Vətəndən Vətənə yubanan gəmi - "Varislər" rubrikası - Müsahibə

"Varislər"in bugünkü qonağı iki bölünmüş böyük Azərbaycanımızın unudulmaz Xalq şairi, yazıçı, publisist, gözəl insan, çoxumuzun yaddaşında "əmi" kimi yaşayan Söhrab Tahirin qızı, yazıçı-publisist Nəsibə xanım Tahiri Anadildir.

 

İki bölünməkdən qorxan şair

 

1926-cı ildə Cənubi Azərbaycanın Astara şəhərində, sənətkar ailəsində anadan olmuşdu. Uşaqlığı İran-fars rejiminin milli azlıqlara divan tutduğu dövrə təsadüf etmişdi. Sadəcə 9-cu sinfə qədər təhsil ala bildi, sonra ailəyə dəstək olmaq üçün müxtəlif işlərə baş vurdu, İranda fəaliyyət göstərən ingilislərə məxsus neft şirkətində işləməli oldu.

Taleyinə ayrılıqlar yazılmışdı onun. Bir gün təhsilini bitirib, qayıtmaq ümidilə anası Nəsibə xanımın əllərini öpüb, ayrılmışdı İran Astarasından, amma haradan biləydi ki, bu ayrılıq uzun çəkəcək, çox uzun. İllər sonra çoxumuzun dilimizdə əzbər olan:

 

"İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha",

 

- yazacaqdı.

Gənc yaşlarında siyasi fəaliyyətə qoşuldu, xalq hərəkatında yaxından iştirak etdi. Bu barədə bir qədər sonra...

1946-cı ildə Bakıya, ali hərbi təhsil almağa gəldi və sən demə, bu gəlişi gələcək ayrılıqların başlanğıcı imiş. Bakıda onun sirdaşı dəniz oldu. Saatlarla sahildə gəzişir, ucu-bucağı görünməyən mavi sulara baxır və sahilinə ləpələri çırpılan doğma Xəzərin bu anlarda onun doğulub böyüdüyü Astara sahillərinə necə sığal çəkdiyini təsəvvüründə canlandırırdı. Söhrab əmi anası Nəsibə xanımın həsrətini çox çəkirdi.

 

"Niyə öpməmişəm ana əlindən,

Ovcunda naz gülü əkməmişəm heç?!

Hamının nazını çəksəm də bəzən

Anamın nazını çəkməmişəm heç",

 

- deyən Söhrab Tahir özünə ləyaqətli bir ömür yolu seçdi. Hamı onu çox istəyirdi. Şeirlərindəki səmimiyyət, dostlara, insanlara, bəşəri narahat edən məsələlərə vətəndaş münasibəti onu otaylı-butaylı Azərbaycana sevdirmişdi.

Böyük şairimizin qızı, yazıçı Nəsibə xanım Tahiri ilə Bakıdakı çay evlərinin birində görüşdük.

 

May - doğuluş və ayrılıq ayı

 

- Nəsibə xanım, "Varislər"də görüşürük. Görüşümüzün may ayına təsadüf etməsinin həm də simvolik mənası var, çünki dünyaya may ayının 27-də göz açan Söhrab əmi 90 ildən sonra həyata doğum tarixindən 23 gün əvvəl, may ayının 4-də vida dedi. May - həm onun doğum, həm də anım ayıdır. Ruhu şad olsun.

Mənim onunla şəxsi tanışlığım 1985-ci ilə təsadüf  edir. "Döyüşən lövhələr" kitabı təzə çap olunmuşdu o vaxt. Sumqayıta, təhsil aldığım 16 saylı orta məktəbə şagirdlərlə görüşə gəlmişdi, çox səmimi görüş keçirildi, tədbirdən sonra onunla baş-başa söhbət etmək, məsləhətlərini dinləmək imkanım oldu.

- Əvvəla, atamı bu gözəl layihədə xatırladığınız üçün çox sağ olun. Bəli, uzun illər may ayının 27-də onun doğum gününü keçirirdik, artıq 5-ci ildir ki, mayın 4-də onun anım gününə toplaşır, xatirəsini ehtiramla yad edirik və hərdən düşünəndə inana bilmirəm ki, artıq o, həyatda yoxdur.

- Söhrab əmi ayrılıqlardan çox yazdı, hətta deyərdim, lap çox yazdı. Lap əvvəlindən başlayaq bu ayrılıqların. Məncə, 1946-cı ilə Bakıya gəlməsi onun taleyinə yazılmış ilk ayrılıq deyildi. O ki qaldı Azərbaycana gəlməsinə, bunu da özü seçmişdi. Sizcə, sovetlər birliyindəki xoşbəxt həyatının şirinliyinə qovuşmaq, İran istibdadından qurtulmaq, mədəniyyət və təhsil azadlığından yararlanmaq istəyi dyildimi onu doğulduğu doğma yerlərdən, sevdiyi insanlardan ayrı salan?

- Əlbəttə, onun ayrılıqlarının təməli 1945-1946-cı illərdən qoyulmayıb, o bu ayrılığı ilk dəfə uşaq olanda dadıb. Söhrab müəllimin atası Əbülfəz Tahiri, əmisi Hidayət ağa, dayıları Cənubi Azərbaycanda fəaliyyət göstərən Demokrat Partiyasının üzvləri olublar. Dayıları, daha doğrusu, nənəm Nəsibə xanımın dayıları təqib olunduqlarına görə siyasi mühacir kimi Bakıya sığınmışdılar.

 

Kirmanşahda 11 illik sürgün həyatı

 

İlk ayrılıq bununla başlamışdı. Astarada onların çox gözəl evləri, şəraitləri olub, amma siyasi fəaliyyətlərinə görə atamın 7-8 yaşı olanda ailə 11 illik sürgün həyatına məruz qalır, Kirmanşaha sürgünə göndərilir. Qohumlardan sonra ata yurdundan ayrı düşmək taleyi yazılır alnına. Təsəvvür edirsinizmi, yaşıllıqlar içində olan, bərəkətli Astaradan çıxıb hər tərəfi boz qayalar, şəraitsizliklə əhatə olunmuş Kirmanşaha getmək artıq faciə idi. Bildiyiniz kimi, Kirmanşah İran ərazisindəki Kürdüstan vilayətində yerləşir. Valideynləri, qardaşı ilə br yerdə sürgün olunmuşdular. Bir qardaşı da sürgündə anadan olmuşdu. Əmisi ailəsi ilə bir yerdə sürgün olunmuşdu. Sürgündə hər şeyi sıfırdan başlayıblar. Atam çox yaxşı qonşuları olduğunu deyirdi, onları çox isti qarşılaşmışdılar, hərə bir cür kömək etmişdi, babam üçün iş tapmışdılar. Kirayə pulu ödəmək imkanları olmadan onları evlə təmin etmişdilər, müxtəlif zəruri ev əşyaları vermişdilər. Yəni birtəhər yaşamağa başlamışdılar. Babam dəmirçi olub, həmin ev sahibi ona dəmirçi ləvazimatları təşkil edib və babam orada sənətkarlıqla məşğul olub. 

- Atasının, əmisinin siyasi fəaliyyəti ona sürgün həyatı yaşatmışdı, amma buna baxmayaraq gənclik illərində, özü də 11 illik sürgündən sonra  siyasi fəaliyyətə qoşuldu. Yəni bu fəaliyyətə görə başına gələ biləcək faciələri, zülmləri düşünmürdümü, qorxmurdumu? Əşqahilər kim olub?

 

- Yox, çünki döyüşkən ruh onun iliklərində idi. O nəslin kökü öz döyüşkənliyi ilə seçilən qədim türk tayfası əşqanilərdən gəlir. Bu tayfanın e.ə. VIII əsrdə qurduğu Baqtriya padşahlığı mövcud olub. Çox təəssüf ki, artıq ermənilər bu tarixi də özəlləşdirməyə cəhd edirlər, bütün türk mənbələrini fars-erməni qatışığı kimi qələmə verir, tayfanın özünü isə arşaxidlər kimi təqdim edirlər.

- Hə, bu mənim üçün təəccüblü olmadı, yəni tanıdığımız erməni. Artıq belə xəbərləri eşitməyə alışıq olmuşuq.

- Tək ermənilər olsa, nə vardı ki? İran dövləti də eyni yolu gedir, min illərdi Turan ideyasını İrandan silmək istəyir, amma bu fikir insanların təfəkküründə yaşayır, genlərindədir. Hətta Firdovsi "Şahnamə"də Turanı bir qədər aşağılayıcı təsvir edir, amma əsərin baş qəhrəmanı Söhrabın anası turanlıdır - türk qızıdır. Poemada söhbət İran və Turan adlı iki dövlətin münasibətlərindən gedir. Məsələn, farsların öz adına çıxartmaq istədiyi Mitdiratı götürək, qızının adı Turanduxt olub, farscadan tərcümədə Turan qızı deməkdir. Yəni fars da, erməni də nə qədər türk tarixinə şərik çıxmağa, mənbələri saxtalaşdırmağa çalışsa belə, bəzən ilk baxışdan çox kiçik görünən detallarda məğlub olurlar. Bunu danışmaqda məqsədim var.

Atam bütün bu tarixi faktları bədii dilin köməkliyi ilə təsvir edib gələcək nəsillərə çatdırmaq üçün ömrünü, sağlamlığını, varlığını sərf etdi və "ATA" poema-epopeyasını yazdı. Erməni faktoru dünya tarixində türk mənbələrini laxlatmaq üçün Avropanın, daha dəqiq desək, Vatikanın düşündüyü plandır və son 200 ildə bu məqsədlə çox ciddi işlər gedir, amma bir şey əldə edə bilmirlər.

 

Sotbis hərracında satılan kitab

 

Bir neçə il əvvəl qohumumuz mənə xəbər verdi, atamın babası Mirzə Məhəmməd Tahirin əşqanilər tayfasının tarixi haqqında yazdığı kitab ABŞ-da, Sotbis hərracında satılıb. Mirzə Tahir dövrünün tanınmış elm adamlarından biri olub. Məncə, həmin kitab  türk tarixi üçün maraqlı vəsait ola bilər, kitabın izinə düşüb axtarırıq.

- Nəsibə xanım, verdiyiniz məlumatlar ortaq türk tarixi üçün çox maraqlıdır. Əlbəttə, Söhrab əmi də bu tarixin ən şərəfli simalarından biridir, amma gəlin layihənin formatından çıxmayaq. Söhrab Tahirin şəxsən özündən danışaq. Və mən güman edirəm ki, siz bu mövzunu genişləndirib nə vaxtsa sanballı bir yazı ilə bizə təqdim edəcəksiniz.

- Mütləq. Amma belə geniş danışmağımın səbəbi də atamdır. Çünki bir qədər əvvəl qeyd etdiyim "ATA" eposunda o, məhz bu mövzuya toxunub. Bu onun son əsəridir. O bu tarixi bir kitabda təqdim etmək istəyirdi. Hətta artıq ağrıları çoxalmışdı, şəkər ona nəfəs almağa imkan vermirdi, xəstəxanada müalicəsini yarıda saxlayıb evə gəldi ki, əsəri bitirsin. Nə yaxşı ki, bitirdi əsəri.

- Bəs niyə gec başladı "ATA"nı yazmağa? Hazır deyildi, yoxsa onun yazılmasına stimul verən nəsə baş verdi həyatında?

 

Ulu öndərin verdiyi stimul

 

- Hə, stimul verən hadisə oldu. Ulu öndərimiz bir dəfə ziyalılarla, elm, mədəniyyət xadimləri ilə görüşdə üzünü auditoriyaya tutub bir sual verdi: "Azərbaycan xalqının qədim tarixinə, igidlik salnaməsinə nə vaxt öz əsərlərinizdə yer ayıracaqsız? Bunu siz etməlisiniz, bu, birbaşa sizin işinizdir". Söhrab müəllim o görüşdən sonra belə bir əsər yazmağı qarşısına məqsəd qoydu. Aramızda olan söhbəti olduğu kimi sizə deyirəm: "Bu mənim övladlıq vəzifəmdir. Türk xalqlarının, oğuz tayfalarının 3500 illik tarixi var və mən bu tarixə öz payımı verməliyəm". Əsərdə Firdovsinin türk tayfalarına etdiyi həqarətə tarixi faktlarla cavab verilib. Ən böyük arzularımdan biri həmin eposun motivləri əsasında tarixi serialın çəkilməsidir. Məncə, artıq bunun zamanı yetişib.

- Çox gözəl arzudur. Mən də məmnuniyyətlə ssenarinin yazılmasında əlimdən gələni etməyə hazıram. Qayıdaq 1946-cı ilə. Sovet Ordusu İrana girdi və Söhrab Tahirin Azərbaycanda təhsil almaq şansı yarandı. Yəqin, gələndə oxuyub geri qayıdacağını düşünürdü.

- Əlbəttə, oxuyub, bir ildən sonra geri qayıdacağını düşünürdü. Demək, 1945-ci ildə Cənubi Azərbaycanda S.M.Pişəvərinin başçılığı ilə Milli Hökumət qurulur. Söhrab müəllim həmin hökumətdə Pişəvərinin möhürdarı olub, yəni ümumi şöbənin müdiri.

 

Pişəvərinin möhürdarı

 

Milli Hökumətin əsas hədəflərindən biri "Qızılbaş Ordusu" üçün peşəkar zabitlər yetişdirmək olub. 1946-cı ildə Pişəvəri ilə Milli Hökumətin baş prokuroru Firudin İbrahimi atamı və bir neçə gənci Bakıya, Ali Ümumqoşun Komandirləri Məktəbinə hərbi təhsil almağa göndərirlər. Söhrab müəllim artilleriya zabiti idi.

O vaxt İranda sovetlər birliyi haqqında nağılabənzər söhbətlər gəzirmiş. İnsanlar orda yağ-bal içində yaşayır, həyat səviyyəsi çox yüksəkdir, filan. Onlar Astaradan qatarla bu taya keçən kimi bütün təsəvvürləri alt-üst olub, səfalət, kasıblıq qatar pəncərəsindən baxanda hiss olunurmuş. Uşaqlar qatarın ardınca qaçıb çörək istəyirmişlər. Atamgil bundan heyrətə gəliblər. Həm də ölkə ağır müharibədən təzə çıxmışdı, başqa necə ola bilərdi?

Bildiyiniz kimi, İranda Milli Hökumət bir ildən bir qədər artıq yaşaya bildi. 1946-cı ilin 12 dekabr günü şah qoşunları Təbrizdə hökuməti devirir və siyasi fəallara divan tutur. Bir məlumat oxudum, dəhşətə gəldim, fəal qızları vəhşi ayılarla eyni qəfəsə salırmışlar. İnsanlığa sığışmayan hadisələr baş verib o vaxt. Məhz bu səbəbdən geri qayıda bilmir, çünki o dəqiqə edam edəcəkdilər. Bacaran, canını qurtara bilən keçdi bu taya, orada qalanların hamısını edam elədilər.

12 Azərin qanlı süqutu

 

- Beləcə, 1 il 3 il oldu... 3 il... 5 il... və ömür keçdi. Vətən paramparça olanda adam öz vətənində də qürbət taleyi yaşaya bilərmiş. "Qaçaq Nəbi" filmində çox maraqlı mesaj var: "Arazın o tayı da, bu tayı da mənim doğma vətənimdir", amma adamın anası var, doğmaları var, ziyarət etdiyi məzarlar var və onlara əli çatmır. Bu, eynilə Qarabağın işğalı kimi bir hissdir. Şükür, nə yaxşı ki, işğal tariximizin biri qapandı.

- Hə, bəzən kədərlə, bəzən zarafatla deyirdi ki, görün mən qürbət ellərdə nələr çəkmişəm. Əlbəttə, burada onun dostları vardı, oxucuları vardı, ailəsi vardı, hamı onu sevirdi, hörmət edirdi, amma dediyiniz kimi, insanın doğulduğu kiçik bir yer də var axı - kiçik vətən, adamın əli ora çatmayanda necə olar?

Yaxın dostları vardı, ona hər an həyan olan, yaxın olan adamlar: Məmməd Arazla bir ömür dostluq elədilər. Bəlkə də, doğma qardaş elə ola bilməzdi. 1959-cu ildə M.Qorki adına Ədəbiyyat İnstitutunda bir yerdə oxumuşdular. Nəbi Xəzri, Cabir Novruz, Qabil, Vladimir Qafarov, Tofiq Bayram. Evimizə yığışırdılar, süfrə açırdıq, məclis qurulurdu - şeir, söz məclisi. Anamla mən mətbəxdən daşıyıb gətirirdik, gecə yarıya qədər oturub yeyir-içir, danışır, dərdləşirdilər. Rəhmətlik Tofiq Bayram çox səmimi adam idi, mətbəxdə kotletləri o bişirirdi. Ümumiyyətlə, Tofiq əmi qadın dünyasına həmişə hörmətlə yanaşırdı, qadının ailədə, cəmiyyətdə yerini yüksək qiymətləndirirdi. Nənəm Nəsibə xanım Bakıya gələndə atamın ətrafında olan dostlarını, ona olan sevgini görəndə çaşıb qalmışdı. Sevinmişdi çox: "Ədə, mən elə bilirdim sən qürbətdəsən, sənin bi belə dostun var, sən burda tək deyilsən". Əlbəttə, bu münasibəti görəndən sonra arvad bir qədər arxayın olmuşdu, amma qəriblik vardı. Nə qədər üzə vurmasa da, nə qədər dilə gətirməsə də içində çəkirdi. Gözlərinin dərinliyində yaşadırdı bu qəribliyi. Söhrab müəllim həmişə deyirdi ki, bərkdən gülmə. Soruşurdum niyə, ay ata, deyirdi, qərib adam qəribliyini unutdurmaq üçün bərkdən gülər, desinlər bunun dərdi yoxdur. Musiqini evdə ucadan dinləməyə qoymazdı, deyirdi, ayıbdı, qonşular deyər bunlar gəlib burda kef çəkirlər.    

 

AYB-də pulla oynayan şair

 

- Söhrab əminin yaxşı zarafatları, atmacaları olurdu. Özü də bəzəyib danışa bilmək hər adamın bacara bildiyi iş deyil...

- Hə, eləydi. AYB-yə gələndə əlini cibinə salıb, qəpikləri cingildədirmiş, rəhmətlik Cabir Novruz deyib, ay Söhrab niyə elə edirsən? Atam deyib, qoy elə bilsinlər mənim də pulum var. Üç dəfə infarkt keçirmişdi, ürəyi demək olar, iki bölünmüşdü, şəkər də bu yandan, amma həmişə şux, zarafatcıl, həyat eşqli biri idi.  

- Anası Nəsibə xanımın həsrəti onu  çox sarsıtmışdı. Bir çox şeirində bu həsrətə toxunurdu, təskinlik üçün sizin də adınızı Nəsibə qoymuşdu. Onların 25 ildən sonra Bakıda baş tutan görüşləri barədə həm mətbuatda, həm də o mətbəxin içində çox danışıldı. Mən təsəvvür edirəm, 20 yaşlı cavan Söhrabdan ayrı düşmüş ananın 45 yaşlı yekə kişi ilə görüşünü.

- Hə, o görüş ayrıca bir romandır. 1946-cı ildə ayrı düşən ana-oğul bir də 1971-ci ildə görüşdü. Mənim 5 yaşım vardı. Nənəmin oğlu ilə görüşmək uğrunda mücadiləsinin qələbə ilə sonucu idi bu görüş. 25 il ərzində nənəmin döymədiyi qapı, görüşmədiyi, müraciət etmədiyi adam qalmamışdı. Bu işdə ona bir vaxtlar atamı sevmiş qonşu qızı kömək edirdi, çünki nənəm savadsız idi, qız yazırdı onun əvəzinə bütün müraciətnamələri, qız yanına alıb aparırdı nənəmi rəsmilərlə görüşə. Atam həmin qızın obrazını "Qonşu qızın məktubları" romanında yaradıb. Sonra anam əlini üzürmüş artıq. Düşünürmüş ki, elə oğul həsrəti ilə də gözlərini yumacaq.

 

Fars generala haqqını halal etməyən ana

 

Sonuncu dəfə qəbulunda olan general da razılıq verməyib, nənəm ayağa qalxanda: "Siz çox böyük günah edirsiniz, - deyib, - ananı oğluna həsrət qoyursunuz. Haqqımı halal eləmirəm, o dünyada iki əlim yaxanızda olacaq". General qorxub axirətindən, tez ərizənin üstünü yazıb və nənəmin Bakıya gəlmək məsələsi həll olunub. 1971-ci ildə eşitdik ki, Nəsibə xanım gəlir.

Təsəvvür edirsiniz, bütün mətbuat, televiziya bu görüşü gözləyirdi. Rəhmətlik N.Xəzri o vaxt Teleradio Komitəsinin sədr müavini idi. Televiziya tökülüb dəniz limanına. Atamın dostları, buradakı qohumlar... hamı limandadır. Nənəm "Quryev" gəmisiylə gəlirdi. Və birdən xəbər yayıldı ki, nənəmi gətirəcək gəmi Mazandaranda 1 həftəlik karantinə saxlanılıb. Təsəvvür edirsinizmi atam nə hala düşdü?! Qohumlar, tanışlar, dostlar... hamı dəydi bir-birinə. Hamı deyirdi ki, bu dəqiqə Söhrabın ürəyi partlayacaq. O gündən sonra atam hər gün səhər işə getməzdən əvvəl limana baş çəkirdi, dayanıb uzun-uzadı dənizə baxırdı. Kövrəlirdi, özü ilə danışırdı. Və növbəti səhərlərin birində yenə sahildə dayanıb dənizə baxanda uzaqdan "Quryev"in Bakıya yaxınlaşdığını görür.

 

1971-ci il - 25 illik həsrətin sonu

 

Nənəmin İrandan Azərbaycana gəlməsi Bakıdakı demokratlar üçün də böyük hadisə idi. Atamın qohumu vardı - Məmi Dehqan, sən demə, o da hər səhər limana gəlirmiş. Atamla həmin gün limanda görüşüblər. Atam deyirdi: "Gəmi limana yan alanda gördüm girdə pəncərədən bir qərə arvad mənə baxır, əliynən şüşəni silib, mənə əl eləyir". Sonra nənəm göyərtəyə çıxıb, atamı tanımayıb, elə bilib dayısı İsrafildir. Əvvəlcə Məmi Dehqanı görüb, sonra atamı. Soruşub: "İsrafil, sənsən?". Atam deyib, yox ana, mənəm, Söhrabam. Arvad əlini göyə qaldırıb, dua edib və huşunu itirib. Atam tez özünü atıb göyərtəyə, anasını qucağına alıb, gəmidən aşağı salıb. Çox gözəl nənə idi. Zarafatından qalmırdı və indi düşünürəm, yəqin, atamı da, nənəmi də o görüşə qədər saxlayan bu nikbinlikləri, ümidləri olub. Nənəm özünə gələndən sonra soruşub ki, kim məni qarışlayacaq, gəlsin hələ görüm necə qarışlayır. Atam çaşıb qalıb. Məlum olub ki, atamın məktubundakı sözləri səhv başa düşüb, atam səni Bakıda qarşılayacaqlar yazıb, o da qarış-qarış yoxlayacaqlar kimi başa düşüb. Sən demə, atamın məktubunu Bakıdan İrana köçən bir nəfərə oxudublar, o da məktubu oxuyandan sonra: "Şurəviyə gələnləri qarşılayırlar", - deyib. 

 

Göygölü görəndə niyə yaşmaqlandı?

 

Bakıdakı əslən Cənubi Azərbaycandan olanlar, atamın qələm dostları, televiziya, radio, qəzetlər tokülüşüb gəldi limana. Həm çox kövrək, həm də tarixi görüş idi. 

Nənəm bir həftə dayısı evində qaldı, çünki o bura atamın dəvətilə yox, dayısının dəvətilə gəlmişdi. Deyirdi, ayıbdır, onlar böyükdür, xətirlərinə dəyməsin. Düz 6 ay qaldı Bakıda. Evimiz hər gün onun görüşünə gələn insanlarla aşıb-daşırdı. Aşıqlar saz çalırdı. Yəni çox unudulmaz günlər idi. Atam onu götürüb  Azərbaycanı gəzdirdi. Onu Qarabağa apardı. Ağdamda olduq. Rəhmətlik Əli Təbrizi Fərruxi məşhur xalçaçı rəssam idi, onlarda qaldıq. Sonra bir gecə Şuşada qaldıq. Maralgölə getdik, orda 400 pilləkən qalxıb enməlisən, atam onu qucağına alıb aşağı saldı, sonra da qucağında yuxarı qaldırdı. Göygölü görəndə nənəm yaşmaqlandı: "Belə gözəlliyə baxanda adam utanır", - dedi.

 

Bir şahla yola getmədiniz, amma indi...

 

Demək, atamın ortancıl qardaşı Pərviz əmim nənəmi Bakıya yola salanda ona təzə pal-paltar alıb geyindirmişdi, fransız firmalarının bahalı paltarları. Nəsibə xanım şurəviyə gedir. Atam anama tapşırdı ki, parça alıb özü tiksin. Nənəm: "Pərviz binəva bunları mənə almışdı burda geyim", - deyəndə, atam dedi burda Söhrab Tahirin anasının obrazı başqadır, bunları İranda geyərsən.

Nənəm Bakıdakı evimizdə çay içəndə təmizlikçi qadın həyəti süpürürdü. Toz qalxırdı təbii. Atama dedi çay içirəm, ona de toz qaldırmasın, su çiləsin, süpürsün. Atam dedi, burda belə sözü demək olmaz, yaxşı çıxmır, o öz işini görür. Dedi oğlan, orda bir dənə şahla yola getmədiniz, burda hamınız şahsız, bir-birinizlə necə yola gedirsiniz?

Sizə bir faktı deyim: ağlım kəsəndən atamın gecələr 3 saatdan artıq yatdığını xatırlamıram, amma sonradan özündən eşitdim, deyirdi, anam evimdə olanda gecələr elə rahat yatırdım ki...

- Ananız azərbaycanlı deyil. Bu eşqin tarixçəsi necə olub?

- Hə, anam ukraynalıdır. Bakıda atam hərbi məktəbdən sonra tibb məktəbində də oxuyub və orda tanış olublar, seviblər bir-birini, ailə qurublar. Gənclik eşqi. Uzun illər Nəsimi İcra Hakimiyyəti ilə üzbəüz binada təkotaqlı mənzildə yaşadıq, o tək otağa bəzən 20 nəfərdən artıq qonaq toplaşırdı və bu bizə xoş idi, çünki anam da, mən də bilirdik ki, bu, atama xoşdur.   

 

Bütöv Azərbaycan sevdası

 

- Söhrab əmi uzun illərin şəkər xəstəsiydi. Üstəlik, dediyiniz kimi, bir neçə dəfə ağır infarkt keçirmişdi. Onun son günləri, son arzuları haqqında nə deyə bilərsiniz?

- Şəkər öz xəyanətini elədi ona, hər iki ayağı qanqrena oldu və kəsdilər. Bəzən ağrıları dözülməz olurdu. Təsəvvür edirsiniz, adam diri-diri çürüyür. Ona baxa bilmirdim, ağrılarına dözə bilmirdim. Həkimlər əllərindən gələni edirdilər ki, heç olmasa ağrıları azalsın, çox əziyyət çəkməsin.

İndi siz onun arzuları barədə soruşdunuz, xatırladım. Bilirsiniz, onun ən böyük arzusu nə idi və bu arzsunun mütləq gerçəkləşəcəyinə inanırdı. O, Azərbaycanı bütöv görmək istəyirdi, lap bütöv.

 

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!