"Varislər"in bugünkü qonağı milli nəsrimizin ustadlarından biri, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı, kinodramaturq, bir-birindən maraqlı nəsr nümunələrinin müəllifi, ədəbiyyatımıza postmodern yazı üslubu bəxş etmiş İsa Muğannanın varisi - nəvə İsa Ağazadə və digər ailə üzvləridir.
"Ruhani" havasının havasında böyüyən adam
1928-ci ilin iyununda Qazax qəzasında, Ağstafa rayonunun Muğanlı kəndində Mustafa Hüseynovun ailəsində gəlmişdi dünyaya. Uşaqlığı, yeniyetməliyi ağır müharibə illərinə təsadüf etmişdi. Bütün kənd uşaqları kimi sadə, saf bir həyat sürürdü, amma ruhunda baş qaldıran qasırğalar, yuxusuna haram qatan ilham bəzən onu yaşıdlarından fərqləndirirdi. Xəyalı "Ruhani" havasına kökləndikcə nə vaxtsa yazacağı sətirlər gözləri önündə canlanır, dil açıb onunla danışırdı. O, ruhunun sirli səsini hələ o illərdə eşitməyə başlamışdı. Bu səs bəzən onu narahat edir, bəzən könül dünyasına qəribə rahatlıq qataraq, söz-söz, sətir-sətir ağ kağızlara köçürdü. Ruhundakı səs də hələ onun özü kimi yeniyetmə, körpə idi və bir gün o da İsa Hüseynovla bir yerdə böyüyəcək, özü "ÜN"ə çevriləcək, İsa Hüseynov isə böyük İsa Muğanna olacaqdı.
Onun "ÜN"ünə dodaq büzənlər də tapıldı, yazdıqlarını birmənalı qəbul etməyənlər də oldu, amma nə yazdısa, canı ilə, qanı ilə yazdı. Yazdıqca dünyası "Məhşər" yerinə döndü, amma yazdığı hər şey sətir-sətir "İdeal"laşdı. Onun yazdıqlarını oxucu sevdi, özünü isə biz sevdik - onu tanıyanlar, qələminə, şəxsiyyətinə, böyüklüyünə sitayiş edənlər sevdi.
Qapını üzümə ustad yazıçının yeganə qızı Sevinc Muğanna açır. Qapıdan içəri girən kimi sevimli babasının adaşı İsanın mehriban siması, nəvə Səmanın iddialı və bir qədər qaşqabaqlı baxışları ilə qarşılaşıram. Bu evin divarlarına unudulmaz İsa Muğannanın nəfəsi toxunub, o bu evdə gecələr səhərə qədər öz "ÜN"ü ilə pıçıldaşıb və bu evdə yazıb-yaradıb.
Sevinc xanımla belə qərara gəlmişik ki, söhbətdə əsasən nəvələr iştirak etsin.
İsa Hüseynov və İsa Muğanna...
- İsa Muğanna ocağında, "Varislər" layihəsində görüşürük. Mən sualları verəcəyəm, amma kimin danışacağını özünüz müəyyənləşdirin. Əlbəttə, ailə içində də fərqli yanaşmalar ola bilər. Gəlin ondan başlayaq: İsa Hüseynov və İsa Muğanna... bu iki fərqli imza kimə məxsus idi?
İsa Ağazadə: - Məncə, də İsa Hüseynovla İsa Muğanna arasında fərq var. Gəlin əvvəl ondan başlayaq: bu fərq nə vaxt yarandı? Ötən əsrin 80-ci illərində, İsa Hüseynovun kimematoqrafiya komitəsində işlədiyi vaxtlar balaca kabineti vardı. O ərəfədə "Yanar ürək" romanı üzərində yenidən işləyirdi və daha sonra bu roman "İdeal" adı ilə tam fərqli formatda təqdim olundu. Həmin vaxtlarda babam ÜN eşitməyə başladı. O, bunu heç kəsdən gizlətmirdi və müsahibələrində də deyirdi. Yəni babam ÜNü ilk dəfə "İdeal" romanı üzərində işlədiyi vaxt eşitməyə başladı. ÜN özünü EySar kimi tədqim edərək demişdi, mənim adım təhrif olunub. Siz məni İsa peyğəmbər kimi tanıyırsınız, xristian dünyasında isə İsa Məsih kimi tanınıram. ÜN ona demişdi ki, dünyanın tarixi, dinin tarixi bütünlüklə təhrif olunub və bundan sonra sən mənim dediklərimi yazmalısan. Baxın, İsa Hüseynov məhz o ÜNdən sonra İsa Muğanna oldu və beləliklə, yazı üslubu, ədəbiyyata yanaşması, mövzu seçimi və mesajları tamamilə dəyişdi. İsa Muğanna olduqdan sonra İsa Hüseynov olduğu dövrlərdə yazdığı əsərlərə yenidən qayıtdı.
Təhrif olunmuş həqiqətlər...
- Onun bu dəyişməsi həm cəmiyyətdə, həm də ədəbiyyat cameəsində birmənalı qarşılanmadı. Müəyyən mənada İsa Hüseynov öz köhnə oxucularını itirdi, İsa Muğanna isə özünə yeni oxucular qazandı. Hətta çox ciddi adamlar belə onun ÜN eşitmək fikirlərinə ironiya ilə yanaşırdılar. Ən yaxın adamları da onun ağlını itirdiyini deyirdilər, o isə öz ÜNü ilə baş-başa qalmaqdan zövq alırdı. İsa Muğanna özündə cəsarət tapdı...
- Yeniyetmə vaxtı məni "niyə babamı dahi adlandırırlar?" sualı çox düşündürürdü. Doğrudur, mən onun müəyyən yazılarını oxumuşdum, amma yaş... çoxunu dərk eləmirdim. Ümumiyyətlə, İsa Muğanna kimi yazıçıları dərk etmək üçün mütləq müəyyən qədər məlumatlı olmalısan, həyat təcrübən olmalıdır. Amma bir qədər böyüyəndən, təcrübə qazanandan sonra həmin yazıları yenə oxudum, hətta elə yazıları vardı ki, onları qavramaqdan ötrü bir neçə dəfə qayıtmalı olurdum.
- Bir əlavə edim. O, İsa Hüseynov olduğu vaxtlar nə yazmışdısa, su kimi içilirdi. Milli kolorit, rəngli obrazlar, insan problemi, ailə münasibətləri, müharibə, dərd... bunlar o qədər sadə və ustalıqla verilirdi ki, mətndən ayrıla bilmirdin, amma İsa Muğanna dövrü mətnlərinin yükü dəyişdi. İlk baxışdan həmin obrazlar, həmin dərd, həmin problemlər olsa da, artıq yanaşma və təqdimetmə formatı fərqli və ağır idi.
- Doğrudur. Mən bütün varlığımla o yazıları dərk etməyə çalışdım və ürəyimin dərinliyində onun yazdığı mətnlərin hamısına inanıram. O ki qaldı o mətnləri oxucunun qəbul eləməsinə, bu artıq başqa və həm də çətin məsələdir. Tutaq ki, bir oxucu kimi qarşıma çıxan və aydınlaşdırmaq istəyidim bir çox suallar qaldı.
Onun ÜNünə inanıram
Çünki o suallar məni narahat etməyə başlayanda artıq babam həyatda yox idi. İndi təəssüf edirəm, niyə onun sağlığında, uşaq olanda, yeniyetmə olanda həmin sualları ona verməyə dərrakəm yetərli qədər olmayıb. Əlbəttə, bayaq dediyim yaş faktoru var, amma axı o mənim babam idi, mən ondan çox şey öyrənə, çox şey soruşa bilərdim.
- Bu evin divarları ÜN eşitməyə alışıqdır. Sənə bir təklif edim. Yuxu fəlsəfəsinin ən güclü araşdırıcısı mənim üçün Freyddir. O özünün "Psixoanalizə giriş" əsərində yazır ki, "insan yuxuda şüuraltı olaraq onu narahat edən suallara cavab axtarır. Sən o sualları bir yerə yaz və mütləq onları tez-tez xatırla. Səni əmin edirəm, ya baban özü yuxuna girib onlara cavab verəcək, ya da nəsə bir işarə ilə sən o suallara cavab tapacaqsan. Freyd də təxminən belə deyir.
- Maraqlıdır. Mütləq təklifinizi sınayacağam. Tez-tez onun məzarını ziyarət edirəm, başdaşının yanında dayanıb danışıram. Dəfələrlə olub, demişəm, ay baba, elə şeylər yazmısan ki, ortaya xeyli sual çıxıb, mən də, müəyyən qədər oxucular da o suallara cavab gözləyirlər. Mən babamla bu cür danışıram və gözləyirəm ki, ondan mütləq cavab gələcək, amma təəssüf ki, susqunluq davam edir. Babam sağlığında həmişə təəssüflə deyirdi ki, oxucuların sayı da, keyfiyyəti də azalıb. Bəzən fikirlərimi yaxın adamlarla bölüşmək istədim. Ümumiyyətlə, həmişə dünyanın yaranışı, tarixi ilə bağlı fikir mübadiləsi aparmağı sevmişəm. Babamın əsərlərində bu mövzularla bağlı müəyyən cavablar tapmışam, amma həmin adamları babamın bəhs etdiyi elmlə - SafAğ elmi ilə tanış etmək istəyəndə onların qəribə baxışları ilə qarşılaşmışam. Mən onları buna inandıra bilməmişəm, amma əminəm, mənim tanıdığımı, qucağında böyüdüyüm İsa Muğanna özü inanmadığı bir elmə başqalarını heç vaxt inandırmaq istəməzdi.
İnsanların qəribə baxışları...
- Sən insanların o cür baxışlarını adi qəbul elə, çünki hər kəs riyaziyyatı, yaxud tarixi mükəmməl bilə bilməz. Bütün elmlərdə fəlsəfə var, bütün elmlərin öz fəlsəfəsi var... SafAğ elmi də öz fəlsəfəsini İsa Muğannada təzahür edib. Bəlkə də bu, yüz il sonra həs kəs üçün sirri açılacaq bir elmdir, buna görə qəti narahat olma. Yusif Səmədoğlu "Qətl günü" romanında deyir ki, "inanan inansın, inanmayan inanmasın". Əgər oxucu əlinə aldığı mətni əvvəldən sona qədər oxuyursa, demək, müəllif öz istəyinə çatıb. İsa Muğanna oxunur və bu faktı danmaq olmaz.
O, niyə bir neçə ay sonra Tibb İnstitutunda təhsilini yarıda saxlayıb kəndə qayıtdı? Kənd uşağı paytaxtı sevmədi?
- İnstituta qəbul olunmazdan əvvəl babamın Niyazi dayısı ona həkim olmağını məsləhət bilmişdi. Yəqin, elə bu təklifin təsiri ilə sənədlərini tibb institutuna verib qəbul olunmuşdu. Məncə, elə lap əvvəldən bu addımı atmaqla səhv etdiyini anlayıb, çünki onun ruhu bütünlüklə ədəbiyyatda idi. Tibb institutunda oxuyarkən anatomiya dərsində bir hadisə baş vermişdi, həmin hadisə onun tibbi atmasına əsas səbəb olub. Formalin məhlulunda saxlanılan meyitlərin üzərində təcrübə aparırmışlar. Müəllim müharibə illərində cərrahlıq etmiş biri olub, babamın növbəsi çatanda müəllim ona çirkli, təmizlənməmiş alətləri verərək, meyiti yarmağını tələb edib, babam çox vasvası adam idi, səliqəni, təmizliyi sevən idi, elə çirkli alətlərlə işləmək onu iyrəndirmişdi.
Tibb institutunu atmağının səbəbi
Məncə, elə o an qərarını verib ki, tibb onluq deyil. Təəssüflər olsun ki, o vaxt da, elə indinin özündə də bəzən insanlar valideynlərin diktəsi ilə müəyyən sahəni seçməyə məcbur olurlar və bu, əksər vaxtlarda uğursuzluqla nəticələnir.
- Əlbəttə, məsləhət vermək olar, amma diktə eləmək qəti olmaz. Məncə, zamanı gələndə sən də öz övladına gələcəklə bağlı məsləhətlər verəcəksən... Sizdə necədir, Sevinc xanım diktə edir?
- Yox, bizim ailədə belə şey yoxdur.
Səma Ağazadə: - Yox, bizdə hər şey istəklə olur. Babam özünü tibb sahəsində qərib hiss edib, özünü tapa bilməyib və əlbəttə ki, özünü tapa biləcəyi yerə can atıb. Yaşından asılı olmayaraq insan hər addımını öz istəyi və ağlı ilə atmalıdır. Ola bilər haradasa səhv etsin, amma insan səhv edə-edə formalaşır. Çünki özü üçün seçdiyi gələcəyi o insan özü yaşayacaq.
- Universitetin Filologiya fakültəsinə daxil oldu, sonra M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirdi. Buna nə ehtiyac vardı? Bakı Dövlət Universiteti də onun ürəyincə deyildi?
- Hə, bu da maraqlı hadisədir. Babam Tibb İnstitutunu yarıda saxlayıb kəndə qayıdır, sonra universitetin Filologiya fakültəsinə qəbul olunur. Dördüncü kursda oxuyanda atası Mustafa kişi M.Hüseynlə görüşür, razılıqla onu M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərirlər. Mustafa kişi aparır babamı Moskvaya. İnstitutun rəhbərliyi ilə görüşür, babamı elə kabinetdəcə imtahan edirlər. Babam rektora - "Mən bir neçə ay istəmədən tibb institutunda çox əzab çəkərək oxumuşam, amma sizə söz verirəm, əgər məni ədəbiyyat institutuna qəbul etsəniz, əla oxuyacağam" -deyir. Babam olur ədəbiyyat institutunun tələbəsi.
Mehdi Hüseynin mənəvi oğlu
Xalq yazıçısı Mehdi Hüseyn babama mənəvi atalıq edib, həyatında onun böyük rolu olub. İsa Hüseynov ədəbiyyata gəldiyi ilk dövrlərdə tənqidlərə məruz qalırdı, həmin dövrdə babamı müdafiə edənlərin başında M.Hüseyn dururdu. Mustafa kişi kənd adamı idi. M.Hüseynlə görüşüb demişdi ki, mənim 7 övladım var, İsa onların böyüyüdür, səninsə övladın yoxdur, mən İsanı sənə verirəm, gör ondan bir şey çıxara bilirsənmi.
- Mənim üçün çox maraqlıdır, kənd uşağı İsa Hüseynov birdən-birə Moskva mühitinə necə alışa bilir? Rus dilini bilmədən necə oxuyur? Üstəlik, sonra rusdilli "Literaturnıy Azerbaydjan" jurnalında çalışır.
Sevinc Muğanna: - Bu suala mən cavab verəcəyəm. "Məhşər" romanının yazı prosesi, rus dilinə tərcümə prosesi gözlərimin qabağında olub. Qreta Qəhrəmanyan tərcümə etmişdi romanı. Tərcüməçi həftənin iki günü gəlirdi bizə, atam mətbəxdə işləyərdi. Oturardılar saatlarla mətbəxdə. Demək olar, atam hər sözü, hər fikri özü bir-bir tapıb deyirdi, məsləhətləşirdilər. Yəni atam öz üzərində çalışan adam idi. Çox asanlıqla öyrənmişdi rus dilini, çünki qarşısında məqsəd qoymuşdu, əla oxuyacağına söz vermişdi. O, sözünü tutan adam idi. Rus dilini sərbəst bilirdi və istəsəydi özü birbaşa rusca yaza bilərdi.
Məni sazla susdurdular
- İsa Muğanna bir-birindən maraqlı və təzadlı əsərlər qoyub getdi. Mənə elə gəlir ki, nə yazmasından asılı olmayaraq, "İdeal" onun tale romanıydı. Mən onun povestlərini sevərək oxumuşam, "Məhşər"i, "Nizami"ni, "Cəhənnəm"i və digərlərini oxumuşam, yəni yaradıcılığının demək olar, bütün mərhələləri ilə tanışam, amma "İdeal" mənim üçün başqadır. "İdeal" ciddi ədəbiyyat hadisəsidir. O, dəfələrlə "İdeal"a qayıtdı. Niyə? Qılınc Qurban kimdir? Səməd kimdir? Əmi kimdir? Çax-çux Xalıq kimdir? Haradan gəlirdi bu obrazlar?
- Onun bütün yaradıcılığı avtobioqrafikdir, amma soruşanda çox vaxt sükutla keçirdi üstündən. Oxucular bu obrazlarda öz bildikləri, tanıdıqları birini görürdülər və atamın da istəyi elə bu idi. Onun obrazları arasında tanıdıqlarım da var, qohumlarımızdan da var, amma ad çəkə bilmərəm. Məsələn, Çax-çux Xalıqın kim olduğunu bilirəm. İsfəndiyar kişinin obrazı İsa Muğannanın özüdür. Səməd Əmirlidə hardasa atamdan kiçik əmimi görürdüm.
- Qazax mahalında saz bütdür. İsa əmi də saz çalırdı və onun doğma qara sazı indi də sizin divardan asılıb. Bəs şeir necə, şeir yazırdı?
- Hə, onun şeirləri "Azərbaycan" jurnalında, başqa qəzetlərdə çap olunurdu. Yazırdı, amma az yazırdı şeir. Ədəbiyyata nəsrlə gəlmişdi, nəsr onun döyüş meydanı idi, bu meydanda öz obrazılarının sərkərdəsi idi atam. Şeirdə tapa bilmirdi özünü.
Səma Ağazadə: - Mən də şeirdə tapa bilmirəm özümü. Esselər yazıram, kiçik hekayələr yazıram, bir povest də yazmışam, özü də deyim ki, mən də babam kimi ÜN eşidərək yazıram, amma şeir, sanki ruhuma yad gəlir bir az. Gələcəkdə necə olacaq, deyə bilmərəm. Sazdan danışdınız. Onun çaldığı "Ruhani"nin səsi hələ də qulaqlarımdadır. Sizə sazla bağlı bir hadisə danışım. Zəlimxan baba (Z.Yaqub) bir dəfə bizə gəlmişdi, 2-3 yaşım vardı. Çox dəcəl və şıltaq uşaq idim. Mahnı oxuya-oxuya öz dünyamda oynayar, söhbətlərinə mane olurdum, amma bu həm də xoş gəlirdi onlara. Anam məni otaqdan çıxarmaq istəyəndə Zəlimxan baba qoymadı. Sazı əlinə alıb saz havasında mənə bədahətən ithaf etdiyi şeiri oxudu və mən - balaca Səma heç nə anlamadan sazın sehrinə qapılıb, sona qədər dinlədim. Saz susandan sonra mən onun sehrindən çıxa bilmədim, divanda sakitcə oturub onlara baxdım, onlar da yarıda qalan söhbətlərini davam etdirdilər.
"26-lar"ın puluna alınan ev
- Sevinc Muğanna: Yay başlayan kimi Ağstafaya gedirdik. "26-lar" filminin qonorarı ilə Ağstafadakı evimizi almışdı. Atam Bakıdan çıxanda məni təlimatlandırırdı, deyirdi heç vaxt kənddəki tay-tuşlarından fərqlənməyə çalışma. Onlarla görüş, üz-gözləri kirli olsa da öpməyə çəkinmə, sonra gedib əl-üzünü yuyarsan, bir qabdan yemək yesələr, sən də bir tikə çörək batır at ağzına, amma elə davran ki, onların könlü qırılmasın, nəsə ayrı-seckilik hiss etməsinlər. Çünki özü elə idi. Sadə, sevgi dolu biri.
- Nizami, Nəsimi və Nərimanov... İsa əmi bu üç ədəbiyyat dahisinin həyatından yazıb. Niyə onlar? Bu yazılar sifariş idi, yoxsa ÜNün diktəsi?
- Diktə barədə heç nə deyə bilmərəm, amma bu imzaların üçü də onun ruhuna doğma idi. N.Nərimanovla onun İsa əmisi (atama onun adını qoyublar) dost olub. Atam Nərimanov haqqında "Ulduzlar sönmür" ssenarisini dövlət sifarişi ilə yazıb. "26-lar"ın da ssenarisi sifarişlə olub, təəssüf edirəm ki, bu filmlər unudulur yavaş-yavaş, amma ikisi də bizim tariximizdir. "Ulduzlar sönmür" filminin çox yerini senzura kəsmişdi, sonra müstəqillik illərində atam həmin kəsilən yerləri öz səsi ilə filmə əlavə etdi. Qeyri-adi aura vardı o əlavədən sonra filmdə.
- Ailə içində onun əsərləri arasında seçim edərkən sıralanmada hansı romanı öndə gedir sizin üçün?
Sevinc Muğanna: - Seçim eləmək çətindir.
Səma: - Mənim üçün "İdeal" öndə gedir.
İsa: - "İdeal".
- Sevinc xanım, "İdeal"ın yazı prosesi yadınıza gəlirmi?
"Evdə kabus içində yaşayırdıq"
- "Yanar ürək" yazılanda balaca olmuşam, amma "İdeal" yazılanda hər şey xatirimdədir. Evdə, sanki kabus içində yaşayırdıq. İlk dəfə ÜN eşitməsi, ilk dəfə anasının ruhunu görməsi həmin ərəfədə idi. Açıq deyim də, birmənalı şəkildə ruhi sarsıntı keçirirdi. İndi də Səma yazanda eyni hissləri keçirirəm, sanki tarix təkrar olunur, dəhşətə gəlirəm. "İdeal" İsa Muğannanın gələcək dünyasının xəyallarıdır, amma o, həmin xəyalları gerçək olaraq yaşayırdı.
- İsa Hüseynovla Həsən Seyidbəylinin birgə işi - "Nəsimi" milli kinematoqrafiyanın şah əsəridir. Hansı xatirələr qalmışdı İsa əminin yaddaşında? Mənim haqqında eşitdiyim H.Seyidbəyli ancaq doğru bildiyi ilə razılaşıb. Bəs İsa əmi necə, o filmin çəkilişlərində hansısa "doğrunu" qurban verməyə məcbur olubmu?
- Yox, onlar bir-birlərinə inanırdılar. Alınırdı işləri. Həsən əmi yüksək intellekt sahibi idi, tarixi də gözəl bilirdi. O filmin çəkilişləri zamanı uşaq olmuşam, sonradan atamdan eşitdiyim xatirələrim var. Bir də atamın çəkilişdən - Özbəkistandan qayıtdığı günü xatırlayıram, evə az qala bu masa boyda özbək yemişi gətirmişdi. Sonradan deyirdi ki, edam səhnəsi heç cür alınmırmış. İsti də bir yandan. Əsəbilik, gərginlik... Yerdən bir mismar tapıb verib Rasim Balayevə, deyib bunu əlində sıx, o ağrını verə biləsən, sonra o səhnə alınıb.
- İsa Muğanna sizinçün necə ata, övladlarınız üçün necə baba idi?
Atamın sağlığında başqa Sevinc idim
Sevinc Muğanna: - Hər kəsin valideyni ona əvəzolunmazdır. Qızlar üçün xüsusilə ata daha doğmadır, sevimlidir. Qız uşağı öz gələcək ağ atlı oğlanını həmişə atası ilə müqayisə edir. O mənim qibləgahım idi. Mən onu sadəcə anamın həyat yoldaşı kimi görmürdüm, o mənim sirli planetimin tək və ideal sakini idi. Ərköyün idim, bu uşaqlar mənə baxanda çox şükürlüdürlər, amma atam mənim nazımla oynayırdı. Həm bir az gec tapmışdılar məni ondan idi, həm də o elə ata idi də... Həyatda yeganə çəkindiyim adam anam olub. Oxlov da qırıb üstümdə, danlayıb da... Atamın sağlığında başqa Sevinc idim, onu itirəndən sonra dünyaya başqa Sevinc gəldi.
İsa: - Biz onunla dost idik. O mənim tanıdığım ən təmiz, ən işıqlı insanlardan biri idi. Nə vaxtsa çığır-bağır saldığını xatırlamıram, çox səbirli adam idi. Mənim üçün ən xoşbəxt anlar nənəmlə anamın alış-verişə getdiyi vaxtlar başlayırdı. Babamla baş-başa qalırdıq. Ev əsl döyüş meydanına çevrilirdi. Yaşıdım kimi mənimlə oynayırdı, qaçırdıq, yıxılırdı yerə, güləşirdik, gülürdük... bir sözlə, evin bütün səliqə-sahmanı olurdu heç. Nənəmgili qayıdanda ona deyirdilər ki, sən də uşaq ağlındasan, baxıb, altdan-altdan göz vururdu mənə. Onun yanında kim xətrimə dəyə bilərdi ki... Bu evdə tennis oynayırdıq, badminton oynayırdıq... Mənim üçün dünyanın ən rahat yeri onun yatağında, böyrünə sığınmaq, onu qucaqlamaq idi.
Səma: - Nənə də doğma idi, əlbəttə, hər nazımı çəkirdi, amma baba ilə dost idik. Nənəm babamdan iki il sonra dəyişdi dünyasını və o iki ildə bir söz deyirdi: "Məni bağışlayın, İsadan sonra çox yaşaya bilmərəm". Mən ona görə ədəbiyyatı sevdim, mənim üçün ədəbiyyat İsa Muğannadır. Bizim öz nağıllarımız vardı, bu gün mən hələ də babamın nağıllarının qəhrəmanıyam, o nağıllardan çıxıb real həyata qarışmaq istəmirəm. Çünki real həyat o nağıllar dünyasından çox qaranlıqdır, soyuqdur... Babam kimi mistik dünyada səyahət etməyi sevirəm... Bir sözlə, bəzən mənə elə gəlir ki, babamın ruhuyam...
- Bu evin daimi qonaqları kim olub? Ana nə bişirirdi, nə söhbətlər gedirdi evdə?
O, qazaxpərəst idi
Sevinc Muğanna: - Çox adam gəlirdi evə. İntiqam Qasımzadə evimizin əziz qonağı idi. Zəlimxan Yaqub. Anam qazaxlıların məşhur qurutlu xəngəlindən bişirirdi... saz-söz, şeir, ədəbiyyat məclisi qurulurdu. Nizami Cəfərov atamın ən çox dəyər verdiyi adamlardan biriydi. Və onu da deyim də, atam yerlipərəst idi, daha çox bizim zonanın adamları ilə oturub-dururdu, dana bilmərəm, canında qazaxpərəstlik var idi.
- Eşitdiyimə görə, İsa əminin ulu öndərlə yaxın münasibəti olub.
- Münasibətləri var idi və bu münasibət "Nəsimi" filmindən sonra başlamışdı. Heydər Əliyev çox diqqətli adam idi, hər dəfə atamın yubileyində ona zəng vururdu, danışırdı, təbrik edirdi, problemlərini soruşurdu. Atam da çox istəyirdi ulu öndəri, həm bir şəxsiyyət kimi, həm də rəhbər kimi. Çox səmimi söhbət edirdilər. Atama sən deyə müraciət edirdi: "İsa, de görüm, ürəyin nə istəyir?!". Atam isə həmişə: "Heydər Əliyeviç, mənə sizin sağlığınızdan başqa heç nə lazım deyil", - cavab verirdi. Yəni atam istəsəydi, onun hər şeyi olardı, amma onda İsa Muğanna olmazdı, özü də bunu yaxşı bilirdi.
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!