Səlim Babullaoğlu: "Ədəbiyyat müstəvisində "vicdan" "zövq"ün sinonimidir" - Müsahibə

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu ilə 2021-ci ilin birinci yarısında Mərkəzin işi, yarım ilin yekunları barədə danışdıq.

 

- Gəlin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin işindən, cari ilin birinci yarısındakı fəaliyyətindən danışaq. Yarım il necə yadda qaldı?

- Əvvəla ordan başlayım ki, biz Mərkəzin orqanı olan "Dünya ədəbiyyatı" dərgisinin 2014-cü ildən başlayaraq nəşr siyasətində elan etdiyimiz kimi bəlli bir yol tutmuşuq. AYB sədri hörmətli Anar müəllim təklif etmişdi ki, biz dərginin hər bir sayını bir ölkənin ədəbiyyatına həsr edək. Biz də bu maraqlı, eyni zamanda çətin təkliflə razılaşmışdıq, hətta bu ideyanı inkişaf etdirərək qərara gəlmişdik ki, hər bir say ya bir xalqın ədəbiyyatına, yaxud bir janra, hətta ola bilsin ki, dünyaca məşhur bir ədəbi simaya və ya görkəmli ədiblərin tərcüməçilik fəaliyyətinə həsr oluna bilər. 2020-ci ilədək Ukrayna, Rusiya, Oman, İran, İngiltərə, Serbiya, Moldova, Türkiyə ədəbiyyatları xüsusi sayları, eyni zamanda "dramaturgiya", "esse", "ədəbi söhbətlər", "elmi araşdırma" sayları işıq üzü görmüşdü. Deyim ki, sadaladığım hər bir say - istər bir ölkənin ədəbiyyatına, istərsə də bir ədəbi janra həsr olunmuş olsun, unikal və yeganə mənbədir. Bizim hər bir sayı əlinə alan oxucu  həmin ölkə ədəbiyyatının, yaxud bir ədəbi janrın, hətta yüz ili əhatə edən bir dövrdə qiymətli nümunələrini oxuya bilər, geniş təsəvvür əldə edə bilər.

Son say, yəni 2021-ci ildəki ilk buraxılış isə Pakistan ədəbiyyatı xüsusi sayı oldu ki, bu da zəngin və çoxdilli Pakistan ədəbiyyatının Azərbaycanda ilk geniş və sistemli təqdimatı kimi əlamətdar olmaqla yanaşı, son 30 ildə, xüsusən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana, xalqımızın haqq işinə açıq və davamlı mənəvi-siyasi dəstək verən, çox cəsarətli, nəcib mövqe nümayiş etdirən Pakistan dövlətinə və xalqına kiçik bir təşəkkür ifadəsi, minnətdarlıq jesti kimi düşünülmüşdü.

Doğrusu, bizim Pakistan ədəbiyyatı çap eləmək niyyətimiz çoxdan vardı. Mən Pakistanın nüfuzlu ədəbiyyat və mədəniyyət xadimi Fəxar Zamanla bir müddət yazışmışdım da. Amma təəssüf ki, bəzi cari problemlər məsələni lənigidirdi. Nəşriyyat planımıza əsasən, biz Fransa ədəbiyyatı sayı hazırlamalı idik. Amma 44 günlük savaş və savaş müddətində Fransanın qeyri-obyektiv davranışı bizi öz planlarımızı dəyişməyə sövq etdi ki, başqa cür də ola bilməzdi. Dərginin baş redaktoru Seyfəddin Hüseynli də, mən də qərar verdik ki, fransız ədəbiyyatı lazım gəlsə sonsuza qədər "gözləyə bilər". Əvəzində Seyfəddin Hüseynli öz təklifi ilə Pakistan ədəbiyyatı ilə bağlı çoxdankı niyyətimizi aktivləşdirdi. Və elə Fəxar Zamanla yazışmamızın nəticəsində onun mənə göndərdiyi böyük Pakistan ədəbiyyatı antologiyası baza rolunu oynamaqla yola çıxdıq. Həmişə olduğu kimi, Seyfəddin Hüseynli və komandası yaxşı bir iş gördü. İndi oxucular 44 Pakistan müəllifinin əsərini oxuya bilər dərgidən. Bu sayı hazırlayan zaman biz ən yaxın şəkildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın Pakistandakı keçmiş səfiri Eynulla Mədətli ilə, daimi tərəfdaşımız və xeyirxahımız olan AMEA Ədəbiyyat İnstitutu və akademik İsa Həbibbəyli ilə uğurlu əməkdaşlıq etdik.

- Başqa nəşrlər oldumu? Bir vaxtlar "Dünya ədəbiyyatı" dərgisinə əlavə kimi "DƏB" adlı bir kitab seriyası vardı, səhv etmirəmsə.

- Doğru deyirsiniz, 2004-2009-cu illərdə biz "DƏB" seriyasından 18 kitab nəşr etmişdik. Amma sonra müəyyən səbəblərdən fasilələr yaranmışdı. Ötən ildən etibarən biz həmin seriyanı "Yeni DƏB" adı ilə bərpa etdik. Ötən il araya pandemiya düşdü, cəmi 1 kitab nəşr edə bildik,  professor Cavanşir Yusiflinin tərcüməsində Maksans Ferminin "Qar" romanını. Bu il isə 6 kitab nəşr etdik. Builki fəaəliyyətimizi yeni və məhsuldar yayın evlərimizdən olan "Mücrü" nəşriyyatı və Müşfiq Xanla qurduq. Hesab edirəm, yaxşı əməkdaşlıq oldu. Nobel mükafatçıları Luici Prandello, Tumas Tranströmer və Luiza Qlükün  hekayə, şeir və xatirələrini, Nizar Qəbbani və Nikolae Spetarunun şeirlərini, Maqsud İbrahimbəyovun romanını nəşr etdik. Biz bu nəşrlər zamanı tanınmış və istedadlı tərcüməçilərimiz Seyfəddin Hüseynli, Qismət Rüstəmov, Fərid Hüseyn, Kamil Şərifov, Murad Muradlı ilə əməkdaşlıq etdik. "Ədəbiyyat qəzeti" bizə ən yaxın şəkildə informasiya dəstəyi verdi. Əziz dostum Azər Turana təşəkkür edirəm. İndi yay mövsümü başlayır deyə, ola bilsin ki, nəşrlərə 2-3 ay fasilə verəcəyik. Amma nəşriyyat planlarımızda yenə bir-birindən maraqlı nəşrlər var.

- Milli ədəbiyyatımızın xaricdə təbliği  sahəsində yenilik varmı? Bu da həmişə Mərkəzin diqqətində olan fəaliyyət istiqaməti olub.

- Haqlısınız. Belə olub. Və indi də belədir. Hərçənd ki, ən çətin məsələ də budur. Tərcümə işi ucsuz-bucaqsız və elə ona görə də ən məsuliyyətli sahədir. Sən öz ölkənə kimi "gətirəcəksən", yaxud sən dünyaya öz ölkən adına kimi "çıxaracaqsan"? Bunlar cavabı asan olmayan suallardır. Amma hesab edirəm ki, indiyə qədər biz bu işi vicdanla və zövqlə görmüşük. Həçənd hesab edirəm ki, ədəbiyyat müstəvisində "vicdan" "zövq"ün sinonimidir. Mən indi problemlərdən danışmayım. Bir-iki nəşri sadalayım. Bu il Ukraynadakı səfirimiz, Xalq yazıçısı Elmira Axundovanın dəstəyi və təklifi ilə "Bayraqdar" adlı Azərbaycan nasirlərinin Qarabağ mövzusunda əsərlərindən ibarət prozaik antologiya çap edildi. Kiyevdə, Ukrayna dilində. Biz ən yaxın şəkildə bu prosesdə iştirak etdik, antologiyanı tərtib etdik. Burda bizim 9 yazıçımızın - Xalq yazıçısı Elçin Əfəndiyevin, Məmməd Orucun, Azər Abdullanın, Vaqif Sultanlının, Elçin Hüseynbəylinin, Kamran Nəzirlinin, Günel Anarqızının, Samirə Əşrəfin, Mirmehdi Ağaoğlunun əsərləri yer aldı.

Yaxud Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzi ilə, Mərkəzin sədri Seyran Mirzəzadə ilə birgə əməkdaşlıq çərçivəsində Monteneqroda "Çağdaş Azərbaycan ədəbiyyatı" toplusu işıq üzü gördü. Topluda nəsr bölməsində Xalq yazıçıları Anar və Çingiz Abdullayevin, Əyyub Qiyas, Məqsəd Nur, Alpay Azər, İlqar Fəhmi və Müşfiq Xanın hekayələri, şeir bölməsində isə Nurəngiz Gün, Vaqif Səmədoğlu, Elxan Zal, Rəşad Məcid, Qulu Ağsəs, Nigar Həsənzadə, Leyla Əliyeva, Qismət, Fərid Hüseyn və Şəhriyar Del Geraninin şeirləri yer aldı.

Biz də, öz növbəmizdə, "Ulduz" jurnalı ilə əməkdaşlıq çərçivəsində, təbii ki, yenə də Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin iştirakı ilə "Ulduz" jurnalında "Monteneqro ədəbiyyatı xüsusi buraxılışı" hazırladıq. Buraxılışın şeir bölməsində Slobodan Vukanoviç, Miraş Martinoviç, Boris Yovanoviç, Bojidar Proroçiç, Lena Rut Stefanoviç və Tanya Bakiçin şeirləri, nəsr bölməsində isə Borislav Çimeşa, Faiz Softiç, Boqiç Rakoviç, Nataşa Rakoçeviç, Juriç və Blaqoye Vuyisiçin hekayələri (tərcüməçilər Elxan Zal, Fərid Hüseyn, Qismət Rüstəmov, Məqsəd Nur, Alpay Azər, Dürdanə İbrahimova və Nəcibə Bağırzadədir) dərc edildi.

Artıq 3-cü ildir ki, biz Türkiyədə nəşr edilən "Təmrin" dərgisi ilə əməkdaşlıq edir, dərginin Azərbaycanın görkəmli ədiblərinə həsr edilən "xüsusi sayları"nın hazırlanmasında iştirak edirik.

İndiyə qədər M.Ə.Sabir, M.Müşfiq, R.Rza, B.Vahabzadə xüsusi sayları dərc edilib. Nəşrlərin ərsəyə gəlməsinə, layihənin gerçəkləşməsinə millət vəkili, doktor Cavanşir Feyziyev dəstək verib. Bu il də onun dəstəyi ilə daha bir "xüsusi say" - Mirzə Fətəli Axundov xüsusi buraxılışı işıq üzü gördü.

Daha bir sayı isə biz özümüz hazırladıq. Unudulmaz şairəmiz, XX əsrin II yarısı ədəbiyyatımızın ən güclü zərif səslərindən olan Nurəngiz Günə həsr olunmuş xüsusi sayı nəzərdə tuturam. Bu nəşr də işıq üzü gördü, çox şükür. Bu sayın hazırlanmasında isə biz şairənin qızı, millət vəkili, professor Jalə Əliyeva ilə yaxından əməkdaşlıq etdik.

Ümumiyyətlə, "Təmrin" dərgisinin xüsusi saylarının hazırlanmasında yaxından əməkdaşlıq etdiyimiz hörmətli Şərəf Özsoya, tərcüməçi Ömər Küçükmehmetoğluna minnətdarlıq etmək istərdim.

Əlbəttə, Mərkəzimizin fəaliyyəti bununla məhdudlaşmır. Biz onlarca yazıçımızın əsərlərinin dünya dillərinə tərcüməsi, eləcə də nəşri işində məsləhətçi qismində ən yaxın şəkildə iştirak edirik. İndi adlar sadalamaq istəmirəm. Amma elə bu il 7 ədibimizlə bağlı fərdi qaydada bu işləri etmişik. Gücümüz çatarsa, bundan sonra da edəcəyik.

 

"Ədəbiyyat qəzeti"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!