqibim, çox yaşa ki, ömrüm mənasız olmasın". Sonra başqa bir məqamı deyim. Şuşada Vaqifin məqbərəsinin açılışı... Prezident İlham Əliyev Şuşada olanda həmin kadrları göstərdilər, ana da orada idi. Sonra ziyafətdə Həsən Həsənov anaya deyib ki, sən dur bir söz de. Durub yenə farsca bir şeir deyib: "Anam gecələri yuxusuz qalıb, mənə yatmaq öyrədib. Anam əlimdən tutub mənə yerimək öyrədib...". Bunu eşidən ulu öndərimiz təklif edib ki, bu gözəl misralara görə Əzizə xanımı ayaq üstə alqışlamaq lazımdır. Şeir yaddaşı çox zəngin idi.   

- Gözəl söhbətə görə çox sağ olun. Bu ilin dekabrında Əzizə xanımın 100 illik yubileyi olacaq və əgər ömür vəfa edərsə, mən bu mövzuya mütləq bir də qayıdacağam.

 

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!