“Anam teatrın, səhnənin nisgiliylə gözlərini yumdu” - "Varislər" rubrikası - Müsahibə

"Varislər"in bugünkü qonağı unudulmaz teatr və kino aktrisası, məlahətli səsi, nurlu siması ilə hər zaman yaddaşlarda yaşayan, yaratdığı dəyişik xarakterli qadın obrazları ilə bu gün də sevilərək izlənən Azərbaycanın Əməkdar artisti Ətayə Əliyevanın oğlu, görkəmli rejissor, Xalq artisti, ustad sənətkar Ramiz Həsənoğludur.

 

Aşqabaddan gələn gəmi...

1920-ci ilin mayında Poltoratskda - indiki Aşqabadda gəlmişdi dünyaya, səhnəyə, yaradıcılığa olan böyük həvəsi onu Xəzərin o tayından bu tayına, sonrakı həyatını bağlayacağı Bakıya gətirib çıxartmışdı. Hələ orta məktəb şagirdi olduğu vaxtlarda müxtəlif səhnəciklərdə, ədəb-bədii kompozisiyalarda özünü sınayırdı, amma Bakıya gəldikdən sonra düşdüyü mühit onun bütün yaradıcılıq imkanlarını ortaya qoydu.

Akademik Milli Dram Teatrında, İrəvan Teatrında çalışdığı illərdə bir-birindən gözəl, bəzən lirik, bəzən psixoloji xarakterli qadın obrazlarına səhnə həyatı verdi, milli kino tariximizin ən baxımlı filmlərində rol alaraq, özünü tamaşaçıya sevdirə bildi.

Bu gün bu gözəl xanımdan danışacağıq, əlbəttə, onun varisi, Xalq artisti, hamımızın sevimlisi Ramiz Həsənoğlu ilə.

 

Ustadla üz-üzə

- Ustad, xoş gördük sizi. Doğrudur, zəng vurub təbrik eləmişdim, amma indi canlı-canlı əlimə düşən fürsətdən istifadə edib sizi 75 yaşınız münasibətilə ürəkdən təbrik edirəm. Siz milli televiziyamızın canlı tarixi, ustad sənətkar və gözəl dost kimi hər zaman sevgiyə layiqsiniz. Mən xalqın, tamaşaçının sizə olan sevgisini həm mətbuatda, həm də sosial şəbəkələrdə gördüm və buna çox sevindim. Əlbəttə, bu sevgini siz öz işiniz və sənətinizlə qazanmısınız. Bir daha təbrik edirəm. Özünüzü necə hiss edirsiniz? 75 yaşın havası necədir?

- Sağ olun, təbriklərə, xoş sözlərə görə... Açığı, özüm də qürur duydum, demək, boş yerə yaşamamışıq. Mən sosial şəbəkə üstündən xeyli təbrik aldım, nə yaxşı ki, bu var. Hərdən adamı yorsa da, bəzən işindən-gücündən ayırsa da, görünür, artıq bunsuz yaşamaq mümkün deyil. Bu fürsətdən istifadə edib məni yada salan, doğum günümü təbrik edən hər kəsə öz minnətdarlığımı bildirirəm.

Gedirəm müəllim olmağa

 

- Ustad, "Varislər" layihəsində görüşürük və təbii, əgər sizinlə bir yerdəyiksə, demək, bu gün unudulmaz Ətayə xanım Əliyevadan danışacağıq.

Ətayə xanım Türkmənistanda dünyaya gəlib, nə söhbətdir bu? O ailənin Türkmənistanla nə bağı olub? Kim olub valideynləri? Gəlin bundan başlayaq...

- Anamın atası Marağadan, anası Təbrizdən idi. Ötən əsrin 10-cu illərində dolanışıq üçün Aşqabada gəliblər. Ana babam Qulam kişi yaxşı ayaqqabı ustası kimi ad çıxarıb. Qeyd eləyim ki, anamın valideynləri bəhayi təriqətində olublar. Anam ötən əsrin 30-cu illərinin ortalarında, haradasa 15 yaşı olanda Bakıya teatr texnikumunda oxumağa gəlib, amma evdə pedaqoji təhsil almağa getdiyini demişdi. Bu, müəyyən mənada ailədə olan sərbəstliyin, inamın göstəricisidir. Təsəvvür edin, 15 yaşlı qız uşağına rəfiqəsilə bir yerdə başqa ölkəyə getməyə icazə veriblər. Tale elə gətirib ki, anamla atam teatr texnikumunda oxuduğu (həmin vaxt atam da orada təhsil alırdı) illərdə Əli Bayramov klubunda tanış olublar. Atam klubda tar dərnəyinə, anamsa teatr dərnəyinə gediblər və onları rəhmətlik Gülxar Həsənova tanış eləyib. Gülxar xanım anamla rəfiqəydi, atam da Ağadadaş Qurbanovla dost idi.

- Allah hamına hmət eləsin.

- Allah rəhmət eləsin. Tanış olanda atam anama aşiq olub.

- Ətayə xanım gözəl qadın idi.   

- Amma 15 yaşı vardı. Ailə quranda atam onun yaşını 4 il artırmışdı, təvəllüdünü 1916-cı ilə keçirtmişdi. Bəzən bu, çaşqınlıq yaradır. Mən bunu sənədlərdə sonradan düzəltməyə çalışdım.

Anam uzun illərin ayrılığından sonra 1992-ci ildə İrana, doğmalarıyla görüşməyə getdi. Anam Bakıya gələndən bir neçə il sonra 1937-ci ildə Stalinin əmrilə sovet vətəndaşlığı olmayanların hamısını ölkədən deportasiya eləmişdilər və ondan sonra ayrılıq başlamışdı. Anam artıq ailə qurduğu üçün vətəndaşlıq almışdı, ona görə ona toxunmamışdılar.

 

Amma 15 yaşı vardı

Artıq anamın valideynləri dünyada yox idi, amma xalalarım, dayılarım sağ idi. Xomeyni hakimiyyətə gələndən sonra İranda bəhayilərə qarşı təzyiqlər çoxalıb, bu səbəbdən bəziləri Amerikaya, başqa xarici ölkələrə köçməyə məcbur olmuşdular. Təsəvvür edin, məhz bəhayi olduqlarına görə nənəmim, babamın və digərlərinin məzarının üstündən asfalt çəkilmişdi, anam onların qəbrini ziyarət edə bilməmişdi.

- Dəhşətdir. Ətayə xanımın teatrda xeyli rolu vardı işdən gedəndə. Bunun səbəbi nə idi?

- Atam 1987-ci ildə dünyasını dəyişdi. Olduğu kimi danşacağam: atam dünyasını dəyişəndən az sonra akademik teatrın direktoru Həsənağa Turabov məni teatra dəvət etdi, amma hiss edirdim, gözlərini gizlədirdi məndən. Dedi ki, vəziyyət çətindir, aktyorların maaşı azdır, Ətayə xanım həm pensiya alır, həm də teatrdan maaş alır. Sən ona de, işdən getsin. Anam çox güclü qadın idi, gəlib məsələni ona dedim, özünü sındırmadı. Amma hiss edirdim ki, doğma kollektivdən, sevimli işindən ayrılmaq onu sarsıdır. Tez-tez onu maşınla ora-bura aparırdım, hər dəfə teatrın qabağından keçəndə köks ötürüb: - "Ey gidi teatr", - deyirdi. Əlbəttə, mənim ailəm vardı, ayrı yaşayırdım, amma fikrini dağıtmaq üçün hər gün ona baş çəkirdim. Anam öz evində bacımın nəvəsilə qalırdı, hamı onu öz diqqətilə əhatə etmişdi, hamımız onun başına fırlanırdıq.

 

Ey gidi teatr

Həmişə keçmiş günlərdən, Aşqabadda keçən uşaqlıq illərindən, sənətdən danışırdı, bəzən söhbətlər təkrarlanırdı və hər dəfə çox maraqlı detalların unudulduğunu hiss edirdim. Bir gün gedib qalın dəftər aldım, dəftəri ona verib dedim ki, ana, bizə danışdıqlarını bura yaz. Bu həm də onun başını qatmağa, vaxtını keçirməyə bəhanə idi. Həvəslə bu işə girişdi və 60-cı illərin ortalarına qədər olan xatirələrini o dəftərdə yazdı. Sonra biz onu "Bir ömürlük xatirə və ya..." adlı kitab şəklində çap etdik. Adıçəkilən kitab həm də milli mədəniyyət tariximizə yaxşı bir hədiyyə oldu.       

- Çox gözəl. Bir müddət Bakıdan ayrılıb, İrəvan Azərbaycan Teatrında işləyib və bildiyim qədərilə, bu gedib-qayıtma bir neçə dəfə təkrar olub.

- Doğrudur. İlk dəfə 1936-cı ildə İrəvan Teatrında işləməyə getmişdilər. Bunun səbəbi var, indi deyərəm. Eşq... təbii ki, eşq... Atam anama aşiq olanda başqasıyla nişanlı idi. Atam köklü içərişəhərlidir, ağşalvarlılardan. Bu ağşalvarlılar dənizçilər olublar, ad oradan qalıb. İçərişəhərdə bir məhəllədir, həmin adamlar orada yaşayıblar. Yəni bütün içərişəhərlilər ağşalvarlılar deyil.

Nişanlı oğlan...

Nəsə, atam nişanlıydı. Atam Həsənağa Mirzəyevin atası Süleyman "Zinger" tikiş maşınlarının Bakıdakı distribüteri olduğundan "Zinger Süleyman" adıyla tanınıb. Savadlı adam olub. Artıq İçərişəhərdə ailələr böyüdüyündən onlar bayır şəhərdə, indiki Təzəpir məcsidi olan məhəllədə yurd salıblar. Atam evin yeganə oğul övladı olub, bir də bibim vardı. Nişan aparanda babam gəlininə çoxlu qızıl-zinət əşyaları hədiyyə etmişdi, təbii ki, onlar geri qayıtmadı və evdə atamdan incik düşdülər. Yəni kim olsa elə düşünər. Aşqabaddan bir qız gəlib, ailənin bütün planlarını pozdu. Atamsa anamdan əl çəkmədi, ailənin razılığı olmadan evləndi və onun taleyini illər sonra mən təkrar elədim (gülür). Bu barədə başqa vaxt...

Anam 2-ci kursda oxuyarkən artıq akademik teatrın səhnəsinə çıxır, Ülvi Rəcəblə, Abbas Mirzəylə eyni tamaşalarda kiçik rollar alırdı. Bu vaxt İrəvan Teatrının aktyor truppasını gücləndirmək üçün Bakıdan aktyor toplayırmışlar, atam bu fürsəti ailəni sakitləşdirmək üçün zaman kimi qiymətləndirmişdi və birlikdə İrəvan Teatrına getmişdilər. O vaxt İrəvan Teatrında İ.Dağıstanlı, Ə.Zeynalov kimi böyük aktyorlar işləyirdi. İ.Dağıstanlı o vaxt SSRİ hökumətində mühüm vəzifə tutan Mikoyana səhnədən demişdi ki, niyə Azərbaycan Teatrı zirzəmidə işləyir?

 

Bətnindəki körpəni tələf etsəydi...

Dərhal Azərbaycan Teatrını da erməni teatrının binasına köçürtmüşdülər. Sonra anam bacımı dünyaya gətirmək üçün Bakıya qayıdır və iş elə gətirir ki, yenidən Azdramada işləməyə başlayır. O vaxt Ədil İsgəndərov teatrın direktoru idi. Sonra yenidən İrəvana qayıdıblar. Bütün müharibə dövrünü İrəvanda işləyiblər. Qardaşım Rauf da Bakıda anadan olub. 1946-cı ildə mən İrəvanda dünyaya gəlmişəm. Artıq iki övlad var idi, çətin dövrlər idi, ailə 3-cü övladın olmasını istəmirmiş, amma bir də xəbər tutublar ki, anam mənə hamilədir. Anam bətnindəki körpəni - yəni məni tələf etmək istəyib, amma qonşuluqda yaşayan bir qadın anamı bu fikrindən daşındırıb, deyib ki, bu, Allahın işidir, günaha batma. Və... mən dünyaya gəmişəm. Anam deyirdi ki, sən doğum evində ən böyük uşaq kimi gəlmişdin dünyaya.                 

- Çox gözəl bir hadisə olub sizin dünyaya gəlməyiniz. Məncə, başqa cür olsaydı, Ətayə xanım doğrudan da, günaha girərdi. Bəs sonra necə oldu? Bakıya qayıtdıqdan sonra Həsənağa müəllimin ailəsi Ətayə xanımı necə qəbul elədi. Bu xanım artıq o ailəyə üç nəvə bəxş etmişdi...

- Hə, sonradan münasibətlər dəyişdi, Süleyman kişi anamı - gəlinini çox istəyirdi. Bibim danışırdı bunu, babam hərdən anama baxıb başını bulayaraq deyirmiş ki, gedin o köpək qızına verdiklərimi alın, gətirin verin bu köpək qızına. Təəssüf edirdi ilk vaxtlar anama elə münasibət göstərdiyi üçün.

1948-ci ildən etibarən İrəvanda azərbaycanlılara qarşı siyasət başladı. Teatr bağlandı, bizimkiləri köçürməyə başladılar, anamgili də Gəncəyə köçməyə məcbur oldu. Teatr aylarla maaş ala bilmirdi, atam isə ailə saxlamalıydı, ona görə də aktyor kimi fəaliyyət göstərmədi, amma anam Gəncə teatrının aktyor truppasına daxil oldu. Atamın ilk peşəsi kimyaçı-mühəndis olduğundan Gəncə Yağ-Piy Kombinatına işə düzəldi, daha sonra şəhər kommunal idarəsində baş mühəndis işlədi.

 

Ədil İsgəndərovun son xəbərdarlığı

Anam repertuarda olan tamaşaların əksəriyyətində var idi və aradan 8 il keçəndən sonra bir gün 1956-cı ildə İlyas Əfəndiyevin "Atayevlər ailəsi" tamaşasnın ictimai baxışında Bakıdan Ədil İsgəndərovla Teymur Elçin Gəncəyə gəliblər. İş elə gətirmişdi ki, anam Azdramadan başqa teatra getmək üçün 3 dəfə ərizə yazımışdı, sonuncu ərizəsini yazanda Ədil müəllim irad tutmuşdu ona, demişdi: "Qadam, bu nədir dəqiqəbaşı ərizə yazıb gəlirsən üstümə? Gedirsən get, amma bir də yanıma gəlmə". İctimai baxışda anamı görüb, müzakirədə anamın ifası haqqında çox yüksək fikirlər söyləyib, sonra kənara çəkib deyib, qadam, mən necə olub səni buraxmışam? Anam deyib ki, ailə vəziyyətinə görə getmişəm. Qayıtmaq istəyirsən Bakıya? Anam - Əlbəttə, - deyib. Ədil müəllim - O zaman bu mövsümü başa vur, gəl Bakıya, - deyərək qərar verib. Və açığını demək lazımdır, Ədil müəllim həmin qərarı ilə hamımızın taleyini dəyişdi. Mən o vaxt Gəncədə 4-cü sinfə gedirdim.

- Gəncə öz aurası olan şəhərdir. Öz qanunları, özünəməxsusluqları olan şəhərdir. Gəncəni necə xatırlayırsınız?

- Mən Gəncəni çox sevirəm. Doğrudan da, Gəncənin öz aurası var. Bilirsiniz, elə şeylər olur ki, adam onu heç vaxt unutmur. Gəncə mənim birinci sinfə getdiyim şəhərdir.  

- Beləliklə, ailə qayıdır Bakıya.

- Və Bakıya qayıdan kimi Ədil müəllim M.Hüseynin "Cavanşir" pyesində anama əsas rollardan birini - Qaratel obrazını həvalə edir. F.Əmirovun məşhur mahnısı var "Dağlar qızı Reyhan", mahnı bu tamaşa üçün yazılmışdı, Qaratel, yəni anam həmin mahnını canlı oxuyurdu. Fikrət müəllim özü anama həmin  mahnını öyrətmişdi. Anamın gözəl bir xüsusiyyəti vardı, rol aldığı tamaşalarda bütün pyesi əzbər bilirdi və bəzən bundan sui-istifadə edirdilər, bir də gördün kimsə xəstələndi, ya kiminsə işi çıxdı, bir günə anamı tamaşaya salırdılar.

 

"Dağlar qızı Reyhan"

Yaxşı xatirimdədir, bir gün Mərziyyə xanım Davudova anamı axtarırdı. O vaxt Teatr Cəmiyyətinin sədri idi. Gecəylə Tiflisə çıxmalıydı, amma həm də sabah "Fərhad və Şirin" tamaşasında Möminə Banunu oynamalıydı. Anama dedi, sabah mənim yerimə səhnəyə sən çıx. Yəni bu, çox böyük inam idi. Hətta bir dəfə Ədil müəllim "Şeyx Sənan" tamaşasında bir qədər tərəddüdlə anama baş rolu həvalə eləyir, anam çox uğurla oynadığından dərhal onu Hökumə xanım Qurbanovaya dublyor verirlər.

- Bəs Ətayə xanım sizin sənətinizə, bu sənətə gəlməyinizə necə baxırdı? Özü bu sənətun içindəydi, çətinlikləri də, uğurları da görmüşdü, bilirdi? Necə baxırdı sizin rejissor olmağınıza? Razıydımı işlərinizdən?

- Əslində, mənim ilk sənət müəllimim anam olub. Anam öz sahəsi üzrə savadlı adam idi, ədəbiyyatı yaxşı bilirdi, klassik Şərq poeziyasını yaxşı bilirdi, Sədinin "Bustan" və "Gülüstan" əsərlərini sevirdi. Anam orta təhsilini fars dilində almışdı, fars dilində sərbəst yazıb-oxuya bilirdi. Mənə elə gəlir, razı idi mənim işlərimdən. Qürur duyduğunu hiss edirdim.

Onun teatr texnikumunda kurs rəhbəri Fatma Qədri olmuşdu. Barat Şəkinskaya, Nəcibə Məlikova, Sofa Bəsirzadə, Mirvari Novruzova, Məhluqə Sadıqova ilə eyni kursda oxuyublar, amma anam İrəvana getmək məcburiyyətində qaldığından təhsilini 2-ci kursdan yarıda saxlamalı olmuşdu.

 

Ötən əsrin ulduzları

- Sizə elə gəlmirmi ki, Xalq artisti adının verilməməsinə səbəb onun peşəkar aktyor təhsili almaması olub? Çünki adlarını çəkdiyiniz bütün kurs yoldaşları vaxtında fəxri adları almışdılar və Ətayə xanım teatrda oynadığı obrazlara, filmlərdə canlandırdığı rollara görə sevilirdi, məşhur idi.

- Bu barədə dəqiq heç nə deyə bilmərəm, ola bilsin, bu amil səbəb olub, amma anam heç vaxt fəxri ad barədə düşünmürdü, onun üçün rol var idi, iş var idi.

- Ətayə xanım xeyli fərqli ana obrazı yaradıb və yaddaşımızda kədərli, sakit, ailəsinə, xatirələrinə bağlı ana obrazlarında rol alan aktrisa kimi qalıb. Yaratdığı ana obrazlarından hansı daha çox ona oxşayırdı?

- Arif Babayevin bir filmi var - "Uşaqlığın son gecəsi", anam orada Mənsurə obrazını oynayıb. Mən həmin filmə baxanda elə bilirdim, anam yan otaqdan çıxıb ekrana girir. O dərəcədə özü idi. Arif Babayev "İnsan məskən salır" filmində Şamama roluna birbaşa anamı çəkmək istəyirdi, artıq sınaq çəkilişi də olmuşdu, başqa namizəd də yox idi, amma o vaxt kinostudiyanın direktoru olan Ədil İsgəndərov Arif Babayevə demişdi ki, get Hökumə Qurbanovanı çək, onun kinoda rolları çox azdır. Ədil müəllimin sözündən kim çıxa bilərdi? Əlbəttə, Arif Hökumə xanımı çəkdi, amma növbəti filmində - "Uşaqlığın son gecəsi"ndə anamı çəkib özünü verdiyi sözün əzabından qurtardı.

"Mənəm, baaşşına dönüm"

Anama kinoda ən çox uğur gətirən obrazı "Onu bağışlamaq olarmı" filmindəki Sara xala roludur. Bu filmdən sonra kim onu görürdü "mənəm, baaşşına dönüm" deyirdi.    

Biz onun üzünə həsrət idik, çox işləyirdi, kino, teatr, dublyaj, radio... Amma buna baxmayaraq xörəyi özü bişirirdi. Bir sözü vardı, deyirdi gərək bişirdiyin yeməyin başına fırlanasan. Onun bişirdiyi badımcan dolmasının dadı hələ də damağımdan getməyib. Dəfələrlə olmuşdu, yemək bişirə-bişirə həm də rolunu məşq edirdi, rol dəftərini mənə verib deyirdi ki, Ramiz, mənə replika ver. Mən replikanı verirdim, o da rolunu yada salırdı.             

- Bəs onun hansı "anası" sizin ürəyinizcə deyil?       

- Var elə bir obraz. "Bizim küçə"dəki ana obrazının müəyyən yerlərini bəyənmirəm. O film bir qədər patriotik ruhda çəkilib, bundan irəli gəlir. Orada qızı Saranı televizorda gördüyü vaxt qışqırır, yəqin, məcbur eləyiblər onu, amma uğursuz yerdir. Bir də "Telefonçu qız" filmindəki Simuzər rolu o biri qadın rollarından öz hökmü ilə fərqlənir.

Həmin ananı sevmirəm

- Həsənağa müəllimlə Ətayə xanım sevib ailə qurmuşdular, bəs sonradan bu sevgi həmişə qaldımı? Onların ailə münasibətləri necə idi? Hər ikisi sənətdə idi, qısqanclıq yox idi ki, aralarında?

- İndi bu yaşımdan o dövrə baxıram, bəzən nostalji hisslər keçirirəm. O dövrün insanlarının bir-birilə münasibəti çox isti, çox səmimi idi. İndi sanki hamımız bir qədər sərtləşmişik. İndi insanlar öz fikirlərini daha sərt deyirlər. Bizim ailədə valideynlərim arasında həmişə qarşılıqlı hörmət hiss etmişəm. Atam bəzən yeri gələndə anama ev işlərində kömək edirdi, məncə, o sevgi, o hörmət olmasaydı belə etməzdi. 

 

Aktrisaların vurulduğu kişi

Qadınlar daha çox ailəyə bağlı olurlar, anam da ailəsinə bağlı idi, ailə ilə, bizimlə nəfəs alırdı. O ki qaldı sualın sonuna, bəlkə də gənc vaxtlarında qısqanclıq hissi olub, amma mən belə bir şey qətiyyən hiss etməmişəm. Atam yaraşıqlı kişiydi, bəlkə də yeri deyil, amma deyəcəyəm. Nəcibə xanım həmişə mənə deyirdi ki, bilirsən Həsənağa necə yaraşıqlı kişiydi, hamımız vurulmuşduq ona. 

- Ətayə xanımın sənətlə bağlı sizə həyat kredosu olacaq tövsiyəsi olubmu?

- Olub. Mənə də həmişə deyirdi ki, Ramiz, çalış yaxşı aktyorlarla işləyəsən və mən buna əməl elədim. Bir dəfə bu prinsipdən çıxdım və nəticəsini gördüm.

- Ustad, söhbətimiz yekunlaşır, amma sizinlə söhbətdən doya bilmirəm. Ətayə xanım teatrdan və Həsənağa müəllimdən sonra necə yaşadı? 

- Əlbəttə, teatrsız onun ömrü artıq geri saymağa başladı və çox doğru qeyd etdiniz ki, atamın da vəfatı ona ağır təsir elədi. Hipertoniyadan əziyyət çəkirdi, teatrda son illəri demək olar, hər gün axşam tamaşasından əvvəl təzyiqini ölçməyimizlə başlayırdı, yüksək olurdusa dərman qəbul edirdi. Mən aparırdım onu Azdramaya, teatrın qapısından içəri keçən kimi dəyişirdi, gümrahlaşırdı.

 

Teatrın qapısından içəri keçən kimi

Təsəvvür edirsinizmi, yüksək təzyiqdən əziyyət çəkən adam Bakıdan avtobusla doğmalarını görməyə Tehrana getdi. Qətiyyən yol yorğunluğundan şikayət eləmədi. Çox güclü idi. Bilirsiniz, həyatlarının ilkin dövrləri çox qarışıq vaxtlara düşmüşdü. Yollar, çətinliklər, müharibə illəri, ayrılıqlar... bütün bunlar insan ömründə iz buraxmadan ötmür. Altmış yaşından sonra səhhətində problemlər yaranmışdı. Öd kisəsində daş vardı, təzyiqlə əbədi dostlaşmışdı. Məncə, ailədən, övladlarından rahat köçdü dünyadan, amma bircə teatrın, səhnənin nisgiliylə gözlərini yumdu.

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!