Şair Nazim Əhmədliyə açıq məktub - Şirindil ALIŞANLI

 

Əzizim Nazim!

Özünə təxəllüs seçdiyin Zəngəzur mahalının Molla Əhmədli kəndi təbiət və mənəviyyat abidəsidir. Sinəsində yüzlərcə nağıl, dastan, əfsanə,  rəvayət gəzdirən kişilərin, nurlu ağbirçəklərin uyuduğu müqəddəs vətən torpağıdır. Bu kənd xalqımızın tarixi taleyində iz qoymuş çox hadisələrin şahididir. O dağlardan perik düşmüş həmvətənlərimizin söhbətlərindəki şirinliyin, təbiiliyin, lətifə, ayama, rəvayət qatlarının, söz oynatmağın qaynağı ilə çoxları maraqlanır, bunların haradan baş aldığını soruşurlar. Bu elə-obaya bələd olmayanların maraq dolu baxışlarını təbii qarşılayırıq. Nə yazıqlar ki, bu eli təmsil edən, onun mənəvi-əxlaqi aurasının daşıyıcılarının sırası elə seyrəlib ki, onları barmaqla sayırlar.

Doğma kəndimizi Laçının Parisi adlandırırdılar. Bu, o bölgənin minlərlə təmsilçisinin müşahidələrinin, qənaətlərinin ədalətli dəyərləndirmə meyarı idi. Molla Əhmədli ziyalılar, sənətkarlar kəndi idi. Laçın bölgəsinin maarifləndirilməsində Əhmədlidən olan müəllimlərin böyük xidməti vardır. Bunu öz əsərlərində Süleyman Rəhimov, Əli Vəliyev dönə-dönə xatırlatmışlar. Bu iki  yazıçının əsərlərini günümüzdə yaşadan sənət sirlərindən biri də bu el-obanın həyat tərzinin, zəngin dilinin, bitib-tükənməyən folklor sərvətlərinin yazıçı yaddaşında dərindən kök salması idi.

Nazim, Molla Əhmədli Qarabağda, Zəngəzurda ad-san qazanmış onlarca aşıq, xanəndə, sazəndə yetirmişdir. Aşıq Salman, Aşıq Cəmil, Aşıq Fərəc, Aşıq Namaz, Aşıq Abdulla, Məşədi Dadaş, Aşıq Əhməd və digərləri. Atamın doğmaca dayısı Aşıq Salman Qaçaq Nəbi ilə dostluq edirmiş, bu gün məşhur olan bir çox mahnıların söz və musiqi mətninin müəllifi o olmuşdur. Orta Asiyadan, İrandan belə məşhur olan Aşıq Məşədi Dadaş sənəti ilə bizim ata-babalarımız ünsiyyətdə olmuş, onun sinəsində gəzdirdiyi bitib-tükənməyən söz, saz ruhunda nəfəs almışlar. Atamın əmisi oğlu, sənin nənə tərəfdən baban olan Aşıq Məşədi Dadaş klassik və folklor irsimizi Xorasandan, Orta Asiyadan bu yana Qarabağda, Qaradaqda böyük ləyaqətlə təmsil etmişdir. XX əsr Qarabağının yetirdiyi böyük ziyalılardan olan Cəlil bəy Bağdadbəyovun "Xatirələr və etnoqrafik qeydlər" kitabında  Məşədi Dadaşla bağlı yazını oxuyarkən dərin fəxarət duydum. Böyük yazıçımız İlyas Əfəndiyevin doğmaca dayısı olan Cəlil bəy Bağdadbəyovla Məşədi Dadaşın taleyi arasında oxşarlıqlar var. Öz istedadı, xalqa ləyaqətli xidmətləri müqabilində unudulanların ruhu qarşısında böyük günah yiyəsiyik.

Görkəmli teatr xadimi Cəlil Bağdadbəyovun hərtərəfli təhsil görmüş ziyalı kimi Şuşada yaşadığı illərin müşahidələri əsasında yazdığı qeydlər Qarabağın musiqi, folklor və etnoqrafiya problemlərini öyrənməkdə sanballı faktiki, həm də analitik mənbəədir. Aşıq Məşədi Dadaşa gəldikdə isə, onun yazısı bu sənətkarın yaradıcılığını canlı izləyən, onun musiqi, söz duyumu, səsinin özəlliyi, rəqs məharəti, bir sözlə klassik aşıq kimi böyük ifaçılıq mədəniyyətini təsdiq edən mənim tanış olduğum ilk tarixi mənbəədir. Şuşa kimi mədəniyyət mərkəzində çıxış üçün ayrılan yer tez bir zamanda dolduğundan çoxları aşığı dinləmək üçün ertəsi gün gələrmişlər. Qudsidən söylədiyi müxəmməslə, Vaqifin də qoşmaları ilə Şuşa əhlini, onun xanəndələrini valeh edən Aşıq Məşədi Dadaş haqqında Cəlil Bağdadbəyov böyük ehtiram hissi ilə yazırdı: "Aşıq Dadaş hər dörd bənddən sonra rəqs edərək, rəqs gözəlliyi səs məlahətinə qarışaraq bədii və mühəssənat ilə dolu bir aləm yaradıb, sanki tamaşaçıların ruhları qeyri fəzalarda gəzirdi. Gözəl səsə və rəqsə bütün ruhilə qapılan tamaşaçılar yuxu aləmində xəyali pərilərə tamaşa edər kimi məhbut qalıb, aşığın hərəkət etdiyi tərəfə baxırdılar".

Musiqini, söz sənəti tarixini dərindən bilən Cəlil Bağdadbəyovun analitik təsviri ilə Aşıq Məşədi Dadaşın məclislərinin şahidi olmuş Hüseyn Kürdoğlunun yaratdığı poetik portret arasındakı oxşar cizgilər, müşahidələrdəki üst-üstə düşən məqamlar Aşıq Məşədi Dadaşın söz və saz sənət tarixindəki yerini göz önünə gətirir:

 

Aşıq Dadaş, başdaşın da qocalıb,

Bükük durur dağın yastı döşündə.

Qarışqalar karvan çəkir qəbrinə,

Bütün xilqət yenə də öz işində...

 

...Ağır gündə ürək verdin bizə sən,

Ürəyini döndərdikcə közə sən.

Eşqə gəlib mizrab vurdun saza sən,

Məclis qurdun səksən-doxsan yaşında...

 

...Qara damda məclis ara gəzməyin,

Çal papağa gül-bənövşə düzməyin,

On dörd yaşlı oğlan kimi süzməyin

Yadındadır divarın da, daşın da...

 

...Başdaşına sarmaşıqlar sarışa,

Torpağına gül yarpağı qarışa.

Hər gələndə kəndimizlə görüşə,

Baş əyirəm məzarının başında.

 

Mənim bildiyimə görə folklorşünas Əhliman Axundov Aşıq Dadaşın qonağı olmuş, onun söylədiyi söz sərvətini yazıya köçürmüşdür. Bunlardan yalnız bir neçəsi folklor antalogiyalarına salınmışdır.

Nazim, bütün bunları yaşadığımız bu günlərdə xatırlamağım və səninlə bölüşməyim təsadüfi deyil. Sənin bütün bədii-publisist yaradıcılığın xatırladığım mühitlə bağlıdır. Şeir və nəşr nümunələri toplanmış kitablarına keçməmiş təşəbbüs göstərib "Molla Əhmədli və mollaəhmədlilər" kitabını ərsəyə gətirməyin haqqında bir neçə kəlmə deməyi lazım bildim. Yadında olar, hələ sovet sisteminin çökmədiyi bir vaxtda Mirzə İbrahimov, Qasım Qasımzadə və Yaşar Qarayevin dəstəyi ilə ölkəmizdə ilk özəl nəşriyyatı - "Sabah" nəşriyyatını təsis etdim. Standart biçimlərə sığmayan çeşidli kitablar içərisində zəngin tarixə malik kəndlərimiz haqqında elmi-publisist kitabların nəşrinə başladıq. Respublikamızda bu seriyadan ilk kitab mərhum professor Vaqif Piriyevin "Buduq və buduqlular" kitabı oldu. Bu seriyadan müxtəlif nəşriyyatların da çap etdiyi onlarca kitab gələcək tarixçilər üçün mənbədir.

Bizim doğma Əhmədlimiz haqqında kitabın hazırlanmasını öz üzərinə götürdün. Müəllifi olduğun bu kitabı vərəqlədikcə Laçın, Əhmədli həsrəti ilə dünyadan köçənlərimizi xatırlayıb qovruluram. Doğmalarımızdan kəndimizə gedib-gələnlərin çəkilişləri əldən-ələ gəzir. Tezliklə vüsalına qovuşacağımız Molla Əhmədli haqqında vaxtı ilə yazdığın şeir hamımızın ağrı-acılarının ifadəsi idi:

 

İndi yollarından yağılar keçir,

Mənim ürəyimdən ağrılar keçir,

Tarixi, zamanı nağıllar içir,

İndi adın olub nağıllar kəndi,

Mənim Molla Əhmədlim, Əhmədli kəndim.

 

Hə, Nazim! 29 il idi yeni nəsillərə kəndimizdən xatirə, rəvayət danışırdıq. Ölmədik bu günü gördük. Viran qalmış evlərimizdə müzəffər ordumuzun əsgər və zabitləri özlərinə rahatlıq yaradıblar. Onlar əyilən qəddimizi düzəltdilər. Az bir zamandan sonra kəndimizə dönəcəyik, sənin folklorla yoğrulmuş şeirlərini Məcnun bulağının başında dinləyəcək, Aqibətixeyir çeşməsindən doyunca içəcəyik. Bütün bunları dilə gətirmədən sənin yaradıcılığının özəlliyini çözmək əsassız olardı. Sənin obrazlı düşüncənin məhəng daşı burdadır. Sənin poetik deyimlərin Molla Əhmədlinin canlı, şirəli dilinə, folklor sərvəti ilə zəngin bir xəzinəyə söykənir. Molla Əhmədlidə hamı obrazlı danışırdı. Müxtəlif ünsiyyət məqamlarında - dartışmalarda, deyişmələrdə, höcətləşmələrdə gözlənilməz frazeologizmlər, baməzə deyimlər, "filankəs demişkən" başlıqlı seriyadan ibrətamiz ifadələr meydan sulayırdı.

Aşıq Salmanın şeirləri öz imzası ilə bizə çatmayıb, amma folklor nümunələri kimi yayılıb. Sənin və mənim ustadım Hüseyn Kürdoğlunun hələ dəyərincə öyrənilib, toplum tərəfindən qiymətləndirilməmiş poeziyası XX əsr şeirimizin nadir incilərindəndir.

Nazim, bu kənddə şeir yazan çox idi. Çoban da, naxırçı da, müəllim də şeir qoşmağı xoşlardı. Hər kəsin öz mövzusu, öz deyim biçimi vardı. Kəndimizdən perik düşəndən sonra sözə pənah gətirdik. Onun işığında Molla Əhmədlinin ruhunu az da olsa qoruduq, bu minvalla övladlarımıza sözün gücü ilə Vətən dərsi keçdik. Heç unuda bilərikmi sənin əmin, mənim bibim qızı Solmaz xanımın şeirlərini çap edərkən kitabına belə ad qoydu: "Qorxuram qərib öləm". Qərib ölənlərimizi necə sayasan. Min şükür ki, onların övladları doğma yurda qovuşurlar.

İndi də belə bir zəmində formalaşmış yaradıcılığından danışaq. Şair olmağına şairsən, özü də sözlə ünsiyyətdə, həyat vərdişlərində biçim tanımayan, ipə-sapa yatmayanlardansan. İpə-sapa yatmaq qəlibləşmiş, çərçivəyə salınmış düşüncənin bəhrəsidir. Sən bundan xeyli uzaqsan. Bəzən poetik janrın hüdudlarını genişləndirməyə cəhd edir, bəzən də fərdi poetik düşüncəni janrın sərhədləri çərçivəsinə qapadırsan. Sənin poetik məkanın Molla Əhmədlinin adamları, təbiəti, tarixi hüdudlarını əhatə edir. Bu məqamda seçdiyin predmetə verdiyin poetik şərhlə oxucunun qəlbinə yol tapa bilirsən.

 

***

...Üzü qırışlı nənəm,

Saçın güllənməz oldu.

Torpaq səni üzdü, nənəm

Dərdin bilinməz oldu.

 

Bir üzü qız

Bir üzü gəlin oldun,

Bir üzü ağ,

Bir üzü qara dünyada.

 

***

...Ağ gün, ağ gün...

ağ gün varıydımı?

Üyündü ağ gün,

dəyirmanda üyündü,

Üyünüb-üyünüb göy əysiyə düyüldü.

 

Yaradıcılığının ilk dövrünə təsadüf edən müxtəlif şeirlərindən gətirdiyim bu nümunələrdə yaşadığın hisslər, düşüncələr axarı özü formanı, ifadə ritmini, intonasiya çalarını müəyyən edir. "Dəyirman" işlənmiş mövzudur. Ömrün enişi-yoxuşu, cəmiyyətin hal-əhvalı bu fonda çox işlənib. Sən öz qəhrəmanının tragik ömür yolunu, "göy əysiyə düyülən" yaşamını dəyirman ritmini xatırladan nağılvari poetik təhkiyə ilə ifadə etməyə müvəffəq olmusan.  O vaxt daha çox uğur qazanırsan ki, həyat, dünya, ömür, sevgi haqqında düşüncələrini bəri başdan seçilmiş formanın sərhədləri ilə qapatmırsan. Son illər yazdığın şeirlərin  çoxu gəraylı formasındadır. Gəraylı poeziyamızın elə formasıdır ki, onun tarixi ənənələri fonunda orijinal söz demək hamıya nəsib olmur. Böyüdüyün mühitdən, onun təbiətindən, folklor yaddaşından gələn obrazlar silsiləsi sənin şeirlərinə təravət verir.  "Dəli doluluğum tağdan düşüb", "bulud öləziyib göydə", "yollar dolaşır mənə", "yenə həsrət beçələyir", "qanımı qoydum qaşıga", "yuxularım löyün-löyün", "niyə dərd bizə sellənir" və onlarca belə deyimlər sənin seçdiyin formanın yeni imkanlarını üzə çıxartmağa yardımçı olur. 

"Niyə səni çox sevmişəm", "Şairlər haqdan asılıb", "Dağlara sarı", "Müharibə" və s. kimi şeirlərin orijinal poetik istedadın bəhrəsidir. Adını çəkmədiyim, lakin dönə-dönə oxuduğum bir çox şeirlərinin poeziyada yaşamaq haqqı var. Poetik məntiqin bütövlüyünə, dilin səlisliyinə, obrazların bənzərsizliyinə görə.

 

***

...Bir dəli dua yazdırın,

dərin quyuya basdırın,

aparın məni azdırın,

dərd məni güldürən yerdə.

 

***

...Payız mənə qışdan baxır,

gözümdəki yaşdan baxır,

Atam, anam daşdan baxır,

mən, bir cüt daşın balası.

 

Belə kövrək, həzin, gözlənilməz obrazlarla zəngin nümunələrin sayın çoxaltmaq da olar. Məncə bunlar müasir şeirimizdə sənin öz halal yerinin olduğuna dəlalət edir.

Əzizim Nazim! Burda söhbətimizi yekunlaşdıraq. Sənin qəzəl, qoşma, sərbəst şeir formalarında yazdığın yaradıcılıq nümunələrindən məni qane etməyən, məni darıxdıran məqamlar haqqında fikir mübadiləsi etməyə Tanrı sənə və mənə vaxt verər. Axı biz yol üstəyik. Ulularımızın uyuduğu, uşaqlığımızın nağıl dünyası olan Molla Əhmədliyə səfər üstəyik.

Hörmətlə...                                                                 

 

23.05.2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!