"Gənclər nə istəyir?" rubrikasının budəfəki qonağı şair Ruslan Dost Əlidir
- Ruslan, sən Qazaxıstanda, Yəsəvi Universitetində təhsil alırdın. Başa vurdunmu təhsili?
- 2014-2019-cu illər arası Qazaxıstanın Türküstan şəhərində yerləşən Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində diplomatiya ixtisası üzrə bakalavr təhsili almışam.
- Qazaxıstan son dönəmlərdə kosmik sürətlə dünya dövlətinə çevrilməkdədir. Bu, yəqin ki, onun təhsil sistemində də əksini tapır.
- Təhsil aldığım universitetdə Türkiyə təhsil sistemi tətbiq olunur. "Erasmus" və "Mövlana" proqramı çərçivəsində hər il ordan bir neçə tələbəni bir, ya iki semestrliyə Türkiyənin və başqa xarici ölkələrin müxtəlif ali məktəblərinə göndərirlər. Bildiyim qədərilə, bizim bəzi universitetlərdə də bu sistem mövcuddur. Bu sistem üzrə Türkiyənin ODTÜ, Mərmərə, Ankara, Baxçaşəhər kimi öndə gələn universitetlərində təhsil almış, ixtisaslaşmış müəllimləri Azərbaycana dəvət etmək təhsilimiz və gələcəyimiz üçün atılmış ən lazımlı addım olardı.
- Orda oxuduğun müddətdə Xoca Əhməd Yəsəvinin qutsal türbəsini ziyarət etdinmi?
- Əhməd Yəsəvi türbəsi Türküstan şəhərində yerləşir. Bu əzəmətli abidə Əmin Teymur tərəfindən 1389-cu ildə tikilib. Bilirsiniz ki, Yəsəvi baba Orta Asiya türkləri arasında islamı yayan və Anadolunun müsəlmanlaşmasında böyük rolu olan mütəfəkkirdir. Mən onun türbəsinin yerləşdiyi torpaqlarda 5 il yaşamışam. Hər dəfə onun türbəsini ziyarətə gedəndə, ümumiyyətlə, bu şəhərdə özümü göylərə - Tanrıya daha yaxın hiss etmişəm...
- Yadındadırsa, bir dəfə sənə demişdim ki, Əhməd Yəsəvi türbəsindən mənə torpaq gətir.
- Mən o torpağı gətirməyinə gətirdim, amma sizə verdimmi, bunu unutmuşam. O torpağı Yəsəvinin türbəsi tikilən ərazidən yığmışdım...
- Ümid edirəm ki, gec olsa da, qutsal əmanəti öz ünvanına çatdırarsan.
- İnşallah!
- Qazaxıstandan qayıdandan sonra özünə iş tapa bildinmi?
- Tələbəlik elə bir dövrdür ki, bütün məhrumiyyətlərə baxmayaraq, özünü göyün yeddinci qatında hiss edir, sanki buludların üstündə gəzirsən. Elə bilirsən, univeristeti bitirən kimi dünyaları sənə verəcəklər. Yalnız sonuncu kursda yaxın gələcəyi bütün çılpaqlığıyla hiss eləyir, əsl həyatın hələ bundan sonra başlayacağını dərk edirsən. Hələ ki təhsilimi davam etdirmək fikrindəyəm.
- Götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi-gəlmədi -
Mənim uşaqlığım, ahh... uşaqlığım
kağız gəmilərdə batdı, gəlmədi...
Səhv etmirəmsə, sənindir:
- Hə, mənim şeirimdir.
- O kağız gəmilərə ilk şeirlərin yazılmışdımı? İlk şeirini necə xatırlayırsan?
- Mən şeirlərimi balaca bir dəftərə yazırdım və əvvəllər bu dəftəri hamıdan gizlədirdim. Orta məktəbdə dərnək yaratmışdıq. Dərnəyə İsa Sevər rəhbərlik edirdi. Biz ilk şeirlərimizi orda bir-birimizə oxuyur, müzakirə edirdik. İsa müəllim amansız idi. Bəzən oxuduğum şeirlərə gülürdü. Tənqidi sərt və birbaşaydı. Bir dəfə Ramiz Rövşənin "Nəfəs" kitabını verdi ki, apar, oxu. O kitabdan heç nə başa düşmədim. Geri qaytaranda dedim ki, İsa müəllim, bu nə kitabdı? Mənə yaxşı kitab verin.
- Onda uşaq olmusan, ağlın kəsməyib. Bəs indi?
- Görünən dağa nə bələdçi? Ramiz Rövşən ədəbiyyatda sözünü demiş adamdır. Onun yazdıqları xalisdi. Kim bunu danırsa, nadanlıq edir.
- Şeirlərində onun təsirinin duyulması boşuna deyilmiş.
- Köhnə şeirlərimin bəzilərində Ramiz Rövşən havası hiss oluna bilər. Başlanğıcda təsir qaçılmazdır. Böyük şairlərdən təsirlənmək də balaca iş deyil...
- Müasir dövrdə şeirdə ilham yoxa çıxmaqdadır. Söhbət, əlbəttə, sənin yaşıdlarından gedir. Amma sənin ilhamla dostluğun hələ davam edir. Bu səncə, üstünlükdür, yoxsa kəsir?
- İstənilən halda şeirin ilahi bir hadisə olduğuna inanmışam həmişə. Buna görə də onu heç vaxt axtarmamışam, gözləmişəm. Əlbəttə, şeiri qurmaq da olar. Amma bu, smetası əvvəldən qurulmuş, dizaynı öncədən verilmiş evi tikməyə bənzəyir. Şeirin hər misrası onu yazana qədər şair üçün qeyri-müəyyən olmalıdı. Onun səni hara aparacağını öncədən bilməməlisən. Sözün sehri bundadır.
- Deməli, bu məsələdə neoplatoniksən. Platon bir söz də deyir: "Şair artıq nə vaxtsa olanları xatırlayır". Sən nələri xatırlayırsan yazanda?
- Platon dahidir, amma həqiqət ondan da üstündür. Mən şeir yazanda heç kimi və heç nəyi görmürəm, xatırlamıram. Dəfələrlə olub, yolda gedə-gedə şeir yazmışam, hara getdiyim yadımdan çıxıb. Şeiri bitirənə, onun havasından çıxana qədər uzun-uzadı getmişəm. Bir də ayılmışam ki, gəlib tamam başqa yerə çıxmışam. Kaş şeir yazanda özümə kənardan baxa biləydim. Amma bu vəziyyətdə başqalarının məni görməsini istəmirəm.
- Bəlkə, proses Freyd deyən kimi şüuraltı gedir? Şairin bunu aydın dərk etməməsi də bununla bağldır?
- Mənə görə, şair şeir yazanda birbaşa Allahla əlaqədə olur. Yəni məncə, əsl şeir şüuraltı yox, şüurüstünün məhsuludur. Nizami, Nəsimi, Füzuli poeziyası bunun ən parlaq örnəyidir.
- Daralan ürəyin darvazasına
hələ də əl boyda qara bağlıdı...
Oxucum, bilmirəm, sən haralısan,
mənim şeirlərim Qarabağlıdı!!!
Bir şeirdə belə deyirsən. Qarabağa dair yazılan şeirlər səni qane edirmi? Səncə, kimlər bu sahədə daha çox müvəffəq olur?
- İnsanın yaddaşının ağrıması dəhşətlidir. Təxminən 200 ildir bizim Qarabağ yaddaşımız sızıldayır. Şirvanın, Muğanın, Naxçıvanın... başına gəlməyənlər Qarabağın başına gəlib. Qarabağdan yazmaq elə dövlətindən, ölkəndən, doğmandan yazmaq kimidi. Buna görə də Qarabağ şeirlərini fərqləndirmirəm.
- Diplomatik cavablar verirsən. Deyəsən, diplomatiya fakültəsində illəri boşuna keçirməmisən.
- Diplomatiyanı sevirəm. Lap uşaqlıqdan bu sahə üzrə təhsil almaq istəmişəm. Diplom alanda dedim ki, "Diplom"u aldım, qaldı "At"ı... Diplomatiyanın vəzifələrindən biri də dünya səhnəsində öz dövlətinin maraqlarını təmsil və müdafiə etməkdən ibarətdir. Mən isə hələlik öz maraqlarımı təmsil və müdafiə edirəm.
- Bayaq sözün sehrindən danışdın. Bəs həyatda qeyri-adi təzahürlərlə, mistik olaylarla rastlaşmısanmı?
- Çox rastlaşmışam. Baş verəcək xoşagəlməz hadisələri öncədən hiss edə bilirəm. Düzü, bu çox ağrılıdır. Daxilimdə qəribə bir narahatlıq olur...
- Bir dəfə "Ulduz"da yaşıdlarınla birlikdə şeir oxuyurdunuz. Sən öz oxumaq növbəni dostuna verdin. Daha ciddi məsələlərdə də belə qurbanlar verirsənmi?
- Üstündən neçə il sonra bu hadisəni xatırlamağınız heyrətamizdir. Öz növbəmi verdiyim oğlan Sumqayıtdan gəlmişdi. Utancaq idi. Mən ona təkid eləmişdim ki, gəl gedək "Ulduz"a. Tədbirdə xeyli adam vardı. Bilirdim ki, hamının şeir oxumağa vaxtı olmayacaq. Ona görə öz növbəmi ona verdim.
- Ən çox uğur qazandığın şeirin, səncə, hansıdır?
- Hər şeirin yaranması özü artıq bir uğurdur.
- Şeirlərində mövzu məhdudluğu hiss edirsənmi?
- Fikrimcə, əsas mövzu deyil, onu necə yazmaqdı.
- Feysbukda tez-tez tay-tuşlarının şeirlərini paylaşırsan. Onlar arasında ən çox kimləri bəyənirsən və nəyə görə?
- Təbii, favoritlərim var, eyni zamanda bəyənmədiklərim də. Onların özləriylə bu mövzuda polemikalarımız da olur. Amma ad çəkə bilməyəcəm. Bu gün bəyənmədiyimiz bir ədəbiyyat adamı sabah Nobelə layiq bir əsər yaza bilər.
- "Şeirlərim qarabağlıdır" deyirsən, özün də qarabağlısan. Qarabağa cəbhəyə gedərsənmi?
- Qırx dörd günlük Vətən müharibəsini bütün canımla, qanımla hiss elədim. Biz xalq olaraq, millət olaraq bu günlərdə azı yüz dəfə böyüdük. Heysiyyətimizi özümüzə qaytardıq. Sevinirəm ki, Qarabağ haqqında yazdığım şeir bu mənada tarixə qovuşdu.
- Səncə, müasir Azərbaycan gənc yazarının ən böyük problemi nədir?
- Ədəbiyyat adamının böyük bir probleminin olduğunu düşünmürəm. İnternet dövründə yaşayırıq. Günü-gündən daha çox virtuallaşırıq, sosial şəbəkələrə köçürük. Bu gün ədəbiyyat həyatın sürətinə çata bilmir. Məncə, əsas problem budur.
- Niyə əvvəlki aktivliklə görünmürsən?
- Mən pessimist deyiləm. Amma hərdən hər şey adamın gözündən düşür. Özünə qapanmaq, tək qalmaq, özünlə yaşamaq istəyirsən... Mən şeir yazanda göy üzünü mütləq görməliyəm. Qarşımda heç bir maneə olmamalıdır, bütövlükdə azad və sərbəst olmalıyam.
- AYB Gənclər Katibliyi və Gənclər Şurasının fəaliyyətindən razısanmı?
- Rəşad Məcidin diqqəti, qayğısı həmişə təəccübləndirib məni. Bunu özümə qarşı da görmüşəm, başqalarına qarşı da.
- Özünü realizə etməyə mane olan əsas problemi nədə görürsən?
- Prinsiplərim...
- Şeirlərinin mühüm bir qismi sevgi lirikasıdır.
Ruhum sevgi, səsim sevgi,
quruca nəfəsim - sevgi.
Kim nə deyir desin, sevgi,
imandan, dindən qəşəngdi!
Səncə, poetik hadisənin həyatdan qaynaqlanması mütləq şərtdirmi?
- Poetik hadisəni əvvəlcədən yaşamış da ola bilərsən, yaşamamış da. Əsas məsələ poetik hadisəni yaratmaqdır.
- Nəhayət, son sualım - nə istəyirsən?
- Mənim nə istədiyimi oxucular yaxşı bilir.
Söhbətləşdi: Əsəd CAHANGİR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!