"Varislər"in bugünkü qonağı yazıçı, nasir, kinodramaturq, rejissor, Xalq yazıçısı, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, üç çağırış Milli Məclisin üzvü, Respublika Əsilzadələr Məclisinin sədri, ABŞ-ın Luiziana Ştatının Fəxri Senatoru, ABŞ-ın Minneapolis şəhərinin Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti, "Şöhrət", "İstiqlal" və "Şərəf" ordenləri ilə təltif edilmiş unudulmaz Maqsud İbrahimbəyovun xanımı, sənətşünas Anna İbrahimbəyovadır.
Amerikanın fəxri senatoru
O, səksən altı il əvvəl gözəl bir yaz günü Bakı şəhərində, Məmmədibrahim və Fatma İbarahimbəyovların ailəsində gəlib dünyaya. Paytaxtda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunda ali təhsil alıb. Tələbəlik illərində institutun çoxtirajlı "Politexnik" qəzeti ilə əməkdaşlıq edir, müxtəlif mövzulu yazıları çap olunurdu. Bir müddət Moskvada mərkəzi radionun xüsusi müxbiri kimi fəaliyyət göstərir. Həmin dövrdə ilk hekayələri mətbuatda işıq üzü görməyə başlayır. Onun əsərləri qırxa yaxın xarici dilə tərcümə edilib. Ssenariləri əsasında keçmiş sovetlər birliyinin fərqli kinostudiyalarında filmlər çəkilib. Bizim uzun illərdən bəri sevə-sevə baxdığımız filmlərin, oxuduğumuz romanların, hekayələrin, seyr etdiyimiz tamaşaların müəllifidir.
Maqsud İbrahimbəyov ziyalılıq etalonu idi, onun yazıları insan ruhuna nüfuz edir, filmlərinin qəhrəmanları həmişə sevilirdi. Bu böyük insan, unudulmaz ziyalı, gözəl yazıçı və ictimai xadimin xanımı, sənətşünas Anna İbrahimbəyova ilə İçərişəhərdə, "Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzi"ndə görüşdük.
Qorxudan xəstələnən şir
- ...İrma Rauş var, İrinaTarkovskaya kimi də tanınır, məşhur kinorejissor Andrey Tarkovskinin həyat yoldaşı olub, "Qoy bizimlə qalsın" filmini çəkəndə şirlə balaca oğlanın kadrlarını montajsız lentə almaq istəyib, filmin direktoru, quruluşçu operator, təlimçi, texniki təhlükəsizlik üzrə mütəxəssis buna razı olmayıblar. İrina da Maqsuda zəng vurub onu Yaltaya dəvət edir ki, gəl mənə kömək elə, bunları razı salaq. Maqsud da gedib görür, direktorla operator yağışlı havada hasarın yanında dayanıb siqaret çəkirlər. Soruşub niyə burda dayanmısınız, deyiblər, rejissor bizə öz aramızda danışmağa icazə vermir. Şir də qoca, əldən düşmüş heyvan, qəfəsdə özü üçün əsnəyirmiş. Maqsud da razılıq verməyənlərə tərəf çıxıb. İrina guya, Maqsuddan kömək istəyirmiş. Rejissor bundan hiddətlənib, girib qəfəsə, yapışıb qoca şirin başından, başlayıb onu silkələməyə: "Görün heç bu, adam dişləyə bilir?!" - çığırıb. Yazıq şir qorxudan xəstələnib, düz bir həftə çəkiliş təxirə salınıb.
- Həmin povesti ötən il tərcümə etdim. Orada nənə, milis rəisi olan ata, oğlan, dostlar obraz olaraq çox maraqlıdır. Üstəlik, hekayənin özü, adam ayrıla bilmir.
- Hə, oradakı milis ata obrazı bir qədər fərqli milis rəisidir. Özünə qapalı, amma işini sevən, məsuliyyətini dərk edən biridir. Oğlu ilə münasibətləri də ənənəvi ata-oğul rəftarı deyil.
- Azərbaycan nəsrində belə fərqli xarakteri olan kişi obrazları az deyil. İsa Muğannanın Qılınc Qurbanı, İsmayıl Şıxlının Cahandar ağası, İlyas Əfəndiyevin "Geriyə baxma, qoca"sındakı qoca, "Dağlar arxasında üç dost" romanındakı kolxoz sədri də ənənəvilikdən fərqlidir.
- Təəssüf, sizin saydığınız müəlliflərin heç birinin yaradıcılığı ilə tanış deyiləm. Vaqif (rejissor Vaqif Əsədov), xahiş edirəm, kömək elə mənə, tap onların əsərlərini mütləq oxumaq istəyirəm. Xatırlayıram, Səməd Vurğunu rəfiqəmin atası Vladimir Luqavskoy tərcümə edib, çox əla tərcümələrdir.
İbrahimbəyovlarn və Məşədibəyovlar
- Əlbəttə, bizim yazıçıların rus dilinə gözəl tərcümələri var. Adlarını çəkdiyim müəlliflərin hamısı vaxtında tərcümə olunub və keçmiş sovet məkanında yayılıb. Amma bu gün unudulmaz Maqsud müəllimdən danışmalıyıq... Mənim üçün də, oxucularımız üçün də maraqlıdır, kim idi Məmmədibrahim və Fatma xanım İbrahimbəyovlar?
- Fatma xanım əsilzadə ailəsində anadan olmuşdu. Atası Ələkbər Məşədibəyov Bakıda tanınmış sahibkarlardan idi. Bu binanın sahibi olub. Bina onun ailəsi üçün tikilib və Fatma xanım burada dünyaya gəlib. Maqsud anasını çox savadlı qadın kimi xatırlayırdı. Bu insan kitablarla nəfəs alırmış və Maqsudgilin kitaba marağı məhz onun sayəsində formalaşıb. Övladları hələ balaca olanda onlara Mark Tveni ucadan oxuyub. Bu qadın öz doğma dilini də, rus dilini də çox gözəl bilirdi. Məmmədibrahim kişi ixtisasca coğrafiyaçı idi, Sankt-Peterburqda təhsil almışdı, sonra universitetdə coğrafiyadan dərs deyib. Məncə, artıq onun dərs dediyi, onu xatırlayacaq adamlar qalmayıb həyatda. Çox mədəni adam olub, evdə rusca danışıblar. Təəssüf, biz 1982-ci ildə Maqsudla ailə quranda artıq onun valideynləri həyatda yox idilər.
- Maqsud müəllim ixtisasca inşaatçı idi, bəs onun ədəbiyyata həvəsi, marağı haradan qaynaqlanırdı?
- Bu suala özü də cavab verməyə çətinlik çəkirdi. Nadejda İsmayılova onun haqqında "Əbədi Maqsud" filmi çəkib, çox maraqlı işdir. Özünün dediyinə görə, ilk hekayəsini beşinci sinifdə oxuyanda yazıb. Səkkiz il sonra onu çap etməyə başlayıblar. Çox yaxşı ədəbiyyat müəllimi olub, Maqsuda yol göstərib, ruh verib. Peşəkar yazıçı olandan sonra inşaat onun hobbisinə çevrilib.
- Kitabları altmışıncı illərin əvvəllərindən çap olunmağa başlayıb və elə ilk əsərləri ilə diqqət çəkib, tərcümə edilib.
Bakı koloriti və maraqlı tipajlar
- Hə, elə ilk çap olunan yazıları ona şöhrət gətirib. Onun yaradıcılığı Bakı koloritləri ilə zəngindir, maraqlı tipajlar seçirdi özü üçün və bu tipajlar həm oxucu, həm də filmlərdən sonra tamaşaçı tərəfindən rəğbətlə qarşılanırdı. Burada əsas məsələ istedad və peşəkarlıqdır. Maqsud nə yazdığını bilən yazıçılardandır. Nadejda İsmayılova Maqsudun arxivini toplayıb, maraqlı bir kitab hazırlayırıq. Onun gəncliyində yazdığı elmi-fantastik əsəri var, sonra həmin əsərləri heç bir kitabına daxil etməyib. Biz onları yenidən çap etmək fikrindəyik. Çox maraqlı hekayələrdir. Layihəmiz var, məktəblilər bir hekayəni oxuyur, sonra onun əsasında esse yazırlar. On altı məktəb iştirak edir bu layihədə. Məktəblilər mərkəzimizə gəlir, birlikdə Maqsuddan oxuduqları əsərləri müzakirə edirik, fikir mübadiləsi aparırıq. Uşaqlar çox maraqla qarşılayırlar bu görüşləri. 12-14 yaşlı yeniyetmələrin fərqli fikirləri olur, aralarında çox kreativ uşaqlara rast gəlirik. Maraqlı təhlillər aparırlar... Onları dinləmək xoş olur. Özləri də ciddi yanaşırlar bu görüşlərə.
- Milli kino tariximizdə elə filmlər var ki, onlar olmadan Azərbaycan kinematoqrafının işini qiymətləndirmək mümkün deyil. Onlardan biri və mənim düşüncəmə görə ön sırada olanı "Bizim Cəbiş müəllim", digəri isə "Uşaqlığın son gecəsi"dir. Bu filmlərin ssenari müəllifi Maqsud İbrahimbəyovdur. Maraqlıdır, Maqsud müəllim bu mövzuları haradan götürmüşdü? Nəsə avtobioqrafik məqamlar varmı haqqında danışdığımız işlərdə?
- Bu suala cavab verməyə çətinlik çəkirəm, amma onu deyə bilərəm: Maqsudun çox diqqətli müşahidə etmək qabiliyyəti vardı.
- Məsələn, Cəbiş müəllim: bu obraz dünya kinosunun ən maraqlı xarakterlərindəndir.
- Maqsud müharibə illərində yeniyetmə olmuşdu, o, görmüşdü Bakısını, o dövrdə yaşamış insanları, uşaqları, çünki o özü də onlardan biri olmuşdu. Müharibə bitəndə Maqsudun 10 yaşı olub, hər şeyi yaxşı xatırlayırdı o. "Püstə ağacı" hekayəsində öz uşaqlıq xatirələrini qələmə alıb. Elə uşaqlar üçün yazdığı digər hekayələrdə də uşaqlıq xatirələri üstünlük təşkil edir. Bəzən onu oxuyanda mənə elə gəlir, bu adam uşaqlar üçün yazan müəllifdir, amma fikirlərinin, mesajlarının dərinliyinə getdikcə başa düşürəm ki, bu adam uşaq səmimiyyəti ilə bütün insanlığa üzünü tutub fikirlərini deyir.
"Ondan yaxşı qardaş yoxdur"
- Bakı mövzusunda maraqlı əsərlər var (sevimli rejissor dostumuz Vaqif Əsədov söhbətə müdaxilə edir), maraqlı filmlər çəkilib, amma açığını deyəcəyəm, bu mənim subyektiv fikrimdir, Maqsud İbrahimbəyovun "Ondan yaxşı qardaş yoxdur" romanı bunların hamısından üstündür. Mən Azərbaycan ədəbiyyatında o səviyyədə əsər görməmişəm. Və bu əsərin süjeti real həyatdan götürülüb.
- Mənə elə gəlir, uşaqlıq illəri onun həyatının çox vacib mərhələsi olub. Məsələn, uşaqlığım mənim üçün bir o qədər də vacib deyil. Mən əksər uşaqlar kimi keçirmişəm o illəri, amma görünür, Maqsud öz uşaqlığından heç vaxt qopa bilmədi. Bəlkə də müharibə, müharibədən sonrakı dövr təsir etmişdi ona, lakin onun bütün yaradıcılığı üçün bu mərhələyə toxunmaq, onu xatırlamaq keçərlidir. Məncə, onun elə bir əsəri yoxdur ki, orada uşaqlıq illəri ilə bağlı nəsə bir məqam xatırlanmasın. Bilirsiniz bir də nə var? Maqsud müharibə faciəsindən yazarkən həm də insanların faciəsi fonunda onların birliyini qələmə alır. Onun təsvir etdiyi müharibə insanları xeyirxah edir, hamı bir-birinə dəstək olur, arxa olur. Məncə, Maqsudun ən böyük insanlıq mesajı elə budur və biz 44 günlük müharibə dövründə özümüz yaşadıq bu birliyi, bu xeyirxahlığı. Hər şeyi öz gözlərimizlə gördük. Maqsudun əsərində müharibə vaxtı Bakının bombalanmadığını oxuyuruq. Sovet dövründə heç kəs yazmırdı, demirdi müharibədə Bakı neftinin hansı rolu olduğunu. Amma müharibə Bakı nefti sayəsində sovetlərin qələbəsi ilə başa çatmışdı və Maqsud bunu yazmaqdan çəkinmirdi. Onun "Neft qan qoxuyur" adlı kinoromanı var. Bu əsərdə çox aydın şəkildə Bakı neftinin müharibə üçün necə vacib olduğunu qeyd edib. 1985-ci ildə həmin əsəri çəkmək istəyirdilər, amma hardansa bir partiya katibi peyda olub rəhbərliyə yazmışdı ki, Maqsud Mircəfər Bağırovdan qəhrəman düzəltmək istəyir. Filmi bağladılar. Axı müharibə Bakısını, o dördə Bakı neftini Mircəfər Bağırovsuz necə təsəvvür etmək olar?
- Cəbiş müəllim obrazı səmimiyyət, saflıq, düzlük, təmizlik simvoludur və məncə, Azərbaycanda bu obrazı sevməyən tamaşaçı ola bilməz. Kimdir Cəbiş müəllim? Mən də yazıçıyam, çox vaxt qəhrəmanlarım kiminsə prototipi olur. Tam olmasa da haradasa obrazın kökündə real insanlar dayanır. Məncə, Cəbiş müəllim uydurma deyil...
Cəbiş müəllim onun atasıdır
- Dəqiq deyə bilmərəm bu obrazı haradan götürüb Maqsud, bəlkə də, indi eşitsəydi, heyrətlənərdi, amma bütün hallarda mənə elə gəlir ki, Cəbiş müəllim obrazı onun atasıdır. Onun atası Məhəmmədibrahim kişi coğrafiya müəllimi olub və çox şərəfli insan kimi xatırlanıb həmişə.
- Maqsud İbrahimbəyovla necə tanış olmusunuz, necə görüşmüsünüz? Bu barədə xatirələrinizi danışın, zəhmət olmasa.
- O vaxt, yəni 1982-ci ilin yayında Bakıya SSRİ Xalq rəssamı Tahir Salahov və xanımının dəvəti ilə gəlmişdim. Onlar Bilgəhdəki kardioloji sanatoriyaya mənim üçün on günlük "putyovka" düzəltmişdilər. Elə bir yer seçmişdik ki, tanışlardan heç kəslə görüşməyim və işləməyim üçün münbit şərait olsun. Elə ilk gecə Tahir məni öz bağına dəvət etdi və təsadüfən Maqsud da gəlib çıxdı. Və hər şey bitdi (gülür). Həmin gün Tahirin emalatxanasında gecələdim, səhər Maqsud gül dəstəsi ilə gəldi. Onu görən Tahir qaşlarını çatıb dedi: "Anna, ilk dəfədir Maqsudu əlində gül dəstəsi ilə görürəm. Deyəsən, bu çox ciddi məsələdir".
- Bildiyim qədərilə onun dostları çox idi. Həm Azərbaycanda, həm keçmiş SSRİ-də, həm də xaricdə. Bəs onun ən yaxın dostları kim olub? Kimə sirr verirdi, kimin evinə gedirdi, onun süfrəsinin qonaqları kim olurdu?
- Əlbəttə, çox idi onlar. Maqsud ünsiyyətcil adam idi, onu sevməmək mümkün deyildi. O, ümumiyyətlə, insanları çox sevirdi, məclisləri sevirdi, evində qonaq qarşılamağı, hay-küyü sevirdi. Hər həftəsonu, hətta deyərdim ki, evliliyimizin ilk dövründə az qala hər gün evimiz qonaqlarla dolardı. Bakıda ilk videomaqnitofonlardan biri bizdə olub. Birlikdə ekran qarşısına toplaşıb filmlərə baxırdıq. Yeyib-içirdik, kabab çəkirdik. Qonşu bağlardan uşaqlar ağbalıq gətirirdilər, şişə çəkirdik. Maraqlı keçirdi, amma belə şeylərə öyrəşməmişdim axı. Mən sakitlik sevirdim, hüzur sevirdim. Bir tərəfə çəkilib kitab oxumaq istəyirdim, mümkün deyildi. Deyirdim, ay Maqsud, sən necə işləyirsən, necə vaxt tapırsan yazmağa? O vaxt telefonlar normal işləmirdi, mobil telefon ümumiyyətlə yox idi. İstənilən anda qapı döyülə, kimsə qonaq gələ bilərdi. Yaxınlıqdan keçəndə, deyiblər, gedək bir Maqsuda baş çəkək. Və bu, mütləq qonaqlıqla bitirdi.
Qonaq-qaralı Maqsud
- Mümkünsə, bizə də deyin, o yaxınlıqdan keçənlər kimlər idi axı? Bəs bu qonaqlıqlar sizi bezdirmirdi?
- Bizim Fərhad Bədəlbəyli, rəssam Fərhad Xəlilov, doktor Tamerlan İsmalıyov, Anar, Mixail və Yuli Qusmanlar. Ailə ilə, uşaqlarla gəlirdilər. O ki qaldı bezdirməyə, o, qətiyyən bezmirdi belə şeylərdən, əksinə həyat eşqi artırdı onun, mənsə başa düşürdüm ki, havalanıram. Özümə vaxt ayıra bilmirdim. Çünki çox təsadüfi hallarda hər şey çayla bitirdi... Mənsə toparlanmaq, oxumaq, dənizə getmək, üzmək, məşğul olmaq istəyirəm. Təklif etdim ki, gəl biz də - slavyanlarda olduğu kimi, həftənin müəyyən günlərini qəbul günü elan edək və qonaqlarımızı ancaq həmin günlərdə qarşılayaq. Maqsud dedi ki, bizdə belə nömrələr keçməz. Mən də yavaş-yavaş başa düşdüm azərbaycanlı gəlini olmağın özəlliklərini, bu xalqın əsas atributlarından biri olan qonaqpərvərliyi, süfrə mədəniyyətini. Nə edə bilərdim, taleyimlə barışmalıydım, çünki sevirdim Maqsudu və əgər belə görüşlər onun könlünü xoş edirdisə, mən də sevdiyim adamın könlünün xoş olması üçün əlimdən gələni etməliydim.
- Maqsud İbrahimbəyovun iş prosesi necə idi? Bir qədər əvvəl qeyd etdiniz ki, qonaqlıqlardan işləməyə vaxt olmurdu, amma o yazırdı axı və gözəl əsərlər yazırdı həm də. Hər gün yaza bilirdimi? Yazdıqlarını sizə oxuyurdumu?
- Maraqlı idi onun yazı prosesi. Fikirləşirdi, gəzişirdi, musiqi dinləyirdi, sakit dayanıb dənizə baxırdı, var-gəl edirdi, uzanırdı, otururdu... Başa düşürdüm ki, artıq öz dünyasındadır. Beləcə, yazı masası arxasına keçib başlayırdı işləməyə. Hər gün yazmırdı, yəni masa arxasında oturub yazmaqdan gedir söhbət, amma yəqin, beynində hər gün, bəlkə də hər an işləyirdi. İşləməyə başladısa bu, saatlarla uzana bilərdi. Bəli, yazdıqlarının ilk oxucusu, ya da dinləyicisi mən olurdum. Mənim fikirlərim onun üçün vacib idi. Birgə müzakirə edirdik.
- İctimai işləri, vəzifələri az deyildi. Deputatlıq, sülh komitəsi, əsilzadələr məclisi, fəxri vətəndaşlıq, fəxri senatorluq... Bütün bunlardan başqa, həm də qeyd etdiyiniz kimi, qonaqlıqlar, qəbullar, tədbirlər...
Həyat bumeranqdır
- Sizə maraqlı bir əhvalat danışım: sovet hökuməti gələndə bu binanı Məşədibəyovlardan alıb müsadirə etmişdilər. Dediyim kimi, bu bina Maqsudun ana babasına məxsus olub. Səksəninci illərin əvvəlində ona zəng vurub deyiblər ki, istəyirik sülh komitəsinə rəhbərlik edəsən. Əvvəlcə Maqsud imtina edib. Təklif ediblər ki, Maqsud müəllim, gedək bir baxın, sizə necə gözəl, rahat bina ayırmışıq. Onu buraya, anasının dünyaya gəldiyi evə gətiriblər və Maqsud razılaşıb.
- Dəhşətə gəldim. Həyat doğrudan da, bumeranqdır. Bu bina öz varisinə qismət olub əvvəl-axır.
- Bu binanı təklif edənlər özləri gerçəyi bilməyiblər. Təsəvvürləri də olmayıb ki, bina onun babasına məxsus olub. Maqsudun babasını 1924-cü ildə güllələmişdilər. Bakıda neft sənayesi ilə məşğul olurmuş. Sonra da hər şeylərini əllərindən almışdılar. Bu binanı kommunal mənzillərə bölüb, paylayıblar. Yetmişinci illərdə kommunal mənzillər ləğv edilib, sonra bir qədər təmir edib, binanı sülh komitəsinə ofis kimi ayırıblar və həmin komitəyə sədr kimi də Maqsudu təyin ediblər. Maqsud dünyasını dəyişəndən sonra 2016-cı ildə qərar qəbul edildi ki, bu bunada "Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzi" açılsın. Mən də o vaxtdan bura rəhbərlik edirəm. Maqsudun əsərlərinin təbliği ilə məşğul oluram, onları müxtəlif dillərə tərcümə etdirirəm və sevinirəm, gənclər Maqsud İbrahimbəyovu maraqla oxuyurlar. Elə sən özün onun son romanını və uşaqlar üçün yazdığı hekayələri Azərbaycan dilinə tərcümə etdin ötən il. Maraqlanmışam, tərcümə etdiyin "Qara paltarlı qadın" romanı kitab dükanında qalmayıb. Yenidən dükanlara o kitabdan satış üçün qoydular. Bəli, o, rusca yazıb, amma biz onu müxtəlif dillərə tərcümə edirik, buyurun, oxuyun və qiymət verin.
- Mən adıçəkilən romanı sevərək tərcümə etdim, çünki yenə fərqli obrazlar, fərqli süjet xətti ilə baş-başa qalmışdım. Yalnız Maqsud müəllim bir balıqçının qayığını tabut kimi təsvir edə, onun öz qayığı ilə bir yerdə dəfn olunmasını yaza və bunu əsaslandıra, oxucunu buna inandıra bilər. Bu işə sərf etdiyim ayyarım mənə zövq vermişdi.
O, ABŞ-ın Luiziana ştatının fəxri senatoru və yenə ABŞ-ın Minneapolis şəhərinin fəxri vətəndaşı idi. Nə üstünlükləri var idi bu fəxriliklərin?
Qeyd-şərtsiz ABŞ vətəndaşı
- Əslində, bütün bunlar sadəcə, simvolik xarakter daşıyan şeylərdir. Buna görə nəsə əməkhaqqı, ödəniş olmur, amma bir şey deyim, bu o demək idi ki, Maqsud istənilən vaxt ABŞ-a problemsiz viza ala və istədiyi vaxt ABŞ vətəndaşlığını qəbul edə bilərdi, amma onun üçün Bakıdan başqa doğma yer yox idi. Hara getsək, uzağı on gündən sonra Bakı üçün darıxırdı. Bakısız yaşaya bilmirdi bu adam. Əslində, onun limiti bir həftə sonra bitirdi, yerdə qalan üç günü isə hss edirdim, əzab çəkir. Bakıya qayıdandan sonra əsəbiləşirdi, deyinirdi, amma nə olsun, Bakı ki Bakı...
- Xaraktercə necə adam idi?
- Çətindir bu suala cavab vermək mənə. Nə qədər obyektiv ola bilərəm cavab verəndə. O, dünyasını dəyişəndən sonra bir gerçəyi dərk etdim: insan gedir, amma ona olan sevgi heç zaman bitmir. O sevgi əbədi olaraq səninlə qalır. Xarici görkəminə baxsan deyərdin, çox qəddar adamdır, amma daxilən çox rəhmli idi. Bilirsiniz necədir, axı hər adam uşaqlar üçün yaza bilmir, buna görə ilk növbədə, uşaqları sevməlisən, onların daxili dünyasına bələd olmalısan. Yoxsa uşaqlar sənin yazdıqlarına inanmazlar. Axı uşaqlar səmimi olurlar, nədə də olmasa, sən onlara səmimiyyətdə məğlub olacaqsan.
- Bizim sevimli yazıçımızın sevimli yazıçısı kim olub? Kimi təkrar-təkrar oxuyurdu, kimdən misallar çəkirdi, kimin yaradıcılığını sevirdi?
- Lermontovu çox sevirdi, həm şair, həm də yazıçı kimi. Lev Tolstoyu, Emil Zolyanı, Qolsuorsini çox sevirdi. Mark Tven onun ən sevimli müəllifi idi. Görünür, Mark Tvenə olan sevgisi də uşaqlıq xatirələrindən qaynaqlanırdı, axı Fatma xanım məhz Mark Tvenin əsərlərini oxumuşdu onlar balaca olanda.
Nobel mükafatına namizəd İbrahimbəyov
- Məndə olan məlumata görə, Maqsud müəllim iki dəfə dalbadal Nobel komitəsinə ərizə ilə müraciət edib.
- Yox, əksinə, Nobel komitəsi on il dalbadal ona müraciət edib ki, sizin şəxsi razılığınız olmadan namizədliyinizi qeydə ala bilmirik. Buna görə bizə razılıq məktubu göndərməlisiniz. Maqsud Nobel komitəsinin bu müraciətlərinə ümumiyyətlə cavab vermirdi. Sonra Mixail Qusman dedi ki, niyə cavab vermirsən, mütləq cavab ver. Onu məcbur elədi və Maqsud razılıq məktubu yazdı və beləliklə 2012-ci ildə onun adı ədəbiyyat üzrə Nobel mükafatçıları siyahısına düşdü, amma mükafat vermədilər və o bilirdi ki, mükafat verməyəcəklər.
- Artıq Maqsud müəllimi itirdiyimiz vaxtdan altı il keçir. Onun yoxluğunu öz şəxsinizdə necə hiss edirsiniz? Siz kimi itirdiniz? Özünüzlə, xatirələrinizlə baş-başa qalanda hansı anlar yadınıza düşür?
- Mən onu itirməmişəm ki... O məni tərk etməyib. Maqsud həmişə mənimlədir. İlk vaxtlar çox ağır keçirdi hər şey, sonra başa düşdüm ki, özüm üçün nağıl uydurmalıyam və mən o nağılı uydura bildim. İndi həmin nağılın iki qəhrəmanı var - mən və o. Nə qədər mən sağam, bizim nağılımız bitməyəcək.
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!