NARGİS
Günəşli günlərin yerini payızın ruh titrədən ecazkar əhvali-ruhiyyəsi əvəzləmişdi. Qardan əsər-əlamət olmasa da, arada burnuna qar havasının soyuqluğu dəyirdi. Əllərini cibinə qoymaq istəmirdi, ancaq barmaqları bumbuz idi. Şəhərin bozumtul küçələrində maşınlar dəlicə şütüyürdü. Ömürdəki tükənən saniyələrin tik-takları ürəyinin uğultusuna qarışmışdı. Sakitlik istəyirdi. Bunu ona da demişdi. Bir saat olardı ki, evə atmışdı özünü. Titrəməsi keçməmişdi. Boz yumşaq köynəyinin üstündən qara paltosunu geyinib divanda bardaş qurdu. Sonra bezib fikrindən döndü, çay dəmlədi. Çayı bardağa boşaldanda ürəyi yenə sıxıldı. Çayı pəncərədən soyuğun üzünə çırpdı. Qaranlığa siqaret tüstüsüvari bir tüstü yayıldı. Ballı süd içmək ən yaxşısı idi. Südü qaynar sevirdi. Gərək boğazını yandıraydı. Nədənsə, o zaman südün şəfalı olacağını düşünürdü. Əks halda heç bir məna ifadə etmirdi süd onun üçün. Bu gün o günlərdən biri idi. İşdə də, evdə də beynini toplaya bilmirdi. Tez-tez onun istəmədən məruz qaldığı dialoqlarda məntiqi rabitəni itirirdi. Söhbətə unutduğu yerdən davam etmək getdikcə çətinləşirdi. Beynindəki informasiya tullantıları zehnini zədələyirdi. Bəzən isə fikrini cəmləyib demək istədiyini ifadə etməkdən könüllü olaraq imtina edirdi. Çox vaxt öz-özünə sual verirdi: dünya hara gedir belə? Bəs mən hara gedirəm? Əslində, düzgün istiqamət haradır? Tanrıyamı? Allahamı? İnsanamı?
Qaynar südü yudumladıqca günün mənzərəsi canlanırdı beynində, bozumtul mənasızlıqlar məngənəsində sıxılırdı ruhu. Bəli, ruhu sıxılırdı. Mahnı, film, iş və s. cəhdləri mənasız qalmışdı. Bəlkə də, yazmalı idi, amma nəyi yazmalı idi. Niyə və kimə yazmalı idi? Tanrıyamı? Allahamı? İnsanamı?
Axı istədiyi çox şey olurdu həyatında. Bəs nə idi bu dünya boyda sıxıntının sirri? Niyə daima sıxılmağa bəhanə axtarırdı? Niyə hər zaman hadisələrin mənəvi qismi ilə maraqlanırdı. Hamı kimi ola bilməmək xəstəliyinə yaxalanmışdı, bilirdi artıq. Herisçinin "Nekroloq"undakı kimi həyasızca yaşamaq varkən, niyə Anna Karenina kədəri, Martin İden sıxıntısı boğurdu onu?
Bəzən həyat çox böyük boşluq təsiri bağışlayır, sən heç nə istəmir, heç nə gözləmirsən, həyatında adicə bir yarpaq xışıltısı belə olmur, boğulursan. Əslində, yarpaqlar var, ətəklərin Jane Austenin libasında olduğu kimi uzundur, ancaq bilirsən ki, ətəklərin və ayaqlarının toxunuşu belə yarpaqları xışıldatmayacaq... Bəlkə də yarpaqlar xışıldayır elə həmişə xışıldayıb. Bəlkə də sən eşitmirsən? Heç vaxt eşitməyəcəksən...
Necə ki dünyanın uğultuyla dönüşünü, əzdiyin qarışqanın ölüşünü, Tanrının sənə ironiya ilə gülüşünü eşitmirsən...
Bəlkə də elə hər zaman belə olacaq... Yarpaqlar əbədi olaraq xışıldamayacaq... Onurğandan aşağı boşalacaq yalnızlığın. Sən elə həmişə axtaracaqsan.
Heç vaxt cavablamayacaq suallarını Allah. Sən isə elə hey axtaracaqsan... Dekabrda Şaxta babaya, Apreldə Allaha məktub yazacaqsan... Elə hey inanacaqsan... Bütün yalanlara inanmaq istəyəcəksən.
Yalnızlıq tənhalıqdan fərqlidir. Yalnızlıq könüllü seçilir. Yalnızlıq genetikdir, ruhsallığın əlamətidir. Tənhalıq elədirmi?
Filosofların yalnızlığın fərqli insanlara məxsus olduğu fikrinə sahib çıxmaq üçün yalnızlaşacaqsan.
Bəzən ətrafında bütün planetlər, peyklər dövrə vuracaq, bu, sadəcə, səni bezdirəcək, qəzəblənəcəksən, yalnızlığın dərinləşəcək., böyüyəcək, evlənəcək və ailə olacaq...
Yazdığın məktuba cavab gəlməyəcək...
Bir uşaq mütləq Şaxta babanı gördüyünü sevincək bağıracaq...
Sən güləcəksən...
Yazdığın məktubun cavabının axtarışına çıxmaq arzusuna yeniləcək ruhun...
Sən həmin an bir yarpaq kimi ayrılacaqsan. Düşəcəksən ailə budağından...Və hər şeyə inad bir yarpaq olmağın doğasına ziddiyyət olmağı seçəcəksən... Heç vaxt çürüyüb qarışmayacaqsan torpağın damarlarına. Yenidən var olmaq istəməyəcəksən. Sənin də üzərində sürünəcək kimlərinsə ətəkləri, ayaqları... Sən də heç vaxt xışıldamayacaqsan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!