«Laokoon, Laokoon...» - II hissə - "Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı"nda roman müzakirəsi

 

Müzakirənin I hissəsini buradan oxuya bilərsiniz.

Kamal Abdullanın yeni yazdığı "Laokoon, Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" romanı haqqında "Ədəbiyyat qəzeti"nin "Virtual müzakirə"si davam edir. Bu dəfə müzakirəyə qoşulurlar: Yazıçı Vaqif Nəsib, filologiya elmləri doktoru Elnarə Akimova (moderator), şair-esseist Qismət və filologiya üzrə fəlsəfə doktoru Nargis.

 

 

Elnarə Akimova: - Əsərdə hər bir motivin müəyyən kod daşıyıcılığı var. Bu yerdə romanın adına, burada ehtiva olunmuş ikili başlığa diqqət çəkmək istəyirəm: "Laokoon, Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi". Romanda bu ifadə-rəmzin semantikasını açan mətləblər sayəsində ad öz içindəki mənaya çatır. Həmçinin daşıdığı aksioloji məqama deyil, simvolikasına varmağı, diqqətli olmağı labüdləşdirir.

Qismət: - Bəlkə də, Kamal Abdullanın yeni romanını gələcəkdə geniş tədqiq edənlər əsərin adından çıxış edərək ikihissəli şərh yolunu tutmalıdır: birincisi, romanın adındakı "Laokoon" hissəsi, ikincisi isə "romanın "gerçək" yazılma tarixçəsi" ilə bağlı hissə. Elə bilirəm, bizim söhbətimiz müəyyən mənada gələcəkdə geniş yazı yazmaq istəyənlər üçün də bəzi ipuclarını verməlidir. Beləliklə, məlumdur ki, əsərin sərlövhəsinə çıxarılan Laokoon yunan mifologiyasında Troya əhvalatıyla bağlı personajdır. Ancaq Laokoonla bağlı məlumat Homerin dastanlarında yoxdur, ondan Sofoklda və Vergilinin "Eneida"sında bəhs edilir. Laokoon mövzusuyla bağlı Rodoslu üç heykəltəraşın - Hagesandros, Polidoros və Athanadorosun - təxminən eramızdan əvvəl birinci əsrdə düzəltdiyi heykəl silsiləsi məşhurdur. Yeri gəlmişkən, fürsətdən istifadə edib bir təklif səsləndirmək istəyirəm: mən burada bilə-bilə yunan adlarını olduğu kimi saxladım, fikrimcə, biz yunan adlarındakı "os", "es" sonluqlarını saxlamalıyıq. Öz səslənişimizdə, amma olduğu kimi. Məsələn, qəhrəmanın adı Edip deyil, Odipusdur axı, mənası da "ayağı şişmiş"dir, bütün dünyada bu belə işlənir. Deyəsən, əvvəlcə ərəblər, sonra isə ruslar yunan adlarından bir neçə hərfi faiz kimi tutublar. Qayıdaq mövzuya. Humanitar fikirdə Laokoon temasına əvvəlcə İohan Vinkelman, sonra isə Qothold Lessinq xüsusi maraq göstərib. Bu, sənətşünaslıq tarixindəki məşhur polemikadır. Vinkelman özünün "Rəssamlıq və heykəltəraşlıqda yunan incəsənətini təqlid etmək haqqında" adlı məşhur əsərində yunan sənətini göylərə qaldırır, bu əsərlərə olan heyranlığından bəhs edir. Elə bu məqamda məşhur bir polemika başlayır. Vinkelman Laokoon mövzusundakı heykəllərlə bağlı yazır ki, bu heykəllərdə Laokoon Vergilinin əsərindəki kimi fəryad etmir, çığırmır, yunan sənətçilər onu alicənab bir sükut içində təsvir ediblər. Məhz bu məqama cavab kimi, Lessinq 1766-cı ildə "Laokoon, ya da rəssamlıq və heykəltəraşlıq sənətinin sərhədləri haqqında" adlı məşhur əsərini yazır. Lessinq belə bir sual verir: niyə Laokoon Vergilinin əsərində ilanların əhatəsində fəryad edir, amma heykəldə ağzıyumulu təsvir edilib? Bundan başqa, niyə heykəldə çılpaq təsvir edilən Laokoon, şeirdə paltardadır? Lessinq bu suallara verdiyi cavabda sənət növlərini kateqorik sərhədlərə ayırmaq istəyir, "şeir kimi rəsm" və ya "rəsm kimi şeir" anlayışlarına qarşı çıxırdı. Bu mənada, məncə, interdisiplinar eranın yazıçısı Kamal Abdullanın mətnini sənət növləri arasında kateqorik sərhədlər qoymaq istəyən Lessinqin dekonstruksiyası kimi də oxumaq olar.

Elnarə Akimova: - Maraqlı məqama toxundunuz. O zaman, sizcə, "Laokoon, Laokoon" romanı müəllifin Dədə Qorqud dünyasında paradiqmlərini axtardığı düyün nöqtəsidir, yoxsa sadəcə, sənət görüşlərini ifadə etməyə çalışdığı düşüncə məqamı?

Qismət: - Kamal Abullanın yeni romanı yaradıcılığın təbiəti, etalon və ondan kənara çıxma haqqındadır. Burada etalon invariant qismində, kənara çıxma isə variantlar çoxluğu şəklində öz əksini tapıb. Etalon-invariant-kanonik olan "Dədə Qorqud" dastanıdır, kənara çıxma-variantlar-Laokoon şübhəsi isə müəllifin bu dastanın sətir aralarında, cümlə məsamələrində gizlənənləri, belə deyək ki, təsəvvür etməsidir.

Vaqif Nəsib: - Birinci dəfədir ki, Kamal Abdullanın əsərlərindən birini əlyazmasından oxumalı oldum. Müəllifin təvazökarlığa, ya nəyə görəsə romanabənzər adlandırdığı mətni, onun ən uğurlu romanı "Yarımçıq əlyazması"ndan sonra mənə bütöv əlyazması təsiri bağışladı.  Yeri gəlmişkən, müəllif yaradıcılığının son illər yaranmış yeni, bənzərsiz məziyyətindən söz açmaq istəyirəm. Onun mərhum qələm yoldaşımız Mövlud Mövluda həsr etdiyi hekayəsiylə yaradıcılığının həmin mərhələsinə qədəm qoyduğunu hesab edirəm. (Həmin üslub, hətta elmi traktatlarında, Füzuliyə həsr etdiyi silsilədə də özünü göstərmişdir). Bu psixoloji romanı Mövlud faciəsinin yazı manerasına görə, bir növ, davam kimi görürəm.

Romanı (romanabənzər deyil) olduqca bənzərsiz üslubda yazılmış psixoloji əsər hesab edirəm. Uzaq əsrlərin Laokoon xəstəliyinə tutulmuş bu günün bir Troya atlısının Firəngiz adlı bir qıza qarşı etinasızlıq mücadiləsi dünən və bu gün mənzərələriylə röya və çin şəkildə davam edir. Oxucusunu öz maraq məcrasına salıb, mübahisəli Troya atının tərkində bu günlərə kimi gətirib çıxarır. Əsər tarixi və müasir əsərləriylə nəsr meydanımızda at oynatmış bir müəllif qələmindən çıxmış. Ona görə əvvəlindən axırına kimi hər şey yazıçı səviyyəsiylə, yüksək peşəkarlıqla həllini tapmışdı. Və bu yazını bu günlər yaradıcılığının bayramını yaşamış bir ədibin özünün 70 illiyinə hədiyyəsi hesab etmək olar.

Ad məsələsinə də münasibət bildirim. Kamal Abdulla indiyə kimi Dədə Qorqud nəvəsi kimi əsərlərinə olduqca uyğun, bənzərsiz adlar qoymuşdu. İndi deyəcəklərim onu, bir növ, şübhələndirmək üçündü. Yəni öz öhdəsinə buraxılır. Bu romanın adı hələlik lakonik deyil. Mən şəxsən onu "Bütöv əlyazması" (Və yaxud Laokoon - etinasızlıq romanının tarixçəsi) hesab edirəm. Özü bir ortaq məxrəcə gəlməlidir.

Elnarə Akimova: - Əsər çağdaş nəsrə məxsus düşüncə diskursu üzərində təcəssüm tapır. Burada postmodern dövrünün bədii priyomlarına müraciət necədir, postmodern poetika bu əsərdə nə qədər uğurla ehtiva olunub?

Nargis: - Romanda postmodernizmin əsas elementlərindən böyük ustalıqla istifadə olunub. Bu kontekstdə roman "Kitabi-Dədə Qorqud" dastanı və "Yarımçıq əlyazma" romanı ilə intertekstual əlaqədədir. Romanda yazar labirint effekti yaratmağı bacarıb. Bu aspektdən tez-tez real həyatdan dastana, oradan da postmodern romana keçidlər mövcuddur. Əsər nümunəvi oxucuya edilən göndərmələrlə zəngindir. Əsərdə metafiksiya (metafiction) və tarixi metafiksiya mövcuddur. Postmodern oyun texnikasının ustalıqla istifadə olunduğu romanda həmçinin Troya, Laokoon və oğlanları əfsanəsi, Troya atı məsələsi gündəmdədir. Əsər qeyd etdiyimiz əfsanə ilə də intertekstual əlaqədədir. Kamal Abdulla romanında pastiş, montaj, ironiya, parodiya kimi texnikalardan, dil oyunlarından, akronik (analepsis və  prolepsis - irəli-geri) zaman anlayışından məntiqli, şüurlu şəkildə (Hochliteratur) istifadə edir.

Vaqif Nəsib: - Bu əsərdə maraqlı olan həm də nədir?.. Məsələ bundadır ki, ilk baxışdan qəliz görünən, az qala, oxucunu ürküdə bilən Laokoon adı çox keçmədən öz mənasını aydınlığına çıxarır. Etinasızlıq rəmzi olduğunun hayını-harayını salır. Elə hər şey də buradan başlayır. Əsər məcrasını, yunan, Troya abidələrinin yanından alıb, bu günlərlə, onun gerçəkləriylə bədii cənginə başlayır. Qəhrəmanı, yeni əsəri üzərində işləyən Vaqif ilişib qaldığı Laokoon kəlməsindən, həm də gerçək həyatındakı etinasızlığından özünün xilasına çalışır.

Bugünündə də çox zaman keçmişlərdə ilişib qalmış Vaqifin tapşırıqlarının biri də, əslində, həmin cəngin başlanacağından xəbər verir. İşçisinə təcili Laokoon haqqında məlumat tapmağı tapşıranda aldığı cavab onu əsəbləşdirir; hətta onu key Balaxanım adlandırır. "- Telefon nömrəsi var bu adamın?". Yazıq qız Vaqifin səsinin uzaq əsrlərdən gəldiyini bilmədiyindən həmin cür məzəmmətlənir. Bundansa oxucu qazancda olur, - əsərə marağı artır.

Qismət: - Kamal Abdullanın bu romanı postmodernist nəzəriyyədə metafiction (metaproza, türkcə desək, üstkurmaca) deyilən texnika ilə yazılıb. Mən burada ona metafiksiya deyəcəyəm.

Metafiksiya modernist əsərlərdə də istifadə edilib, amma modernistlər bunu tərəfsizliyi, inandırıcılığı artırmaq üçün istifadə etsə də, postmodernistlər əksinə, əsərin qurulmuş, hörülmüş olduğuna işarə etmək üçün istifadə ediblər. Modernist əsərdə başqa bir əsərə aid ünsürdən istifadə edilsə də, bu, simmetriya yaratmaq, əsəri gücləndirmək üçün edilir, lakin postmodern əsərlərdə pastiş-parodiyadan istifadə etməkdə məqsəd, əksinə, assimmetriklik, əsərin qurulmuş olmasına eyham vurmaqdır. Metafiksiya romanın necə əmələ gəlməsinin hekayəsidir. Burada yazıçı romanın təhkiyəçisinə başqa bir təhkiyəçidən bəhs etdirir, beləcə, oxucu ilə aradakı məsafəni bir qat da artırmış olur, yəni romanda əsas xətdən başqa, bir hekayə də olur və bu miniatür hekayə bizə romanda oxuduqlarımızın necə öyrənilməsi, yazılmasıyla bağlı işarələr verir. Metafiksiya effekti yaratmaq üçün bir neçə metoddan danışmaq olar:

- Romanın içində başqa romanın yazılması;

- Romanın içində yazılmaqda olan, yaxud artıq bir romanın müzakirə olunması;

- Personajların başqa əsərlərdən bəhs etməsi və bu  oxuduğumuz romanın haqqında danışdığı əsərlərdən fərqli olaraq "guya real" olması illüziyasını yaratması.

- Romanın təkcə başqa mətnlərlə intertekstual yox, eyni zamanda başqa sənət sahələriylə intersemiotik əlaqə qurması.

Burada mütləq mənada Alen Rob Qriyeni və Andre Jidi yad etməliyik, çünki Jidin heraldika (gerblər, emblemlər haqqında elm) sənətindən dartıb çıxardığı  "mise en abyme" (miz en abim - kimi oxunur) adı verilən metodu öz əsərlərində ən çox istifadə edən Qriye olub və bu metod metafiksiyanın bu bəndini izah etmək üçün xarakterikdir. Bu metodu daha anlaşıqlı etmək üçün çox istifadə olunmuş, məşhur bir analogiyanı təkrar edək. Reklamlarda körpələr üçün qida məhsullarını çox görmüsünüz. Onların üstündə eynən reklam olunan məhsulun şəkli olur, o şəklin içində də həmin məhsulun balaca şəkli, beləliklə, bu şəkillər mozaikası sonsuzluğa qədər uzanır. Eyni effekt iki güzgü arasındakı hər hansı nəsnə üçün də keçərlidir. Bu fənd romanlarda əsərin əsas mövzusunun içinə o mövzuya oxşayan başqa mini-hekayə yerləşdirilərək tətbiq edilir. Yazıçı bu hekayələrə tez-tez qayıtmaqla elə bir effekt, elə illüziya yaradır ki, oxucu bilmir, bu hekayələrdən hansı gerçəkdir.

Elnarə Akimova: - Əsərin metafiksiya texnikası əsasında yazılmasını bəlirləyən hansı nişanələr var?

Qismət: - Kamal Abdullanın romanı həm adından ("Bir romanın "gerçək tarixçəsi"), həm də elə ilk səhifələrindən özünün metafiksiya olmasını nişan verir: "Qələmi ələ alıb səhifə-səhifə uydurma uydurmaq, özü də elə uydurmaq ki, mətnin ən uzaq hissələri bir-birini təkzib etməsin, bir-birilə həmahəng şəkildə qaynayıb-qarışsın...".

Bu məqamda romanla bağlı vacib bir məqama keçid etmək olar. Bu roman bizə artıq tanış olan "Yarımçıq əlyazma" adlı romanın necə yazılmasından bəhs etsə də, buradakı personajları, hadisələri avtobioqrafik hesab etmək olmaz. Çünki metafiksiyanın əsas xüsusiyyəti fasiləsiz şəkildə, Brextin diliylə desək, oxucu ilə müəllif arasındakı "dördüncü divarı" dağıtmaq, mətnin oyun tərəfini qabartmaq və bu yolla oxucunu bioqrafiya detektivliyindən çıxarıb düşüncə məkanına çağırmaqdır.

Kamal Abdulla yazanda ki, "Bağdadilər, Təbrizilər, Dərdəçarələr, Səyyahlar, daha kimlər bu həyatda olmamışdılar, amma onun mətnində onlar artıq var idilər..." adamın yadına görkəmli Portuqaliya yazıçısı Joze Saramaqo düşür, o, belə deyirdi: "Yazıçılar bədii əsərlərində yaratdıqları personajlar vasitəsilə dünya əhalisinin sayını artırır".

Elnarə Akimova: - Belə də demək olar, yazıçı bununla paralel dünyaların hər birində, alternativ gerçəklərdə rastlaşa biləcəyimiz invariantı tanımaq şansı verir. Bunu onun oxucu amilinə münasibətinə də şamil etmək olar. Konkret potensial oxucudan başqa, mətnin içinə aldığı qeyri-müəyyən adresat da yox deyil.

Qismət: - Bəli. Kamal Abdulla roman boyu davam edən bir motivi (tanış lüğət içindəki yad ünsürü) romanın bir yerində əyaniləşdirir. Romanın bir yerində Vaqif ilə Firəngiz hələ aeroport yolunda olarkən, hələ personajlar getdikləri ünvana çatmamış, müəllifin kamerası maşından uzaqlaşaraq bizi bir azdan qəhrəmanlarımız gəlib çatacağı dəniz kənarındakı "Şəbəkə" restoranına aparır və orada iki nəfər - cavan və yaşlı kişi görürük. Müəllif xüsusi vurğu ilə "kənardan baxan onları bir adam kimi görərdilər" - deyir. Məncə, bu, Borxesin "Özgə" və müəllifin öz "Adaşlar" hekayəsinə üstüörtülü eyhamdır. "Şəbəkə"də görüşən hələ "Yarımçıq əlyazma" romanını yazmamış Kamal Abdulla ilə artıq bu romanı yazmış Kamal Abdulladır.

Elnarə Akimova: - Əsərdəki təhkiyə ritmini əhatə edən, roman müstəvisini qurub dağıdan, qəhrəmanın altşüuruna açılan dil enerjisi, ifadə tonallığı məsələlərinə də diqqət yönəldək.

Vaqif Nəsib: - Ən böyük dilçilərimizdən olan Kamalın bu romanda ideologiya, kontekst, intervü, proyekt, kiosk, aeroport, multfilm, anekdot, normal və s. sözləri işlətməsindən narahatlıq keçirirəm. Romanın ilk abzasının əvvəlinə bir şəxs əvəzliyi "O" qoyulmasını, əsərin qəhrəmanının mükaliməsinə sahib çıxmasını arzulayıram.

Bəzi cümlələr mənə anlaşılmaz gəldi. Onlara nəzər salmasını arzulayıram. Məsələn, "Bu yana Firəngiz öz otağında, divana uzanaraq hər iki əliylə bərk-bərk sinəsinə sıxdığı kitabı oxuyurdu" (səh.33); "Həsənağanın teatrda masasının gözündən çıxarıb, heç bir səbəb olmadan ürək genişliyinə ona bağışladığı xarici konyak şüşəsini..."  (səh.41); "Bir adamın ki ağzı at kimi ola..." (səh.49); "Firəngiz Vaqifin anlamadığı bu sözləri halsız şəkildə, yuxulu-yuxulu, pıçıldaya-pıçıldaya..." (səh.58); "Firəngiz yavaş səslə xısın-xısın, amma ürəkdən güldü" (xısın-xısın ağlayırlar, bəlkə kişmişi-kişmişi) (səh. 66). Bu qədər. Kamalı yeni əsəri və inamı ilə alqışlayıram!

Yeri gəlmişkən, "Kulis.az" saytında roman haqqında (hətta onun adına da əl gəzdirilmiş) bir yazı oxudum. Qələm yoldaşım Aqşin Yeniseyin  olduqca səriştəli və mükəmməl yazılmış yazısı, nədənsə, bir zamanlar mənə redaktəsi tapşırılmış bir tərcüməni xatırlatdı. (Mərhum böyük şərqşünas Ziya Bünyadov Füzulinin fəlsəfi traktatını dilimizə çevirmişdi). Ona o zaman üzrxahlığımı həmin şəkildə bildirdim. Bu əsər hələlik Ziya Bünyadov səviyyəli aydınlarımız üçündü. Geniş oxucu kütləsinin poçt qutuları üçün deyil.

Aqşinin yazısı məndə Qorqudşünas alimimizə və onun qəhrəmanı elmi işçiyə ünvanlandığı təəssüratı yaratdı. Yazıda sanki intellekt nümayişinə daha çox yer verilməsini, romana bələdçi kimi (onun sayrışmalar kimi məziyyətlərindən konkret söz açmalarından) qaçılmasını hiss elədim.

Nargis: - Bu məsələdə mən hörmətli yazıçımız Vaqif Nəsibdən fərqli düşünürəm. Kamal Abdulla yaradıcılığında izlənilən bu cür dil  faktları yenilikdir. Bir başqalarına oxşamır. Burada elm və yazar təxəyyülü birləşib. Dərin ədəbiyyatşünaslıq bilgisi, dil qanunlarını mükəmməl mənimsəmək əsas rol oynayıb. Yazarın istifadə etdiyi dillə xüsusi şəkildə davranmaq cəhdləri, dil enerjisi və bunun uğurlu əksi imkan verir ki, artıq yazıçının formalaşdırdığı üslubunu digərlərindən seçib ayırasan. Kamal Abdullanın əsərlərindəki danışan,  əsəri nağıl edən şəxs usta priyomlarla bir çox dəfə dəyişdirilir. Kamal Abdullanın əsərlərində nağıl edənlərin səsi eşidilir, sadəcə bu imkan verir ki, onları ayırasan. Və təbii ki, nağıl edənin istifadə etdiyi dil imkanları... Postmodernistlərə görə, rasionallıqdan uzaq, qurğunun ön plana çəkildiyi, hipergerçəkliyin müdafiə olunduğu virtual bir kainat içərisində artıq nə fərd, nə də fayda mərkəzdədir. Mütləq olan dilin özüdür. Roman müstəvisini qurub dağıdan, qəhrəmanın altşüuruna açılan dil sferası da elə bu konsepsiya üzərində şaxələnir, inkişaf edir və  bir çox fərqli sona yelkən açır.

"Postmodern vəziyyət" kitabında müəllif Lyotard, Wittgensteindən təsirləndiyi dil oyunlarını inkişaf etdirərək onların  əksəriyyətini qəbul olunan  hesab edir və müxtəlifliyinə diqqət çəkir. Lyotardın fikrincə, postmodern vəziyyət həm  maddi şəraitdəki dəyişiklikləri, həm də intellektual sahədə fasilələri əhatə edən bir prosesdir. Göründüyü kimi, Kamal Abdulla yaradıcılığı postmodernistlərin ilkin nəzəriyyəçilərindən tutmuş, son tədqiqatçılarınadək "dil əsasdır" prinsipi ilə paralellik təşkil edir. Oxucuya informasiyanı ötürən qəhrəman yox, hekayənin dil qurğusudur, hekayədə qəhrəman yox, mahiyyət qavranılmağa çalışılır. "Mətnə daxil olan oxucu kodları obrazlarla açır; obrazın özünün də bəzən özünə məlum olmayan kodunu açmağa çalışır".

Postmodern romanda personajlar fərdi problemləri, daxili müxtəliflikləri ilə romanın mərkəzində oturmurlar. Klassik romanda mərkəzi şəxsə verilən imtiyazlar postmodern romanda mümkün qədər azalır. Belə romanlarda məqsəd dildir,  mətnin özüdür. Məsələn, Derrida bir mətnin içinə baxır, bir mətnin digəri ilə izahını göstərir. O, təhlillərini "Mövcudiyyət fəlsəfəsi" (philosophy of mood saat), "sözmərkəzcilik" (logocentrism) və "səsmərkəzcilik" (phonocerntrism) anlayışları  çərçivəsində aparır.

Qismət: - Postmodern mətnlər konkret bir təhkiyə növündə israr etməyi sevmir, romançı istədiyi növə rahatlıqla keçə bilər. Məşhur ədəbiyyatşünas Lesli Fidler ötən əsrdə özünün "Sərhədləri keçin, xəndəkləri doldurun" ("Cross the border, close the gap") essesində yazırdı ki, intellektual, akademik, yüksək sənət nümunəsi sayılan mətnlər ilə daha populyar, kütləvi janrlar arasındakı uçurumları götürmək vaxtı çatıb. Bu, postmodernizmin qeyri-rəsmi manifestlərindən biri sayılır. Kamal Abdulla da "Bir romanın "gerçək" tarixçəsi"ndə zahirən ayrı dünyaların insanı olan, müəyyən məqama qədər müvəqqəti münasibət təsiri bağışlayan Vaqiflə Firəngizin sevgisindən bəhs edən, belə deyək ki, populyar məhəbbət romanı ilə özünün akademik "Dədə Qorqud" araşdırmalarını bir mətndə görüşdürür.   

Postmodernizm dilin konkret olmasına inanmır, dilin gerçəkliyi tam təmsil və təsvir edə biləcəyini inkar edir, buna görə də əsərlərdə dil oyunlarına gedir. Dil oyunları vasitəsilə postmodern əsərlərin vektoru real həyatla yanaşı, həm də intertekstual dünyadır. Bu rakursdan baxanda Kamal Abdullanın roman boyu "bir-iki - bizimki" deyimiylə oynaması, onun sırasını dəyişdirməsi maraqlıdır.

İtalo Kalvinonun "Əgər bir qış gecəsi bir səyyah..." romanındakı Kişi və Qadın oxucunun əsər boyu təkcə fiziki yox, həm də intellektual mənada bir-birlərinə doğru gəlməsi kimi, Kamal Abdullanın Vaqiflə Firəngizi də bir-birinin yanında olsalar da, uzaqdadırlar, sonra Firəngizin də Kitabı oxuması ilə bu ruhani məsafə qapanır, dastanın kişi tərəfiylə qadın tərəfi birləşir. Kalvinonun romanı on yarımçıq romanın ardınca düşüb bir-birinin tapan Qadın və Kişi oxucudan, üstəlik, heç bir təhkiyənin yekunlaşmayıb sonsuzluğa qədər davam etməsindən bəhs etməsi kimi, Kamal  Abdullanın romanı da hələ yazılmamış "Yarımçıq əlyazma"dan və bu roman yazıldıqca öz romanları da inkişaf edən Qadın və Kişi oxucudan bəhs edir. Kamal Abdulla oxucumərkəzli nəzəriyyələr dünyasında oxucunu təkcə ehtimal edilən, mətndən kənarda olan hipotetik varlıq kimi təsəvvür etmir, onu həm də personaj kimi mətnə daxil edir. Beləliklə, mətn oxunmağa öz içindən başlayır.

Romanın "Sevilya. "Alkasar" qəsri" hissəsində maraqlı bir pasajla qarşılaşırıq. Bu hissədə müəllif yazır ki, "otaqların birində qəflətən qəribə bir mənzərə ilə qarşılaşdım". Bu qəribə mənzərədə latın dilində yazılmış və rəngi getmiş bir divar yazısının altından boylanan başqa bir yazı görünür. Alt qatdakı yazı ərəb əlifbasındadır. Müəllif bu hissədə postmodern ədəbiyyatda məşhur olan başqa bir anlayışı əyaniləşdirir. Buna sənətşünaslıqda palimpsest deyirlər. Palimpsest - latın dilində, "yenidən qazılmış" deməkdir, yəni yeninin silinib getməyən köhnənin üstünə yazılaraq qatbaqat olduğu həqiqətlər toplusu. İç-içə keçmiş matryoşkalar, yaxud ədəbi kinder sürprizlər! Tarixin bağrı bir zəlzələ ilə (roman içində yazılmaqda olan romanda bundan bəhs olunur) yarılanda orda mənalar sayrışmağa başlayır, süjetlər kəhkəşanı ortaya çıxır.

Elnarə Akimova: - Kamal Abdulla  oyun estetikası işləməklə bizi asanlıqla bir zamandan digərinə apara bilir. Daha dəqiq desək, bir mədəni əyyamdan digərinə keçid edir. Sanki bütövlük ölçüsü axtarılır.

Qismət: - Əsərin bir neçə yerində "bu, bir oyun idi" və ya "bu oyun ona başqa bir oyunu xatırlatdı" kimi cümlələr təkrarlanır, xüsusi şəkildə vurğulanır. Elə bilirəm, "oyun"dan danışıb, Yohan Heyzinqanı və onun məşhur "Homo Ludens" (Oyun oynayan insan) araşdırmasını yad etmək yerinə düşər. Heyzinqanın kitabının alt başlığı belədir: "Oyunun ictimai funksiyası haqqında". Heyzinqa bu kitabında belə bir tezisdən çıxış edir ki, oyun təkamül edib mədəniyyətə çevrilmir, mədəniyyət elə oyun kimi doğulur və o, əvvəldən bəri oynanılan şeydir. Heyzinqa onu da deyir ki, oyun əmrlə baş tutmur deyə, canında azadlıq var və buna görə də zövq verir. Kamal Abdullanın mətnində bu düşüncəyə çoxsaylı allüziyalar var, əlbəttə, özünəməxsus formada.

Nargis: - Qismətin qeyd etdiyi kimi, "Laokoon, Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" adlı romanda hər şey bir-birilə paralellik və vəhdət içərisindədir. Romanın labirintlərində gəzişdikcə sanki "Yarımçıq əlyazma"nın səhifələri ilə qarşılaşırdım. Bu səhifələr notlarla, maraqlı fikirlərlə, romanın ilk nüsxələrinə göndərmələrlə doludur... Basat Banuçiçəyi sevirdimi? Banuçiçək yalnızca Beyrəyi sevirdi. Bəs kafir qızı? Necə oldu ki, eşqini qəlbinə gömüb taleyi ilə barışdı? Sirr axı haradadır?

Bütün mistik qatlar və simulyasiyalar; yaşanmış zaman, tarix, mifologiya və təxəyyül bir-birinə qarışmışdır. Romandakı fantastikanı sanki hər zaman və məkanı gəzən və orbitindən kənara sayrışan sirli bir ağıl qurur... Mətn deyir ki...mənə şübhə duyma, gəl mənə inan... Bax belə də ola bilər... Bəlkə də elə belədir? Yazar üzündə düşüncəli təbəssümlə tam da elə bu anda sakitcə pıçıldayır: - "Əgər bu sonuncu Beyrək dəxi biz tanıdığımızdırsa, o zaman "Bayburd bəyinin bikr qızı"nı biz mətnin harasında gizlədək?! Hər Beyrəyi görməyə gəldiyində onu "şən, deyib-gülən gördüyünü" hara yazaq?!".

Belə labirintvari mətnlərin yazarını, görəsən, görə bilən neçə nəfərdir?

Elnarə Akimova: - Yeri gəlmişkən, Tehran Əlişanoğlu romanla bağlı ötən müzakirəmizdə qeyd etmişdi ki, "Bir romanın "gerçək" yazılma tarixçəsi" qədər gerçəyi ifadə etməsinə baxmayaraq, yazıçı-alim Vaqifin versiyası bir oxucu kimi mənə o qədər də qənaətbəxş  görünmədi. Məncə, "Yarımçıq əlyazma" Azərbaycan ədəbiyyatında böyük hadisədir; belə hadisələrin yaranma, meydana çıxma amilləri bir deyil, daha da çox olur... "Laokoon..." bir düyün nöqtəsi kimi bu baxımdan cavablardan çox suallar yaradır".

Qismət: - Kamal Abdulla bu romanıyla, əslində, riskə gedib. Çünki məşhur "Yarımçıq əlyazma"nın yazılma prosesindən bəhs edən bu yeni roman əvvəl yazılan əsərin kölgəsində qala bilərdi. Ancaq o, bu romanı müstəqil əsər statusuna qaldırıb, məncə, əgər "Bir romanın "gerçək" tarixçəsi" əsəri "Yarımçıq əlyazma"dan əvvəl yazılsaydı da, biz bu əsəri yenə maraqla oxuyardıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!