"Ən gözəl olan həyat və xarakter bütövlüyüdür" düşüncəsilə yaşayıb-yaradan Xeyrulla müəllimlə mərhəm bir könül söhbəti edirik. Bilirəm ki, həssas və kövrəkdi. Hər işində ölçü-biçili və ədalətlidi. Söhbətə körpü salmağın yolunu bilənlərdəndi... Elə o səmtdən də başlayırıq.
- Xeyrulla müəllim, görüşünüzə çalışdığım "Ədəbiyyat qəzeti" barədə olan səmimi, qürurverici fikirlərinizlə nəfəs-nəfəsə gəldim. Oxuyub-tanış olduğumdan bəri unutduğum olmadı heç...
- Xoş gəldiniz... Sizinlə bərabər yol gələn o fikirlər mənim bir ömürlük müşahidələrimin etiraf dolu əsintiləridi. Deyim ki, hələ beşinci sinifdən oxucusu olduğum "Ədəbiyyat qəzeti"ni indinin özündə də əlimə alanda, o illərə - tələbəlik, aspirantura dövrünə qayıdıram. Fərqindəyəm ki, "Ədəbiyyat qəzeti" yalnız kollektiv bir müəllif kimi yox, həm də kollektiv yaradıcı adamların formalaşdırdığı bir obraz olmaqla, özü də bir xarakterdir.
- "İncəsənət tarixi - xarakterlər tarixidir" adlı kitabınıza yazdığınız ön sözdə nəvəniz Rəşidlə bağlı çox duyğulu, ürəyi titrədən bir xatirəniz var, deməli, üz qabığında Natəvanın səhnə obrazını yaratmış xalq artistinin roldakı şəkli olan kitabı gətirirsiniz evə. Az keçməmiş balaca Rəşid də gəlib oturur yanınızda...
- Hə, gəlib oturdu. Kitabın üstündəki şəklə hədsiz dərəcədə maraqla baxdı, baxdı... Soruşdum: "Xoşuna gəlirmi?" "Bir az" - dedi. Yarışit bir zarafat etdim: "Xoşuma gəlirsə, gedim alım sənin üçün". "Yox, - dedi, - hələ lazım deyil". Kitabı yanındakı tumbanın üstünə qoyub otaqdan çıxdı. Taxtda uzanıb mürgülədim. Ayılanda gördüm ki, qayıdıb tumbanın qabağında diz çökərək, kitabın üz qabığındakı həmin şəkli öpür... Brankl Çopiçdən tərcümə edib "Azərbaycan" jurnalında "Qayıtmış məhəbbət" adıyla dərc etdirdiyim "Müəllimə" hekayəsi düşdü yadıma.
- Çox təsirli, unudulmaz bir epizoddu. Deyim ki, az sayda bədii nümunələr mənə bu cür içdən gələn nostalji hal yaşadıb. Və bilmişəm ki, Çingiz Aytmatovu, Nodar Dumbadzeni ancaq bu epizodu belə həssaslıqla qələmə ala bilən bir söz adamı dilimizə eyni səmimiyyətlə çevirə bilərdi... Zənnimcə, Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan Alabaş" əsərindəki Əmrayin, Mılğun, Qoca Orqan obrazlarında sizin özünüzə xas olan cəhətlər bol-boldu. Yəni, daha çox insanpərvər, daha çox humanist və əlbəttə, qətiyyətli, doğrucul olmaq baxımından...
- Amma tərcümə üzərində işlərkən mən özümü daha çox o balaca Kirskdə tapmışdım. Onunla bərabər həyəcanlanır, təlaş keçirir və göz yaşları axıdırdım. Ağlayırdım. İllah da belə məqamlarda: "O, dəhşətlə, haldan düşənə kimi ağladı. Sonra qayığın dibinə yıxılıb, xırıldamağa, başına döyməyə başladı. Bu, belindən gəldiyi atasına, ata və babalara onun mükafatı, onun məhəbbəti, onlardan ötrü yası və oxşaması idi". Bu sətirləri mən öz doğmalarım, həyatım boyu mənə yaxşılığı keçmiş, qayğısını gördüyüm insanlara mükafatım, onlara olan sonsuz sayğılarımın ifadəsi kimi dilimizə çevirmişəm. Çevirdikcə də göz yaşlarımı tuta bilməmişəm... Belə bir halı məşhur "Çayka" əsərini, Nigar Rəfibəylinin Türkiyə xatirələrini, "Sizsiz"ini oxuduğumda keçirmişəm. Gözlərim dolub, ağlamışam. Bütün olub-keçənlər, itkilər önündə yaşanan təəssüf, minnətdarlıq duyğuları ilə baş-başa...
- Gəlin minnətdarlıq ovqatıyla davam edək...
- Həmişə yoluma yaxşılar çıxıb... Lap gəncliyimdən: qədim Gəncə şəhər qəzetində şöbə müdiri, məsul katib, Azərbaycan KP MK və NC-nin rayonlararası "Mübariz" qəzetində redaktor müavini, şəhər partiya Komitəsində təlimatçı kimi çalışdığım illərdə belə! Nur üzlü, simasından comərdlik və qətiyyət oxunan Ələsgər Əlizadəni xatırlayıram... Gəncə şəhərində rəhbər vəzifələrdə çalışdığı illərdə mənə atalıq qayğısı göstərdi. Şəhər komsomol komitəsinin birinci katibi vəzifəsini tövsiyə etdi. İşin çətinliyini bildiyim üçün "bu sahədə işlər baş-ayaq düşüb, nəsə bir irəliləyiş edə biləcəyimə inanmıram" - dedim. "O məsələlər sonranın işidi" deyə əllərini cütləyib, şəstlə stolun üstünə qoydu və qurlu çöhrəsindən əksik olmayan bir təbəssümlə söhbətin bitdiyinə işarə elədi... Mənə atalıq qayğısı göstərdi... Həmişə təbəssümlə xatırlayıram; bir dəfə iş yerinə yenicə çatmışdım ki, telefon zəng çaldı. Ələsgər müəllim idi. Özünəməxsus ötkəmliklə yanına gəlməyimi tapşırdı. Getdim. O zamankı Gəncə Kənd Təsərrüfatı İnstitutunda rektoru Niyaz Səfərov da otağıyndaydı. Soruşdu: "Tapşırığım əsasında mübahisəli bir yazı işini təsis edərkən orada nə iş görübsənsə Niyaz müəllim qəlbən vurulub sənə". Məlum oldu ki, Niyaz müəllim ikiqat artıq əməkhaqqı verməklə məni rəhbərlik etdiyi instituta müəllim aparmaq istəyir... Təşəkkür edib, hazırkı iş yerimdə ayda iki dəfə qol çəkib halal maaş almağımdan məmnun olduğumu dedim.
Bilirsiniz, elə yaxşılıqlar var ki, o, birbaşa, belə deyim, natura şəkildə yox, daha çox pünhan bir mənəviyyat əsintisi ilə edilir. Belə bir yaxşılığı Rəsul Rzadan görmüşəm. Deyim necə: görkəmli alim Məmməd Arif barəsində danışılırdı ki, Şeyx Şamillə bağlı kitabına görə SSRİ Dövlət Mükafatına Heydər Hüseynovun namizədliyini irəli sürdüyü üçün işdən çıxarılıb. Həmin vaxt hamının qorxudan üz çevirdiyi Məmməd Arifə yalnız Rəsul Rza və Abbas Zamanov baş çəkir, hal-əhvallaşırmışlar. Bu söylənənlər mənə təsir etdi. Gedib Rəsul Rzanın yenicə çapdan çıxmış "Könül səsləri" adlı kitabını aldım. Aparıb sevdiyim qıza hədiyyə etdim. Könlümü o kitab vasitəsilə açdım. Deməli, ilk elçim Rəsul Rza, onun "Könül səsləri" oldu. "Könül səsləri" Rəsul Rzanın mənə ən böyük yaxşılığı oldu.
- Xatirələrinizdən oxumuşam... Rəhmətlik atanız neft mədənlərində çalışıb. Özü də Abdulla Şaiqin ilk məktəb illərindən bizə tanış olan "Məktub yetişmədi" hekayəsinin bəxtsiz və gerçək qəhrəmanı Qurban kişi ilə çiyin-çiyinə...
- Keçən əsrin ortaları olardı. Mal-qaranı rahatladıqdan, hamılıqla süfrə başına yığışıb çörəyimizi yedikdən sonra pəncərə qabağında oturub dərslərimi hazırlayırdım. Atam "Oxuduğum nədir? - deyə xəbər aldı. - Bir az bərkdən oxu mən də qulaq asım". Abdulla Şaiqin "Məktub yetişmədi" hekayəsini ucadan oxumağa başladım. Axıra çathaçatda, quyudan nəşi çıxarılan Qurbanın pal-paltarı arasından düşmüş məktubun üzərində yazılmış "Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək" sözlərini oxuyanda hiss etdim ki, atam xırman şanası kimi iri əllərinin arxasıyla gözlərinin yaşını silir. Heyrətlə soruşdum ki, "nə oldu, dədə, o gün "Buz heykəl"i oxudum, heç belə etmədin".
Atam "Heç - deyib, bir anlığa susdu. Papirosunu eşə-eşə sözünə davam etdi. Bu əhvalat lap gözümün qabağında olmuşdu. Binəqədi mədənlərində... Qurbanı yaxşı tanıyırdım... O vaxt belə şeylər çox olurdu, öyrəşmişdik! O qədər öyrəşmişdik ki, bədbəxt Qurbanın o müsibəti qarşısında gözümdən bir damcı yaş da gəlmədi. Çətin illər idi..." Sonra da o ağır illərin olmuşlarından söz açdı atam. Stalinin tez-tez neft mədənlərinə gəlməsindən, onlarla ünsiyyətdə olmasından danışdı. Yaxın qohumumuz Yaqub Babayevlə bərk dost imişlər... Hə, bu, uzun bir söhbətin mövzusudu. Tarix səhnəsində baş verənlərə dövrün, zamanın ovqatı kontekstində qiymət vermək lazımdı. Hər dövrün öz tələbi var. Həqiqət olan budur ki, ötən əsrin otuzuncu illərində dəhşətli repressiyalar baş verib, sürgünlər, köçürmələr olub. Ancaq məhşur bir deyim də var ki, Stalin Rusiyanı xışla qəbul etdi, hidrogen bombası ilə qoyub getdi... Atamın mənsub olduğu nəslin o illərlə bağlı çox duyğusal, inanclı baxışları var idi. Bütün paradoksları, əyintləri ilə yanaşı, sadə insanlar otuzuncu illərin əvvəllərini qəribə bir məhrəmliklə xatırlayırdılar. Bu söhbətləri dinlədikcə 1931-ci ilin 13 dekabrında Emin Lüdviqlə Stalin arasındakı bir müsahibəni xatırlayırdım; Emin deyir: "Siz çox sərtlik göstərirsiniz..." Stalinin cavabı belədi: "İndiyə qədər (otuzuncu illərə kimi) vintləri boşaltdıq, siyasi iqlimi mülayimləşdirdik... Separatizm qarşılığında Qotsun nə etdiyindən xəbərin oldumu?" Əlbəəl hiss olunur ki, sistemin mahiyyətindən irəli gələn bir dönəmin istiqamətverici masajı verilməkdəydi... Yerlərdə baş verənlər, əslində, bu mahiyyətdən irəli gəlirdi... Ancaq ötən əsrin altmışıncı illərinə doğru bütün postsovet məkanında, eləcə də bizdə həmin sistemə qarşı inadlı bir mücadilə cəbhəsi açılmaqdaydı. Və mənim özümün də mənsub olduğum nəsilin aydınları həmin mücadilənin önündəydilər. Səmimiyyətlə deyirəm ki, bu gün "altmışıncılar" deyilən həmin nəsil o mücadilədən alnıaçıq, üzüağ çıxdılar. Heç unutmuram, 1964-cü ildə Gəncə şəhər partiya komitəsində təlimatçı işlədiyim vaxt iki zabit gəlib mənə dedi ki, zabitlər evində tədbir keçirəcəyik. İştirak etməyiniz vacibdir. Getdim. Uzun-uzadı çıxış edənlər oldu; qeyd etdilər ki, Azərbaycan öz xoşbəxtliyini 1814-1828-ci illərdə Rusiya idarəçiliyini qəbul etməklə tapdı. "Böyük qardaşlarımızın" sayəsində sürətli inkişafa qədəm qoyduq, daha nələr, nələr... Təbii, mənə də söz verdilər. Elə ilk cümlədən deyilənlərə etiraz etdim: "Azərbaycan xalqı heç vaxt öz razılığı ilə əsarətə, türməyə girməzdi. Bu birləşmə məcburi şəkildə həyata keçirilib. Gəlin baş verənləri öz adıyla çağıraq..." Dedim və əlbəəl də hiss etdim ki, təhlükəsizlik orqanının rəhbəri Tofiq Əliyev mənə baxıb gülümsəyir.
Şəhər partiya təşkilatında şöbə müdiri olan bir qadın vardı - Mariya. Bir gün məni çağırıb dedi ki, fotoqrafı da götürüb evinin uçduğunu söyləyən erməni qadının evinə get, sənədlər hazırla. Tezliklə ona təqaüd və ev təşkil etməliyik. Çünki Stepan Şamuyan Gəncəyə gələndə onun qonağı olurmuş. Getmədim. Bildirdim ki, Əzizbəyovun da, Nərimanovun da Gəncə səfərləri zamanı qonaq olduqları evlər var. Gərək əvvəlcə o evlərdən başlayaq... Az keçməmiş Şəhər Partiya Komitəsinin birinci katibi Ələsgər müəllim məni yanına çağırdı. Görünür, Mariya məndən şikayət etmişdi. Amma o gözəl Ələsgər müəllim könlümə toxunası bir söz demədi. Gülümsündü ki, düz eləyib getməmisən...
- Bildiyimə görə, unudulmaz Şıxəli Qurbanov da xətrinizi çox istəyirmiş...
- Şıxəli müəllim nadir insanlardan idi; mərd, xeyirxah, sadə! O qədər sadə və təvazökar ki... İş otağıma gəlmişdi. Cəld ayağa qalxdım. Çiynimdən basıb, nə desə yaxşıdı - "narahat olma, sən elə oturduğun yerdə də məndən böyüksən..." İndinin özündə də bu sözləri xatırlayanda gözlərim yaşarır. Gör bunu kim deyirdi?! Ancaq öz mənəvi böyüklüyünə arxayın olan kəs, mənim kimi gənc bir partiya işçisinə o cür yüksək dəyər verə bilərdi. Bu sözləri ancaq Şıxəli Qurbanov kimi insanlıq, səmimiyyət əyarı olan bir şəxs dilinə gətirə bilərdi... Dedi ki, yoldaş Vəli Axundov səninlə maraqlanır. Hazırlaş. Yaxın günlərdə qəbulunda olmalısan...
- Halınızı təsəvvür edirəm... Yəni, Mərkəzdən uzaqda gündəlik iş-gücünüzlə məşğulsunuz və birdən-birə bu cür yüksək səviyyəli bir dəvət...
- Mərkəzi qəzetlərdə, xüsusilə də "Kommunist"də yazılarım çox çıxırdı. Sən demə, bu yazılar mənə heç özüm də bilmədən xüsusi "xalq qazandırırmış..." Gəldim Bakıya. Şıxəli müəllim gəlişimi məruzə etdi, geri dönüncə də bildirdi ki, Vəli Axundov dedi referatını yazsın, işə qəbul üçün göstəriş verilib... Qalan nə varsa, tərcümeyi-halımda yazılıb; Universitetin Jurnalistika fakültəsini fərqlənməylə bitirmişəm. Sov.İKP MK yanında aspiranturanı fərqlənməylə bitirib namizədlik dissertasiyası müdafiə etmişəm. Azərbaycan KP MK-da bölmə müdiri işləmişəm.
- Cəlilabadda birinci katib...
- Özü də çox qarışıq bir dövrdə... İl yarım işlədim o vəzifədə... Bir gün rəhmətlik Süleyman Rüstəm zəng etdi ki, "a bala, haralardasan?" Dedim, bəs, belə-belə... Başıma bir iş gəlib... Güldü ki, səni nə ağılla göndəriblər o vəzifəyə?..
1991-1995-ci illərdə millət vəkili kimi fəaliyyətim oldu. "Şərəf nişanı" ordeni və Fəxri fərmanlarla təltif olundum. Ədəbiyyat İnstitutunda böyük elmi işçi kimi çalışdım. Belə... Həyat bir su kimi keçdi, getdi... Arxayınlığım ondadır ki, gördüyüm işləri ürəkdən, ləyaqətli şəkildə görmüşəm. Bütün bunları xalqımız, mədəniyyətimiz yolunda xidmət, yaxşılıq işi kimi görmüşəm. Təmənna, qarşılıq güdmədən!
- Bir yaxşılığınız da ustadım Qərib Mehdini çap etməyiniz olub...
- Hə, Gəncədə işlədiyim zaman, Qəribin "İşıq"ını çap etdim.
- Bütün işıqlı adamların yolu da işıqdan keçir... Allah işığınızı əksik etməsin!..
Söhbətləşdi:
Sərvaz Hüseynoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!