Eldar QASIMOV: “O bizim qoruyucu mələyimiz idi” - "Varislər" rubrikası - Müsahibə

"Varislər"in bugünkü qonağı milli teatr və kino sənətimizin unudulmaz simalarından biri, yaratdığı obrazlarla yaddaşımızda hər zaman gözəl xanım, mehriban ana, qayğıkeş nənə kimi yaşayan Firəngiz Şərifovanın nəvəsi, "Avrovizion" musiqi yarışmasının qalibi, tanınmış estrada müğənnisi Eldar Qasımovdur.

 

Xalq düşməninin qızı

İki böyük sənətkarın, iki sənət fədaisinin ailəsində gəlmişdi dünyaya. Bəlkə ömrünün ən xoşbəxt günləri tamaşaçı zalının bir küncündə oturub atası Abbas Mirzə Şərifzadənin, anası Mərziyyə xanım Davudovanın yaratdığı rollara baxdığı anlar olub. Sonra isə...

Sonra çox şeylər baş verdi onun həyatında. Sevimli atası, böyük Abbas Mirzə Şərifzadə 1938-ci ilin qanlı Stalin repressiyasına məruz qalaraq, ona qarşı sürülüən yalançı ittihamların qurbanı oldu, günahsız yerə güllələndi. Düz 10 ildən sonra elə həmin rejim anası Mərziyyə Davudovaya SSRİ Xalq artisti fəxri adı verərək günahını yumağa çalışdı. Amma o, heç nəyi unutmadı. O, heç nəyi unuda bilməzdi. Çünki bir övlad üçün, özü də Firəngiz Şərifova kimi emosional, qürurlu, şərəfli bir övlad üçün rejimin saxta böhtanlarına qurban getmiş atanın xatirəsini yaşatmaqdan şərəfli heç nə ola bilməzdi.

Elə bu səbəbdən ən şux obrazları yaradarkən belə onun gözlərinin dərinliyinə hopmuş kədərin böyüklüyünü görmək olurdu. Onun səsində qətiyyət və eyni zamanda qəribə bir titrəyiş vardı.

Bu gün ondan danışacağıq - unudulmaz Firəngiz Şərifovadan, böyük Abbas Mirzə ilə Mərziyyə xanımın yadigarından və bu söhbətdə mənə Firəngiz xanımın nəvəsi, tanınmış estrada müğənnisi Eldar Qasımov bələdçilik edəcək.

 

- Eldar, xoş gördük. Azərbaycanda səni daha çox sevilən estrada müğənnisi, "Avrovizion-2011" mahnı yarışmasının qalibi kimi tanıyırlar və bu sahədə qazandığın uğurlar hamımızı sevindirir. Amma bu gün musiqidən yox, sənin doğulub böyüdüyün ailədən, daha dəqiq desək, nənən, unudulmaz Firəngiz xanımdan danışacağıq. Bir də, əlbəttə, nəvənin nənədən eşitdiyi xatirələrdən.

 

Xatirələrdən qaçan adam

 

- Əslində, o, sənətlə bağlı evdə çox az danışırdı. Keçmiş günlərdən danışmağı xoşlamırdı, amma evimiz həmişə qonaqla dolu olurdu. Bildiyiniz kimi, babam Bala Qasımov də sənət adamı idi, Gənc Tamaşaçılar Teatrının, Musiqili Komediya Teatrının direktoru, bir müddət Teatr Xadimləri İttifaqının katibi olmuşdu. Nənəmin, babamın sənət dostları tez-tez bizə toplaşırdılar və biz, yəni qardaşımla mən daha çox onların söhbətlərini, xatirələrini eşitmişik. Artıq onların əksəriyyəti həyatda yoxdur, qalanlarla isə bacardığımız qədər əlaqə saxlamağa çalışırıq. Atam ailədə 3 uşağın sonbeşiyi olduğundan nənəmgili və biz bir evdə yaşayırdıq, qonaqlar danışır, biz də qulaqlarımızı şəkləyib dinləyirdik.

- O mənim yaddaşımda Saçıkəsik Petolitto - cadugər qadın obrazı ilə yadda qalmışdı. 5-6 yaşım olardı yəqin, televiziyada yaxşı uşaq verilişləri verirdilər, maraqla baxırdıq. "Piri babanın nağılları" idi, səhv etmirəmsə, verilişin adı. Bir gün "4 qardaşın 1 bacısı" nağılını səhnələşdirmişdilər, onun sehrli darağı vardı, dəhşətli qəhqəhəsi vardı və çox qorxurduq. O mənim yaşıdım olan uşaqların qorxulu kabusu idi. Sonra yaxından tanış olduq, görüşlərimiz, söhbətlərimiz oldu və onun nə qədər gözəl qəlbli bir insan olduğunu gördüm. Bir gün ondan soruşdum: "Firəngiz xanım, Saçıkəsik Petolittonu xatırlayırsınız?". Gülərək: "Əgər sizin dövrün uşaqları onu xatırlayırsa, demək mən də xatırlayıram", - cavab verdi. Necə nənə idi o?

 

Uşaqların qorxulu kabusu

 

- Əlbəttə, mən onu daha çox nənə kimi xatırlayıram. Teatrda, kinoda olan işləri onun səhnə, yaradıcılıq həyatı idi, amma o mənim sevimli nənəm idi. Tamaşaçı üçün o, pərəstiş obyekti ola bilərdi, mən isə evdə hər axşam onun nağıllarını dinləyirdim. Bəzən teatrda onun da rol aldığı tamaşalara baxmağa gedirdim, tamaşadan sonra uşaqlar nənəmə çiçək bağışlayırdılar, mənsə qısqanırdım onları: "Niyə onlar sənə gül verirlər? Sən mənim nənəmsən, gülü də sənə mən verməliyəm!". Uşaq eqosu. Ailə içində bəzən valideynlərimiz bizə nəyisə irad tutur, nəsə istiqamət verirdilər, o dəqiqə gözlərimizi nənəyə zilləyirdik: "İndicə bizi müdafiə edəcək!". O, çox mülayim xasiyyətli insan idi. Bizim qoruyucu mələyimiz idi. Firəngiz xanım bütün varlığı ilə mənim də, qardaşım Muradın da xoşbəxt uşaqlığının qarantı idi.

- İki böyük sənətkarın ailəsində dünyaya gəlmişdi. Abbas Mirzə milli teatrımızın qurucularından biri idi. Mərziyyə xanım da peşəkar teatrımız üçün çox işlər görmüşdü və səhnə, həm də ictimai fəaliyyəti olan adam idi. 37-ci ilin repressiyası bu ailəyə ağır zərbə vurmuşdu. Firəngiz xanım atasından ayrılanda 13-14 yaşı olub. Nə danışırdı valideynlərindən?

 

Qara maşınla gələnlər

 

  -Sualları özüm verirdim. Ağlım kəsirdi və bilirdim ki, mən Abbas Mirzənin nəvəsiyəm. Məktəbdə müəllimlər məni Abbas Mirzənin nəvəsi kimi təqdim edirdilər. Maraqlı idi, kim olub Abbas Mirzə? Oxuyurdum, maraqlanırdım. Mən uşaq olanda nənəm o mövzuda danışmağa çəkinirdi, çox vaxt sükutla keçirdi üstündən, deyirdi ki, bu mənim üçün çox həssas mövzudur, danışa bilmirəm. Nənəm ömrünün sonuna qədər bu nisgili, bu dərdi öz ürəyində dəfn elədi. Atasının son günündən ürəkağrısı ilə danışırdı. Onu birbaşa teatrdan aparmışdılar. Qara maşın gəlib teatrın qarşısına, Abbas Mirzə sənət yoldaşlarına deyib ki: "Mənim dalımca gəliblər. Mən getdim". Ondan sonra Mərziyyə xanım evdə hazır boğça saxlayırmış, içində palpaltar, müəyyən zəruri şeylər, hər an onu da gəlib aparacaqlarını gözləyib. Özünüz başa düşürsünüz də bu necə psixoloji sarsıntıdır. Maşın səsi, addım səsləri, kiminsə yad səsi... adam dəli ola bilər. Hətta elə bir şey olarsa, Firəngiz xanımı kimin himayəsinə verəcəyini də fikirləşib. Mərziyyə xanımı Abbas Mirzə Həştərxandan gətirmişdi, Bakıda çox qohumu yox idi, yəqin, hansısa tanışına, ya da sənət dostuna tapşıracaqmış Firəngiz xanımı.

Nənəm danışırdı ki, Abbas Mirzə səhnədə çox emosional, gur səsə malik, xarakterik rollar yaradırdı, Hamlet, Otello, Maqbet və s. Onun yaratdığı Hamletin fotosu hal-hazırda Londonda, "Şekspir muzeyi"nin eksponatları arasındadır. Amma Firəngiz xanım uşaqlığını əvəzolunmaz ata sevgisi, valideyn qayğısı ilə keçirmişdi. Abbas Mirzə daxilən çox həssas, mülayim adam, anası Mərziyyə xanım isə əksinə, çox güclü, tələbkar, gur səsli, məyyən qədər də sərt qadın olub. Nənəmin yaradıcılıq həyatı ailədə daha çox məni maraqlandırırdı. Ona 90 faiz nənə kimi baxsam da, 10 faiz tamaşaçı kimi baxırdım. Bəlkə də, incəsənətə marağım olduğundan belə idim, amma çox təəssüf, min dəfə təəssüf, Firəngiz xanım dərdini içində dəfn edən və bədbin şeylərdən danışmağı sevməyən nənə idi. Firəngiz xanm dünyasını dəyişəndən az sonra Akademik teatrda Abbas Mirzənin yubileyi keçirilirdi. Maraqlı film hazırlamışdılar, o filmə baxandan sonra mənə də söz verdilər. Dedim ki, belə bir insanın nəticəsi olduğumla bir daha qürur duydum, içimdən bir hiss keçirdim, kaş onunla oturub bir stəkan çay içə biləydim. Belə bir ailənin üzvü olmaq mənim üçün həm fəxrdir, həm də məsuliyyət.

 

Onun nəticəsi olmaq mənim üçün böyük qürurdur

 

- Eldar, başa düşdüm, Firəngiz xanım xatirələrdən uzaq qaçıb. Bəs sən özün necə? Heç nəticəsi olduğun insanların, Firəngiz xanımın həyatını öyrənməyə cəhd elədin?

- Əlbəttə. Bayaq dediyim kimi, yubiley tədbirində gördüyüm filmə baxdıqca babam haqqında çox dəyərli məlumatlar aldım. Bildim ki, Abbas Mirzə də, Mərziyyə xanım da ilk peşəkar aktyor məktəbinin yaradıcılarından və nümayəndələrindən olublar. Təsəvvür edin o dövrün mənzərəsini: H.Ərəblinski, Cahangir Zeynalov, Ülvi Rəcəb, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Hacıağa Abbasov və mənim ulu babamla nənəm. Azərbaycan teatr truppası, səhv etmirsəmsə, 1918-ci ildə Həştərxanda qastrolda olanda Mərziyyə xanımın ifasını görüblər və Ərəblinskinin, Abbas Mirzənin dəvəti ilə Mərziyyə xanım Bakıya gəlib, sonra ailə qurublar. Abbas Mirzə Şamaxıda anadan olsa da, bütün gəncliyi, məşhurluğu Bakıda keçib və Bakı həm də ona ölüm fərmanı verən şəhərdir. Abbas Mirzə teatr və kino rejissoru kimi maraqlı işlər görüb. Bir neçə filmə, o cümlədən 1929-cu ildə lentə alınmış "Hacı Qara" filminə, opera teatrında Üzeyir bəyin "Leyli və Məcnun", M.Maqomayevin "Şah İsmayıl", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operalarına quruluş verib. Sənət aləmində böyük hörmət, nüfuz və söz sahibi olub. Dövrünün ən üzdə olan sənətkarı kimi sevilib. Mərziyyə xanım da sovet dövrü aktyorunun ala biləcəyi ən yüksək ada - SSRİ Xalq artisti adına layiq görülüb. O dövrün anşlaqla gedən tamaşalarında əsas rolları yaradıb, deputat olub, ictimai fəaliyyətlə məşğul olub, Teatr Xadimləri İttifaqına rəhbərlik edib. Firəngiz xanım səhnəyə çox erkən, haradasa 8-9 yaşında çıxıb. İlk rolu C.Cabbarlının "Oqtay Eloğlu" pyesində Sevər, daha sonra "Sevil"də Gündüz olub. Konservatoriyada təhsil alıb. O, peşəkar, soprano səs tembri olan musiqiçi idi. Qısa müddət Musiqili Komediya Teatrında çalışıb, sonrakı həyatı isə bütünlüklə Gənc Tamaşaçılar Teatrına bağlı olub.

 

Səhnəyə çıxan qızcığaz

 

Mən onun qrim otağını, məşqlərini, evdə hazırlaşdığı anları çox yaxşı xatırlayıram. Nənəm daha çox Mərziyyə xanımdan danışardı, çünki atası güllələnəndə yeniyetmə və sarsılmış qız olub, Mərziyyə xanım dünyasını dəyişəndə isə onun 38 yaşı vardı. Mərziyyə xanımın səhnədə yaratdığı ən son tamaşada Firəngiz xanım onunla eyni səhnəni paylaşıb. Mərziyyə xanım əksər qastrola nənəmi də aparırmış. Siz bilirsiniz də, Abbas Mirzə Mərziyyə xanımla ailə qurana qədər Hənifə Akçurina ilə nikahda olub. Abbas Mirzə dünyasını dəyişəndən bir neçə il sonra Mərziyyə xanım Ülvi Rəcəblə ailə qurub.

- Abbas Mirzə günahsız yerə "xalq düşməni" elan edildi və güllələndi. Arxiv sənədləri açıldıqca adam dəhşətə gəlir, elə zərif qəlbli insana NKVD zirzəmilərində olmazın işgəncələr verib, onu sənət dostlarının üzünə durmağa məcbur ediblər. İnsan ətdən və sümükdəndir. Nə qədər dözümlü, nə qədər iradəli olsan belə, bir gün əzab insan ruhuna güc gəlir və adam təslim olur. Bu başa düşüləndir. Amma Mərziyyə xanımın həyat yoldaşını onun əlindən alan rejim az sonra onu SSRİ  Xalq artisti adına layiq gördü. Səncə, niyə?

- Məncə, tökdüyü günahsız qanları kompensasiya etməyə çalışdığı üçün. Mərziyyə xanım, dediyim kimi, iradəli qadın olub, bəlkə də həyatında anam, yaxud başqa zəif məqamları olmasaydı, üsyan edər, bu adlardan, bu imtiyazlardan imtina edərdi, amma bu, gözgörə özünü ölümə atmaq olardı. Bir də ki, axı o, istedadlı idi, tamaçı sevirdi onun yaratdığı rolları, bu adlar, imtiyazlar onun halal haqqı idi. Lakin bir şeyə qətiyyətlə əminəm, nə Mərziyyə xanım, nə nənəm Firəngiz Şərifova, nə də elə mən özüm və ailəmiz rejimin ailəmizə yaşatdığı zülmü, verdiyi əsassız hökmü heç vaxt unutmayıb və unutmamışıq.

 

Xalq düşməninin arvadına verilən ən yüksək ad

 

O fəxri adlar, imtiyazlar Firəngiz xanımın atasına sarılmasını, Mərziyyə xanımın sevimli həyat yoldaşına sevgi göstərməsini heç nə ilə əvəz edə bilməzdi. Üstəlik, ağlım kəsəndən nənəmin gözlərində gördüyüm əbədi kədəri necə bağışlaya bilərəm? Mərziyyə xanım tatar əsilli idi, nənəm deyirdi ki, əgər o, qarşısına nəsə bir məqsəd qoyurdusa, ağlına nəsə bir fikir gəlirdisə, sona qədər gedib öz istəyinə nail olurdu, amma Stalin repressiyası, bildiyiniz kimi, ölüm maşınları istehsal edirdi, ora düşdünsə, qurtuluş yoxdur. Ona görə Mərziyyə xanım da, nənəm də bunun əvəzini öz istedadları ilə, qətiyyətləri ilə çıxdılar. Rejimə sübut etdilər ki, Abbas Mirzənin ailəsi ayaq üstə dura bildi, xalq, tamaşaçı onlara olan sevgisini itirmədi, əksinə, siz isə hər zaman lənətlə xatırlanırsınız.     

Nənəmin əlindən alınan uşaqlığını heç nə ilə geri qaytarmaq mümkün deyildi. Mərziyyə xanımın gənc yaşında başsız qalması - bunları heç nə ilə kompensasiya eləmək olmaz. Təsəvvür edirsiniz mənzərəni: həyatını öz xalqının mədəniyyətinə, maariflənməsinə sərf edən, ürəyi ancaq yaradıcılıqla döyünən, siyasətdən, hər hansısa dövlət qulluğundan uzaq bir adamı elə-belə ittihamla yox ha, xalq düşməni ittihamı ilə həbs edirlər. Bu həm də öz şəxsiyyətinə hörmət edən bir adam üçün təhqirdi. Nədir-nədir Abbas Mirzə İranda yaşayan qardaşı ilə məktublaşır. Adam öz qardaşı ilə, doğmaları ilə məktublaşar da. Absurd ittihamdır. Nə olsun, sonradan gələnlər bəraət verdilər o adamlara?! Onları ittiham edənləri güllələdilər. Nə olsun?! Bununla bitdimi? Xeyr! Bitmədi! Bitməyəcək də! Nə yaxşı ki, belə söhbətlər olur, həm o günahsız insanlar, həm də onların cəlladları xatırlanır və kimisi rəhmətlə, kimisi də lənətlə xatırlanır.

 

Qardaşına məktub yazdığı üçün xalq düşməni oldu

 

Atam danışıb mənə. Ötən 80-ci illərdə katerlə Xəzərdəki adsız adalara gediblər.  Gediblər və gördüklərindən dəhşətə gəliblər: insan sümükləri ilə dolu bir ada. Allah bilir kimlərin, hansı dahilərimizin, necə gözəl insanlarımızın adsız məzarlığıdır ora. Hər dəfə külək əsdikcə qum dənələri o sümüklərə məzar qazır. Atam çox sarsılıb o mənzərəni görəndən sonra.

- Firəngiz xanımın konservatoriyada təhsil almasında dahi Üzeyir bəyin dəstəyi olub. Ümumiyyətlə, mən bu cür söhbətlərdə dəfələrlə Üzeyir bəyin eyni səpkili xeyirxahlıqlarını eşitmişəm. Firəngiz xanımın səsi sopranodur, bəs səndə? Üstəlik, sənin ixtisasın musiqidən uzaqdır. Almanca sərbəst danışa bilirsən. Musiqiyə həvəs haradan yaranıb səndə? 

- Məndə uşaqlıqda soprano idi, sonra dəyişdi, baritonal tenor səsdi idi. Baritonda da, tenorda da oxuya bilirəm. Uşaqlıqdan musiqiyə həvəsim olub. Bilmirəm hansı inamdan idi, amma elə uşaqlıqdan bilirdim ki, nə vaxtsa səhnədə olacağam.

 

Bilirdim ki, səhnədə olacağam

 

Fərq etməz, aktyor kimi, müğənni kimi, amma olacağam. Nənəmlə teatra gedirdim. Onun otağı nağıl kimi gəlirdi mənə. Teatrın kostyumeri, qrimyoru mənə pariklər, qrimlər verirdi, ən əziz oyuncaqlarım onlar idi. Başıma parik qoyurdum, qrimlənib özümü pis günə salırdım. "Ağ div, Qara div" tamaşası çox xoşuma gəlmişdi, nənəm orada nənə rolu oynayırdı. İki ayağımı bir başmağa dirədim ki, o tamaşadakı paltarlardan istəyirəm. Nənəm gedib teatrda onları mənimçün tikdirib gətirdi. Çünki əksər gündüz tamaşalarına baxırdım. Uşaq seansları olurdu gündüzlər. Sonra evə gəlib, səhnədə gördüklərimi evdə qururdum özümçün. Yəni ağlım kəsəndən o dünyanın içində olmuşam. Evin divarlarına ip çəkirdim, nənəmin qırmızı kəlağayılarından pərdə düzəldirdim. Evdəkilərə axşam seansları verirdim. İndi təsəvvür edirəm, onları bir saat necə zülmə salıb, öz uşaq oyunlarıma baxmağa məcbur eləmişəm.

- Bir az Firəngiz xanımın öz ailəsindən danışaq. İki oğul, bır qız və sənətin içində olan həyat yoldaşı. Evdə kimin sözü keçirdi? Bala Qasımov güzəştə gedən adam idimi? Söhbətin əvvəlində dedin ki, evə sənət dostları çox gəlib-gedirdi. Kim idi o dostlar? Sən nənə ilə baba arasında seçim edəndə kimə üstünlük verirdin?

- Demək, Gənc Tamaşaçılar Teatrının yaşlı-cavan nəsli fərq eləmirdi, çoxu gəlib-gedirdi evə. Yaşlı nəsillə çox vaxt nostalji söhbətlər olurdu, sənət xatirələri. Gənclər isə daha çox öyrənməyə, məsləhət almağa gəlirdilər. Həm də bir ana kimi məsləhət alırdılar Firəngiz xanımdan. Babamın da dostları çox gəlirdi. Mən nənəylə dost idim. Bilirsiniz ən ləzzətli anlarım hansıdır? Onunla bir yerdə bulvarda gəzəndə hamı bizə baxırdı. Mən də qürurlanırdım ki, mənim nənəmi hamı sevir. Nənəmlə daha çox vaxt keçirirdim. Nənəmin dünyası daha maraqlı idi. Məşqlər, müsahibələr, çəkilişlər. Mən də özümü o aləmə hazırlayırdım axı. Bəzən dərslərim də yaddan çıxırdı, çünki o aləm nağıl idi, əsl nağıl.

 

Nənəsinin dünyasında böyüyən oğlan

Bəzən məndən soruşurlar, 21 yaşında elə nüfuzlu müsabiqədə qalib gəlmək, səhnəyə çıxmaq sənə çətin olmadı ki? Əlbəttə yox, çünki zatən ağlım kəsəndən bəri səhnədə, nənəmin kölgəsi rolunda çıxış eləmişəm. AzTV nənəmdən veriliş çəkmişdi, uşaq idik. Nənəm qardaşımla məni də həmin verilişə saldı. Daha çox nənəmin sözünə qulaq asırdım. Olurdu bəzən yeməkdən qaçırdıq, ya da dəxli olmayan yerdə şuluq salırdıq, nənəm bircə dəfə bizə acıqlanırdı, vəssalam. Başa düşürdük ki, bu həyatda kimi desən incitmək olar, amma bizim qoruyucu mələyimizi incitmək olmaz. Mariya Titarenko vardı, məşhur opera müğənnisi, "Arşın mal alan" (1945) filmində Leyla xanım Bədirbəylinin vokal parçalarını səsləndirmişdi. Nənəmlə yaxın rəfiqə idilər. O xanım bizə tez-tez gəlirdi. Mətbəxdə oturub söhbət edirdilər, nənəm onu oxutdururdu. Çox maraqlı idi.

- 2011-ci ildə Azərbaycan mədəniyyəti tarixində çox böyük uğura imza atdın. Avropa televiziyalarının ən nüfuzlu musiqi yarışmasının qalibi oldun. Kim sənə dəstək vermişdi? Nənə, ümumiyyətlə, ailə bunu necə qarşıladı?

 

Bu yolu seçdinsə, hər kəsdən yaxşı ol

 

- Uşaq vaxtı səhnədə olmaq arzumu nənəm bəzən başımdan çıxarmağa çalışırdı. Deyirdi, bu çox çətin peşədir. Şöhrət insanı həm məhvə apara bilər, həm də yüksəldə bilər. Bu həm də iradə məsələsidir. Bəzən çox istedadlı adamlar öz layiqli qiymətini ala bilmirlər, bəzən isə tam əksinə olur. Mən onun sözünə qulaq asırdım, amma eyni zamanda özümü səhnəsiz təsəvvür edə bilmirdim. Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirdim, magistraturanı da o sahə üzrə oxudum, amma səhnə, musiqi mənim xəyallarım idi və ailəm ciddi olduğumu başa düşəndə artıq dəstək oldu. Əlbəttə, ilk dəstəyi ailəmdən aldım. Sonrakı mərhələdə arxamızda dövlətimizin, xalqımızın sevgisini gördük. Mən də, sənət dostum Nigar Camal da o sevgini hiss edirdik və bu bizə stimul verirdi. İngilis dillində musiqiləri çox dinlədiyim üçün ingiliscə mahnı oxumaq da çox çətin olmadı. Həm də musiqinin sirli bir məqamı var - musiqi duyumu. Musiqi duyumu olanda istənilən dildə mahnını yadda saxlamaq mümkündür. Universitet illərində ölkədaxili müsabiqələrə, xaricdə keçirilən festivallara qatılmağa başladım. Nənəm çox ciddi olduğumu başa düşdü və mənə bir söz edi: "Eldar, əgər bu sənətdə olmaq istəyirsənsə, hamıdan yaxşı olmalısan". Bu söz mənə yeni ruh verdi. Əlbəttə, orta şkala çoxdur, yaxşıları və ən yaxşıları isə barmaqla göstərirlər. Bilirsiniz, bu riyaziyyat, ya da fizika deyil ki, müəyyən düsturu tətbiq etməklə hər hansısa tənliyi həll edəsən. Əlbəttə, o sahələrin də özünəməxsus çətinlikləri var, amma incəsənət ürək işidir, istedad işidir. Ya səndə var o istedad, ya da yoxdur. İstedad varsa, buyur gəl, qollarını çırmala, əziyyətlərinə qatlaş və uğur qazan.

- Firəngiz xanım 90 il ömür sürdü və az qala onun 80 ilini sənətdə, səhnədə yaşadı. Söhbət əsnasında dedin ki, baban Bala müəllim dünyasını dəyişəndən sonra Firəngiz xanım həyatdan doydu, sanki. Onun ömrünün son günləri necə qalıb yadında?

 

İstəmirdi yaddaşlarda elə qalsın

 

- Mən artıq tək yaşayırdım, amma hər gün telefonla danışırdım onunla, tez-tez baş çəkirdim. Bilirsiz nə hiss edirdim onda, istəmirdi onu belə zəif, düşmüş, gözəlliyini, təravətini itirmiş görsünlər. İstəmirdi içi biz qarışıq yaddaşlarda beli bükülü, ayaqlarını zorla çəkərək gəzən, gözlərinin işığı tamam itmiş biri kimi qalsın. Babamdan sonra o, illərlə tamaşaçılardan aldığı çiçəklər kimi hər gün bir az da artıq solmağa başladı və 2014-cü ilin 20 fevralında qocalıq son hökmünü verdi. Biz onu itirdik, amma sevimli teatrı qaldı, xatirələri qaldı, minlərlə fotoşəkil qaldı. Və nə yaxşı ki, sizin kimi insanlar qaldı - onu vaxtaşırı yada salanlar.

 

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!