"Varislər"in bugünkü qonağı ötən əsrin altmışıncı illərində ədəbiyyata gəlmiş məşhur satirik şair, maraqlı və sevilən komediyalar müəllifi, dramaturq, jurnalist Rüfət Əhmədzadənin varisi A.Şaiq adına Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadədir.
Gecə döyülən qapılar
1933-cü ildə Bakıda, dövrünün tanınmış ziyalısı, maarifçisi, şairi, dövlət xadimi Zülfüqar Əhmədzadənin ailəsində dünyaya gəlib. Zülfüqar Əhmədzadə talış ədəbi dilinin formalaşmasında xüsusi xidmətləri olan adam idi. İlk dəfə latın qrafikası ilə talış əlifbasının yaradılması onun adı ilə bağlıdır.
Atası Stalin repressiyasına məruz qalıb, xalq düşməni adı ilə həbs edilərək uzaq Sibirə sürgünə göndəriləndə oğlu Rüfətin cəmi 5 yaşı vardı. O dövrdə qara, dəri gödəkçəlilər əksər ailənin qapısını gecə saatlarında döyürdülər. Bir gün çağırılmamış qonaqlar onların da evinin kandarını kəsdirdilər. Sevimli atası əlindən alanın balaca Rüfət dünyalar qədər sevdiyi adama ümidlə baxaraq, "nə vaxt qayıdacaqsan?" - soruşdu. Zülfüqar Əhmədzadə beş yaşlı oğlunun saçlarını sığallayaraq: "Qayıdacağam, oğlum! Tez qayıdacağam", - deyib evi tərk etdi. Amma o, bir daha geri qayıtmadı. Balaca Rüfət ömrü boyu bu həsrətlə, bu ağrı ilə yaşadı və onu incidən, ona əzab verən ağrılara üsyan edərək, atasını ondan alan quruluşu öz satirik şeirləri ilə qamçıladı. Onun hədəfində bu quruluşun hər zümrəsindən olan əliəyri, kələkbaz, xəyanətkar, riyakar, saxtakar ünsürü vardı. O, yazdığı şeirlər, qələmə aldığı komediyalar, qurduğu səhnəciklərlə milyonlarla rüfətkimilərə ata acısı, ata həsrəti yaşadan sovetlərin imperiya siyasətinə meydan oxuyur, bu siyasətin ocağına odun atanları qılıncdan kəsərli sözləri ilə qamçılayırdı.
Bəli, onun ömrü hamar keçmədi. Hələ yeniyetmə yaşlarından ailəyə kömək etmək üçün işləməli oldu. Atası həbs olunub sürgünə göndərildikdən sonra bolşevik təqiblərindən qorumaq üçün bir müddət anasının ata yurdunda, Balakəndə yaşadılar. Ara sakitləşdikdən sonra Bakıya qayıdan ailə ağır həyat şərtləri altında yaşamağa məhkum oldu, lakin möhkəm iradəsi, sarsılmaz qətiyyəti Rüfət Əhmədzadəni həyatın bütün sınaqlarından üzüağ çıxartdı. Az sonra qarşısına yaxşı adamlar çıxdı, üzünə qapılar açıldı, dostlarının, qələm yoldaşlarının sevimlisi oldu və ən əsası, ilhamı ona heç vaxt xəyanət etmədi. O öz dövrünün ən yaddaqalan satirik şeirlərini qələmə aldı. Bu gözəl insan, səmimi dost, unudulmaz ata, ilhamlı şairin varisi Rəşad Əhmədzadə ilə onun iş otağında görüşdük.
Xalqın şairi
- Rəşad bəy, söhbətimiz unudulmaz şair, dramaturq Rüfət Əhmədzadə haqqında olacaq, amma gəlin bir qədər irəli gedək, babanız Zülfüqar Əhmədzadədən başlayaq. Çünki çox yaxşı xatırlayıram, Cənub zonasında hələ də babanızın talış dilində yazdığı şeirlər xatırlanır və maraqlı cəhət odur ki, bu şeirlər xalq arasında dildən-dilə, nəsildən-nəslə keçir. Necə oldu ki, xalq düşməninin oğlu ədəbiyyata gəldi?
- Fürsətdən istifadə edib "Ədəbiyyat qəzeti" kollektivinə babamı, atamı yada saldığı üçün təşəkkür etmək istəyirəm. Belə gözəl layihəyə görə sağ olun. İmkan düşdükcə maraqla oxuyur, böyüklərimizin, unudulmaz şəxsiyyətlərimizin həyat yolu haqqında məlumat alırıq.
Necə oldu Rüfət Əhmədzadə ədəbiyyata gəldi? Məncə, heç kəs qarşısına məqsəd qoymur ki, şair, ya da yazıçı olacaq. Bu, istedad məsələsidir. İnsan yaradıcılıqdan başqa istənilən işə, peşəyə qarşısına məqsəd qoyaraq nail ola bilər. Rüfət Əhmədzadəyə bu istedad yəqin, genlə keçib, dediyiniz kimi, atası Zülfüqar Əhmədzadə dövrünün tanınmış ziyalısı, şairi olub.
Babam 1938-ci ildə həbs edilib. 2018-ci ildə babamın 120 illik yubileyi oldu. Qeyd etdiyiniz kimi, Cənub zonasında bu gün də onu xatırlayanlar, şeirlərini əzbərdən deyənlər var.
- Tamamilə doğrudur. Nənəm sinədəftər qadın idi, çoxlu bayatı, nəğmə bilirdi və mən onun dilindən dəfələrlə Zülfüqar Əhmədzadənin "Traktor", "Pioner" şeirlərini eşitmişdim. Çox qəribədir, həmin şeirlər indi də yadımda qalıb.
- Bu yaxınlarda Milli parkda bir nəfərlə qarşılaşdım, söhbət etdik, tanış olduq. O da öz tələbələrini təqdim etdi. 18-19 yaşları olardı. Cənub zonasından idilər, kim olduğumu öyrənən kimi babamın şeirlərini söylədilər. Görün babamın ölümündən neçə il keçib?! Amma bu gün də xatırlanır və bu, çox qürurverici məqamdır. Əgər bir şairin, yaradıcı adamın yaradıcılığını xalq qoruyursa, bu, ikiqat qürur veirir.
Mir Cəfər Bağırov zalı niyə tərk etdi?
Zülfüqar Əhmədzadə təhsil fəalı, maarifçi kimi öz dövründə müəyyən partiya vəzifələri daşıyıb. Laçında, Zaqatalada, Ağdamda partiya işində çalışıb. Astara Rayon İcraiyyə Komitəsinin sədri olub, bir neçə dildə sərbəst danışıb. Atası müəllim olub, o da bir neçə dili bilib.
Atam çox çox gənc yaşlarından yazmağa başlayıb. Stalin dövründə atam xalq düşməninin oğlu olmağının bütün ağrılarını, məhrumiyyətlərini hiss edib, yaşayıb. Maraqlı bir əhvalat danışmışdı. Təxminən 6-cı sinifdə oxuyarkən məktəblərində ziyalılar, partiya aktivləri ilə görüş keçirilib, Mir Cəfər Bağırov da həmin tədbirdə iştirak edib. Məktəb rəhbərliyi yaradıcı uşaqlara öz şeirlərini söyləmək imkanı yaradıb. Atam da qalxıb, yazdığı şeiri söyləyib. Atam şeiri söyləyəndə M.Bağırovun dodaqları qaçıb, gülümsəyib və atamla maraqlanıb, onun adını soruşub. Deyiblər 6-cı sinif şagirdi Rüfət Əhmədzadədir. Tez yanındakı adamdan: "O Əhmədzayə bunun dəxli var?" - soruşub. Deyiblər, onun oğludur. Cavabı eşidən kimi dodaqlarındakı təbəssüm itib, zalı tərk edib.
Atam ümumiyyətlə, yaşadığı çətinliklər, məhrumiyyətlər haqqında danışmağı xoşlamırdı. Amma demək olar, ömrünün yarısını xalq düşməninin oğlu kimi yaşamağa məhkum olmuşdu. Əlbəttə, nə qədər iradəli, nikbin adam olsa da, bu təzyiqlər onun sağlamlığından təsirsiz keçmədi. Hələ lap cavanlığından hipertoniyadan əziyyət çəkdi, həmişə yüksək qan təzyiqi ilə yaşadı. Doğrudur, heç vaxt nədənsə şikayət etdiyini eşitmədik, amma yaşadıqlarının müəyyən hissəsi gözlərimiz qarşısında baş verirdi. Yaşadığı ağır anları da bəzən özünəməxsus ovqatla danışırdı.
Bakıdan Balakənə
Atası həbs ediləndən sonra ailənin həm maddi durumu ağırlaşıb, həm də təzyiqlər olub onlara. Zülfüqar Əhmədzadənin üç övladı olub: iki qız, bir oğlan. Nənəmiz milliyyətcə əsli Balakən rayonundan olan avar qızı idi. Həyat yoldaşı həbs olunan qadın ailəsini və əsas da övladlarını xilas etmək üçün bir müddət uşaqları da götürüb Bakıdan Balakənə, öz dədə-baba yurduna gedib, atam ibtidai sinfi Baləkəndə oxuyub. Sonra yenidən Bakıya qayıdıblar və atam qalan bütün ömrünü burada yaşayıb.
Təsəvvür edin, universitetə daxil olmaq üçün bir neçə il ard-arda sənədlərini verib, müsabiqəyə qatılıb və hər dəfə əla cavab verməsinə baxmayaraq, xalq düşməninin oğlu olduğu üçün ona qiymət yazmayıblar. Hətta bir dəfə imtahan götürən qadın müəllimlərdən biri deyib ki, bu uşaq bütün cavabları "əla" verir, hər şeyi əzbər bilir, mən bunu necə kəsim? Və guya yaxşılıq edib, ona "üç" yazıb. Atam etiraz edib, deyib, bir qədər əvvəl özünüz söylədiniz ki, hər şeyi əzbər bilirəm, niyə "üç" yazırsınız? Qadın qəzəblənib deyib, gərək səni ümumiyyətlə, kəsəydim. Atam imtahan kağızını cıraraq zalı tərk edib.
- Belə bir atmosferdə yaşamaq çox çətindir. Bütün bunlar adama psixoloji zədələr vurur, sarsıdır, həvəsdən salır, amma mənim tanıdığım, yaradıcılığına bələd olduğum Rüfət Əhmədzadə həmişə öz nikbinliyi ilə seçilib, öz kəskin satiraları ilə yadda qalıb, diqqətçəkən yumorları ilə xatırlanıb.
Həmişə depressiyada olan adam
- Bəli, atam yaşadığı bütün təzyiqlərə qarşı mətanətli olub. Təsəvvür edin, ata gedəndən sonra evdə yeganə kişi o qalıb. Uşaqlar arasında atam ortacıldır. Ailəni saxlamaq üçün 13 yaşında səyyar kinomexaniklik edib. Təsadüfən xatirə yazırdı. Hərdən: "Bəzən mənə elə gəlir ki, anadan olduğumdan bəri depressiyada olmuşam". Təbiət etibarilə çox sakit adam idi, amma yazılarına diqqət edəndə görüsən, bu adamın yaradıcılığı ilə xarakteri ziddiyyət təşkil edir. Sakit, təmkinli olmağa çalışırdı, amma kiminsə ona yalan deməsini heç vaxt götürməzdi. Ümumiyyətlə, yalanla arası yox idi. Kimliyindən asılı olmayaraq, düşündüyü və haqlı bildiyi fikri adamın üzünə deyirdi.
- Sözün düzünü deyən kəslərə el arasında "qırmızı adam" deyilir və elələrini çox vaxt qəbul etmirlər, onlardan uzaq durmağa çalışırlar. Yəqin, bu xüsusiyyətlərinə görə Rüfət Əhmədzadəni sevməyənlər də az olmayıb. Bu keyfiyyətlər ona şəxsi problemlər də yaradıb, yəqin.
- Bilmirəm şəxsi problem deyəndə nəyi nəzərdə tutursunuz.
- Adam 33 il sərasər "Kirpi" jurnalının əməkdaşı olub. Korrektorluqdan baş redaktor müavininə qədər gedib çıxıb, amma bir neçə dəfə baş redaktor yeri boşalsa da, bu vəzifəyə başqaları gətirilib. Məncə, bu görməzdən keçmək təsadüfi olmayıb.
Eləcə redaktor müavini
- Hə, "Kirpi" ilə bağlı bir şey deyim. Jurnalın elə dövrləri olub ki, onun ərsəyə gəlməsində əsas rolu atam oynayıb və məhz onun sayəsində jurnal öz səviyyəsini və avtoritetini qoruyub. Bəlkə bir qədər də uzun ömür sürsəydi baş redaktor olardı. Atam dünyasını dəyişəndə heç bir fəxri adı, mükafatı olmayıb, amma əsl ədəbiyyat, mətbuat fədaisi idi.
- Məncə, ən böyük mükafat xalq sevgisidir və onun əsərləri xalq tərəfindən sevgi ilə qarşılanırdı. Mən bunu indi də xatırlayıram. Onun satirik şeirləri efirdən səslənəndə maraqla qarşılanırdı. Müəllifi olduğu tamaşaların afişaları maraqla gözlənilirdi.
- Əmək fəaliyyətinə 1980-ci ildə Musiqili Komediya Teatrında başlamışam. Teatrda gözətçi işləyən yaşlı adam vardı. Bir dəfə mənə dedi ki, uzun illərdir bu teatrda işləyirəm, amma dəqiq bilirəm, tamaşaçılar teatrın şüşələrini iki dəfə sındırıblar: birincisi Dövlət Akademik Dram Teatrı bu binada işləyəndə S.Vurğunun "Vaqif" tamaşasında, bir də Rüfət Əhmədzadənin "Sizin ilə gülə-gülə" tamaşası gedəndə. Sözlərinizdə böyük həqiqət var. Bir neçə gündən sonra atamın dünyasını dəyişdiyi vaxtdan 32 il ötəcək və əgər bir müəllif yoxluğunun 32 ilində sevgi ilə, hörmətlə xatırlanırsa, haqqında ancaq xoş sözlər deyilirsə, demək, bu, istənilən mükafatdan dəyərlidir.
Teatrın şüşələrini niyə sındırdılar
Sağlığında 11 kitabı işıq üzü görmüşdü. Latın qrafikası ilə kitabı olmadığı üçün ölümündən sonra qardaşımla birgə onun əsərlərini toplayıb, kitabını nəşr etdirdik. Musiqili Komediya Teatrında 4 tamaşası gedib. Azərbaycan Televiziyası da onun bir pyesini teletamaşa şəklində çəkib.
- O dövrdə xeyli aktyor onun yazdığı parodiyaları televiziyada ifa etməklə məşhurlaşmışdı.
- Azərbaycan Televiziyasının "Səhər görüşləri" proqramı 70-80-ci illərdə hər kəsin bazar günləri səbirsizliklə gözlədiyi veriliş idi. Bəlkə də bunu mənim qeyd etməyim doğru olmaz, amma fakt faktlığında qalır. Proqramın yaradıcıları günlərlə atamın ssenarisini gözləyirdilər. Əslində, elə "Sizin ilə gülə-gülə" pyesi də həmin verilişin fonunda yarandı. Xalq artisti Hacıbaba Bağırovun təşəbbüsü ilə atam proqramda gedən müxtəlif parçaları vahid süjet halında işləyib pyes şəklinə saldı və hesab edirəm ki, uğurlu tamaşa alındı. O dövrdə indiki Heydər Əliyev Sarayında teatr tamaşaları getmirdi, ilk olaraq "Sizin ilə gülə-gülə" o səhnədə oynanıldı. Ayda azı 2-3 dəfə saray rəhbərliyi tərəfindən təklif gəlirdi ki, həmin tamaşa o səhnədə oynanılsın. Tamaşa eyni zamanda, Musiqili Komediya Teatrının səhnəsində göstərilirdi. Məkanından asılı olmayaraq harada oynanılsa anşlaqla keçirdi. Yəni atamla Hacıbaba Bağırovun iş birliyi alınırdı və o zamanın tamaşaçısı bu işdən məmnun idi, zövq alırdı.
"Səhər görüşləri"
Atamın "Səhər görüşləri"nə yazdığı səhnəcikləri dövrün korifeyləri ifa edirdilər: Nəsibə xanım, Əliağa Ağayev, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal... Tamaşaçı sevirdi o səhnəcikləri.
- Cənub zonasında indi də bir fikir gəzir: guya Zülfüqar Əhmədzadənin həbs olunmasına, sürgünə göndərilməsinə səbəb Leninə həsr etdiyi şeir olub. Talış dilində yazılmış o şeirin bir hissəsi indi də xatirimdədir: "Lenin rəhbərimizdir, O, dünyaya bərabərdir...". Şeirdə bir vurğu doğru vurulmayanda Lenini o biri dünyaya bərabər etmək olur. Zülfüqar Əhmədzadə ağıllı adam olub, məncə, burada müəyyən qədər həqiqət var.
- Əslində, o fikri mən də eşitmişəm, elə deyirlər, ancaq məncə, burada həqiqət yoxdur. Zülfüqar Əhmədzadənin adı "qara siyahı"ya onun öz fəaliyyəti və çıxışları, yazıları sayəsində düşüb. Adam partiya plenumunda, rusların, ermənilərin içində qalxıb, məsələ qaldırıb ki, niyə Azərbaycanda yüksək partiya rəhbəri vəzifələrində ruslar, ermənilər təmsil olunmalıdırlar?
Niyə ruslar və ermənilər
Təsəvvür edin, ölkəni mərkəzdən ruslar idarə edir, ermənilər xərçəng kimi hər tərəfə kök salıb və sadə bir azərbaycanlı ziyalısı yüksək kürsüyə çıxıb belə bir çağırış edir. Bildiyimiz kimi, 1920-ci ildən 1933-cü ilə qədər Azərbaycan KP Mərkəzi Komitəsinə qısa müddət Mirzə Davud Hüseynov, bir ilə qədər Ruhulla Axundov rəhbərlik edib. Qalan bütün rəhbərlər rus, gürcü və ermənilər olublar. Məhz babamın plenumdakı o məşhur çıxışından sonra Mir Cəfər Bağırov rəhbər təyin edilib. M.Bağırov Moskvanın tapşırığı ilə işləyən adam olub və əgər Zülfüqar Əhmədzadənin çıxışı rus-erməni rəhbərliyinin ürəyincə deyilsə, təbii, onu elə Mir Cəfərin əli ilə aradan götürəcəkdilər. Həbs olunduğu gün babam evə gələndə nənəmə sakitcə deyib ki, küçədə Mir Cəfərlə qarşılaşdım, kefimi soruşdu, dedi Əhmədzadə necəsən? Bağırovla babam əvvəldən bir-birini tanıyıb. Nənəm babamın sözlərini adi qarşılayıb, deyib burda nə var axı, adam səndən hal-əhval xəbər alıb da. Babam soyuqqanlıqla söyləyib ki, sən hazırlığını gör, bir torbaya dəyişək, əyin-baş yığ, yəqin, axşam gəlib məni aparacaqlar.
Nənəm uzun ömür sürdü, təxminən 95 yaşında dünyasını dəyişdi və hərdən xatirələrini danışırdı. Balakəndə keçirdikləri günləri, Bakıya qayıtdıqdan sonra üzləşdikləri çətinlikləri, babamdan aldığı məktubları, o məktublarda babamın bəraət ümidi ilə yazdığı sözləri yada salırdı. Babam son ana qədər azad olunacağına inanıb. Nənəmin müraciətlərinə burada "hər şey yaxşı olacaq" kimi cavablar verilib.
Ayrılıqlar bitəcək
Hətta nənəm Zülfüqar Əhmədzadənin Marinsk şəhərində, sürgündə dünyasını dəyişdiyi xəbərini aldıqdan sonra da bu xəbərə inanmayıb, bir gün babamın qapını döyüb evə gələcəyini gözləyib, sadəcə, ömrünün sonlarında tez-tez deyirdi ki, "görüşməyimizə az qaldı". Babamın sürgündən göndərdiyi məktubları nənəm əziz xatirə kimi qoruyurdu.
- Rüfət Əhmədzadə az da olsa lirik şeirlər yazıb, amma onun yaradıcılığında satirik şeirlər üstünlük təşkil edir. Bu həm də uzun illər "Kirpi" jurnalı ilə əməkdaşlıq etməsi ilə bağlıdır. Baş redaktor müavini kimi aldığı yüzlərlə məktubda dövrün antipodları, saxtakarları, oğru mağaza müdirləri, əliəyri məmurları ilə tanış olur və onların obrazını yaradır. Belə insanlar cəmiyyət üçün təhlükəli olduğu qədər, elə Rüfət müəllimin şəxsi üçün də təhlükəli olublar yəqin. Pul var, imkan var, istənilən pisliyi edə bilərdilər. Çəkinmirdi belə şeylərdən, qorxmurdu özünə düşmən qazanmaqdan?
- Heç vaxt atamda nəsə bir qorxu, çəkinmək hiss etməmişəm. Əgər özü üçün doğru bildiyi bir şeydən yazırdısa, onun necə qurtaracağını düşünmürdü. Bunu özünə borc bilirdi. Doğru qeyd etdiniz, lirik şeirlər də yazırdı, amma əsas janr onun üçün satira idi. Bir dəfə unudulmaz bəstəkarımız Emin Sabitoğludan təklif gəldi, atam dedi ki, satiradırsa mən, lirikadırsa Rüfət (oğlu - Ə.Q.) yazar. Məhz o söhbətdən sonra Emin müəllimlə Zülfüqarın bir neçə yaddaqalan mahnısı yarandı. Atamın yaradıcılıq prosesi çox sadə idi. Hər hansısa şeiri, bəhri-təhvili, pyesi yazmaq üçün heç vaxt bir otağa çəkilib sakitlik içində işləməzdi, divanda oturur, dəftərçəsini dizi üstə qoyub yazırdı, biz də eyni otaqda televizora baxırdıq. Üçotaqlı evimizdə üç oğlan uşağı böyüyürdü. Kiçik otaqda həm onun kitab rəfləri, həm də balaca iş masası vardı, amma heç vaxt həmin otaqda oturub yazı yazmayıb. İlk oxucusu isə anam olurdu.
Hər kənddə, hər şəhərdə...
Maraqlı adam idi. Bütün bölgələrimizi sevirdi, hər yerdə yaxın dostu vardı. Meşələri, cığırları tanıyırdı. Bölgələrimizin adət-ənənələrini, ləhcəsini, mətbəxini, tarixini bilirdi. Hansı rayonda olur-olsun, onu can-başla qarşılayırdılar. Qazanmışdı bu sevgini. Az qala hər həftəsonu harasa gedirdik.
Atam 55 yaşında dünyasını dəyişdi və bu 55 ilin 33 ili məhz "Kirpi" jurnalında keçdi. Əvəz Sadıq baş redaktor olanda atamı korrektor kimi işə dəvət edib. Atam ali məktəbə yalnız babamız bəraət aldıqdan sonra qəbul oluna bilib, tələbə olandan başlayıb "Kirpi"də işləməyə. Amma o vaxt mətbuatda şeirləri çap olunurmuş, yəni dar çərçivədə olsa belə, imzasını tanıtmışdı. Korrektorluqdan başlayaraq redaktor müavini vəzifəsinə qədər pillə-pillə qalxmışdı. Bu jurnal onun həyatının yarısı idi. Bu gün də evdə, onun arxivində jurnalın üzlənərək səliqə ilə tikilmiş nüsxələri qalır.
- "Kirpi"də işləyəndə yəqin, ona rüşvət təklif edənlər olub. Bu barədə nəsə danışırdı evdə? Bildiyim qədərilə rayonlara ezam olunan əməkdaşlar arasında əliboş qayıtmayanlar varmış. Sizin üçün normal şərait yaratmışdılarmı?
...İstəsəm də verməzlər
- Ölümünə yaxın bir dəfə evdə zarafatla dedi: "İndiyə qədər rüşvət almamışam, indi istəsəm də verən olmaz". Jurnalın rəhbər vəzifələrində olanlar bir-birinə etibar edirdi, çox yaxşı münasibət vardı aralarında. Xatırlayıram Seyfəddin Dağlının redaktor olduğu dövrləri. Çox yaxın idilər.
Normal şərait dedikdə, 1969-cu ildə üçotaqlı mənzil vermişdilər atama, indi mən yaşayıram orada. Özü da həmin evdə dünyasını dəyişdi, anam da. Yəni gedib kimdənsə nəsə xahiş edən, nəsə istəyən adam deyildi.
- Rüfət Əhmədzadə necə ata, necə ailə başçısı idi? Bir ata kimi razı idinizmi ondan? Sizə öz sevgisini göstərə bilirdimi? Heç qışqırıbmı üstünüzə, nəyəsə görə danlayıbmı sizi?
- Bir anlıq üç oğlan uşağının bir evdə böyüməsini təsəvvür edin. Ortancılımız Vüqar bir az sakit idi. Zülfüqar böyüyümüz idi, mənsə evin kiçiyi və ipə-sapa yatmayanı, dəcəli. Atam heç birimizə barmağının ucu ilə də toxunmayıb, onun bir baxışı bəs edirdi, hər kəs özünə çəki-düzən versin. Heç anamızın da üstünə səsini qaldırdığını eşitməmişəm. Aralarında heç bir narazılıq görməmişəm. Uşaqlıqdır da, hərdən həyətdə məhəllə uşaqlarından kiminləsə savaşırdım. Onun atası gələn kimi çırpırdı oğlunu, mənim atamsa gəlib iki kəlmə söz deyirdi, az qalırdı yer yarılsın yerə girim.
Silahı söz idi
Onun silahı söz idi də. Ürəyimdə düşünürdüm ki, gəlib mənə də bir şillə vursaydı canım qurtarardı. Başda ailəsi olmaqla heç kəsə qarşı nəsə bir haqsızlıq etməyib. Düz bildiyi bir şeyi isə, kimliyindən, yerindən asılı olmayaraq söyləyib.
Ailəsinə bağlı idi. Ailəsi ilə, övladları ilə nəfəs alırdı. 1981-ci ildə Odessa şəhərinə sovet ordusunda xidmət etməyə getdim. O vaxt əsgərlə ailənin əlaqə vasitəsi yalnız məktub idi. Ünvanı yazanda küçəmizin adını səhv qeyd etdiyim üçün məktublarım evə gəlmirmiş. Karantindəydim hələ, heç bir ayı tamam olmamışdı orduya getdiyimin. Dedilər, atan gəlib. Karantində olduğum üçün buraxılış vermədilər mənə, görüşdük. Niyə məktub yazmadığımı xəbər aldı, hər həftə məktub yazdığımı söylədim. Yəni narahat olmuşdu mənə görə. Zülfüqar Soçidə xidmət edirdi, atam ona da tez-tez baş çəkirdi.
Atan var idi dost idik...
16-17 yaşım olandan teatrda çalışırdım, tamaşalar gecə saat 11-12 arası başa çatırdı, evə gec qayıdırdım. Hamımız evə toplaşmasaq atamın gözünə yuxu getməzdi. Anam evdə onun rahatlığı, belə deyək də, xoşbəxtliyi üçün hər şəraiti yaratmağa çalışırdı. Onlar bir-birlərini hələ ibtidai sinifdən tanıyıblar. Ailə qurmaq vaxtı çatanda xalq düşməninin oğlu olduğu üçün elçiliyə göndərməyə bir adam tapa bilməyib. Zülfüqar babamın dostlarından bir-neçəsinə ağız açıb, sözünü yerə salıblar. Hətta biri lap üzünə deyib: "Atan var idi, dost idik, indi o yoxdur, dostluq da yoxdur!". Bəlkə də adam elə demək istəməyəb, sadəcə, onu özündən uzaqlaşdırmaq üçün belə söyləyib. Atam bu cavabdan çox sarsılıb, sonra eşdib ki, həmin adamın ürəyi partlayıb. Axırda eliçiliyə özü tək gedib, nənəmlə üz-üzə oturub deyib ki, qapına göndərməyə heç kəsim yoxdur. Onun bu cəsarəti nənəmin xoşuna gəlib və qızı verib.
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!