"Varislər"in bugünkü qonağı böyük insan, akademik, siyasi xadim, tarixçi, şərqşünas, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun bacısı Elza xanım Bünyadovadır.
Bibiheybət şeyxlərinin varisi
1923-cü ildə Astarada, Şərq dilləri üzrə tərcüməçi Musa Bünyadovun ailəsində anadan olub. Atası Musa kişinin uşaqlığı, yeniyetməliyi Bakıda keçib. O vaxtlar Musa Bünyadov ataman Lyaxovun kazak diviziyasında tərcüməçilik edirdi. Ziya hələ uşaq yaşlarından atasının köməyi ilə ərəb və fars dillərində sərbəst danışa, yaza bilirdi. Bünyadovların nəsil şəcərəsi Bibiheybət şeyxlərindən idi.
Musa kişi vəzifə tapşırığı ilə əlaqədar Azərbaycanın müxtəlif bölgələrində çalışıb, ailəsi ilə birlikdə xidməti səfərlərdə olurdu. Orta məktəbi Göyçayda bitirən Ziya Bünyadov təyyarəçilik məktəbinə daxil olmaq üçün Bakıya üz tutur. Hərbi tibb komissiyasından keçə bilmədiyi üçün təhsilini Orconikidze adına Piyadalar Məktəbində davam etdirir. 1941-ci ilin mayında hərbi təhsilini əlaçı diplomu ilə bitirən gənc leytenant Ziya Bünyadov müharibə başlayan kimi Bessarabiyaya xidmətə yollanır.
Bu böyük alim, unudulmaz insan, dəyərli vətəndaşın bacısı Elza xanım Bünyadova ilə onun evində görüşdük.
- Elza xanım, bu gün sizinlə xalqımızın sevimlisi Ziya Bünyadov haqqında danışacağıq.
- Yəqin, səsimi yazmağa başlamısınız, qoyun lap əvvəldə sizə bir söz deyim: Ziya özündən, yaxınlarından daha çox, başqaları üçün yaşayırdı. Atamız iş adamı idi, səfərlərdə, xidmətdə olurdu, bizi anamız böyüdüb tərbiyə verirdi. Atamızdan mərdlik, cəsarət, etibar, anamızdan isə tərbiyə, insanlıq, sevgi öyrəndik.
Lənkəranlı Raisa Mixaylovna
- Ananız rus idi. Musa kişi Raisa Mixaylovna ilə harada tanış olmuşdu?
- Bəli, anamın ailəsi Sibirdən Lənkərana, o vaxtlar Port İliç deyilən (Liman qəsəbəsi - Ə.Q.) qəsəbəyə köçüb məskunlaşan ruslardan olub. Ana babam Lənkəranda balıqçılıq edirmiş. Orada vətəgələri varmış, balıq satıb dolanırdılar. Atam anamdan 18 yaş böyük idi. O vaxt belə şeylər çox olurdu, normal idi. Atam gəzib-tozmağı sevən adam olub.
- Ziya müəllim kimi...
- Hə, Ziya müəllim ona çəkmişdi. Bizim kişilərin hamısı yaraşıqlı və sevimli olublar. Ağlımız kəsəndən bir şey görmüşük: valideynlərimiz kitab oxuyur. Bizdə kitaba həvəs lap uşaqlıqdan yaranıb. Görmüşük ki, radioda hansısa bir verilişi dinləyib, sonra onu müzakirə edirdilər. Atam çox savadlı adam idi. Hətta Nobellərdən hansı iləsə dostluq edib. Əsrin əvvəllərində Bakı intelegentləri vardı ha, Üzeyir bəygilin oturub-durduğu adamlar, atam da onlardan idi. Atamın atası tikintidə podratçı işləyib, evlər tikib. Onun tikdiyi binalardan hələ də 20-ci sahədə, Şıxovda qalır.
Kitab-qəzet oxumaq həvəsi məndə indi də tükənməyib, özümü kitabsız, mütaliəsiz təsəvvür edə bilmirəm. Marketdən qəzet alanda satıcı qız təəccübləndi. Dedi niyə rus qəzeti alırsınız? Cavab verməyə çətinlik çəkdim. Adam qəzeti neyniyər? Çarəsiz qalıb dedim ki, zibil bükəcəyəm. İndiki gənclərin kitaba, oxumağa münasibəti tam başqadır. Telefon hamını zay eləyib. Yəqin, indikilər hər şeyi telefondan oxuyurlar. Mən kağız, mətbəə rənginin qoxusunu hiss etmədən oxuya bilmərəm. Nə deyim...
- Doğrudur, internet sürətlidir, adama çox şeydə kömək edir, amma həm də adamı passivləşdirir. İnternet olmayanda bir məlumatı tapmaq üçün ensiklopediyaya, kitablara, lüğətlərə baş vururduq, gözümüzə başqa məlumatlar da dəyirdi, oxuyub öyrənirdik. Amma internet adamı sadəcə tənbəlləşdirir.
Evimdə internet yoxdur
- Qoyun sizə bir söz deyim, gülün. Təsəvvür edirsiniz, mənim evimdə də, telefonumda da internet yoxdur. Telefonum isə (gedir telefonu gətirib mənə göstərir) Nuh əyyamından qalıb, çünki bu mənə rahatdır. Bu telefonun bəlkə də iyirmi yaşı var, mənə bircə zəng vurmağa, ya da SMS yazmağa lazımdır.
- Sizi əmin edirəm, çox yaşayacaqsınız. Çünki yeni texnologiyalar birbaşa ömrümüzə qənim kəsilib həm də.
- Mənə təzə telefon almaq istəyirlər, hətta lap təkid edirlər. Telefon alaq, internetə qoşul, razı olmuram. Deyirəm, məsləhət bilsəydim, heç sizi gözləməzdim, çoxdan özümə təzə telefon alardım.
Atam bolşevik inqilabından əvvəl bir müddət İranda tərcüməçilik edib. Bir rus generalının tərcüməçisi olub. İran şahı Rza şah Pəhləvi ilə yaxınlıq edib, tez-tez onunla nərd oynayırmış. Rus generalı xidməti başa vurub İranı tərk edəndə, atam da Tehrandan ayrılmalı olub, Rza şah buna təəssüflənib. Deyib, bundan sonra kiminlə nərd oynayacağam?! Atam deyirdi ki, şahı udurdum nərddə, hirslənirdi, mübahisə edirdik.
Atam Lənkəranda küçəni keçəndə anamı görüb aşiq olmuşdu ona. Çox sevirdilər bir-birlərini. Anam çox qürurlu qadın idi, bizə də qürurlu olmağı tapşırırdı. Heç kəsin qarşısında əyilməmək, heç kəsdən söz eşitməmək üçün həyatınızı doğru qurun, deyirdi bizə.
Əslimiz bakılıdır. Bibimgilə gedirdik, İçərişəhərə. Ora bizim baba ocağımız idi həm də. Balaca idim, evin sonbeşiyiyəm. Mən Ziyanın oğlu Cəmillə yaşıd idim. Bibim başımıza dolanırdı, hər cür nazımızı çəkirdi, evində ləziz nə varsa qoyurdu qabağımıza. Əlimi heç nəyə vurmurdum. Bir bunun danına bax, bundan ye... Kimə deyirsən? Gözümün ucu ilə də baxmırdım. Anam da pərt olurdu. Qulağıma pıçırdayırdı ki, Elza, yazıq bibin əldən düşdü, bir şeyin dadına bax da! Demirəm ki, hamısını ye. Mən də özümü sıxaraq deyirdim ki, tapşırmısan heç kəsdən heç nə almayım axı... Bu xüsusiyyətlər gələcəkdə bizə çox şeydə kömək oldu, bəzi şeylərdə isə mane oldu, əlbəttə.
Heç kəsə möhtac olmamaq...
Bir dəfə Ziya dedi ki, Elzanın qəribə xasiyyəti var, bir dəfə ağzını açıb demir ki, bunu istəyirəm, filan şeyə ehtiyacım var. Özünü elə aparır, elə bil məndən də güclüdür. Hər kəsdən güclüdür. Niyə belədir, bilmirəm. Atam dünyasını dəyişəndə 12 yaşım vardı. O vaxt Bakıda yaşayırdıq. Atam elə idi, ailəsini yanına salıb, bütün Azərbaycanı dolaşmışdı. Onu çox istəyirdim, onu itirəndən sonra, ümumiyyətlə özümə qapandım.
- Yəni onun işi hərbi tərcüməçilik idi və bu səbəbdən respublikanın müxtəlif yerlərində işləməli olurdu, ya da necə?
- O, heç vaxt hərbi tərcüməçi olmayıb, sadəcə tərcüməçi idi və bəzən hərbçilərə, yüksək rütbəli zabitlərə, generallara da tərcüməçilik edirdi. Ərəb, fars, bir qədər də alman dilini bilirdi. Rusca isə çox sərbəst danışırdı. Anam rus olduğundan evdə ancaq rusca danışırdıq. Rus təhsili almışıq hamımız. Amma çox qəribə idi, anam həmişə atamla azərbaycanca danışırdı.
- Evinizə ayaq açdığım anda Ziya müəllimin şəkilləri ilə qarşılaşdım və qürur hissi ilə dedim ki, bu adam tanıdığım ən böyük kişilərdən biridir. Bir dəfə akademiyada, bir dəfə Milli Məclisdə onunla yaxından görüşüb, söhbət etmək imkanım olub. Necə fikirləşirsiniz, Ziya Bünyadov kimi kişilər, böyük kişilər yenə varmı?
- Həm elə kişilər yoxdur, həm də gənclik o gənclik deyil.
İndi elə kişilər yoxdur
- Elza xanım, "o gənclik deyil" dediyiniz gənclər II Qarabağ müharibəsində 44 gün savaşıb, 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızı və qürurumuzu geri qaytardılar axı.
- Mən daha çox qızları nəzərdə tuturam. İndi qızların əksəriyyəti ancaq bəzənib-düzənib, sığallanıb ərə getmək haqqında fikirləşir. Amma bizə başqa şeylər öyrədirdi valideynlərimiz. Bayaq dedim, kitab oxumaq, savadlı olmaq. Əslində, savadlı olmaq, təhsil almaq qızlar üçün daha vacibdir. Mütləq öz ayaqları üstə durmağı bacarmalıdırlar. Əlbəttə, ailə də lazımdır, dünyaya uşaq da gətirmək lazımdır, amma bütün bunlar vaxtında olmalıdır. Parta arxasından qalxıb ər evinə getmək hünər və xoşbəxtlik deyil. Sovet quruluşunda bəzi yaxşı ənənələr vardı: hamı hansısa peşəyə yiyələnirdi. Ali təhsil almasa belə, texnikum vardı, peşə məktəbi vardı və təhsil almaq məcburi idi. İndi təhsil müəyyən qədər arxa plana keçib. Gənclər pul qazanmaq, özü də çox qazanmaq istəyirlər.
- Kapitalizmin əsas şərtlərindən biri də pul qazanmaq və yaxşı yaşamaqdır.
- Pul qazansınlar, kim deyir qazanmasınlar, ancaq ağılla, savadla qazansınlar. Hamı super market açmağa, alverə həvəs göstərməsin. Alim də olsunlar, özü də yaxşı alim olsunlar. Öz elmləri ilə, savadları ilə qazansınlar.
Şəhidlər xiyabanını ziyarət etməmişəm
Əlbəttə, məqam gəldi ordumuz, əsgərlərimiz ölkə üçün çox böyük iş gördü. Allah saxlasın hamısını. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə, yaxınlarına başsağlığı verirəm. Mən televizora baxmırdım, müharibə başlayandan gözümü ekrandan çəkmirəm. Cavan-cavan, yaraşıqlı oğlanlarımızı itirdik bu müharibədə, çox böyük itkilərdir. Səngərlərdə, qarda, şaxtada vətənin keşiyini bu gün də çəkən cavanlarımız var, Allah qorusun hamısını. Amma müharibə bitdi, Qarabağ məsələsi həll olundu, indi bu ölkəni daha da güclü, daha da qüdrətli eləmək lazımdır, buna görə gənc nəslin üzərinə çox böyük məsuliyyət düşür. Onlar öz ağılları, savadları, zəhmətləri ilə inkişaf etdirməlidirlər bu ölkəni.
İndiyə qədər Şəhidlər xiyabanını ziyarət etməmişəm. Dözə bilmirəm cavanları orada görəndə. Ürəyim xarab olur. Belə də dərd olar?! A balam, bizim heç kəsin torpağında gözümüz yoxdur, çəkin də gözünüzü torpaqlarımızdan!
O gün televizorda Moskvadakı üçtərəfli görüşü izlədim. Putini görəndə əsəbləşdim. Rusiyanın Qafqazda öz maraqları vardı, Putin imkan vermədi bizə işimizi axıra qədər görək. Bir həftə möhlətimiz olsaydı Xankəndiyə də bayrağımızı sancardıq. Sülhməramlı olub mənimçün...
- Ziya müəllimdən danışaq. Xoşbəxt adamlardanam, Ziya Bünyadovu şəxsən görmüşəm, söhbət etmişəm. Maraqlı həmsöhbət idi.
Ziya çox şey bilirdi
- Ziya doğrudan da, maraqlı adam idi. Birincisi, çox savadlı idi. Öz üzərində çalışırdı, oxuyurdu, axtarırdı, tapırdı. Onun mübarizəsi bu idi. Tarixin açılmamış səhifələrini açmaq. Çox şey bilirdi Ziya.
- Söhbətimiz yarıda qaldı bayaq. Musa kişi ilə Raisa Mixaylovnanın necə tanış olmasından danışırdıq.
- Hə... Babamın İçərişəhərdə, M.Maqomayev küçəsində evi vardı. Uşaqlar böyüyüb, bacılardan biri ailə qurub, babam atama deyib ki, sənin geniş evin var, qardaşınla yarı bölüb rahat yaşaya bilərsən. Gəl bu evi də Bikəyə verək. Elə də olub. Bibim qohumla ailə qurmuşdu. Yazıq, sakit qadın idi.
Atam savadlı kişi olub. Qardaşı İsa ticarətçi imiş, mühasibatlıqda oturub həmişə nəsə hesablayırmış. Babam imkanlı olub, yarı piyada, yarı atla Məkkəyə, Həcc ziyarətinə gedib. Yoxsa indikilər kimi, təyyarəyə minirlər, 3 saatdan sonra Məkkədədirlər. Mən də Məşhəd ziyarətində olmuşam, bir dəfə yaxınlarımızdan biri mənə Məşədixanım demək istəyirdi, qoymadım ki... Dedim mən o ada hazır deyiləm. Bəli, getmişəm, ziyarət eləmişəm, amma hazır deyiləm. Yəqin, məni başa düşürsünüz nə demək istəyirəm. Mən özümü turist kimi hiss etmişəm orada.
Bu yerdə gözlərini televizorun ekranına dikir. Çevrilib baxıram. "Rossiya-24" kanalından "60 dəqiqə" tok-şousu diqqətini çəkir. Elza xanımın baxışlarından necə hisslər keçirdiyini oxumaq mümkündür.
Dedim axı, - söhbətə davam edir, - televizora baxmırdım. Müharibə başlayandan xəbərlərlə yatıb oyanırdım. Bu ər-arvad (Olqa Skabeyeva ilə Yevgeni Popovu nəzərdə tutur) müharibə boyu mənim əsəblərimlə oynadılar. Adam nə qədər şərəfsiz olmalıdır ki, ağa qara desin. Sonra öyrəndim, sən demə, bu Olqa Marqarita Simonyanla rəfiqədir. Gör Rusiya nə gündədir də, obyektivlik, həqiqət qalıb bir tərəfdə, rus aparıcı ilə erməni jurnalistin münasibəti üzərində tamaşaçıya yalançı "həqiqət" sırıyırlar. Nifrət elədim bunlara!
Rusiya tv-lərinin iç üzü
- Əslində, bunlara baxanda hansı quyuya su tökdükləri məlum olur. Ermənilər bicdir, bütün aparıcı informasiya kanallarını ələ keçiriblər. Müharibədə ordu ilə birlikdə informasiya əsgərləri də vuruşurdu və ermənilər bu cəbhədə də məğlub oldular. Belə şeylər həmişə olub. Musa kişidən danışaq.
- Musa kişi azad düşüncəli, gəzmək, görmək, öyrənmək həvəsi ilə yaşayan gənc olub. 1917-ci ildə Çar Rusiyası dağılıb, 1922-ci ildə atamın tərcüməlik etdiyi general İrandan Rusiyaya qayıtmalı olub. Atam İranı unutmurdu, yaxşı xatirələri qalmışdı orada. Axşamlar radioda İran dalğalarını tuturdu, fars musiqisini dinləyir, özü də zümzümə eləyirdi.
Atam İrandan Bakıya qayıdanda, Lənkəranda yolda anamı görüb. Anam da savadlı idi, fəal komsomolçu. Həmişə deyirdi ki, bilmədim Musa ağlımı necə aldı əlimdən! Qoşulub ona getdim Bakıya. Ata nənəm rus qızını görəndə çaşıb qalıb: "A bala, kimi gətirmisən, sən bu qızla necə yaşayacaqsan? Rusdur, bizim adətimizi bilmir, dilimizi bilmir", - deyib. Atam deyib ki, lənkəranlı qızıdır, narahat olma, adətimizi də bilir, dilimizi də. Anam doğrudan da, əsl lənkəranlı qızı kimi tərbiyə almışdı. Çox ciddi valideynləri olub.
Üstəlik, qonşuluqda Lənkəran xanının nəslindən bir qadın varmış, uzun illər Fransada yaşayıb, ömürünün sonunda Lənkərana qayıdıb ki, ölsə məzarı qəriblikdə qalmasın. Bax, həmin qadın anamı çox istəyib, tez-tez anamı öz evinə dəvət edib, danışıblar, dərdləşiblər. Həmin qadın həm çox savadlı, ziyalı olub, həm də ağıllı. Anam da onu çox istəyib. O qadından çox şey öyrənib. Anam ömrü boyu bir dəfə səsini qaldırmadı, ucadan danışmadı. Atamın ətrafında qadınlar az olmayıb, amma onun bir sevdiyi qadın vardı - anam.
Lənkəran xanının qohumu
Bir aydan sonra valideynləri, sibirlilər, anamın yerini öyrəniblər. Gediblər qızı qaytarmağa, anam deyib ki, mən heç yerə gedən deyiləm, biz evlənmişik, Musa mənim ərimdir. Ziya ailənin ilk övladı idi, mən sonbeşiyəm. Bu evlilikdən 13 uşaq gəlmişdi dünyaya, təəssüf, onların yeddisi dünyasını körpə vaxtı dəyişib, amma biz altı uşaq evdə valideyn sevgisi, ailə qayğısı görərək böyüdük. Sonra atamı Astara gömrüyünə xidmətə göndəriblər, anam da onunla gedib. 1923-cü ilin dekabrında Ziya gəlib dünyaya. Anam danışırdı, qar, çovğun, soyuq. Evi qızdırmaq olmurdu. Ziyanın paltarlarını sinəmdə isidirdim ki, uşaq üşüməsin. Biz də zarafatla deyirdik ki, bu da paltarını sinəndə qurutduğun oğlan. Anam Ziyanı həmişə müdafiə edirdi. Deyirdi Ziyadan bir dənədir. Doğrudan da, eləydi.
Sonra atamgili Bakıya qayıdıblar. Tofiq qardaşım 1925-ci ildə Bakıda anadan olub. Atamı Naxçıvana göndəriblər, bacım Əzizə də orada dünyaya gəlib. Atamın son dayanacağı Göyçay idi, sonbeşiklər Adilə ilə mən orada anadan olmuşuq. Səkkiz yaşım olanda Göyçaydan çıxdıq. Hələ də Göyçayı xatırlayıram. 24 ailəlik ikimərtəbəli binada yaşayırdıq. Çox millətdən nümayəndə var idi o binada. Hamı rusca danışırdı. Hamı mehriban idi, can deyib, can eşidirdi. Hərdən atam işdən əsəbi qayıdırdı, ya da həyətdə səsini qaldırıb danışırdı. Anam tez onu evə çağırırdı, evdə radionun səsini qaldırırdı ki, söhbətlərini həyətdə eşitməsinlər. Deyirdi, Musa ayıbdır, qonşular səsini eşitdi, biabır olduq.
İndi baxıram, insanlarda o isti münasibətlər qalmayıb. Bacım Mərdəkanda yaşayırdı, arabir gedirdim o tərəflərə. Hündür, daş hasarlar baş alıb gedir. Bax o hasarlar ayırdı hamını bir-birindən. Başa düşmürəm bu adamlar niyə bir-birindən gizlənir, nəyi gizlədirlər?! Belə düşünürəm, bunlar özlərindən qorxurlar.
- Elza xanım, söhbət üçün çox isti mühit yaratmısınız, buna görə sizə təşəkkür edirəm. Unudulmaz Ziya Bünyadovun yetişdiyi mühitlə bağlı mənim, elə oxucularımız üçün də geniş təsəvvür yarada bildiniz.
Babam pul verirdi, o isə...
- Ziya atamıza çəkmişdi. Babam atama pul verirmiş ki, harasa çatdırsın, ya da nəsə bir iş görsün. Atam yoxa çıxırmış. Bir aydan, iki aydan sonra Berlindən xəbər göndərirmiş ki, qayıtmağa pulum qalmayıb, bir az pul göndər evə gəlim. Babam deyirmiş ki, bu necə uşaqdır. Yaxşı ki, İsa (əmim) buna oxşamayıb, yoxsa məni müflis edərdilər. Biz hamımız gəzməyi, səfərə çıxmağı sevirdik. İmkan düşdükcə dünyanı gəzmişik. Mən də 15-16 ölkəni gəzmişəm. Adama qalan ancaq xatirələr olur.
- Gəzdiyiniz yerlərin içində ən çox hansı ölkəni sevdiniz?
- Avstriyanı! Gözəl yerlərdir. Vyana mənə o qədər də xoş təsir bağışlamadı, amma onun yaxınlığında, tramvayla getmək mümkündür, Baden adlı şəhərcik var. Gözəldir. Qayalıqların üzərində tikilib bu şəhərcik. Baden küçələrini gəzəndə fikirləşdim ki, yəqin, bundan əvvəlki həyatımda burada yaşamışam. Parisi heç sevmədim, amma. Çirkli şəhərdir. Qara-qara adamlarla doludur. Ağlar səhərlər işə gedir, gündüz vaxtı onları boş-bekar görə bilməzsən. Məmnuniyyətlə Badendə yaşayırdım.
- Hərbi tibb komissiyası Ziya Bünyadovun Aviasiya Məktəbinə qəbul olunmasına razılıq verməyib. Bəzi mənbələrdə yazırlar ki, hərbi məktəbə girmək üçün doğum tarixini 2 il artırıb.
- Boyu uca olduğundan götürməmişdilər, o da başqa hərbi məktəbə girmişdi. Düz yazmırlar, 2 il yox, 1 il artırmışdı. O vaxt elə şeylər çox olurdu. Kimi yaşını artırır, kimi azaldırdı. Ziya hərbi məktəbi bitirən kimi müharibə başladı, o da kursantlıqdan birbaşa zabit rütbəsi alıb cəbhəyə getdi. Tofiq Ziyadan yaşyarım kiçik idi. Anam danışırdı ki, müharibə xəbərini Göyçayda alıblar. Ziya Moldaviyada hərbi məktəbdə olub. Tofiq də burdan yüyürüb hərbi komissarlığa, könüllü cəbhəyə yazılıb. Anam nə qədər təkid etsə də, Tofiqi fikrindən daşındıra bilməyib. Əsgər kimi döyüşüb.
- Sizə Ziya müəllimi xarakterizə edin desələr, hansı keyfiyyətindən danışmaq istərdiniz?
Çalışqan ziyalı
- Bilirsiniz nədən?! Onun çalışqanlığından. Olurdu da, qarşıma bir sual çıxırdı, maraqlanırdım, soruşurdum ondan, cavabını o anda bilməsə də, axtarırdı, kitablara baxırdı, arxivlərə gedirdi, mütləq o sualın cavabını tapırdı, sonra zəng vururdu mənə: filan şey filandır. Tənbəllikdən uzaq adam idi. Bəlkə də başqası, çox görmüşəm elələrini, ümumi nəsə deyər, yola verərdi. Akademikdir axı, guya bilmədiyi bir şey ola bilməz! Ziyada elə xasiyyət yox idi. Bilmədikləri olurdu, amma mütləq onu da öyrənirdi.
- Ziya müəllim müharibədə cərimə batalyonunda Sovet İttifaqı Qəhrəmanı adı almışdı. Necə və niyə düşmüşdü cərimə batalyonuna? O barədə nə danışırdı?
- O adam ancaq haqqın tərəfində olub. Rus zabit rus dilini bilmədiyi üçün orta asiyalı, ya da qafqazlı əsgəri söyüb. Ziya da həmin əsgərin tərəfini saxlayıb. Deyib sənin də anan var, adamın anasını niyə söyürsən? Dili bilmir, buna görə onu söymək olmaz. Zabit Ziyanı da söyüb, Ziya da cavabını artıqlaması ilə verib. İş düşüb tribunala. Məhkəmə onu cərimə batalyonunda xidmət etməklə cəzalandırıb. Məsələ belə olub.
Yuxum ərşə çəkilib mənim, gecələr yaxşı yata bilmirəm. Bu yaxınlarda yadıma düşdü. Ziyanın dəfni idi. Hamımız yas içindəydik. Onun tabutunu Dzerjinski klubundan (Şəhriyar adına Mədəniyyət Mərkəzi) götürüb Fəxri xiyabana aparırdılar. Birdən fikir verdim, alçaqboy bir adam göz yaşı içində nəsə mızıldanır. Əsəblərimə toxunurdu onun mızıldanmağı. Diqqət kəsiləndə eşitdim: "Kimin yanına gedəcəyik bundan sonra?! Kimə deyəcəyik dərdimizi?" - deyirdi öz-özünə. Ziya akademiyada mühafizəçilərə tapşırıq vermişdi ki, yanına kim gəlmək istəsə buraxsınlar. Açıq qapı idi onda. Hər kəsə kömək eləməyə çalışırdı.
- Elza xanım, dediniz Məşhəddə ziyarətdə olmusunuz. Amma kilsəyə də ibadət etməyə gedirsiniz. Bu necə mənəvi tolerantlıqdır?
Məsciddə və kilsədə dua edən qadın
- Bəli, mən kilsəyə də ibadət etməyə gedirəm, məscidə də. Mənim üçün yeri-göyü yaradan bir Allah var. Məsciddə mən öz Allahımla danşıram. Ona dua edirəm, diləklərimi pıçıldayıram. Kilsədə isə ikonalar var, mən onlarla göz-gözə dayanıb ünsiyyət qururam. Onlar məni dinləyirlər, mənə cavab verirlər. Kim necə başa düşür, düşsün...
- Və siz buna inanırsınız?
- Bəli, inanıram. Ağlamaqla aram yoxdur, amma bir-iki dəfə isterik tutmalarım olub, heç cür sakitləşə bilməmişəm. Onsuz da günün çox hissəsini özümlə danışıram. Hamı özüylə danışır. Amma kilsədə sakitləşirəm, elə bilirəm canlı olaraq müqəddəs bir varlığın qarşısında dayanıb ürəyimi boşaldıram. Rahatlıq tapıram bununla. Mən özümə həmsöhbət gəzirəm. Söhbət tənhalığımdan və bu tənhalıqda mənə yoldaş ola bilən qüvvədən gedir. Belə götürəndə biz ayrı-ayrılıqda hamımız tənhayıq. Sizdən əvvəl bir qohum zəng vurmuşdu, yarım saat danışdı mənimlə. Sonra fikirləşirəm, bu adam yarım saat ancaq özündən danışıb. Hamı ürəyini boşaltmağa yer, həmsöhbət axtarır. Mən də o yeri, həmsöhbəti hərdən məsciddə, hərdən kilsədə tapıram.
- Ziya müəllim müharibədən sonra bir müddət Berlində komendant müavini kimi fəaliyyət göstərib. Berlində qalmaq imkanı olubmu sonradan?
Özü Berlinin, oğlu isə Bakının komendantı
- Əvvəla, Ziya qala bilməzdi orada, oxumaq istəyirdi, burada onun yolunu gözləyən doğmaları vardı. Cəbhədan Bakıya qayıtdı, sonra Moskvaya gedib oxudu. Hətta qayıdanda cəbhədə evləndiyi həyat yoldaşını da gətirmişdi. Bir vaxtlar Bakının məşhur komendantı olmuş Valeri Bünyadovun anasını. Baxmayaraq ki, mənim də anam rus idi, amma Ziyanın gətirdiyi o qadın burada qala bilmədi. Uyğunlaşa bilmədi bizə. Qayıtdı Rusiyaya.
- Yaxşı tarixçi, məşhur alim idi. Hörməti, nüfuzu, səlahiyyətləri... Amma səbirsiz idi, sözü üzə deyirdi və bununla da düşmən qazanırdı özünə. Çox məşhur tarixçilər vardı bizdə, Ziya Bünyadov onların fəaliyyətini alt-üst eləmişdi. Nəyinə lazım idi bu onun? Biz uzun illər Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasını bayram eləmişik, daha doğrusu, bizə bunu bayram elətdiriblər. Ziya Bünyadov 1967-ci ildə bu faktı alt-üst etdi və yazdı ki, Rusiya Azərbaycanı işğal edib.
- O, haqsızlıqla barışa bilmirdi. Əgər doğru bildiyi bir şey vardısa, onu heç kəs fikrindən döndərə bilməzdi. Sovet dövrü tarixçiləri çox şeyi Moskvanın sifarişi ilə təhrif edib yazırdılar. Elə bilirsiniz başımıza gətirilən bu müsibətlərdə elə saxtakar alimlərin günahı yoxdur?! Əlbəttə, var! Ermənilər Ziyaya böyük məbləğdə pul təklif etmişdilər, tarixi təhrif etsin. Sonra dedilər ki, heç olmasa sən heç nə yazma. Ziya belə şeylərə qulaq asan idi? Rusiyanın həmişə bir mövqeyi olub: əzmək və hökm etmək! Ziya Bünyadovun bacısı olmağımla fəxr edirəm. Çünki mənim qardaşım bu millətin gerçək tarixini yazanlardan biridir.
"Görün necə bir adama əl qaldırdılar!"
- Ulu öndərimiz Ziya müəllimi çox istəyirdi. Hətta zarafat da edirdilər. Ziya Bünyadova o alçaq xəyanət olanda ulu öndər çıxışında dedi ki, "görün necə bir adama əl qaldırdılar!".
- Əlbəttə, çox istəyirdi. Səfərlərdə, görüşlərdə bir yerdə olurdular. Ziyanın çıxışlarını, fikirlərini həmişə dəyərləndirirdi ulu öndər. Ziya da ulu öndəri çox istəyirdi. 1993-cü ildə Heydər Əliyevin Bakıya qayıtmasını istəyən 91 nəfərdən biri də Ziya olmuşdu. Çünki Ziya ağıllı adam idi, başa düşürdü ki, belə çətin, çıxılmaz vəziyyətdə Azərbaycanı ancaq Heydər Əliyev xilas edə bilər və etdi də.
Yaponiyalı seysmoloqlar nəyə heyrət etmişdilər?
- Ziya müəllim zarafatı da sevirdi. Nə qədər sərtliyi vardısa, bir o qədər də hazırcavablığı vardı. Başına gələn məzəli əhvalatlar da az olmayıb, yəqin.
- Eh, o qədər məzəli əhvalat gəlib ki, başına. Qoyun sizə birini danışım. Demək, Ziya zəlzələlərin tarixindən kitab yazmışdı, tarixdə harada zəlzələ olub, haranı dağıdıb, sonra harada nə kimi dəyişiklik olub və s. O kitabla tanış olan yaponiyalı mütəxəssislər onu Tokioya, seysmologiya mövzusunda konfransa dəvət ediblər. Ziya da gedib. Yapon alimləri Ziyaya hörmətlə yanaşıblar, tez-tez onunla görüşüb söhbət ediblər. Konfransda onlardan biri xəbər alıb ki, Ziya San, siz məşhur alimsiniz, deyə bilərsinizmi, Yaponiyada zəlzələ nə vaxt olacaq? Ziya da zarafatla deyib ki, narahat olmayın, nə qədər mən burdayam, Yaponiyada zəlzələ olmayacaq. Nəsə, konfrans başa çatıb, geri qayıdıblar. Təyyarə Tokio hava limanından səmaya qalxıb, 5-10 dəqiqə sonra komandir salona elan edib ki, Yaponiyada güclü zəlzələ oldu. Ziya deyirdi, həm məni gülmək tutdu, həm də çaşıb qaldım, bir qədər əvvəl görüşüb ayrıldığım adamların aqibətini düşündüm.
- Ziya müəllim hansı filmi çox sevirdi? Bir də, nəsə bir hobbisi var idimi?
- Var idi, "Səhranın bəyaz günəşi" filmini həmişə həvəslə izləyirdi. O filmdən sevdiyi bir ifadəni də tez-tez işlədirdi. Vereşaginin sözü vardı: "Derjava yazıq oldu". Hobbisi də vardı, taxtadan, plastilindən fiqurlar düzəldirdi. Ağac qabığından maska düzəltmişdi. O, boş qalmağı sevmirdi.
- Bir alim kimi, ziyalı kimi tanınırdı, amma 1988-ci il hadisələri başlayanda Ziya Bünyadov xalqın etibar etdiyi əsas fiqurlardan birinə çevrildi. Hətta o vaxtkı respublika rəhbəri Ə.Vəzirova da yaxşı məsləhət vermişdi.
- Bildim hansı məsləhəti deyirsiniz. Qərbi Azərbaycandan ilk qaçqınlar gəlməyə başladı. İclasda Ziya qalxıb demişdi ki, bu gələnləri Bakıda, Sumqayıtda yerləşdirməklə məsələni həll eləmək olmayacaq, onları avtobusa mindirib, Qarabağa göndərmək lazımdır. Qoy 500 nəfəri, 1000 nəfəri ölsün, amma bu məsələ həll olunsun. Qarabağdan azərbaycanlıları çıxartmaqla biz məsələni çətinə salırıq. Onlar, yəni ermənilərlə bizimkilər, bir-birinin xasiyyətinə bələddirlər, məcbur olub dil tapacaqlar. Vəzirov da özündən çıxmışdı. Sən milləti qırğına vermək istəyirsən, demişdi. Amma Ziyanın sözündə həqiqət vardı.
Divarda qan izləri
- Ziya müəllimin həmişə gedib-gəldiyi yol, qalxdığı pillələr 1997-ci ilin 21 fevralında bitdi. Siz o dəhşətli gecəni necə xatırlayırsınız, o xəbəri kimdən eşitdiniz.
- Çox dəhşətli xəbər idi. Bacım Adilə zəng vurdu, göz yaşları içində nəsə deyirdi, heç nə başa düşmürdüm. Qulaqlarım uğuldayırdı. Ziyanın evinin girəcəyindəki qan izləri indi də gözümün qabağındadır.
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!