Çağdaş Türkiyə ədəbiyyatı: Mehmed Can Doğan
Mehmed Can Doğan (1969) - çağdaş Türkiyə ədəbiyyatının tanınmış isimlərindəndir; şair, ədəbiyyatşünas, esseistdir; Türk dili və ədəbiyyatı təhsili alıb, Ankara HBV Universiteti İlətişim fakültəsində dərs deyir.
"Mene Tekel Feres" (1993), "Törənlər və qəsdlər" (1997), "Şaman" (2005), "Əttar" (2009), "Ögey əkiz" (2013), "Caməkan" (2017), "Başqa cür də olur" (2020) və başqa şeir kitablarının, eləcə də türk ədəbi cameəsində geniş müzakirələrə səbəb olmuş, diqqət çəkmiş ədəbi araşdırmaların müəllifi, çoxsaylı kitabların tərtibçisi və redaktorudur.
"Beş şair, beş poetika" adlı əsəri ilə "Milliyət Ədəbiyyat Ödülü"nü (1993), "Caməkan" şeir kitabıyla şeir nominasiyasında "Atilla İlhan Ədəbiyyat Ödülü"nü (2018) və başqa mükafatları alıb.
Səlim Babullaoğlunun Mehmed Can Doğanla olan söhbətini və onun "Başqa cür də olur" şeir kitabından, "Ruh" bölümündən seçdiyi bəzi şeirləri diqqətinizə çatdırırıq.
"Sözə inanmayan şair ola bilməz..."
- Mənə istəyim üzrə kitablarınızı göndərdiniz. Çox minnətdaram. Onların birinə mənim üçün ithaf qeydində belə yazmısınız: "Sözə duyduğumuz inamla". Sizcə, poetik söz, bədii söz dünyanı dəyişmək gücündədirmi və o əski deyişə inamınız nə qədərdir? Çağdaş Türkiyədə və dünyada kitabın yerini necə görürsünüz?
- Dilə inanmaq, əslində, dünyaya inanmaqdır. Çünki dünya dillə diridir və hamımız dilin içində yaşayırıq. Üstəgəl, təkcə bizlər deyil, bu dünyadan köçənlər də dildə yaşayırlar, onlar da bizim sözə inamımızla nəfəs alırlar. İstifadə etdiyimiz hər sözü vaxtilə Yunus Əmrə də, Füzuli də istifadə etmişdir, Şah İsmayıl Xətai də, Pir Sultan Abdal da dünyaya bizim yararlandığımız sözlərlə anlam vermiş, dünyanı bunlarla mənalandırmışdılar. Bu baxımdan sözə inanmaq insana, mədəniyyətə, tarixə inanmaqdır. Bunlara inandığımızda sevgini, zülmü, ağrını, sevinci, dirənci, həsrəti, hirsi, qısası insanın insana və təbiətə etdiklərini bir daha aydınlıqla, saflıqla, yaxud bəzən də qaranlıqla görürük. Yəni inamımız bəzən artır, bəzən azalır, bəzən qayğılanırıq, bezirik, bəzən isə hər şeyə etimadla yanaşırıq, yıxıldığımız yerdən qalxırıq, bu zaman söz əlimizdən tutur. Biz şairlər dünyaya sözlə baxır, dünyanı sözlə görür və yenə eyni sözlə dünyanı yenidən qururuq. Məncə, sözə inanmayan şair ola bilməz. Sözü şair belə qavrayır, amma oxucu da onun bu qavrayışını beləcə duyarmı? Poetik söz dünyanı dəyişdirmə gücünün olub-olmadığı yerlə yox, onun oxucudakı yanğısıyla əlaqəli. Bizlər yeni dünyalar quraraq sözə inancımızı göstəririk və yazdığımız şeiri dərc edərək bu yeni dünyalara yeni insanları dəvət edərik. Çağırışımıza kimlərin qarşılıq göstərdiyini, kimlərin zehninə və könlünə girdiyimizi bilmərik, amma həmişə kimsə vardır. Qaldı şairin sözlə qurduğu əlaqəyə, şeirin ərsəyə gəlmə müddətində oxucunun olub-olmamasına, bunu əhəmiyyəti yoxdur. Şairlərin sözlə qurduğu əlaqə ağacların baharda oyanması, çiçəkləməsi və bar verməsi kimidir, buna bənzər. Ağaclar kimsə bilsin deyə deyil, öz təbiətlərinə müvafiq şəkildə oyanır, çiçək açır, bar verir. Onların çağrısına isə mütləq qarşılıq verilir. Çağdaş dünyada sözün gördüyü dəyər, əlbəttə, gözlədiyimiz səviyyədə deyil. Şeir, hekayə və romana görə daha az ilgi görən bir ədəbi növdür. Belə olmasının da bir çox səbəbi vardır. Zatən şairin sözə inancı da bu səbəblərlə açıq və qapalı biçimdə mücadilə etməsindən qaynaqlanır. Onun mücadiləsi dil ilə güclənir və şairin bundan başqa bir dayağı yoxdur.
- İlk kitabınız "Mene Tekel Feres" adlanır. Eyniadlı şeiriniz də var. 23-24 yaşınız vardı kitab nəşr ediləndə, şeir yazılanda daha gəncdiniz. Babil şahı Baltazar sizin o zamandakı yaşınız qədər taxtda oturmuşdu, birdən-birə ona ünvanlanmış sözləri necə başlıq etdiniz, o şeir niyə yazıldı?
- "Mene Tekel Feres" sözü, məni həm sözün o andakı faş etdiyi, işarə etdiyi məna, həm mistikası, həm də səslənişi ilə cəzb etmişdi. Babilistan kralı Baltazarın təkəbbürü və özünü itirdiyi andakı, zamandakı etdikləri düşündürücü idi. Özünü dünyanın hakimi olaraq gördüyü üçün zamana da hökm etdiyini və ya edə biləcəyini düşünən bu özündənrazı kral qutsal olaraq qəbul edilən dəyərlərə qabalıqla əl uzadır. Qabalığının və təkəbbürünün cəzasını alır da. Bu cəza ona sirli bir şəkildə bildirilir.
Baltazar bədənsiz əlin divara yazdığı "Mene Tekel Feres" sözünün nə anlama gəldiyini, kahinlərdən və cadugərlərdən öyrənmək istəyir. Amma heç kimə bunu söyləyə bilmir. Nəhayət, Babildə sürgündə olan Danyal peyğəmbər gətirilir və o sirri açır. Ona verilən kitaba uyğun olaraq söyləyir: "Mene - Allah sənin şahlığının günlərini saydı və bitirdi; Tekel - tərəzidə ölçüldün və əskik gəldin; Feres - ölkən bölündü, midiya və farslara verildi". O gecə üsyanda Baltazar öldürülür və ölkəsi parçalanır. Bu hekayədəki "günah və cəza" məsələsi məni təsirləndirmişdi. Həddini aşma, təkəbbür, günah, möcüzə, sözün gücü, cəza kimi anlayışları əhatə edən bu hekayə bir şeirə lazım olan hər şeyi verirdi.
İnsanlıq tarixinin Baltazarın taleyi və talesizliyindən ibarət olduğunu düşündüyüm üçün də kitaba bu adı verdim. Nitsşenin bir sözü var: "Ey dostlarım! Görənlər belə deyir: utanc, utanc, utanc... insanlığın tarixi budur!". "Mene Tekel Feres" utancı aydınlaşdıran bir sözdür, məncə və mənim ilk kitabım da bunu görən şeirlərimin toplandığı bir kitab...
- Kitablarınızdan birinin adı "Caməkan". Çoxanlamlı bir söz: vitrin, meyvə çiçəklərin bütün mövsümlərdə yetişdirildiyi yer, biz ona istixana da deyirik bəzən, eyni zamanda şüşə, ayna mənaları var. Bir "Cam" şeiriniz də var. Ordan aldığım təəssüratla isə şüşələr, camlar, illüziyalar, röyalar mənalarıdır. Bunu bir az izah edin, zəhmət olmasa.
- Bəli, caməkan çoxmənalı sözdür. Kitaba ad qoyarkən siz söylədiyiniz bütün mənaları nəzərdə tutdum. Evlərin pəncərələrindəki camlar, vitrinlər, postmodern tərzdə tikilmiş evlərin çöl şüşə örtükləri, istixanalar... Və bir də "cam" sözünün eyham etdiyi metaforalar, istiarələr var. Yaşadığımız dünya kapitalizmin hökm sürdüyü bir dünya və bu dünya hamımızı camlarla dövrələyir, sanki ovsunlayır, həbs edir, illüziyalar yaradır. Ona görə də həmin kitabdakı şeirlər kapitalizmin hökmranlığına etirazdır.
- Türkiyədə çox oldum. Hər dəfə, bəzi adlar və peşəkar çevrələr xaric, Azərbaycan ədəbiyyatının tanınmadığına şahidlik etdim. Eyni şeyi Türkiyə ədəbiyyatı üçün də söyləmək olar. Nə etməli?
- Doğrudur, razıyam. Hərçənd ki, universitetlər türkcə ədəbiyyatlarla bağlı araşdırmalar aparırlar, amma bu araşdırmalar ədəbiyyat dünyasına açılan, aktual ədəbi mühitə bəlli olan məsələlər deyil. Sizin sözlərinizdən Türkiyə ədəbiyyatı ilə bağlı vəziyyətin də oxşar olduğunu başa düşürəm. Türkiyədə ingilis, fransız, amerikan, italyan ədəbiyyatları çevrilən kitablar vasitəsilə çox yaxşı tanınmaqdadır. Dil əngəli olmamasına rəğmən, təəssüf ki, Azərbaycan ədəbiyyatı yetərincə tanınmır, naşirlərimizin də marağı çox azdır. Naşirlərin bu ilgisizliyi, məncə, xüsusi bir səbəblə deyil, bilgisizlik üzündəndir.
Mən sizinlə və başqa iki həmkarımızla İstanbulda təşkil edilən bir şeir tədbirində tanış olduq. İndi baxın, ədəbiyyatla bağlı hansısa bir işi görürük. Bu cür buluşmalar, əlaqələr doğulacaq, olacaq, fikrimcə. Düşünürəm ki, daha çox xeyirli işlər görə biləcəyik gələcəkdə.
Söhbətləşdi: Səlim BABULLAOĞLU
"Ruh"dan seçmələr / Mehmed Can Doğan
Şeytan daşlayan
Şeytan qəbul etmir daşlarını
"Amma ürəyimi boşaldıram" - söyləyirsən
Şeytan daş ürəkliyə nə etsin.
Yuxu gözləntisi
İstəklə dolu olan yatarmı heç sevgilinin yanında
gecə keçdi deyə, sevgilinə saat göstərirsən
bir gözündən o birinə qum tökülür görmürsən.
Gecikmiş
Gecikdiyini düşünmədən yadına sal səni çağıran nədir
Getməkmi istəyirsən, getməyinmi istənir, yoxsa
yadına sal gəldiyin yer o qədər də uzaq deyil ki.
Qiblə axtaran
Xaçın qoltuğunda qiblə axtarırsan
Qibləsini itirənin qibləsi çox olar,
amma heç vaxt bilməzlər qibləsinə kimi yönəldiyini.
Dərdli məktublar yazan
Dərdinə inanmadığın üçün edirsən bunu
Qurtulmaq istəyirsən dərdindən yaxşı eləysə
Ayrıl ondan məktubunu anlayacaq birini tapdığın zaman.
Meydanda
Heyrətlənirsən meydan dolu insanları görəndə
Liderlərə inanırsan qəhrəmanlarla aran çox xoş
Amma lider kimi çoşduracaq qəhrəmanca ölənlərin meydanında
Düşmən axtarışında
"Sərhədlərimiz çox yaxşı qorunur" deyirsən "cəsur əsgərlər bizdə"
Qalalar tikdirirsən özünə gözətçi qüllələri bürclər bacalar
Heç düşünmürmüsən ki, hər qalanın nədən bir yeraltı keçidi var.
Otaqlara sığışmayan
"Hər şeyim var, amma ürəyim sıxılır" deyirsən
Hər şeyi necə tanıyırsan bu dar otaqlarda
Qovladıqca bir ceyranı yalnızlığına qibtə edirsən.
Sualları çox olan
Sualların artdıqca uzaqlara üz tutursan
"Müdriklikdə qabağa getdim" yalanı əlində rəhbər
Qurtulduğu görülübmü yalanını icad edənin.
Quşlara dil öyrədən
Sərçəni incitmə, göyərçini də
Qəlib qonublar bax qəlbinin üzərinə
Hürkmürlər heç bədəninin qəlbinə dar gəlişinə belə.
Qanad arzulayan
Quş qanadındakı asudəliyə paxıllıq edirsən
Nədən həsəd dolusan belə ətəyindəki daşlar nədən bu qədər ağır
Ətəyindən qurtulmağı öyrən öncə, çünki asudəlik qanadların ətəyində.
Yuxusunu azdıran
"Vaxtdır yatım" deyirsən, çəkilsə lövbərləri bütün gəmilərinin
Ağılla gedirsən yuxuya "yuxu nədir ölümün yarısı olmaqdan başqa"
Amma unutma, əski məsəldir ya kəndirlə, ya zəncirlə gedilir eşqə.
Əzilmişlərə acıyan
"Tanrı adına" deyənə tanrı satırsan və öyünürsən bununla
Dayanma, get dilini bilmədiklərinin yurduna
Tanrı yaşayır, çünki yaşayır xeyir də, şər də.
Yön təyin edən
Bu qədərmi həvəslisən getməyə
"Qal" deyənlərin gözünün yaşına baxmırsan
Getdiyin yerlərdə xatirələr olmayacaq geri dönməyə.
Ölmək istəyən
"Tanrım, canımı al qurtulum" deyirsən
Can onunsa, sus səninsə, danışma
Qadınları boş ver, suların dilidəmi yaddır sənə.
Həyatı pozulmuş
"Ah qocaldım, gəncliyim getdi" deyirsən əfsus
Tanımayacaqsan gətirsələr də itirdiyini
Bir sözdür də, bir də gözdür - arabir eləcə səyriyir də.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!