Ölümə doğru gedən yol - "Varislər" rubrikası - Müsahibə

"Varislər"in bugünkü qonağı milli oyanış davamızın ideoloqlarından biri, türkoloq, tənqidçi alim, siyasi xadim, "Sovetskaya Türkologiya" jurnalının baş redaktor müavini, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin yaradıcısı, ilk rəhbəri, millət vəkili, unudulmaz Aydın Məmmədovun varisi, Dövlət Gömrük Komitəsinin əməkdaşı Araz Məmmədovdur.

Məşhur türkoloq

1944-cü ildə qədim Şəkidə, adı minillik tarixlərdə keçən Kiş mədəniyyətinin beşiyində, Kiş kəndində anadan olub. Atası Mirsaleh kişi milis zabiti idi, sahə müvəkkili işləyirdi, evdar qadın olan anası isə uşaqların tərbiyəsi ilə məşğul olurdu. Aydın Məmmədov hələ uşaqlıqdan ədəbiyyata maraq göstərir, vaxtının çox hissəsini kitablar arasında keçirir, kənd kitabxanasının daimi abunəçisi kimi diqqət çəkirdi. Orta təhsilini Kiş məktəbində almış, onilliyi qonşu Oxud kəndində qızıl medalla bitirmişdi. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirən Aydın Məmmədov bir müddət pedaqoji fəaliyyətlə məşğul olur. Dilçilik, filologiyanın problemləri onun yolunu Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına salır, bir neçə il Moskvada aspiranturada oxuyur, müəyyən dövrlərdə həyatını elmi fəaliyyətə sərf edir və qısa zaman kəsiyində həm ədəbi cameədə sözükeçən tənqidçi, türkoloq, həm də cəmiyyət içində tanınmış siyasi simalardan birinə çevrilir.

Cəmi 47 il ömür sürən və bu qısa həyatı ilə özündən sonra yalnız işıqlı xatirələr qoyub gedən unudulmaz Aydın Məmmədovun varisi Araz Məmmədovla Bakıdakı çay evlərinin birində görüşdük.  

Yaşadığımız şanlı tarix

- Araz y, belə şəfli, tarixi bir ndə sizinlə rüşkdən mnunam. rsətdən istifadə edib sizi "Əbiyyat zeti" ailəsi adından k miz nasibətilə ükdən brik edirəm. n zü, otuz ilə yaxın ddətdə r birimiz bu nləri ümidlə zləmişik hayət, Azərbaycan xalqı drətli Ordusu tiyyətli Ali Baş Komandanı ilə bu htəşəm tarixi yazdı. z aydın olsun!

- Bəli, gözümüz aydın olsun! Mən də Aydın Məmmədovun ailəsi adından, öz adımdan xalqımızı təbrik edirəm! Bu müqəddəs amal uğrunda döyüşüb, şəhidlik zirvəsinə ucalmış şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm! Qazi qardaşlarımıza Allah şəfa versin, tezliklə öz normal həyatlarına qayıtsınlar. Doğrudan da, şərəfli günlər yaşayırıq və bu tarix xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək! Aydın Məmmədovun ailəsi adından cənab Ali Baş Komandanımıza, möhtərəm İlham Əliyev cənablarına bizə bu şərəfli tarixi yaşatdığı üçün təşəkkür etməyi özümə borc bilirəm. Artıq otuz illik həsrətə son qoyuldu və fikrimi son günlər bütün xalqın dilində şüara çevrilmiş "Qarabağ Azərbaycandır!" nidası ilə bitirmək istəyirəm.

 

Qızıl medallı Aydın

 

- Təşəkkür edirəm. Araz bəy, "Varislər" layihəsində oğullar atalardan danışır. Bu gün, təbii ki, söhbət böyük ədəbiyyatşünas alim, türkoloq, ictimai xadim və həm də şəxsən mənim üçün xatirəsi hər zaman doğma olan Aydın Məmmədov haqqında danışacağıq. Aydın Məmmədovun dəfnindən xeyli müddət sonra - 2014-cü ildə növbəti dəfə Kiş qəbiristanını ziyarət etdim və ustadın ruhuna dualar oxudum. Kiş Azərbaycan tarixinin maraqlı səhifəsidir. Alban mədəniyyəti, Kiş çayı, qədim tikililər, tarixi abidələr və s. Aydın Məmmədov bu mədəniyyətin dünya türkologiya elminə bəxş etdiyi ən dəyərli simalardan biridir. Mümkünsə, bir az onun dünyaya gəldiyi ailə, böyüdüyü mühit haqqında məlumat verin. 

- Aydın Məmmədovun atası sovet milis orqanının zabiti olub. Babası isə o ətrafda indi də xatırlanan və həmişə hörmətlə yad edilən çox savadlı, geniş dünyagörüşlü din xadimi kimi ad çıxarıb. Nəslimiz bu gün də Molla İsmayıl nəsli kimi xatırlanır. Molla İsmayılın böyük ailəsi olub. Bu gün Şəkinin əfəndisi olan Kamran əmi atamın əmisi oğludur. Atamdan əvvəl ailədə üç uşaq dünyaya gəlib, amma onlar çətin müharibə dövründən çıxa bilməyib, aclıq və xəstəlikdən elə uşaq yaşlarında tələf olublar. Atam evin yeganə övladı kimi böyüyüb. Ağlı kəsəndən, belə deyək də, oyuncağı, məşğuliyyəti kitablar olub. Yazıb-oxumağı çox tez öyrənib və orta məktəbə yaşıdlarından tez gedib. Babam onun normal təhsil alması üçün bütün şəraiti yaradıb və atam orta məktəbi yüksək nəticə ilə, qızıl medalla bitirib.

- Aydın Məmmədov bir müddət müəllim kimi fəaliyyət göstərib, az sonra aspiranturaya daxil olub və həyatını elmə sərf edib. Niyə müəllimlik etmədi? Mənim aləmimdə müəllimlik ən müqəddəs peşədir. Aydın Məmmədov türkçülük ideyalarının önündə gedirdi və bu, sovet dönəmində bir türkdilli xalq üçün mühüm hadisə hesab edilirdi. Çünki sovet ideologiyası bizi milli kökümüzdən və milli kimliyimizdən uzaqlaşdırmağa çalışdırırdı. Aydın Məmmədov isə əksinə, bizi bu milli kimliyə doğru yönləndirirdi. Bütün bunlar hansı zərurətdən doğurdu?

- Əlbəttə, atam da həmişə öz müəllimlərinin xətrini əziz tutub, hörmətlərini saxlayıb. O ki qaldı onun nədən müəllimlikdən uzaqlaşıb elm arxasınca getməsinə, məncə, elə əvvəldən atam elmlə məşğul olmaq istəyib, sadəcə, ali təhsildən sonra təyinatla işləmək məcburiyyəti, müəyyən karyera qurana qədər tələb olunan vaxt və s. bunu qaçılmaz edib. Ali məktəbi bitirdikdən sonra Ağdaşda, kənd məktəblərinin birində əmək fəaliyyətinə başlayıb və paralel olaraq aspiranturaya hazırlaşıb. Subay vaxtları olub, daha çox hazırlaşmağa imkan qazanıb həm də. 

Elmi fəaliyyətinin tam mərkəzində Azərbaycan dilinin problemləri, türkologiya məsələləri, ədəbiyyatşünaslıq durur. Onun onlarca elmi məqaləsi var və imkan düşdükcə arxivindəki məqalələrlə tanış olmuşam. Birmənalı olaraq deyə bilərəm ki, atamın əsas elmi fəaliyyəti ədəbi proseslərə münasibət bildirmək, türkologiya məsələlərində olan problemləri qabartmaq və bunların həlli üçün müəyyən sxemlər göstərmək olub. Mən onun akademiyada işlədiyi dövrləri çox yaxşı xatırlayıram. Müdafiə etdiyi dövrlər, həyəcanlar, əsəbilik, qazandığı uğurların sevinci və s. hamısı kino lenti kimi qarşımda canlanır.

 

"Sovetskaya türkologiya"

 

- Aydın Məmmədov həm də baş ofisi Moskvada yerləşən "Sovetskaya Türkologiya" jurnalının baş redaktor müavini idi. Bu jurnalla bağlı hansı xatirələriniz var? Bir qədər jurnaldakı fəaliyyətindən danışın.

- Bəli, atam təxminən 12 il müddətində bu jurnalın baş redaktor müavini oldu. Birbaşa şahidi olduğum hadisələri danışa bilərəm. Bu jurnal onun daxili tələbatını, hisslərini, potensialını ortaya qoymaq üçün çox geniş mühit idi. Çox böyük həvəslə yazıb-yaradırdı. Geniş əlaqələri vardı bu jurnalın. Adıçəkilən jurnal demək olar, türkçülüyün qadağan olunduğu, sıxışdırıldığı bir dövrdə türk dünyasına açılan pəncərə idi. Türk dünyasını əhatə edən bir coğrafiyada yayılırdı. Türk dünyasının tanınmış aydınları, alimləri, yazarları jurnalla təmas qurur, yazıları çap olunurdu. Maraqlı tədbirlər, səfərlər baş tuturdu.

 

Türk xalqları arasında körpü

 

Jurnalın baş redaktoru tatar əsilli, Rusiya EA-nın müxbir üzvü Ədhəm Tenişev idi. Azərbaycan üzrə təmsilçi və baş redaktor müavini də atam. Azərbaycan və Türkiyə arasında ilk türkoloji kollokvium atamın təşəbbüsü ilə təşkil olunmuşdu. Bu, türkdilli xalqlar arasında körpü rolu oynadı. Belə tədbirlərdə atam böyük həvəslə iştirak edirdi. Türkologiyaya olan məhəbbətini bu jurnalın imkanları ilə ortaya qoya bilirdi.     

- Azərbaycanda və ümumiyyətlə, türk coğrafiyasında olan türkoloq alimlərdən kimlərlə münasibəti vardı? Kimlər gəlib-gedirdi onun yanına? Məşhur türkoloqlardan kimlərlə münasibət qura bilmişdi?

- Azərbaycanda Tofiq Məlikli ilə çox isti, işgüzar münasibətləri vardı. Həm də Moskvada aspiranturada bir yerdə oxumuşdular. Tenişev özü çox məşhur türkoloq idi və atamla yaxşı münasibətləri vardı. Eləcə də dünya şöhrətli qazax şairi, ictimai xadim, alim Oljas Süleymenovla. Yəni indi danışdıqca xatırlaya bilmədiyim çox imza vardı o vaxtlar atamın yaxın ətrafında. Müəyyən məsələləri, problemləri akademik Kamal Abdulla ilə məsləhətləşirdi. Xalq yazıçısı Elçinlə çox yaxın idilər. Filologiya elmləri doktoru Vilayət Quliyev... Elə eyni süfrə arxasında oturub-durduğu adamlar da onlar idi.

- Həyatını elmə sərf edən adamların maraqlı hobbiləri olur. Kimi ova   getməyi xoşlayır, kimi balıq tutmağı sevir, kimi idmanla məşğul olur və s. Aydın Məmmədovun hobbisi nə idi?

 

Ömrü kitablar arasında keçən adam

 

- Onun ömrü kitabların arasında keçdi. Böyük kitabxanası vardı və özünü daha çox o kitabların arasında rahat, sərbəst hiss edirdi. Onun işi elə idi ki, mütləq oxumalıydı. Baş redaktor müavini olduğu üçün ümumiyyətlə jurnala təqdim edilən materialların müəyyən hissəsini mütləq oxuyub rəy bildirməli idi. Bu səbəbdən türkologiyada baş verən son hadisələr, tədqiqatlar haqqında ilk məlumat alanlardan biri elə atam idi.

- Sizi necə, kitab oxumağa məcbur edirdi, yoxsa özünüzdə həvəs vardı? Ya da elə olur ki, valideynlər nə qədər desələr, çalışsalar da övladlarda kitaba həvəs yarada bilmirlər.

- Yox, atam, ümumiyyətlə, bizi heç nəyə məcbur etməyib. O bizə müəyyən qərarlar qəbul etməkdə sərbəstlik vermişdi. Özü elə şərait yaradır, elə nümunə göstərirdi ki, bizdə maraq yaranırdı. Mən ixtisasca şərqşünasam. Bacım filoloqdur. Rəhmətlik qardaşım isə hüquqşünas idi, ədliyyə sistemində çalışırdı. Yəni müəyyən qədər yaxın sahələrdir bunlar, humanitar elmlər. Onun oxuduğu kitablar elə bizim üçün də maraqlı idi. Bəzən elmi söhbətlər edirdik evdə, çox maraqlı olurdu. İndi də xatırlayıram o unudulmaz anları. Atamın mülahizələri, analizləri bizi valeh edirdi. O, auditoriyanı asanlıqla ələ ala bilirdi. Evdə də elə idi, ictimaiyyət içində də. Məncə, hamı ondan razı idi. Yəni mənim ondan narazı kiminsə varlığından xəbərim yoxdur. Atam dövlət məmuru ailəsində böyümüşdü, uşaqlığı müharibədən sonrakı ağır illərə təsadüf etmişdi. Atası təhsil alması, yaxud hansısa peşə seçməsi üçün onu nəyəsə məcbur etməmişdi, bu, Aydın Məmmədovun öz seçimi idi. Bizə də sərbəst seçim etmək üçün hər bir şəraiti yaratmışdı. 

 

Ailənin yazılmayan qanunları

 

- Aydın Məmmədov ünsiyyətcil adam idi. Dediyiniz kimi, qısa zaman ərzində auditoriyanı ələ ala bilirdi. Ümumiyyətlə, Şəki camaatında özünəməxsus ünsiyyət forması var, nə danışsalar adama xoş təsir bağışlayır, üzündə təbəssüm yaranır. Yəqin, Aydın Məmmədovu sevənlər də çox olub. Alim, məşhur adam, millət vəkili və s. Ananızın münasibəti necə idi bütün bunlara? İllər əvvəl necə tanış olmuşdular, necə ailə qurmuşdular?

- Anam da əslən şəkilidir. Bacım Pərvanə xanım bir dəfə mətbuatda bu barədə yazmışdı. Onlar təsadüfən tanış olmuşdular. Bir toyda qarşılaşıblar. Atam bəyənmişdi anamı. Həmin toydan sonra aralarında münasibət yaranmışdı və bu, sevgiyə çevrilmişdi. Təbii, bizim ailənin də yazılmayan qanunları var. Belə ciddi məsələlər mütləq böyüklərlə müzakirə olunur və əgər böyüklər də münasib bilirlərsə, o zaman hər şey adət-ənənə ilə davam edir. Elə mən də ailə quranda ağsaqqallarla, böyüklərlə məsləhətləşdim və bundan peşman deyiləm. Ailə institutu ciddi məsələdir, burada yanlış seçim etmək gələcəkdə bir neçə nəfərin həyatına təsir edə bilər. Biz ailədə bu prinsipləri uşaqlıqdan görüb dəyərləndirmişik. Ümumiyyətlə, böyüklərdən xeyir-dua almaqla görülən işlər xeyirli işlərdir. Atamla anam Cənanə xanım ailəni möhkəm təməl üzərində qurmuşdular, qarşılıqlı sevgi və hörmət sona qədər davam etdi. Atam iş adamı idi, bizim tərbiyəmizlə, təhsilimizlə daha çox anamız maraqlanır, ciddi məşğul olurdu, amma bütün bu şəraiti ailə üçün atam yaratmışdı.

 

Ərinin ruhuna keşik çəkən qadın

 

İndi mənim öz ailəm var, evim var. Bacım bir müddət Müasir Təhsil Kompleksində, daha sonra Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul oldu. Daha sonra İstanbuldakı konsulluğumuzda işlədi. Hal-hazırda Türkiyə Cümhuriyyətində yaşayır. Öz evi, ailəsi. Anam da xatirələrinə sığınıb, öz dünyasında tək yaşayır. Bayılda atamın yadigarı olan evdə qalır, onun ruhunu qoruyur, onun xatirəsinə keşik çəkir. Bu da onun özünün seçimidir. Təbii, mən də, bacım da onun bizimlə yaşamasını çox istəyərdik, amma hər şeydən üstün olan onun öz qərarıdır.  

- Ailədə üç uşaq böyüyüb. Hansınız xasiyyətcə daha çox ona çəkmisiniz? Hansı xüsusiyyətlərdə?

- Bəli, ailədə üç uşaq böyüyüb və üçümüz də içində olduğumuz mühitə uyğun olaraq formalaşmağa çalışmışıq. Üçümüz də zəhmətkeş olmuşuq. Yəni o mənada ki, hazıra nazir olmamışıq. Bilirdik ki, yaxşı oxumalıyıq. Yaxşı ad çıxarmalıyıq. Tərbiyəli olmalıyıq. Ali təhsil almalıyıq. Bunu bizə demirdilər, sadəcə, özümüz bilirdik. Atam çox səmimi adam idi. Biz də ona baxıb səmimi olmağa çalışırdıq.

 

Hamı hamı üçün

 

Ailədə bir prinsip vardı - hamı hamı üçün. Bir yerdə hazırlaşırdıq, bir-birimizə kömək edirdik, ehtiyac yarananda atadan məsləhət alırdıq. Ona baxırdıq, görürdük bu adam elmə böyük maraq göstərir, istər-istəməz bizdə elmə həvəs yaranırdı. Görürdük bu adam bütün varlığı ilə xalqı, milləti üçün yararlı olmağa çalışır. Biz də onun kimi xalqımız üçün, cəmiyyət üçün yararlı olmaq istəyirdik. Ensiklopedik yaddaşı vardı. Çox əhatəli savadı ilə bəzən adamı mat qoyurdu. Dostları onun təşkilatçılıq qabiliyyətini indi də xatırlayırlar. Tədbirlərdə çıxışları, qaldırdığı məsələlər hər zaman öz aktuallığı ilə seçilib. Görünür, bütün bunlar atama da böyüyüb tərbiyə aldığı ailədən keçmişdi. Sizinlə danışdıqca bir söhbət yadıma düşdü. Balaca vaxtı bir dəfə babamdan soruşdum ki, müsəlman olmaq nədir? Çox unikal cavab verdi: "Müsəlman olmaq odur ki, qonşunu narahat etmirsən!". Biz elə böyüdük. Belə bir gözəl, böyük tarixi olan xalqın nümayəndəsi olması ilə fəxr edirdi. O ki qaldı özəl ifadəyə... Evdəki pianonun içinə girən siçan ora-bura hərəkət etdikcə alətdən qəribə səslər çıxırdı. Atam hər dəfə bu səsləri eşidəndə gülümsəyərək deyirdi ki, evimizin siçanları da istedadlıdır. Bir də bilmirəm niyə, amma mənə "Alyoşa" deyirdi.

- Araz bəy, sonradan məlum oldu ki, 1985-ci ildə M.Qorbaçovun SSRİ-yə gətirdiyi "yenidənqurma" ideyası xəyanətə planlaşdırılıb. Onun hakimiyyətə gəlməsi ilə sovet xalqları arasında milli münaqişələr başladı və bu, Azərbaycandan da yan keçmədi. 1987-ci ilin sonları, 1988-ci ilin əvvəllərində isə bu münaqişələr artıq qanla yaddaşlara yazıldı. İlk qurbanlar, ilk şəhidlər... Aydın Məmmədov emosional adam idi. Azərbaycanda milli azadlıq hərəkatı yarandı və bu hərəkatın ilk ideoloqlarından biri məhz atanız oldu. Tələbə nümayişləri, yüz minlərlə insanın toplaşdığı meydanlar, o insanların fikirlərini dünyaya çatdırmaq üçün canlı yayın tələbləri və s. Aydın Məmmədov bu hadisələrin mərkəzində idi. Çünki meydana toplaşan hər adamın səsini eşitmək, hər sözə əməl etmək həvəsində deyildi. O insanları idarə etmək çətin, həm də təhlükəli idi. Tribunadan enən kimi onu yox edə bilərdilər. Ailəsi zərər görə bilərdi... 

 

Ailəmizin rahatlığı pozuldu

 

- Sizə deyim ki, hadisələr başlayandan sonra əksər ailədə olduğu kimi, bizim ailənin də rahatlığı pozuldu. Atamın günü daha çox ictimai işlərdə keçirdi. Amma açığını deyim, o, həm də çox enerjili adam idi, bütün qayğıların arasında yenə elmə vaxt ayırır, ailənin problemləri ilə maraqlanırdı. İctimai yükü də çox idi. Sonra millət vəkili seçildi və bir qayğısı da artdı. Bu dəfə həm də seçicilərin problemlərini həll etmək onun üçün əsas fəaliyyət proqramı oldu.

Meydan hərəkatında o izdihamı idarə etmək, o insanlara müəyyən çağırışlar etmək sözün həqiqi mənasında məsuliyyət və cəsarət tələb edirdi. Biz də çox vaxt televizorda izləyirdik onu. Əlbəttə, anam narahat olurdu. Elə biz də narahat olurduq. Amma bu narahatlıq daxildə idi, ona heç nə demirdik. Çünki ailədə hər kəs yaxşı bilirdi ki, onu tutduğu yoldan, əqidəsindən, düşüncələrindən döndərmək mümkün deyil. Ailədir də, bəlkə anam təklikdə ona nəsə deyə, ehtiyat etdiyini, qorxduğunu, ailəyə görə narahatlıq keçirdiyini söyləyə bilərdi, ancaq biz belə söhbətlərə şahid olmamışıq. Çox çətin dövlər idi. Hər şey çox sürətlə dəyişirdi. Daxildə üç-dörd cür düşünənlər vardı. Xaricdən təzyiqlər vardı. Proseslər Azərbaycanı parçalamağa aparırdı. Əlbəttə, Aydın Məmmədov və onun kimi düşünənlər buna göz yuma, sakit dayana bilməzdilər. Belə bir deyim var, "söz konusu Vatansa, gerisi tafarrüat".

 

"Söz konusu Vatansa..."

 

Vətən darda idi və o vətən olmayandan sonra minlərlə ailə qurban olsun, məhv olsun, bir şey dəyişməz. Atam bunu belə dərk edirdi. Atam bütün gücünü milləti ayaqda tutmağa, onu başıpozuqluqdan uzaq olmağa sərf edirdi. Milli Məclisdə komissiya sədri idi. O vaxt gürcülərlə azərbaycanlılar arasında münaqişə yaratmaq istəyirdilər. Atam oraya gedib, hər iki tərəfin nümayəndələri ilə görüşmüş, problemlərini dinləmiş, hökumətlər səviyyəsində məsələnin həllini qaldırmışdı. Tez-tez səfərlərdə olurdu və bu səfərlər həm türkologiya məsələləri, elmi fəaliyyətlə, həm də ictimai-siyasi fəaliyyətlə bağlı olurdu. O, bütün bunları çatdırırdı. İndi düşünürəm: cəmi 47 il ömür sürdü və onun tələskənliyinin, bu enerjisinin arxasında, sanki hansısa mistik düşüncə dururdu. Sanki dünyadan tez gedəcəyini bilir və müəyyən qədər də olsa qarşısına qoyduğu məqsədə çatmağa tələsirdi. Bilirsiniz, o, həm arzularla yaşayan romantik ədəbiyyat adamı, həm də reallıqları görüb, onlardan nəticə çıxaran, gələcəklə bağlı proqnoz verə bilən biri idi.

- Maraqlı cavab oldu. Gələcəklə bağlı hansı proqnozları vardı və onlardan hansı özünü doğrultdu?

 

O deyirdi ki...

 

- Deyim ki, millətlə bağlı, ölkəmizlə bağlı proqnozlarının əksəriyyəti özünü doğrultdu. Məsələn, deyirdi ki, tezliklə Azərbaycan müstəqilliyini elan edəcək - etdi. Deyirdi ki, Azərbaycanın güclü dövlət olmaq üçün bütün imkanları var və olacaq - oldu. Həmişə ruhunu nikbinliyə kökləməyə çalışırdı. Bizim uğurlarımıza uşaq kimi sevinə bilirdi. Nəsə bir uğursuzluğumuzu görəndə sarsıla bilirdi. Deyim ki, bütün işləri planlı görürdü, xeyir. Amma heç vaxt xaotik vəziyyətə düşmürdü, işin çoxluğundan başını itirmirdi. Dediyim kimi, çətin vaxtlar idi. Mobil telefon yox. Qardaşım, ya da mən, hərdən evə gec qayıdırdıq. Görürdük, kürkü atıb çiyninə, binanın qarşısında siqaret çəkir, bizi gözləyir. Biz gələndən sonra rahat olurdu.     

- Ata kimi necə idi? Ailənin, sizin gələcəyinizlə bağlı hər hansısa planı vardımı?

- Bizim xoşbəxt, azad cəmiyyətdə böyüməyimizi arzulayırdı. Cəmiyyət içində öz yerimizi almağımız, iş-güc sahibi, ev-eşik yiyəsi olmağımızı görmək onun ən böyük arzusu idi. Təəssüf, heç birimizin əlinin çörəyə çatdığı, ailə qurduğu günü görə bilmədi. Alim idi, yazıları xaricdə çap olunurdu, müəyyən qədər qonorar alırdı və s. Gələcəkdə çəkinlik çəkməyək deyə, əlinə düşəndə əmanət kassasına pul qoyurdu. Yəni normal ata, ailə başçısı necə olur, Aydın Məmmədov da ailəsi üçün, övladları üçün canından keçməyə hazır idi.  

 

"Xəzər" və "Xazar"

 

- Aydın Məmmədovun Azərbaycan ədəbiyyatına ən böyük xidmətlərindən biri o vaxt Yazıçılar Birliyi nəzdində Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaratmaq oldu. Mərkəz Azərbaycan və rus dillərində "Xəzər" - "Xazar" jurnalları nəşr edirdi. Çox sağlam yaradıcı mühit vardı orada.

- Onun hər hansısa ideyası, təklifi heç vaxt nəticəsiz qalmayıb. Tərcümə mərkəzi yaratmaq atamın reallaşan arzularından oldu. Tanınmış adam idi, bu mərkəzi yaratmaqda elə bir çətinliyi olmadı. Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin əsas məqsədlərindən biri də türk dünyası arasında ədəbi əlaqələri genişləndirmək idi. Atam mərkəzi yaratdı, əsas təşkilati işləri gördü, amma ömür vəfa etmədi ki, arzularını daha əhatəli şəkildə reallaşdıra bilsin. Amma mərkəz hələ də fəaliyyət göstərir və hətta bir mərkəz iki olub. Biri artıq dövlətin nəzdində, digəri isə Yazıçılar Birliyinin tərkibində işləyir.

- Araz bəy, 1991-ci ilin məşum 19 aprel günü... Aydın Məmmədovun avtomobil qəzasında dünyasını dəyişməsi xəbəri ölkəyə ildırım sürəti ilə yayıldı və bu acı xəbərdən çox adam üzüldü. Bu da o demək idi ki, xalqımız yetişdirdiyi, sevdiyi doğma insanlardan birini itirmişdi. O hadisə haqqında bir az danışın. Çünki za ilə bağmüəmmalar dolaşır.

 

Yolun sonu çatanda

 

- İstintaq aparıldı və nəticə olaraq qəzaya "sürücü səhlənkarlığından baş vermiş adi yol hadisəsi" kimi rəy verildi. Hadisə birbaşa sürücünün səhlənkarlığı üzündən olmuşdu və buna görə məhkəmə ona 13 il həbs cəzası vermişdi. Qısa müddətdən sonra sürücü amnistiyaya düşüb azadlığa çıxdı. Doğrudur, maşının qarşısına qəflətən meşədən heyvan sürüsü çıxmışdı. Sürücü idarəetməni itirmiş, qəza baş vermişdi. Dilarə xanım Əliyeva ilə bir yerdə Gürcüstana getmişdilər. Qax rayonunun birinci katibinin maşınında olmuşdular. Əslində, həyatda baş verən istənilən itki ilə bağlı adamın razılaşmadığı, qəbul edə bilmədiyi məqamlar olur. Lap elə insan öz əcəli ilə ölsə belə, adam bəzən günahı həkimdə, qidada, havada, suda axtarır. Atam bir yola çıxmışdı, bu yol onun canından çox sevdiyi Vətənin azadlığı, müstəqilliyi yolu idi və həmin yolun sonunda hər şeyi onsuz da gözə almışdı. Belə çıxır ki, bu onun son yolçuluğu imiş... Bir də, kim bilir axı, yolun sonunda nə var?!

 

Söhbətləşdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!