"Gənclər nə istəyir?"
rubrikasının budəfəki qonağı
gənc yazar Bahəddin Salmandır
- Bahəddin, sən teatr rejissorluğu fakültəsini bitirmisən. Bəs, necə oldu ki, öz ixtisasını bir kənara qoyub, yazıçı olmaq qərarına gəldin?
- Desəm ki, institut illərində tam şəkildə özümü ixtisasıma həsr etmişəm, bu yalan olar. Sözsüz ki, təhsilimdən irəli gələn xüsusi teatr savadına yiyələnmişəm. Həftə sonları ardıcıl olaraq teatr tamaşalarını izləyirdim. Amma tamaşaçı oturacağından izlədiyim bütün haqq-hesablarda - aktyor oyunu, səhnə dekorasyonu, mizanlar, rejissor yozumu - heç nə məni dramaturq qədər təəccübləndirməyi bacarmırdı.
- Nə vaxtsa dram yazmaq fikrin varmı?
- Hələ ki, buna güclü daxili tələbat duymuram.
- Teatr institutunu bitirməyin yazı-pozu işlərinə necə təsir edir?
- Yiyələndiyim ixtisas mənə əsl sənətin, sənətkarın nə olduğunu öyrədib. Yazdığım bütün bədii mətnlərdə obrazları, onların dayandığı, gəzdiyi məkanları bir an belə diqqətdən kənarda qoymuram. Bəlkə də, bu, oxucunu yorur. Amma nə deyim?! Bu mexanizmə aludəçiliyin səbəbkarı teatrdır və bundan qəti narahatlıq duymuram.
- Müasir teatr və dramaturgiyamızın durumu sənə necə görünür?
- Teatrlarımızın müasir ədəbiyyatımıza qarşı sərgilədiyi güvənsizlik onları tam şəkildə geri qoyur. Bilmirlər ki, özləri düşdükləri quyuya bizləri də dartırlar. Əgər teatrlar gənc, müasir dramaturqlara öz qapılarını açmasalar, olan-qalan tamaşaçılarını da itirəcəklər. Ədəbiyyat və teatr vəhdət təşkil etməlidir. Məsələn, mən artıq dörd il olar ki, teatrların qapılarını açmıram. Məncə, biz heç vaxt barışmayacağıq.
- Bu gün gənclər, elə yaşlılar arasında da dünya kinosu ilə dialoq çabaları geniş yayılıb. Məsələn, mən Aslan Quliyevin nəsr yaradıcılığında rus rejissoru Balabanovdan, Murad Könəqala və Qan Turalıda yapon rejissoru Kurosavadan, yaxud Pərvində italyan neorealistləri De Sika və Antonionidən gələn mövzu, məzmun və ya üslubi təsirlənmələr görürəm. Bəs, sən çağdaş dünya kinosunda kimləri daha çox izləyirsən? Kimlər bu yöndən sənə təsir edir?
- Sənət deyilən gözəllikdə məni təəccübləndirən yeganə şey ədəbiyyatdır. Bir az kobud səslənsə də, filmlərə boş vaxtımı doldurmaq niyyəti ilə baxıram. Yəni filmə baxmaq kimi xüsusi bir vərdişdən uzağam. Amma mənim də maraqla izlədiyim rejissor var - filmsevər kütlənin yaxşı tanıdığı Roman Polanski. O, filmi ən minimalist detallarına qədər işləməyi mükəmməl bacarır. Onun "Qəddar Tanrı", "Doqquzuncu qapı", "Xəyal yazıçısı" filmləri, ən əsas da "Pianoçu"su, sadəcə möhtəşəmdir. Amma bu filmlərin yazılarıma təsirindən danışa bilmərəm. Məncə, belə bir şey yoxdur, varsa da, birbaşa yox, şüuraltı qatdadır.
- İndiyə qədər yazıçı olmaq istəyən onlarca, hətta yüzlərlə gənc görmüşəm. Mən sənin başqalarından fərqini də görürəm. Birini deyim - heç kimin təsiri altına düşmür, həmişə və hər yerdə özün olaraq qalmağa çalışır və buna nail də olursan. Bu, yəqin ki, müəyyən çətinliklər hesabına başa gəlir.
- Mənimlə bağlı bu qənaətdə olmağınız, açığı, çox qürurvericidir. Məncə, kiminsə təsiri altına düşmək, özün olmamaq, əslində, "sən" deyə bir kəsin olmadığına işarədir. Sadəcə, suni insan olmadığımdan əminəm. Bunu bilmək bütün çətinlikləri darmadağın edir. Amma dünyaca tanınmış yazıçıları, onların geyimləri, çəkdirdiyi şəkilləri, mətnlərindəki ideyaları və bütünlükdə yaşam tərzlərini kopyalamağa çalışan kəslər də var ki, bu haqq-hesablar zaman-zaman onların yerinə məni utandırıb.
- Niyə bir qayda olaraq əlacsız xəstəliyə tutulanları, kimsəsizləri öz qəhrəmanlarına çevirirsən - qozbellər, cüzamlılar, bomjları... Səni şəxsən tanımayıb, hekayələrini oxuyan düşünə bilər ki, bu gənc kimdirsə, olsun ki, laübali bir həyat tərzi keçirir. Özünlə tanışlıq isə bu fikri alt-üst edir. Həyatın dibi niyə sənə bu qədər maraqlıdır?
- Mən onları axtarıb tapmıram. Onlar məni, mən də onları qəfildən görürəm. Məsələn, "Qozbelin son duası" adlı hekayəmi mənə yazdıran gecələr evimizin yaxınlığındakı metrostansiyanın çıxışını süpürən yaşlı bir qadındır. Onun zibil qutusundan çıxardığı, içi meyvə şirəsi ilə dolu şüşəni başına çəkib, üst-başına tökə-tökə içməsi, sonra qəzəblənib, boş şüşəni əziyyətlə təmizlədiyi yerə çırpması, isterika içində gülərək şüşə qırıntılarını süpürməsi hekayəni yazmağıma səbəb oldu. Yaxud, "Onun Tanrısı burdaymış" adlı hekəyəmdəki cüzam xəstəsi, rus vətəndaşı, dirijor... O, məktəb illərində bacımla hər gün gedib-gəldiyimiz yolun üstündə tez-tez qarşımıza çıxırdı. Onun balaca burnunun üstündə yara vardı. İllər ötür, biz sinifdən sinfə keçir, bu yara da böyüyürdü. Onu uzun illərdən sonra bir də evimizin yaxınlığındakı mağazada gördüm. Amma indi onun burnu yerli-dibli yox idi. Ona görə də burnunu örtmüşdü ki, əcaib görünməsin. Görmədiyim illərdə belə tez-tez xatırladığım bu adama yaxınlaşıb, adını və burnunun hara yoxa çıxdığını soruşdum. Sən demə, o, yüngül dərəcəli cüzamlı imiş. Amma hekayədə olduğu kimi dirijor deyildi. Bu, artıq mənim əlavəm idi. Məncə, hamı əlacsız, xəstə, kimsəsizdir - zahirən ən xoşbəxt görünən adam belə. Yəni varlılar da ağlayır.
- Bədii sözün xəstə insanlığı sağaldacağına, ağlayanları güldürəcəyinə inanırsanmı?
- Kövrək insanlar həmişə bu yolla sağalıb, ya da yüngülləşiblər. Qəddarları heç nə sağalda bilməz!
- Bəzən həyatın ən qaranlıq, hətta qeyri-estetik detallarını mətnə gətirirsən. Bu aludəlik nədəndir?
- Mən həyata aşiq olduğum qədər də, ondan iyrənirəm. Ölümü qəbullanmıram, eyni zamanda, yaşamaq da çox cansıxıcıdır. Əgər yazdığım mətnlərdə bütün bu ziddiyyətləri unutsam, yəqin ki, heç nə alınmaz.
- Allaha inanırsanmı? Əgər inanırsansa, hekayələrindəki bədbin ruh nədəndir?
- Hə, inanıram. Düşünün ki, siz körpə olduğunuz vaxtda caninin biri sizi yerə yıxır və belindən çıxardığı bıçağı ürəyinizə saplayır. Siz ölürsüz. Cani isə ayağa qalxıb, yoluna davam edir. Hekayələrimdəki Tanrıyla bağlı bədbin ruh ancaq və ancaq bu həyati epizodla bağlıdır. Biz xalq olaraq bunun sübutunu ermənilərin törətdiyi Xocalı soyqırımında görmüşük.
- Səhv etmirəmsə, zəngilanlısan, amma Qarabağ mövzusunda yazmırsan...
- Əvvəla, qələbə münasibətilə hamını təbrik edirəm. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük milli siyasət Qarabağ uğrunda mübarizədə bizi qələbədən-qələbəyə apararaq, nəhayət, xalqımıza Şuşanın alınması sevincini yaşatdı. Üstümüzdən otuz illik bir yük götürüldü. Prezidentimizin uğurlu xarici siyasəti ilə yanaşı, bu qələbədə Azərbaycan ordusunun rəşadəti, Türkiyə və Pakistan kimi qardaş və dost ölkələrin köməyi və nəhayət, xalqın dəstəyinin böyük rolu oldu. Sevinirəm ki, düşmən tapdağından azad edilən torpaqlar arasında Zəngilan da var. Təbiidir ki, Zəngilanın işğalı və azad olunması mövzusunda yazacam. Bir dəfə Mehdi Hüseyn İsa Hüseynovdan soruşub ki, niyə öz atandan yazmısan? Cavab verib ki, çünki onu daha yaxşı tanıyıram. Mən də Zəngilan əhalisinin psixologiyasına daha yaxşı bələdəm. Onların arasında dünyaya gəlmiş və böyümüşəm. Amma sadəcə mövzunun aktuallığı arxasında gizlənmək, plakatçılığa yol vermək istəmirəm. Bu mövzuda ya gərək yaxşı yazasan, ya da yazmayasan. Özümü bu arzunu gerçəkləşdirməyə get-gedə daha yaxın hiss edirəm. Ordumuzun qələbəsi bu mövzuda yazmağa mənə və yazıçı dostlarıma, inşaallah, güclü impuls olacaq.
- Nə yazmaq və necə yazmaq... Hansı sənin üçün daha önəmlidir?
- Hər ikisi vacibdir. Birindən qaçsam, o birinin ayağıma dolaşacağından əminəm.
- Bir laborator sualım var - özünü bayquş, yoxsa dolaşa tipinə aid edirsən; yəni gecələr, yoxsa gündüzlər yazmağı sevirsən?
- Yay aylarında qəti şəkildə əlimə qələm almıram. Qalan prosesin tələbi sakit evdir. Gecə, ya gündüz fərq etməz.
- Turgenev deyirdi ki, istədin, ya istəmədin, hər gün üç səhifə yazmalısan. Flober bəzən bir sözün üstə iki ay baş sındırırdı. Yəni onlar yazıçılığa peşə kimi yanaşırdılar. Dostoyevskidə vəziyyət başqa cür idi - əsərlərini makinaçıya otaqda o baş-bu başa var-gəl edə-edə birnəfəsə, qaynar ilhamla diktə edirdi. Səncə, yazıçı özünü yazmağa məcbur etməlidirmi?
- Hər gün boş-boş şeylər yazmaqdansa, yazmasan yaxşıdır" deyə düşünürəm. İstəməyərək etdiyin heç bir şey sevgiylə etdiyin nə iləsə ölçülə bilməz. Əvvəllər bir hekayəni 20-25 günə yazırdım. İndi bu vaxt üç aya, dörd aya qədər uzanıb. Bu müddətdə mən hekayəmin fabulasını yerində saxlamaq şərti ilə digər haqq-hesabları dəfələrlə pozub, bəzən bir cümləylə əvəz edirəm. Bunun özü elə "hər gün yazmaq" deməkdir.
- Şəxsi həyatının yazılarına təsiri olurmu?
- Uğursuzluqların məni dayandırdığı vaxtlar çoxdur. Bu, yazı prosesində ən bəyənmədiyim xüsusiyyətimdir. Əgər belə bir çətinliyi aşa bilməsəm, arzu etdiyim pilləyə qəti şəkildə çatmayacam.
- Ədəbi tənqidin yazılarına münasibətindən razısanmı?
- Hələ ki yazılarımı ədəbi mətbuatda sizdən başqa heç bir tənqidçi çək-çevir etməyib. Sizin fikirləriniz mənə yön verib və verir də. Nə vaxt ki, ədəbi tənqid mühitini qızışdırmaqda digər tənqidçilərimiz sizə kömək olacaq və məni də tənqid edəcəklər, onda yenə bu sözü deyəcəm: "Mən yazılarımın tənqid olunmasından sevinirəm!". Təəssüf ki, bəziləri, yazıları barəsində edilən tənqidi şəxsləri adına təhqir qəbul edirlər.
- AYB-nin Gənclərlə iş üzrə katibliyinin fəaliyyəti səni qane edirmi?
- Mən AYB-də Dördüncü Gənc Ədiblər Məktəbinin üzvüyəm. Düzdür, pandemiya ilə əlaqədər bir neçə aydır ki, görüşlərimiz baş tutmur. Buna baxmayaraq, AYB0-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcidin gənc ədiblərə göstərdiyi diqqət və qayğı danılmazdır. Tanınmış şair-yazıçılarla görüşlər, aparılan ədəbi diskussiyalar dərnək üzvlərinin ədəbi fəaliyyətinə xüsusi təsir göstərir.
- Bilirəm ki, imkan olsa, xarici ölkələrdən birinə getmək istəyirsən.
- Hə elədir. Mən fərqli hadisələr, insanlar, yerlər haqqında düşünürəm və bütün bunları görüb yazmaq istəyim dəyişməzdir. Demirəm, vətəndəki hər şeydən yazıb qurtardım. Amma etiraf edim ki, burda sənət qarşısında qoyulan məhdudiyyətlər mənə imkan vermir ki, özümü tam realizə edim. Yazılarımla sınanmaq, böyük oxucu kütləsinə qovuşmaq istəyirəm. Mənə yazmaq üçün fərqli tapıntılar gərəkdir. Müşahidəni sevirəm. Amma hələ ki bu arzularımın arasında Qarabağı görmək, ordan yazmaq arzusu dayanıb.
- Sovet dövrü gənclərinin əsas problemi çap olunmaq idi. Müasir ədəbi gənclik, məncə, bu problemi yaşamır. Bəs, səncə, necə?
- Bir vaxtlar belə bir problemimin olduğunu dana bilmərəm. Bütün bunlar artıq geridə qalıb. Bunun üçün AYB-nin mətbuat katibi Xəyal Rzaya minnətdaram. Onun köməyi sayəsində ədəbi mühitlə tanışlığım yarandı, Varis Yolçuyev, Əyyub Qiyas, İbrahim İlyaslı, Elçin Hüseynbəyli, Elxan Zal, Fərid Hüseyn, Cavid Zeynallı və əlbəttə ki, sizi tanıdım.
- Bir neçə hekayəsi işıq üzü görəndən sonra bəzi gənclər kitab sevdasına düşürlər. Kitab çıxarmaq fikrin varmı?
- Əlbəttə, var. Qismət olsa, gələn il iki povest və yeddi hekayədən ibarət kitabımı çap etdirmək fikrindəyəm.
- Milli nasirlərimizdən kimləri özünə ustad sayırsan?
- Heç kimi. Amma sənətdə, yaşda məndən böyük yazıçılarımız, şairlərimiz var ki, onların məsləhətləri, fikirləri olduqca vacibdir.
- Yaşıdlarından kimlərin yazılarını daha çox bəyənirsən?
- Fərid Hüseynin şeirləri, Cavid Zeynallı və Murad Muradovun hekayələrini bəyənməklə qalmır, yaradıcılıq proseslərini izləyirəm.
- Hazırda nə üzərində işləyirsən?
- Hər gecə eyni röyanı görən, qorxuyla yuxusundan oyanıb, otağının divarındakı saatın hərəkətini cəld dayandıran, meyvə dolu taxta yeşiklər qoyulmuş, təkərləri xarab arabanı küçə-küçə sürüyüb, pul qazanmağa çalışan obrazımdan yazıram. Hekayənin sonundan özüm də xəbərsizəm!
- Nə istəyirsən?
- Sevgilərimdə yanılmamaq və məni böyük oxucu kütləsinə qovuşduracaq o əsəri yazıb, dünya ədəbiyyatında debüt etmək!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!