Türkiyənin önəmli ədəbiyyat və mədəniyyət tarixçilərindən Bəşir Ayvazoğlu Yunus Əmrə ili münasibətilə böyük şairin həyatı, əsərləri və təsirləri haqqında Selçuk Karakılıçın suallarını cavablandırıb.
- YUNESKO vəfatının 700-cü ili münasibətilə 2021-ci ili Yunus Əmrə ili elan edib. Yunus Əmrənin dövrünün ən önəmli şairi olduğunu bilirik, amma haqqında, təəssüf ki, ətraflı məlumata sahib deyilik. Yunus Əmrə kimdir, necə bir şairdir?
- Yunus Əmrənin tarixi şəxsiyyəti haqqında, bəzi əsassız mühakimələri bir yana qoysaq, heç bir şey bilmirik. Əfsanələrin dumanı ilə örtülmüş bir həyat… Şeirləri belə sonradan onun kimi oxumağa çalışan, hətta adından istifadə edən şairlərin şeirləri ilə qarışdırılıb. Həqiqi Yunus şeirlərini digərlərindən ayırd etmək mütəxəssis işidir, ancaq mütəxəssislərin belə işin içindən tam çıxa bilmədiklərini demək məcburiyyətindəyəm. Bildiyimiz Yunusun Anadolunun ən xaotik dövrü olan XIII əsrdə yaşamış bir sufi şairi olması, XV əsrdə Bəktaşilər tərəfindən mənimsənərək Bəktaşi Vilayətnaməsində onun üçün əfsanəvi bir həyat icad edilməsidir.
Yunusun tarixi şəxsiyyəti haqqında prof. Əhməd Yaşar Ocakın fikirlərinə yaxın olduğumu demək istərdim. Anadolunun dini və sosial tarixi üzərində işləyən Fuat Köprülü və Əbdülbaki Gölpınarlının qoyduqları yerdən davam edən və hər birində bir problemin həll edildiyi son dərəcə əhəmiyyətli əsərlərilə Orta Çağ Anadolusu haqqında olan qeyri-müəyyənliklərə işıq tutan prof. Əhməd Yaşar Ocak, Yunus Əmrəylə də - tədqiqatlarını intensiv apardığı tarixi dönəmdə yaşadığı və təhlil etdiyi təsəvvüf cərəyanlarının daxilində yer aldığı üçün - yaxından maraqlanmış və mübahisələrə yeni ölçülər gətirən nəticələr ortaya qoymuşdur. Bir sıra əsərində müxtəlif səbəblərlə bəhs etdiyi Yunus haqqında üç məqaləsi olan Ocakın fikirlərinə görə, bu böyük şair təkkəsi və müridləri olan bir Məlamət-i Qələndəri şeyxiydi. XII əsrdən etibarən Anadolu daxil olmaqla, Orta Şərq xalq sufiliyinə damğasını vuran bu böyük sufi məktəbi lazımi qədər tədqiq olunmadığı üçün bu həqiqət ortaya çıxmamışdı. Başda Mövlana və Yunus Əmrə olmaqla, bir çox sufidə gördüyümüz ilahi cazibə və eşqə əsaslanan təsəvvüf humanizmi, bu böyük şəxsiyyətlərin fikirlərini əhatə edən Məlamət-i Qələndəri sufiliyinin təməlini təşkil edirdi. Xülasə, Yunus Əmrə "bu sufi məktəbin ən az Şəms Təbrizi qədər güclü bir mənsubu" idi. Mövlanadan fərqi ilahi eşq və cazibə yoluna Şəms kimi iranlı, məskunlaşmış və yüksək mədəniyyətdən gələn bir sufi vasitəsilə deyil, Tapdıq Əmrə kimi Hoca Əhmət Yasəvinin iziylə gedən, yarı köçəri mədəniyyətə mənsub məşhur bir sufi vasitəsilə girməsiydi. "Mövlana sufiyanə düşüncələrini irani yüksək təsəvvüfün dili farsca ilə tərənnüm edərkən, o, populyar türk təsəvvüfünün Əhməd Yasəvidən bu yana ənənəvi dili olan türkcəni istifadə edirdi. Yunus Əmrə bunu şüurlu bir milli duyğu ilə deyil, çox təbii olaraq içində yaşadığı sosial-mədəni mühitin bir tələbi olaraq edirdi.
Bu təsbitlər, heç şübhəsiz ki, Yunus Əmrə ilə bağlı bütün təsəvvür və şərhlərin altını təmizləməkdə, hamısının bir növ "ənənəvi icad" cəhdi olduğunu aydın şəkildə göstərməkdədir.
- Yunus Əmrəni Türkiyədə ilk dəfə kim və nə zaman kəşf edib? Yəni Osmanlı və Cümhuriyyət dövrlərində Yunus Əmrə qavrayışı necə ortaya çıxıb?
- Əvvəlcə bu həqiqəti ifadə etməliyəm ki, Yunusun səsi, yeddi yüz il öncəsindən dövrün bütün maneələrini aşaraq bugünə qədər gəlib çatan bir səsdir. Bu səsdə Anadolu coğrafiyasının dadı-duzu, sularının şırıltısı, küləklərinin uğultusu, dağlarının əks-sədası var. Bu səbəblə, heç unudulmadığı üçün yenidən kəşf edilməsindən bəhs edilə bilməz. Şeirləriylə əsrlərlə xalqın duyğu və düşüncə dünyasını qidalandıran Yunus Əmrənin divanı, təkkələrin tükənməz söz xəzinəsiydi; yazılı və litoqrafiya nüsxələri əldən-ələ gəzir, aralarında Dədə Əfəndi, Zekai Dədə və Kazasker Mustafa İzzət Əfəndi kimi böyüklərin də olduğu bəstəkarlar tərəfindən bəstələnən ilahiləri imperatorluq coğrafiyasının ən ucqar yerlərinə qədər gedib çatırdı. Amma bu göz önündəki həqiqətin və Yunusun Türk dili, düşüncəsi və ədəbiyyat tarixi baxımından daşıdığı əhəmiyyətin anlaşılması üçün Köprülüzadə Fuad Bəyi, yəni Fuat Köprülünü gözləmək lazım gəlirdi. Türk ziyalıları, adını bəlkə də bildikləri, lakin çox əhəmiyyət vermədikləri Yunus Əmrənin əslində, böyük bir şair olduğunu Köprülüzadənin 1913-cü ildə "Türk Yurdu" məcmuəsində nəşr edilən iki məqaləsindən öyrəndilər. Ancaq bu məqalələr də böyük şairin lazımi qədər tanınıb dərk edilməsini təmin edə bilmədi; təkcə ciddi töhfə Rıza Tevfiqdən gəlmişdi. Xalq şeirinə xüsusi marağı olan və o illərdə Bəktaşi dərgahlarına gedən filosof "Böyük Duyğu" məcmuəsində nəşr olunan "Yunus Əmrə haqqında biraz daha təfsilat" adlı yazısında, Köprülüzadənin çox faydalı gördüyü məqaləsini "ikmal" etmək məqsədilə bu gün ciddi qəbul etmədiyimiz mühakimələrə yer vermişdi.
Yunus Əmrə haqqında məqalələri nəşr edildikdən qısa bir müddət sonra Ziya Gökalpın tövsiyəsilə, hələ 23 yaşı olmasına baxmayaraq, Darülfünuna Türk Ədəbiyyatı Tarixi müdərrisi olaraq təyin edilən Köprülüzadə boş dayanmamış, bəhs edilən məqalələrində irəli sürdüyü fikirlərini əsaslandırmaq üçün çox çalışmış və Türk Ədəbiyyatında İlk Mütəsəvvifləri yazmışdır. 1919-cu ildə nəşr edilən bu monumental əsərin birinci əsas bölümündə Əhməd Yasəvi, ikinci əsas bölümündə isə Yunus Əmrə ələ alınmışdır. Köprülüzadənin bu kitabda müdafiə etdiyi fikirlərdən danışsaq, müsahibənizin ölçülərini çox aşarıq; yalnız Yunusun türklüyünü nəzərə alaraq deyə bilərəm ki, böyük bir sürətlə dağılan Osmanlı İmperatorluğunun dağıntıları altında təəccüblər içində qalan ziyalılara yapışmaq üçün bir budaq uzatmışdır.
- Türkiyədə müxtəlif təbəqələrin Yunus Əmrə şərhlərinin və qavrayışlarının biri-birindən fərqli olduğu məlumdur. Siz bu vəziyyəti fərqlilik, yoxsa çeşidlilik olaraq izah edərdiniz?
- İmperatorluqdan milli dövlətə keçid prosesində tutulacaq budaq axtaran ziyalılardan bəhs etmişdim. İmperatorluq və onunla yanaşı, böyük bir mədəniyyət arınarkən Yunus Əmrənin çiyinlərinə çox ağır bir yük yüklənmişdi. Ayaqlarının altındakı zəminin sürüşdüyünü hiss edən "bağrı başlı" ziyalıların yapışmağa çalışdıqları həyata qoruyucusu idi o. Sanki min ildə başqa heç bir şey istehsal etməmiş, başqa bir şair və mütəfəkkir yetişdirməmişdik, sadəcə o var idi; sanki o Sarıköydə dünyaya gəlməsəydi, türkcə sirrə qədəm basacaq, türk şəxsiyyəti yer üzündən silinəcəkdi. İşin qəribəsi, Yunus haqqında yazıb danışan heç bir ziyalının çəkdiyi portret digərinkinə bənzəmirdi. Bir-birilə toqquşan, biri-birini yox sayan Yunuslar doğulmuş və məsələ ədəbiyyat tarixinin sərhədlərini aşmışdı. Məsələn, Yunus Əmrə Oratoriyası üstündə musiqi tariximizin davalarını ələ almaq mümkündür. Siyasətçilər belə mənsubiyyətlərinə görə Yunus fərqli oxuyur, fərqli şərh edirdilər. Həsən Əli Yücəlin Yunusu başqa idi, Həsən Cəlal Gözəlin Yunusu başqa… Lakin bütün fərqli fikirləri və oxunuşları birləşdirən bir gerçək var idi: Yunus Əmrə sevgisi və bu sevgi ətrafında yaranan, yazılıb pozulanları oxuyarkən ağlı başında olan hər kəsin üzündə təbəssümlərə yol açacaq mübaliğəli bir romantizm... Bizdə olmadığını düşündüyümüz nə varsa, kim varsa, onda axtarıb tapırdıq; o bizim Sokratımız, Dantemiz, Petrarkamız, Erasmusumuz, François Villonumuz, Blaise Paskalımız, Nitsşemiz, hətta Freudumuz idi. Hər kəsin Yunusu sevməsi, sadəcə mətndən yola çıxaraq onda öz dünyagörüşünün ifadəsini tapması gözəl idi, lakin bəzən çox ifrat dərəcəyə varırdılar. Onun din və təsəvvüflə əlaqəsinin olmadığını iddia edənlər belə çıxmışdı. Sabahatdin Əyüboğlunun 1966-cı ildə nəşr edilən Yunus Əmrəyə salam adlı kitabını oxuduqda çox narahat olduğumu xatırlayıram. Bu məsələlər haqqında düşünərkən, ifrat şərhlərdən çox narahat olsam da, bir tərəfdən də, "Yaxşı bəs Yunus Əmrəyə və onun kimi böyük şair və sənətkarlara yaşadıqları dövrlərin şərtlərini nəzərə alaraq baxmaq, onları öz dövrlərinə həbs etmək demək deyilmi? Bildiyimiz bütün böyük sənətkarlar öz dövrlərindən də o yana səslənə bilənlər deyilmi?" sualları məni düşündürürdü. Bir başqa sual da budur: Bir şairi, yaxud yazıçını oxuyarkən, onu düzgün başa düşmək üçün bioqrafiyasından və yaşadığı dövrün şərtlərindən, yoxsa əsərin özündən yola çıxmaq lazımdır? Bu vacib bir sualdır. Hər kəsdən bir sənət əsərini yaradıldığı dövrün şərtlərini və yaradıcısının bioqrafiyasını nəzərə alaraq oxumasını gözləmək qeyri-mümkündür. Hər nəsil yaradıldığı dövrün sərhədlərini aşmağı bacarmış əsərlərə fəqli şərhlər verərək ona öz zamanının şüurunu əlavə edəcəkdir. Bunun qaçılmaz olduğunu düşünürəm. Bu günə qədər gəlib çatan bir əsəri onun haqqında edilmiş şərhlərin xaricində düşünmək mümkün deyildir. Yunus Əmrə hələ də sevilərək oxunursa, şeirindən günümüzə də xitab ediləcək dünyəvi mesajlar çıxarmaq mümkün olursa, bu onun şair olaraq böyüklüyünü və öz zamanını aşa bildiyini göstərir. Yanlış olan, onu ifrat şərhlərlə hər hansı bir dünyagörüşünün və ya ideologiyanın sözçüsü kimi qələmə verməkdir. Keçmişə bugünün dünyagörüşləri içərisindən baxılarsa, yanlış nəticələrə gəlmək təhlükəsi vardır. Bütün əski mətnlər, əlbəttə ki, hər zaman və zəmində fərqli bir şəkildə oxunub yenidən dəyərləndiriləcəkdir; lakin həddini qorumaq şərtilə. Hansı tərəfdən baxılırsa baxılsın, Yunus Əmrənin bir sufi olduğu gözdən qaçırılmamalıdır. Əks-təqdirdə yeni nəsillərin yollarını itirməsinə səbəb olacaq bir məlumat çirkliliyi ola bilər. Təəssüf ki, Yunus Əmrə ilə bağlı belə bir çirklənmə meydana gəlmişdir və fərqli Yunus Əmrələr arasında həqiqətə ən yaxınını tapmaq bacarıq tələb edir.
- Cemal Süreya Yunus Əmrə üçün "Türk dilinin süd dişləridir" deyir. Tarixi və mədəni türkcənin formalaşmasında Yunus Əmrə, sizcə, hansı rolu oynayıb?
- Yunus Əmrə yaşadığı dövrdə ziyalılar tərəfindən xor görülən türkcənin hər cür fikir və duyğuları ifadə edə bilən bir dil olduğunu nümayiş etdirən və davamçıları vasitəsilə türk dilinin geniş yayılmasını təmin edən bir şairdir. İlk divan şairlərindən, məsələn, Fateh dövrünün şairlərindən olan Necati bəyin divanında belə Yunusun səsi duyulur. Səlcuqlulardan fərqli olaraq Osmanlıların ərəb və fars dillərini deyil, rəsmi dil olaraq türk dilini üstün tutmalarında qidalandırıcı yeraltı suları kimi axan Yunus Əmrə türkcəsi son dərəcə əhəmiyyətli bir rola malikdir.
- Azərbaycanda da Yunus Əmrə haqqında müxtəlif tədqiqatlar aparılır. Yeni nəşr olunmuş Azərbaycan Ədəbiyyatı Tarixində ilk dəfə Yunus Əmrədən bəhs olunur və bu maraqlı təfsirlə rastlaşırıq: "Yunus Əmrənin şeiri "Kitabi-Dədə Qorqud" soylamaları və Füzuli şeirləri arasındakı fərqli bir zirvədir. Yunus Əmrənin şeiri Dədə Qorqudun soylamalarında Qurbaniyyəyə və oradan Molla Pənah Vaqifin əsərinə doğru gedən inkişaf prosesini əks etdirən mühüm bir ədəbi-tarixi mərhələdir. "Siz Yunus poeziyasının inkişafını necə qiymətləndirirsiniz?
- Yunusun can Azərbaycanda yeni tədqiqatlara mövzu olması məni çox sevindirdi. Bu böyük şairin Oğuz türkcəsinin bir qolu olan Azərbaycan türkcəsinin inkişaf xəttində də önəmli bir zirvə olduğu şübhəsizdir. Açıq deyim ki, azərbaycanlı dostlarımızın Yunus haqqında başqa nələr yazdıqları mənə maraqlıdır.
- Yunusun poeziyasındakı adəmi və aləmi izahetmə şəklini necə şərh edərdiniz? Yunus bizə nə demək istəyir?
- İbnül Ərəbidə olduğu kimi, Mövlana və Yunusun şeirlərində də insan mərkəzdədir. Bilirsiniz ki, İbnül Ərəbinin fikrincə, insan yaradılışın məqsədidir və o, mövcud olduğu müddətdə aləm də mövcud olacaqdır. Əgər insan yaradılmasaydı, Allah da bilinməyəcəkdi. İnsan, makrokosmosun xülasəsi olaraq, bütün həqiqətləri özündə birləşdirir. Bu səbəblə makrokosmosa təsəvvüf ərbabı insan-ı kəbir, yəni böyük insan; insana da aləm-i sagir, yəni kiçik aləm deyərdi. Beləliklə, aləm insanla kamilləşir, bunun üçün də sevgiyə layiqdir insan. Sadəcə insan? Xeyr, bütüm yaradılanlar da. Yunus bunun üçün "Cümlə yaradılmışa bir göz ilə baxmayan/Şərin övliyasıysa həqiqətdə asidir" deyirdi. Bu misra, məncə, Yunusun fəlsəfəsini qısaca xülasə edir: "Yaradılmışı sevirik, yaradandan ötrü".
- Yunus yaşadığımız xaotik dövr üçün necə bir resept təqdim edir?
- Yunus Əmrə Avropa hümanizminin əksinə olaraq, bütün insanlığı dil, din və irq ayrı-seçkiliyi etmədən sevməyi və qucaqlamağı tövsiyə edir. "Biz kimsəyə kin tutmarıq, bütün aləm birdir bizə" və "Yetmiş iki millətə qurban ol aşiq isən" misraları başqa necə izah edilə bilər? Avropa humanizmi öz dünyasıyla məhdud olan bir humanizmdir, öz dinindən, irqindən, rəngindən olmayanı insan belə saymaz. İnsanlıq, Avropada bir vaxtlar "İnsanlıq Bağçalarının" qurulduğunu və özlərinə bənzəməyən insanları heyvanları sərgilədikləri kimi ifşa etdiklərini əsla unutmayacaq. Yunus, heç şübhəsiz ki, qanıyla, diliylə, baxışıyla, qısaca hər şeyiylə bir türk, bir türkmən idi, lakin türklüyü və müsəlmanlığı "cümlə yaradılmışa bir göz ilə baxmasına" maneə deyildi. Şəxsiyyətini qoruyaraq, bütün bəşəriyyətə və bütün dövrlərə səslənməyin sirrini kəşf edən Yunus üçün Allaha və onun bütün yaratdıqlarına sevgi ilə yanaşmaq yaradılışın əsas məqsədi idi. "Sevəlim, seviləlim, bu dünya kimsəyə qalmaz" misrası yaşadığımız xaotik dövrə XIII əsrdən göndərilmiş dərin bir reseptdir.
- Yunusun "Cümlə yaradılmışa bir göz ilə baxmaq" deyə tərif etdiyi böyük bəşəriyyət fəlsəfəsindən dünyaya kifayət qədər bəhs edə bildiyimizi düşünürsünüz?
- Xeyr, bəhs etsəniz belə başa düşəcəklərini zənn etmirəm. Amma bu, bəhs etməyə ehtiyac yoxdur, demək deyil. Müasir texnologiyalardan istifadə edərək təkidlə bəhs etməyə davam etmək lazımdır. Bəlkə bir gün başa düşərlər!
Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Aygün Ələkbərzadə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!