Milli təəssübkeşlik - Nizami CƏFƏROV

Sabir Rüstəmxanlı - 75

Nizami CƏFƏROV

 

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının ədəbi-ictimai şəxsiyyəti barədə ən mükəmməl təsəvvürü, heç şübhəsiz, onun milli təəssübkeşliyi yaradır ki, bu təəssübkeşliyin yarım əsrlik kifayət qədər zəngin bir tarixi var. Bizim günlərin qələbələrlə dolu azərbaycançılıq ideyaları mövqeyindən Sabir Rüstəmxanlının milli ideallarının təkamül prosesinə retrospektiv bir nəzər salmağa çalışsaq əmin olacağıq ki, söhbət hansısa məqamda şübhə doğuracaq sosial-psixoloji "impulsivlik"dən, subyektiv "mənəmlik" iddialarından, tarixin hər bir dövründə hər bir insana xas ola biləcək özünütəsdiq konyukturlarından yox, yaşı artdıqca kamilləşən düşüncə adamının, milli təfəkkür sahibinin elə bir vətəndaş (və millət!) həmrəyliyi mübarizələrindən gedir ki, mənsub olduğu xalqın azadlıq, müstəqillik, həmin xalqın hər bir vətəndaşının özünəinam uğrunda mücadilə tarixindən ayrılmazdır. Və Sabir Rüstəmxanlını neçə illərdir yaxından tanıyan dostlarından biri kimi əminliklə deyə bilərəm ki, onun dilində (və ürəyində!) "Vətən" anlayışı neçə on illər bundan əvvəl hansı eşq (və enerji!) ilə səslənirdisə bu gün də elə səslənir:

 

Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu.

Yandıqca odlanan ocaqdı,

Daddıqca dalanan arzudu.

Bir dərə bahar leysanıdı,

21 Azərin qanıdı,

Cavad xanın qətl yeridi,

Sabirin "Fəxriyyə" şeiridi.

Dağları dumanda itən -

Vətən!.. Vətən!..

 

Sabir Rüstəmxanlının keçən əsrin 70-ci illərindən başlayaraq nəşr olunan kitablarının, demək olar ki, hər birinin ədəbiyyat (milli düşüncə) adamlarına tanış adlarını sadəcə sadalamaq kifayətdir ki, şair-mücahidin yaradıcılığının hansı "ildırımlı yollar"dan keçdiyi bir daha yada düşsün: "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Sevgim, sevincim", "Gəncə qapısı", "Sağ ol, ana dilim", "Qan yaddaşı", "Ömür kitabı", "Atamın ruhu", "Bu sənin xalqındır", "Zaman məndən keçir", "Xətai yurdu", "Göy Tanrı", "Bütövlük həsrəti"...

Onun yazıçılığının da, ictimai-siyasi xadimliyinin də ilham qaynağı, hərəkətverici qüvvəsi, özünəinam istinadgahı həmişə min illərin dəyərləri olmuşdur:

 

Şairlik nəyimə gərəkdir mənim? -

Şeirdə təsəlli aramaq üçün!

Təzə söz deməyə gümanım azdı,

Yazıram köhnəni qorumaq üçün...

... "Araz" kəlməsidir, "can" kəlməsidir

Mənim damarımdan qan kimi axan.

Tarixə çox qurban verdim, bəsidir,

Qurbanlıq düşməyir məğrurluğumdan.

 

Şair-vətəndaş üçün milli məğrurluğun ən mühüm əlamətlərindən biri tarixi varlığımızın sarsılmaz vüqarı olduğu qədər də gələcəyimizin etibarlı dayaq nöqtəsi olan ana dilidir ki, bu dilə minnətdarlıq hər bir Vətən övladının müqəddəs vəzifəsi, heç zaman unudulmayacaq mənəvi borcudur:

 

Yollarım sınandı yad ölkələrdə,

Neçə yol dodaqda səsləndi adım.

Sağ ol, ana dilim, məni heç yerdə

Köməksiz qoymadın, yalqız qoymadın.

...Sağ ol, ana dilim, ana öyüdüm,

Füzuli eşqindən divanə dilim!

Ürəyim başına nəfəs dərmədən

Fırlanıb kül olan pərvanə dilim!

...Üstünə yüyürdü "Quran" dilləri,

Peyğəmbər dilləri, qanun dilləri...

Qapılar dalında qoydular səni,

Haqq dedin, dabandan soydular səni,

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan Qəhrəman dilim!

 

Sabir Rüstəmxanlı əlinə qələm alandan "Vətən" deyir. Və onun bu müqəddəs Vətən sevdasının tarixi-fəlsəfi dəyəri ondadır ki, Vətənin hüdudlarını Vətən övladına zaman-zaman təlqin olunmuş dar siyasi-inzibati mənada, yaxud nəticə etibarilə vətənsizliyə gətirən mücərrəd kosmopolit məzmunda deyil, zəngin etnoqrafik özünəməxsusluqları ilə insanı özünə tanıdan, milli yaddaşın yatmış "əzalar"ını oyadan mənəvi-coğrafi miqyasda təqdim edir. Həmin təqdimatda, bir tərəfdən, Azərbaycanın o tayı-bu tayı, digər tərəfdən, Türk dünyasının intəhasız genişliyi var:

 

Bu Vətən deyilən dünyam sirlidi,

Bir paytaxtı sevinc, bir paytaxtı qəm.

Bu Vətən torpağı çox qəribədi,

Hələ sərhədini tapa bilmirəm.

 

Arzu da beləcə sərhədsiz olur,

Ümman da beləcə, göy də beləcə.

Ruhumuz sərhədsiz olduğu üçün

Payımız gəlibdi göydən beləcə!..

 

Şair hələ keçən əsrin səksəninci ilərində əminliklə deyirdi ki, onun yurdunun ən gözəl nəğmələri hələ yazılıb-oxunmamış, Vətənin tarixi bütövlüyünü təmin etmiş qəhrəman babaların müqəddəs əməlləri bugünkü nəslin yalnız "qan yaddaşı"nda qalmışdır. Odur ki, Sabir Rüstəmxanlı həm bu mövzuda maraqlı bir şeir yazmış, həm də böyük əks-səda doğurmuş kitablarından birini məhz "Qan yaddaşı" adlandırmaqla kül altındakı odun tezliklə ocağa çevriləcəyinə sarsılmaz inamını ifadə etmişdi:

 

Yollar açılacaq bir gün, bilirəm!

Yollar göyərəcək cavan meynətək.

Mənim ürəyimdən, arzularımdan,

Arazı min yerdən kəsib keçəcək,

Xəzəri arxayın üzüb keçəcək.

Könlümdən boy atan diləklər kimi

Bu yurdu büsbütün bürüyəcəkdir.

 

Ümumiyyətlə, şairin yaradıcılığı üçün səciyyəvi olan nikbin mübarizlik onun milli təəssübkeşliyinin sağlam duyğular, düşüncələr, eləcə də son dərəcə aydın, anlaşıqlı (lakin mükəmməl!) poetik rəmzlərlə ifadəsi üçün ideya-estetik şərtdir. O, özünəməxsus səmimi intonasiya ilə inandırır ki:

 

Dayandığım bu zirvədən

"Yurdum..." deyə pıçıldasam,

Bu pıçıltım yetişəcək

yer üzünün o başına.

Torpaqdakı qarışqa da sevinəcək!

Başım üstən ötən qartal

qıy vuracaq:

"Mən də sənin qardaşınam!"

...Gündoğandan Günbatana

şığıyacaq

od yelkənli ilxıların burulğanı!

Damar atıb

ağaracaq qədim yollar...

 

Sabir Rüstəmxanlı Azərbaycan ədəbi-ictimai fikrinə, xüsusilə poeziyasına türkçülük ideyalarının bütün təbii axını ilə gəlişinin qarşısındakı maneələri heç bir tərəddüd etmədən inamla qaldıran ilk "sovet şairləri"ndən biridir. Böyük Oljas Süleymenov öndə olmaqla həmin şairlər 60-cı, 70-ci illərdən ümumtürk ruhunun "arxeoloji" dərinliklərinə getməklə sovet türklərinin ədəbiyyatına get-gedə daha da güclənən elə bir anti-sovet əhval-ruhiyyə gətirdilər ki, bu, tarixi olduğu qədər də müasir türkçülüyü heç yeganə müstəqil (və möhtəşəm) türk dövləti olan Türkiyə Cümhuriyyətində də görmək çətin idi. Və təsadüfi deyildi ki, həmin ideyalar keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən başlayaraq həm Türkiyədə, həm də, demək olar ki, bütün Türk dünyasında rəsmi status qazandı. Bu misralar qələmə alındığı illərdə isə, nə qədər paradoksal səslənsə də, türk xalqları ədəbiyyatında türkçülük ideyaları yeni-yeni cücərirdi:

 

Oxuduğum bu mahnı

Tanrı nəfəsitək yaxındır mənə,

Anamın səsitək yaxındır mənə.

...Yaxında ruhuma ölməzlik verən

 bir dilin minillər altından gələn

Duyğu bünövrəsi, söz qatı kimi.

 

Bu Ana yerlərə, Ata göylərə

toxum bərəkəti, göz işığıyla,

Şaman duasıyla, qopuz səsiylə

Qarışan ürəyim, həyatım kimi.

 

Sabir Rüstəmxanlı səmimi bir övlad məhəbbəti ilə gah Tanrı dağlarını, gah ucsuz-bucaqsız qazax çöllərini, gah da "yumru ürək", "ağ göbələk" qırğız alaçıqlarını tərənnüm edir. Və öz həyəcanlarını "Burda nə vaxtsa yaşamışam? Bilmək olmur; Bu yurd mənə tanış gəlir!" sözlərilə ifadə edir.

Xəlil Rza Ulutürk vaxtilə yazmışdı: "Sabir Rüstəmxanlı poeziyası milli şüur poeziyasıdır, xalqın, millətin öz mənliyini, əzəmətli keçmişini dərk etmək uğrunda mübarizəsinin, bütün rəsmi və qeyri-rəsmi yalanları, saxtakarlıqları darmadağın etmək yolunda səfərbər olunmuş iradə gücünün, mətanət və mərdanəliyin qarşısıalınmaz ruh qüvvəsinin poeziyasıdır.

...S.Rüstəmxanlı hardasa Səməd Vurğun, Şəhriyar, Rəsul Rza kimi yaxın, Ələkbər Sabir, Füzuli, Nəsimi kimi "uzaq" sələflərindən, Bəxtiyar Vahabzadə kimi çağdaşlarından təsirlənib qüvvət almış, öz yaşıdlarının çoxunu tezliklə arxada qoyub ən yeni Azərbaycan türk poeziyasının ön atəş xəttinə çıxa bilmişdir".

Əlbəttə, otuz il əvvəl qələmə alınmış bu sözlər Sabir Rüstəmxanlının poeziyasının həm tarixi mənşəyini, həm də tipoloji keyfiyyətlərini dəqiqi müəyyən etməklə qalmadı, sonrakı onillərin son dərəcə zəngin təcrübəsinin də göstərdiyi kimi, onun bütövlükdə yaradıcılığını səciyyələndirən formul-müddəaya çevrildi.

Sabir Rüstəmxanlı Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin istər ədəbi, istərsə də siyasi cəbhələrində qəhrəmanlıqla, milli təəssübkeşliklə döyüşürdü. Və bir tərəfdən inandı, digər tərəfədən də inandırdı ki, bu millət adi millət deyil:

 

Dünya boyda evi var, evindən qovulandı,

Əzrayıl yorulanda içindən boğulandı,

O, Səməndər quşutək külündən doğulandı -

Başqasına son olan ona fəlakət deyil,

Qoy tarix bir də görsün, bu, adi millət deyil!

 

Ədəbi tərcümeyi-halının ilk mərhələlərində hər nə qədər şair kimi şöhrətlənib 2005-ci ildə Xalq şairi fəxri adına layiq görülsə də, Sabir Rüstəmxanlının yaradıcılığında son illər nəsr aparıcı mövqeyə çıxmış, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm zirvəsi (Cavad xan)", "Difai fədailəri", "Akademikin son əsəri" və s. kimi romanları nəşr olunmuşdur. Bu əsərlərin, demək olar ki, hamısında milləti millət edən Tarixin ən səciyyəvi məqamları araşdırılır.

Həm şeirdə, həm də nəsrdə ədəbiyyata yüksək amallarla (və vicdanla!) xidmət edən görkəmli ziyalıya xüsusi nüfuz qazandırmış sahələrdən biri də publisistikadır ki, onun ədəbi-ictimai şəxsiyyətinin formalaşmasında olduğu kimi, milli ruhlu gənclərin yetişməsində də əhəmiyyətli rol oynamışdır. Və ümumiyyətlə, Sabir Rüstəmxanlının mənsub olduğu yaradıcı nəslin taleyinə düşən milli təəssübkeşlik ötəri yox, tarixi bir missiyadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!