Gəray Gəraybəyli: NAMUSLU... ZƏHMƏTKEŞ... AĞASADIQ GƏRAYBƏYLİ - Söhbətləşdi: Əyyub QİYAS

 

"Varislər"in bugünkü qonağı milli teatr və kino tariximizin ən unudulmaz simalarından biri, rəngarəng, maraqlı obrazları ilə bu gün də sevilən, xatirəsi hər zaman doğma xalqı üçün əziz olan, ölümündən bir qərinə zaman ötsə də həmişə xatırlanan Xalq artisti Ağasadıq Gəraybəylinin nəvəsi, psixoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidir.

 

 

Tərcümeyi-halındakı səhv

 

1897-ci ildə yazında Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şamaxıda dünyaya gəlmişdi. 1902-ci ildə Şamaxıda baş vermiş güclü zəlzələdən sonra valideynləri övladlarını da götürüb Bakıya üz tutmuşdu. Balaca Ağasadıq burada Əlisəttar və Heyran xanımın himayəsində... 

Təbii ki, layihənin ənənəsinə sadiq qalaraq bu informasiyanı davam etdirmək istəyərdim, amma üz tutduğum ünvanda eşitdiklərim Ağasadıq Gəraybəylinin bu vaxta qədər məlum olan tərcümeyi-halını mənim üçün də, elə tarix üçün də dəyişdi. Onun varisi, nəvəsi Gəray Gəraybəylinin söylədikləri böyük sənətkar haqqında çəkilən filmlərdə, yazılan məqalələrdə olan qeyri-dəqiqliyi üzə çıxartdı.

Bəli, Azərbaycan teatr və kino tarixinin titanlarından biri, unudulmaz və hər zaman sevilən Ağasadıq Gəraybəylinin varisi Gəray Gəraybəyli ilə onun iş otağında görüşdük.

 

 

Kim idi Əlisəttar kişi ilə Heyran xanım

- Gəray müəllim, təklifimi qəbul etdiyiniz və bu vaxt darlığında görüşməyimizə şərait yaratdığınız üçün sizə "Ədəbiyyat qəzeti" ailəsi adından təşəkkür edirəm. Adətim üzrə ilk sualım babanızın böydüyü ailə ilə bağlı olacaq. Şamaxı zəlzələsində valideynlərini itirmişdi və Bakıda Əlisəttar kişi ilə Heyran xanımın himayəsində böyümüşdü. Kim idi bu adamlar?

- Bilmirəm... Bəlkə də cavabım sizə qəribə gələcək, amma sözün əsl mənasında bilmirəm, çünki bu məlumat həqiqətə uyğun deyil.

- Anlamadım. Axı onun yubileyi ərəfəsində çəkilmiş filmdə bu məlumat verilir və müəyyən tarix kitablarında da belə bir qeyd var. Belə çıxır ki, bu, yalan məlumatdır?

- Mən yalan sözünü işlətmək istəmirəm. Bu məlumatı haradan kim nə məqsədlə götürüb, tirajlayıb, fikir bildirməyə çətinlik çəkirəm. Amma əminəm, burada qərəzli məqsəd olmayıb, babamın taleyi elə də ola bilərdi. Üstəlik, burada babamın şəxsiyyəti ilə bağlı pis fikir formalaşdırmayıblar. Sadəcə, sizə bir söz deyim: biz yubiley ərəfəsində bir dəfə televiziyada, bir dəfə də yubiley tədbirində bu məlumatı eşitdik, sonra da internetdə gördük və ailədə hamımız heyrətə gəldik. Siz də tanıyırsınız bibim oğlu Rüfət müəllimi, ondan da soruşdum, dedi ki, belə bir şey eşitməyib. İndi biz böyüklərimizin demək olar, hamısını itirmişik, bircə anam sağdır, ondan xəbər aldım bu nə söhbətdir, dedi, belə bir söhbəti ilk dəfə eşidir. Mən babamla xeyli müddət bir yerdə yaşasam da, onun ömrünün son illəri bibim oğlu Rüfətin yanında keçib. O da bu məlumatdan xəbərsiz idi.

 

Qəhvəyi üzlü dəftər

 

Bir məsələni xatırladım. Babam qəhvəyi üzlü ümumi dəftərdə öz xatirələrini, həyatını yazırdı. O, dünyasını dəyişəndən sonra atam onunla bağlı xeyli sənədi, şəkilləri və həmin dəftəri arxivə təhvil verdi. Dəftərin izinə düşdüm, arxivdən həmin dəftəri tapıb surətini çıxartdım. Məncə, istənilən adam öz həyat tarixçəsini yazarsa, belə mühüm məqamın üstündən keçməz. Həmin dəftərdə dediyiniz adamlarla bağlı ümumiyyətlə heç nə yoxdur. Bəli, zəlzələ olub, valideynlərini itirib və böyük qardaşı Ağalar Gəraybəyli ilə Bakıda yarımzirzəmi tipli bir yerdə, çətinliklər, məhrumiyyətlər içində yaşayıblar. Hətta xatırlayıram, dəftərdə yazmışdı ki, "uşaq idim, bir səhər qardaşım ayaqqabısını geyinəndə içindən siçan çıxdı". Məncə, ən doğru mənbə həmin dəftərdir və Ağasadıq Gəraybəyli orada belə bir şey yazmayıb. Yəni bu adam öz uşaq yaddaşında bu cür kiçik detalı belə xatırlayaraq, orada qeyd edib, əgər yuxarıda adını çəkdiyiniz adamlar gerçək olsaydı, yəqin, mütləq o barədə nəsə yazardı. Mən də nəvəsi olaraq məmnunam ki, bu məsələyə müəyyən qədər aydınlıq gətirə bildim.

- Açığı, sualı verərkən sizdən müəmmalı Əlisəttar kişi ilə Heyran xanım haqqında nəsə danışacağınızı gözləyirdim, amma verdiyiniz cavab təkcə mənim üçün yox, elə teatr tariximiz üçün də yeni fakt oldu. Buna görə sizə təşəkkür edirəm.

O, böyük dramaturqumuz Cəfər Cabbarlı ilə bir sinifdə, ya da səhv etmirəmsə, eyni məktəbdə oxuyub. Məncə, bu faktda yanlışlıq olmaz.

- Yox, bu, doğru faktdır. Bildiyimə görə, Cəfər Cabbarlı ilə yaxın münasibəti olub və bu münasibətin kökü elə məktəb illərinə gedib çıxıb. Amma bu məsələyə tam dolğunluğu ilə aydınlıq gətirə bilmərəm, çünki təfsilatından xəbərsizəm. Haqqında danışdığım dəftərdə babam qeyd edir ki, milli aktyor sənətimizin banilərindən hesab edilən Hüseyn Ərəblinski ilə babamın böyük qardaşı Ağalar Gəraybəyli yaxın dost olublar.

 

Cəfər Cabbarlının məktəb yoldaşı

 

Ağalar Gəraybəyli dövrünün tanınmış teatr tənqidçisi kimi xatırlanır. O özü də müəyyən tamaşalarda rol alıb, amma daha çox tənqidçi kimi yadda qalıb. Özləri teatr truppası yaradıblar. C.Cabbarlı da bu adamların içində olub. Teatr tarixində bu məlumat var, babam ilk dəfə səhnəyə 11-12 yaşında C.Cabbarlının pyeslərinin birində qız rolunda çıxıb. Təklifi də qardaşı ilə Ərəblinski verib. Çünki o vaxt qadın rollarına ifaçı tapmaq müşkül məsələ idi, əlacsızlıqdan belə bir təkliflə babama müraciət ediblər. Hətta babam əvvəl bu təklifdən sarsılıb, amma həm qardaşı, həm də Ərəblinski onu inandırdıqdan sonra razılaşıb. Babam bu hadisəni həyatında teatr səhnəsində atdığı ilk addım kimi dəyərləndirib. Məhz həmin roldan sonra babamın teatra həvəsi artıb və sonra peşəkar teatra qədəm qoyub.

- O, əvəzolunmaz teatr və kino aktyoru idi və mən onun Akademik Milli Dram Teatrının səhnəsində "Sevil", "Əliqulu evlənir", "Xurşudbanu Natəvan" tamaşalarında yaratdığı maraqlı obrazları canlı olaraq izləmişəm və buna görə özümü xoşbəxt sayıram. Mən onu səhnədə görəndə yaşı 80-dən artıq idi, amma öz səhnə mədəniyyətini, səhnə formasını qoruyub saxlamışdı. Milli kinomuzda isə onun öz portreti var və tamaşaçı bu gün də Ağasadıq Gəraybəylini sevərək izləyir. Söhbət 6-7 nəslin izləməsindən gedir və yəqin ki, bu hələ uzun zaman davam edəcək. Özünün xüsusilə üstünlük verdiyi hər hansı obraz var idimi?

- Babam dünyasını dəyişəndə 21 yaşım vardı. Təəssüf ki, o vaxt hələ kimin nəvəsi olduğumu tam dərk edə bilmirdim. O mənim üçün sadəcə sevimli insan, doğma baba idi. Mən babamın böyük sənətkar olduğunu özüm yaşa dolduqca anlamağa başladım. Ağlım kəsəndən onun bütün premyeralarında iştirak etmişəm. Özü rol almadığı tamaşalara da aparırdı məni. Şəxsən mənim üçün teatr maraqlı məkan idi. Bizə kulis arxasında durub məşqlərə baxmağa imkan verirdilər.

 

Teatr, qrim otağı, pariklər, boyalar...

 

Qrim otaqlarında olurdum, rəngləri, parikləri sevirdim. Yapışqanın qoxusu hələ də burnumdadır. Teatrda sıralamada birinci qrim otağı babamın idi. İndiki kimi xatırlayıram, o, bütün rollarına, məşqlərə məsuliyyətlə yanaşırdı. Ən azı tamaşaya bir saat qalmış mütləq teatrda olmalıydı. Hazırlaşırdı, qrimlənirdi. Onun ömrürün son illərində yaratdığı obraz Xalq yazıçısı İlyas Əfəndiyevin qələmə aldığı "Xurşudbanu Natəvan" pyesindəki əmi Knyaz Usmiyev rolu oldu. Ayda bir neçə dəfə həmin tamaşa gedirdi teatrda. Onu teatra rəhmətlik atam aparırdı. Əvvəlcədən atama zəng vurub xəbərdarlıq edirdi: "Çingiz, birisi gün tamaşa var ha, unutma! İşdən bir az tez çıxarsan". Son illər gözünün nuru da getmişdi, bir gözü demək olar, görmürdü. Allah rəhmət eləsin, Telman Adıgözəlov cavan idi onda. Eynu tamaşada oynayırdılar. Babamı qrim otağından səhnəyə qədər Telman gətirirdi. Səhnəyə qədəm basandan sonra isə artıq özünü idarə edirdi, çünki həmin doğma səhnədə keçmişdi ömrü, hər addımına bələd idi.

 

Böyük sənətkarı narahat edən məsələ

İndiki kimi xatirimdədir, 1986-cı il idi, babam tamaşadan evə çox pərt qayıtmışdı. Hamımız narahat olduq, elə bildik özünə nəsə olub, ya da kimsə xətrinə dəyib. Səbəbini soruşduq, köks ötürüb: "Teatra maraq yoxdur daha, - dedi. - Heç zalın yarısı qədər tamaşaçı gəlmir, bu, öz yerində. Bəlkə də bunu keçmək olar. Məni narahat edən başqa məsələdir. Cavan aktyorlar tamaşaçının azlığından istifadə edib rola barmaqarası baxırlar, heç paltarlarını da dəyişmirlər. Klassik tamaşada səhnəyə cins şalvarda çıxırlar. Amma biz epizodik rol oynasaq belə, mütləq qrimlənirdik, paltarımızı dəyişirdik". Bir sözlə, bu epizod ona çox pis təsir eləmişdi.

- Məhz bu münasibət teatrı tənəzzülə apardı. Filmlərdəki rollarından hansını özü maraqla izləyirdi?

- Mən deyə bilmərəm ki, bir rolunu digərindən çox, yaxud az istəyirdi, hamısı ona maraqlı idi, amma kinoda son işlərindən biri "Mən mahnı qoşuram" filmindəki Abdulla kişi obrazı oldu. Kiçik rol idi. Çəkilişlər Qubada gedirdi. Atam onu maşınla Qubaya aparmışdı, bir həftəyə qədər çəkilişdə oldu, sonra mən də atamla onu gətirmək üçün Qubaya getdim və bir gün birlikdə çəkiliş qrupu ilə qaldıq. Amma "Bəxtiyar" filmini də, "O olmasın, bu olsun"u da, "Qızmar günəş altında"nı da maraqla izləyirdi özü.

- Onun kinoda ilk rolu "Qız qalası" idi, amma o film uğursuz işlərdən biri kimi unuduldu. Söhbət Ağasadıq Gəraybəylinin yaratdığı obrazdan getmir, ümumilikdə filmin özündən gedir. Özü "Qız qalası" ilə bağlı nəsə deyirdi?

Kinonun və teatrın Balaşı

 

- Haqqında danışdığım dəftərdə "Qız qalası" ilə bağlı da fikirləri var, amma onun kinoda ilk yaddaqalan işi "Sevil" filmindəki Balaş obrazı olub. Yəqin, qeyd etdiyiniz səbəblərə görə "Qız qalası" filmi haqqında çox da geniş məlumat yoxdur. Ümumiyyətlə, "Sevil" onun üçün doğma əsər idi. Tale elə gətirmişdi ki, babam teatr səhnəsində də Balaş obrazını yaratmışdı və səksəninci illərdə "Sevil" tamaşasında artıq Balaşın atası Atakişi rolunda səhnəyə çıxmışdı. Yaşımız az olduğundan böyüklərin söhbətində iştirak etmirdik, amma arada qulağımıza bəzi şeylər çatırdı. Bizə heç kəs deməmişdi böyük yeməyə başlamadan uşaq süfrəyə əl uzatmaz, amma biz bu distansiyanı gözləyirdik. İndi bəzən psixiatr kimi bunu düşünürəm, axı bunu ilk dəfə bizə kim belə başa salıb?! Görünür, nəsə tərbiyədən, mühitdən asılı bir şey olub. Böyüklər yığışıb söhbət edəndə qarışmazdıq, bir kənarda sakit oturub qalırdıq.      

- Bakıda Xaqani, 43-dəki o məşhur binada yaşayırdı Ağasadıq Gəraybəyli və tale elə gətirib ki, o binada böyümüş başqa varislərlə də görüşüb söhbət etmişəm. Oqtay Mir Qasım, Solmaz İbrahimova babanız haqqında xoş xatirələr danışıblar. Həyətdəki uşaqlarla necə mehriban olduğunu, onlara xoş sözlər dediyini söyləyiblər. Bəs nəvələri ilə necə idi arası?

- O, əvəzolunmaz baba idi. "...övladda nəvə" məsəli elə bil onun üçün deyilmişdi. Bizimlə nəfəs alırdı. Aramızda 70 yaş fərq vardı, amma biz dost idik. Tək mənimlə yox, bütün nəvələri ilə yaxın idi. Bir evdə qalırdıq. Uşaqlıqda futbola, xokkeyə maraq göstərirdim, amma səhər məktəbə getməliydim deyə, valideynlərim vaxtında yatmağımı tələb edirdilər, futbol-xokkey yarışlarını isə çox vaxt gecə saatlarında verirdilər televiziyada. Hamı yatandan sonra xəlvətcə məni oyadıb öz otağına aparırdı, kiçik ekranlı ağ-qara televizoru vardı, açırdı, mənə deyirdi bax, amma səsini al.

 

Hamı yatandan sonra

 

- Onun kinoda yaratdığı maraqlı obrazlardan biri də "Bəxtiyar" filmindəki Ağabaladır. Çox az rol olur ki, obrazın dialoqları sonradan xalq arasında zərb məsələ çevrilir... Filmdə məşhur bir epizod var, pişiyin üstünə oturmaq yeri. Bu barədə müxtəlif fikirlər gəzir. Hətta guya rejissor Lətif Səfərov pişiyi Ağasadıq Gəraybəylidən xəbərsiz qoyub kresloya.

- Amma dediyiniz kadrla bağlı başqa şey də eşitmişəm. Pişiyi heç cür kresloda saxlaya bilmirlər, hər dəfə vaxtından tez atılırmış yerindən və kadr alınmırmış. Sonunda rejissorun təklifi ilə kresloya valerian məhlulu töküblər və bu dəfə pişik axıra qədər qalıb və nəhayət, kadr alınıb. Sonra o "ventilyator" epozodu. Soyuq vaxtı çəkilişlər gedib və yenə epizod alınmırmış. Babam həm dublların təkrar olunmasından, həm də soyuqdan bezdiyi üçün sərinkeşə qapaz vurur və bu kadr da alınır.

Babamla tez-tez bulvara gəzməyə çıxırdıq. Adamlar onu görəndə "Namuslu zəhmətkeş Ağabala Hüseynov", "Atova lənət "Kirpi", "Axı biz nə edə bilərik, Ağabala", "Hüseynova bacıları", "Pulumu-pulumu..." və s. sözləri deyirdilər.  Elə bilirdim bu onun xoşuna gəlmir, amma üzünə baxanda məmnun olduğunu hiss edirdim. Görünür, bu, tamaşaçı tərəfindən əsl aktyorun peşəkarlığına verilən dəyərdir. 

- Məncə, filmlərin birində qızı da onunla çəkilib. Sonradan davam etdimi bibinizin bu sənəti?

 

Qızı ilə eyni filmdə

 

- Bəli, "Qızmar günəş altında" filmində bibim Zemfira Gəraybəyli də çəkilib, amma davam eləmədi, bu onun ilk və son filmi oldu.

- Böyük rejissorumuz Hüseyn Seyidzadənin ekranlaşdırdığı "O olmasın, bu olsun" filmi milli kino tariximizin klassik işlərindəndir və orada baş rollardan birini də babanız yaradıb. Rüstəm bəy obrazı ilə Ağasadıq Gəraybəylinin xarakterində nəsə bir yaxınlıq, doğmalıq vardımı? Üstəlik, həmin ekran işi ötən əsrin 50-60-cı illərində yaşayıb-yaratmış korifey sənətkarlarımızın siması haqqında dolğun təsəvvür yaradır. Sanki bir hərəkətli ensiklopediyadır. 

- Çox böyük işdir o film. Əlbəttə, yaxınlıq var idi. O da ailəsini hər şeydən üstün tuturdu. Özünə də, ətrafındakılara da münasibətdə ciddi idi, tələbkar idi. 

- Tələbəlik illərimizdə vaxtaşırı teatra gedir, böyük sənətkarlarımızın söhbətlərini dinləyirdik. Ağasadıq Gəraybəylinin yanında dayanıb, söhbətlərini dinləmək möhtəşəm idi. Sanki onda Ərəblinskinin, Cahangir Zeynalovun, Mirmahmud Kazımovskinin aurası vardı. Və mən onun 90 illik yubileyini xatırlayıram.

 

Səhnəmizin kralı

 

Səhnənin sağında taxt qurulmuşdu, dövrün gözəl aktrisaları Zemfira Nərimanova ilə Firəngiz Mütəllimova hərəsi bir əlindən tutub onu taxtda əyləşdirdilır. Çox isti bir tədbir keçdi və Ağasadıq müəllim bəlkə də son dəfə səhnədə Knyaz Usmiyevin əmisini canlandırdı. Bilirdik gözləri görmür. Ona sadəcə taxtdan enməyə kömək etdilər, ayağı səhnəyə toxunan kimi öz nəhəngliyini, böyüklüyünü, əvəzolunmazlığını geri qaytardı və gözəl bir obraz canlandırdı. Səsi hələ də qulaqlarımdadır. Ruhu şad olsun.

Ağasadıq Gəraybəylinin dostları kim idi bəs? Artıq onun yaşında sənətkar qalmamışdı...

- Bir qədər əvvəl qeyd etdiniz, bizim binada məşhurlar yaşayırdılar. Bizim blokda ikinci mərtəbədə M.S.Ordubadi, onunla üzbəüz mənzildə Bülbül, üçüncü mərtəbədə heykəltəraş Sabsay və Mirəsədulla Mirqasımov qalırdı. Dördüncü mərtəbə bütünlüklə Mirzə İbrahimovun idi, beşinci mərtəbədə isə Süleyman Rüstəm və biz qalırdıq. Süleyman Rüstəmlə yaxın dost idi. Hər ikisi bağ həvəskarı olduğundan bir-birini təzə bağ meyvəsinə qonaq edirdilər. Eyvanlarımız arasında açıq məhəccər vardı, çox vaxt biz uşaqlar elə eyvandan keçərdik bir-birimizin evinə. Atam eyvanda kabab çəkirdi, mütləq iri bir boşqabla Süleyman müəllimgilə pay gedirdi, ya da əksinə, Süleyman Rüstəmin oğlu Azad müəllim kabab çəkirdisə, mütləq bizim payımızı göndərirdi.

O eyvandan bu eyvana

 

Həmin məhəllədə Adil İsgəndərov, Müslüm Maqomayev də yaşayıb. Atam bir vaxtlar nəvə Müslüm Maqomayevlə həyətdə futbol oynayırmış. Mən dəfələrlə pillələri enəndə Polad Bülbüloğlunun evdə piano çaldığını eşitmişəm. O vaxt insanlar arasında çox səmimi münasibət vardı.

- Babanızın maraq göstərdiyi başqa bir iş, ya da nəsə bir hobbisi vardımı? 

- Hə, dediyim kimi bağ həvəskarı idi. Üstəlik, yaxşı dülgərlik bacarırdı. Masalar, kətillər, dolablar düzəldirdi. Laklayırdı onları, rəngləyirdi. Dülgərə lazım olan yaxşı alətləri vardı. Bütün kiçik təmir işlərini özü görürdü. Hətta bir dəfə mənə demişdi ki, bu işləri görməklə başımı qatıram, fikrim dağılır, sakitləşirəm. Bağa maşınla getmək üçün atam hər dəfə işdən icazə ala bilmirdi. Bu səbəbdən babama qoşulub metro ilə indiki "Koroğlu" stansiyasına qədər gedir, oradan 73 saylı marşrutla Pirşağıya üz tuturduq. Bir-iki saat bağda meynələrə qulluq edir, ağaclara baxırdı, samovar çayı dəmləyib bir-iki stəkan içirdi, sonra eyni yolu həmin qayda ilə geri qayıdırdıq.    

- 90 illik yubileyindən bir qədər sonra Azərbaycan incəsənəti çox böyük bir insanı itirdi və bu boşluq o dəqiqə hiss olundu. Bəs siz ailədə bu itkini necə yaşadınız?

- Biz də çox doğma bir insanı itirdik. Böyüyümüzü, dostumuzu, sirdaşımızı itirdik. Bizə həmişə yol göstərən bir adamı itirdik. O bizə heç vaxt nəyisə məcbur etmirdi. Hamımız rus bölməsində oxumuşuq, çünki o vaxt dəb idi, nədənsə. Amma babam sadəcə, evdə qoymazdı rus dilində danışaq. Rus kanallarında ancaq xəbərləri izləyərdik. Bunu niyə belə etdiyini sonradan dərk etdik. Balaca idik hələ, onun altı nəvəsi vardı. Bir dəfə bağda valideynlərimiz bizi həyətdən evə çağırdılar, dedilər baba bizi külafirəngidə gözləyir. İri masa düzəltmişdi özü, bütün ailə ətrafına toplaşa bilirdi.

 

"Ədəbiyyat və incəsənət"dəki dəvələr haqqında

 

"Ədəbiyyat və incəsənət" qəzetini gətirib qoydu qabağımıza və məcbur elədi ki, hərəmiz heç olmasa bir abzas oxuyaq. Dəqiq xatırlamıram, deyəsən, dəvələr haqqında hekayə idi. Yay tətilini bəhanə gətirib oxumaq istəmirdik, dedi ki, siz ana dilində yaxşı danışmalısınız, ona görə də mütləq bunu oxuyacaqsınız. Əlbəttə, höccələyə-höccələyə oxuduq.

- Belə başa düşürəm ki, ailədə onun yolunu davam edən olmadı.     

- Çox istəyirdi mən onun yolunu davam etdirim. Özümün də həvəsim vardı, çünki uşaqlıqdan onun mühitində böyümüşdüm. Nənəmsə qəti istəmirdi bunu. Deyirdi, bir aktyorumuz var, bəsdir. Bibixanım nənəm məşhur Bakı milyonçusu Hacı Şıxəli Dadaşovun qızı idi. Çox xanım-xatın qadın idi. Məktəbdə özfəaliyyət dərnəyinə yazılmışdım, amma yuxarı siniflərdə birdən fikrimi dəyişdim və tibbi, özü də psixiatriyanı seçdim. Çünki psixiatriyada cərrahiyyə ilə müqayisədə yaradıcılığa daha çox ehtiyac var.

 

Milyonçunun kürəkəni

 

- Ağasadıq Gəraybəyli demək olar ki, uzun bir ömür yaşadı və bu ömrü şərəflə yaşadı, əqidəsinə, məsləyinə sadiq yaşadı. Bu ömrün içində yaddaqalan məqamlar da çox olub yəqin. Və xalq onu sevirdi.

- Bəli, onu xalq da sevirdi, dövlətin diqqətini hər zaman öz üzərində hiss edirdi. O vaxt 10 yaşım olsa da yaxşı xatırlayıram 1977-ci ili, onun 80 illik yubileyini. Bir gün Mərkəzi Komitədən zəng vurub dedilər ki, ulu öndərimiz babamla danışmaq istəyir. O vaxt ulu öndər respublikanın birinci katibi idi. Atam işdə olduğundan babam həyəcanla zəng vurub bildirdi ki, tez evə gəlsin. Atam vaxtında gəlib çata bilmədi. Babam çox həyəcanlı idi. Telefon çox evdə dəhlizdə olurdu. Orada telefonla danışarkən oturmaq üçün kreslo vardı. Babam həmin kresloda oturub, ulu öndərin zəngini gözləməyə başladı. Bizi mane olmamaq üçün otaqlara salıb qapını bağlamışdılar. Uşaq marağı, qapının arasından baxırdıq. Zəng gələn kimi babam ayaq üstə dayanıb ulu öndərlə xeyli danışdı.

 

Ulu öndərlə ayaq üstə danışdı

 

Gözləyəndə oturmuşdu, amma danışanda ayaq üstə idi. Ulu öndərimiz 80 yaşı münasibətilə onu səmimi təbrik etdi və sonra özünəməxsus şəkildə qayğıları ilə maraqlandı. Bibim, sizin də tanıdığınız Rüfət müəllimin anası tez dünyasını dəyişdiyindən onlara babamla nənəm baxırdı. Babam dedi ki, bəs uşaqların mənzil şəraiti yaxşı deyil. Elə bunu dedi və qısa müddətdən sonra üzü Azadlıq meydanına baxan binadan babama ev verdilər. Babam ömrünün son illərini həmin evdə yaşadı. İndi də Rüfət müəllim qalır o evdə. Əlbəttə, bu diqqət təkcə babama deyildi. Babamın simasında bütün gəraybəylilərə olan dövlətin və onun rəhbərinin diqqəti idi. Dövlət başçısı ona "QAZ 24" markalı maşın da vermişdi. Bu onun üçün ən böyük diqqət, ən dəyərli hədiyyə idi.

 

Rus əsgəri onun tabutunu açıb baxmaq istədi

 

Rüfət müəllimin toyu 1988-ci ilin noyabr mitinqlərinə təsadüf etmişdi. 17 noyabrda toy oldu və o vaxt meydan qaynayırdı. Beləcə, hadisələr dekabrın 4-nə qədər davam etdi və 5-nə keçən gecə meydandakı insanları dağıtdılar, Bakıda komendant saatı elan olundu. Nənəm danışırdı: o gecə babam çox narahat olub. Ümumiyyətlə, Qarabağ problemi başlayan andan o, böyük narahatlıq keçirmişdi, çünki 1915-ci ildə ermənilərin Bakıda törətdikləri qırğını görmüşdü. Tez-tez eyvana çıxıb, meydana, ora toplaşmış adamlara baxırmış. Həmin gün infarktdan dünyasını dəyişdi. Komendant saatı olduğundan onu dəfn etmək də çətin idi. Məscidə aparanda bir neçə dəfə maşını saxlayıb yoxladılar. Hətta bir dəfə tabutu açıb baxmaq istədilər. Böyüklərimizdən kimsə başa sala bildi ki, bu müsəlman adətində yasaq bir şeydir. Nəsə, uzun çək-çevirdən sonra yanımıza bir əsgər salıb Fəxri xiyabana getməyimizə icazə verdilər. Komendant saatı olmasına baxmayaraq, xiyabanda böyük izdiham var idi. SSRİ Xalq artisti Lütfiyar İmanov onun məzarı üstə "Sənsiz" romansını oxudu. Amma həyətdə mağar qurub, yas mərasimi keçirməyimizə icazə vermədilər.

 

 

1897-ci ildə yazında Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şamaxıda dünyaya gəlmişdi. 1902-ci ildə Şamaxıda baş vermiş güclü zəlzələdən sonra valideynləri övladlarını da götürüb Bakıya üz tutmuşdu. Balaca Ağasadıq burada Əlisəttar və Heyran xanımın himayəsində... 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!