"Ədəbiyyat qəzeti"nin cari il 17 və 24 aprel saylarında Asif Rüstəmlinin "Almas İldırım: Vətəndə və sürgündə" adlı yazısı dərc edilmişdir. Həmin yazı ilə bağlı aşağıdakı qeydlərimizi ədəbi-elmi ictimaiyyətin diqqətinə çatdırırıq:
1. Məqalə müəllifi iddia edir ki, "Almas İldırımın mühacirət dönəmi ilə müqayisədə vətən və sürgün dövrü yaradıcılığı, nəşr olunan ədəbi-bədii irsi haqqında çoxsaylı məqalələr, kitablar yazılsa da, təəssüf ki, yetərincə ciddi araşdırılmamış, sistemli tədqiq edilməmişdir". Qüsurlu olduğu dərhal nəzərə çarpan bu sintaktik konstruksiyada ortaya qoyulmuş iddiaya ən tutarlı cavab akademik Bəkir Nəbiyevin "Didərgin şair (Almas İldırımın yaradıcılıq yolu)" (1-ci nəşri: Bakı: Sabah, 1995; 2-ci nəşri: Bakı: XXI YNE, 2005) monoqrafiyasıdır. A.İldırımın həyat və yaradıcılığı haqqında ilk və hələlik yeganə sanballı araşdırma olan bu monoqrafiyada şairin elmi tərcümeyi-halı verilmiş, vətəndə, sürgündə və mühacirətdə yazdığı əsərlər ətraflı təhlil edilmiş, sənətkarlıq məsələləri araşdırılmış, o cümlədən, A.Rüstəmlinin ətrafında ajiotaj yaratmağa çalışdığı "Ey Hindistan" şeirindən də bəhs edilmişdir. Doğrudanmı, elmi dəyərini bu gün də qoruyub saxlayan sözügedən monoqrafiyadan A.Rüstəmlinin xəbəri yoxdur? Zənn etmirəm. Həqiqətənmi, A.Rüstəmli bu monoqrafiyada A.İldırımın həyat və yaradıcılığının "yetərincə ciddi araşdırılmadığı (?), sistemli tədqiq edilmədiyi (?)" qənaətindədir? B.Nəbiyev həyatda olsaydı, A.Rüstəmli belə fikirlər səsləndirə bilərdimi? Əsla. Çünki mərhum akademik N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində ədalət və obyektivliklə çalışarkən, A.Rüstəmlinin ona minnətdarlıq duyğuları ilə yanaşdığının şəxsən şahidi olmuşam.
2. Məqalə müəllifi Almas İldırımın nəşr olunmuş kitablarının mətnşünaslıq vəziyyətinə toxunub, bəzi iradlarını bildirir. Bu zaman iki nəşrə - Almas İldırımın "Seçilmiş əsərləri" (Bakı: Öndər nəşriyyat, 2004) və "Boğulmayan bir səs" (Bakı: Avrasiya Press, 2007) kitablarına istinad edir. Bildiririk ki, Almas İldırımın "Seçilmiş əsərləri" şairin 1994-cü ildə "Azərbaycan" nəşriyyatında işıq üzü görmüş "Qara dastan" kitabı (toplayanı, tərtib edəni və ön sözün müəllifi Maarif Teymur, redaktoru Yusif Günaydın) əsasında təkrar nəşrə hazırlanmışdır. Bu sətirlərin müəllifi zamanında həmin kitabın bir sıra qüsurlarını tərtibçinin (M.Teymurun) nəzərinə çatdırmış və onun tərəfindən anlayışla qarşılanmışdır. Məhz buna görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən nəşri nəzərdə tutulan A.İldırımın "Seçilmiş əsərləri"nin redaktoru kimi bu sətirlərin müəllifinin təsdiq olunmasını M.Teymur əlaqədar instansiyalara tövsiyə etmişdir. M.Teymur bu barədə məni məlumatlandırmış və razılığımı almışdır. 2004-cü ilin mart-noyabr ayları ərzində mən bir neçə dəfə M.Teymura zəng edərək, kitabın vəziyyəti ilə maraqlanmış və o, hər dəfə əlyazmanın mətbəədə yığım prosesində olduğunu və səhifələndikdən sonra bizə, yəni tərtibçi olaraq ona və redaktor olaraq bu sətirlərin müəllifinə göndəriləcəyini söyləmişdir. Fəqət gözləntimə rəğmən kitabın nə ilk, nə də çapa gedən son variantı redaktə üçün mənə təqdim edilməmişdir. 2004-cü ilin dekabr ayının sonlarında isə "Gülüstan" sarayında yuxarıda qeyd etdiyimiz Sərəncama əsasən nəşr edilən kitabların ilk dəstinin təqdimat mərasimində A.İldırımın "Seçilmiş əsərləri" digər kitablarla birlikdə mənə təqdim edilmişdir. Adımın kitabda redaktor kimi qeyd edildiyini görüncə, dərhal N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun o zamankı direktoru akademik Bəkir Nəbiyevə, daha sonra isə onun tövsiyəsi ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının (hazırda Administrasiya) Humanitar siyasət şöbəsinə yazılı müraciət etmiş və etirazımı bildirərək, bu nəşrin nə uğurunda, nə də qüsurunda rolum olmadığını vurğulamışam. Eyni məzmunda yazını "Ədəbiyyat qəzeti"nə göndərmiş, fəqət, redaksiya naməlum (əslində isə məlum) səbəblərdən yazını dərc etməyi məqsədəuyğun saymamışdır. Onu da əlavə edim ki, M.Teymurdan fərqli olaraq, mən bu kitaba görə qonarar almaqdan imtina etmiş və indiyədək heç vaxt sözügedən nəşri redaktə etdiyim kitabların siyahısına daxil etməmişəm. Zatən, haqq etmədiyimə sahiblənmək mənim həyat prinsiplərimə ziddir. Ədəbiyyat İnstitutunda elmi katib vəzifəsində dövlətçilik və qanunçuluğa sədaqətlə çalışdığım təqribən 9 illik müddətdə mənimlə çoxsaylı işgüzar təmasları olmuş A.Rüstəmli bunu öz şəxsi təcrübəsindən bilir. Xüsusi intonasiya və artikulyasiya ilə səsləndirdiyi "cənab Cabbarlı" xitabını yəqin ki, yaxşı xatırlayır.
Bunlardan əlavə, 2007-ci ilin may ayında A.İldırımın yüzillik yubleyi münasibətilə Ədəbiyyat İnstitutunda akademik B.Nəbiyevin sədrliyi ilə keçirilən elmi sessiyadakı çıxışımda bu problemdən bəhs etmişəm. Həmin sessiyada iştirak edən M.Teymur da öz çıxışında faktın doğruluğunu təsdiq etmiş və müəyyən izahatlar vermişdir.
3. Klassiklərin, o sıradan A.İldırımın çap olunmuş əsərlərinin mətnşünaslıq vəziyyətinin araşdırılması zəruridir. Lakin A.Rüstəmli bu problemlə bağlı yalnız yuxarıda adları qeyd olunan iki kitabı "araşdırır" və nədənsə, birinci kitabdan fərqli olaraq, ikinci kitabı - "Boğulmayan bir səs"i çapa hazırlayan şəxsləri (buraxılışa məsul: Vaqif Bəhmənli, redaktoru: Umud Rəhimoğlu) qeyd etməyi lazım bilmir. Bu fakt və digər tərəfdən məqalənin çapından sonra - mayın 4-də sosial şəbəkə hesabında xüsusi status paylaşaraq, lovğa və təkəbbürlü bir üslubda bizə tövsiyə vermək təşəbbüsündə bulunması onun birmənalı olaraq qərəzli və qeyri-obyektiv olduğunu, bəyanatlarına rəğmən xoş niyyət güdmədiyini göstərir. Əslində bu cür tövsiyələrə ehtiyacı olan məhz A.Rüstəmlinin özüdür. Ən azı M.Ə.Rəsulzadənin bəzi əsərlərini, xüsusilə "Azərbaycan Cümhuriyyəti"ni nəşrə hazırlayarkən yol verdiyi nöqsanlara (Bakı: Elm, 1990, ərəb qrafikasından transliterasiya edəni, qeydlərin və lüğətin müəllifi Asif Rüstəmov) və tərtibçisi (məhz tərtibçisi!) olduğu "Zirədən başlanan yol" kitabının "məziyyətlərinə" görə.Amma bu barədə gələcək yazılarımızda.
Problemə elmi münasibət A.İldırımın indiyədək Azərbaycan, Dağıstan, Türkmənistan, İran və Türkiyədə çap olunmuş bütün əsərlərinin mətnşünaslıq vəziyyətini müqayisəli surətdə təhlil etməyi tələb edir. Yalnız bu zaman obyektiv elmi nəticələr hasil edilə bilər. Yeri gəlmişkən, akademik Bəkir Nəbiyevin "Didərgin şair" monoqrafiyasının bir fəsli məhz A.İldırımın əsərlərinin nəşri və tədqiqi probleminə həsr olunmuşdur. Təəssüf ki, A.Rüstəmli bu yolu tutmamış, A.İldırımın əsərlərinin çapı prosesində iştirak etmiş çoxsaylı şəxslərdən mərhum M.Teymurun və bu prosesə qətiyyən aidiyyatı olmayan N.Cabbarlının adını hallandırmışdır. Görünür, ikincilərdən fərqli olaraq birincilərlə münasibətləri korlamaq ehtimalı olmadığına görə. Onu da qeyd edək ki, "Boğulmayan bir səs" kitabında A.İldırımın Dağıstan və Türkmənistanda sürgündə olarkən yazdığı şeirlər, nədənsə, "Mühacirətdə yazdığı şeirlər" bölməsində verilmişdir. Ümumiyyətlə, həmin bölmədə şairin İranda yazdığı üç şeir istisna olmaqla, digər bütün şeirlər sürgün dövrünün məhsuludur. Görünür, "Boğulmayan bir səs" kitabını çapa hazırlayanlar A.İldırımın Dağıstan və Türkmənistandakı sürgün həyatını mühacirət kimi qəbul etmişlər. Nədənsə, A.Rüstəmli bu kobud səhvin üzərindən sükutla keçir. Bu fakt da onun obyektivliyinə və qərəzsizliyinə əsaslı şübhələr yaradır. A.Rüstəmli dövlət qulluqçusu olduğu üçün "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci (Bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmaq), 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət), 9-cu (Bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmaq) və 11-ci (Qərəzsizlik) maddələrini xatırlatmağı lazım bilirəm.
4. Nəhayət, A.Rüstəmlinin janrını elmi araşdırma kimi müəyyənləşdirdiyi sözügedən yazının elmi yeniliyinin nədən ibarət olduğunu aydınlaşdırmağı onun öz öhdəsinə buraxırırıq. Lakin bu yazının akademik Bəkir Nəbiyevin araşdırmalarından nəinki irəli getmədiyi, onların heç həndəvərinə də yaxınlaşmadığı faktdır. Digər tərəfdən, elmi araşdırma adlandırılan bu yazıda mövzu ilə bağlı az-çox araşdırma aparmış heç bir alimin, o sıradan B.Nəbiyevin də adı bircə dəfə də çəkilmir. Hərçənd, A.Rüstəmlinin özünün tapıntısı kimi qələmə verdiyi və pyes kimi təqdim etdiyi "Dün-bu gün" adlı broşüradan da B.Nəbiyev ilk dəfə 1995-ci ildə (A.Rüstəmlinin sözügedən məqaləsindən 26 il öncə) çap etdirdiyi "Didərgin şair" monoqrafiyasında bəhs etmiş və haqlı olaraq həmin nəşri A.İldırımın ilk kitabı saymamışdır: "S.Rüstəmlə birgə 1926-cı ildə nəşr etdirdiyi "Dün və bu gün" adlı bir neçə səhifəlik "qafiyəsiz mənzumə" ni nəzərə almasaq, A.İldırımın ilk kitabı "Dağlar səslənirkən"dir" (1-ci nəşr, s.25; 2-ci nəşr, s.23). Sözügedən əsəri təhlil edən mərhum akademik belə bir ehtimal irəli sürür ki, "A.İldırımı "proletar platformasına", yeni mövzulara cəlb etmək, Türkiyədə şeiri çap edilməsi hadisəsi ilə əlaqədar rəsmi idarələr qarşısında ona bir növ bəraət almaq üçün S.Rüstəm... A.İldırımın da imzasını öz əsərinə əlavə etmişdir" (1-ci nəşr, s.69; 2-ci nəşr, s.61). Daha sonra mərhum alim çoxsaylı faktlarla bu fikrini bir qədər də qüvvətləndirmişdir. Doğrudanmı, A.Rüstəmlinin bunlardan xəbəri yoxdur? Əgər yoxdursa, mövzunu çox səhti araşdırmışdır. "Dün-bu gün"ün pyes kimi təqdimatı isə A.Rüstəmli tərəfindən əsaslandırılmamışdır. Belə ki, əsərin dramaturji qanunlara cavab vermədiyi aşikardır. Buna əmin olmaq üçün xarici dillərdə dram nəzəriyyəsinə dair kitablar oxumamaq da olar. Aramızdan vaxtsız köçmüş dram nəzəriyyəçisi, prof. A.Dadaşovun araşdırmalarına nəzər salmaq kifayətdir. A.Rüstəmlinin bu yazısı, sadəcə, stəkanda fırtına yaratmaq cəhdindən başqa bir şey deyildir. Fırtına isə dənizlərə, ümmanlara yaraşır. Belə təlatümə stəkan dözməz!
İnanmaq istərdik ki, A.Rüstəmli görkəmli ədəbiyyatşünas alim və elm təşkilatçısı, idarəçilik üzrə beynəlxalq dərəcəli qrosmeyster, sadəlik və təvazökarlıq örnəyi, müdriklik timsalı, dalkavukluğa əsla rəvac verməyən, zamanında "gözəllərin axıra qalmışı" (M.Şəhriyar) olan, "hər şeyi misqalla çəkən" (T.Kərimli) akademik Bəkir Nəbiyevin ruhunu incitdiyinin fərqində olacaq.
Aləmlərin Rəbbi Bəkir müəllimə qəni-qəni rəhmət eləsin. Amin!
Biz isə yalnız qədərə boyun əyərik. O qədərə ki, hökmü bir olan Allahdan gələr. LA QALİBA İLLƏLLAH!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!