İmamverdi - bir təvazö heykəli... - Xatirə

 

Aprelin 9-u ustad ədəbiyyatşünas alim, pedaqoq İmamverdi Əbilovun vəfatının 5 ili tamam oldu. “Əbiyyat zeti” bu nasibətlə ona yazılan dost ktublarıxatirəri çap etməklə rhum alimimizi rin sayğıyla yad edir.

 

 

Əziz qələm yoldaşım və dostum İmamverdi müəllim!

Mən Sizin yazılarınızı diqqətlə oxuyuram və onlarda həqiqət üçün, xalqın səadəti və idraki inkişafı üçün çırpınan əsl vətəndaş ürəyinin səsini eşidib sevinirəm. Siz bilirsiniz ki, mən ədəbiyyat və sənətə insanların həyatını, fikrini, əxlaqını yaxşılaşdıran qüdrətli və lazımlı, faydalı bir mübarizə silahı kimi baxanlardanam. Sizin yazılarınızda da mən ədəbi yaradıcılığa ciddi münasibət, klassik və xalq ənənələrinə dərin hörmət hiss etdiyimdən onlar məni sevindirir.

Ədəbiyyat insanın içini, ürəyini, beynini yumalıdır - pis fikirlərdən, alçaq hisslərdən, heyvani ehtiraslardan təmizləməlidir, yaxşı, nəcib, ağıllı, həyatdan baş açan, düz yola düşüb, axıracan o yolu getməyi bacaran vətəndaşlar tərbiyə etməlidir. Mən inanıram ki, siz şagirdlərinizi məhz bu cür tərbiyə edirsiniz. Qoy idrakın, ağlın, sağlam şüurun məşəlini heç zaman əlindən yerə qoymayan, həmişə vicdanın və namusun hökmüylə hərəkət edən gənclər Sizdən gələcəyə yadigar olsun! Bu, ədəbiyyatımız üçün də şərəfdir.

Xahiş edirəm, bütün müəllim yoldaşlarınıza, bütün şagirdlərə mənim salamımı yetirib, ən yaxşı gələcək arzularımı bildirin. Onu da deyin ki, Yəmən xatirələri, Ümumdünya Sülh konqresi barədə qeydlər və sair bu kimi xırda yazılarla yanaşı, bu il mən onlara mütləq "Mayak" romanımı vermək fikrindəyəm. "Pərvanə" barədə nigaran olmayın. "Mayak"ı qurtaran kimi "Pərvanə"nin ikinci kitabını yazacağam. Sağlıq olsun.

Əlini sıxıram.

Hörmətlə,

Mirzə İbrahimov

20 fevral 1974, Bakı

 

Xudu Məmmədov, Məsud Əlioğlu, Bəxtiyar Vahabzadə, İmamverdi Əbilov. Neftçala 1969

 

Əzizim İmamverdi!

Salam!

Çoxdandır, görüşmürük. Sənin üçün təşnəyəm. Sənə, yalnız sənə demək üçün ürəyimdə o qədər sözüm var ki...

Deyirəm, bəlkə də, dünya sənin kimi yaxşı adamların, duyan və duyğusu öz başına bəla olan adamların üzünə görə bu qədər salamat qalıb.

Bu günlər Bakıya gəlməyəcəksən ki? Səni yaman görmək istəyirəm.

Məndən uşaqlara salam söylə.

Hörmətlə, Bəxtiyar

08 may 1974

 

Bəxtiyar Vahabzadə və İmamverdi Əbilov. Neftçala 1965

 

Vəfalı dost İmamverdi!

Çox təəssüf edirəm ki, görüşümüz qısa oldu. İstəyirdim Salyanda bir neçə gün qalım. Fikrət Qocanı Bakıya çağırdılar. Onun Vyetnam səfəri vardı, odur ki, ləngiyə bilmədik.

Ümid edirəm, çox çəkməz yenə də görüşərik. Vaxtsız yağış da işə bir qədər mane oldu. Nə isə...

Bu günlərdə Göyçaya gedirəm. Olsun ki, bir ay orada qaldım. Göyçayda ev tikdirmişəm. Gəlsən gözüm üstə yerin var. Orda telefonum belədir: 42-62. Göyçayın yazı, payızı çox yaxşı olur.

Hələlik.

Xoş arzularla, Rəsul Rza

20 aprel 1977

 

 

Hörmətli İmamverdi müəllim!

"Azərbaycan" jurnalında dərc edilmiş şeirlərimə verdiyiniz yüksək qiymət üçün çox sağ olun. Şeir və sənətin qədrini bilən, alim-ədəbiyyatşünas mütəfəkkir bir şəxsiyyətdən belə qiymət almaq, əlbəttə, çox fərəhlidir. Məktubunuzla məni xeyli sevindirdiniz. Ailəmizin səmimi dostu, Rəsul yaradıcılığının diqqətli və həssas tədqiqatçısı kimi, Sizin nəzərinizə bir şeyi də çatdırmaq istərdim. Nədənsə, bunu Sizə yazmağa daxili ehtiyac hiss edirəm. Rəsulun şeir yaradıcılığına Siz məndən də yaxşı bələdsiniz. Ancaq onun bir insan, bir həyat yoldaşı kimi mənə göstərdiyi qayğı və hörmət heç bir ölçüyə gəlməyəcək dərəcədə böyükdür. İki ay Moskvada qaldım, 35 gün xəstəxanada yatdım. Qışın lap sərt vaxtı idi. 25-27 dərəcə şaxta olurdu. Mən yatan xəstəxana - Onkoloji İnstitut mərkəzdən 15 kilometr uzaqda idi. Rəsul bütün bu soyuqlarda hər gün mənim yanıma gəlir, həkimlərimlə görüşür, aparılan müalicələrlə yaxından tanış olurdu. Nə lazımsa, əsirgəmirdi. Onun keçirdiyi həyəcan və iztirabı təsvir etmək mümkün deyil. Kiçik qızım Təranə də dərslərini, yoldaşlarını, nişanlısını qoyub, iki ay atası ilə bərabər Moskvada oturdu. Anar iki dəfə gəlib-getdi. Operasiya zamanı Moskvada oldu. Mən çox qüdrətli həkimlərin əlində idim. Onların böyük səyi və humanizmi sayəsində sağalıb yataqdan qalxdım. Amma çiyinlərimə əbədi bir borc yükü aldım, heç altından çıxa bilmirəm. Mənə elə gəlir ki, bir dərya göz yaşı da töksəm, Rəsulun gözündə parlayan yaşları əvəz edə bilməz. Bəlkə, xəstəlik məni belə həddən artıq hissə qapılmaq vəziyyətinə salıb. Sağlıq olsun, keçib gedər. Bu söhbətlərlə Sizə başağrısı verdimsə, bağışlayın məni. Yenə də, yazdığınız gözəl məktub üçün təşəkkür edirəm

Hörmətlə, Nigar Rəfibəyli

 

 

Millət və ana dili üçün yanan adam

 

İmamverdi Əbilov mənim həqiqi dostum olub. Hər adama dost demək olmaz. Mən rəhmətlik Qasım Qasımzadə, Xudu Məmmədov, Nurəddin Rza və İmamverdi müəllimlə dostluq etmişəm. O mənim sirdaşım olub.

İmamverdi qəlbən yüksək düşüncəli insan olsa da, özünü çox sadə, təvazökar apardığına görə onu çox istəmişəm. Sadəqəlblidir. Amma el üçün, millət üçün, ana dili üçün yanan adamdır. Mən onu buna görə sevmişəm. Sevmək azdır, mən İmamverdi kimi insanları başıma tac edərəm. Bu sözləri Nurəddin, Xudu, İmamverdi və bir də rəhmətlik Qasım haqqında deyə bilərəm.

Bilirsinizmi, əqidə deyilən bir anlam var. Bir var adi söhbət, bir də var əqidə söhbəti. Əqidə mənim hər şeyimdi, cismimdi, varlığımdı, nəfəsimdi. Əqidəmə toxunanda dözə bilmirəm. İmamverdi mənim əqidə dostumdur.

Bir məsələdə təsəlli tapıram ki, onun oğlu Azər Turan atasına layiq oğul oldu. Hər oğul, hər kəs o cür olmur.

Mən İmamverdi ilə altmış ilə yaxındır ki, dostluq edirəm. Dönə-dönə Neftçalada - onun evində olmuşam. İmamverdi müəllimin hesabına Neftçala respublikanın ədəbi mərkəzlərindən birinə çevrildi. Onun evini, ocağını pirə bənzədirəm. İmamverdi Allah adamıdır. Övliya kimi bir insandır.

 

Bəxtiyar Vahabzadə

"Ədəbiyyat qəzeti"

28 aprel 2007-ci il

 

 

Bu ev bülbül yuvasıdır - dəyməyin

Qapısını bəd niyyətlə döyməyin

İmamverdi - bir təvazö heykəli

Qabağında özünüzü öyməyin!

 

Qabil

5 dekabr 1987-ci il, Neftçala

 

 

Çox hörmətli İmamverdi müəllim!

...Rəhmətlik valideynlərimin sizə necə rəğbət bəslədikləri yaxşı yadımdadır. Bəlkə, sizə olan böyük ehtiramım da müəyyən dərəcədə onlardan mənə miras qalıb. Amma sizinlə şəxsi görüşlərimiz, məktublaşmamız, sizin fədakar çalışmalarınız, haqqınızda eşitdiklərim, gördüklərim və bildiklərim bu hörmət hissini daha da zənginləşdirir. Qəlbimdə layiqli yeri olan insanlardan biri də sizsiniz.

Əziz İmamverdi müəllim! Siz bizim günlərdə, çox təəssüf ki, get-gedə azalan həqiqi və nadir ziyalılarımızdansınız. Ziyalı - ziya, işıq deməkdirsə, siz Azərbaycanın gözəl bir əyalət şəhərində bu ziyanı, bu işığı yaşadan və qoruyansınız. Bu işıq uzun illərin zəhməti və səyi sayəsində topladığınız zəngin unikal kitabxananızdan gəlir. Bu ziya ömür boyu görüşdüyünüz, ünsiyyət bağladığınız neçə-neçə görkəmli ədəbiyyat, elm, siyasət, mətbuat adamının xatirələrini - şəkillərini, məktublarını, avtoqraflarını hifz edən mənzil-muzeyinizdən gəlir. Ən əsas isə bu işıq sizin saf qəlbinizdən, pak əməllərinizdən gəlir. Neftçalada mənzilinizdə yaratdığınız əsl mədəniyyət mərkəzi, Bakı da daxil olmaqla, bütün Azərbaycan üçün örnək göstərilə biləcək mənəviyyat ocağıdır...

 

Anar

26 aprel 2007

 

Anar, İmamverdi Əbilov və Vaqif Səmədoğlu. Neftçala 2007

 

Vəfadarlıq

 

...İmamverdi Əbilov Azərbaycan maarifçiliyi, ziyalılığı ənənələrini davam etdirən, ədəbi (və əxlaqi!) estafeti o rəhmətliklərdən qəbul edib, həmin ənənələri qoruyaraq XXI əsrə gətirən bir şəxs, görkəmli ədəbiyyatşünas alimdir.

...Mən İmamverdi müəllimin kitablarını da, məqalələrini də oxumuşam, onunla çox ünsiyyətdə olmuşam, çox məktublaşmışıq, yol yoldaşı da olmuşuq, hətta uzaq İraq ellərində Füzulinin qəbrini də bir yerdə ziyarət etmişik...

...1993-ün sonları, ya da 94-ün əvvəlləri idi, cəmi bir neçə ay idi ki, mən Baş nazirin müavini vəzifəsinə təyin olunmuşdum və hansı məsələ ilə bağlı isə Neftçalaya getmişdim. İşimizi qurtarandan sonra icra başçısına dedim ki, İmamverdi Əbilovla görüşmək istəyirəm. Başçı selektorun düyməsini basıb:

- İmamverdi Əbilova xəbər göndərin, tez İcra aparatına gəlsin! - dedi.

Başçının tonu, ədası, doğrusu, məndə daxili bir narazılıq, hətta hiddət yaratdı və vəzifəmin səlahiyyətindən sui-istifadə edərək sərt şəkildə:

- Prokurora, milis rəisinə, öz müavinlərinə de, aparatın qabağına gəlsinlər! - dedim. - Özün də qalx ayağa, gedirik!

Başçı belə bir gözlənilməz tələsiklikdən bir şey başa düşməyərək:

- Hara gedirik? - deyə soruşdu.

- İmamverdi Əbilovgilə! - dedim.

Və biz - üç-dörd maşında dal-dala düzülərək, gedib İmamverdi müəllimin o gözəl həyətinin darvazası qabağında dayandıq, içəri keçib həmişəki hərarətlə onunla görüşdük, hal-əhval tutduq, çayını içdik, həmişəki kimi də səmimi və mehriban söhbətimizi etdik.

Bundan sonra da yolum o tərəflərə düşəndə əvvəlcə İmamverdi müəllimlə görüşürəm.

Və mən bu epizodu söyləməklə belə bir sadə həqiqəti bir daha xatırlatmaq istəyirəm ki, vəzifələr gəldi-gedərdi, əsas söz, vəfa, ilqardır.

 

Elçin

Xalq yazıçısı

(S.Hüseynoğlunun "İmamverdi Əbilov tənhalığı" kitabına Ön sözdən)

 

Bu saat Milli Məclisin şıdırığı iclası gedir. Ancaq Milli Məclis 2010-cu ilədək davam edəcək və bundan sonra da müstəqil Azərbaycan var olduqca Milli Məclisimiz, parlamentimiz olacaq. Ancaq İmamverdi müəllim kimi böyük bir insanın, böyük bir şəxsiyyətin 80 illiyi bir dəfə olur. Ona görə də mən bu gün parlament iclasında deyil, burada – İmamverdi müəllimin yubileyində iştirak edirəm.

Mənim mənsub olduğum Səməd Vurğun ailəsindən atam da, anam da, böyük qardaşım da dünyalarını dəyişib. İkicə adam qalmışıq – böyük bacım Aybəniz xanım və mən. Bu gün ikimiz də burdayıq. Başqa cür ola bilməzdi. Səməd Vurğunun ocağında qalanlar mütləq və mütləq bu gün İmamverdi müəllimin  hüzuruna buyurmalıydılar, onun haqqında xoş sözlər deməliydilər və onun əlini öpüb qayıtmalıydılar.

İmamverdi müəllim yaşda məndən böyükdür. İlk dəfə mən İmamverdi müəllimi görmüşəm 12-13 yaşım olanda – Neftçalada. Əllinci illərin əvvəli idi. İmamverdi müəllimlə Səməd Vurğunun qucaqlaşıb öpüşmələrinin, indi öpüşməsinlər, o gün şahidi oldum... 

Səməd Vurğun dünyasını dəyişəndən sonra  mən növbəti dəfə İmamverdi müəllimin evində olanda onun evinin divarında bir şəkil gördüm: İmamverdi müəllim – gənc İmamverdi Əbilov çıxış edir və Səməd Vurğun rəyasət heyətində oturub.

Hələ bir dəfə də olmayıbdır ki, mən bu mahala gəlim, maşını Neftçalaya sürdürməyim. İmamverdi müəllimin evində çörək yeməyim, yatmayım. Dəfələrlə İmamverdi müəllimin evində olmuşam, onun kitabxanasını paxıllıqla və dərin hörmətlə seyr eləmişəm. Özünün müdrik, son dərəcədə ağsaqqal söhbətlərinə qulaq asmışam və doğrudan da heyran qalmışam.

...İmamverdi müəllim həmişə bu mahala arxa durub, Muğanın arxasında durub, bu zonanı arxasıyca aparıb.Və bu yolda çox böyük nüfuz, çox böyük hörmət qazanıb... Bu, təkcə Neftçalanın, Salyanın xoşbəxtliyi deyil, Azərbaycan mədəniyyətinin, Azərbaycan varlığının səadətidir, xoşbəxtliyidir.

 

 Vaqif Səmədoğlu 

 

 

Əziz İmamverdi müəllim.

Sizin hünərinizi onda gördüm ki, doğulduğunuz yuvadan çıxmadınız. Biz bunu bacarmadıq. Biz dedik. Siz əməl etdiniz.

Neftçala Sizin şəxsinizdə ədəbi mühitimiz olub.

 

Nəriman Həsənzadə

17 iyul 1989-cu il

 

 

Yaddaşımda yarım əsrin salnaməsini qoruyub-yaşadan bu möhtəşəm mədəniyyət sarayına biz müqəddəs Vurğun məbədi sayılan iki ocaqdan keçib gəldik: "S.Vurğun" xatirə ansamblından və... İmamverdi Əbilovun mənzilindən. Bu dəyişməz marşrutu kənardan bu yurda gələn hər qonaq hər dəfə yenidən təkrar edir. Çünki həmin mənzilin ilk mötəbər qonağı Səməd Vurğun özü olub! Və o vaxtdan başlayaraq, ziyalılarımızın bu yurdla, bu torpaqla qovuşmasında İmamverdi müəllimin ocağından yayılan işıq mayak rolunu oynayıb. Bu da təsadüfi deyil: axı burada, hətta çay və dəniz bir-birinə qovuşur - Xəzər və Kür!

 

Yaşar Qarayev

22 aprel 1989-cu il

 

Səməd Vurğun və İmamverdi Əbilov. Neftçala 1954

 

Mədəniyyət Məkkəsinin mücaviri

...İmamverdi Əbilovun mənzilində xalq yaradıcılığı qaynaqlarından başlamış, sənətə təzə qədəm qoyan gənc müəlliflərin ilk kitablarınadək - bütün Azərbaycan ədəbiyyatını, onun digər ədəbiyyatlarla əlaqəsini əks etdirən bədii, elmi, dini əsərlərdən ibarət çox zəngin bir kitabxana ilə yanaşı, bu evdə çağdaş Azərbaycan elm, ədəbiyyat və incəsənət xadimləri haqqında xoş təəssürat oyadan təkrarsız bir xəzinə qorunur. Onlarca, yüzlərlə şair, ədib, alim, rejissor və aktyorun məktubları, onların öz əlilə gözəl sözlər yazıb qonaqpərvər ev sahibinə hədiyyə etdiyi kitablar, bu məşhurların səsinin, sözünün, ifasının qeydə alınıb əbədiləşdirildiyi maqnit lentləri, çoxu Muğanda və bilavasitə İmamverdi müəllimin iş yerində, həyətində, mənzilində çəkilmiş nadir fotoşəkillər. Bu, həqiqətən də qiyməti bilinməyən xəzinənin parlaq inciləridir. Azərbaycanın hər yerində, onun xaricindəki bir çox şəhərlərdə bu sadə ünvan çoxlarına tanışdır: Neftçala, Puşkin küçəsi, 12. Bu ünvanda Azərbaycan ictimai fikrinin, Azərbaycan mədəniyyətinin bir beytül-müqəddəsi var. Bu evin divarlarına xalq sənətkarı S.Vurğunun hamı üçün munis və doğma səsi hopub.

İ.Əbilovun nurani, ziyalı imicində çox təsirli bir cazibə qüvvəsi var. Məhz bu cazibə qüvvəsinə görədir ki, onun o qədər də geniş olmayan mənzili sakinlərinin ürək genişliyi sayəsində tədricən Azərbaycan yaradıcı ziyalılarının Neftçaladakı iqamətgahına çevrilmiş, bu iqamətgahı xalqımızın hələ canlı ikən klassikə çevrilmiş görkəmli övladları zaman-zaman, dönə-dönə, böyük məmnuniyyətlə ziyarət etmişlər. Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Yusif Məmmədəliyev, Mustafa Topçubaşov, Şəfaət Mehdiyev, Vəli Axundov, Həsən Əliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Əziz Şərif, Məmməd Cəfər, Abbas Zamanov, Nigar Rəfibəyli, Qulam Məmmədli, İsmayıl Şıxlı, İmran Qasımov, Xudu Məmmədov, Mirəli Seyidov, İslam Səfərli, Əli Kərim, Məsud Əlioğlu, Qulu Xəlilli və bu gün həyatda olan onlarca, yüzlərlə digər şair, ədib və alimlər...

Yaradıcı ziyalılarımıza belə böyük ehtiramın əsasında İ.Əbilovun ziyalı haqqında bu konsepsiyası durur: "Əsl ziyalı xalqın üzə çıxmış, əyaniləşmiş zəkası, mərifətidir". Əgər mən desəm ki, İmamverdi müəllimin özü də xalqımızın beləcə "əyaniləşmiş zəkası" səviyyəsində duran ziyalılarımızdan biridir - əsla səhv etmiş olmaram.

 

Bəkir Nəbiyev

Akademik

 

 

Çox hörmətli İmamverdi müəllim, salam!

Biz, Azərbaycan ziyalıları Sizi milli ziyalılığın Muğan səfiri kimi tanıyırıq.

Azərbaycanın görkəmli ziyalıları ilə möhkəm dostluq və yaradıcılıq əlaqələriniz ədəbiyyatımızın və ictimai fikrimizin tarixində böyük yer tutur.

İmkanım olanda Sizləri ziyarət etməyi özümə borc bilirəm.

Sizə möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

 

İsa Həbibbəyli

23 dekabr 2013

 

 

Mən sənə Təbrizdən baxıram

İmamverdi Əbilov kimi görkəmli bir ədəbiyyatşünasımız, yüksək şəxsiyyətli insan, İslam-Turan dəyərlərinə son dərəcə bağlı bir mütəfəkkirimiz var. Həqiqətən o, xalqımızın başucalığıdır.

İmamverdi müəllim Azərbaycan ədəbiyyatşünaslığında, xüsusən tənqid sahəsində fəaliyyət göstərən elə alimlərdəndir ki, biz həmişə ona xüsusi şəxsiyyətli böyük bir alim kimi baxmışıq.

...Etiraf edim ki, mən İmamverdi müəllimin simasında muxtar bir aləm kəşf etmişəm. Bu aləm, İslam-Turan dəyərləri ilə əlaqədardır. O bizim, mən deyərdim, yeganə alimimizdir ki, məhz həmin yolda Azərbaycan ədəbiyyatına yeni bir nəşvü-nüma gətirdi, yeni bir cərəyan yaratdı. İmamverdi müəllim öz həyatını tamamilə bu işə, bu yola sərf etdi. Bax bu, bizim dahi Əli bəy Hüseynzadənin yoludur. Mən İmamverdi müəllimin elmi yaradıcılığına bir də bu səbəbdən çox bağlıyam.

Əli bəy Hüseynzadə dedim, yadıma şahidi olduğum bir hadisə düşdü.       

1971-ci il idi.

Salyanda Yazıçılar İttifaqının səyyar plenumu keçirilirdi. Özü də bu, elə-belə plenum deyildi, dövlət işçiləri, ətraf rayonların birinci katibləri də dəvət olunmuşdular.

O vaxta qədər və həmin illərdə Əli bəy Hüseynzadə cəmiyyətə bir turançı kimi, Türkiyəyə mühacirət etmiş bir ideoloq kimi tanıtdırılmışdı, tanıtdırılırdı. Akademiyada elmi işçilər vaxtaşırı onun əleyhinə yazırdılar. Lenini tərifləyib Hüseynzadəyə zərbə vurmaq bir vəzifə kimi başa düşülürdü.

Plenumda o vaxt nisbətən gənc olan İmamverdi Əbilova söz verildi. İlk cümləsini indiki kimi xatırlayıram: "Mənim əzizlərim, - dedi - siz Əli bəy Hüseynzadənin vətəninə xoş gəlmisiniz". Onun bu ilk cümləsinə hamı məəttəl qaldı. Mən də heyrətlənmişdim. Düşündüm, əgər Əli bəy Hüseynzadə bu qədər əzizdirsə, bəs onda niyə onu ədəbiyyatda, mətbuatda bu qədər vururlar, yamanlayırlar. Elə bu fikirdəydim, bir də gördüm, hamı altdan-altdan bir-birinə baxır ki, görək kim bu natiqin cavabını verəcək. Salona qəribə bir sakitlik çökmüşdü və qəfil, elə bil ki, partlayış oldu. Uzun sürən alqış başlandı. Salyanlılar neçə illərdən sonra ilk dəfəydi ki, Əli bəyin adının belə ehtiramla çəkilməsini alqışlayırdılar. Mən həmin gündən İmamverdi müəllimin böyük cəsarətinə, ayıq milli şüuruna hörmət etməyə başladım.

Həmin plenumda mən də çıxış etdim və "Birinci" şeirimi oxudum... "Birinci"ni çox adama aid etmək olar. O cümlədən Əli bəy Hüseynzadəyə də, İmamverdi Əbilova da. Çünki İmamverdi müəllim də birincilərdəndir. Böyük alim olasan, gedib kənddə oturasan, yol açasan, həm böyüklüyünü, həm də yaradıcılığının gərginliyini saxlayasan. Üstəlik, yerli camaata ağsaqqallıq edəsən, həm də bölgənin elmi həyatını öz təsir dairəndə saxlayasan, Akademiya ilə, elmi ictimaiyyətlə əlaqədə olasan. Birinci həm də İ.Əbilovun şəxsiyyətidir, elmi təfəkkürüdür, hətta məişət həyatıdır. Elmin işığını əyalətdə qoruyub saxlamaq istedadı da onu birinci edib. O, Neftçalada orta məktəbdə dərs deyir, şagirdlərə Azərbaycan ədəbiyyatını sevdirir, məqalələr yazır, ədəbiyyata elmi təhlil verir, özünün xüsusi ədəbi-nəzəri yolu var. Həm də Bakıyla elmi əlaqələr saxlayır, biz onu Salyanın, Neftçalanın ağsaqqalı hesab edirik. Məgər bu, birincilik deyil? Onun Neftçalada gördüyü işi nə ilə müqayisə etmək olar? İmamverdi müəllim, əslində, Akademiyanın mənəvi bir bölməsini evində - Neftçalada yaradıb. Çox düşünmüşəm, İmamverdi müəllim kimi yüksək səviyyəli, gərgin yaradıcılıqlı bir şəxsiyyətin bənzərinə başqa bir ucqarda təsadüf etməmişəm.

İmamverdi Əbilovun fikirlər aləmi və getdiyi yol çox orijinaldır. Onun nüfuzu, bir alim kimi də, bir müəllim kimi də, bir ağsaqqal kimi də son dərəcə yüksəkdir.

Dostum İmamverdi müəllimə mən bir az aralıdan, daha doğrusu, Təbrizdən baxanda da onu böyük görmüşəm. Yaxından da, uzaqdan da İmamverdi müəllim bütöv görünür. Onda natamam heç nə yoxdur.

Tale qismət edib ki, biz onunla bir yerdə Bağdadda - Füzuli simpoziumunda iştirak etmişik. Sonra Təbrizə gəldik. Mən o anlarda İmamverdi müəllimə fikir verirdim. Təbrizi ilk dəfə görürdü. Həyəcanlandı, ağladı. Təbrizin küçə və meydanlarına, tarixi binalarına elə baxırdı ki, sanki Təbrizi gözünə təpirdi.

Elə alimlər var ki, ayaqlarını paytaxtdan kənara qoyan kimi balacalaşırlar. Amma İ.Əbilov əyalətdə yaşasa da, elm aləmində hər tərəfdən görünür.

Mən Neftçalada bir neçə dəfə olmuşam və təbii ki, hər dəfə də Neftçalaya İmamverdi müəllimə baş çəkməyə getmişəm. Məmməd Arazla, Xəlil Rza Ulutürklə, Cabir Novruzla birgə. Belə bir inamdayam ki, onu ziyarət etmək şərəfdir, iftixardır. Çünki o mənim aləmimdə mütəfəkkir alim və müqəddəs bir şəxsiyyətdir.

Yaxşı xatırlayıram, 1980-ci illərin ortalarında Bakıda təsadüfən küçədə gördüm onu. Arxadan çatıb boynunu qucaqladım, - niyə Bakıya gələndə bizə xəbər eləmirsən? - deyə soruşdum. Üzümə baxdı, sakit, ahəstə səslə sualıma sualla cavab verdi:

- Məqaləni oxumusan?

- Hansı məqaləni deyirsən?

- Sənin kitabın haqqında "Ədəbiyyat və incəsənət" qəzetində çıxan məqaləmi.

Düzü, xəbərim yoxdu, oxumamışdım. Həmin axşam qəzeti alıb oxudum. "Döyüş lövhələri" kitabım barədə məqalə yazmışdı. Kitabdakı 11 poemanın hər birinin süjetinə müdaxilə etmişdi. 11 poemanın hər birini təhlil etmiş və mənə istiqamət vermişdi. O, ümumiyyətlə, ədəbiyyatşünaslıq aləmi üçün çox qiymətli, dərin təfəkkürə malik, heç kəsə bənzəməyən, poeziyanın elmi poeziyasını yaradan bir alimdir.

İ.Əbilov Cənubla bağlı bir adamdır. Mənə elə gəlir ki, o bir alim kimi ruhən təbrizlidir. Cənub ədəbiyyatımızla o qədər məşğul olub ki... Balaş Azəroğlu, Mədinə Gülgün, Əli Tudə, İsmayıl Cəfərpur haqqında yazıb. Cənubi Azərbaycanın, Təbrizin qeyrətini çəkib həmişə. Cənublu qardaşlarımın - qələm dostlarımın adından da deyə bilərəm ki, bu sahədə onun yeri, məqamı ədəbi prosesdə çox yüksəkdir.

İmamverdi müəllim nazəndə, nəvazişli bir insandır. İnanmıram, onun düşməni olsun, onu istəməyənlər olsun. Belələri, bəlkə də var. Amma İmamverdi müəllim onlara heç vaxt əhəmiyyət verməyib.

İ.Əbilov özünü təbliğ edənlərdən deyil. Sevilməyə layiqdir, amma özünü sevdirmək istəyənlərdən deyil. İmamverdi müəllim darıxan adamlardan da deyil.

O, nəinki Bakı üçün, heç şöhrət üçün də darıxmır. Ona şöhrət lazım deyil. O öz səviyyəsinə, öz aləminə, öz arzusuna çoxdan çatıb.

Mən İ.Əbilovun, demək olar ki, bütün kitablarını, yazılarını oxumuşam, o, Rəsul Rza haqqında ilk kitabın müəllifidir, uşaq ədəbiyyatı, müharibə mövzusu onun tədqiq etdiyi məsələlər olub.

Yaradıcılığının əlamətdar xüsusiyyətlərindən biri də epistolyar ədəbiyyatla məşğul olmasıdır. O, qələm dostlarının demək olar ki, hamısı ilə, özü də müntəzəm məktublaşır. Məktubları isə həmişə elmi informasiya və təhlillərlə zəngin olur. Bəzən bu məktublar vasitəsilə o, paytaxtın elmi-ədəbi mühiti ilə əyalətin canlı əlaqəsini təmin edib. Onun məktubları bir növ körpü xarakteri daşıyır.

Dostumuzun gözəl xüsusiyyətləri çoxdur. Araşdırdıqca onun heykəlini, mücəssəməsini təsəvvür etmək olar.

Mən onu Azər Turanın atası olduğu üçün də sevirəm...

 

Söhrab Tahir

Xalq şairi

 

Rəsul Rza və İmamverdi Əbilov. Salyan 1971

 

Əziz İmamverdi müəllim!

İlk növbədə, səmimi Babadağ salamlarımı qəbul edin. Qurultayımızda görüşəndə Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanında Yedigey-Zərifə sevgisi xəttindən söz düşdü. Siz kövrəldiniz, gözləriniz yaşardı. Sözün düzü, bu vaxtsız gəlmiş ilahi məhəbbət mənim də könlümü ağladıb. Sanki o yaşaran mənim gözlərim idi. Sözüm budur ki, bu darmacalda, bu qarmaqarışıqlıqda, özünüz demişkən, bu qayğılar bolluğunda, nə yaxşı ki, biz bu məhəbbəti duyub kövrələ bilirik, könlümüz göynəyir, gözlərimiz yaşara bilir. Sizinlə üzbəüz söhbət etməsək də, sizin kimi ürək sahiblərilə ürəyim bir, ruhum eynidir.

Bu sadəlövhlük üçün gərək ürəyimizə minnətdar olaq.

"Ulduz" jurnalındakı yazılarım barədə xoş fikirləriniz üçün təşəkkürümü bildirirəm. İndi bir çox sahələr kimi, tənqidin də tərəzisi çox da düz çəkmir. Etiraf edirəm ki, belə bir vaxtda Sizin ədəbi fikirlərinizi eşitmək daha xoşdur. Burda, yəni ümumiyyətlə, Sizin yaradıcılığınızda heç bir münasibət güdülməyən yaxşıya sevinmək, ədəbi yanğı, ədəbi qayğı var. Bu elə o sevinc yaşlarından, o kövrəklikdən gəlir. Təmizlikdən, dünyada ancaq yaxşını arzulamaqdan gəlir.

Mən Sizə həmişə belə ülvi duyğular arzulayıram.

Hörmət və ehtiramla,

Musa Yaqub

12 avqust 1986-cı il.

 

 

Patriarx

Azərbaycan ədəbi-ictimai fikrinin patriarxlarından biri - professor İmamverdi Əbilov fani dünyadan köçüb özünün haqq dünyasına qovuşdu. "Patriarx" adı ona yalnız bir baxımdan deyil, bir neçə baxımdan yaraşırdı... Əvvəla, doğrudan da, elm-kamal sahibi idi; ikincisi, həmişə cəmiyyət arasında olmuş, Azərbaycan ziyalılığının ən azı, üç nəsli ilə dostluq, yoldaşlıq eləmiş, çox mötəbər insanların təsəvvüründə özünün kifayət qədər böyük (və zəngin) obrazını yaratmışdı... Üçüncüsü (və fikrimcə, ən mühümü) isə doğulub boya-başa çatdığı torpaqdan, el-obadan heç zaman ayrılmamış, ata ocağa (patriarxlığa!) sözdə yox, işdə də ömrü uzunu sədaqət göstərmişdi.

Bir dəfə mənə də Neftçalada İmamverdi müəllimin evində onu ziyarət etmək qismət olub. O qədər mehribanlıq, səmimiyyət göstərdi, o qədər şirin, məzmun- mündəricəli söhbətlər elədi ki... İmamverdi müəllimi dinləyə-dinləyə görürdüm ki, onun hər sözünün, cümləsinin altında heç zaman unutmadığı canlı bir tarix yatır. Və bu tarix onun mənəvi dünyasının, ruhunun əsasında dayanır... İlk gənclik illərindən başlayaraq böyük insanlarla, millətin ən görkəmli ziyalıları, ictimai xadimlərilə durub-oturmuş, onlarla sıx münasibətdən, məsləkdaşlıqdan enerji (və zövq) almış bu kişinin ürəyi kimi çöhrəsi də nurlu idi.

İmamverdi Əbilovun şəxsiyyət olaraq bir üstünlüyü də onda olmuşdu ki, biliyi, intellekti, dünyagörüşü ilə mənəviyyatı, ədəb-ərkanı, irfanı özündə təbii bir istedadla birləşdirə bilmişdi. Onun yüzlərlə məqalələrindən bir çoxunu oxumuşam və həmişə hiss eləmişəm ki, yazılarında peşəkarlıqla əxlaq, nəzəriyyə ilə həyat, gerçəklik bir-birini tamamlayır, elə bir harmoniya yaradır ki, hansının əvvəl, hansının sonra gəldiyini ayırd etmək çətin olur.

İmamverdi müəllimin tarix (və millət) qarşısındakı çoxlu xidmətləri içərisində ikisi, tamamilə doğru olaraq, xüsusi qeyd edilir ki, onlardan birincisi bütün türk dünyasının romantik mütəfəkkiri (və bilavasitə yerlisi) Əli bəy Hüseynzadənin sovet dövründə ideoloji təzyiqlər altında unutdurulmasına qarşı cəsarətlə mübarizə aparması olmuşdu... İkincisi isə o idi ki, müasir Azərbaycan poeziyasının yaradıcılarından Rəsul Rzaya müxtəlif məqsədli (və motivli) hücumların şiddətləndiyi dövrdə İmamverdi Əbilov onun yaradıcılığının araşdırıcısı (və müdafiəçisi) kimi tanınmışdı...

Görünür, görkəmli ziyalının bir xidmətini də yada salmaq lazım gəlir ki, o da Azərbaycan ədəbi-ictimai aləmi üçün Azər Turan kimi istedadlı, geniş dünyagörüşlü və ədəb-ərkanlı bir oğul yetişdirməsidir.

İmamverdi müəllim bu dünyadan ancaq patriarxlara məxsus missiyasını həyata keçirəndən, zəngin mənəvi irs qoyandan sonra getdi.

 

Nizami Cəfərov

 

 

Ədəbiyyatın əbədiyyətini yaşayan

Azərbaycan ədəbi ictimai mühitində özünəməxsus mövqeyi olan professor İmamverdi Əbilov ədəbiyyata sədaqətlə xidmət edən, sözün bədii fəlsəfi və tarixi mahiyyətini qəlbən duyan bir ziyalı idi. İmamverdi müəllim sözdə həsb-hal etməyi bacarırdı. Sözü ucalıq məqamından enməməsinə xidmət edirdi. Bir bu sözə, bir də bu sözün bitib böyüdüyü Azərbaycan torpağına böyük məhəbbət bəsləyən İmamverdi müəllim doğulduğu Neftçala bölgəsində söz bitirib, bəhrəsini bütün Azərbaycana ərməğan etdi.

İmamverdi müəllimin Neftçaladakı evi həm XX əsrin klassiklərinin ədəbi məbədgahı, həm də bizlərin ziyarətgahı idi. İmamverdi müəllim təmkinli, müdrik, səmimi, şəxsiyyətli, savadlı və ən başlıcası, SÖZün urvatını qoruyan bir ziyalı idi.

O, ömrünün müdrik çağlarında nüfuzlu bir el ağsaqqalı və görkəmli bir ədəbiyyat və elm adamı kimi dünyasını dəyişdi...

O, torpağa və tarixə daxil oldu, lakin qiymətli əsərləri və dəyərli, ziyalı və alim oğlu Azər Turan bizimlə qaldı. Azər Turan İmamverdi Əbilovun Azərbaycan milli ziyalılığının və Darülmömininin yetirdiyi şəxsiyyətdir.

Xalq şairi Fikrət Qocanın bir şeiri var, məzmunu bundan ibarətdir ki, baba və nəvə bir el ağsaqqalını dəfn edib qəbiristanlıqdan qayıdır, nəvə babaya sual verir: - Baba, ölən kişilər hara gedir? Baba cavab verir: - Ölən kişiləri gələcək günlərin bünövrəsinə qoyuruq. İmamverdi müəllimi müstəqil Azərbaycanın bünövrəsinə qoyduq. İnanıram ki, bu bünövrə möhkəmdir.

 

Nizaməddin Şəmsizadə

 

 

Sonuncu zəng

Görkəmli alim, böyük pedaqoq İmamverdi Əbilovun ömür-gün dünyası çağdaş həyatımızın ən pak, mistik hücrələrindən biri idi. İmamverdi müəllim, elə bil ki, dünyaya özünün bənzərsiz müdriklik səlahiyyətilə bir yerdə qədəm qoymuşdu. Bizim qədim Qobustan qayaları qosqoca tarix qoxuduğu kimi, İmamverdi müəllimin bütün varlığı da əsl ziyalılıq ətri verirdi. O, müdrikcəsinə doğma Xəzər kimi hər şeyi öz içinə sinirə bilirdi, eyni zamanda da böyük Çölün barış mücəssəməsi olan bir övladı kimi ruhun təzələnməsi, fikrin pərvazlanması üçün səxavətini əsirgəmirdi... İmamverdi müəllim süfrəsindən, ocağından tutmuş, Sözünə qədər xüsusi bir halallıqla yaşadı. Bu dünyada qazandığı, qoyub getdiyi də elə o halal söz, halal ocaq və dəyərli, adına layiq övladları oldu. Hər dəfə bir fikirdə olmuşam ki, bölgələrimizdə İmamverdi müəllim kimi xüsusi nüfuza malik, söz sahibi olan şəxsiyyətlərin yaşaması Sözümüzün, ziyalılığımızın xoşbəxtliyidi. Belə insanlar bölgələrdə ziyalılıq işığını öləziməyə, sozalmağa qoymur... Azərbaycan ziyalılığının böyük və çox önəmli bir silsiləsini əhatələyən görkəmli söz ustalarımızla İ.Əbilov arasında qırılmaz ünsiyyət əlaqələri olmuşdur və bu əlaqələr indiki halında əsl qədirbilənlik məktəbi kimi özünü doğruldur.

 

Sabir Rüstəmxanlı

Xalq şairi

 

 

Böyük hərflə Müəllim

Azərbaycanın kiçik bir əyalət şəhərində sadə bir orta məktəb müəllimi işiylə, əməliylə öz adını görkəmli şəxsiyyətlərin siyahısına yazdıra bilib. Yazdığı əsərlər on beş cildə sığmayan bir qələm sahibini "sadə müəllim" adlandırmaq olarmı? Əgər o özü bir orta məktəbdə ədəbiyyat müəllimi olmağı hansısa ali məktəbdə və ya elmi institutda işləməkdən üstün tutubsa, onda onun adının yanındakı müəllim sözü də yəqin, böyük hərflə yazılmalıdır.

Doğrudan da, İmamverdi Əbilov təkcə diplomuna və yaşına görə yox, fitrətən də Müəllim və Ağsaqqal idi.

Bu fədakar ziyalı uzun və şərəfli ömrünün sonunacan yaşadığı Neftçala şəhərindəki doğma evini də Azərbaycanın ədəbiyyat və mədəniyyət ocaqlarından birinə çevirməyi bacarmışdı.

Ramiz Rövşən

 

 

İmamverdi Əbilov haqqında yazılan məqalələri, ünvanlanan məktubları oxuyuram, hər birində onun dikələn portretini görürəm. Köhnə kişi deyilən məfhumdakı siqlətin - ədəb-ərkanın, can yanğısının, mərdliyin, dostluğun formulunu dərk edirəm. Bu məqalələrdən XX əsr ziyalılarının siması boylanır, onların nəfəsi duyulur, qəhqəhələri eşidilir, dost zarafatları otağa yayılır, ədəbiyyat söhbətləri insanın ruhuna, canına sirayət edir. İmamverdi Əbilovun yurdu XX əsr ziyalıları üçün Kür qırağının seyrəngahı olub, ərklə açılan dost evi, mənəvi hüzura qovuşduqları məkan olub. Bu evdə ömrün və elmin romantikası qoşa yaşanıb. Azərbaycan elminin və ədəbiyyatının həmişə parlaq simaları - Səməd Vurğun, Rəsul Rza, Yusif Məmmədəliyev, Məmməd Cəfər Cəfərov, Xudu Məmmədov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məsud Əlioğlu, Əliağa Kürçaylı, Yaşar Qarayev, Bəkir Nəbiyev və başqaları bu xatirələrdə necə canlı, necə diridirlər... Bu xatirələr ötən əsr Azərbaycan ədəbiyyatının yaddaş məxəzidir. Hansı ki, deşifrə olunduqda bir çox müqtədir sənətkarların mənəvi aləmlərini açmaqla bahəm, həm də arxasında bir çox heyrətlər buraxır: necə dostluqlar varmış, ədəbiyyata necə can yanğısı varmış, sözə-sənətə necə sayğı-sədaqət varmış...

Elnarə Akimova


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!