Ümid gələcəyimdir - şair Hidayətin yurd sevgisi - Mahirə ABDULLA

Nə tənqidçiyəm, nə rəyçi. Şair qardaşım Hidayətin "Ömrümün cəhlimləri" kitabı ürəyimin daş bağlamış didərgin ağrılarını tərpətdi, Vətən həsrətli insanın yanğısını dərdli adam kimi gözlərimə təpdim. Bu kitab yazılanda hələ böyük Qələbəmizi qazanmamışdıq. Hamımız yurd dəlisi, yurd həsrətlisi idik. Mənim də Qubadlıda dağlar başında bir əmanətim var, ziyarətinə getmədiyim ata qəbri var. Çox şükür, onları görmək, ora qayıtmaq nəsibimiz oldu.

Kitabı oxuyanda keçirdiyim hissləri yazmaq istəyirəm. Ürəyim gizildədi, gözlərim doldu, boşaldı, qəlbim qübarlandı. Qafiyələrə, axıcılığa, düzümə fikir vermədim. Dərdin hamarını, həsrətin tumarlısını gördünüzmü, o ki qala doğma yurd-ocaq ayrılığı ola. Bu amal şair və dramaturq, nasir və publisist, tərcüməçi və ictimai xadim Hidayət Orucovun bütün həyatının, yaradıcılığının təməl daşıdır. İllərlə düşmən ölkəsində Azərbaycan ədəbiyyatını, mədəniyyətini ləyaqətlə təbliğ edən, 1989-cu ildə ermənilərin ölkəmizə, xalqımıza təcavüzünə etiraz əlaməti olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edən şir ürəkli Vətən oğlu "Burdan min atlı keçdi" kitabının əvvəlində yazır:"...Bu kitaba yenidən, yenidən qayıtmaqda məqsədim Qərbi Azərbaycanda təxminən 40 il müddətində gedən prosesləri, lap başlıcası-18 ildə gördüklərimi, duyduqlarımı qələmə almaq, oxucuya həqiqəti, yalnız həqiqəti (!) çatdırmaqdır".

Əlbəttə, başqa şairlərin də kitablarını oxuyuram, modernizm, ekzistensializm və daha...nəmizm... Bu yazılar ilk baxışdan mənə maraqlı görünsələr də, nədənsə ürəyimin dərdinə qatılmırlar. Qəzəblənmirəm, qayğılanmıram, qəhrəman, həm də acı keçmişimizə qayıtmıram, üfüqləri görünməyən, dumanlı gələcəyimizə getmirəm. Bu simasız kitablar düşmən nifrətini, zəhərli ilanların boz üzlərini xatırladır  mənə. Yadıma gənc bir şairin qəribə açıqlaması düşdü, özümə də sual verdim, bir çox məşhur yazıçıların sevdiyimiz uğurlu qəhrəmanları Qarabağ müharibəsinə, cəbhəyə gedərdilərmi? Gördüm vallah-billah, çoxu getməz, getmirlərsə, onları niyə müsbət qəhrəman kimi gözümüzə soxurlar? Əslində, bu şübhə 1973-cü ildə atam Gəncalı ilə Gorus şəhərini gəzəndə qəlbimə dolmuşdu. Əliqanlı Andronikin muzeyinə gəldik, tarix müəllimi atam hirslənib bərkdən dedi:

- Bu cəllad daşnaka niyə muzey açıblar?

Bu sözləri eşidən iki erməni gənc arxamıza düşüb, bizi izləməyə başladılar, güclə onlardan canımızı qurtardıq.

Rəhmətlik atam belə hesab edirdi ki, mən jurnalist, şair olmaq istəyirəmsə, Azərbaycanı qarış-qarış gəzməliyəm. Həmin il Laçına, Gorusa, sonra Qafana getdik. Daş mağara evlərdən türk nəfəsi gəlirdi, mənə çox doğma idilər, atam oraları mənə öz torpağımız kimi göstərirdi.

Vətən deyəndə torpaq yada düşür. Şair Hidayətin şeirlərindən torpaq qoxusu gəlir. Onun yaradıcılığını həmişə sevə-sevə izləyirəm, amma "Ömrümün çəhlimləri" kitabını dönə-dönə oxumağımın başqa səbəbi də var idi, xatirələrim çəhlim-çəhlim oyanmışdı. Başımıza gələn müsibətlər yüz illərdir yol gəlir. Bunları gördükmü, gördüksə, nə üçün susduq?

Hidayətin doğulduğu Qərbi Azərbaycanın Maralzəmi kəndindən başlayan həsrəti illərlə yol gəlirdi. Demə həyat biz gördüyümüz kimi deyil, dürlü-dürlü üzləri var,

 

- İki dəfə iki altı eyləyər!

Əgər dörd eləsə, riyaziyyatdır.

Əgər dörd eləsə, adi həyatdır.

 

"2 x 2 = 6" şeiri. 1984.

 

Artıq bu illərdə, ondan öncə də şair sovet cəmiyyətinin çürüməsini, şəxsiyyətin mənəvi iflasını görüb sıxıntı çəkirdi.

 

- Görürəm ki, öz halımı soruşmağa,

Öz dərdimi bilməyə də macalım yox,

Öz xoşumla, öz arzumla

ölməyə də macalım yox.

 

Belə cəmiyyətin gələcəyi yoxdur, qaranlıq üfüqləri görən insanlar böyük ümidsizliyə qapılırdılar.

 

- Ümid bircə gələcəyimdi -

Əllərimdən çıxıb o da.

 

"Macal" şeiri. 1984.

 

Şairin qüssəsi asıb-daşır, həyatı yuxu kimi keçirdi.

 

- Yana-yana dedilər:

"Xoşbəxt adamdır..."

(Gözlərimə baxmamışdılar...)

 

"Bədgümanlıq" şeiri. 1975.

 

Kədərlənən şair çətinlikdən qaçmır, geriyə cəkilmir, heysiyyatını, vicdanını qorumaq üçün yalnız ürəyinin səsiylə yaşayır.

 

- Ürəyim hardadır,

Özüm hardayam?

 

Şair harada ola bilər, əlbəttə, doğulduğu, sevdiyi, sevildiyi torpağında, yurdunda.

 

- Harda çinarlar var-ucadan uca,

Harda qayalar var-dağlardan qoca,

Harda yolçu istər təzə yol aça-

Ürəyim ordadır,

özüm ordayam.

 

1975.

 

Bütün yaradıcılığı həyat fəlsəfəsindən ibarət olan şair əmindir ki, dünya təzadlar üzərində qurulub və həyat əksliklər mübarizəsidir.

 

Yaxşı ki, yaxşı ki, belədir həyat,

Təzadla uyuyur böyük kainat...

 

"Yaxşı ki" şeiri.

 

Uzaqgörən şair 1982-ci ildə ötən illərə qayıdıb yekun vurur.

 

- Fidan böyüdü, ağac oldu,

Dəmir döyüldü, sac oldu,

Saçların bir qulac oldu.

Ömrün bu çağı.

Fidan yeldən xəbərsizmiş, sən demə...

Sac təndirdən xəbərsizmiş, sən demə...

Saç qayçıdan xəbərsizmiş, sən demə

Ömrün bu çağı.

 

Həyat insanı döyəndə bəziləri polad kimi bərkiyir, əyilmir, sınmır, bəziləri muma dönüb hər qəlibin şəklini alır. Heç nə insan ömründə izsiz-soraqsız itmir. Ağaclar köklərindən su içdikləri kimi, dağlar dərələrə söykəndikləri kimi bəşər oğlu da doğulub, boya-başa çatdığı torpaqdan güc almalıdır.

 

- Zəngəzurda doğuldum,

İrəvanda yaşadım,

Bakıda öləcəyəm.

 

Yurd yeri-göz açdığımız, başımız üstündəki səma, ayağımız altındaki bərəkətli torpaq, arxalandığımız, sevdiyimiz, ana laylası, ata öyüdü eşitdiyimiz  məkandır.

 

Bakı tünlükdür yaman,

Mənim boyum ucadır.

Zəngəzurda yer boldur,

Kəndimiz balacadır,

Qəbristanı yol üstə.

 

"Avtoportret" şeiri. 1983.

 

Həmişə təvazökar olan şair deyir:

 

- Pesəm? -

Qara fəhləyəm, qardas, qara fəhlə!

Usta fəhlələr sırasına keçməmişəm hələ.

 

"Mən kiməm" şeiri. 1975.

 

Yurd sevdalısı şair Vətənin, xalqın yolunda ən ağır sınaqlara, əziyyətlərə hazır olduğunu bildirir, bütün ömür yolu ilə bunu sübut edir, haqsızlığa, yalana, xəyanətə etiraz səsini ucaldır.

 

Qaranlıq şübhələr, bəyaz yalanlar

Könüldən biryolluq üzülən deyil.

Bu gün yalan olur dünən gördüyün-

Heyrətdən düz yolda büdrədim, azdım.

...Dünya, sirli dünya, haçansa, bir gün

Düzələn olsaydı, şeir yazmazdım.

 

Bəli, dünya ona görə düzələn deyil ki, haqsızlıqlar yol alıb gedir. Dünya düz olsaydı, bir xalq iki yerə parçalanmazdı, o tay, bu tay Azərbaycan kimi. Yurdlar bölündükcə talelər də haçalaşır. Yoxsa bir tərəfdə toy, birində yas olmazdı.

 

Harayla dolacaq məhəllə, küçə,

Bəy özündən razı...

Qız köçündədi...

Millətin toyudur bu uzun gecə,

Millətin yarısı yas içindədir.

 

"Təbrizə bomba atdılar" şeiri. 1985.                    

 

Bu ayrılıqlar dərd gətirib, düşündürsə də, bizi ruhdan salmır. Acizləşmək-doğma torpaqlardan əl çəkmək, yurd ayrılığıyla barışmaqdır.

Gözünü yumantək yuxuna girən

Yurdunun gözündən didərgin düşmə.

Bir gün o yerlərə qayıdacaqsan,

Sükutun zülümdür,

vuruşun asan!

Təmkinlə ağlayan,

təmkinlə susan

Qəlbimin gözündən didərgin düşmə.

 

1990-cı il.

Hələ xəbərin yox, a bəxti qara,

Vətəndən böyükdür Vətənin yükü.

 

"Didərginlər" şeiri. 1988.

 

Sonra şairin narahatlığı şeirlərinın həyəcanlı sətirlərinə dönür.

 

Doxsan birinci il kəsdi qapımı,

Doxsanıncı ilin harayındayam.

Özüm qandalladım köhlən atımı,

İndi əli yalın, pay-piyadayam.

 

Xan Araz boyunca ayrılıqla baltalanmış, qolları çapılmış, dağı dağından, qardaşı qardaşından aralı düşmüş qədim türk elləri, sərt, əzəmətli, qürurlu, gözəl Zəngəzur torpaqlarının övladı şair Hidayət Vətənini belə sevir, belə tanıdırdı.

 

Harda qarşına çıxsa

Təmənnasız yaxşılıq,

Harda üzünə gülsə,

Mehribanlıq, xoş qılıq,

Sevgin qanad açaraq

Zirvələrdə dolansa,

Harda yaran sağalsa,

Harda ömrün uzansa,

Harda qəlbinə dolsa

İnam, əzəmət, qürur-

O yerin əzəl adı,

İndiki gözəl adı

Zəngəzurdur,

Zəngəzur.

 

1962-ci ildə yazılan "Zəngəzur" şeirinin 1980-cı ildə davamı var. İrəvanda-erməni çaqqallarının bayquş yuvasında başını, millətini uca tutan türk oğlu kəsərdən düşməyən silah kimi yurduna zillənən tamahkar baxışları hər an hiss edir, düşmənçilik məngənəsində çarpışırdı. Çətin, əzablı, kişi qeyrəti ilə yaşanmış bir ömrün səhifələri Hidayətin "Burdan min atlı keçdi" kitabında vərəqlənmişdir.

Əsl insan, vətəndaş nə vaxt daha güclü olur-əzizlərini, Vətənini itirmək qorxusu yarananda. Bu zaman sevdiklərin, onların ən qiymətlisi, ən ucası Vətən - Allahlaşır. Allahdan yuxarı zirvə, sevgi yoxdur, çünki Allah Vətəni insan üçün tək yaradıb-özü Tək, Bölünməz olduğu kimi. 1980-cı ildə İrəvanda yaşayan, işləyən böyük ürəkli insan Vətən məhəbbətini, həsrətini dəmirçi kürəsindən çıxmış qızğın misralarla ifadə edir.

 

Ozan mahnısında dillənir hünər, -

Şeiri də, sözü də zəngəzurludur,

Tale bəxşişidir, vallah, deyərlər:

Allahın özü də zəngəzurludur.

 

"Zəngəzurludur!" şeiri.

 

Bu şeir o illərdə yazılıb ki, cavanlarımız sovet rejiminin sıxıntılarına dözməyib şəhərə axışırdılar, kəndlər boşalırdı, obalar yetim qalırdı. Ermənilərin ruslar vasitəsilə yeritdiyi mürtəce siyasətin məqsədi elə buna yönəlmişdi. Şairin narahatlığı misradan misraya, şeirdən şeirə artırdı. Bu haray 1976-cı ildə yazdığı "Köçmüş dağ kəndinin nəğməsi" şeirində qanadlanmışdır.

 

Meşə də, təpə də, yalçın qaya da

İsinmək, canlanmaq niyyətindədir.

Yox, gərək bu kəndi kimsə oyada,

Bu kənd insanların həsrətindədir.

 

Qəlbim içi-oyum-oyum,

Baxışların-duyum-duyum...

Sən quruma, mən quruyum,

Qurban olum, Mığrı çayı.

 

"Mığrı çayı" şeiri. 1980-cı il.

 

Kitabı oxuduqca qanımla axan, qanımı soyudan, ürəyimi dağlayan kəklikotu, qantəpər ətirli misralardan doya bilmədim. Şair Hidayətin şeirləri həqiqət kimi, ayrılıq kimi bəzək-düzəksizdir, daim kövrəldir, ağrıdır, acı yurd xatirələrimizi oyadıb vicdanımızı dara çəkir. Sanki cadarlı, isti, doğma əllər unutqan övladının başına sığal çəkib dərin-dərin yuxulardan "ayıl"-deyir, "düşmən gəlir"-deyir. Şairin ruhu, qəlbi oradadır,  ürəyi orada-Maralzəmidə döyünür.

 

Bir səhər oturub yol maşınına

Qəlbimdə həsrətin,

ümidin,

şübhən...

Kəndimiz görünən gədik başına,

O nəğməli yurda uçacağam mən!

 

Maralzəminin uşaqları şairi ilk baxışdan tanımasalar da, o, həmişə, harada olsa, özünü onlardan ayırmayıb.

 

Uşaqlar sevinclə qarşılar məni.

"Əmi, o körpüdən ehtiyatla keç..."

Sonra görəcəklər bu "qonaq əmi"

Şəhər adamına oxşamayır heç...

 

"Həsrət" şeiri. 1975.

 

Hər dərdimizin dərmanı-Vətəndir. Yaralarımızın məlhəmi, başımızın tacı, nisgilimizin açarı, əlacı Vətən!

 

Bu ulu diyarın hər çəhlimini

Çəkmişəm ömrümün varaqlarına.

Harda xəstələnsəm, a dostlar, məni

Çatdırın Zəngəzur yaylaqlarına.

 

"Zəngəzur" şeiri. 1965.

 

Zəngəzurun təbiəti təkrarolunmazdır, pakdır, gözəldir. İnsanları vəfalıdır, igiddir.

 

Zəngəzur-bir sevən nəğməli ürək:

təzadlı, zirvəli,

bağlı-bəhrəli.

Bir əli yapışıb Arazdan bərk-bərk,

Buludlarda itib o biri əli.

 

"Təbiət tərifləyib" şeiri.

 

1965-ci ildən 1975-ci ilədək bir igid ömrüdür. Vətənin basılmaz səngəri Zəngəzur torpağı şairin qəlbində döyünən ürəkdir. Vətənin yaşı yoxdur, "Babamın yaşıdı, mənim yaşıdım"-deyir Vətən torpağını sevən övlad.

 

Qan-qada görübdür burda babalar;

Yüz kəndin torpağı-daşı itibdir.

Lökdə bir meşənin məzarlığı var-

Kötük başdaşların yaşı itibdir.

 

Bu günlərdə bir çox şair, yazıçı həmkarlarımdan soruşdum: "Topxanada hansı ağac kəsilmişdi?", inanın, əksəri bilmədi, biri palıd dedi, biri çinar, biri vələs. O ağacı soruşdum ki, 1988-ci ildə minlərlə insanın Azadlıq meydanına tökülməsinə səbəb olmuşdu. Budur, milli faciəmiz, budur vətəndaş şairin qəlbini yaralayan, sızladan unutqanlıq. Qolları qurumuş erməninin kəsdiyi bir ağacdan sonra nadir meşələrimiz gözlərimiz önündə məzarlığa döndü, obalarımız viran qaldı. Biz bunları görmədikmi? Sonra gec oldu, belə haraylara gərək vaxtında qulaq asaydıq, çünki o şeirlərdə ayrılıq xəbərdarlığı var idi.

Mən adi insanam, çoxları kimi romantik şeirlər də yazıram, amma Vətən adı gələndə sərtləşirəm. Şəxsiyyəti şeiriyyətlə bərabər tuturam. 1984-cü ildə "Yazıçı" nəşriyyatında işləməyə başlayandan şəxsən tanıyıram şair, publisist, yazıçı Hidayəti. Həmişə dalğın, fikirli, gözləri kədərli, qələmi kəsərdən düşməyən, Vətəndən yazmaqdan doymayan, heç vaxt dəyişməyən, əyilməyən təvazökar insan. Harada olsa, hansı işdə çalışsa da,  xalqının xidmətində sədaqətlə dayanan bu vətənpərvər şairin "Burdan min atlı keçdi"  kitabını dəfələrlə oxumuşam. Ümumi tarixi əsər deyil, canlı ömür, hər faktı bir kitablıq əsərdir. Vaxtilə görünməz qadağalar qoyulan, Babək kimi parçalanan bu qiymətli əsər bir çox qaranlıq mətləblərə işıq salıb.

Əziz qardaşım, bu gün artıq qələmimizi süngüyə, sönmüş ümidlərimizi məşələ çevirib, yaddaşlarımızın tozunu alıb özümüzə - kəndimizə, elimizə, obamıza, Zəngəzura, Qarabağa, izimiz itən gözü yaşlı torpaqlara qayıtmışıq. Nə yaxşı ki, bu günləri görmək yurd həsrətlisi Sizə də, mənə də qismət oldu!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!