Dünyanın ən böyük şəhəri – Şuşa - "Varislər" rubrikası - Müsahibə

"Varislər"in bugünkü qonağı musiqişünas, Qarabağın musiqi və etnoqrafiya tarixinin yorulmaz araşdırıcısı, unudulmaz ziyalı, xatirəsi hər zaman sevgi ilə anılan Firudin Şuşinskinin oğlu, hüquqşünas Məhəmməd Həsənovdur.

Firudin bəy Köçərlinin şərəfinə...

 

1925-ci ilin payızında qədim Qarabağın göz bəbəyi sayılan Şuşa şəhərində dünyaya gəlib. Atası Məhəmməd kişi XX əsr fikir dünyamızın ən ünlü simalarından biri olan Firudin bəy Köçərli ilə yaxın dost olduğundan, oğlunun adını dostunun şərəfinə Firudin qoydu. 6-7 yaşı olanda Şuşa musiqi məktəbində skripka dərsləri alıb. Şuşa Pedaqoji Məktəbini bitirdikdən sonra qısa müddət müəllimlik edən gənc Firudin Şuşinski 1942-ci ildə könüllü olaraq müharibəyə gedir. Ağır müharibə illərindən sonra BDU-nun Tarix fakültəsində ali təhsil alıb, Bakı məktəblərində tarix müəllimi kimi fəaliyyət göstərirdi. Onun həyat yolunun ən maraqlı və böyük diqqətəlayiq hissəsi Qarabağın musiqi və etnoqrafiya tarixinin araşdırmasına sərf etdiyi dövrlərdir.

Bu mübariz və unudulmaz insanın varisi Məhəmməd Həsənovla Firudin müəllimin öz doğma ocağında görüşdük.

 

- Məhəmməd müəllim, Firudin Şuşinskinin ruhu gəzən doğma ocaqda görüşürük. Bu gün sizinlə bütün ruhu, canı, düşüncələri ilə doğma Qarabağa, gözəl Şuşaya bağlı olan atanız Firudin Şuşinski haqqında danışacağıq. Babanız Məhəmməd Həsənov... Siz də babanızın adını daşıyırsınız. Kim olub Məhəmməd kişi?

- Həsənovlar Şuşada tanınmış nəsildir. Babam Məhəmməd kişi Şuşada ticarətlə məşğul olub, atamın əmisi qəssab Şəmili isə Şuşada tanımayan yox idi. Ümumiyyətlə, Şuşada hərənin bir ləqəbi varmış. Onlar əsasən maldarlıqla məşğul olublar, amma bir müddət sonra babam öz işini qurub və tacirlik edib: Avropa, Asiya, Şərq ölkələrinə gedib çıxıb, mallar gətirib. Babam Məhəmməd kişi sosial statusuna görə bəy titulu alıb. Bu nəsil Qarabağın məşhur Cavanşirlər nəsli ilə qohum olub, babam onlardan qız alıb, ailə qurub. Atam danışırdı ki, nənəsi Xurşudbanu Natəvanla çox yaxın olub, həm də xalaqızı-xalanəvəsi idilər. Babamgili Şuşada Firudin bəy Köçərli ilə eyni məhəllədə yaşayıblar. Təəssüf, həmin evləri, tarixi məkanları dağıdıblar, amma o məhəllə, oradakı xatirələr qalır.

 

Cavanşirlər nəsli ilə qohum olmuşdular

 

- Mənim dövrümün yeniyetmələri, gəncləri onu yaxşı xatırlayırlar. Azərbaycan Televiziyasında apardığı "İfaçılıq sənəti" verilişi, emosional fikirləri, araşdırmaları və unudulmaz səsi hələ də yaddaşımdadır. O bu millətə sevgini və sevməyi öyrədirdi. Dəyərlərə sevgini... layiq olanları sevməyi... O, unudulmuşları unutmağa qoymurdu. O bu xalqın mədəniyyət tarixini yazanları yaşatmağa çalışırdı... Mənim üçün maraqlıdır, Firudin müəllim o verilişlərə necə hazırlaşırdı? 

- Hər şey bu evdə, bu divarların arasında baş verirdi. O bu evdə otaqların birində muzey düzəltmişdi, təəssüf ki, şəraitsizlikdən o muzeyi olduğu kimi saxlaya bilmədim, təkcə şəkillər və müəyyən eksponatlar qalır. 1960-cı illərin sonlarından, 70-ci illərin əvvəllərindən atam materiallar toplamağa başladı. Vallar, afişalar, ifaçılıq sənətinə aid olan sənədlər və s. Bu materialları şəxsi vəsaiti və yaxın dostlarının dəstəyi ilə alırdı. Bir də görürdün, kimsə Tiflisdən zəng vurub deyir ki, axtardığınz valı tapmışıq. Gedib onu pulla alırdıq. Bu onun şəxsi istəyi və şəxsi təşəbbüsü idi və sizə deyim ki, onları bizə heç də ucuz satmırdılar. Nazim İbrahimov vardı, Bakı şərab zavodunun direktoru idi, belə sənədləri almaq üçün atama böyük dəstək verirdi.

 

Unudulanları xatırlamaq

 

Bərdənin birici katibi Xəlfə Hüseynov kömək edirdi atama. Yəni belə insanların dəstəyi ilə toplanırdı o materiallar. O, efirdə ilk növbədə, milli musiqi tariximizdə xüsusi xidmətləri olan, lakin zaman-zaman unudulan insanları təqdim edirdi. Hər bir verilişin mütləq xüsusi mesajı olmalıydı. 70-ci illərdə onun "Azərbaycan xalq musiqiçiləri" adlı böyük əsəri çap olunmuşdu. Həmin kitabda Azərbaycanın son 200 illik muğam-musiqi tarixi yer alırdı. Verilişlərə hazırlaşanda masa arxiv sənədləri, kitablar, müxtəif materiallarla dolurdu. Çox ciddi hazırlaşırdı hər verilişə. Bir də görürdün, çəkilişdən qanıqara qayıdır. Çox sərt adam idi, başa düşürdüm, nəsə olub. Sonra öyrənirdim ki, televiziyada rəhbərlik onun vacib bildiyi hər hansısa məqamı efirə verməyə qoymayıb. Onun fenomenal yaddaşı vardı. Televiziyadan tələb edirdilər ki, verilişlərini yazıb təqdim etsin, atam isə sərbəst, səmimi veriliş aparmaq istəyirdi. İmkan vermirdilər, həmişə bir çərçivə, bir qılaf olmalıydı.

- Yəqin, Şuşa ilə bağlı xatirələriniz çoxdur. Atanızla birlikdə Şuşa səfərləriniz, oradakı maraqlı adamlar, görüşlər haqqında danışın, zəhmət olmasa.

- Onun hər dəfə Şuşaya getməsi xüsusi ritual idi. Hər kəslə görüşürdü, mütləq oturub bir stəkan çay içməliydi köhnə tanışları ilə. Adətən yayın sonlarında gedirdik Şuşaya, çox vaxt anamla mən qayırdıq Bakıya, o isə qalırdı orada, işləyirdi. Şuşada onun işləməsi, yazması üçün münbit şərait var idi. Evdə qalmağı xoşlamırdı. Əhəd Əliyev atamın müəllimi olmuşdu, o vaxt Şuşa sanatoriyasının müdiri idi. Əhəd müəllim çox informasiyalı adam idi, atamla da söhbətləri tuturdu. Bir otaq ayırırdı və atam orada həm ciddi işləyir, həm də dost-tanışları ilə görüşürdü. O vaxt Bakıda yaşayan şuşalıların çoxu ilə elə orada qarşılaşırdıq.

Şuşanın axşamları

Axşamlar hamı mehmanxananın yanındakı bağa toplaşırdı, söhbətlər, xatirələr, məclislər... Bulaqlara gedirdik, təbiət qoynuna çıxırdıq. Atamı tanıyanlar, dostları, məktəb yoldaşları eşidir, kimi Ağdamdan, kimi Ağcabədidən gəlirdi. Belə görüşlər onun həyat eşqini artırırdı. Musiqi məclisləri qurulurdu. Atam öz tarını da götürürdü, Şaşa musiqiçiləri ilə bir yerdə həm maraqlı söhbətlər edirdilər, həm də canlı musiqi dinləyirdilər. Atam yaxşı fortepiano çalırdı. Ümumiyyətlə, musiqi ilə nəfəs alırdı.

- Firudin müəllim məktəbdə pedaqoji fəaliyyətini yarıda saxlayıb, könüllü müharibəyə gedib. Mən bu faktın tarixi ilə bağlı fərqli fikirlər eşitmişəm və ən dəqiq məlumatı sizdən almaq istəyirəm.

- Atamın sənədlərində onun yaşı ilə bağlı müəyyən dəyişiklik ediblər, deyəsən. Həmişə deyirdi ki, Kursk döyüşündə iştirak edəndə 18 yaşım tamam olmamışdı. Batareya komandiri olub və döyüşdən sonra marşal Rokossovski ona şəxsən orden təqdim edib. Onun müharibəyə getməsinin tarixçəsi belədir: dostları ilə Şuşada bazar yerində olublar.

 

Kişi papağı

 

Babam atama qaragül dərisindən yaxşı, bahalı papaq tikdirib. Şuşanın erməni prokuroru olub, atamın başındakı papağı görəndə, soruşub bu cavan oğlan kimdir ki, başında elə bahalı papaq var. Deyiblər, Məhəmmədin oğludur. Adamlarından birini göndərib ki, gedin ona deyin papağı mənə versin. Atam elə cavanlığından hazırcavab və yeri gələndə şuşalılar demişkən, yava danışan olub. Adam gəlib deyib, prokuror sənin papağını istəyir, atam da deyib ki, papaq kişiyə yaraşar. Həmin söhbətdən sonra atam könüllü cəbhəyə gedib. Ola bilsin, həmin erməni prokurora verdiyi cavab bu hadisənin tezləşməsinə səbəb olub. O, cəbhəyə gedəndən sonra babamı həbs ediblər. Əlbəttə, ermənilər onun həbsi üçün canfəşanlıq ediblər, altı aydan sonra Şuşa türməsindən azadlığa çıxıb. Onun istintaqı Bakıda olub, artıq Qazaxıstana sürgünə getməyə hazırlaşırmış, böyük qardaşı Şəmil Mir Cəfər Bağırovun qəbuluna düşə bilib və məsələ həll olunub. M.Bağırov şuşalıları, o cümlədən babamı da yaxşı tanıyırdı. Eşitdiyimə görə, Bağırov vaxtilə Müvəqqəti İnqilab Komitəsinin Qarabağ üzrə nümayəndəsi işləyib, bu səbəbdən şuşalılara bələd olub.   

 

Mir Cəfər Bağırov və şuşalılar

 

- Firudin müəllim müharibə xatirələrindən nə danışırdı? Adətən uşaqlar, nəvələr verir belə sualları: "Baba, müharibədə neçə nemes öldürmüsən?" Firudin müəllim öldürdüyü "nemeslərin" sayını bilirdi?

- Müharibədən gətirdiyi bir qənimət saatı vardı. İsveç saatı idi. Həmişə aparıb düzəltdirirdi, saat da bir ay işləyib, yenə xarab olurdu. Danışırdı ki, döyüşlərin birində top mərmisi qurtarıb. Hansısa alman şəhərində olublar. Döyüşə-döyüşə bir evə giriblər. Çox səliqəli ev olub. Əsgərlərdən biri evi axtarıb, siyirtməni açanda bir saat görüb. Deyib nə qəşəng saatdır. Saatı əlinə götürən kimi partlayış olub. Saata partlayıcı qoyublar. Çoxu yaralanıb o partlayışda. Bədənində yara yerləri vardı. Müharibə dövründə bir müddət gəlib Bakıda müalicə olunub, yenidən qayıtmışdı cəbhəyə.

- Ona ilk elmi məqaləsinin - "Vaqif və Qarabağ" - mövzusunu S.Vurğun verib. Bu barədə nə deyirdi? S.Vurğunla tanışlığının tarixçəsi necə olub?

- Onun S.Vurğunla ilk tanışlığı orta məktəbdə oxuduğu illərdə başlayıb. Sovet dövründə elm, mədəniyyət, incəsənət xadimləri regionlara səfər edir, ictimaiyyət nümayəndələri, məktəblilərlə görüşlər keçirirdilər. Belə görüşlərin birində S.Vurğun atamın oxuduğu məktəbdə olub. Atam həmin tədbirdə bir şeir deyib, sonra onu sorğu-suala tutublar və hamı onun zəkasından, ağıllı cavablarından məmnun olub. Babam da imkanlı adam olub, qonaqlar üçün süfrə açıb və S.Vurğun babama deyib ki, bu uşağın yaxşı gələcəyi var, icazə ver bunu Bakıya aparaq.

 

Bu uşağın yaxşı gələcəyi var

 

Babam razı olmayıb. İllər keçəndən sonra atam adıçəkilən mövzuda diplom işi hazırlayıb, işin qəbulunda S.Vurğun da olub və təklif edib ki, yazının adını dəyişsin, Vaqifin bir dövlət xadimi kimi fəaliyyətinə geniş yer ayırsın. Sonra da atam tanışlıq verib ki, bəs mən illər əvvəl Şuşada sizin qarşınızda şeir deyən oğlanam, şair də xatırlayıb onu. Sonra tale elə gətirib ki, böyük şairlə bir-neçə dəfə eyni tədbirdə, eyni məclisdə qarşılaşıb.

- "Şuşa" kitabı ona böyük uğur gətirdi...

- Doğrudur, bu kitab ona həm böyük uğur və şöhrət gətirdi, həm də xeyli düşmən qazandırdı. O kitab oxucuların əlində gəzirdi, amma hakim partiya kitabın çapından sonra atama təzyiqləri artırdı və təzyiqlər illərlə davam etdi. Əlbəttə, bu münasibət atamın əsəblərinə, səhhətinə pis təsir edirdi. Ermənilər xüsusi canfəşanlıq göstərirdilər, əl çəkmirdilər ondan. Hələ indinin özündə də internetdə ermənilərin atam haqqında yazdıqları fikirlərlə rastlaşıram. ""Şuşa" kitabının müəllifi tarixi saxtalaşdıran adamdır" kimi fikirlərlə.

 

Andranikə heykəl qoya bilmədilər

 

Həmin ərəfədə ermənilər İrəvanda daşnak Andranikə heykəl qoydurmaq istəyirdilər, atam isə kitabda Andraniki tam ifşa etmişdi. Əlbəttə, onun bu fikirləri heykəl qoyulmasına mane oldu. "...daşnak Andranik Şuşanı işğal etməyə cəhd etmişdi və işğal cəhdi bu gün də davam edir" cümləsi od qoymuşdu ermənilərə də, onların havadarlarına da. Atama qarşı pantürkist ittihamları başladı. "Milli münaqişələri qızışdıran adam" kimi qələmə verirdilər onu. Evə gəlirdik, gördük bax bu oturduğumuz otağın pəncərələrini çilik-çilik ediblər. Ya bizi gözləyirdilər, evə girirdik, birdən kimsə iki daş atıb qaçırdı. Ermənilər bir yana, elə bizim mətbuat da atamı rahat buraxmırdı. Hətta "Ədəbiyyat və incəsənət" qəzetinin özündə də onu tənqid edən yazılar çap olunurdu.

 

Mikoyanla görüş

 

Sonra Mikoyan onu Moskvaya dəvət etdi. Mikoyan o vaxt təqaüddə idi. Bağında görüşüblər. Deyib, erməni xalqından üzr istə, de ki, bilmədən təhrifə yol vermişəm, söhbət bitsin. Sənin kitabını oxumuşam, xoşuma gəlib. Müəyyən şeyləri oradan çıxarırıq, onu İrəvanda yüksək tirajla çap edirik və sənə artıqlaması ilə qonorar veririk. Üstəlik, Ermənistanın dövlət mükafatını da alırsan. Atam qətiyyətlə rədd edib. Xatırladığım bir söhbəti də demək istəyirəm. Mikoyan atamdan soruşub ki, bu görüş sizə necə təsir etdi? Atam da "mənə türk dediyiniz xoşuma gəldi" - cavabını verib.

"İfaçılıq sənəti" verilişi 1982-ci ildən 1987-ci ilə qədər televiziyada getdi və o dövrdə atam efirdə türk sözü işlədən yeganə adam oldu. Hər adam bu sözü işlətməyə cürət etmirdi.

- Onun haqqında belə bir ifadə işlədirlər: "Firudin Şuşinski bomba kimi adam idi, tez partlayırdı". Bu fikir nə qədər doğrudur?   

- Elədir. Çox səbirsiz idi. Ürəyində söz saxlamaqla arası yox idi, kimliyindən asılı olmayaraq sözünü deyirdi. Həm də çox əsəbi idi. Müharibə onun əsəblərini alt-üst eləmişdi. Deyirdi, mənim Kurskda gördüklərimi Allah heç kəsə göstərməsin. İnsan cəsədləri dəmirə qarışmışdı... Əsl cəhənnəm. O öz sahəsini gözəl bilirdi, tarixi, arxiv sənədlərini araşdırmışdı. Hər sözünü konkret faktlarla qoyurdu ortalığa.

- O, milli musiqi tariximizə çox qiymətli kitablar, araşdırmalar bəxş edib. Bu evin aurası çox xoş gəldi mənə. Gözlərim qarşısında pəncərəsinə daş atılmış nurani ağsaqqal siması canlandı. Əsəbi və qalib adam. Hər adamın pəncərəsini daşlamırlar. Qalib adamlara bata bilməyənlər belə miskin üsullardan istifadə edə bilərlər.  Günün hansı saatlarında işləyirdi?

 

Çiliklənmiş pəncərələr

 

- Daha çox gecələr məşğul olurdu. Əlyazma yazırdı. Kiril əlifbasını bilmirdi. Bəlkə də bilirdi, nifrət etdiyinə görə latın qrafikası ilə yazırdı. Əlyazmalarını milli arxivə təhvil vermişəm. Evdə tez-tez tar çalırdı, uzun-uzadı... həzin, lirik muğamlar... Mənə isə musiqi ilə məşğul olamağa icazə vermədi.

- O, elmi və yaradıcı fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizə yeni nəfəs verdikcə özünə düşmən qazanırdı. Yazıları, verilişləri təkcə musiqi tariximizi təbliğ etməklə bitmirdi, o, eyni zamanda qadağan olunmuş vaxtda milli şüurumuza oyanış toxumları səpir, kimlik tariximizə işıq tuturdu. Belə adam sovet quruluşu üçün "yad ünsürdür". O, həyatını başqa cür yaşaya bilərdimi?

- Yox, qətiyyən başqa cür yaşaya bilməzdi. Bu onun mənəviyyatından, həyat tərzindən gələn bir şey idi. Xasiyyəti belə idi - sözü üzə deyən adam. Kimisi onu məhz belə olduğu üçün sevirdi. Kimi bu xasiyyətindən ehtiyat etdiyi üçün özünü hörmət edirmiş kimi göstərirdi. Kimi də açıq-aşkar düşmənçilik edirdi. Amma heç nə onu fikrindən, əqidəsindən döndərə bilmirdi. O, yaşamağının mənasını dərk edirdi və bu həyat tərzi onun ürəyincə idi. Bütün əsəbi anları ilə, sarsıntıları, qəzəbləri, qarşılaşdığı xəyanətlər, maneələrlə bir yerdə zövq alırdı işindən. Həqiqətdən üstün heç nə yox idi onun üçün.

 

Həqiqət aşiqi

 

- Ailədə necə idi? Ata kimi, baba kimi, dost kimi, qohum kimi ona münasibət necə idi?

- Açığını deyim ki, həmin o sərtliyi, ötkəmliyi ailədə, qohum içində də qalırdı. Mən evin tək oğlu olmuşam. Çox ciddi idi. Qohumlar da onunla qarşılaşmaqdan çəkinirdilər. Elə mən özüm də bacardığım qədər ondan uzaq olmağa çalışırdım. Bir sözlə, çox ağır adam idi.

- N.Nərimanovun unudulması ilə bağlı universitet müəlliminə verdiyi sual və M.Bağırova yazdığı məktub haqqında maraqlı fikirlər eşitmişəm.

- Universitetdə oxuyanda görüb ki, N.Nərimanovla bağlı tarixi faktlar dərsliklərdən çıxarılır. Ümumiyyətlə, onun adını çəkməyə çəkinirlər. Atam bu barədə müəlliminə sual verib, professor aciz qalıb. Atam həmin hadisədən sonra o vaxtkı partiya rəhbəri M.Bağırova məktub yazıb və eyni sualı katibə verib. Bağırov atamı Mərkəzi Komitəyə dəvət edib, görüşüblər. Bağırov atamı görən kimi: "Haralısan?" - soruşub. Atam şuşalı olduğunu söyləyib. "Kimlərdənsən?" Məhəmməd kişinin oğluyam. Bayaq dedim axı, Bağırov Qarabağ, xüsusilə Şuşa camaatını tanıyırdı. Soruşub, bu nə məktubdur yazmısan? Deyib, yoldaş birinci katib, sual verdim, cavab ala bilmədim. O görüşdən sonra Bağırov partiya plenumundakı çıxışında: "Universitet o səviyyəyə çatıb ki, Həsənov soyadlı tələbə verdiyi suala cavab ala bilmədiyi üçün mənə məktub yazıb, N.Nərimanovun partiya və dövlətçilik tariximizdəki rolunu öyrənmək üçün mənə üz tutub...".

 

M.Bağırova məktub yazan tələbə

 

- Sizcə, o, Azərbaycan musiqi tarixinə, musiqi mədəniyyətinə nə verdi və nəyi verə bilmədi? Və... hansı işlərinə mane oldular?

- Həmişə bir şeyə təəssüf edirdi. Deyirdi, kaş vaxtında aşıq sənətini də araşdıraydım, öyrənəydim. Çünki aşıq sənətinin tarixi daha qədimlərə gedib çıxır. Türk etnosu üçün aşıq sənəti daha milli və daha kökdən gələn bir incəsənət növüdür. O, muğam sənətini araşdıranda Qarabağı qarış-qarış gəzmişdi. Muğam sənəti daha çox el şənliklərində, toylarda formalaşıb. Öyrənirdi, kim hansı toyda olub. O toyda başqa kimlər olublar və s. Çox şeyi özü də apardı. Özü həm də musiqi tənqidçisi idi. Hər dəfə yeni məqaləsi çıxanda az qala aləm dəyirdi bir-birinə. Bizim musiqi tariximizdə, elə dövlətçilik tariximizdə də xeyli təhriflər var. Bu təhriflərin çoxu düşünülmüş formada edilib. Həmin o saxtakarlıqlar bizə xalq olaraq, millət olaraq mane olub. Atam bacardığı qədər o səhifələrə işıq tutmağa çalışırdı. Buna sevinənlər də var idi, əlbəttə, amma baltanı götürüb asıb-kəsənlər də çox idi. Bilirsiniz nəyə təəssüflənirəm: ölkənin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli muğam sənətimiz həyata yenidən vəsiqə qazandı. Yeni araşdırmalar, yeni ifaçılar, Azərbaycan muğamının dünyada tanıdılması faktları. Atam bu dövrü görsəydi arxayın gedərdi həyatdan. Həm də öz biliyini, təcrübəsini, imkanlarını bu yolda ortaya qoyardı.

 

Qalib - Alim Qasımov

 

Atamın təşəbbüsü ilə ilk dəfə "Cabbar Qaryağdıoğlu adına muğam müsabiqəsi" keçirilmişdi, münsiflər birinci yeri başqasına vermək istəyirdilər, atamın təkidi və tələbi ilə müsabiqənin baş diplomu Alim Qasımova verildi. Atamı musiqi ilə bağlı məsələlərdə heç bir güzəştə təhrik etmək mümkün deyildi.

- Musiqiçilərdən kiminlə dostluğu tuturdu? Kimlər gəlib-gedirdi bu evə?

- Ələkbər Tağıyevlə yaxın dost idi. Tez-tez musiqi mövzusunda mübahisələri düşürdü. Kitablarında rast gəlmisiniz də "Şamaxı məclisi", "Şuşa məclisi", "Bakı məslisi"... Bu evdə həmin məclislərin ab-havası hökm sürürdü. Dövrün ən tanınmış musiqi, mədəniyyət adamları gəlirdi evə. Anam mətbəxdə biş-düş edirdi, mən, yaşıdım olan qohum uşaqları daşıyıb gətirirdik süfrəyə. Səid Rüstəmov, Fikrət Əmirov, Lətif Kərimov, Əkrəm Cəfər, Əliş Ləmbəranski, Əjdər Xanbabayev, Həbib Bayramov, Bəhram Mənsurov, Xəlil Rza... Elələri də var ki, adlarını çəkmək istəmirəm. Söz, musiqi məclisi qurulurdu və belə məclislər, adətən gecə saatlarına qədər uzanırdı.

- Köhnə kişlər bir yerə toplaşır, yeyir-içir, söhbət edir, sonra həvəslə nərd oynayırdılar. Eşitdiyimə görə, Firudin müəllim güclü nərd oynayan olub.

 

Bir tas nərd

 

- Hə, atam güclü nərd oynayırdı, özü də mütləq altında "bir şey" olmalıydı. Maraqla oynayırdı. Hətta onunla nərd oynamağa Şuşadan da gələnlər olurdu. Səhəri xaşla başlayıb, sonra nərd... beləcə, axşama qədər davam edirdilər. Bağımız yox idi. Əjdər Xanbabayevin bağında toplaşırdılar. Çox yaxın idilər. İstirahət günləri gedib Əjdər müəllimin bağında qalırdı. Bəzən mən ona bağ işlərində kömək edirdim. Ziya Bünyadov gəlirdi. Akademik Rüstəm Əliyev gəlirdi. Əjdər müəllim atamın kitablarının çapına kömək edirdi. O çox vətənpərvər adam idi, atamın kitablarının çapına mane olmaq istəyənlərin qarşısını o alırdı. Təbiətinə görə çox sakit, təmkinli adam idi, işinin də peşəkarı idi. Milli maraqlara cavab verən istənilən kitabın çapı üçün əlindən gələni edirdi.

- Aradan müəyyən zaman keçib, siz yaşa dolmusunuz, vəziyyət necədir, darıxırsınız onun üçün? Yaşasaydı, yenə gözündən yayınmağa çalışardınız? Bir də... ona nəsə demək istəyirsiniz?

- (Kövrəlir.) Adam çox şeyin qiymətini onu itirdikdən sonra dərk edir. O vaxt o mənim üçün sadəcə ata idi. Özü də sərt, ağır xasiyyətli ata idi. Amma mən kimin oğlu olduğumu, necə böyük, mənəvi cəhətdən zəngin bir kişinin oğlu olduğumu anlayıram. Onun məsləhətlərinə ehtiyac duyuram, söhbətləri üçün darıxıram, özü üçün darıxıram. Darıxıram... əlbəttə, darıxıram... Bütün dövrlərdə "atalar və oğullar" problemi olub, amma atanı əvəz edəcək, onun qədər ola biləcək ölçü vasitəsi yoxdur. İlk vaxtlar yuxuda tez-tez görürdüm onu... daha görmürəm. Bilirsiniz, nə demək istəyərdim ona: "Ata, gərək bir az səbirli olardın, gərək bu qədər sərt olmazdın...". Üstəlik, onun fiziki yoxluğu ilə təkcə bizim ailəmiz itirmədi, Azərbaycan xalqı da itirdi. Onun biliyi, onun imkanları hələ bizə lazım idi.

 

Ən böyük şəhər - Şuşa

 

- Onun Vəli Axundova qəribə bir sualı olub... Xatırlayırsınız o sualı və verdiyi cavabı?

- (Gülümsəyir.) Yas məclisində qarşılaşıblar. Vəli Axundov respublikanın birinci katibi olan vaxtlar. Atam məclisə toplaşanlardan soruşub, dünyanın ən böyük şəhəri hansıdır? Hərə bir cavab verib... Nyu-York, Mexiko... və s. Atam özü cavab verib suala. Dünyanın ən böyük şəhəri Şuşadır. 1905-ci ildən bəri ermənilər onu sökürlər, hələ də söküb qurtara bilməyiblər. Bu onun vətəndaş mövqeyi idi.  

- Nəyə görə Bərdədəki Şəhidlər xiyabanında dəfn olunmasını vəsiyyət etdi?

 

Son mənzil - yenə Qarabağ

 

- Deyim də... Xəstələnib yatağa düşmüşdü artıq. Şuşa işğal olunandan sonra yaşamaq onun üçün əzab idi. Bir gün məni yanına çağırıb dedi ki, dünyanın işini bilmək olmaz, Qarabağın ən son kəndi qalsa belə, mütləq məni orada dəfn edərsən. Mən o torpaqdan çıxmışam, o torpağa da qarışmaq istəyirəm.

 

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!