“Varislər”in bugünkü qonağı unudulmaz siması hər zaman yaddaşlarımızda yaşayan əziz dost, Xəzər kimi ləngərli, məlahətli səsi qulaqlarımızdan getməyən gözəl diktor, ədəbiyyatımıza yalnız özünün açdığı yeni cığırla orijinal və modern düşüncə tərzi gətirən görkəmli şair, qələmə aldığı lirik-psixoloji nəsr nümunələrinin saf ədəbi diliylə bəşəriyyətə insanlıq mesajları göndərən bacarıqlı ədib, istedadlı sənət adamı, əvəzsiz ana Nurəngiz Günün varisi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, millət vəkili Jalə xanım Əliyevadır.
İncə, zərif ruhlu qadın
Payızda gəlmişdi dünyaya - 1938-ci ilin 21 sentyabr günündə. Atasının sevimlsi idi. Elə uşaqlıqdan körpə ruhu azadlıq sevirdi. İpə-sapa yatmayan bu qızcığazın qəlbində insan övladının ən zərif, ən kövrək duyğuları kök salır, cücərir, qol-budaq atırdı. Bəzən kimsə onun zərif ləçəklərini incitmək istəyir, tər budaqlarını qırmağa çalışırdı, amma bu, mümkün deyildi. O, özünə aid olan hər şeyi qorumağa gücü çatan biri idi. Əlbəttə, söhbət fiziki gücdən getmir. Nurəngiz Gün ruhunun gücü ilə dünyanı məhvərindən oynada biləcək qadın idi. Onun öz dünyası vardı - şeir dünyası. Əsgəri sözlər olan savaş meydanı. O, öz savaşının müzəffər komandanı idi.
Tale dediyimiz, şüşə səthi kimi hamar olsaydı bəlkə də həyat bu qədər rəngli və maraqlı ola bilməzdi. Monoton fon musiqisi ilə müşayiət olunan yaranış və ölüm arasındakı körpü bir göz qırpımında qət olunar, geridə heç bir xatirə, heç bir iz qalmaz, Tanrı böyük istedadları yaratmazdı... Həyat tufanlardan, qasırğalardan sonra gözə görünən göy qurşağı ilə gözəldir. Ruh adamları buludlarla yeri birləşdirən o göy qurşağının üstündə gəzə bilənlərdir. Qəhrəmanım Nurəngiz Gün kimi!
O, yolunu incəsənət institutunun aktyorluq fakültəsinə saldı. Dövrünün böyük ustadı, professor Rza Təhmasibdən öyrəndi sənətin incə sirlərini. Teatrda işləyə bilərdi, amma atasının sözündən çıxmadı. Bu, onun həyatına, aldığı ailə tərbiyəsinə yaraşan bir addım idi, lakin kim bilir, bu qərarı ilə səhnədə neçə-neçə obrazın ölüm fərmanını verdi həm də. Kim bilir, bəlkə də, milli teatrımız yeni bir Afəti, Cülyettanı, Kleopatranı, Xuramanı, Sevili... itirdi. Olsun! - deyib keçdi üstündən. Bir müddət televiziyanın sevilən diktorlarından biri kimi tanındı, amma hər evdə əsir olan şüşə qutuların çərçivəsinə də sığışmadı onun azad ürəyi. Bir də ayıldı ki, bir yazı masası var önündə, bir də sel kimi çağlayan sözlər. Bir də ayıldı ki, yol gedir...
"Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək".
"Yol gedirəm, yorulanadək..."
- Jalə xanım, son müsahibələrimin demək olar hamısını 44 günlük şərəfli Vətən müharibəmiz və hər birimizə dünyaları bəxş edən möhtəşəm zəfərimizlə bağlı fikirlərlə başlayıram. Təbii ki, tanınmış bir ictimai xadim, elm adamı kimi sizin də bu barədə fikirlərinizi eşitmək xoş olardı. Özünüzü necə hiss edirsiniz bu günlərdə?
- Hər bir azərbaycanlı və Azərbaycanı sevən hər kəs özünü necə hiss edirsə mən də elə hiss edirəm. Müzəffər, qalib, sevincli, xoşbəxt! Əsrə bərabər 44 günlük mübarizəmizin sonunda əldə etdiyimiz möhtəşəm zəfərin qüruru ilə yaşayırıq. Otuz illik zaman sərhədində əyilmiş qəddimiz düzəlib, gözümüzdən axan kədər yaşlarını sevinc yaşları əvəz edib, müharibənin elə ilk günlərindən ard-arda aldığımız qələbə xəbərlərinin sözlə ifadə edilə bilinməyəcək sevinci güman ki, uzun zaman bizi tərk etməyəcək. Sözün gerçək mənasında bu günlər yaşadığımız hissləri bəyan etmək, ifadə etmək üçün, sanki sözlüyümüzdə olan kəlmələr azlıq edir. Bu möhtəşəm duyğuları bizə yaşadan ölkə rəhbərinə, Ali Baş Komandana təşəkkürlərimiz sonsuzdur. Bu elə bir şücaətdir ki, onu vəsf etmək üçün, ona layiq ola biləcək sözləri tapmaq üçün kəlmələr acizdir... Bəli, biz zəfər çalmışıq! Bu zəfər illərlə həsrətiylə yaşadığımız torpaqlarımızı bizə qaytardı, ürəklərimizdə şiş kimi kök atan məğlubiyyət və işğal utancını kürüyüb atdı. Qəddimiz-qamətimiz düzəlib! Qalib olmaqdan gözəl duyğu yoxdur!
Mirzə Ələkbərin nəvəsi
- Dekabrın 20-si Nurəngiz xanımın bizim dünyamızdan əbədiyyətə köç etdiyi gündür. Ruhu şad olsun gözəl ananın və undulmaz şairimizin. Gəlin əvvəldən başlayaq: ona həyat verən valideynləri kim olub, hansı mühitdə böyüyüb? Uşaqlığını, gənclik illərini xatırlayaq... Repressiyaya məruz qalmış babası, dövrünün məşhur loğmanı Mirzə Ələkbər bəy Hacızadə kim olub?
- Babaları Bakı bəylərindən olub. Bir tərəfləri köklü bakılıdır, bir tərəfləri Cənubi Azərbaycanın Ərdəbil mahalına gedib çıxır. Nurəngiz xanımın ana tərəfdən böyük babası çar Rusiyasının apardığı siyasətlə barışmadığı üçün güllələnib. Onun oğlu Mirzə Ələkbər Hacızadə tanınmış loğman olub. Anam onun ötən əsrin əvvəllərində çap olunan, üzərində "lekar" sözü yazılmış vizit kartını əziz xatirə kimi evdə qoruyub saxlayırdı. Anamın ata babası cənubda böyük tacir olub. Bakıya və digər yerlərə gəmi ilə mallarını daşıtdırırmış. Növbəti səfərlərin birində yük daşıyan gəmiləri batıb, xeyli ziyana düşüblər və o hadisədən sonra biryolluq Şimali Azərbaycanda qalıb, Lənkəranda yurd salıblar. Orada nəsil artıb, böyüyüb və anamın atası Xudadat bəy də Lənkəranda dünyaya gəlib. Amma Güneylə əlaqələri heç vaxt kəsilməyib. Anamın anası Böyükxanım nənəmiz də bəy nəslindən olub və demək olar, bütün doğmaları 37-ci illərin repressiyasına məruz qalıb, Təbrizə köç ediblər. Nənəmin atası Mirzə Ələkbər bəy Nəriman Nərimanovun silahdaşı idi. Həm də həmkar olublar, birlikdə fəaliyyət göstəriblər. Həmin faktlar Azərbaycan Tarixi Muzeyində qorunur. Ulu babam böyük Hüseyn Cavidin yaxın əqidə yoldaşlarından biri olub. Pantürkist damğası bu ailəni hər zaman təqib edib.
"Qolu çomaqlı idi,
çomağı gücsüz çıxdı"
Anam bir şeirində babasına, nəsil şəcərəsinə işarəylə sətiraltı yazmışdı: "Qolu çomaqlı idi, çomağı gücsüz çıxdı". Bəy nəsli, bəy əsilzadəliyi onları məhv etdi. Amma onların əlindəki "çomaq" heç də gücsüzü əzmək üçün deyil, tam əksinə, haqqı müdafiə etmək, əsarətə boyun əyməmək üçün silaha çevrilmişdi. Nənəmi yaxşı xatırlayıram. Bu söhbətləri anama nənəm danışmışdı, mən də anamdan eşitmişəm. Çox ziyalı xanım idi. Adı Böyükxanım olan bu qadın elə sözün gerçək mənasında böyük xanım idi. Çox sakit təbiətli, kübar, əsilzadə. Xatırlayıram, axşamlar gözündə eynək gündəlik mətbuatı izləyərdi. "Bakı" və "Baku" qəzetlərini oxuyurdu. O dövrdə əksər nənələr bir başqa cür idi: enli tumanlı, başı çalmalı, ayağı qalın yun corablı və s. Amma o, hələ ötən əsrin 20-ci illərində başında beretlə gəzən, təhsilli qadın olub. 37-ci ildə bu ailə pərən-pərən düşür. Onları aldadırlar. Guya müvəqqəti olaraq göndərirlər İrana, amma bu ayrılıq bitmir. O zaman nənəm babamla nişanlı olduğu üçün bu tayda qalır, lakin bütün nəsil parçalanır, hərə bir tərəfə düşür. Nənəm ömrü boyu bir ümidlə yaşadı: tezliklə sərhəd açılacaq, doğmalarına qovuşacaq. Bu ona qismət olmadı. Əlbəttə, Nurəngiz xanım anasının yaşadığı kədəri, çəkdiyi həsrəti, üsyanı görə-görə böyümüşdü və bu hisslər onun bütün yaradıcılığına köçmüşdü...
Xəz paltosuz bəy...
Anam böyük babam haqqında çox maraqlı əhvalatlar danışırdı. Zadəgan olub, həmişə faytonla gəzib, yaxası xəzli palto, xrom çəkmə, dəri əlcək geyirmiş. Bir dəfə qışın oğlan çağında evə qayıdanda böyük nənəm Ziba xanım onu paltosuz görüb təəccüblənib. Babam deyib ki, yolda tini burulanda gördüm biri divara qısılıb tir-tir əsir. Faytonu saxlatdım, paltonu da, əlcəkləri də soyunub verdim ona.
37-ci ildə İrana gedəndə burada olan hər şeylərini yaxınlarına, qonum-qonşuya paylayıb gediblər. Özləri ilə heç bir qızıl-zinət əşyası aparmağa ixtiyarları olmayıb. Evdə də bir şey saxlamağa imkan qalmayıb, çünki ev də alt-üst ediləcək, qiymətli nə varsa sovet əsgərləri tərəfindən yağmalanacaqdı... Lap axırda nənəm nişan üzüyünü qonşuya bağışlayıb, deyib onsuz da əlimizdən alacaqlar, heç olmasa səndə qalsın, bəlkə bir işə yarayar. İllər sonra məlum olanda ki, artıq onlar geri qayıda bilməyəcəklər, bir gün qonşu həmin üzüyü gətirib Böyükxanım nənəmə qaytarır: "Bu, sənin ananın yadigarıdır!" - deyir... Əlbəttə ki, bütün bu hekayələrin şahidi olan Nurəngiz xanım "Ayrılıqlar boyun biçimi" deyə yazacaq, "Gedənlər könül abidələrim, səcdəgahım, can evim" deyə hayqıracaq, "Çağırıb, çağırıb, gediblər" deyərək hönkürəcəkdi...
"Ayrılıqlar boyum biçimi..."
Ola bilər kiminsə ağlından keçsin, bir qadının şeirləri, yazıları niyə bu qədər ağrılı, bu qədər dərdlidir? Amma bu, təkcə Nurəngiz xanımın şəxsi hissləri, özəl dərdi deyildi, bu onun xalqının başına gətirilən faciələrə, xəyanətlərə, itkilərə üsyanı idi. O, heç vaxt rus imperiyasını qəbul etmədi. Ötən əsrin 70-80-ci illərində "sarı çəkməlilər", "sarı rüzgar", "hərrac olmalı bu tələ", "mən qurtuluş içində", "qəfəs respublikaları" yazmaq həm də cəsarət tələb edirdi. O, tam dissident idi. O, təpədən dırnağa vətənpərvər idi, torpağına bağlı idi.
Təsəvvür edin, "türk, Türkiyə" sözlərinin yasaq, doğma Türkiyəmizlə yollarımızın bağlı olduğu dövrdə anam evimizdə öz əllərilə Türkiyə guşəsi yaratmışdı. Həmin guşədə qazi Mustafa Kamal Atatürkün rəsmi vardı, türk sazı vardı, türk fəsi vardı, haradansa əldə etdiyi, üzərində İstanbulun rəsmləri olan açıqcalar vardı. Çətinliklə əldə etdiyi türk ədəbiyyatı nümunələri vardı. Vallara yazılmış türk musiqiləri və s. toplamışdı həmin guşəyə. Gecələr radio dalğaları bir az təmizlənirdi. Ana-bala qulağımızı dirəyirdik radioqəbulediciyə, Türkiyədən olan xəbərləri, musiqiləri dinləyirdik. Mən belə mühitdə böyüdüm, o mənə bu sevgini aşıladı, bu tərbiyəni verdi. Nurəngiz xanım yaradıcılığa bu hisslərlə, bu duyğularla gəlmişdi, həmişə öz millətinin, xalqının kökünü axtarır, tarixini öyrənməyə və həm də bunu öyrətməyə çalışırdı.
"Tanrı bəşər övladıdır"
- Nurəngiz Gün ədəbiyyata bir qədər gec gəlib. Olsun ki, çap olunana qədər də yazıb, amma səhv etmirəmsə, ilk nəsr əsəri "Tanrı bəşər övladıdır" povesti olub və 1980-ci ildə "Tanrı" adı ilə "Ulduz" jurnalında işıq üzü görüb.
- Bəli, o, ədəbiyyata nəsrlə gəlib. Adıçəkilən povestin bütün yazı prosesinin şahidiyəm. Real həyatdan götürülmüş mövzudur. Əsərin qəhrəmanı, bir zamanlar atası tərəfindən Tanrıça deyə çağırılan Məryəm kimsəsiz bir qız uşağını övladlığa götürərək, ona özünün uşaqlıq adını - Tanrı adını verir. Elə əsərin ən əsas motivi də budur: "Günahsız körpələr, göydəki Tanrı qədər müqəddəsdirlər". Əsas mesaj isə "valideynlərin səhvi üzündən dünyaya gələn körpələrin heç bir günahı yoxdur" ideyası, Allah adıyla alver edən allahsızların haqqa dəvətidir. Əsərdə son dərəcə maraqlı insan taleləri, təzadlı hadisələr, kəskin dramaturji məqamlar bir-birini əvəz edir. Hər cümləsində, hər abzasında insanlığa çağırış var bu əsərdə. Povest çox maraqla qarşılanmışdı o vaxt. Azərbaycanın hər yerindən evimizə oxucu məktubları gəlirdi. Nurəngiz xanımı, ədəbiyyata ilk gəldiyi zamanlarda ən çox çap edən mətbu orqanı "Ulduz" jurnalı olub. Daha sonra "Qırmızı gecə" adlı povesti çap olundu və o da maraqla qarşılandı. Atom müharibəsi təhlükəsi, ümumiyyətlə müharibələrə nifrət notları ilə yazılmış əsərdir. Mərhum Yusif Səmədoğlu anamın hər növbəti əsərini, şeirini çap edəndə zəng vurub özünəməxsus zarafatla: "Bu nömrədə də gedir şeirlərin, Nurəngiz, əgər bu şeirlərə görə məni tutsalar, türməyə "peredaça" gətirərsən", - deyirdi. Xeyli gülüşürdülər telefonda. Bu nəsr nümunələrindən sonra anam şeirlər yazmağa başladı. Amma qeyd etdiyiniz kimi, əslində o, 60-70-ci illərdən başlayıb şeirlər yazmağa. Atasının vəfatına həsr etdiyi şeir vardı. Qısa, kiçik şeir parçaları vardı. Birini indi də xatırlayıram: "Nə idi təlxəyin dərdi... Ki, hər zaman adam güldürərdi?". Adını çəkdiyim nəsr nümunələrindən sonra Nurəngiz xanım tamamilə özünü şeirə verdi.
- Nurəngiz xanım orta məktəbdən sonra tibb texnikumunda təhsil alıb, amma bir neçə ildən sonra tibb institutunda yox, təhsilini tamam başqa sahə üzrə davam etməyə qərar verib və incəsənət institutunun aktyorluq fakültəsində oxuyub.
Tibbi atıb incəsənətə getdi
- O, tibb sahəsinə sırf valideynlərinin arzusu ilə gəlib, amma hər zaman içində sənətə, aktyorluğa güclü maraq olub. Ailə nə qədər ziyalı, müasir dünyagörüşlü olsa da, bu sənətin qadın üçün ağır olduğunu başa düşüb və ailədə müəyyən qədər mühafizəkarlıq da olub. Anam deyirdi ki, atam həkim olmağımı arzulayırdı, amma özümü orada görə bilmirdim.
- Mən Nurəngiz xanımı haradasa, 80-ci illərdən tanıyırdım, görmüşdüm. Nasirlik, şairlik, diktorluq, kino aktrisası və s. bunlar öz yerində. Nurəngiz Gün həm də gözəl xanım idi. Bu gözəllik onu xoşbəxt etdimi?
- Artıq bura qədər olan söhbətimiz onun taleyi ilə bağlı müəyyən təsəvvür yaradır, məncə. Təəssüflər olsun ki, Uca Yaradan hər şeyi bir insana tam vermir. Birini verirsə digərini alır. Həndəsi müqayisə aparsaq görərik ki, həyat və insan taleyi heç vaxt ideal kvadrat, yaxud bərabərtərəfli üçbucaq kimi olmur. Nurəngiz xanım bir müsahibəsində deyirdi ki, "Xoşbəxtlik nisbi anlayışdır. Bir insan, həyatının hansısa dönəmində, hansısa məqamlarda xoşbəxt ola bilər. Amma kimsə, "mən bütün ömrüm boyu xoşbəxt olmuşam" desə, mən onu bir o qədər də ağıl sahibi saymaram". Bir də, "Mənim tam xoşbəxt olmağım üçün bütün bəşəriyyət xoşbəxt olmalıdır" deyirdi.
- Sizinlə danışdıqca unudulmaz Nurəngiz xanımın səsi canlanır qulaqlarımda. Onun şeir oxumaq intonasiyası tam başqa idi. Öz şeirlərini onun qədər gözəl oxuya bilən ikinci müəllif tanımıram mən. Hər vurğunun yerini dəqiq bilirdi, hisslərini mükəmməl ifadə etməyi bacarırdı. Su kimi axırdı onun səsində şeirlər... 2014-cü ilin aprel ayında 75 illik yubileyi Natəvan klubunda keçdi. Həmin intonasiya, həmin səs, həmin emosiyalar... Nurəngiz Gün sona qədər öz xanım-xatınlığını qoruyub saxlaya bilmişdi.
O, uşaq kimi idi...
- O, uşaq kimi idi. Yaşının bütün dövrlərində öz saflığını qoruyub saxlaya bildi. Ruhunda üsyan, savaş vardı, amma həm də kövrək idi. Əzilməyi və əzməyi sevməzdi mənim anam. Sadəcə, insanı düşünmürdü, ətrafda canlı nə varsa, özünün yazdığı kimi, "narahat ömrünün döyüntüsü idi"... Təbiəti, dənizi, ağacları, çiçəkləri düşünürdü. Məncə, bütün qadınlar çiçəkləri sevir, çiçək hədiyyə olunanda xoşlanır. Amma o, gülləri, çiçəkləri torpaqda, öz kökü üstə sevirdi. Bir qırılmış budaq görəndə ürəyi sızlayırdı. Ovçuları heç sevməzdi. Hər 8 Mart gələndə deyirdi, "güllərin soyqırımı" başladı.
- Siz Nurəngiz Günün yeganə övladısınız. Mənim üçün maraqlıdır, iki qadın uzun illər bir yerdə necə dolana bildi? Necə yola getdiniz? Dost, rəfiqə ola bildinizmi? O, azad qələm, azad düşüncə sahibi, siz isə tanıdığım qədərilə mühafizəkarsınız, məncə... Bu ziddiyyətli iki xarakterin bir dam altında yola getməsi çətin olar, məncə...
- İlk növbədə onu deyim ki, bu iki qadın hər şeydən əvvəl ana-bala idi. O mənim həyatdakı ən böyük sevgim, sevgilim idi. Mən onu dəlicəsinə sevirdim. Mən ona aşiq idim... Amma biz rəfiqə olmadıq heç vaxt. Aramızda pərdə var idi. Anam ailədə şeirlərindəki, xarakterindəki qədər azad deyildi. Siz mənim mühafizəkar olduğumu qeyd etdiniz. Bəli, əslində, bu xüsusiyyət də mənə ondan keçib. Bütün mənəvi prinsipləri, etik-estetik anlayışları, ədəb-ərkan, şərəf, ləyaqət məsələlərini təlqin edib və sadəcə təlqin etməyib, həm də tələb edib məndən və yaxınlarından. Sinif yoldaşlarım bizə gələndə deyirdilər, sən ananın yanında başqa adam olursan, bizim yanımızda bir başqa adam. İçimdə anama dərin ehtiram və həm də qorxu vardı. Hər sözüm, hər davranışım, hərəkətim ölçülü-biçili olmalıydı. Əks halda, ilk olaraq anam Nurəngiz Quliyevanın təpkisi ilə qarşılaşa bilərdim. Əslində, o, bütün qadağaları, tabuları ilə məni qarşılaşa biləcəyim, yaşaya biləcəyim çalxantılardan, burulğanlardan qorumağa çalışırdı.
Mənim bitməyən düşüncəm
"Jaləmə" şeirində mənə "Sən mənim bitməyən düşüncəm" deyərək xitab edir... Və deyir ki: "Sənə dair ən birinci istəyim, səni əsl Adam görüm, mələyim! Yəni iç qəhərləri daha asan dərk edən, insanı çərlətməyən həssas bir Əks-səda, yepyeni bir Möcüzə, Təzə İnsan olmanı arzu edirəm sənin". Baxın, yeganə övladını öncəliklə adam kimi adam, əsl insan görmək istəyir cəmiyyət üçün. Ruhu zəngin, dünyagirlikdən uzaq, dünyəvi duyğularla yaşayan və övladını da bu cür görmək istəyən bir ana idi Nurəngiz xanım! O, "Şir bürcü"ndən idi və bu bürcə xas xüsusiyyətləri özündə daşıyırdı. Tək öz ailəsini deyil, yeri gələndə meydana atılıb yaxınlarını, doğmalarını da öz "şir pəncəsi" ilə qorumağa çalışırdı. Sanki bu, onun həyatdakı ən ali missiyası idi.
- Müsahiblərimdən dəfələrlə eşitmişəm, atalar övladlarına əl qaldırmayıb, amma analar bəzən oxlovdan, çəkələkdən silah kimi yararlanıb, övladını tənbeh edib. Nurəngiz xanım necə, sizə əl qaldırıb nə vaxtsa?
- Qətiyyən. Ümumiyyətlə, zorakılıq ən çox nifrət etdiyi bir şey idi. Əslində, elə hallar olub, bəlkə də əl qaldırsaydı, özümü daha rahat hiss edərdim, amma bir baxışı, bir sözü dediyiniz oxlov zərbəsindən də kəsərli olurdu. Bir xatirə danışım: xaricdən gələndə suvenir gətirmişdi, əlindən salıb sındırdım. Baxdı mənə, amma heç nə demədi, süpürgəni gətirib, qırıqları süpürməyə başladı. Ağladım. Niyə ağladığımı soruşdu. Dedim axı pis iş görmüşəm. Sənin sevdiyin əşyanı qırmışam. "Mən buna görə sənə nəsə dedim?" - soruşdu. Elə buna görə ağlayıram, - cavab verdim. Altı yaşım vardı onda. Dedim, məni danla, üstümə çığır, məni vur, de ki, yaxşı iş görmədin... Saçlarımı tumarladı. "Heç vaxt boş bir şeyə görə sənin üstünə çığırmaram", - dedi. O məni çox zərif böyüdüb, əlinin içində saxlayıb.
Ulu öndərlə yanaşı
oturan qadın
- Nurəngiz xanımla bağlı yaddaşımda çox maraqlı və unudulmaz bir xatirə var. AYB-nin qurultayı idi və ulu öndərimiz, sənət adamlarının yaxın dostu, hamisi unudulmaz Heydər Əliyev də zalda, ön sırada oturub qurultayı izləyirdi. Arada çox qısa pauzalar yaranırdı bəzən və belə pauzaların birində Nurəngiz Gün əlində kitabları ulu öndərə yaxınlaşdı. Ulu öndər Nurəngiz xanımı yanına dəvət etdi. Kitabları aldı və yanaşı oturdular. Mənim üçün maraqlıdır: bu cəsarət haradan idi onda? Əksi də ola bilərdi. Rəhbər onu qəbul etməyə bilərdi...
- Çox yerində qeyd etdiniz, bəli, ulu öndərimiz hər zaman sənətə, sənətkarlara diqqətli olub. Özü də ədəbi proseslərdən xəbərdar idi həmişə. Həmin görüşə qədər ulu öndər Nurəngiz xanımın yaradıcılığı ilə artıq tanış olmuşdu və bu barədə anama rəhmətlik Rəfiq Zəka Xəndan məlumat vermişdi. Ulu öndərimiz hələ Naxçıvanda olduğu zaman Rəfiq Zəka onunla görüşmüşdü və bu vaxt Heydər Əliyev anamla maraqlanmışdı, onun yaradıcılığı haqqında xoş sözlər demişdi. Sonra ulu öndər Bakıya gəldi və Rəfiq Zəka anama xəbər çatdırdı ki, Heydər Əliyev qurultayda səninlə görüşmək istəyir. Yəni dediyiniz o cəsarət buradan qaynaqlanmışdı. Doğrudur, Nurəngiz xanım zatən cəsarətli insan idi, amma müəyyən davranış qaydaları, protokol tələbləri var və anam belə şeylərə diqqət yetirirdi. Əlbəttə, dediyiniz kimi, pis vəziyyətə də düşə bilərdi. Üstəlik, onun bu addımını başqa cür yozar, rəhbərdən nəsə istəmək kimi qələmə verə bilərdilər. Amma bilənlər bilir ki, "şöhrət adamı deyiləm, şöhrət səs-küyündən bezar qalmışam, zorla mükafat filan da almamışam" deyən Nurəngiz Gün həyatı boyu şöhrət üçün, ad üçün qapı döyməmişdi. Həmin gün Rəfiq Zəkanın verdiyi xəbərdən sonra qurultayda ona belə bir şərait yaradılmışdı və elə Rəfiq müəllimin köməyi ilə onlar görüşmüşdülər. Nurəngiz xanım ulu öndərə xalqı və ölkəsi üçün etdiklərinin minnətdarlığını çatdırmaq fürsəti qazanmışdı. Ulu öndərimiz bu görüşdə anamın yaradıcılığı haqqında xoş sözlər deyib və o zamanlar anamın çox populyar olan "Tanrı bəşər övladıdır" povesti haqqında, həmin günlərdə yeni çap olunmuş "Bakı-Təbriz" bayatıları haqqında fikirlərini bildirmişdi.
Onun yaradıcılığına verilən böyük qiymət
Əlbəttə bu, Nurəngiz xanım üçün ən böyük qiymət idi. Biz bu xatirəni ilk dəfə burada səsləndiririk. Ailədə, evdə bu barədə tez-tez söhbət etsək də, heç vaxt ictimaiyyətə çatdırmamışıq. Sizə təşəkkür edirəm, bu hadisəni xatırlatmaqla dahi şəxsiyyətin, ümummilli liderimizin sənətə, ədəbiyyata və ədəbiyyat adamına verdiyi dəyəri bir daha yada saldıq.
- Bir qədər əvvəl onun şeir demək intonasiyasına toxunduq. Mənim üçün maraqlıdır, evdə adi danışığı necə idi? O ləngəri, o dəqiq vurulmuş vurğuları adi danışığında qoruyub saxlaya bilirdimi? Bir də "Gün" təxəllüsü haradan yaranmışdı?
- Sualın ikinci hissəsindən başlayım. Gün təxəllüsünü heç də özünü Günəşə bənzətmək, özünü əbədi işıqla müqayisə etmək fikri ilə götürməmişdi. Belə parıltılardan çox-çox uzaq insan idi... Ömürdən bir gün, yaşantılarımızdan bir gün, heç zaman geri gəlməyəcək bir gün olaraq düşünmüşdü bu adı! Həm də ulu nənələrindən birinin adı Günseyla olub, bu təxəllüs həm də oradan qaynaqlanır.
O ki qaldı danışığına, açığını deyim: çox danışmağı da xoşlamırdı, çox danışanla da arası yox idi. Ailədə də elə idi, getdiyi toplantılarda da. Az, amma yerində danışan. Danışanda onu dinləməmək mümkün deyildi. Onun iştirak etdiyi toplantılarda, məclislərdə süfrənin, əgər belə demək mümkünsə, "tamadası" - tam atası da, tam anası da o olurdu. Bütün nəslin böyüyü idi. Ailədə onu heç kim adıyla çağırmırdı. Hər kəs ona ehtiramla "bacı" deyə xitab edirdi. Getdiyi hər yerdə hörmətlə qarşılanırdı. Məclisə daxil olanda hər kəs ayaq üstə qalxırdı. Söhbətləri də şeir kimi idi.
Çiçək dənizi
Sağlığında 65 illik yubileyi R.Behbudov adına Mahnı Teatrında keçirilirdi. Gözləmədiyim halda mənə də söz verdilər. Zal dolub-daşırdı. Teatrın qarşısında çiçək köşkü var, tədbirdən sonra çiçəkçi bizə dedi ki, ilk dəfədir bir gündə bu qədər gül satıram. Anam səhnədə oturmuşdu, tədbirin yarısında artıq çiçək dəstələrinin arxasından görünmürdü. O gün əsl ədəbiyyat bayramı, şeir bayramı idi. Nə isə... Mənə söz verdilər və səhnədən dedim ki, ailəmizi tanıyanlar bilir, mən Nurəngiz xanımın iştirak etdiyi məclislərdə danışmağa alışıq deyiləm. Çünki onun sözünün qüdrəti qarşısında söz demək, onun sözünün çəkisində söz danışmaq çətindir. Və həmin gün Nurəngiz xanımın bir vaxtlar öz anasına həsr etdiyi şeiri kiçik dəyişikliklə anam üçün söylədim. Sözümü kəsəcəyindən ehtiyat edirdim, amma sona qədər danışmağıma imkan verdi. Deyəsən, çıxışımı bəyənmişdi. Mən səhnədən enəndə, mikrofona əyilib özünə xas tonla, bir az da ironiyayla sadəcə bunu dedi: "Ay maşallah, şeirimi nə yaxşı improvizə eləmisən". Yaxşı qurtarmışdım. Onun misrasına deyil, hətta bir durğu işarəsinə müdaxiləni nə əfv, nə də qəbul edərdi... Bir sözlə, onu dinləmək həmişə bir dərs idi. Dərs kitablarından oxumadığın dərs. Həyat dərsi. O, canlı tarix idi bizim üçün həm də. Bakıda əkilən hansısa ağacın, tikilən hanısa binanın tarixi ilə bağlı elə maraqlı danışırdıki, dinləməkdən yorulmurduq. Tarixi şəxsiyyətlərimizin, sərkərdələrimizin, böyüklərimizin tarixini danışırdı bizə. Anam 5 yaşından yazıb-oxumağı öyrənib. Kitabxanadan zorla çıxarırmışlar onu. Dostları evə gələndə atası 5 yaşlı Nurəngizi çağırıb fəxrlə deyirmiş ki, Tanrıçam, al bu qəzeti bizim üçün oxu.
"Ədəbiyyat oxumasan..."
1-ci sinifdə oxuyurdum, əlaçı idim. Bir gün dedi ki, sənin mütaliən xoşuma gəlmir, ədəbiyyat oxu, kitab oxu. Təəccüb etdim, "axı mən əlaçıyam, dərslərimi əla oxuyuram", - dedim. Dedi ki, ədəbiyyat oxumasan adam ola bilməyəcəksən. Heç kəs səninlə ünsiyyət qurmaq istəməyəcək. Əlaçı olsan belə, dünyagörüşün olmayacaq. Sənin məktəbdə oxuduğun elmdir, ədəbiyyat sənə ürək verəcək, düşünmək qabiliyyəti öyrədəcək, gözəl nitq verəcək, sənə dost qazandıracaq. O qədər qorxdum ki, həmin gündən kitablara sarıldım...
Füzulini çox sevirdi. Mənə onu sətir-sətir anladırdı, sevdirirdi. Misralarını təhlil edərkən elə maraqlı məqamları açırdı ki, o fikirlərə nə o zamanlarda, nə də Füzulini tədqiq etdiyim sonrakı dönəmlərdə rast gəlməmişəm. Onun proqnoz vermək qabiliyyəti vardı. Həm keçmiş, həm də gələcəklə bağlı fikirləri maraqlı olurdu. Hələ 80-ci illərin əvvəllərində bir gün mənə dedi ki, sovet hökuməti dağılacaq. Mən də komsomolçu, məktəb fəalı. Ağlıma sığışdıra bilmirdim ki, bu boyda imperiya yox ola bilər. Az qala anama üsyan etdim, belə şey ola bilməz, dedim. Amma hadisələrin sonrakı gedişatı, anamın bu məsələdə də haqlı olduğunu sübut etdi.
- Bugünkü görüşdən əvvəl mənə Nurəngiz xanımın vəfatından sonra yazdığınız "Sən mənim bitməyən düşüncəm..." adlı essenizi göndərmişdiniz və o yazını param-parça olaraq oxudum. Açığını deyim ki, ana itkisi ilə bağlı fikirləriniz mənə çox doğma və çox yaxın idi. Ananızı itirdikdən sonra onun xatirələri ilə baş-başa qalmağınız, hər işinizdə ona hesabat verməyiniz, sağlığında deyə bilmədiklərinizin hamısını o yazıda səmimiyyətlə açıb deyir, sanki ona hesabat verirsiniz. Artıq aradan 6 il ötüb... İndi necədir vəziyyət, yenə ona hesabat verirsiniz?
- Əlbəttə. İlk növbədə, anam mənə insanları tanımağı öyrətməyə çalışdı. İnsana ən böyük zərbəni bəzən ən yaxınında olanlar, inandıqların vurur. Bir qədər əvvəl də dedim, onun dediyi qanun idi və indi düşünürəm ki, nə yaxşı onun dediyi elə qanun olub. Hər uğurumda yenə uşaq kimi ilk növbədə ona hesabat vermək istəyirəm, kədərli günümdə dərdimi onunla bölüşmək istəyirəm və bunun üçün görüş yerimiz də onun əbədi mənzili olan məkandır... Anamla birlikdə mən "bir işıq itirmişəm anamın gözlərində, bir bayatı itirmişəm anamın sözlərində, bir nağıl itirmişəm anamın dodağında, bir çıraq itirmişəm anamın sorağında, bir beşik itirmişəm anamın qollarında, bir ömür itirmişəm anamın yollarında"...
Vətən müharibəmiz xalqımızın möhtəşəm qələbəsi ilə başa şatdı. Bu xəbəri də məzarı başında çatdırdım ona. O sözün gerçək mənasında göz yaşlarını kağızın üzərinə tökərək "Xocalı simfoniyası" poemasını yaratmışdı. Ürəyinin infarktını faciələrimizə ağılar yazaraq qazanmışdı. Vəfatını da insanlığın qarşılaşdığı qlobal faciələr, aldığımız böyük yaralar tezləşdirdi... Ümumiyyətlə, onun qələmə aldığı 8 poemanın demək olar hamısı başdan-ayağa elə özünün yazdığı kimi,"bəşərə qənim kəsilən qanlı müharibələrə nifrət", "torpağımızı bazar bilən mənfur yadellilərə" üsyandır.
- Jalə xanım, artıq xeyli müddətdir ictimai-siyasi həyatımızın içindəsiniz. Dünyada hadisələr sürətlə bir-birini əvəz edir və doğma Azərbaycanımız da bu böyük dünyanın bir parçası kimi öz sözünü deyir, mesajlarını verir, dünya üzrə gedən proseslərdə iştirak edir. Bir siyasətçi kimi, ölkəmizin gələcəyi ilə bağlı proqnozlarınız necədir?
Son söz yerinə
- Tamamilə doğrudur, biz çox böyük tarixi hadisələrə şahidlik edirik. Azərbaycanın möhtəşəm qələbəsi dünya hərb tarixinin simasını dəyişdi. Bu, türkün savaş meydanında nəyə qadir olduğunun sübutu idi. Azərbaycan 44 günün içərsində elə bir hərb modeli ortaya qoydu ki, dünyanın hərbi ekspertləri hələ bu barədə uzun illər bəhs edəcəklər.
Əlbəttə, Azərbaycan dünya siyasətinin bir parçasıdır və dünyada, regionda gedən siyasi proseslər istər-istəməz bizə də təsir edir. Amma müzəffər Ali Baş Komandanımızın, möhtərəm Prezidentimizin qətiyyəti, uzaqgörənliyi, iqtidar və xalq birliyi, vətəndaş həmrəyliyi bizə gələcəyə nikbin baxmağa əsas verir. Son günlər dəbdə olan bir fikri təkrar etmək istəyirəm: biz həm döyüş meydanında, həm də siyasət masası arxasında qətiyyətini ortaya qoyan xalqıq. Dünyanın kar qulaqları, kor gözləri artıq bizi görmək, iradəmizlə hesablaşmaq məcburiyyətindədir. Mənə verilmiş fürsətdən istifadə edərək demək istərdim ki, belə bir ölkənin vətəndaşı, belə bir xalqın övladı olmaq son dərəcə qürurvericidir. Artıq illərlə yaşadığımız problemlər bitdi, biz artıq Qarabağdayıq! Qoy bütün dünya eşitsin, Qarabağ Azərbaycandır və nida! Və əlbəttə ki, bu böyük, tarixi qələbə uğrunda canını fəda etmiş şəhidlərimizi hər zaman rəhmətlə, hörmətlə anır, bu döyüşlərdə sağlamlığını itirmiş, yaralanmış qazilərimizə Allahdan şəfa diləyir, xalqımıza yüksəlişlər, uğurlar, gözəl günlər arzulayıram.
Söhbətləşdi:
Əyyub Qiyas
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!