ANAR
Dünya şöhrətli rəssam Tahir Salahovla Xalq yazıçısı Anarın bu söhbəti 2018-ci ilin dekabr ayında qələmə alınıb. O zamanlar ki, görkəmli rəssam dərin səmimiyyətlə deyirdi: "Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Anar bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur".
Aradan illər keçib... Həyatın yeni bir seansı başlayıb. Anar müəllim yenə də həmin iç dünyasına çəkilib. Hədsiz dərəcədə dalğındı. Ağır dost itkisindən həyatı ağrıyır. Təsəllisi haqq dünyasına qovuşan böyük dostundan qalan bu unudulmaz söhbətlər, birgə yaşanan anların unudulmazlığıdı...
Tahir Salahovla söhbət
Rəssamlar danışmağı, adətən, çox da xoşlamırlar. Duyğularını və düşüncələrini, sevgilərini, ağrılarını, sevinc və təlaşlarını boyalar, fırça vasitəsilə ifadə edirlər.
Jurnalist, musiqişünas, publisist Raya Abbasova azdanışan Tahir Salahovu, - bizim qeydsiz, şərtsiz böyük sənətkarımızı - "danışdıra" bilib.
Sənətşünaslıqda Tahir Salahov "sərt üslub"un yaradıcılarından və ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilir. "Sərt üslub" - çoxcəhətli həyat gerçəkliyini bütün qəlizliyiylə, çətinlikləriylə ifadə etməkdir. Çətinliklərə mərd-mərdanə sinə gərmək və qalib gəlməkdir. "Sərt üslub" dünyaya çəhrayı eynəklə yox, ayıq və açıq gözlə baxmaq, onu bəzək-düzəksiz görmək və göstərmək cəhdidir. "Sərt üslub" qurucu, yaradıcı insanların - fəhlələrin və bəstəkarların, neftçilərin və yazıçıların bədii obrazlarını plakat nikbinliyiylə deyil, real cizgilərlə yaratmaqdır. Raya Abbasovayla söhbətdə Tahirin ürəkdən gələn etiraflarını oxuduqca bir daha əmin olurdum ki, bu "sərt üslub" hardasa rəssamın uşaqlıq və yeniyetməlik çağında qarşısına çıxmış sərt həyat sınaqlarıyla bağlıdır.
Tahirin atasını - görkəmli partiya işçisi, əqidəli kommunist Teymur Salahovu şərləmiş, 1937-ci ildə həbs etmiş və güllələmişlər. Tahir Salahovun başqa bir müsahibəsində dediyi sözlər məni çox həyəcanlandırır:
"O sentyabr axşamında hava çox xoş idi. Təqribən axşam 10-da qapımızı döydülər. İki nəfər içəri girdi. Anam həyəcanla: - Nə olub? - deyə soruşdu. Atam: - Məndən şübhələnmə - dedi - narahat olma, tezliklə qayıdacam.
Onu apardılar. Mən pəncərədən baxırdım. Atam onu aparan iki adamla tini burulub gözdən itdi. Bu səhnə ömürlük yaddaşıma həkk olundu. Bundan sonra atamı daha heç vaxt görmədim".
O zaman Tahirin doqquz yaşı varmış və donub qalmış kinokadr kimi bu səhnəni bütün həyatı boyu unutmayıb. On illərin içindən keçirib hafizəsində saxlayıb.
R.Abbasovayla söhbətində Tahir məhkumun ailəsinin hansı əzab-əziyyətlərə, məşəqqətlərə düçar olduğundan danışır. Anasının - Sona xanımın beş uşağı necə qəhrəmancasına böyüdüb yetişdirməsindən bəhs edir. Ən yaxın qohumların, qonşuların daha onların qapılarını açmamalarından söz açır. Amma Tahir müdrik mərhəmətlə onları qınamır. Zəmanənın insanları ağır imtahana çəkdiyini nəzərə alır.
Ən gənc yaşlarından afişalar çəkərək, asfalt üzərində rəsmlər yaradaraq Tahir ailələrinin az çox dolanışığını təmin edirmiş. Rəsmə marağı ona lap kiçik yaşlarından atası təlqin edib. Moskvanın və Leninqradın ali rəssamlıq məktəblərinə daxil olmaq istəyilə bütün imtahanları uğurla verib və instituta... qəbul edilməyib. Axı tərcümeyi-halında siyasi məhkum olunmuş insanın oğlu olduğunu qeyd edirdi. Və bütün bioqrafik məlumatlarda bu məlumatın altını qırmızı xətlə cızırmışlar, Tahir Salahovun əksər əsərlərində sənətinin özəl işarəsi kimi qırmızı xəttin, ya qırmızı detalın olması burdan doğulmayıbmı?
R.Abbasova rəssamı elə məsələlərdən danışmağa vadar edir ki, o, təbii təvazökarlığı və nəcabətinə görə özü heç vaxt bu məsələləri car çəkməzdi. Amma bu faktlar da böyük rəssamın tərcümeyi-halında izsiz qalmamalıdır. Özü əqidəli və bu sözün ən dəqiq, ən yüksək mənasında realist Tahir Salahov heç bir dəbdə olan "izm"lərə meyil göstərmədi, amma bununla belə, başqa istiqamətlərdə, ayrı üslublarda işləyən rəssamların da - əgər onlar həqiqətən istedadlıydılarsa - dəyərini bilir. Bu baxımdan o, "Abşeron məktəbi" adlanan və o dövrdə rəsmi siyasi və sənət dairlərində saya salınmayan bir qrup rəssamı - Mir Cavadı, Rasim Babayevi, Tofiq Cavadovu, Əşrəf Muradı, Qorxmaz Əfəndiyevi "hədsiz dərəcədə istedadlı" sayaraq onlara hər növ yardım göstərib. Azərbaycan Rəssamlar İttifaqının sədri və SSRİ katibi olaraq Tahirin onların hər birinin taleyində xeyirxah rolu var.
Əşrəf Murad xəstələnəndə maddi vəziyyəti ağır olan rəssamla müqavilə bağlayaraq ona o vaxt üçün çox böyük məbləğ - 15 min manat verir. Mir Cavadın Türkiyə xəstəxanasında müalicəsinə yardım edir. Səttar Bəhlulzadə də xəstələnəndə təcili şəkildə onun işlərini alıb müalicə üçün gərək olan məbləğlə təmin edir.
Toğrul Nərimanbəyovun anası İrmanın bəraət qazanıb Bakıya dönməsi, mənzillə təmin olunması da Tahirin xidmətidir.
Tahir Salahov rus rəssamı Pavel Nikonovun "Geoloqlar" tablosunu xilas edib. Məhz bu əsərinə görə N.S.Xruşşovun nadan hücumlarına məruz qalan rəssam tablosunu məhv etmək qərarına gəlir. Tahir onu bu fikrindən daşındırır, əsəri götürüb Bakıya gətirir. Xruşşov və onun sənət siyasəti süquta uğrayandan sonra Nikonovu Azərbaycana dəvət edir və xilas olunmuş işini ona təqdim edir. Rəssamın taleyin (daha doğrusu, Tahirin) bu gözlənilməz töhfəsindən necə xoşbəxt olduğunu təsəvvür etmək olar.
Həqiqi istedadın bir cəhəti də başqalarının istedadlarına sevinməkdir. Paxıllar o adamlardır ki, həsəd çəkdiklərindən nə qədər aşağı olduqlarını özləri də dərk edirlər. Dərk edirlər, amma xislətləriylə bacara bilmirlər.
Tahir Salahovun "peredvijniklər" adlanan XIX əsr rus rəssamlarına münasibəti də maraqlıdır. Bu rəssamlara bədii cəhətdən deyil, mövzuları baxımından qiymət verir. O işlərini qeyd edir ki, onlarda sosial mövzular qabarıq ifadə olunub - Perovun "Üçlük", Yaroşenkonun "Hər yerdə həyat", Repinin "Təbliğatçının həbsi" və "Gözləmirdik" əsərlərinə münasibəti T.Salahovun özünün də sənətdə vətəndaşlıq mövqeyinin nə qədər önəmli saydığını göstərir.
İctimai xadim kimi Tahirin xidmətləri sırasında Moskvada sovet ideologiyasına daban-dabana zidd olan Robert Rauşenberq, Ruffino Tamaya (onun obrazları Mir Cavadın obrazlarına yaxındır), Frensis Bekon (əlbəttə, orta əsr filosofu yox, müasir ingilis rəssamı) kimi məşhur Qərb sənətkarlarının Moskvada sərgilərinin təşkil edilməsidir. Tahirin məqsədi bütün dünyanın bələd olduğu çağdaş sənət örnəkləriylə ölkəni də tanış etmək idi. Onu da deyək ki, bütün bu rəssamların sənəti Tahir Salahovun estetik prinsiplərindən çox uzaqdır. Elə bunda da rəssamın tolerantlığı, başqa üslublara yalnız dözümlülüyü deyil, həm də anlaşıqlı, dəyərverici münasibəti görünür.
T.Salahov özündən qabaqki nəslin nümayəndələri - Azərbaycan rəssamlarına da xüsusi ehtiramla yanaşır. Sələflərə inkarçı, yekəxana, lovğa, bəzən təhqiredici yanaşma yalnız nankorluğun yox, eyni zamanda tərbiyəsizliyin örnəyidir. Yalnız rəssamlar deyil, başqa sənət sahibləri də keçmişə nəcib münasibət bəsləməyi Tahirdən öyrənməlidirlər. T.Salahov özündən əvvəlki sənətkarlar - Qəzənfər Xalıqov, Lətif Kərimov, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Tağı Tağıyev haqqında böyük hörmətlə danışır.
Mən də Tahirlə uzaq gənclik illərimdə elə bibim Həbibə Məmmədxanlının həyat yoldaşı Tağı Tağıyevin evində tanış oldum. Qonşu idilər. Tez-tez dostu və sinif arkadaşı Toğrul Nərimanbəyov Tahirgilə qonaq gələrdi. Bəzən onlar və Toğrulun əmisi, kinooperator Arif Nərimanbəyov Tağıgilə keçərdilər.
Elə təxminən bu vaxtlarda Tahirin və Toğrulun yaradıcılığı atamın də diqqətini çəkmişdi. Özü poeziyada novator olan Rəsul Rza hansı fəhmləsə tək ədəbiyyatda yox, musiqidə, rəssamlıqda da yeniliyi, qeyri-adiliyi duyur, bəyənir və dəstəkləyirdi. Moskva Konservatoriyasını bitirib Bakıya qayıdanda çox da xoş münasibətlə rastlaşmayan Qara Qarayevi ilk dəstəkləyənlərdən biri də atam idi. Qarayevin bir söhbətini xatırlayıram. Şostakoviçə qarşı növbəti yöndəmsiz tənqid kampaniyası başlayanda onun tələbələri Qarayev və Cövdət Hacıyev təlaşlanırlar, öz aqibətlərini bilmək üçün "Quran" səhifələrinə üz tuturlar. Müqəddəs kitabı açıb rastlarına çıxan ilk cümləni oxuyurlar: Sizi dəmir dəyənəklərlə döyəcəklər - Qarayev bunu gülə-gülə danışırdı. Çox illər sonra mən bu əhvalatı Cövdət Hacıyevdən xəbər alanda Cövdət müəllim səhvimi düzəltdi: Yox, orda belə yazılmışdı: - Sizi dəmir qırmaclarla döyəcəklər.
O vaxt Kinematoqrafiya naziri olan Rəsul Rza Qara Qarayevə maddi dəstək məqsədilə xüsusi olaraq məhz onunçün yeni vəzifə yaradır: - Kinoteatrların musiqi rəhbəri. Axı o illərdə kinoteatrların öz orkestrləri vardı və seansqabağı çalardılar.
Rəsul Rza cahil, küt tənqiddən gənc istedadlı şairləri də qoruyurdu - Əli Kərimi, Məmməd Arazı, Fikrət Qocanı, Vaqif Səmədoğlunu... İndi onlar klassik sayılır və o hücumlar da, o hücumlardan müdafiə də unudulub gedib, sanki heç belə şeylər olmayıb.
Qəribə şakərimiz var. Sənətə bənzərsiz yaradıcılıqla gələn gənc istedadlar ilk addımlarında top-tüfənglə qarşılanırlar, özlərini təsdiq edəndən, hamı tərəfindən qəbul və təqdir olunandan sonra onları vaxtilə tənqid edənlər də bu xora qoşulurlar, haçansa nəinki onlara, hətta onların müdafiəçilərinə də hücumlarını yaddan çıxarırlar.
Eynən bu təbir Tahirlə Toğrula da aiddir. İlk addımlarında onlar da şiddətli və əsassız tənqidlərə məruz qaldılar, Bir gün Toğrulun tamamilə bədbinləşib ölkədən çıxıb getmək istəməsini də xatırlayıram. Amma gənc rəssamlara qahmar duranlar da oldu və onlardan biri də atam idi. Rəsul Rza elə ilk işlərindən Tahirə də, Toğrula da diqqət yetirdi, onları özüylə Azərbaycan rayonlarına aparırdı, barələrində müsbət rəy yazırdı. Toğrul haqqında "Pravda" qəzetində, Tahir haqqında Moskvanın "Tvorçestvo" jurnalında. T.Salahovun əsərlərini - "Səhər eşalonu", "Rezervuarlar", "Fəhlənin portreti"ni yüksək qimətləndirdiyinə görə Moskvanın mötəbər sənətşünası Andrey Lebedev Rasul Rzaya ciddi iradlar bildirmişdi.
Gənc rəssamlara iradları yalnız mühafizəkar sənətşünaslar deyil, bəzi partiya xadimləri də tuturdular. Belə hadisələrdən birini Tahir xatırlayır:
"Yadımdadır mənim "Yeni dəniz" (1970) şəklimin təqdimatında MK-nın məsul işçilərindən biri məndən soruşdu: - Tahir, niyə sənin fəhlələrin belə ciddidirlər, niyə heç gülümsəmirlər? Heydər Əliyev söhbətə qarışdı: Onlar niyə gülməlidirlər ki... İşləyiblər, əmək sərf ediblər - bu çox ağır zəhmətdir". Bir qədər sonra "Yeni dəniz" tabloma görə mən ilk dövlət mükafatımı aldım".
Heydər Əliyev sonralar da Tahir Salahovu həmişə dəstəkləyirdi, onun böyük istedadını, həyatın müxtəlif sınaqlarında dəyanətini və sədaqətini yüksək qiymətləndirirdi.
Tahir Salahov tez bir zamanda sənətiylə özünü təsdiq edə bildi. Moskvada və Bakıda Rəssamlar İttifaqına rəhbərlik etdi, əvvəl Azərbaycan Ali Sovetinin, sonra da SSRİ-nin deputatı seçildi, ən müxtəlif mükafatlara və ən yüksək adlara layiq görüldü. Rəssamın ilk yaradıcılıq dövründə - gəncliyinin ən kövrək, həssas illərində aldığı yaralar da sağaldı, bəlkə də unuduldu.
Sovet sisteminin sənətkarlara münasibətində qəribə bir paradoks vardı, onları gah qaldırır, gah da gözdən salırdı. Tahir Salahovun portretlərini çəkdiyi sənət adamları da bütün bunları yaşamışdılar - Dmitri Şostakoviç də, Mstislav Rastropoviç də, Andrey Voznesenski də. Eyni aqibəti Rəsul Rza da yaşamışdı. Bir vaxt yüksək vəzifələr tutan, fəxri adlarla təltif olunan şair qısa müddət ərzində qurduğu və on il rəhbərlik etdiyi ensiklopediyadan Moskvanın təhriki ilə uzaqlaşdırıldı, deputat "seçilmədi", SSRİ Yazıçılar İttifaqı İdarə Həyətinə düşmədi. Halbuki uzun illər boyu həm deputat, həm də İdarə Heyətinin üzvü olmuşdu. Sonralar Heydər Əliyevin təşəbbüsüylə o, yenidən deputat seçildi, Sosialist Əməyi Qəhrəmanı adı aldı. Ömrünün məhz o bəlalı dövründə Tahir atamın portretini çəkdi. Bu, kişi hərəkəti idi. Qorxmazlığın ifadəsi idi.
Rəsul Rzanın vəfatından çox illər sonra Tahirlə məhrəm söhbətimiz zamanı dedi ki, atasını çox erkən yaşında itirdiyindən xüsusilə ilk gənclik illərində Rəsul Rzanın ona atalıq qayğısını heç vaxt unutmur.
Rəsul Rza Tahirə məqalə həsr edib və orada portret üzərində işi xatırlayır:
"Bir də görürdün ki, Tahir müəyyən bir şəkildə, müəyyən bir tərzdə səni otuzdurur və başlayır işləməyə. Baxıb görürsən ki, doğrudan, çəkdiyi şəkil istər oxşarlığı, istər üzünun ifadə məzmunu etibarilə çox yaxşıdır. Səhərə vədələşib vaxt qoyurduq ki, davam etsin. Səhər gələndə görürdüm ki, Tahir bütün kompozisiyanı dəyişib təzədən başlayır. Belə bir, iki, üç dörd dəfə...Bir də görürsən ki, yalnız əlləri çəkməklə bir neçə seans məşğul oldu".
Raya xanım mənə T.Salahovla söhbətlər kitabına Ön söz yazmağı təklif edəndə qarşıma problem çıxdı. Məsələ ondadır ki, 2003-cü ildə Tahirin 75 illiyində onun haqqında "Sədaqət" adlı böyük esse yazmışdım və bu yazı "Bakinski raboçiy" qəzetində dərc olunub, mənim "Azərbaycan ədəbiyyatı, sənəti, mədəniyyəti" üçcildliyimə daxil edilib. Sevdiyim rəssam haqqında yenidən necə yazasan ki, dediklərini təkrar etməyəsən. İndiki yazımda buna çalışdım, rəssam haqqında demədiklərimi söyləməyə cəhd etdim. Köhnə yazımdan yalnız bircə sitat gətirmək istəyirəm:
"Bir dəfə özüm də bilmədən Salahovun işləməsinin şahidi oldum. Tahir uzun illər boyu görüşəndə deyirdi ki, şəklimi çəkmək istəyir. Onun çox gərgin həyat ritmini bildiyim üçün özüm bunu heç vaxt rəssama xatırlatmırdım. İki il bundan qabaq ən yaxın və əski dostumu, istedadlı bəstəkar Emin Sabitoğlunu itirdim. Tahir də onunla dost idi. Vəfatının ikinci günü Emingildəydik. Televizoru qurmuşduq. Bəstəkar haqqında nekroloq səslənməyə başladı. Altı yaşından tanıdığım və bütün şüurlu həyatımı çiyin-çiyinə yaşadığım bir dost haqqında bu vida sözlərini eşidərkən nə hala düşdüyümü təsəvvür etmək olar. Bu hisslərin sifətimdə necə əks olunduğunu isə az sonra Tahirin demə, bu vaxt çəkdiyi qrafik portretimdən bildim. Yəqin ki, bu mənim ən kədərli şəklimdir. Amma mənə çox əzizdir. Həm Eminin xatirəsiylə bağlı olduğuna görə, həm də Tahirin qələmindən çıxdığına görə".
O gündən çox illər keçdi və bir səhər Tahir zəng elədi, məni İçərişəhərdəki muzey-emalatxanasına dəvət etdi. Məlum oldu ki, portretimi çəkmək niyyətindədi.
Dörd-beş seansa mənim iki qrafik və bir irihəcmli yağlı boya ilə portretlərimi çəkdi. O vaxt qəlyan çəkirdim və şəkil çəkdiyi zaman da əlimdə qəlyan tutmuşdum. Bir gün nədirsə unutdum, qəlyansız gəldim. Tahir bir az tutuldu. Dedim ki, əlimi eynən elə tutaram - elə bil əlimdə qəlyan var. Bir az düşünüb köməkçisini göndərdi eynən belə bir qəlyan aldırdı və yalnız mən qəlyanı əlimə alandan sonra işləməyə başladı. Mən sənətkarın ən xırda detallara belə necə "vasvasılıqla" yanaşdığının şahidi oldum. Portretimdə mənə təsir edən bir detal da o oldu ki, arxa planda atamın məşhur şəklini yerləşdirmişdi. Tahir Salahovla bu yaradıcılıq görüşləri, iş seansları, məhrəm söhbətlər ömrümün unudulmaz xatirələrindəndir. Tahir özü də bu barədə deyib:
"Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Əvvəllər atasının - gözəl şair Rəsul Rzanın portretini çəkmişdim. Anar - bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur".
Tahirə çox minnətdaram bu səmimi sözlərinə görə də, birini mənə bağışladığı gözəl portretlərimə görə də.
Tahir Salahovun 90 yaşı tamam oldu. Hörmətli Prezidentimiz İlham Əliyev onu Birinci dərəcəli Əmək ordeniylə təltif etdi.
Böyük sənətkarımıza nə arzu etmək olar, uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları...
Bir də mənim bir arzumun həyata keçirməsini. Bu arzularımı Tahirə demişəm. T.Salahov Dədə Qorqudun, klassik və çağdaş şairlərimizin parlaq portretlərini çəkib. İstərdim ki, gənc Füzulinin də portretini çəksin. Məhz gənc Füzulinin, çünki adətən bu şairi çox qoca yaşında təsvir edirlər. Sevgi haqqında ən incə və ən ehtiraslı şeirlər müəllifini saçı-saqqalı ağarmış ixtiyar obrazında görmək adama qəribə gəlir. Tahir Salahovun fırçasıyla canlandırılmış gənc Füzuli onun şeirlərindən aldığımız zövqə uyğun bir obraz olardı. Bir də Tahirə təklif etdim ki, milli faciəmiz Xocalı soyqırımını əks etdirən bir tablo barədə düşünsün. Tahir Salahov belə bir şəkil çəksə İnsanlığın Yaddaş muzeyində bu şəkil Pablo Pikassonun məşhur "Hernika"sıyla yanaşı yer tutardı.
R.Abbasovayla söhbətlərində Tahir Salahov ən məhrəm fikirlərini söyləyir. Sanki özü özüylə təkbətək danışır.
Təklikdə, amma bizim hamımızla birlikdə.
2 dekabr 2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!