"Varislər"in budəfəki qonağı onlarca maraqlı romanın, hekayənin, oçerkin müəllifi, milli mətbuatımızın unudulmaz veteranı, gözəl ağsaqqal, maraqlı nasir, Əməkdar jurnalist, "Şöhrət" ordenli yazıçı-publisist Əli İldırımoğlunun varisi, hüquq üzrə fəlsəfə doktoru Yusif İldırımzadədir.
1927-ci ilin soyuq noyabr günü Zəngəzur qəzasında, Qubadlının Əliquluuşağı kəndində, rəncbər İldırım kişinin ailəsində gəlib dünyaya. Gözünü açıb ətrafında ancaq halallıq, düzlük, mərdlik, bir də əzəlimiz-sonumuz olan torpağa bağlılıq görüb. Onun yeniyetməliyi müharibə illərinə təsadüf edib. Az qala hər gün tanıdığı kiminsə qapısını "qara kağız"lı xəbər döyür, kiminsə evinin çırağı sönürdü.
Çox gənc müəllim
Pedaqoji kadrlara ehtiyac olduğundan onu ikiillik müəllimlik kursuna göndərirlər və az sonra doğma Qubadlının kəndlərində müəllimlik etməyə başlayır.
Hələ yeniyetmə yaşlarından içindəki yazmaq ehtirasını hiss edir, şeirlər, məqalələr yazırdı. Bəlkə elə buna görə idi, onu rayon qəzetinə məsul katib təyin etdilər. Sonradan özünün "zorən jurnalistlik" kimi qeyd etdiyi jurnalist fəaliyyəti ömür yolunun etibarlı yoldaşına çevrildi.
Maraqlı romanları, hər birində real həyat təsvirləri olan hekayələri, oçerk və məqalələri ilə böyük sevgi qazanmış dəyərli ziyalı, unudulmaz ağsaqqal və sevilən yazıçı Əli İldırımoğlunun varisi Yusif İldırımzadə ilə onun evində görüşdük.
- Bu gün söhbət obyektimiz unudulmaz ağsaqqal, yazıçı-publisist Əli İldırımoğlu olacaq. Amma söhbətə onun doğulub-böyüdüyü Qubadlıdan başlamaq istəyirəm. Siz də Qubadlıda dünyaya gəlmisiniz, mümkünsə, işğaldan sonrakı azad günlərini yaşayan Qubadlı ilə bağlı xatirələrinizi bizimlə paylaşın.
- Söhbətə Qubadlıdan başlamaqla ürəyimdən xəbər verdiniz. Təşəkkür edirəm. Verdiyiniz sualla xatirələrimi təzələdiniz. Mən azərbaycanlıyam, amma Mirzə Cəlilə, Hüseyn Cavidə, Heydər Əliyevə görə həm də naxçıvanlıyam. M.F.Axundova, B.Vahabzadəyə görə şəkiliyəm. Həzi Aslanova görə lənkəranlıyam və bu siyahını çox uzatmaq olar. Amma mənim bir balaca vətənim var, onun adı Qubadlıdır. Bir az da dərinə getsək onun adı Əliquluuşağıdır.
Mən azərbaycanlıyam, amma...
Ailədə uşaqlardan bircə mən Qubadlıda, anamgilin kəndi Qədilidə doğulmuşam, qalan qardaş-bacılarım Naxçıvanda dünyaya gəliblər. Cəmi bir yaşıma qədər Qubadlıda olmuşam, atamın işi ilə əlaqədar uşaqlığım, yeniyetməliyim Naxçıvanda keçib. Hər il yay tətilində nənəm avtobusla Naxçıvana gəlir, məni qardaşımla birgə Qədiliyə aparırdı. Babam İldırım kişi Əliquluuşağından xəbər tutan kimi bacısı nəvəsi İnşallahla öz atını bizi gətirməyə göndərərdi. Bəzən də babam özü gəlirdi bizi aparmağa. Bizi ata mindirirdi, haradasa 7-8 kilometr yol gedirdik.
Özümüzü çox xoşbəxt hiss edirdik. Bərgüşadın dayaz yeri var, ona keçalat deyirlər. Bax o keçalatı atla keçirdik. Ağlımız kəsməyəndə bizə doğma olan yer Qədili idi, amma yaşımız artdıqca hiss edirdik ki, ən böyük sevgilərin, ən isti münasibətlərin məbədi Əliquluuşağıdır. O sevgini anlamadığımız vaxtlarda etdiyim bir səhvi hələ də özümə bağışlamıram. Babam İldırım kişinin gözündən yayınıb qaçdıq Qdiliyə. Babam çox narahat olmuşdu bizim yoxa çıxmağımıza. Babama yaşatdığımız o narahatlığa görə indi də çox peşmanam. Əliquluuşağında tay-tuşumuz çox az idi, kənd çaydan uzaq olduğuna görə darıxdırıcı gəlirdi bizə. Qədilidə yaşıdlarımızla çaya çimməyə gedirdik, oynayırdıq, vaxt keçirə bilirdik. Mənim təşəbbüsüm idi, xəbərsiz-ətərsiz qardaşımla birgə Qədiliyə qayıtmaq.
Onun rəncbər babası
Babam İldırım kişi rəncbər olub - torpağın akademiki. Əlləri qabarlı, baxışları sərt, oturuşunu-duruşunu bilən halal kişi. Ürəyində ancaq sevgi bəsləyən kişi. Babam bizi tapanda çox sevindi. Düzdür, bizə heç nə demədi, amma mən payımı aldım. Onun narahatlığını gördüm, gözlərinin dərinliyində bizim onu bəyənməməyimizin ağrısı var idi, mən o ağrıdan xəcalət çəkdim. Həyəcanını gördüm, sonra da sevincini gördüm, payımı aldım. O hadisə məni daha çox bağladı İldırım babama. Siz çox istədiyindən nəvəsinin başını dişləyib öpən neçə baba görmüsünüz?! (Kövrəlir.) Bilmirəm niyə, babamı görəndə həmişə kövrəlirdim. Böyüyəndən sonra uşaqlıq günahlarımı yumaq üçün tez-tez ona baş çəkirdim.
Adam nə qədər zəhmət çəkər, nə qədər işləyər və adam necə yorulmaz, necə olar ki, bir dəfə yoruldum, bezdim deməz, şükranlığını unutmaz. Yaxşı bağ-bağatı, qapısında qoyun-quzusu, malı-heyvanı vardı. Kimsə soruşmuşdu ki, İldırım, sən niyə bu qədər çox işləyirsən? Demişdi, pul yığıram, Yusifə maşın alacağam.
O, pul yığırdı ki...
Universitetin üçüncü kursunda oxuyurdum. Babam yenə atını göndərdi, İnşallah məni aldı atın tərkinə, getdik Əliquluuşağına. Həmin gün babam nobatda idi. Həkərini keçdik, Çay bağı deyilən yerə çatdıq. Dərəlik idi. Babamı gördüm. Çox vaxt qara paltarda gəzirdi. Səslədim onu: "Baba! Baba!". Həmişə bizi görəndə əllərini dizinə sürtə-sürtə sevincini göstərirdi. Yenə elə elədi. Həmin gecə onunla yatdım, qucaqlaşdıq, yatdıq. Onun tər qoxusunu əvəz edəcək ətir yoxdur dünyada mənim üçün. Çölün-çəmənin bütün çiçəklərinin ətri hopurdu onun paltarlarına, özünə. Və o gecə babamın canının ağrıdığını yaxından hiss etdim. Beli ağrıyırdı. O vaxt ailəmiz Ağdamda yaşayırdı. Vəziyyəmiz yaxşı idi, amma atam nə qədər eləsə də, babam Qubadlıdan köçüb, bizimlə yaşamağa razı olmurdu. Ayrılmırdı torpaqdan.
Kövşən ətirli tər qoxusu
Yuxudan oyandım, gördüm həyətdə bir erməni babamın sifarişi ilə palan tikir. Atam mənə cibxərcliyi vermişdi. Yaxınlaşıb dedim, erməni, sən babamın atının palanını yaxşı tik. Palanın pulunu da mən verdim. Hər imkanda onun üçün nəsə eləmək istəyirdim.
- Əli İldırımoğlu "Mənim rəncbər atam"da o halal adamın, kövşən ətirli adamın dünyasından yazıb dediniz. Bəs sizin üçün həmin romanda yadda qalan maraqlı yer hansıdır?
- O kitabda maraqlı yerlər çoxdur, lap çox. Birini deyim. Nabat qayıdır, babam görür keçilərdən biri yoxdur. Bir neçə gün keçir, yenə biri yoxa çıxır. Beləcə, babamın keçiləri itir. Babam məsələnin izinə düşür. Bu hal beşinci dəfə təkrar olanda şübhələndiyi adamın evinə gedir, deyir, keçilərim itir. Adam: "Sən öl, İldırım, mənim heç nədən xəbərim yoxdur", - deyəndə, babam ona bir şillə vurur. Tövləyə girəndə həm təzə kəsilmiş keçini görür, həm də itkin heyvanların dərisini. Bu şillə, oğrunu cəzalandırmaqdan çox, yalandan sən öl vurmağın cavabı idi. Bir neçə gündən sonra sahə müvəkkili məsələdən xəbər tutur, həmin adamı aparıb izahat alır. Babama deyir ki, İldırım kişi, hamı bilir ki, sənin keçilərini bu adam oğurlayıb, ancaq o deyir ki, İldırım dayı özü mənə beş keçi bağışlayıb, inanmırsan get özündən soruş. Gəl şikayət ərizəsi yaz, adamı göndərim içəri. Babam təmkinini pozmadan: "Düz deyir, mən vermişəm keçiləri, sən niyə onu tutursan?" - cavab verir. Sahə müvəkkili nə qədər eləsə də, babam sözünü dəyişmir.
Yalana görə şillə
...Qonşu babamın atını istəyir, odun daşımağa. Babam verir. Qonşu ehtiyatsızlıqdanmı, nədənmi yazıq heyvanı çox yükləyir, atın beli sərpir. Yəni ondan daha at olmaz. Belə heyvanların yaşaması zülümdür. Çox vaxt güllə ilə vurub öldürübmüşlər. Nəsə, qonşu üzürxahlıq edir, deyir gətirim danamı verim, əvəzləşək. Babam onun sözünü kəsir: "Mən atımı itirmişəm, hələ ki qeyrətimi itirməmişəm", - cavab verir. Çox təəssüf, bu gün "sən öl" sözü də öz çəkisini itirib, o cür kişilər də yoxdur. Ona görə hər dəfə babamı xatırlayanda doluram. Əli İldırımoğlu da onun oğlu idi.
- Əli İldırımoğlu orta məktəbi tez bitirib, iki aylıq kurs oxuyub və müəllimlik etməyə başlayıb. Daha sonra Ağdamda ikiillik müəllimlər institutunda təhsil alıb. Mənim aləmimdə müəllimdən böyük peşə yoxdur. Amma "zorən jurnalist" deyirdi özü haqqında. Məncə, tanınması, məşhurlaşması üçün məhz jurnalistikaya minnətdar olmalıydı Əli müəllim...
- Onun "Qarlı gecələr" romanı var, həmin romanda atam müəllim işlədiyi dövrün xatirələrini qələmə alıb. Deyərdim ki, atamın yaradıcılığında göydəndüşmə mövzu yoxdur. Hamısı səmimiyyətlə yazılıb. O, Qubadlının bir neçə kəndində müəllimlik edib, qısa zaman ərzində böyük hörmət qazanıb. Təsəvvür edin, cavan oğlan, hər gün işə getmək üçün piyada kilometrlərlə yol qət edir. Sonra onu maarif şöbəsinə inspektor götürüblər. Bunun ardınca "Avanqard" qəzetinə məsul katib gedib, qısa müddətdən sonra qəzetin redaktoru olub. Rayonun rəhbəri dəyişən kimi atama tələ qurub, işindən uzaqlaşdırmaq istəyiblər. Prinsipial adam idi axı. Gəlib Bakıya. O vaxt Nazirlər Soveti sədrinin birinci müavini, rəhmətlik Möhbalı Əmiraslanov idi, qohumluğumuz çatırdı onlara. Görüşüb, vəziyyəti deyib. Möhbalı müəllim çox hörmətli kişi olub. Milli jurnalistikamızın korifeylərindən sayılan Nəsir İmanquliyevə zəng vurub. O vaxt Nəsir müəllim "Kommunist" qəzetinin baş redaktoru idi. Xahiş edib ki, Əli bizim uşaqdır, ona yanında bir iş ver. Nəsir müəllim də atamı Naxçıvan Muxtar Respublikasına xüsusi müxbir təyin edib, 1954-cü ildə Naxçıvana köçmüşük. O yerlərdə hamı atamın prinsipiallığından, qətiyyətindən danışırmış. Atam Stalini, Mir Cəfər Bağırovu sevirdi... Xruşşova nifrət edirdi...
O, niyə Naxçıvana köçdü?
- Onda belə çıxır ki, Əli müəllim Hüseyn Cavidi, Müşfiqi və sürgünə göndərilən günahsız insanları sevməyib? Çünki həmin adamların qətlində, sürgünə göndərilməsində birbaşa günahkarlar Stalin və Bağırov olub axı...
- Yox, qətiyyən elə deyil. Bu, ilk baxışdan elə görünə bilər, amma atam bizə aid, azərbaycançılığa, türkçülüyə aid bütün dəyərləri də sevirdi axı. Onun Stalin-Bağırov sevgisi qətiyyətli hakimiyyət, güclü dövlət quruculuğu sevgisi idi. Stalini, Bağırovu şəxsiyyət kimi müzakirə etmək olmaz, amma nəzərə almaq lazımdır ki, böyük şəxsiyyətlərin həm də böyük günahları olur.
- Siz namaz qılanda rəflərə baxdım, kitablarını gördüm. Əli müəllim zəngin yaradıcılıq irsi qoyub gedib. Adam bir ömürdə çox şey yaza bilər, amma onu jurnalistikaya, ədəbiyyata gətirən ilk yazısı olur...
- Onun ilk yazısı hansıdır, dəqiq cavab verə bilmərəm, çünki o vaxt uşaq olmuşam. Amma birmənalı olaraq deyə bilərəm ki, bu yazı Qubadlıda çap olunan "Avanqard" qəzeti üçün yazılıb. Yazıçı kimi ilk böyük əsəri "Zorən jurnalist" romanıdır. O vaxta qədər irili-xırdalı hekayələr yazıb, amma "Zorən jurnalist" onun ilk avtobioqrafik romanıdır. Atamın özünün çox sevdiyi əsəri də "Zorən jurnalist"dir. Onun "Közərən sətirlər" romanı əsasında Ramiz Rövşən ssenari yazdı, Ramiz Həsənoğlu film çəkdi. Yaxşı filmdir. Atamın maraqlı dili var. Bu adam əsərlərində unudulmuş sözlərə yeni həyat verirdi. Çox adam bilmir o sözlərin mənasını.
Unudulmuş sözləri yaşadan adam
Tənqidçi Bəsti Əlibəyli yazır ki, əksər yazarlar əsərlərini 2-3 min sözlə yazırlar, Əli İldırımoğlunun əsərlərində 30 min söz olur. Bəzən deyirlər ki, filan yazıçı uzun yazır və s. Amma bir şeyi unudurlar, gərək adamın yazmağa sözü olsun da, yaza bilsin. Doğrudur, dünya təzə formata keçib, artıq Avropada V.Hüqo, Tolstoy, Düma kimi yazıçıların əsərlərini qısaldıb çap edirlər. Amma unutmaq olmaz, yaxşı müəllif hər sözün qiymətini bilir və sözlə oynayır, sözlə dünya qurur, sözlə kiməsə həyat verir, kiminsə həyatına nöqtə qoyur. Müəllifin sözünü kəsmək bəlkə də, balasının başını kəsmək kimi bir şeydir. İnternetdən uzun yazıları oxuya bilmirəm, kitabı əlimdə hiss eləməliyəm. Bəzən çox balaca kitabın necə ağır olduğunu hiss edirəm. Bəzən qalın bir kitab quş kimi yüngül olur...
Müəllifin sözünü kəsmək...
Atam heç kəsin qarşısında əyilmədi. Ömrü kitabların arasında, daima fəaliyyətdə, iş başında keçdi. Atamın bir devizi vardı: "İstedad + Zəhmət". Sovet dövründə "Kommunist" qəzeti ilə hamı hesablaşırdı və Əli İldırımoğlu uzun illər bu qəzetin Naxçıvan üzrə bölgə müxbiri işlədi. O öz imzasına hörmət qoyan adam idi. Ona görə nə yazırdısa ciddi qəbul edilirdi. Xalq şairi Vahid Əziz deyirdi ki, rayonlarda "Kommunist" qəzetinə Əli İldırımoğluna görə hörmət edirdilər. Rayonlarda rəhbər vəzifələrdə işləyənlər atamın qələmindən çəkinirdilər. Prinsipial adam idi. Tərs damarı tutdusa, heç kəs onu yola gətirə bilməzdi.
Ailədə heç birimiz Əli İldırımoğlunun 5 faizi ola bilmərik. Mən 67 yaşımda belə onun yanında kiçik olmuşam. Onu görəndə ayağa qalxmışam. Özünə fikir verən adam idi. Səliqə-sahmanı həmişə yerində olmalıydı. Evdə də pencək geyərdi, oturardı pəncərə qarşısında saatlarla bayıra baxardı. Onda bilirdim ki, pəncərədən baxır, amma xəyalı başqa yerdədir.
- Avtobioqrafik əsərlər çox yazılır, amma bəzən obrazları şişirdirlər elə əsərlərdə. Onun rəncbər atası nə qədər realdır?
- Əli İldırımoğlu öz rəncbər atası ilə fəxr edirdi. Ağlımız kəsməyə başladıqca biz onun öz atasına olan sevgisini, hörmətini görür və əsl sevgini başa düşürdük. Atam "Mənim rəncbər atam" romanında təkcə öz atasının porterini yaratmağa çalışmayıb. Onun əsas mesajı ailə münasibətlərinin, böyük-kiçik yeri bilməyin, halallığın, düzlüyün, mərdliyin təsvirini real hadisələrin fonunda verməkdir.
- Qubadlıya getməyi nə vaxta planlaşdırmısınız?
- Qubadlı mənə çox əzizdir. Allah qoysa, yaxın vaxtlarda oranı ziyarət etməyə hazırlaşıram. Babamın məzarını da tapmışam... Hərdən mənə elə gəlir ki, Qubadlıya getsəm babamı görərəm, atamı görərəm. Atam yazırdı ki, Qubadlının hər daşından, hər qayasından atamı xəbər ala bilərsiniz, mənim rəncbər atam həmişə o qayaların, o yerlərin ucalıq yaddaşındadır.
Qonşu çörəyini yeməyən adam
Babam İldırım kişi namaz qılmayıb, oruc tutmayıb, amma ağzına araq da dəyməyib. Qonşudan gələn çörəyi yeməyib. Onun ucadan güldüyünü xatırlamıram, nə qədər yorğun da olsa, ac da olsa, sakit, tələsmədən yeyirdi. Arıq, qüvvətli, oturuşuna-duruşuna fikir verən kişiydi. Ömrünün son illərində atamın aldığı qaragül papaqla gəzirdi həmişə.
- Yusif müəllim, evinizdəki kitablar, masanızın üstündəki "Ədəbiyyat qəzeti" nüsxələrindən elə başa düşdüm ki, Əli müəllim sizə də ədəbiyyatı sevdirə bilib. Bir də, siz namaz qılanda təsadüfən baxdım, oxuduğunuz kitabların səhifələrində qeydlərinizi, sətirlərin altından çəkilmiş xətləri gördüm. Siz kitabları belə oxuyursunuz?
- Hə, mənim oxu tərzim belədir. Mütləq qeydlərlə oxuyuram, maraqlı, diqqətimi çəkən fikirləri yaddaşımda saxlamağa çalışıram.
- Azan səsi eşidən kimi narahat oldunuz. Həmişə vaxtında edirsiniz ibadətinizi?
- Əlbəttə, həmişə eləmək olmur, amma çalışıram qaçırmayım. Həcc ziyarətində idim 1993-cü ildə. Mədinədə "Məscidül-nəbi"də namaz qılırdım. Türkiyədə məşhur din adamı var - Nəcməddin Nursaçan. Çox savadlı, həm də hörmətli din xadimidir, mənim ürəklə ziyarət etdiyimi görəndə yaxınlaşıb bir qədər soyuq tərzdə xəbər aldı ki, siz nə əcəb cavan yaşında gəlmisiniz ziyarətə? Mən o müqəddəs yerlərin tilsimində idim. Bilmirəm hansı qüvvə mənə dedirtdi bu sözləri. Dedim, xocam, mən nə istədim ki, Allah məndən əsirgədi? Adamın gözləri doldu. Sonra dostlaşdıq.
"Nə istədim ki,
Allah onu əsirgədi?"
- Sizinlə telefonla danışanda artıq kiminlə görüşə gəldiyimi yəqin elədim. Bəzən insanlar özlərini ağıllı göstərmək üçün ağıllı adamlardan eşitdiklərini yadda saxlayır, yeri gələndə istifadə edirlər. Görüşdük, altı cızılaraq oxunmuş sətirləri, kitabları gördüm və əmin oldum ki, özümə maraqlı həmsöhbət tapmışam. Uzun illər prokurorluq orqanlarında çalışmısınız, bəs bu sətirlərin altından xətt çəkməyə vaxtı necə tapmısınız?
- Beşinci sinifdə oxuyanda biz Ağdama köçdük. Naxçıvanda təhsil əla idi, Ağadama gələndə qətiyyən çətinlik çəkmədim, əla oxuyurdum, məktəbi qızıl medalla bitirdim. Anam ibtidai sinif müəllimi idi. Orta məktəbə gedənə qədər artıq mənə yazıb-oxumağı öyrətmişdi. Sinifdə darıxırdım, mənim bildiklərimi uşaqlar təzə öyrənirdilər. Demək olar, elə o vaxtdan macəra kitablarını oxumağa başladım: "Robinzon Kruzo", "Ləpirçi", "Kapitan Qrantın uşaqları" və s. Kitablarla dostluğum ondan başladı. Naxçıvan şəhər mərkəzi kitabxanası evimizin yaxınlığında idi, abunə olunmuşdum, kitabları həvəslə oxuyurdum. Sadəcə, yaşa dolduqca oxuduğum kitabların maraq dairəsi dəyişdi. 4-cü sinifdə oxuyanda şeir yazırdım. Orada bir yer var, mən "Bütün dünya bilir bunu əzəldən..." yazmışdım, anam redaktə elədi, dünyanı cahanla dəyişdi. Məktəbdə soruşdular, cahan nədir, bilmədim, pərt oldum.
Ulu öndərin göstərdiyi etimad
Ağdam məktəbində oxuyanda divar qəzetinin redaktoru idim. İctimaiyyətçi idim. O vaxt hələ səsim də vardı, ara-sıra mahnı da oxuyurdum. Ali təhsil illərində də tələbə elmi cəmiyyətinin üzvü olmuşam. Universiteti də fərqlənmə ilə bitirdim. Sonra da Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsilimi aldım. 1981-ci ildə 28 yaşım olanda ulu öndərimiz Heydər Əliyev məni indiki Gəncə şəhərinin Nizami rayonuna prokuror göndərdi. Bu, böyük etimad idi.
- "Məktub" kitabınızı vərəqlədim, maraqlı üslubdur, ana ilə danışmaq...
- (Gözləri dolur.) Ana ilə danışmaq... Bu gün də danışıram. Hər ikisi ilə danışıram. Valideyn övladın qibləsidir. Mən anamla bağlı çox şey deyə bilərəm, amma yəqin, "Məktub"u oxuyarsız, orada hər şey var. Mənim anam evimizdə işıq idi. O öz varlığı ilə yaşadırdı bizi, nəfəsi ilə isidirdi ailəmizi, sözləri ilə alırdı ağrılarımızı, qayğımızı çəkə-çəkə böyüdürdü bizi.
- Siz danışdıqca ağlımdan bir fikir keçir: xaraktercə humanist adama oxşayırsınız, məncə, prokuror olduğunuz rayonda cinayətkarlar "kef çəkib"...
- Yox, (gülümsəyir) narahat olmayın, cinayət varsa, mütləq cəza da var, amma baxır cinayətə. Adamı hər adi şeyə görə tutub həbsə göndərmək də olmaz axı. Prokuror sözünün latınca mənası himayədar deməkdir. Bəli, çox olub təzə cinayət yoluna meyillənən, təsir altına düşən biri ilə söhbət eləmişəm, açığını deyim də, üstünə də çığırmışam, danlamışam da, başa salmağa çalışmışam və adam peşman olub. Qayıdıb pis yoldan. Bundan yaxşı nə ola bilər.
Zəifin tərəfində olmaq
Uşaq vaxtı Naxçıvanda həyətə düşürdüm, görürdüm, iki-üç nəfər düşüb birinin üstünə onu döyür, bilmirdim günah kimdədir, amma təklənib döyülənin köməyinə qaçırdım. Həmişə də günahsızın, təklənmişin, köməksizin tərəfini saxlamağa çalışdım.
- Telefonda danışanda tez-tez deyirdiniz ki, mən Əli İldırımoğlu məktəbi keçmişəm...
- Bəli, mən dünyaya atamın gözü ilə baxmağa çalışmışam. Həmişə atama oxşamağa çalışmışam. Adam atasına oxşayar da. Bilirsiniz nə mənada? İnsanlıq, səmimiyyət, xeyirxahlıq mənasında. Doğru olmaq, haqqı nahaqqa verməmək və s.
"Məni döysəniz də, əymək ki çətin,
Düz bitən ağaclar əyilə bilmir.
Başa düşmədiniz, bilmədiniz ki,
Yaxşı yarananlar pis ola bilmir".
Bu mənim şeirimdir. Mən həyatımı Əli İldırımoğlunun mənə nümunə olan ömrünə layiq yaşamağa çalışdım. Nə qədər nail oldum, onu Allah bilir.
- Ürəyiniz xatirə dənizinə oxşayır... Tez-tezmi tufan qopur o dənizdə?
- Xatirələr saf olanda yaşamaq xoş olur. Tufan qopsa da, sakitləşsə də xatirə özəldir. Sizə maraqlı bir fakt deyim. Təsəvvür edirsiniz, 7-8-ci siniflərdə oxuyanda evdə "Ailə" adlı divar qəzeti buraxırdım. Gündəlik çıxırdı o "qəzet" . Bizdə 4 alan evə gələ bilmirdi, çünki tələb şkalası ən yüksək səviyyə idi. Tutaq ki, bacım yemək yemirdi, onun karikaturasını çəkirdim arıq, zəif... Olurdu da birdən rübdə 4 alırdım fizikadan-zaddan. Anama yalvarırdım ki, atama deməsin. Çünki ailənin daxili məsələsinə məsul anam idi və hər gün atama hesabat verirdi. Əgər anam bizdən şikayət edirdisə, qanımız getdi. Evdə uşaqlar arasında dalaşmaq, ucadan danışmaq qadağan idi və bu tərbiyə bizi formalaşdırırdı.
Xatirələr dənizi
- Əli müəllimi bir cümlə ilə xarakterizə edin...
- Mən onun kimi ata, onun kimi oğul, onun kimi ər, onun kimi ailə başçısı görməmişəm.
- Ömrünün son günlərində yanında kim vardı? Nə hiss edirdiniz, doydumu həyatdan? Vəsiyyət etdimi?
- Atam bir gün belə olsa, Qubadlısız yaşamadı. Hər gün xəyalən o doğma yerlərə səyahət edirdi. Amma onun xəyalı mənim aləmimdə mistik ölçüləri pozurdu, çünki hiss edirdim, bu adam, sanki Bərgüşadın sularında əllərini yuyur, əyilib hansısa bulaqdan su içir. Köhnə kişilərdən kiminləsə danışır və s. Amma onun xəyalının ən böyük hissəsi İldırım kişi ilə bağlı idi. Atam Qubadlının işğaldan azad olunduğunu bildi. Bəlkə də ona görə idi, son günlərində ruhən rahat görünürdü.
"Kürd-Ovşarı" ilə qapanan gözlər
Mən olmuşam onun son günlərində yanında. Yox, doymadı həyatdan. Ölmək istəmirdi. Vəsiyyətini lap əvvəldən eləmişdi, demişdi mən öləndə başım üstə Fikrət Əmirovun "Kürd-Ovşarı" simfonik-muğamını səsləndirərsiniz. Dediyini elədik. "Bərgüşada sözüm var" şeiri həm də onun vəsiyyətidir elə.
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!