Bahar Səxavəti - Bütöv sənətkar haqqında yarımçıq yazı - Vaqif BƏHMƏNLİ

Seyran Səxavət - 75

 

 

"Sən bir soyuq ulduz, mən gözləri nəm,

Eybi yox, mənimçün həmişə varsan.

Sıxma ürəyimi, ürək cəhənnəm,

Axı sən ordasan, sən sıxılarsan!".

 

1

 

Qüdrətli sənətkarlar doğum haqqında şəhadətnamələrini özləri yazırlar. Ədəbiyyatın və əbədiyyətin pozulmaz qanunu belədir...

Seyran Səxavət... iyirminci yüzilin 60-cı illərinin əvvəlindən qələmə, bədii sözə vurulub, ona pənah gətirən istedadlı şair, nasir, publisist, tərcüməçi təyinləri ilə tanınan və sevilən bu şəxs, baharın üçüncü günü, mənim doğulduğum Bəhmənli elindən 45 kilometr yuxarıda, Qafqaz dağlarının əl-ətəyinə dirsəklənən Yağlıvənd kəndində dünyaya göz açıb. İlk gənclik çağlarında, daha doğrusu, 18 yaşındaykən onun döş qəfəsini qabardan və təsirli, ruhlu misralarda əbədiləşən bənzərsiz nəğmələrindən (bəli, nəğmələrindən) biri "Səxavətli baharım" adlanır. Kifayət qədər lakonik olan bu əsərdəki predmet və obraz sıxlığına, çoxluq və gurluğun təsvirinə, hətta ifrat çağlayış şövqünə, başqa sözlə, poetik simfonizmə baxmayaraq, nədənsə, bu şeirdə mən dərin bir fərdiyyət görürəm, o zamankı yeniyetmə Seyran Səxavətin öz surətini görürəm. Bu şeir, məncə, bahar haqqında deyil, baharın özüdür, bu şeir heç Seyran Səxavət haqqında deyil, Seyran Səxavətin özüdür!

Hələ biz bu baharın işləklərinə, ehtişamına baxaq; o bahar ki, gəlişini nənə, baba, el, oba gözləyir. O bahar elə miqyasda cilvəli, heyrətlidir, hətta onun gəlişini görən Günəşin gözü "bərələ qalır". Quzular otdan xımır-xımır yeyib, sonra da top kimi tullanıb bahara "sağ ol", deyirlər. Çəmənlikdə quzular çiçəklərin sayındadı. Dağlar, dərələr baharın gətirdiyi min bir naxışlı, min bir ilməli xalçaların altında qalıb. Yeni doğulanlara bahar diş hədiyi bişirib gətirib. Bahar Üzeyir bəyin ölməz nəğmələrinin notlarıdı; ona qulaq asıb sübhə yaxın şehli çiçəklər ağlayır. Bahar - insaflıdı deyin, dağların təpəsində qışdan yadigar qalan topa qar qalağına toxunmur. Bahar hər ağacın payını ayrıca gətirir, kol dibindəki küskün bənövşənin boynunu düzəldir. Qarışqa sırası baharın itmiş təsbehidi. Dağlar ona görə xəyala dalıb ki, bahar bu qədər səxavətlidi. Hələ üstəlik... bahar çobanın nəğməli tütəyinin içində dincini alır. Hələ üstəlik... bahar nişanlıdır və o, bütün ağacların barmaqlarına ətirli, çiçək qaşlı milyonlarla üzük taxıb. Dərələrdən sel kimi, təpələrdən yel kimi əsib, bir uşaq sıçrayışı ilə Gəncə çinarlarına dırmaşıb bahar... Bax, həmən bu bahar...

 

Bahar gələr, kainat

Gurum-gurum guruldar.

Bu gurultu heç kəsin

Ürəyini qoparmaz.

Bahar səxavətlidi -

Bahar gələr, gətirər,

Bahar gedər, aparmaz!

 

Zərif misraları bura yazıram və mənə elə gəlir kağıza köçən sözlərin səsini də eşidirəm.

Yeri gəlmişkən, öz ifasında Seyran Səxavətin şeirlərini dinləmək həqiqətən təsirlidir, yazdıqlarının çoxunu əzbərdən bilir. Azərbaycan poeziyasındakı bahariyyələrin ən yaxşı örnəklərindən olan bu şeiri isə Seyran Səxavətin bizim açıq, qapalı yığıncaqlarımızda söylədiyini xatırlamıram. Ola bilər... Amma görəsən, o, nə zamansa düşünübmü ki, məhz bu nəğmə, məhz "Səxavətli baharım" şeiri onun 60-cı illərdən bugünəcən yazdığı poetik əsərlərin, hekayələrin, povestlərin, romanların, pyeslərin, hətta publisistik, satirik-yumoristik yazıların leytmotivini, məğzini, mənasını təcəssüm etdirir. Bu, sadəcə, şeir deyil, ədəbi koddur. Bu, şeir deyil, böyük ədibin heç özü də bilmədən gələcək yazılarının yolu üzərində oxuduğu duadır. Bu, bir qədər... ifadə caizdirsə - özü özündən doğulmağa, həm də doğulanın özü özünü tutmağına bənzəyir. Bu şeir qüdrətli bir sənətkarın bədii idrak qalasının bağlı, sirli qapısına düşən bəlkə də yeganə açardır.

Şeirin müqəddəs dərgahına belə diləklə gələn bir şairin yolunu Allah heç zaman kəsməz, necə ki, kəsmədi!

Hələ daha nəyisə söyləmək lazımdır - "Səxavətli baharım" Seyran Səxavət yaradıcılığının ümumiləşdirilərək, yığcam çərçivəyə salınaraq bizim milli ədəbiyyat sarayımızın divarına asılmış miniatür şəklidir.

2

 

Seyran Səxavətin şeirlərini 50 ildir ki, belə deyək, sevə-sevə oxuyur və doymuram. Qəribədir, hər dəfə "Səxavətli baharım"a çatanda onu ən azı iki dəfə oxuyuram, üç dəfə oxuyuram və yenə də doymuram. Qəribədir, şeirə qarşı bu sayaq təşnəlik, oynağan bir uşağın ritmik, sümüyə düşən rəqs musiqisindən doymamağı kimi bir hissdir; uşaq qan-tərə batsa da, canı ağzından çıxsa da... elə hey oynayır...

Bəndlərə bölünməyən gəraylı vəznində, vərəqlər boyu yaz çiçəkləri kimi səpələnən bu ruhani kəlmələrin qələmlə yazıldığını düşünmək ən azı insafsızlıqdır.

Başda bu şeir olmaqla şair Seyran Səxavətin 60 ildən bəri dillərdə əzbərə çevrilən "Sevirəm", "Bizim arx", "Gizlənpaç", "Utancaq məhəbbət", "İlk məhəbbət - son məhəbbət", "Ürək", "Həzin-həzin", "Adalar", "Yollar-ayaqlar", "Azərbaycan dağları", "Töhmət", "Subay planetim"... əsərləri Tanrının, ona nazil olunmuş payıdır, qismətidir ki, onlar qələmlə yazılmayıb, eləcə, lilli-duru bahar suları kimi axıb və bizim üstümüzə gəlib!

 

3

 

Artıq ipucu var. "Səxavətli baharım" (1964) tutarlı bir dəlildir ki, peşə oriyentasiyasından asılı olmayaraq bu dünyada gün işığına açılan hər qəlbin ümdə borcu candakı mübhəmi aşkara çıxarmaq, onu bura gətirmək və gedəndə buradan bir çöp belı aparmamaqdır. Əslində, belə düzən - hökm insanlığın və təbiətin davamiyyət düsturudur. Tutalım, ədəbiyyat padşahları - oxucunu çətinliyə salmamaq üçün özümüzünküləri, şərqliləri deyirəm - Firdovsi, Xəyyam, Nizami, Nəsimi, Füzuli... özlərinə xas təfəkkür enerjisini özləri ilə aparsaydılar, varislərə nə qalardı? Uzaqbaşı heç nə bitirməyən səhra qumu...

Ədəbiyyat tariximizin möhtəşəm sütunlarını öpüb əsas sözü yenə Seyran Səxavətin yaradıcılığı üzərinə yönəldərək deyə bilərik ki, o bizim anadilli ədəbiyyatımıza yaz havası halında gəlib. Yaz onun şəxsində yalnız fəsil deyil, həm də yazıdır. Yazı isə Seyran Səxavət üçün nəinki yaz havası, həm də vicdan məsələsidir.

Seyran Səxavətin yaradıcılığına və şəxsiyyətinə alababat bələdəm. Niyə alababat deyirəm, o səbəbdən ki, əziz dostumun bir şəxsiyyət olaraq ictimai mühitimizdəki davranışları, ələlxüsus, Yer kürəsinin onun tərəfindən görünən bir parçasının ədəbi-bədii üsulla ifadə hünərini dəyərləndirmək məxsusi araşdırma olmadan mümkün deyil. Mən isə dost və sadə bir oxucuyam. Amma bununla belə qismət fenomendir. İş elə gətirib; dostluğumuz, yaradıcılıq əməkdaşlığımız sürəsində iki dəfə nəsib olub ki, onun ədəbi sirrinin ipək hörmələrinə toxuna bilim. Bir-iki kəlmə bu barədə.

 

4

 

Seyran Səxavət - ədəbi tərcümeyi-halı geniş oxucu kütlələrinə açıq olan yazıçıdır. Çünki saysız-hesabsız ədəbi müsahibələrində heç nədən ehtiyatlanmadan, içindəki senzorun (əgər o varsa, ədəbi məsuliyyət baxımından heç şübhəsiz, o var) anasını ağlada-ağlada məhz özü sandığın qapaqlarını gen açıb pambığı tökür. Bu səbəbdən dostları kimi, ömürbillah onun üzünü görməyən geniş oxucu kütləsi də Seyran Səxavətin 1974-76-cı illərdə İran dövlətində SSRİ-nin təmsilçisi olaraq tərcüməçi qismində çalışdığını bilir. Həmin illərdə onun haqqında demək olar ki, hər gün düşünürdüm. Gənc şair İrandakı missiyasını başa vurub Bakıya qayıtdı. Məlum oldu ki, "Gənclik" nəşriyyatı onun şeirlərindən ibarət kitabı plana salıb və bir ay müddətində əlyazma nəşriyyata təqdim olunmalıdır.

O məni tapdı, bu qaydada, qardaş, ölmüşəm yerdən götür... Əlimdə olan bu qovluqdu, yerdə qalan yazılarımın harda it-bat olduğunu heç özüm də bilmirəm. Epizod mənə görə xoşbəxtliyə bərabər idi. İşığını tutub gəldiyim adam üstümə gəlib buyursa, Bakıdan Bəhmənliyə piyada gedərəm.

Necə deyərlər, qolumu çırmaladım, bir ay Axundov kitabxanasının mətbuat zalında "bitib" Seyran müəllimin respublika qəzet və jurnallarında çap olunmuş bütün şeirlərini "üzə çıxardım", muncuq xətlə mil-mil dəftərlərə köçürdüm. Makinada yazdırıb şeirləri məzmununa görə sıraladım. İndi də kitabxanamda qalan "Mənim planetim" adlı kitabı hamı ürək çırpıntısıyla xatırlayır. Mən isə o 38 səhifəlik kitabı həm də öz kitabım kimi əziz tuturam.

Aradan otuz səkkiz il keçəndən sonra nəşriyyat, kitab tərtibatı işini az-çox bilməyim daha bir "əziyyətə" qatlaşmağıma səbəb oldu.

Seyran Səxavət zəng elədi, dedi, qardaş, bu Azərbaycanda şeiri səndən yaxşı düzən yoxdu, 15 cildlik "Seçilməmiş əsərlər"imi çapa hazırlamışam. Birinci cild şeirlərdi, gör neynirsən...

Seyran Səxavətin hələ ki yeganə dərin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızının (Əfəndiyeva) topladığı materialların poeziya bölümünə əsasən "Seçilməmiş əsərlər"in birinci cildinin şeir və poemalarını düzdüm. Tərtibat ustadın da, tədqiqatçı Xəyalə xanımın da xoşuna gəldi...

Halal xoşu olsun, Seyran Səxavətə dünya-aləm qurban. Bəs yaxşı, niyə bunları deyirəm? Mətbuatda Seyran Səxavətin imzasının hər zuhuru öz yerində, anında oxuyurduq, amma bu, yetərli deyildi, biz, yəni mənim də aid olduğum ədəbi dairə məhz 1970 - 90-cı illərdə, elə sonralar da digər qüdrətli sənətkarlarla bir sırada onun da əsərlərinin təşnəsi olmuşuq.

 

5

 

Bəllidir ki, Seyran Səxavət isti-isti oxunan, oxucu yaddaşında isə həmişə isti təəssüratlarla qalan yazıçıdır. Sadəcə, ustadın iki kitabının tərtibində az-çox iştirakım imkan verdi ki, onun poeziyasının bədii məntiqini bir sistem halında anlaya bilim. Düz deyirlər, hər təsadüfdə, az da olsa, nəsə bir zərurət var. Məhz iki təsadüf arasında Seyranın şeirinin nə üçün unudulmaz olduğunu anladım. Anladım ki, onun poetik düşüncəni ifadə etmək bacarığının əsasında hansı enerji, hansı harmoniya dayanır... Anladım ki, Seyran Səxavətə məxsus poetik dalğalanmanın, qabarma və çəkilmələrin izləri həqiqətən də sirlidir və sirli olduğu qədər də hüdudsuzdur.

Mükalimələrimizə əsasən deyirəm, Seyran Səxavətə görə şeiri dinləyərkən adamın tükü qabarmırsa, o şeiri apar qaytar. Seyrana görə yaxşı şeir gərək insanın canında "nakolka" (tuş döymə) kimi qala, pozulmaya...

Seyran Səxavət həqiqətən də cəmi-cümlətanı 10-12 il çəkən şairliyi dövründə tükü qabardan, bədəndə "nakolka" kimi qalıb pozulmayan poeziya nümunələri yaradıb. Hansı ki, o şeirlər özündən əvvəlki möhtəşəm poeziya sərvətlərimizə sədaqəti ifadə etməklə yanaşı, özündən sonra gələn poeziya axınının yoluna işıq salıb.

Seyranın sevmədiyi Lenin deyirdi ki, "fakt yaman şeydir". Bir var meyvə ağacın bətnindən gəlir, biri də var yeni il yolkasının süni yarpaqlarına bərkidilən meyvəcat şəkilli plastmas fiqurlar... Sözümüz ikinciyə bənzəməsin deyə, əlahəzrət fakta üz tutmağın məqamı yetişdiyinin fərqindəyik - Seyran Lenini sevməsə belə...

Seyran Səxavət eşqlə dolu bir şairdir. O, eşqlə elə miqyasda doludur ki, bəzən eşq onun üzünə çıxır, sifətinə baxan kimi bilirsən ki, bu insan eşq dəlisidir. Fakt isə faktlığında qalır. Hələ bir siz buna baxın, 16 yaşlı ustad (!!) 1962-ci ildə qələmə aldığı ilk mətbu şeirində deyir ki:

 

Sual verdi sevgilim

bir gün üz tutub mənə:

Nədir arzun həyatda

cavan oğlan, desənə?

 

Dedim həyatda yalnız

iki arzum var, ay qız.

Biri sənət dağının

zirvəsinə ucalmaq,

biri də ki, səninlə

ömür sürüb qocalmaq...

 

İlk mətbu şeirində şairin öz üzərinə götürdüyü, həm də iki missiyadan biri ultra fərdidir, orada nailiyyət varmı, yoxmu, yalnız 16 yaşlı o sarışın uşağın özünə bəllidir. Onun babalını boynuna götürdüyü ikinci (bəlkə də birinci) missiyanın bəhrələri isə artıq bizim ədəbiyyatımızın sərvətidir!

Çünki onlar eşqin özü kimi ötəri deyil, eşqin heykəli eşqin doyulmaz xatirəsi kimi əbədidir. İntimləri dilə gətirmək, hardasa, ayıbdır, amma bir iş var ki, intimlərdəki əbədiyyəti ifadə etmək də fəlsəfənin predmetinə daxildir. Bu açıdan Seyran Səxavətin 17 yaşında yazdığı "Sevirəm" şeiri məhəbbətin poetik anatomiyasıdır (yəqin, şairin özünün də min il yatsa yuxusuna girməz ki, bu necə baş verib). Əsərin qəhrəmanına - gənc aşiqə görə onun ürəyinin ən incə tellərini tərpədən sevgilisinin arealı mütləq qaydada, hökmən sevilməyə layiqdir. 17 yaşlı bir gəncin belə düşüncəsi nəinki füzuliyanə, həm də dahiyanədir. Şair sevdiyi qızın evinin tuşunda yanan ulduzları, xəzan vaxtı onun bağçasında yerə tökülən yarpaqları, onun qədəmi dəyən torpaqları, o qızın sirdaşını, atasını, anasını, qardaşını, daşlı-kəsəkli küçələrini, onların həyətini dövrələyən barını, qonşudakı dişi tökülmüş qarını, şairi sevdiyinin dilitək sancan arını, qızın bu binəvanı duymayan gözünü, onun ürəyə od vuran sözünü... və nəhayət, onun özünü sevir!

On yeddi yaşlı bir gəncin qələmindən çıxan bu şeir o vaxtlar da, elə indi də, mənə elə gəlir ki, məhəbbət deyilən insan hissinin ən mükəmməl portretidir, bu, Madonnanın (bəlkə də Rəfaelin), bu, Leylinin (bəlkə də Məcnunun), bu, Əslinin (bəlkə də Kərəmin), bu, Hamletin (bəlkə də Ofeliyanın) portretidir!

Seyran Səxavətin poeziyası, o cümlədən bütün yaradıcılığı bizim ədəbiyyatımızın yaz dəyişimidir, bu, ədəbiyyatın min illik arxına suyun yenidən gəlməyi timsalındadır...

 

O qızın bağçasından

şırıldayan büllur arx

bizim bağçadan keçir.

O arx ilə həmişə

bu bağdan o bağçaya

ürək keçir, can keçir!

 

Əlbəttə, bu şeirin mövzusunun adi həyat həqiqəti olması baxımından ədəbi varisliklə elə də ciddi bir əlaqəsi yoxdur. Çünki "Sevirəm" şeirində olduğu kimi, "Bizim arx"ın da o başında bəlkə də dəlicəsinə sevildiyindən xəbərsiz bir qız uşağı dayanıb, olsa-olsa. Amma "arxın bu başında" yenə də ədəbiyyat nəhrəmizə can atan bir şair qəlbinin çağlayışı açıq-aşkardır. Seyran Səxavət demişkən, kim ki, həqiqətə göz yumur, deməli, o, müstərdir.

Uşaqlıqda hamımız gizlənpaç oynamışıq. Kim tapıb, kim tapmayıb, bunu "axtaran şəxs" və bir olan Allah bilir. Seyran Səxavətin "qocaman yeniyetməlik oyunundan" uduşu isə şübhəsizdir. Bu, şairin "Gizlənpaç" şeiridir ki, ədəbiyyatımıza Seyran Səxavətdən sonra gələnlərin böyük bir qismi, (içi mən qarışıq) sözdə, şeir meydançasında gizlənpaç oynadı, amma yenə də ələ keçən Seyran Səxavətin "Gizlənpaç" şeiri oldu. Orda şair eşqin körpə həqiqətini belə axtarırdı:

 

...Gizlənpaç oynardıq axşama kimi,

Ötən günlərimiz yadındadımı?

 

Bəzən təndir olub gizləndiyin yer,

Bəzən baban geyən tüklü yapıncı.

Başqa uşaqları tapırdım bir-bir,

Lap əldən düşürdüm səni tapınca.

 

...Biri-birimizə qarışmaq üçün

Bilirsən, nə qədər oynamışıq biz?

Mənə elə gəlir, əzizim, bu gün

Yenə də gizlənpaç oynamışıq biz.

 

Yerini bilirəm, deməsən, desən,

Açıqca heç dinmə, tapınca sən də.

Yerini bilirəm, ya təndirdəsən,

Ya da ki, babanın yapıncısında!

 

Dostum bu şeiri yazanda iyirmi yaşı varmış, yəqin ki, o gizlənpaç meydanında yıxılıb dizini əzəndə 6-7 yaşı varmış... Baxın, "Gizlənpaç" şeirinin şəhadətinə görə fəsad iyirmi yaşda üzə çıxır. Axı yara isti-isti olanda ağrı hiss edilmir!

Sevgidə utancaqlıq anlaşılmayan və təəssüf ki, bir çox hallarda fürsəti fövtə verən hissdir. Amma sevgidə utancaqlıq həm də ilahi vurğunluq önündə heyrət, lallıq, sükut məqamı, Tanrı ətəyinə qədər çatıb, həm də o ətəyə toxunmağa cürət etməmək anıdır. Seyran Səxavət "Utancaq məhəbbətim" şeirində eşqin bu müəmma pərdəsini dağıtmaq üçün bir neçə istiqamətdən zərbələr endirir və sonda vüsalı yuxuya köçürür:

 

Ay yanağı qırmızı

utancaq məhəbbətim!

Bilsəydim ki, güllərin

qoxusunda gəzirsən,

əlimdə Günəş boyda

gül dəstəsi tutardım,

Bilsəydim insanların

yuxusunda gəzirsən

bütün bəşəriyyətin

əvəzinə yatardım!

 

Utancaqlığın öhdəsindən gələ bilən yeganə qüvvə cəsarətdir, lap qoy yuxuda olsun!

Seyran Səxavət "İlk məhəbbət - son məhəbbət" adlı, milyonlarla azərbaycanlının əzbər bildiyi şeiri 22 yaşında yazıb. Bu əsərdəki insaniyyət, möhtəşəm sarsıntı, belə düşünürəm ki, yalnız bir olan o varlıqla, Allahla əlaqədardır. Sanki gözəl rayihəli, üzərliyə kibrit çəkirsən və müqəddəs üzərlik - yaşı-qurusu qarışıq çırtaçırt yanır:

 

Sən nə istəyirdin, nələr itirdin,

Qorxma kül olmaqdan, yan, məhəbbətim.

Sən mənim başıma nələr gətirdin,

Ay ilk məhəbbətim, son məhəbbətim!

 

Bu sətirləri yazıram, hiss edirəm ki, gözlərimin dibi yaşarır. Seyran Səxavətin "İlk məhəbbət - son məhəbbət" şeirinin biri-birindən duyğusal bəndləri, mənə elə gəlir ki, poeziyada riyazi kəşfdir. Budur, Tanrıdan şairə nazil olan və şairin bizə çatdırdığı məntiq: insan yalnız bir dəfə sevə bilər, təəssüf ki, (nə yaxşı ki!) məhəbbət heç zaman təkrar olunmur, ilk məhəbbət həm də son məhəbbətdir! İlk məhəbbətin, son məhəbbətin sözü-söhbəti heç zaman bitən deyil; şair bəlkə də bu səbəbdən davam edib deyir ki:

 

...İnsanlar bir dəfə doğulduğundan

Elə bir dəfə də sevə bilirmiş...

 

Deyir ki:

 

Kirpiklər özgəyə baxmayım deyə

Çəkir keşiyini baxışlarımın.

 

Deyir ki:

 

Gedib yetmiş iki dil öyrənmişəm

Hələ tapmamışam dilini sənin!

 

Lap sonda deyir ki:

 

Sıxma ürəyimi, ürək cəhənnəm,

Axı sən ordasan, sən sıxılarsan!

 

Seyran Səxavətin yaradıcılığında sevgi anlayışı birxətli olmayıb, mükəmməl bədii-estetik düşüncə tərzidir. Elə çıxmasın ki, onun qəlbinin məhəbbət torpağında yalnız qapısına arx axan, gizlənpaç oynayan, qollardan sallaşan, qovuşan, ayrılan, ilk və son məhəbbət timsalına çevrilən qızlar, oğlanlar "bitir".

Seyran Səxavət sevginin acı bəhrələrini həm irrial, həm də real olmaqla dadan bir şairdir. Mən onun Vətən torpağına, müqəddəs Qarabağa, nəcabətə, dostlara, böyük ədəbiyyata dəlicəsinə vurğunluğuna şahid tək-tük insandan biriyəm. Ona görə haqlıyam deyim ki, Seyran Səxavət öz sevgisində bir şair olaraq tamdır, unikaldır. Azərbaycanın hər hansı gözdən-könüldən uzaq bir guşəsində belə, Vətən torpağı ilə yabanı bir davranışı, o, fəhmi ilə hiss edir və nəinki fitrətən, həm də fiziki olaraq ağrıyır, dözümsüz olur, səsini qaldırır. Mən bunu dəqiq bilirəm. Bu, dostumun ana bətnindən gəlmə "solluq uşaq xoşbəxtliyidir". Başqa bir halda Seyran Səxavət "Girəvə axtarıram", "Subay planetim", "Küçə telefonları", "Töhmət" kimi şeirləri necə yaza bilərdi?

Seyran Səxavət hələ 1965-ci ildə Səttar Bəhlulzadə qüdrətində bir rəssam idi və "Azərbaycan dağları" şeirində, sanki fırçayla yazırdı ki:

 

...Buludlar boynuna dolaşan zaman

Sanki səmalardan açılıb dağlar.

 

...Dibində insanlar çadır quranda

Başını şimşəklər döyəcləyibdir.

 

Görüb əsrlərlə boran, çovğun, qar,

Bu dağlar qocalıb qarıyıbdılar.

Döşündən saldığı yolla insanlar

Onun əl-qolunu sarıyıbdılar.

 

Hayandan, hayandan baxmışamsa mən

Elə bil dağların üzü bəridir.

Əgər xalçadırsa döşündə çəmən

Çiçəklər ən gözəl ilmələridir...

 

Bu dağların hüsnündəki gözəlliyin Seyran Səxavətin təsvir etdiyi o biri gözəllərin hüsnündəki gözəllikdən nəyi kəmdir ki?

Bura qədər deyilənlər mənim sevdiyim şair Seyran Səxavətin şəklinin ən kasad ştrixləridir. Belə poeziyanın zühuru, onun ədəbi bir təcrübə olaraq hələ indən sonra da gələcək nəsillər üçün faydalılığının izahı ədəbiyyatşünasların vəfa borcudur. Allah qismət eləsə, mən bu temaya yenə qayıdaram...

 

6

 

Lenin demiş, "yaman şey olan fakt" isə bundan ibarətdir ki, Seyran Səxavət 1976-cı ildə xasiyyətinə uyğun olaraq yolunu sarpdı; o, şeirdən nəsrə keçdi. Bu hadisə yaddaşımda müfəssəldir. 1976-cı ildə hələ də düşüncələrdə şair səlahiyyəti ilə sakin olan Seyran Səxavət İrandan Azərbaycana, "Ədəbiyyat və incəsənət" qəzetinə, ora gedənə qədər özünün də çalışdığı ünvana hekayə yolladı: "Hamı elə bilirdi", beləydi yazının adı.

Şairin yeniyetməlik dostu, qələm qardaşı Ramiz Rövşənin onun haqqında dediyini xatırlayıram: Seyran Səxavət şairlərin xoşbəxtliyindən, nasirlərin bədbəxtliyindən nəsrə keçdi. Əlbəttə, Ramiz müəllim "xoşbəxtlik" və "bədbəxtlik" sözlərini işlətməklə ədəbiyyatımızdakı ciddi bir fiqurun hərəkət trayektoriyasını nəzərə çarpdırmaq istəmişdi... Seyran Səxavət isə vərəq üzərindəki sətirlərin uzun, ya qısalığına baxmayaraq öz xətti-hərəkətini heç dəyişmədi, o, "Səxavətli baharım", "Bizim arx", "İlk məhəbbət - son məhəbbət", "Girəvə axtarıram", "Subay planetim" şeirlərində necə nasir idisə, nəsrə keçəndən sonra yazdığı hekayə, povest və romanlarda da şairliyindən üz çevirmədi. Şeirlərində nasir olduğu qədər də nəsrində şair oldu. Belə unikal ikiləşmə elə səciyyədədir ki, həssas oxucu nasir Seyran Səxavətin hekayə, povest və romanlarında dərin məzmunlu, kontrastlar üzərində qurulmuş cümlələri, abzasları toplamağa başlasa, dəyərli bir poeziya kitabı alınar! Bir qədər də ustadımın nəsr yönündəki axtarışları barədə danışmaq istəyirəm. Çünki sözün məhz bu məqama yetişdiyini hiss eləməmək mümkün deyil...

Bəzən ustad insanlar, ədəbiyyat tənqidçiləri insaf (səxavət) göstərib olduqca ciddi ədəbi-bədii terminlərin izahını, müzakirə imkanını yeni gələn, nisbətən təcrübəsiz şəxslərin ixtiyarına verirlər. Müzakirə həmişə gərəklidir, qoy olsun. Amma bununla belə, məhz təcrübə əsasında yaxşı bildiyin bir məsələnin, bir işin təcrübəsizlər tərəfindən müzakirə olunmasını necə dəyərləndirə bilərik? Laqeydlikmi, üzgörənlikmi və ən əsası əlinin altında olan təcrübədən imtinamı? İfadənin lüğəvi ardıcıllığından da aşkardır ki, postmodernizm modernizmdən sonra gələn sosial, kulturoloji, estetik perioddur. Fəhmim məndən soruşur; bu modernizm və postmodernizm deyilən var ha, o, dünyanın hansısa bir məlum karxanasındanmı çıxarılır, yoxsa, fərqli üslubi yaradıcılıq mühitlərinin məhsulu, yekunu olan təcrübələrin terminoloji təsnifatıdır? Sual çox ciddidir, ona görə də onun cavabının tapılmasına daha çox o yaradıcı simalar cəlb olunmalıdır ki, heç olmasa "dimdiyinin sarısı" gedib...

Mənə görə nə zamandan bəri Avropada "tüğyan edən" modernizm və postmodernizm istilahlarının mahiyyətinə uyğun gələn çalışmalar bizim yeni dövr Azərbaycan ədəbiyyatına (əlbəttə, öz zamanına görə vacib şərt və mənbəllər olan Avropa və rus ədəbi təcrübələrindən bəhrələnməklə) heç də yad deyil. Ədəbiyyatımız Mirzə Fətəli Axundovun "Kəmalüddövlə məktubları", "Aldanmış kəvakib" traktat və povesti, üstəgəl, ədibin altı komediyası, Cəlil Məmmədquluzadənin "Ölülər" dramı, Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları", "Pəri cadu" pyesi, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanı, Hüseyn Cavidin yaradıcılığının əsas qismi, Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" , Səməd Mənsurun "Həpsi rəngdir" şeirlərinin timsalında ən yeni, modern yazı üslublarını böyük bir ləyaqətlə qeydə alıb. Belə olmasaydı, sonrakı mərhələlərdə Azərbaycan ədəbiyyatında "Qılınc və qələm" (M.S.Ordubadi), "Şamo", "Mahtəban" (S.Rəhimov), "Budağın xatirələri" (Ə.Vəliyev), "Pərvanə" (M.İbrahimov), "Rənglər" (R.Rza), "Geriyə baxma, qoca" (İ.Əfəndiyev), "Dəli Kür"(İ.Şıxlı), "İdeal" (İ.Muğanna), "Yamacda nişanə" (S.Əhmədov), Ə.Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu, İ.Məlikzadə, M.Oruc, M.Süleymanlı... və Seyran Səxavətin bütün yaradıcılığı... meydana çıxa bilməzdi. Lap mübahisə doğursa da deməliyəm ki, xüsusən bizim milli nəsrimiz daim dünyanın qabaqcıl ədəbi prosesinin içində, onun tərkib hissəsi olmuşdur. Bu, qədimlərdə də belə idi, indi də belədir... Deməli, ədəbiyyatımız tarixən mövcud ədəbi metod və cərəyanları təcrübi olaraq həmişə hiss etmişdir, deməli, ədəbiyyatımız istisnasız olaraq bütün ədəbi məktəb-ədəbi cərəyan təcrübələrini vaxtında və vədəsində dəyərləndirmişdir və indi də məhz yaxşıdan yararlanan bir ədəbiyyatın varisidir. Seyran Səxavət isə mənim nəzərimdə bütün bu mərhələdən keçən yazıçıların varisi olmaqla bərabər, nəinki modern, postmodern yazıçıdır, bütün bunlarla bərabər, o, izmlər çərçivəsinə sığmayan, yaxud bütün izmləri öz cümlələrinin, ideyalarının içində ehtiva edən həqiqi, doğal bir yazıçıdır (U.Folkner, A.Kamyu, Ç.Aytmatov, Q.Markes, Ə.Əylisli, Y.Səmədoğlu, Anar, Elçin... kimi). Seyranı digər ədəbi cərəyanlarla birləşdirən də, onu digər mənsubiyyətlərdən ayıran da məhz budur: gerçək yazıçı olmaq, həqiqətən yazıçı olmaq! Fırçasız rəssam, səssiz xanəndə, ayaqsız rəqqas, yəni ilhamsız sənətkar olmaz!

Seyran Səxavət, o şəxs ki, şeirlərində məxmər kimi yaz bürüncəklidi, o şəxs həm də Əli qılıncından iti nəsr cümlələrinin yaradıcısıdı. Seyran Səxavət öncə özününkülərin - M.F.Axundov, N.B.Vəzirov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev... daha sonra Servantes, Hüqo, L.Tolstoy, Dostoyevski, Şoloxov, Şukşin, Əziz Nesin, Nodar Dumbadze, Ç.Aytmatov qüdrətini yaratmış qələmlərin belindən gələn, elə onlara bərabər bir nasirdir. Seyran Səxavəti sələflərinə ideal qovuşdurur, Seyran Səxavəti ustadlarından üslub ayırır.

 

7

 

Ədəbi ideal, ali, bəşəri dəyərlərə əsaslanır. Seyran Səxavət bu fürsəti elə ilk nəsr əsərində yaxalayıb. Belə ki, "Hamı elə bilirdi"də, həcmcə hekayə, məzmunca roman çəkisi daşıyan bu əsərdə baş qəhrəman nə Qara Bəhrəm, nə İsmayıl oğlu Bəylər, nə də hay aparıb hay gətirən Şirindi - baş qəhrəman sosial vicdandı, başqa sözlə, insanın cəmiyyət qarşısında öz üzərinə götürdüyü öhdəlikdi. Yazıçı Seyran Səxavət elə ilk nəsr əsərində quşu gözündən vurub. Ola bilər ki, müvafiq ədəbi təhlil imkanı olmayan oxucular üçün anlaşılmaz görünən yuxarıdakı mülahizəni Seyran Səxavət adam dilində, əsl yazıçı dilində elə mükəmməl şəkildə ifadə edib ki, nəzəri mülahizə vizuallaşıb. "Hamı elə bilirdi" hekayəsi kimi onun "Çayçı Rəşid" əsəri də ustad bir rejissor tərəfindən çəkilən film kimi cazibədardır. Yeri gəlmişkən, həmin hekayə çap olunanda, mən tələbəydim və hansısa bir tətilə görə kəndə getmişdim. "Ədəbiyyat və incəsənət" qəzeti gəldi. Xatırlayıram, ikimərtəbəli kərpic evimiz - anam, bacılarım, mən, hava qaralan vaxtı, "İliç lampıçkası"nın sarımtıl işığı. Hekayəni qəzetdən bir yerdə oxuyurduq. Ailəmiz həmin gecə həqiqətən də xoşbəxt oldu. Seyranın hər cümləsinə uğunub gedirdik. O vaxt Seyranın "Çayçı Rəşid"indən özgə bir əsər yox, yalnız anamız söyləyən nağıllar bizi belə bəxtəvər edə bilərdi...

İstedadlı yazıçılarımızla bu sırada Seyran Səxavət milli ədəbiyyatımızda hekayə janrının bədii-estetik imkanlarının genişlənməsində müstəsna rol oynamışdır. O, ilk romanı ("Daş evlər"), ilk povestləri ("Dar köynək", "Gözü işığa düşən adam", "Qapıların o üzündə qalan dünya", "Bir stəkan hava", "Qızıl teşt") ilə paralel olaraq ötən əsrin 70-80-ci illərindən bugünə qədər 30 hekayə yazıb. Janrın ölçüləri baxımından irihəcmli hekayələr adlandıra biləcəyimiz bu əsərlərin hər birinin ilk dəfə çap olunanda doğurduğu rezonans, yazıçının yaradıcılığını izləyənlərə yaxşı məlumdur. Şeirlərində olduğu kimi, Seyranın hər bir nəsr əsərinin meydana gəlməsi bədii yazı prosesinin yekunu olmaqla, bərabər, həm də hadisədir, sanki onlar yazıldığı vaxtda... baş verir.

Seyran Səxavətin bütün nəsr əsərləri problematika daşıyıcısıdır. Onların hər birində bir məsələ qoyulur, həm də çox ciddi məsələ və qoyulan o məsələ, lap riyaziyyatdakı kimi həll olunur. Yazı xronologiyasına görə ədibin üçüncü hekayəsini - "Alça çiçəyi"ni (1976) xatırlayaq. Dəli Dadaş kolxoz bağındakı yeganə alça ağacının qoruqçusu, Abış kişinin günahının məhsuludur. Dadaş hələ Dəli Dadaş olmayanda, uşaq vaxtı ağaca çıxıb alça dərdiyinə görə məhz Abış kişi bu qonşu tifilini elə döymüşdü ki, uşağın başına hava gəlmişdi.

Dəlilər də böyüyür, yaşa dolur, elə lal-karlar da. Aradan illər keçəndən sonra Abışın qızı Solmaz ərgənlik yaşına çatmışdı, camaat, el ağsaqqalları, sanki bilərəkdən, sanki Abış kişinin qədim günahını xatırlayaraq onun lal-kar qızı Solmazın elçiliyinə gəlmişdilər. Qızı istəyirdilər, kimə kimə, dəli Dadaşa. Bu dəfə Abışın başına hava gəlir, amma xeyri yoxdur, ağsaqqallar ağır şərt qoyublar, ya Abış kişi "hə" deyib qızı verməlidi, ya da kənddən çıxmalıdı...

Şəhd-şirəli əsərin mənim tərəfimdən bəsit şəkildə söylənilən süjetindən də hər şey aydındır; dünyada ədalətsizlikdən, zalımlıqdan, başqa insanın haqqını tapdalamaqdan böyük günah yoxdur və hansı yolla olur-olsun, günahın cəzası kəsilir.

Bu ruh üstündə köklənən iyirmidən çox hekayəni yazıçı təqribən 10 il ərzində yazıb və sonra isə görünür, roman, povest və dram yaradıcılığı ilə əlaqədar ümumiyyətlə, hekayə janrından aralı qalıb. Şərti olaraq 1976-86-cı illərdə yazılanları S.Səxavətin "kiçik janr" üzərində işinin birinci mərhələsi adlandıraq. Məhz həmin birinci mərhələ bizim ədəbiyyatımızı "Parovozsürən", "Ət taxtası", "Qatil", "Bioloqun yazı masası", "Yüzilin kişisi", "Yaz oğrusu", "Madonnanın əri Fərəməz" kimi əsərlərlə zənginləşdirmişdir.

Mən çox ürəklə bu hekayələri və bir çox povestləri S.Səxavətin "Daş evlər" romanının balaları adlandırardım. Yazıçının 1990-cı illərin ikinci yarısından başlayaraq qələmə aldığı povest, roman və hekayələr ədibin dəst-xəttini, öz ideyalarına, ədəbi təfəkkürünə sadiq qaldığını göstərməklə yanaşı, oxucu daha dərinləşmiş, daha yeni bir yazıçı ilə qarşılaşır. Bu dəyişməni izləmək üçün Seyran Səxavətin dörd hekayəsini - "Boynu əyri kişi", "İt intervyusu", "Cəhənnəm", "Persona non qrata" hekayələrini, "Nekroloq", "Yəhudi əlifbası" romanlarını nəzərdən keçirmək olduqca faydalıdır. Adıçəkilən əsərlər yalnız Seyran Səxavətin deyil, son otuz ildə milli nəsrimizdə aparılan fikir, istedadlı axtarışların ən uğurlu örnəkləri hesab edilə bilər.

 

8

 

Seyran Səxavətin hansısa bir əsər üzərində işləyərkən, fərqi yoxdur o əsər sənədlidir, yaxud təxəyyülün məhsuludur, onun çoxlu sənəd araşdırdığını, masa üzərinə qalaq-qalaq kitablar yığıldığını, sözün düzü, görməmişəm. Onu hiss etmişəm ki, yazı ərəfəsində o, hədsiz bir ilhamla dolur, birnəfəsə yazır, belə görünür, onda redaktə daxildə, düşüncədə vərəqə köçənə qədər beyində, nə bilim, bəlkə, ürəkdə aparılır. Hər halda bu xırda məsələ ədibin yazı vərdişi ilə bağlıdır. Amma indiki halda sözümün mənası bundan ibarətdir ki, Seyranın fitrətən böyük və möhkəm yazıçı yaddaşı var, bəlkə də, Seyranın içində yazıçı istedadı deyilən nəsnə elə yazıçı yaddaşıdır. Bu mənada Seyran Səxavət çox şanslıdır. İndi mən faiz çıxara bilmərəm, bizim Qarabağ mühitinə, o yerlərin coğrafiyasına, insanlarına bələd olan və yazıçının əsərlərini oxuyan hər kəs dərhal təsdiqləyə bilər ki, onun qəhrəmanlarının əksər hissəsinin prototipləri var. Və o prototiplərin hamısının yanında dəyişməyən bir prototip var, o da ustad yazıçı Seyran Səxavətin özüdür.

S.Səxavətin zahirən sənədli görünən və ədəbi came tərəfindən belə dəyərləndirilən "Bəhanə" və "Palıd toxumu" romanlarının da üzərindən sükutla keçilə bilməz. Hər iki roman yazıçının qəlbində, qələmində uzun illər bundan əvvəl göyərən estetik fəhmin yekunudur, bir az açıq deyək, əgər yadınızda varsa, əlbəttə var, Seyran Səxavət iki qəribə, dialoq-hekayə "Ağdamda Qədir Rüstəmovla atüstü söhbət" (1985) və son illərdə "Rəmiş" əsərlərini qələmə almışdır. Oxucular tərəfindən, necə deyərlər, böyük hərarətlə qarşılanan hər iki hekayət həm sənədli idi, həm də yox, həm müsahibə idi, həm də hekayə. Daxildəki yazı azadlığı, daxildəki nasir demokratizmi S.Səxavətə ədəbiyyatımızda az işlənən dialoq-dedim-dedi formasının ən mükəmməl nümunələrindən ən azı ikisini yaratmağa yol açmışdır. Həmin yazı tərzi, üslub, orijinal bədii həll yanaşması yazıçının "Bəhanə", "Palıd toxumu" romanlarında daha geniş planla ifadə olunmuşdur.

 

9

 

Seyran Səxavət yaradıcılığını dəyərləndirmək baxımından daha bir məqamı qeyd etməsək olmaz, yazıçı unikal təsvir ustasıdır. Onun ədib yozumunda çöl və iç anlayışları var; o, hansı məharətlə ətrafı, doğal çevrəni, məsələn, meşəni, dərəni, gədiyi, küçəni, ümumən təbiəti, ümumən sosial sferanı - kəndi, şəhəri təsvir edib içinə gətirirsə, eyni ustalıqla insanın, canlandırdığı surətin və özünün içindəki ruhi ovqatı çölə çıxarmağı bacarır. Nə bilək, bəlkə belə məqamlarda nasir Seyran Səxavətə şair Seyran Səxavət yardımçı olur? Təsviri ricətlərin ardınca gələn dialoqlar isə bitib-tükənmək bilmir. Bax o zaman düşünürsən ki, o Seyran Səxavət bizim nəsrimizdə mükəmməl dialoq quran, insanların insanca danışığını ümumən mətnə yükləməyə gücü çatan nadir qələm sahiblərindən biridir. Qəhrəmanlarından birinin dediyi kimi, o, nəinki insanı, yolu, suyu... danışdırır, insanı irəli aparan bir ehtiyac varsa, hətta itdən də intervü almağa qadirdir.

Seyran Səxavətin şeir, nəsr, dramaturgiya yaradıcılığı, yəni onun ədəbi fəaliyyətinin hər bir istiqaməti ayrıca tədqiqata layiqdir. Onun hələ ki lap sonda ortaya qoyduğu "Qaçhaqaç" romanını (iki kitab) isə bütöv bir ədəbiyyat institutunun araşdırmağına dəyər. Seyran Səxavətin "Qaçhaqaç" əsəri avtobioqrafik romanı bu janrın nə qədər böyük imkanlara malik olduğunu dünya səviyyəsində nümayiş etdirir. "Qaçhaqaç" milli muzeylərimizin ən elitar guşəsində məxsusi ekspozisiya olmağa layiq elə bir əsərdir ki, orada 60-70 illik bir dövrdə Azərbaycan və onun insanı necə olub, o insan nə düşünüb, necə yaşayıb, nəyi sevib, nədən sarsılıb, onun təmas qurduğu ən parlaq şəxsiyyətləri kimlər olub, bax bütün bunlar barədə mötəbər, həqiqi dəlillər vardır. Bizim ədəbiyyatda Əli Vəliyevin "Budağın xatirələri", Anarın "Sizsiz", Əkrəm Əylislinin "Əylisdən Əylisəcən" romanları və s. ilə bir sırada Seyran Səxavətin "Qaçhaqaç" roman-dilogiyası da, belə deyək, doyumsuz bir ləzzətlə oxunur və tərcümeyi-halın sənətkar qələmi ilə necə böyük ədəbiyyata çevrildiyini sərgiləyir!

 

10

 

Əzizim Seyran Səxavətin 75 illik yaşına həsr etdiyim bu yazıya nöqtə qoymaq... istəmirəm. Çünki böyük yazıçının yaradıcılığında münasibət bildiriləsi məqamlar o qədər çoxdur ki, onların hər biri gəl-gəl deyib adamı danışmağa, deməyə, düşünməyə çağırır. Bununla belə nəzərə alıram ki, Seyran Səxavət haqqında, demirəm çox, heç az da yazılmayıb. O yazılarda yazıçı dostumu anlatmaq üçün irəli sürülən mülahizələr yetərincədir. Nə xoş ki, onun yaradıcılığı barədə söz açanların hamısı Seyran Səxavət adından sonra həqiqi təyinini işlətmiş və o uca kəlmənin ardınca şair, nasir, şəxsiyyət, vətəndaş, dost ismini sıralamışdır!

Bu "sönük" yazının sonunda, həmişə olduğu kimi, əziz dostuma parlaq şəkildə "sataşmaq" istəyir, ondan ilhamlanıb yazdığım bir zarafat şeirini əlavə edirəm.

 

Sev indi

 

Evinizin başına

mənim kimi dolanan

barını da sevirəm.

Keçən il bağçanızda

məni dilintək sancan

arını da sevirəm

Qonşunuzda yaşayan

o sifəti qırışmış

qarını da sevirəm!

 

Seyran Səxavət

 

***

Fərq bilmədin qızların qarasında, ağında;

bütün sevdiklərinin yarısını sev indi.

Seyran, "sevirəm" dedin gəncliyin ilk çağında

Buyur, verdiyin sözün ağrısını sev indi!

 

Yazılanı kimsənin həddi nə düzəltməyə;

Yara yoxsa, nə hacət həb, kinə düzəltməyə?

Gücün çatırsa yenən qəddini düzəltməyə

Sevdiyinin uçulan barısını sev indi!

 

Sən ki icad etmədin sevgi adlı bu nərdi,

Xanalara yol açan Allah deyil ki, zərdi!

Ayrılıq zəhrimarın ağı cana zərərdi,

Həsrətə sumax çilə, sarısını sev indi!

 

Ardınca düşüb müdam hanı mələdiklərin?

Qisməti budur bəlkə, tənhaların, təklərin?

Uçdular - beş barmaqla bala bələdiklərin -

Eşqin dilintək sancan arısını sev indi!

 

İnsan sevgitək uca - ona min istək azdı -

Azsaydı yal-yamacda... Seyran, Seyran olmazdı.

Solmayan xalis eşqin adı, şəksiz, Almazdı,

Sevginin ən vəfalı qarısını sev indi!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!