"Varislər"in bugünkü qonağı milli teatr və kino sənətimizin unudulmaz simalarından biri, yaratdığı obrazlarla yaddaşımızı öz unudulmaz səsi, bəxş etdiyi gülüşü ilə oyadan, hər zaman sevgi ilə xatırlanan, vəfatından 48 il keçsə də, sevilən, unudulmayan Azərbaycanın Xalq artisti Lütfəli Abdullayevin qızı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar artist, Azərbaycan Dövlət Xor Kapellasının direktoru Xurşid xanım Abdullayevadır.
Hər kəsin sevdiyi insan
Onu hamı sevirdi, çünki o öz sənəti ilə hamıya gülüş bəxş edirdi. Onu hamı sevirdi, çünki bu insan dünyaya yaxşılıq etmək üçün gəlmişdi...
1914-cü ilin yazında Nuxada (indiki Şəkidə) xalça və at taciri Əmir kişinin ailəsində anadan olmuşdu. Bolşevik hakimiyyətinə qədər böyük imkan sahibi olmuşdu Əmir kişi, sovetlər onun bütün var-dövlətini əlindən aldılar və o bu hökuməti həmişə lənətlədi. Bunun hirsini, qəzəbini ailəsindən çıxan keçmiş tacir heç vaxt sovet hökuməti üçün işləmədi. Ailənin bütün yükünü çəkməyə məcbur olan Gülarə xanım - Lütfəli Abdullayevin anası - xeyir-şər məclislərə yemək bişirməyə, qadın məclislərini aparmağa dəvət olunur, ailəni birtəhər dolandırmağa çalışırdı. Ailənin böyük maddi çətinliklər içində yaşadığını görən 14 yaşlı Lütfəli öz ayaqları üstə durmağı qarşısına məqsəd qoyub, aktyor olmaq eşqilə Bakıya üz tutdu. Hələ Şəkidə yaşadığı illərdə həvəskar dram dərnəklərinə qatılır, kiçik səhnəciklərdə rollar alırdı. Az sonra bütün Azərbaycan onun böyük uğurlarından, yaratdığı obrazlardan danışacaqdı...
Unudulmaz Lütfəli Abdullayevin varisi Xurşid xanımla bir vaxtlar böyük sənətkarımızın yaşadığı evdə görüşdük. Bu ev mənə həm də Lütfəli müəllimin xanımı, unudulmaz müəllimim, böyük ziyalı Sevda xanım Pepinova ilə də doğmadır.
"Təkcə məni ağladan adam..."
- Xurşid xanım, bu gün Lütfəli müəllimdən danışacağıq...
- Təkcə bu günmü? Mən hər gün, hər saat ondan danışıram, onunla danışıram. Hər kəsə gülüş bəxş edən adam, bəlkə də həyatda təkcə məni kədərləndirə, gözlərimi yaşarda bilir. Gəldiyiniz üçün çox sağ olun.
- Xurşid xanım, eşitdiyimə görə, Lütfəli Abdullayev evdən küsdüyü üçün 14 yaşında Bakıya üz tutub.
- Küsüb deyəndə, atasının əlini ağdan-qaraya vurmadığını görüb, evdə oturub ana əlinə baxmağı özünə sığışdırmayıb. Atasının bu davranışı ilə barışmayıb və heç vaxt ata-oğul yola getməyiblər. O ərəfədə Azərbaycan Dövlət Dram Teatrı Şəkidə qastrolda olub, atam onların tamaşalarına baxıb, artıq özü də Şəkidəki həvəskar dram kollektivlərinin məşqlərinə qatılır, kiçik rollarda səhnəyə çıxırdı. Yaxınlaşıb Bakıdan gələn aktyorlardan birinə - mən də aktyor olmaq istəyirəm - deyib. Məsləhət görüblər ki, bunun üçün Bakıya gəlib təhsil almalıdır. 14 yaşı olub o vaxt. Şələ-küləsini yığışdırıb, gəlib Bakıya və sonrakı bütün taleyi Bakı ilə bağlı olub.
Nağıl kimi eşq
- Başa düşürəm, onun haqqında danışmaq sizə çox ağır olur, amma bu gün çalışacağam söhbətimiz nikbin notlar üzərində davam eləsin. Çünki söhbət Lütfəli Abdullayevdən gedir, fiziki yoxluğundan uzun illər ötsə belə, adı çəkiləndə üzümüzdə təbəssüm yarada bilən insandan. Ananız Sevda xanım Pepinova İncəsənət Universitetində mənim alman dili müəllimim olub, dərsini yaxşı öyrənə biməsəm də (çünki orta məktəbdə fransız dili keçmişdim), aramızda çox səmimi münasibət vardı. Onların sevgisi haqqında çox danışırdılar. Təxminən 15 il bir-birlərini sevdikdən sonra ailə qurublar.
- Onların çox maraqlı tanışlıq tarixçəsi olub. Demək, müharibə illərində incəsənət adamlarına xüsusi yeməkxanada nahar etmək üçün kartoçka veriblər. Sevda xanımın anası Həsən bəy Ağayevin qızı Xurşid xanım Cümhuriyyət dövrü kabinetdə təmsil olunan Əhməd bəy Pepinovla ailə qurmuşdu. Repressiya illərində Əhməd bəyin çox acınacaqlı taleyi oldu, məncə, bu, ayrıca söhbətin mövzusudur. Xurşid xanım Azərbaycanın ilk peşəkar muşiqişünası, istedadlı pianoçu, Əməkdar incəsənət xadimi olub, ona verilən kartoçkanı qızına verib ki, getsin nahar eləsin. Atam da həmin yeməkxanada nahar edirmiş. Orada tanış olublar. Sonra atamın ən yaxın dostu Şəmsi Bədəlbəyli ilə elçiliyə gediblər, Xurşid xanım atamın Musiqili Komediya Teatrında işlədiyini eşidəndə dodaq büzüb, qızı verməyib. Atam fikrindən dönməyib. Elə elçilikdən çıxanda Şəmsi əmiyə deyib ki, gün gələcək özü qızı verəcək mənə. Elə də olub. Hətta bir gün anama iki bilet verib, onu tamaşaya dəvət edib. Az qala bütün Abdullayevləri də teatra yığıb ki, baxın, mən bu qızı sevirəm, onunla evlənəcəyəm.
Cəmi üç ay sürən ailə həyatı
- Amma ananız Sevda xanım Lütfəli müəllimlə ailə qurana qədər qısa müddət rus ordusunun zabiti, polkovnik Hacımurad İbrahimli ilə evli olub.
- Hə, cəmi 3 ay. Mən Moskvada Hacımuradla görüşmüşdüm, çox yaraşıqlı, ucaboy adam idi. Sonradan anama yazdığı məktubları oxudum, dəhşətə gəldim, əsl romantik, sevgi şeirləri... çox sevib anamı, amma sevgi qarşılıqlı olmalıdır. Anam deyir, elə evliliyimizin ilk günlərində başa düşdüm ki, bu adamla ailə bağlarımız alınmayacaq. 3 aydan sonra qayıtmışdı anasının evinə, çünki o da atamı sevirdi. Nənəm Xurşid xanım inandından dönmür, anamla-atam isə gözləyirdilər.
Hacımurad elə güman edirmiş ki, anam nə vaxtsa geri qayıdacaq, ona görə də boşanmaya razılıq vermirdi. Bir gün təsadüfən atamla anam küçədə rastlaşırlar. Atam həmin görüşdə Hacımuradın boşanmaya razılıq vermədiyini eşidir. Məhkəmə Hacımuradın tərəfini saxlayırmış. O vaxt artıq atam respublikada çox məşhurlaşmışdı, Stalin mükafatı almışdı, "Arşın mal alan" filmi bütün dünyanı gəzirdi. Atam elə orada anamın qolundan tutub, gediblər boşanma qərarı çıxartmaq istəməyən məhkəməyə, yarım saatın içində atam boşanma qərarını alıb, verib anama. Anam evə gəlib, qərarı Xurşid xanıma göstərib, qadın gözlərinə inanmayıb, anam məsələni açıb deyib ki, Lütfəli yarım saata həll elədi işi. Xurşid xanım başa düşüb ki, taledən qaçmaq olmayacaq. Deyib, xəbər elə, elçilərini göndərsin. Yəni sonunda atamın dediyi kimi olub.
Qayınanası nəyə görə onların toyuna gəlmədi?
Bu evdə toy məclisi qurulub, Xurşid xanım inadından toya gəlməyib. Toyun səhəri anam atamın geyinib harasa hazırlaşdığını görüb və soruşub, hara gedirsən, deyib gedim görüm Xurşid necədir? Toya da gəlmədi, narahat oldum. O vaxt atamın "Pobeda" maşını vardı, maşınla gedib Xurşid xanımgilə və hərəkəti ilə nənəmi tam şoka salıb. Sonradan onların arasında çox isti münasibət olub, Xurşid xanım son nəfəsinə qədər atamdan halallıq istəmişdi.
- Maraqlı taledir. Əsl sevgi hekayəsidir. Mən Lütfəli müəllimin maşın sürdüyünü bilmirdim.
- Sürə bilirdi, amma daha çox sürücünün yanında oturmaqdan zövq alırdı.
- Mən bilən, sürücülərindən birinin sonradan sənətə gəlməsində böyük rolu olub.
- Hə... yəqin, Bəşir əmini deyirsiniz. Onların çox yaxın dostluğu vardı. Bəşir əmi atama qardaş kimi münasibət göstərirdi. İlk sürücülərindən biri olmuşdu. Bəşir əminin dünyadan cavan getməsi çox sarsıtmışdı atamı. Allah rəhmət eləsin.
Onun sürücüsü də məşhur aktyor idi
- Lütfəli Adullayevin macərapərəst olduğunu deyirlər. Özü üçün həmişə nəsə bir iş tapırmış. Küçədə gördüyü bir kimsəsizə qucaq aça bilən, oğrunu evinə gətirən biri olduğunu deyirdilər. Hətta Sevda xanım da onun bu xasiyyətinə görə narazılıq edirmiş. Sizin bir malakan dayəniz olub, deyəsən...
- O, çox rəhmli adam idi, özü çox əziyyət çəkmişdi deyə, kimsənin əziyyət çəkdiyini görəndə sarsılırdı. Bir gün işdən gələndə parkda 13-14 yaşlı rus qızı görür. Səliqəsiz, pis gündə qızcığaz. Atam rus dilində çətinliklə danışırdı, nəsə qızın iş axtardığını öyrənib. Götürüb gətirib evə. Əlbəttə, anam vasvası adam idi, bu da bitin-sirkənin içində, kim olsa, narazılıq edər, amma Lütfəlinin verdiyi qərar müzakirə olunmurdu. Bunu yuyundurublar, əyin-baş alıblar və qız bizdə qalıb. Bir müddət sonra deyib ki, evimə getmək istəyirəm. Atam maşına qoyub aparıb onu Altıağaca. Beləcə, hər iki-üç ayda bir dəfə Altıağacdan operator evimizə zəng vurub xəbər verirdi ki, Dusya deyir, gəlib məni aparsınlar. Atam da maşınla gedib gətirirdi onu. Sonra o Dusya bizim dayəmiz, ailəmizin bir parçası oldu. Bu evin təmir olunması üçün ustaları bir il gözləmişdik. Ustalardan biri görüb Disya rusdur, qulluqçudur, nəsə artıq hərəkət eləmişdi ona qarşı, dayə də bunu atama demişdi. İti qovan kimi qovdu onları, nə qədər üzrxahlıq eləsələr də, olmadı, anam dil tökdü olmadı. Elə adam idi. Çünki artıq Dusya ailənin bir fərdi idi onun üçün. Dusya bütün ömrünü bizə həsr elədi. Atam imkan vermirdi kimsə onun xətrinə dəysin. Duysa son nəfəsində də atamı xatırlayıb ağlayırdı.
- Söhbətin əvvəlində dediyim kimi, bu gün söhbətimiz sadəcə nikbin notda qurulacaq. Biz onu daha yaxından tanımaq istəyirik. Aktyor kimi lentləri qalıb, kadrlar qalıb, amma oxucularımız üçün Lütfəli Abdullayevin bir insan kimi portretini yaratmaq istəyirəm. Bir az onun dostlarından danışaq.
"Onların çoxu əxlaqsızdır"
- Dostları... Əslində, dostu çox idi də demək olar, amma ürək dostu bir-iki nəfər ola, olmaya. Təbii, onların başında Şəmsi əmi (Bədəlbəyli) dururdu, Bəşir Səfəroğlu və o dövrün cavanlarından bircə Siyavuş Aslanın evə gələməyə limiti vardı. Atam özü aktyorların arasında, sənətin içində olsa da, o mühitə münasibəti fərqli idi, söz düşəndə deyirdi ki, onların çoxu əxlaqsızdır. Bu evdə həftənin 3-4 günü məclis qurulurdu. Xoşlayırdı qonaq-qara qəbul etməyi. Biz də qonaq gedirdik. Bacım Gülnarə az qala Şəmsi əmigildə böyüyürdü. Çox yaxşı zarafatları vardı. Siyavuş Aslan isə atama büt kimi baxırdı. Aralarında 21 yaş fərq vardı, ata-oğul idilər az qala.
- Xurşid xanım, Şəmsi müəllimdən söz düşmüşkən, bir hədiyyə məsələsi olub, bir neçə il dalbadal gah sizdə, gah da Şəmsi müəllimgildə gəzən hədiyyə. Olub elə bir şey?
- (Gülür). Olub, əlbəttə. O vaxt yaxşı hədiyyə tapmaq çox çətin idi. Şəmsi əmi fevralın 23-də, atam isə martın 22-də anadan olub, yəni ad günləri arasında bir aya yaxın ara var. Şəmsi əminin növbəti ad günü ərəfəsində atam yaxşı bir kişi üzqırxan dəsti almışdı, az tapılan bir şey idi. Elə qutusu nəyə desən dəyərdi. Fevralın 23-də atam hədiyyəsini Şəmsi əmiyə verir. Bir aydan sonra növbə Şəmsi əmiyə çatır, o da layiqli bir şey axtarır və evdəki hədiyyənin atamdan aldığını unudub, elə həmin dəsti atama bağışlayır. Atam üzə vurmur və fikirləşir, yəqin, Şəmsi əmi onunla zarafat edir.
Geri qayıdan hədiyyə
Hədiyyə qalır evdə, bir ildən sonra atam yenə həmin qutunu Şəmsi əmiyə bağışlayır. Bu dəfə yəqin, Şəmsi əmi atamın onunla zarafat etdiyini fikirləşir və beləcə, düz beş il hədiyyə gah bizə, gah da onlara yol ölçür. Axırda Şəmsi əminin həyat yoldaşı Leyla xanım bezib, həmin hədiyyəni tamam başqa bir adama bağışladı, bizim də o qutudan canımız qurtardı.
- Çox maraqlıdır. Lütfəli Abdullayev evdə necə idi? Səhnədə, ekranda hamıya gülüş bəxş edən insan, evdə ailəsinə də o gülüşü bəxş edə bilirdimi?
- Əlbəttə, çox səmimi adam idi, amma səhnə, aktyorluq həyatı ilə ailə həyatı arasında kəskin fərq vardı. Əvvəla, iş söhbətləri evdə müzakirə olunmurdu. Evə gələndə artıq bilirdik ovqatı necədir. Məsələn, "Şəmsi zəng vurmuşdu?" - soruşursa, demək kefi yaxşıdır, yox, əgər: "Şəmsi Bədəloviç zəng vurmuşdu?" - deyirsə, demək işdə aralarında nəsə olub. Elə idi onlar, arasından su keçməyən iki qardaş, iki dost və həm də bir-birilə ən çox mübahisə edən, iki iş yoldaşı. İnciklikləri ancaq saatla ölçülə bilərdi, kimsə digərini gözləmirdi, zəng vurub zarafatlaşırdılar, hər şey unudulurdu. Evdə bizim ciddi olmağımızı istəyirdi. Yəni hər şey qədərində olmalıydı. Bizimlə - ailəsi ilə nəfəs alırdı.
"Anamı pərt elədi"
Qəti şitlik sevmirdi. Bir dəfə necə olubsa, anam ona lətifə danışıb, atam pərt eləmişdi onu: "Sənə yaraşdırmıram", - demişdi. Anam dərsini almışdı bu sözdən. Bizi də başa salmışdı ki, şitlik olmaz. Yəni səhnədə nə qədər şux, nə qədər baməzə olsa da, ailədə çox ciddi idi. Əlbəttə, yeri düşəndə hazırcavab, zarafatcıl idi, amma əndazəni keçmirdi.
- Xurşid xanım, atanızı çox erkən itirdiniz, ölümündən sonra onun qızı olmaq sizə haradasa kömək etdimi? Hansısa çətinliklə qarşılaşdığınız zaman onun adından istifadə etdinizmi nə vaxtsa?
- Mən harda gəldi Lütfəli Abdullayevin qızıyam deyib, özümü gözə soxan adam deyiləm. Tanıyanlar olur, əlbəttə, o dəqiqə münasibəti hiss edirəm və atama olan sevginin, hörmətin hələ də unudulmadığını görürəm, ürəyimdə sevinirəm. Sizə bir əhvalat danışım. Ustad dərsi almaq və festivalda iştirak etmək üçün Birləşmiş Krallığa 40 günlük səfərə getmişdim.
Cibgirin qaytardığı pulqabı
Mənim ixtisasım klavisindir və Azərbaycanda, demək olar ki, tək peşəkar klavisin ustasıyam. İşimdə ciddi adamam, hər şeyi dəqiqliyi ilə, peşəkarlıqla öyrənmək istəyirəm. Odur ki, rektorumuz Fərhad Bədəlbəylinin köməyi ilə Londona, oradan Uelsə getdim. Maraqlı xatirələr oldu, yaxşı rəy aldım, çox sevindim. Açığı, gedəndə bir qədər tərəddüd edirdim, özümə inanmırdım, amma ifa tərzim yüksək səviyyədə qəbul edildi, hətta etimad göstərib yekun konsertdə mənim ifa etməyimi təkid etdilər. Nə isə, Uelsdən xatirə olaraq özümə yaxşı pulqabı almışdım. Bir gün Nəsimi bazarında çantamı ülgüclə kəsib, pulqabını oğurladılar. İçində pul az idi, ona görə yox, sənədlərimə, atamın şəklinə və bir də maraqlı bir səfərdən qalan yeganə xatirəyə görə sarsılmışdım. Anam məni ovudurdu. Bir gün evə Nəsimi bazarının müdiri zəng vurdu, "Lütfəli Abdullayevin evidir?" soruşdu. Sonra dedi ki, sizin pulqabınızı 4 gün əvvəl kimsə mənim qapımın ağzına qoyub gedib. Təsəvvür edirsiniz, heç nəyə toxunmamışdılar. İçərisində xidməti vəsiqəm vardı, adım, soyadım yazılmış, bir də atamın şəkli. Oğru hər kim olubsa, atamın şəklini görüb, vəsiqəyə baxıb "Abdullayeva Xurşid Lütfəli qızı" olduğumu anlayıb, pulqabını bazarkomun qapısına qoyub qaçıb. Ev nömrəmizi axtardıqları üçün 4 gün çəkmişdi pulqabının geri qayıtması. Yəni cibgir də Lütfəli Abdullayevin xatirəsini əziz tutub.
Nədir axı bu klavisin?
- Bir qədər əvvəl klavisindən danışdınız, mənə maraqlı gəldi. Nadir alətdir, bizdə dəb olmayan alətdir. Nədir bu alətin xüsusiyyətləri? Necə oldu ki, bu sənəti seçdiniz?
- Bu alət XVIII əsr Avropa aristokratiyasının sevimli musiqi aləti olub, Bax dövrünün məşhur aləti, elə Baxla da dəbdən düşüb, çünki çətin alətdir. Qəribə bir hadisə mənim klavisinlə maraqlanmağıma səbəb oldu. 1989-cu ildə Bakıda "Üzü zirvəyə" müasir musiqi festivalı keçirlirdi. İlyas Mirzəyev adlı bəstəkarımız var Türkiyədə çalışır, o, klavisin üçün bir sonata yazmışdı. Elə oldu ki, ifaçı tapa bilmirdilər, dedim ver notları bir baxım. Sonra İlyas Mirzəyevin təkidi ilə festivalda mən çıxış etdim. Beləcə, bu alətə maraq oyandı məndə. Sonra dünyanın ən məşhur klavisin ifaçılarından ustad dərsləri aldım. Klavisin orqana yaxın alətdir, yəni onu royalla qəti müqayisə etmək olmaz. 1990-cı ildə xəbər tutdum ki, Minsk konservatoriyasına Roma papasının orqançısı və klavisinisti Arturo Saketti ustad dərsləri verməyə gəlir. O vaxt Fərhad müəllim Musiqi Xadimləri İttifaqının sədri idi. Onun köməyi ilə 2 həftəlik Minskə getdim. İfa etmək fikrim yox idi, sadəcə öyrənmək, baxıb görmək, ifa tərzini canlı dinləmək fikrindəydim.
Roma papasının məşhur orqançısını heyrətə salan Abdullayeva
Dərslərin son günlərində birdən necə oldusa, Arturo Sakettinin diqqətini çəkdim. Hamı sarı-sarı adamlar, bircə mənəm qaraşın. Məni dəvət elədi və bir şey ifa etməyimi istədi. Çox tərəddüd edirdim, həyəcandan ölürdüm, təsəvvür edirsiniz, dünyada 3 məşhur klavisin ifaçısı varsa, bu adam onların başında dururdu. Çox rəğbətlə qarşıladı məni, kimdən dərs aldığımı soruşdu, dedim özüm məşğul olmuşam. Beləcə, bir gün gördüm ki, artıq bu alətdən ayrıla bilmirəm.
- Təşəkkür edirəm belə geniş məlumata görə. Lütfəli Abdullayev də bir müddət dövlət konservatoriyasında voltorna dərsləri alıb. Voltorna da Şəkidən gələn bir gənc üçün qeyri-adi alətdir.
- Atam Bakıya gələndən sonra Üzeyir bəylə tanış olub və onun məsləhəti ilə voltorna sinfinin məşğələlərinə qatılıb. Vokal sənətinə marağı olduğundan həm də vokal dərsləri alıb, amma sona qədər təhsilini davam etdirməyib. Teatra, sənətə olan eşqi onun yolunu səhnəyə aparıb çıxarıb. Maşınla yol gedəndə sürücü maşını idarə edir, atam da muğam oxuyurdu. Biz çox ləzzət alırdıq onu dinləyəndə.
- Xurşid xanım, bir dəfə onun bahalı papağını başından oğurlayıb qaçmışdılar. O əhvalat necə olmuşdu?
- Bir gün atam toydan qayıdırdı, gec olduğu üçün anam narahat idi, eyvanda bir yerdə atamın yolunu gözləyirdik. Bir də gördük gəlir, əlini belinə qoyub, asta-asta gəzməyi sevirdi. Birdən bir nəfərin onu izlədiyi diqqətimizi çəkdi. Atamın başında norka papaq vardı. Adam yaxınlaşdı, qəfildən papağı götürüb qaçdı. Bir qədər aralanandan sonra geri baxıb atamı tanıdı.
Papağını oğurlayana süfrə açdı
O dəqiqə dayandı, geri qaydıb, papağı necə götürmüşdüsə, elə də atamın başına qoydu. Biz də ürəyimizi yeyirdik, indi nəsə olacaq. Başladılar söhbət etməyə. Sonra yavaş-yavaş bloka tərəf gəldilər. Qapı döyüldü, atam və papaq oğrusu qapıda. Belə xasiyyətləri vardı onun. Anama dedi, süfrə açsın. Baş üstə. Oturub yemək yedilər, araq içdilər, biz də oğrun-oğrun baxırıq, atam həmin adama pul verdi. Sonra bilirsiniz nə oldu? Atam dünyasını dəyişəndə məclisi bu evdə verirdik. Qonşu da iki otaq ayırmışdı, gəlib-gedənlər çox idi. Qapı döyüldü, 4-5 nəfər tanımadığımız adam. Biri anama dedi ki, ola bilsin, siz məni unutmusunuz, mən həmin o papaq oğrusuyam, bunlar mənim qohumlarımdır, məclisdə əl-ayaq eləməyə gəlmişik. Düz 40 gün həmin adamlar səhərdən axşama qədər kişi məclisində camaata qulluq elədilər.
- Ekranda onun iri planlarına baxanda gözlərinin dərinliyində qəribə bir kədər hiss olunur. Siz də hiss edirdinizmi onun gözlərindəki kədəri?
- Çox doğru müşahidədir. Onun gözləri həmişə kədərli olurdu, niyə, bilmirəm.
- Xurşid xanım, ata kimi necə qalıb yaddaşınızda. Hiss edirəm, hər dəfə ondan danışanda kövrəlirsiniz, aradan 50 ilə yaxın vaxt keçib, görünür, hələ də o itkinin ağırlığı sizi tərk etməyib. Bu gün Lütfəli Abdullayevin nəslini sizdən başqa kim davam etdirir?
- O mənim idealım idi. Mənə “bacım”, Gülnarəyə “anam” deyirdi. Gülnarənin iki övladı var - Mina və Zəki. Mənsə ailə qurmadım, Minanı böyütdüm. Mina mənim həyatımın bir parçasıdır. Elə Zəki də. Zəki indi Almaniyadadır.
Siz çox səmimisiniz
Mina isə kinorejissorluq təhsili alıb. Özü film çəkmək istəyir. İndi Minanın da bir övaldı var. Yəni Lütfəli Abdullayevin nəsli davam edir.
- Siz niyə ailə qurmadınız?
- Alan olmadı. Nəsə alınmadı məndə.
- Bəlkə, siz heç kəsi bəyənməmisiniz, hərəyə bir mız qoymusunuz və bir gün çox gec olduğunu başa düşmüsünüz?
- Yox, heç kəsə mız qoymadım. Sadəcə, alınmadı. Atam dünyasını dəyişəndə 14 yaşım vardı, uzun illər onun yasını saxladım, ailə haqqında qəti düşünmədim və siz deyən kimi, bir də ayıldım ki, çox gecdir. Mina məni nənə eləyib. Mən onlarla nəfəs alıram.
- Çox səmimisiniz. Təşəkkür edirəm sizə. Söhbətimiz sona yaxınlaşır, amma o qədər maraqlı həmsöhbətsiniz ki, sadəcə zövq alıram. Lüftəli Abdullayevin dünyasını dəyişdiyi gün də yaddaşlarda birmənalı qalmayıb. Son dəfə dostlarıyla zarafatlaşıb, belə demək olarsa, halallaşıb və sonra dünyasını dəyişib. Səhhətində nədənsə şikayət edirdimi?
Sağ olun, mən gedirəm...
- Adi şeylər. Arabir dilinin altına ürək dərmanı qoyurdu. Aritmiya vardı ürəyində. Amma heç vaxt ciddi olaraq səhhətindən şikayət etməmişdi. O günü heç vaxt unutmaram. Ömrümdə ilk dəfə özüm dolma bükmüşdüm. Bütün günüm mətbəxdə keçmişdi. Həmin gün atamla Nəsibə xanım Zeynalovanın Politexnik İnstitutu tələbələri ilə görüşü olmuşdu. Görüşdən sonra evə gəldi, gül-çiçək dəstələrilə, kefi kök. Bişirdiyim dolmadan heç kəsə verməmişdim, deyirdim əvvəl atam yeyəcək, sonra siz. Yedi, təriflədi, məni ürəkləndirmək üçün barmaqlarını yalayırdı. Mən də sevinirdim. Sonra divanda oturdu, dedi telefon kitabçasını gətirin. Əski əlifba ilə yazırdı, oxuya bilmirdik yazdıqlarını. Bəxtiyar Bahabzadə ilə yaxşı zarafatı vardı, Bəxtiyar müəllimə zəng vurdu, dedi gedirəm, Mahmuda (Bəxtiyar Vabahzadənin atasının adı Mahmud idi) sözün-zadın varsa de, çatdırım. Zarafat elədilər. Gecə saat 11-i keçmişdi, lap axırda Şəmsi əmiyə zəng vurdu. Sonra yatdıq, az keçmişdi üstündən, anamızın çığırtısına oyandıq. Tez cumduq yataq otağına, onun siması hələ də gözlərim önündən getmir. Təcili yardım gəldi, amma gec idi. İnsult olmuşdu...
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!