Hər il aprelin 2-də görkəmli Danimarka uşaq yazıçısı Hans Xristian Andersenin ad günündə Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunur. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzeti AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova ilə müsahibə təşkil edib. Həmin müsahibəni "Ədəbiyyat qəzeti" oxucularına təqdim edirik.
- Elnarə xanım, rəhbərlik etdiyiniz şöbə Ədəbiyyat İnstitutunda nisbətən yeni yaradılan şöbələrdən biridir. Zəhmət olmasa, şöbənin fəaliyyəti haqqında qısaca məlumat verərdiniz.
- Elədir, şöbə 2018-ci ilin noyabrında yaradılıb. Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə. İsa müəllim Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində aparıcı ölkələrdən birinə çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin yetişdirilməsini qarşıya qoyulan dövlət səviyyəli əsas problemlərdən biri olduğunu daim səsləndirirdi. Bunu Yeni Azərbaycan Partiyasının VI Qurultayında ölkə başçısı İlham Əliyevin özü də xüsusi olaraq bir daha vurğuladı. Milli ruha sahib, təməlli, sağlam əqidəli, dürüst, layiqli, dövlətinə və xalqına sədaqətli nəsil yetişdirməyi vacib məram kimi irəli sürdü. Yeni nəslin yetişməsində uşaq ədəbiyyatı, uşaq musiqisi, folkloru, təsviri incəsənəti əsas amillərdən biridir. Bu işin elmi müstəvidə öyrənilməsi prosesinə təkan verilməkdədir. Müstəqillik dövrünün artıq yeni tipli uşaq ədəbiyyatı yaranmalıdır. Şöbə yaranana qədər Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatının öyrənilməsi istiqamətində mühüm işlər görülmüşdü. 28 yanvar 2015-ci ildə "Uşaq ədəbiyyatı: Ədəbi-tarixi ənənələri və müasir problemləri"nə həsr olunan müşavirənin keçirilməsi, bu ədəbiyyatın təbliği və problemlərinin gündəmə gətirilməsi istiqamətində dinamikliyin yaranmasına rəvac verdi. Tək onu demək kifayətdir ki, hər il keçirilən "Ədəbi proses" elmi yaradıcılıq müşavirəsində bu sahəyə dair silsilə məruzələr dinlənir. Bu məruzələr hər halda uşaq ədəbiyyatının inkişaf qanunauyğunluğu ilə bağlı müəyyən fikir hasil etməyə, ümumiləşdirmələr aparmağa imkan yaradır.
Uşaq ədəbiyyatı şöbəsinin yaradılması da həmin işlər çərçivəsində görülən işlərdən biridir. Bu sahədəki problemlərin həlli istiqamətində daha sistemli işlər görmək məramına hesablanmış addımdır. Etiraf edim ki, əvvəlcə şöbəyə rəhbərlik etmək işinə tərəddüd etmiş, sanki sıfırdan başlamaq kimi bir yükü çəkə bilməyin haqqını verə bilməmək məsuliyyəti məni gərginləşdirmişdi. Amma işin içinə girdikcə uşaq ədəbiyyatının, əslində, məfkurəmizin təməlində dayanan bir sahə olduğunu hiss edərək necə əhəmiyyətli bir missiya ilə məşğul olmaq qənaəti məni ruhlandırdı. Hətta ilk yazımı belə adlandırdım: "Uşaq ədəbiyyatı - məfkurə qaynağımız". Şöbə olaraq, gördüyümüz işlərə bu kontekstdən nəzər yetiririk. Məfkurəyə, milli ruha, milli ideala xidmət. Yəni Azərbaycan uşaq ədəbiyyatında azərbaycançılıq məfkurəsi. Bu, ideologiyadan da üstün bir dəyərdir.
- Ötən iki il ərzində Uşaq ədəbiyyatı şöbəsində aparılan tədqiqat işləri, əsasən, hansı istiqamətləri əhatə edib? Əldə olunan nəticələr barədə məlumat verərdiniz.
- İki il ərzində görəcəyimiz işlər sırasında bitmiş olanları da var, davamını gözləyənlər də. 2019-cu il oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunu keçirməyə müvəffəq olduq. Müxtəlif türk respublikalarından simpoziuma təşrif buyuran qonaqları, alim və şair, yazıçı heyətini bir məramın, bir missiyanın ətrafına cəm edərək uşaq ədəbiyyatının ortaq problemləri ətrafında müzakirə apardıq. Simpoziuma Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Makedoniyadan, Pakistandan, Kpirdən və digər ölkələrdən qonaqlar qatılmışdı. Uşaq ədəbiyyatının ümumi dəyərlərinin, problemlərinin öyrənilməsi istiqamətində bu çox əhəmiyyətli məqam idi.
Bundan başqa, şöbə olaraq, İnstitutumuzda görkəmli insanların həyat və yaradıcılığından bəhs edən "Şəxsiyyətin pasportu" seriyasından Xanımana Əlibəyli haqqında "Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası" kitabını meydana qoyduq ki, burada şairənin şeirləri, poemaları, dramaturgiyasının təhlili ilə yanaşı, ömür yolunun bütün əhəmiyyətli çalarları ehtiva olunur. Təəssüf ki, hər sahədə olduğu kimi, pandemiya məsələsi bir çox planlarımızı həyata keçirməyə imkan vermədi. Abdulla Şaiq adına Kukla Teatrında bu kitabın geniş təqdimatını nəzərdə tutmuşduq. Eyni zamanda teatr Xanımana Əlibəylinin "Dovşanın ad günü" tamaşasını məktəblilərin ifasında səhnələşdirmişdi. Yəqin ki, pandemiya məhdudiyyətləri aradan qalxdıqdan sonra hər iki məsələni gerçəkləşdirmək imkanımız olacaq.
Daha bir məqama toxunmaq istəyirəm. Hər bir sahənin mənzərəsi onun çağdaşlığını ilə vəhdətdə daha aydın görünür. Bu mənada, hazırkı uşaq ədəbiyyatı nümunələrini mütəmadi izləyir, yeniliklərə həssas yanaşırıq. "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana bu xüsusda xüsusi təşəkkür edirəm. Bu sahəni hər zaman diqqətdə saxlayır. Həm uşaq ədəbiyyatı yazarlarının əsərlərini, həm də onlar haqqında istedadla yazılan elmi-nəzəri yazıları daim çap edir. Ötən il 1 iyun "Uşaqların Beynəlxalq müdafiəsi günü" ilə əlaqədar qəzetin bir sayını bütünlükdə "Uşaq ədəbiyyatı"na həsr etmişdi ki, burada əsas işi bizim şöbə gördü. Müsahibələr, reportajlar hazırladıq, təhlil yazıları ilə çıxış etdik və s. Redaksiyaya iki dəfə müxtəlif qonaqlar dəvət edib uşaq ədəbiyyatının problemlərini "Müzakirə saatı"ına çıxarmışıq. Ölkənin bir nömrəli ədəbiyyat qəzetində bizə verilən bu imkanı yüksək dəyərləndiririk.
Bir məqamı da deyim. F.Köçərli adına Respublika Uşaq kitabxanası, AYB Uşaq ədəbiyyatı bölməsi, müxtəlif nəşriyyatlar şöbə ilə daim əlaqədədirlər. Yazarlarımız yeni yazdıqları nümunələri təqdim edirlər, çapa getmədən öncə mətnlərin bədii-estetik səviyyəsi barədə müzakirələrimiz olur.
- Hazırda şöbədə hansı sahədə elmi-tədqiqat işləri həyata keçirilir?
- Hazırda "Şəxsiyyətin pasportu" seriyasından görkəmli uşaq yazarı Tofiq Mahmudun həyat və yaradıcılığı üzərində çalışırıq. Amma qarşımızda dayanan ən mühüm məsələ "Uşaq ədəbiyyatı tarixi"ni yazıb ərsəyə gətirməkdir. Şöbə yenidir, bu bir ildə uşaq ədəbiyyatının tarixini, immanent inkişaf qanunauyğunluğunu, tarixi və müasirliyini dərk etmək baxımından həm meydanda olan elmi-nəzəri tədqiqat işlərini, həm də uşaq ədəbiyyatı ilə bağlı folklordan bu günümüzədək yazılan çoxsaylı bədii yaradıcılıq nümunələrini izləmək, araşdırmaqla məşğul olmuşuq. Bunsuz predmetin çağdaşlığını vermək, müasir uşaq ədəbiyyatını bütün tərkib və parametrləri ilə təhlil etmək mümkün deyil və belə bir köklü sahənin tarixiliyinə varmaq onun bu günü ilə bağlı dəqiq analiz vermək baxımından çox vacib, hətta deyərdim, zəruri amildir. Ona görə də uşaq ədəbiyyatının tarixi üzərində məsuliyyətlə işləməyə çalışırıq. Burada folklor, klassik ədəbiyyat, XX əsrin əvvəli, sovet dövrü Azərbaycan uşaq ədəbiyyatı və müstəqillik dövrü uşaq ədəbiyyatının bütün mənzərəsini verməyə çalışacağıq.
Bu il, bildiyimiz ki, Azərbaycanın müstəqilliyinin 30 ili tamam olur. İnstitutumuz bu böyük hadisəyə layiq işlər görməyi planlaşdırır. Belə işlərdən biri də Azərbaycançılıq məfkurəsini bədii mətnlər kontekstindən tədqiq predmetinə çevirməkdir. Şöbə olaraq, "Ayrılarmı könül candan" adlı antologiyanı da biz təqdim etmişik ki, burada uşaq yazarlarımızın vətənə, onun tarixi abidələrinə, məkan tərənnümünə, ana dilinə, məktəbə həsr olunan seçmə şeirləri əksini tapır. Bir də qarşıda uşaq ədəbiyyatı ilə bağlı daha bir beynəlxalq konfrans keçirmək planı var. Uşaq mətbuatı, uşaq nəşrlərinin vəziyyəti, tərcümələr, uşaqlar üçün yazılan əsərlərin faydalılığını müzakirə etmək baxımından belə bir konfransa böyük ehtiyac olduğunu düşünürəm.
Eyni zamanda uşaq ədəbiyyatı ilə bağlı ölkədə və dünyada tanınmış elm adamlarının yazdığı elmi-nəzəri materiallardan ibarət kitab hazırlamağı planlaşdırırıq.
Türkiyənin Milli Eğitim Bakanlığı, Pamukkale Universiteti ilə perspektivli bağlantılarımız var. Müstəqilliyimizin 30 illiyi ilə əlaqədar "Türkiyə və Azərbaycan çocuk ədəbiyyatı" adlı kitab hazırlayırıq. Soner Sağlam və Yaşar Sözenle birlikdə. Kitabın Azərbaycan türkcəsinə daxil olan bölümünün tərtibçisi və redaktorluğu mənə həvalə edilib. Bu kitabda son otuz ildə müstəqilliyə, istiqlal mövzusuna dair yazılmış müxtəlif janrlı ən yaxşı uşaq ədəbiyyatı nümunələri yer alacaq və "Bengü yayınları"nda çap olunacaq. Sağlıq olsun, görüləcək işlər, arzular çoxdur.
- Bildiyimiz kimi, aprelin 2-də Beynəlxalq Uşaq kitabı Günü qeyd edilir. Ənənəvi olaraq həmin gün bir çox ölkələrin təhsil müəssisələrində, kitab klublarında və digər məkanlarda müxtəlif sərgi, müsabiqə, tamaşa, konfrans və festivallar, uşaq yazıçı və şairləri ilə görüşlər, yeni nəşrlərin təqdimat mərasimləri təşkil olunur. Bəs Azərbaycanda Uşaq Kitabı Günü necə qeyd edilir? Respublikada bu bayramın təşkilində şöbəniz iştirak edirmi?
- "Uşaq kitabı günü" bizdə də müxtəlif formalarda qeyd olunur. Elə son olaraq 2019-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında bu münasibətlə təşkil edilmiş sərgidə olduq, uşaq yazarları ilə görüşdük, məktəblilərin onlarla görüşlərinə şahid olduq. Çox maraqlı idi, məsələn, şeir və hekayələrini dərsliklərdən, uşaq kitablarından oxuduqları yazarlarla məktəblilərin canlı olaraq ünsiyyət yaratması. Eyni zamanda kitabxana məktəblilərin ifasında Andersonun "Qar kraliçası" əsərini hazırlamışdı. Tamaşaçı qismində də ancaq uşaqlar iştirak edirdi. Sonda bütün uşaqlara kitab hədiyyə edildi. Onu da deyim ki, ölkəmizdə "Uşaq kitabı günü" ilk dəfə elə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, 2008-ci ildə keçirilib. Bu il də kitabxananın direktoru Şəhla xanımla söhbətimiz olub. Pandemiya ilə əlaqədar kitabxana iki istiqamətdə virtual sərgi hazırlayıb. Burada həm Andersonun bütün əsərləri təqdim olunacaq, həm də XX əsrin əvvəllərindən başlayaraq bütün tanınmış uşaq yazarlarının əsərləri, onlar haqqında biblioqrafik məlumat sərgilənəcək. İkinci istiqamət son illərdə ölkəmizdə nəşr olunan uşaq kitablarının virtual sərgisi, uşaq yazarları ilə onlayn görüşlərlə bağlıdır ki, şöbəmiz bu görüşlərdə birmənalı şəkildə iştirak edəcək. Müsabiqəyə gəlincə, onu deyim ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi "Vətənpərvərlik" mövzusunda təşkil etdiyi müsabiqəyə məktəbliləri də cəlb etmişdi. Ən yaxşı şeir, hekayə və esse janrında bu müsabiqəyə 30 məktəbli qatılmışdı. Onlardan 6 nəfərin mətni ekspert heyəti tərəfindən öz qiymətini aldı. Bu cür müsabiqələrin olması çox yaxşı haldır.
- Təşəkkür edirik, Elnarə xanım. Sizə gələcək fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Söhbətləşdi: Nəzmin CƏFƏROVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
"Elm" qəzeti
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!