"Gənclər nə istəyir?" rubrikasında budəfəki müsahibim Qarabağ müharibəsi veteranı, şair Emin Piridir
- Ünlü rus tarixçisi və jurnalisti, Azərbaycanın dostu Maksim Şevçenko telemüsahibələrindən birində maraqlı bir söz dedi: "Azərbaycan xalqı oyanış prosesi yaşayır". Mən bu sözü ilk öncə gənclərə aid edərdim. Amma gənclər haqda çoxu əksini düşünürdü. Onları hətta "manqurt" sayanlar da az deyildi. Qarabağ davasında canından keçən minlərlə gənc göstərdi ki, bu qənaət kökündən yanlışdır. Səncə, ümummilli oyanış niyə məhz indi baş verdi?
- Erməni tərəf müasir Azərbaycanın oyanışını nəzərə almamışdı. Sonucda müharibə onlar üçün belə ağır nəticələndi. Hələ 14 iyul olayı göstərmişdi ki, bizdə ümummilli ruh oyanıb. Oyanış şəhidlərin dəfni zamanı yaşanan izdihamlarda da dönə-dönə təsdiqləndi. Məncə, bu oyanışa səbəb odur ki, unudulmamış məğlubiyyətlərin ağrısı bir gün alt qatdan bir vulkan kimi üzə çıxır və bu amil qələbənin psixoloji əsasına çevrilir. Amma prosesin alt qatdan üzə çıxması illərlə, bəzən on illərlə çəkən ağır, üzücü prosesdir. Bu, suyun qaynamasına bənzəyir. Tədrici kəmiyyət artımı bir gün qəfil keyfiyyət sıçrayışı ilə sonuclanır. Bizdə bu proses otuz ilə yaxın çəkdi. Klassik dillə desək, tarixi şərait yetişdi. Nəinki Qarabağda doğulmayan qarabağlılar, digər bölgələrimizdə dünyaya gələn müharibə sonrası uşaqlar da hamısı bir anda qarabağlıya çevrildi. Düşmənə ən müasir silahlarla qalib gəldiyimiz kimi, bu işdə müasirliyi təmsil edən gənclik böyük rol oynadı.
- Sən cəbhəyə könüllü getmisən. Könüllü və ürəkli eyni anlam daşıyırmı?
- Qarabağ müharibəsindən söz gedəndə mənim üçün bu sözlərin məna ayrıntısı yoxdur. Mən cəbhəyə sadəcə könüllü yox, həm də ürəkli yazılmışdım. Məni buna heç kəs məcbur eləməmişdi.
- Döyüş yolunuz hansı bölgələrdən keçdi?
- Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı və Şuşanın kəndləri...
- Müharibədə əsir düşmək, şəhid olmaq, yaralanıb sağlamlığını itirmək ehtimalı böyükdür. Hər bir insanda özünüqoruma instinkti və bundan doğan qorxu olur.
- Qorxu hissi olmayan müəyyən dərəcədə insanlıqdan çıxır. Təbii ki, canını sevir, qorxursan. Amma baxır nədən qorxursan. Ən qorxulusu insanın öz şərəfini itirməsidir. Düzünü desəm, ən qorxduğum şey əsir düşmək olub. Şəhidlik mənimçün qorxulu deyildi. Niyə qorxum ki? Çıxdığın yolda başına nələr gələ biləcəyi ilə barışmalısan. Ora gedəndə bütün bunlarla öncədən ruhən barışmışdım. Hər halda, can qorxusu o boyda damğayla yaşamaqdan önəmli deyil bir xalq üçün.
- Ekzistensialistlər yazır ki, qorxu, xüsusən də ölüm qorxusu insanın özünüdərkində həlledici andır. O, insanı daxilən böyüdür və bütövləşdirir. Müharibədə nəyi dərk etdin?
- Müəyyən fikir dəyişikliklərim oldu. Düzdür, bunların bəziləri bir fikir olaraq aydın idi, amma praktik deyildi. İndi isə praktik olaraq əmin oldum bəzi şeylərə. Məsələn, mənə görə dünyanın ən şirin neməti azadlıq, ən pis şey isə zəiflikdir. Eyni zamanda, artıq hər şeyə faniymiş kimi baxıram. Həyatdan zövq almağa başlamışam. Sən demə, yorğan-döşəkdə yata bilmək ən böyük xoşbəxtlikmiş. Doğmalarınla bir yerdə olmaq, sevdiklərinlə kəlmə kəsmək ən gözəl anlar imiş. Halbuki müharibədən qabaq bunlar adi gəlirdi mənə. Müharibə mənə adiliklərin qeyri-adiliyini öyrərdi. Dedi ki, həyat ali nemətdir, onun qədrini bil.
- Amma müharibə insana mənəvi-ruhi yöndən sağalmaz yaralar vura, onu vəhşiləşdirə də bilər. Məsələn, tanınmış yazıçı Kamil Əfsəroğlu "İt qanı" adlı romanında Birinci Qarabağ müharibəsi iştirakçısı Kərimin daxilində gedən tədrici vəhşiləşmə prosesini təsvir edir. Sən bu dilemmadan necə çıxdın?
- Vəhşiləşmə prosesi insanda müharibə olmadan da baş verə bilər. Çünki insan təkcə sosial və ruhi yox, həm də biloloji varlıqdır. Sadəcə, müharibə insana məxsus bu bioloji potensialın üzə çıxması üçün əlverişli şərait yaradır. Məndə də belə oldu. Kobudlaşdım, qəddarlaşdım. Və deyim ki, bu heç də birmənalı mənfi təzahür deyil. Düşmənə qarşı qəddar olmasan, zəiflik, yersiz mərhəmət göstərsən, məhvə məhkumsan. Ya öldürməlisən, ya də öldürüləcəksən! Bu, müharibənin qızıl qanunudur. Müharibənin içimdə müvəqqəti olaraq oyatdığı vəhşi həmişə qalacaq. Amma yuxulu şəkildə. Onun faydası yalnız düşmənə qarşı mübarizə enerjisinə çevrilməsindədir.
- Öncələrdə feysbukda "halal süd əmmiş" axtarışlarıyla bağlı tez-tez paylaşımlar edirdin. Bundan sonra da belə statuslar olacaqmı? Davammı, tamammı?
- Bu statuslar hər bir insan kimi, mənim də həyatımın ərgənlik dövrü ilə bağlıdır. O dövr müharibə ilə bitdi. Tamam!
- Bir müsahibəndə deyirsən ki, şeirdən nəsrə keçirəm. Bu davadan baş leytenant kimi sağ-salamat qayıdan Emin Pirinin bir şair kimi şəhid olması anlamına gəlirmi?
- Bəlkə də... Müharibə adama səbr, zəhmət öyrədir. Nəsr isə səbr, zəhmətdir. Mən həyatımı müharibədən-müharibəyə yaşayıram. İşğal dövrünün uşaqlığı emosional şair tipi yetirdi. Qələbə ilə bitən müharibə isə yəqin ki, yazıçı kimi formalaşmağın əsasını qoyacaq. Bəlkə də, Birinci Qarabağ savaşında məğlub olmağımızın bir səbəbi də hadisələrə praqmatik, real rakursdan yox, emosional baxmağımız, romantik yanaşma, pafosla dolu nitqlər oldu. Əgər nasirliyim uğurlu alınsa, bununla ədəbiyyata xeyir verə bilsəm, min şair Emin Pirinin şəhid olmasına qəddarcasına olsa da, sevinə bilərəm.
- Şeirdən nəsrə keçmək "Heç kimə bənzəmək istəmirəm" deyən Eminin hamıya bənzəməsi deyilmi? Çünki bu keçidi indi az qala hər iki nəfərdən biri eləyir, əksərən də uğursuz. Çox zaman "ağaca çıxdım, mən də, mən də", yaxud "qonşudan qalma dala" düşüncəsi ilə, moda xatirinə edilən bu keçidə münasibətin necədir?
- Baxır nəsrə kim necə keçir. Hamı kimi keçirəmsə, onda siz deyən kimidir. Hamı kimi yazacamsa, haqlısınız. Amma şeirdə kimiydimsə, nəsrdə də həminki olacam. Bu, enerjidir. Bir şamdan min şam yandırmaqla onun işığı azalmır. Mən də poeziya şamından nəsrin də şamını alışdıracam. Başqaları şeirdən nəsrə keçidi dəb xətrinə edə bilər, məndə bunun səbəbi müharibədir.
- Şamla bağlı bənzətmən çox klassik olmadımı? Füzuli yada düşdü.
- Bu, məntiqidir. Çünki Füzuli bizim poetik düşüncəmizin sadəcə zirvəsi yox, həm də başlanğıcı, sadəcə alfası yox, həm də omeqasıdır. Döyüş yolum da Füzulidən başlamışdı. Təki hər bir işimizə Füzuli ilə başlayaq.
- Amma bu il Nizami ilidir.
- Füzuli də Nizaminin şagirdidir. Nizaminin enerjisi bizə birbaşa yox, Füzuli vasitəsilə keçir.
- Cəbhədə olanda nəsə qeydlər edirdinmi?
- Söz silahla birlikdə döyüşür. Məgər diplomatiya sözlərdən ibarət deyil? Məgər əmrlər sözlə verilmir? Bəli, qeydlərim var. Onları yavaş-yavaş yazacam.
- Cəbhə yoldaşların səni şair kimi tanıyırdı?
- Müharibədə Piriyev Emin idim, indi yenə də Emin Piriyəm. Şairliyimi Bakıda qoyub getmişdim. Əgər orda Emin Piri olsaydım, inanmıram sağ qayıdaydım. Həm də bu şairlik başqalarına da zərər vermiş olardı.
- Uzun müddət işsiz qalandan sonra axırda bölgələrdən birində kənd müəllimi işləyirsən. Yenə əvvəlki iş yerinə qayıtmaq fikrin varmı?
- İndi "kənd" sözü əvvəlki neqativ çalarını itirərək getdikcə daha çox müsbət məna qazanmağa başlayır. Hazırda o, keyfiyyət sözünün sinonimi kimi işlənir: kənd çörəyi, kənd qatığı, kənd yumurtası... Amma mən kəndi başqa cəhətinə görə sevirəm. Kənd romantikadır, Ovididir, Puşkindir, Lermontovdur, Yesenindir, Səməd Vurğundur, Müşfiqdir, Musa Yaqubdur... Hələ ki həmin işimdəyəm. Gələcəkdə nə olacaq, o barədə bir fikrim yoxdur. Həmçinin "Ədalət" qəzetində şöbə müdiri kimi fəaliyyətimi davam etdirirəm.
- Etiraf etməsən də, arzularından birini mən dedim. İş problemi. Bəs fikrincə, özünü realizə etmək üçün daha nə çatmır?
- Etirafım budur ki, bu barədə düşünmürəm hələ. İstəklər dəyişə də bilər. Necə ki, müharibədə dəyişdi. İndi sadəcə hüzurlu həyat istəyirəm. Bəzi söz-söhbətlərdən uzaq. Düzü, bilmirəm bizim ədəbi mühitdə bu necə alınacaq. Hər halda, mümkün olduğu qədər. Ədəbi qalmaqallar mənə daha qeybət kimi görünür. Onlar enerjini tükədir.
- Cəbhə yoldaşlarınla görüşürsənmi?
- Bir-iki dəfə olub. Hələ hamı yeni gəlib. Qayğılar var, bəzilərinin ailə-uşaq problemləri var... Hələ mülki həyata adaptasiya prosesi gedir. Feysbukda, vatsapda qruplarımız var, danışırıq. Bir az özümüzə gələk, təbii ki, tez-tez görüşəcəyik. Həm də hələ pandemiya davam edir...
- Cəbhədən yadında qalan ən unudulmaz hadisə nə oldu?
- Bizdən qabaqda gedən maşının erməni minamyotu ilə vurulması... İçindəki əsgərlər şəhid oldular. Bilmirdin, sənin öz maşınının vurulmadığına görə sevinəsən, yoxsa orda şəhid olanlara görə üzüləsən...
- Vətən sağ olsun!
- Vətən sağ olsun!
- Sən ixtisasca tarixçisən. Özü də pis tarixçi deyilsən. Bir dəfə Bzejinskinin ünlü kitabını mənə oxumağa vermədiyindən gördüm ki, həm də politologiyaya iddialısan. Kitabı vermədin ki, birdən oxuyub səndən də yaxşı politoloq olaram. Rusiyada baş verən Navalnı inqilabının nəticələrini necə görürsən?
- Navalnı hadisələri neçə ildən bəri sürətlə enişə doğru gedən Putin mifinin qalıqlarını, şübhəsiz ki, dağıdacaq. Putinin yeri bir az laxlayacaq, ölkə daxilində və beynəlxalq aləmdə nüfuzu zəifləyəcək. Bu hadisələrlə onun bir neçə ildən sonra hətta hakimiyyətdən gedişinin əsası da qoyula bilər. Amma Navalnı hadisələrinin məhz indi ondan gözlənilən radikal sonuclara səbəb olacağını düşünmürəm. Bzejinskinin kitabına gəlincə, onun yerinə sizlərə müharibə həyatından bəhs edən kitablar verəcəm, öz yazacağım kitabları.
- Və nəhayət, son sualım - nə istəyirsən?
- Haqqımı almaq istəyirəm.
Söhbətləşdi: Əsəd Cahangir
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!