- Kamil müəllim, bu yaxınlarda sizin "Tüfəng açıldı" kitabınızı oxudum. Hekayələr öz yerində, "İt qanı" romanı da çox maraqlı alınıb. Toxunduğunuz mövzu da aktualdır. Fikirləriniz maraqlı olardı...
- O roman "Azərbaycan" dərgisində çıxanda tənqidçi Əsəd Cahangir demişdi ki, "İt qanı"ndan it iyi gəlir. Xalq şairi rəhmətlik Qabilin və qələm dostlarımın təbrikləri məni inandırdı ki, yazdığım babat alınıb. Sonradan əsərin "Literaturnıy Azerbaydjan" dərgisində, Rusiyanın "Don" jurnalında dərci əsərə inamımı artırdı. İnsan-it münasibəti haqqında təkcə nağıllarda, dastanlarda deyilməyib, klassik ədəbiyyatda da yazılıb və bu gün də yazılmaqdadır. Turgenevin "Mumu"sundan sonra bu mövzuda yazmaq o qədər də asan deyil. Bəzən insanın xarakteri, daxili aləmi onun heyvanlara, xüsusən itə münasibətindən asanlıqla ortaya çıxır. Dədə-babadan mənfur, bədxah insanları itlə müqayisə eləyiblər. "İt kimi adamı tutur", "qanımı it qanına döndərdi", "itsifət" və s... Romanda hadisələr ailəsi dağılmış bir insanın miskin taleyi çərçivəsində məhdudlaşmır, həm də çağdaş həyatımızın aktual problemlərinə toxunur. Birinci Qarabağ müharibəsi iştirakçısı Kaftar Kərimi müharibə dəyişdirib, onu qəddarlaşdırıb, qılıqsız, rəhmsiz eləyib. Əvvəlki Kərim olmaq üçün sanki o ölüb, yenidən dirilməlidir. Əsərin süjet xətti birinci Qarabağ müharibəsinin real mənzərəsi fonunda inkişaf edir və obrazlar tanıdığım insanların prototipləridi.
- Bu günlərdə "Çadır" adlı roman və hekayələr kitabınız işıq üzü görüb.
- Kitabdakı romanın da mövzusu Qarabağ hadisələrinə toxunur... "Çadır" romanında yurdlarından didərgin düşmüş insanları həyat imtahana çəkir və onlar sınmırlar, sınaqlardan üzüağ çıxırlar. Ən çətin anlarda belə, qaçqınların qəlbindəki ümid, inam işartısı qaralmır. Bu gün Qarabağda qazanılan şanlı Qələbəyə yol da o işıqdan, ümiddən-inamdan keçir. Erməni işğalçıları üzərində tarixi Qələbə qələm adamlarına təbii ki, yeni mövzular verəcək, yeni əsərlər yazılacaq. Qarabağ mövzusu həssas mövzudur, elə yazmalıyıq ki, bizi dünya, hətta düşmən də oxusun. Elə söz var ki, onun bədii ədəbiyyatın dilindən eşidilməsi daha təsirlidir. Oxucular yaşadığı həyat hadisələrinə, mövcud problemlərə siyasət aynasından deyil, bədii ədəbiyyat prizmasından baxmaq istəyir. Belələri çoxdur. Ədəbiyyatımızda Qarbağ mövzusu, Qarabağ torpağı kimi müqəddəs tutulmalıdır və onu köhnəlməyə qoymamalıyıq. Bu mövzuya haqqı yetən, qələmi, səriştəsi olanlar müraciət etməlidir. Hər qələm götürən bu yükü qaldıra bilməz. Naşı yazıdansa, onun olmaması yaxşıdır. Çünki məzmunsuz, ideyasız, əhvalatçılıq təsiri bağışlayan yazı düşməni deyil, özümüzü vurur.
- Kənd mövzusu, idilliya sizin qələminizdə yaxşı alınır. "Dəlilərin son padşahı", "İt qanı", "Çadır" romanlarını, "İttiham", "Qisas" povestlərini, "Soyuq ocaq", "Çat", "Kor quyu", "Qan qoxusu", "Burulğan", "Sürməli qız" və digər hekayələrinizi misal çəkmək olar.
- Cəbrayılda, rayon məkəzində böyümüşəm. Uşaq vaxtı atamgilin kəndinə tez-tez gedərdim. Arpa dərə, Ayıflı suyu, Böyük kəhriz... Yazanda, adları dəyişmirəm, dəyişsəm, elə bilirəm o mənzərə, o insanlar gözlərimin önündən çəkilər. Nə dəyişiklik edirəmsə, əsəri bitirdikdən sonra edirəm. Personajların adlarını da saxlamağa çalışıram. Həyatda tanıdığım o adamların qabarlı əlləri, saf, duru baxışları indi də gözlərimin qabağındadı. Bugünkü kənd əllinci-altmışıncı illərdəkindən çox fərqlənir. Bugünkü kəndlinin təfəkkürü, dünyabaxışı da başqadır. Məişətə gəldikdə, kənd həyatı şəhərdəkinə xeyli yaxınlaşıb. Bu inkişafın kəndlinin təxəyyülünə, təfəkkürünə təsir etməsi birmənalıdır. Təbii ki, müasir dövrün ədəbi qəhrəmanları, personajları da fərqlidir. Bəzi yazıçılar kənd mövzusunun canlı alınması yolunu uzun-uzadı təbiət təsvirlərində görür. Məncə oxucunu yormadan kəndlinin içindəki səmimiyyətdən, mehribanlıqdan, zəhmətsevərlikdən yoğrulmuş keyfiyyətləri, əsil kəndçiliyi çatdırmaq daha yaxşıdır.
- Xalqın verdiyi bu ayama-adlarda o insanların xarakteri dəqiq ifadə olunur.
- Həyat həm də belə insanlarla maraqlıdır. İnsanın xislətidir, nostalji hissləri insanı tərk eləmir. Ötən il dostlarımla İsmayıllıya getmişdim. Meşənin qoynundakı yeməkxanada şam yeməyi yeyəndə xahiş elədik, bizim masadakı elektrik lampasını söndürüb, neft çırağı yandırsınlar. Ağacın altında çıraq işığında oturmağın öz romantikası, gözəlliyi var. Bəlkə də, kənardan baxanlara qəribə gəlirdi, ancaq biz çox sərbəst və rahat idik. Əlbət, ona görə ki, o çırağın işığına yığışanlar əllinci illərin uşaqlarıydı.
- Şəhər həyatının təsviri də sizdə yaxşı alınır. Personajlarınız oxucunun qəlbinə asanlıqla yol tapır. Bəzən o obrazların yerində oxucu özünü görür.
- Əvvəla, onu deyim ki, quramaçılıq, qondarmaçılıq yaradıcılığın qorxulu bəlasıdır. Belə azara tutulanların yazdığı da ədəbiyyat deyil. Qəribə olan budur ki, belə yazı-pozuya bəzi tənqidçilər də aldanır. Bəlkə də, nəyinsə naminə özləri özlərini aldadırlar. Nəyin naminə?.. Təəssüflər olsun, ciddi qəzet və jurnalların səhifələrində də bədii əsər səviyyəsinə qalxmayan yazılara yer verilir. Əslində, belə yazılara ciddi mətbu orqanlarda yer olmamalıdır. Sualınıza cavab olaraq, onu deyə bilərəm ki, mənim şəhər həyatım tələbəlikdən başlayır və o illərə "Daşlı qala", "Gilavar", "Sovet küçəsinin serenadası" romanlarımda, "Xəzri" povestimdə, "Tayqulaq", "Bəyaz qaranlıq", "Sarışınlar metrosu" və digər hekayələrimdə qayıtmışam. Mən şəhərə şəhərli olmaq üçün gəlməmişəm, heç vaxt da bu fikirdə olmamışım. Amma bu həyat da mənə yaxındır, doğmadır. Rəhmətlik Sabir Əhmədli ömrünün ahıl çağında Cəbrayılda ev tikdirirdi. Bakıda görüşüb söhbətləşəndə sözünün-söhbətinin bir başını gətirib bağlayırdı bu mövzuya. Elə şirin-şirin, danışırdı, baxırdım ki, ev tikmək də ondan ötrü əsər yazmaq-yaratmaqdır. O, yaşının evini tikirdi, yəni yaşının əsərini yazırdı. Şəhər insanı fərqli, həm də mürəkkəbdir. Bu, həyat tərziylə, əhalinin çoxluğu və digər səbəblərlə bağlıdır.
- Ədəbi qəhrəman və personajlarınız arasında fərq qoyursunuzmu?
- Yox. Onların arasında mənfi də, müsbət də obrazlar var. Mənfi tiplərin də içində nəsə bir işıq axtarıb tapmaq mümkündür. Bu işığı tapmaq çox vaxt mənə müyəssər olur. Yazıçının həm müsbət, həm də mənfi personajı ona yaxın olmalıdır, onun ögeylik-doğmalıq salmağa haqqı yoxdur. Yazıçı bədii obrazlarını ədəbi personaj kimi yox, həyatdakı real insanlar kimi canlı qəbul etməlidir. Qustav Flober yazırdı ki, mən madam Bovarini zəhərləyəndə ağzımda mərgümüşün tamını hiss elədim və bildim ki, özümü də zəhərləmişəm.
- Plagiatlıq haqda fikirləriniz bir yazıçı kimi maraqlı olardı...
- Çağdaş ədəbiyyatımızın qorxulu və ağrılı bəlalarından biri də budur. Xarici ədəbiyyatdan, filmlərdən süjet çırpışdırıb, necə deyərlər, çapovulçuluq edib özlərini yazıçı, şair adlandıranlar, ədəbiyyatın küllüyündə küllənənlər çoxdur. Mənən saf olmayanın mənəviyyatdan, saflıqdan, vicdandan yazmağa, danışmağa haqqı yoxdur. Belələrinin qabağını almadıqca çoxalır, baş alıb gedirlər. Sadəcə, hər kəsə yerini göstərmək lazımdır. "Qobustan" jurnalında dərc edilmiş "Bir əfsanə qadın vardı" yazımı olduğu kimi köçürüb qəzetdə öz adına vermiş naşının hünərinə nə deyəsən?! Azərbaycan Radiosunda apardığım "Çağdaş qələmlər" proqramında o gödərək, saqqallı plagiatı adıyla, soyadıyla tanıtdım. Dedim belələri ədəbiyyat tramvayının cibgirləridir. Üstümə minnətçilər saldı ki, qələt eləmişəm, təzə evlənmişdim, qonorara ehtiyacım vardı... Mənə qalsaydı, söz oğrusuyla ev oğrusunu cinayət məcəlləsinin eyni maddəsiylə ittiham edər, cəzalandırardılar.
- Uzun illərdir televiziya və radio sahəsində çalışırsınız. Azərbaycan radiosundakı verilişiniz ədəbiyyata, halal sözə işıq tutur.
- Radioda "Çağdaş qələmlər" proqramını aparıram. Proqramın məqsədi, məramı çağdaş ədəbiyyatımızın bugünkü mənzərəsinə nəzər yetirmək, gənc istedadları aşkara çıxarmaq, onları tanıtmaq, mövcud problemlərə işıq salmaqdır. "Çağdaş qələmlər" yazıçı və şairlərimizdən, tənqidçilərimizdən ötrü həm də bir tribunadır, özü də fərqli tribunadır...
- Yeri gəlmişkən, ədəbi tənqid barəsində fikirləriniz maraqlı olardı. Axı tənqidə münasibət heç vaxt birmənalı olmayıb...
- Bəli, ədəbi tənqidə münasibət fərqli olub. Bəziləri ədəbiyyatı tənqidsiz təsəvvür etmir, bəziləri isə əksinə. Markes deyir, mənə elə gəlir ki, tənqidçilər yazıçıyla oxucu arasında dayanır, onların ünsiyyətinə mane olur. Buna görə də bəzən onlara demək istəyirəm: "Çəkilin, mən sizinlə deyil, oxucuyla danışmaq istəyirəm". Markesin sözlərini qəribliyə salmaq istəməzdim, ancaq onu deyə bilərəm ki, tənqid ədəbiyyatı silkələyən, irəli aparan bir mexanizmdir və bu mexanizm həmişə, hər an işlək olmalıdır. Əlbəttə, söhbət qərəzsiz, sağlam tənqiddən gedir. Vaqif Yusifli, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Elnarə Akimova, İradə Musayeva, Nərgiz Cabbarlı, Cavanşir Yusifli, Əsəd Cahangir kimi ədəbi tənqidçilərin yazılarına böyük önəm verirəm. Onların sırasında Yaşar Qarayev, Akif Hüseynli məktəbinin davamçılarını görmək isəyir və bəzən də görürəm. Başlıcası budur ki, sözlərinə hörmət qoyur, ədəbiyyat naminə yazırlar. Tənqidçilərin yaradıcılığında bir məqam diqqət çəkir, uzun illər eyni yazıçıdan, onun eyni əsərindən yazıb-pozurlar, sanki son 10-15 ildə başqa heç kəs heç nə yazmayıb. Həqiqət isə budur ki, o tənqidçinin özü bu müddətdə yeni heç nə oxumayıb. Bu da açıq duyulmaqdadır ki, bəzi tənqidçilər kitab oxuyub, tənqid yazmır, nəsə yazmaq naminə kitab vərəqləyirlər. Tənqidçilərin yaradıcılığındakı subyektivlik işartısının işığa çönməsini yox, qaralıb sönməsini istərdim.
- Sizin özünüzə qarşı tənqidə münasibətiniz maraqlı olardı.
- Tənqidə hərənin öz münasibəti var, hər kəs onu bir cür qəbul edir. Hətta qəbul etməyənlər də var. Xırdaca bir iradın üstündə belə, inciyənlər olur. İncimək nədir, uşaq kimi küsənlər də tapılır. Mən ədəbi tənqidi, bir növ, acı bibərə bənzədərdim. Ancaq bu acılığın içində də nəsə bir şirinlik var, önəmlisi o şirinliyi duya bilməkdir. Tənqidçi Vaqif Yusiflinin "İttiham" povestim haqqında iradı buydu ki, müəllif qəhrəmanın xarakterini, daxili aləmini tam dolğunluğu ilə açmaqda tələsib. Povesti təkrar oxudum, tənqid yerində və haqlı deyilmişdi. Üzərində yenidən işlədim. Povest yeni variantda "Literaturnıy Azerbaydjan" və Rusiyanın "Don" jurnalında çıxdı, pis də qarşılanmadı. Bunun üçün tənqidçi Vaqif Yusifliyə minnətdaram.
- Yaza bilmədiyiniz anlar olurmu? Olursa, onda neynirsiniz, əlbət, darıxırsınız?
- Darıxmaq azdır, hətta özümü cəzalandırıram.
- Maraqlıdır, necə?
- Yaza bilməyəndə mənən özümü Yazıçılar Birliyi üzvlüyündən çıxarıram, ta ki yeni, maraqlı bir əsər yazanadək...
Söhbətləşdi: İlham QƏHRƏMAN
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!