Ruslan QƏDİRZADƏ: BİR AY VƏ... ƏBƏDİ AYRILIQ - Söhbətləşdi: Əyyub QİYAS

"Varislər"in bugünkü qonağı nasir, dramaturq, naşir, ötən əsrin 50-ci illərindən sonra əsərləri

əl-əl gəzən, kitabları böyük tirajla çap olunan gözəl insan, unudulmaz yazıçımız Salam Qədirzadənin varisi, şərqşünas

Ruslan Qədirzadədir.

 

Əsərləri işıq saçan yazıçı

1923-cü ildə Bakıda, xırda ticarətlə məşğul olan Dadaş kişinin ailəsində dünyaya göz açıb. Ailə o qədər yaxşı dolanmasa da, Dadaş kişi oğlunun təhsil alması üçün əlindən gələni edirdi. Salam hələ yeniyetməliyindən ədəbiyyata böyük maraq göstərir, şeirlər yazır, müxtəlif ədəbi birliklərdə, ədəbiyyat dərnəklərində fəallıq edirdi. Arzusu filoloji təhsil alıb, bütün ömrünü yaradıcılığa sərf etmək idi. Lakin 1941-ci ildə başlayan müharibə onun bu arzusunu ürəyində qoydu. Hələ 18 yaşı tamam olmamış gənc könüllü olaraq ordu sıralarına yazıldı, uzun döyüş yolu keçdi, yaralandı...

Salam Qədirzadə... Yəqin, ötən əsrin kitab sevdalıları bu imzanı gözəl xatırlayırlar. Onun "Qış gecəsi", "Sevdasız aylar", "46 bənövşə", "Kəndimizdə bir gözəl var", "Hər gün ömürdən keçir" və başqa kitabları vərəqləri tökülənə, səhifələr cırılana qədər oxunurdu, dəfələrlə bərpa edilirdi. Oxucular onun qəhrəmanlarının romantikası ilə köklənir, sevir, sevilirdilər. O, gənclərin sevimlisi idi. Bu gözəl yazıçı, unudulmaz insanın varisi Ruslan Qədirzadə ilə Bakıdakı çay evlərinin birində görüşdük.

 

 

- Bəzən sağlığında böyük populyarlıq qazanmaq, sevilmək hər yazıçıya nəsib olmur. Salam Qədirzadənin bu sarıdan bəxti gətirmişdi, daha çox gənclərin, yeniyetmələrin sevimli yazıçısı idi deyilsə də, məncə, 7-dən 77-yə hamı onu oxuyurdu. Mənim üçün maraqlıdır, bu qədər romantika, sevgi, işıq onun yaradıcılığında haradan idi? Necə ailədə böyümüşdü? Valideynləri kim olub?

 

Doğum tarixi çinara yazılan körpə

 

- Atam Bakı şəhərində, köhnə "Sovetski" deyilən məhəllədə Dadaş Qədirzadənin ailəsində dünyaya gələn ilk oğlan uşağıdır. Bəzi yerlərdə qeyd olunur ki, guya babam Dadaş kişi tacir olub, amma atam həmişə uşaqlıqda müəyyən çətinliklərlə böyüdüyünü deyirdi. O nəsildən çoxu haqq dünyasındadır, bircə 82 yaşlı bibim sağdır. Bu yaxınlarda söz düşdü ondan, babam tacir olubsa niyə çətinlik çəkmisiniz, soruşdum. Dedi, tacir olmayıb, sadəcə, xırda pal-paltar dükanı işlədib. Ailədə yeddi uşaq olublar: beş bacı, iki qardaş. Atamın doğum tarixi dəqiqdir, çünki bu barədə maraqlı xatirə var. O biri bibilərim, əmim deyirdi ki, üzüm yetişəndə dünyaya gəlmişəm, biri deyirdi əncir vaxtı doğulmuşam, digəri qar yağanda... Bu məsələ məni maraqlandırırdı: necə olur ki, atamın doğum tarixi dəqiqliyi ilə qeyd olunur?! Demək, bir neçə qızdan sonra atam olur, babam bu xəbərə çox sevinir, Pirşağıda bağımız varmış, oradakı çinar ağacına çıxıb, bıçaqla ağacın gövdəsində "10.IV.1923" yazır. Bu, atamın ən dəqiq "doğum haqqında şəhadətnaməsidir". İllər sonra pasport almaq vaxtı çatanda atam maraq üçün həmin çinara dırmaşıb yazıya baxıb. Onun doğum tarixi dəqiqdir.

Anası evdar qadın olub, uşaqları böyüdüb. Bu ailədə daha çox təhsilli, savadlı, tanınmış adam bircə mənim atam olub. Salam Qədirzadə böyüyə, ağsaqqala yaraşan bütün xüsusiyyətləri, təmkini, səbri, sərtliyi, qətiyyəti özündə cəmləşdirirdi. Babam Dadaş kişi rəhmətə gedəndən sonra evdə böyüklük etmək, ailənin yükünü çəkmək birbaşa atamın çiyinlərinə düşüb. Bacıları yaşda ondan böyük olsalar da, atamın sözü qanun kimi qəbul edilib.

Sadiq təxəllüslü qəzəlxan

 

Atam yaradıcılığa şeirlə başlayıb. Evdə içərisində 70-ə yaxın şeir olan dəftərçə var. Həmin dəftərçədə əski əlifba ilə yazılmış şeirlər, Sadiq təxəllüsü ilə yazdığı qəzəllər yer alıb. Mən şərqşünasam, bu şeirləri sərbəst oxuya bilirəm. Sonra kiçik hekayələr yazıb. Həm lirik-romantik, həm də satirik hekayələri var. Bu həvəs müharibədən sonra onu BDU-nun Filologiya fakültəsinə gətirib çıxarıb. Yaxşı oxuduqları, artıq ədəbi cameədə tanındıqları üçün bir neçə istedadlı gənclə birlikdə atamı da M.Qorki adına Ədəbiyyat İnstitutuna göndəriblər. Həmin gənclərin arasında İsa Hüseynov, Nəbi Xəzri, Əli Kərim kimi məşhur imzalar olub.

- Amma bütün bunlar müharibədən sonra olub... Salam Qədirzadə az qala orta təhsilini bitirdikdən dərhal sonra müharibəyə gedib. Siz onun "Sovetski"də böyüdüyünü dediniz, yadıma "Bizim Cəbiş müəllim" filmində müharibəyə gedən bığ yeri təzə tərləmiş məhəllə uşaqları düşdü...

- Bəli, atam müharibədə iştirak edib. Orden və medallarla təltif olunub. Özü də rabitəçi kimi xidmət edib. Anasından xəbərsiz, könüllü orduya yazılıb. Ağır döyüşlərin çoxunda iştirak edib. Şimali Qafqazdan başlayan döyüş yolu, Belarusiya cəbhəsinə, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniyaya qədər davam edib. Döyüşlərin birində ağır yaralanıb və qələbə xəbərini Çexoslovakiyada eşidib. Müharibədən sonra ali təhsil alıb.

 

Yenə manşet problemi

 

- Ruslan müəllim, onun Moskvaya getməsi nə ilə bağlıdır? Saytların birində atanızın Bakıda sevdiyi qızdan ayrılıb, Moskvada rus qızı ilə ailə qurması yazılmışdı. Səhv etmirəmsə, bu yazı sizin ürəyinizcə olmayıb. İmkan varsa, bu məsələyə aydınlıq gətirin.

- Hə, olub elə bir şey. Adını çəkmək istəmədiyim saytların birində çox mənasız bir başlıq çıxarmışdılar manşetə: "Salam Qədirzadə nişanlısını ataraq, başqa qadınla ailə qurdu". Belə çıxırdı ki, guya atam burada nişanlısınımı, ailəsinimi atıb, gedib Moskvada rus qızı ilə ailə qurub. Düzü, mən heç fikir verməmişdim o yazıya, bacım zəng vurub xəbər verdi. Həmin o "başqa qadın, rus qızı" dedikləri mənim anamdır. Məni, bacım Leylanı böyüdən, bizə tərbiyə verən, atama yaxın dost, sirdaş olan qadından gedir söhbət. Və məsələ ondadır ki, atam Moskvaya, təhsil almağa gedəndə subay oğlan olub, heç nişanlı da deyilmiş. Zəng vurub saytın redaktoruna ailəmiz adından iradımı bildirdim. Bəzən oxucu yığmaq, sensasiya yaratmaq xətrinə insanların heysiyyətinə toxunan yazılar, başlıqlar verilir manşetlərə. Bu, yolverilməzdir.

- Olur elə şeylər. Müasir jurnalistikada belə ənənələr var və saytları da başa düşmək lazımdır. Oxucu da dəyişib, əksəriyyəti manşetdə gözünü almayan yazını açıb oxumaq istəmir. Eyni narazılığı mənə Rafiq Babayevin qızları, hətta məhz bu səbəbdən müsahibə vermək istəməyən türkoloq Aydın Məmmədovun oğlu da bildirdi. Onlar da hansısa saytın manşetə çıxarılan tezisindən şikayət edirdilər. Məncə, bu məsələ jurnalistikanın diqqətindən kənarda qala bilməz. Yaxşısı budur, Salam müəllimlə ananızın necə tanış olduğundan danışasınız.

 

Moskvalı qızı sevən oğlan

 

- Moskva ətrafında Peredelkino deyilən yer var, yataqxana orada olub. Tələbə dostları Nəbi Xəzri, İsa Muğanna, Əli Kərimlə bir yerdə hər səhər elektrik qatarı ilə dərsə gedirlərmiş. Hər dəfə vaqonda gözəl bir rus qızının qonşu skamyada oturub kitab oxuduğunu görürlər. Bir gün, səhv etmirəmsə, Nəbi Xəzri deyib ki, bir ora baxın, neçə gündür fikir verirəm, bu qız başını kitabdan qaldırmır. Özü də gözəl qızdır. Cavandırlar da, həm də yazıçılar, şairlər. Deyiblər get bir maraqlan gör nə oxuyur. Atam yaxınlaşıb, oxuduğu kitabla maraqlanıb. Sonra qız ondan kimliyini soruşub. Atam gənc yazıçı olduğunu, M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğunu deyib. Beləcə, aralarında münasibət yaranıb, atam rus dilinə tərcümə olunmuş hekayəsini oxumaq üçün qıza verib. Bir gün sonra qız yenə elektrik qatarında hekayəni atama qaytarıb və deyib ki, çox maraqlı hekayə idi. Yəni tanışlıqları belə başlayıb. Anam Roza Yefimovna Qədirova da o vaxt texnikum tələbəsi olub. Elə tələbə ikən, 1952-ci ildə Bakıya gəlib ailə qurublar, bir il sonra mən doğulmuşam, beş il sonra bacım Leyla xanım dünyaya gəlib.

- Yəni Salam Qədirzadənin adı başqa qadınla da hallandırılırdı həmin müsahibədə?

 

Atamı sevənlər çox olub

 

- Hallandırıla bilməzdi, çünki elə bir şey olmayıb. Cavan, tanınmış, yazıları çap olunan yaraşıqlı oğlan olub. Əlbəttə, kimsə onu sevə bilər, kiminsə ürəyində gizli, platonik eşq yarana bilər, amma atam heç bir qıza nəsə vəd etməyib, kimisə aldatmayıb, kiməsə könül verməyib. Sumqayıtda işləyəndə yanılmıramsa, Maral adlı bir heykəltəraş gənc qız olub, onun atamı sevdiyini eşitmişdim, atam isə bu sevgiyə qətiyyən qarşılıq göstərməyib.

- Beləliklə, Salam Qədirzadə ali təhsil aldı, ailə qurdu və Bakıda mətbuat sahəsində fəaliyyət göstərməyə, bir neçə mətbu orqanında məsul katib, redaktor, baş redaktor işləməyə başladı.

- Atam müharibədən sonra Filologiya fakültəsində qiyabi oxuyub və müharibənin başlaması ilə tikintisi yarıda saxlanılan, yeni qurulmaqda olan Sumqayıt şəhərinin quruculuğunda yaxından iştirak edib, peşə məktəbində müdir müavini işləyib, şəhər radiosunda redaktor kimi fəaliyyət göstərib. Yəni onun ilk əmək fəaliyyəti Sumqayıtla bağlıdır.

 

Gənclik şəhərindən bəhs edən "Gənclik"

 

Həmin o Maral adlı heykəltəraş qız da onu Sumqayıtda görüb, sevib... Atam Sumqayıtın daş-daş, küçə-küçə, bina-bina tikilməsini, genişlənməsini gözləri ilə görüb. Bibilərimdən biri Sumqayıtda yaşayırdı, atam sonralar da ora tez-tez gedib- gəlirdi. Atamın "İlk hekayələr" adlı kitabı 1953-cü ildə işıq üzü görüb. "Gənclik" adlı povesti isə birbaşa Sumqayıtı tikən gənclərin həyatından, onların sevgisindən, problemlərindən, yaxşı və pis adamlardan bəhs edir. Həmin kitab "Yunost" adı ilə Moskvada da nəşr olunub. O, yazıçı kimi çox erkən yaşlarından tanınıb, jurnallarda, qəzetlərdə çap olunmağa başlayıb. 1948-ci ildə "Pioner" jurnalında çap olunan "Oqtay" adlı hekayə onun yaradıcılıq yolunun başlanğıcı hesab edilə bilər. Bir müddət "Azərbaycan" jurnalında məsul katib işləyib. Ən çox işlədiyi yer "Kirpi" jurnalı olub. O, bu jurnalın redaksiyasında ədəbi işçi, məsul katib və baş redaktora qədər yüksəlib.

- Sovet dövründə "Kirpi" jurnalı çox "qorxulu" mətbuat orqanı hesab olunurdu. Birbaşa Mərkəzi Komitənin nəzarətində olan jurnalın dostu da, düşməni də az deyildi. Yəni "Kirpi"nin tikanları adamı məhv edə bilərdi. Salam Qədirzadə necə işləyə bilirdi, çətinlik çəkmirdi, özünə düşmən qazanmaqdan ehtiyat etmirdi?

 

"Kirpi"nin tikanları

 

- Atam "Kirpi"yə baş redaktor təyin ediləndə artıq redaksiya kollektivinə bələd idi, çünki məsul katib işləyirdi orda. Onun baş redaktor keçməsinin maraqlı tarixçəsi var. Demək, rəhmətlik Seyfəddin Dağlı baş redaktorluqdan getdikdən sonra bir müddət o vəzifə boş qaldı. Atamın iş otağı vardı, telefon da masasının üstündə olurdu. Bir gün evə zəng gəldi, qapını bağlayıb danışdı. Adətən evdən, ailədən gizli-saxlısı olmazdı. Bir qədər telefonla danışdı, sonra otağa keçdi. Kiminlə danışdığını xəbər aldım, zorla cavab verdi, dedi Mərkəzi Komitədən zəng vurmuşdular. O vaxt Mərkəzi Komitənin Birinci katibi Ulu Öndərimiz idi. Atamın yaxın dostu vardı - Teymur əmi, SSRİ Xalq artisti Mehdi Məmmədovun qardaşı. Sirdaş idilər. Atam onu evə dəvət etdi, otağa çəkilib xeyli danışdılar. Dağılışanda sözarası eşitdim ki, atamı Mərkəzi Komitəyə çağırıblar. O ərəfədə tələbə yoldaşlarımdan biri Suriyadan qayıdanda mənə çox gözəl qalstuk gətirmişdi. Üzərində milli ornamentimiz olan butalar vardı. Səhər səliqə ilə geyindi, qalstukları arasında seçim edəndə, dostumun gətirdiyi qalstuku taxmağını təklif etdim. Hə isə, qalstuku taxdı, özünün "Volqa"sı vardı, sükan arxasına keçib getdi və bir neçə saatdan sonra qayıtdı.

 

Qırmızı butalı qalstuk

 

Ciddi məsələlər olanda həmişə dostlarını başına toplayıb məsləhətləşirdi. Yenə elə oldu. Dostları Teymur Məmmədov, Xalq şairi Qabil, Əli Tohidi onun otağına toplaşdılar. Süfrə açıldı, məni araq almağa göndərdi. Təkilf etdi ki, mən də yanlarında oturum. Atadır da, adətən yüz qram araq da verirdi mənə. Məclisdə özümü necə aparmalıyam, böyüyün-kiçiyin yerini bilməliyəm və s. Belə şeyləri öyrədirdi, özü nümunə olurdu. Həmişə deyirdi ki, arada araq içmək olar, amma heç vaxt siqaret çəkmə. Yenə bir tikə yedim, yüz qramımı içdim, dedi gedə bilərsən. Özləri baş-başa verib süfrə arxasında məşvərət elədilər. Məclis dağıldı, yenə özü mənə heç nə demədi. Əli Tohidi ilə aram yaxşı idi. Lap dost idik. Ondan öyrəndim nə məsələ olduğunu. Əli əmi dedi ki, "Heydər Əliyev yoldaş şəxsən atanla danışıb, onu "Kirpi" jurnalına baş redaktor təyin etmək istəyir. Atan isə imtina edib. Deyib hipertoniyadan əziyyət çəkirəm. Səhhətim məni narahat edir, birdən bacarmaram". Bunu eşidəndə yer ayağımın altından qaçdı. Dedim o boyda kişinin sözünü yerə salmaq olar?! Doğrudan da, yüksək təzyiqdən əziyyət çəkirdi. Ona bir həftə fikirləşmək üçün vaxt vermişdilər. Atam sonra danışırdı o hadisəni. Demək, Ulu Öndərimiz qəbul edib atamı, tapşırıqlarını, məsləhətlərini verib, həm də söhbət əsnasında qalstukuna baxıb gülümsəyirmiş.

 

Ulu öndərin qəbulunda

 

O boyda kişinin otağında deyə bilməz axı nəyə gülürsünüz. Atam da öz fikirlərini bildirib, planları barədə danışıb. Maraq üçün soruşub ki, yoldaş Əliyev, məni sizə kim məsləhət verib? Ulu Öndər Süleyman Rüstəmin təklifi ilə bu addımı atdığını bildirib. Sən demə, Süleyman Rüstəm atam haqqında çox yaxşı rəy formalaşdırıb. Ayrılanda birdən atamın gözləri Ulu Öndərin qalstukuna sataşıb.  Demə o gün Heydər Əliyev də eyni qalstukdan taxıbmış. Beləcə, 1976-cı ildən 1980-ci ilə qədər atam "Kirpi" jurnalının baş redaktoru oldu.

- Bəs niyə "Kirpi" jurnalından çıxdı? Özünüz də dediniz, rəhbərlik ona qayğı göstərirdi, hörməti, nüfuz, güc... Nəsə ciddi bir şey baş verdi?

- Çox qəribədir, atam mənim toy günümdə, 1980-ci il iyul ayının 9-da öz ərizəsi ilə "Kirpi"dən getdi. Səbəb o idi ki, təzyiqlər çox olurdu. Kimi tənqid edirdin düşmən kəsilirdi adama. Birini jurnaldakı yazıya görə işdən çıxarırdılar, yaxud cinayət işi açırdılar, qohum-əqrəbası tökülüşürdü ora-bura. Yəni onun kimi həssas, hipertoniyadan əziyyət çəkən, daha çox yazı masasına bağlı bir adam üçün o atmosferdə işləmək çətin idi. Bilirsiniz necədir, elə adamlar o vəzifədə işləyə bilməzlər. İki yol var, ya gərək təmiz işləyəsən, gələn siqnallara, yazılara, şikayətlərə reaksiya verəsən, məsələ qaldırasan, ya da həmin şikayətlərin izi ilə gedib, ancaq özün üçün çalışasan, öz cibini doldurasan. Atam birinci yolu tutdu və nə qədər bacardısa, tab gətirə bildisə, o qədər işlədi.

 

Müharibə qənimətləri

 

- Danışdıqlarınızdan belə anladım ki, Salam Qədirzadə bir vaxtlar əl-əl gəzən romanlarını bəzi jurnal redaktorları kimi iş vaxtı yox, evində, öz şəxsi yazı masası arxasında oturub yazıb.

- "Kirpi"dən çıxdıqdan sonra evdə rahatca yaradıcılıqla məşğul oldu. Pürrəngi çayı, siqareti yanında, saatlarla işləyirdi. Çox səliqəli xətti vardı. Əvvəlcə səliqə ilə, mürəkkəbli qələmlə əlyazma kimi yazır, sonra özü redaktə edərək makinaya köçürürdü. Həmin makinanın da çox maraqlı tarixçəsi var. Makinanı müharibədən qənimət kimi gətirmişdi. Almanların "Trumpf" firmasında istehsal olunan makina indi bacımdadır. Müharibənin sonunda Çexoslovakiyada boş evlərə girəndə həmin makinanı, bir də tapança tapmışdı. Gülləri də içində. Onları özü ilə qənimət kimi evə gətirmişdi. Makina çox əla əziyyətdə olub, lenti üstündə. Sonradan şriftlərini dəyişdi, ömrünün sonuna qədər, qırx ildən artıq ondan istifadə etdi. Babam Dadaş kişi tapançanı görəndə, atamdan "onu neynirsən", soruşub. O da cavab verib ki, müharibə təzə qurtarıb, tapançadı da, atıram evə, birdən lazım olar. Babam təkid edib: "Götür onu at məhəllədəki su quyusuna!". Atam əvvəlcə, "sonra ataram" deyib, babam əl çəkməyib, deyib "elə indi, gözümün qabağında at quyuya". Belə. Atam deyilənə əməl edib.  

- Kitablarına münasibəti necə idi? Elə yazıçı var buna adi baxır. Eləsi də var, məsələn, mənim kimi, hər kitabım çap olunanda uşaq kimi sevinirəm.

 

Üçüncü kitabdan sonra alınan maşın

 

- Əlbəttə, sevinirdi. Çox sevinirdi. Ona ilk məşhurluq gətirən "Gənclik" povesti mənimlə yaşıddır, 1953-cü ilə çap olunub. İki il sonra "Sarmaşıqlı aynabənd" adlı kitabı çıxıb. 1957-ci ildə "Qış gecəsi" romanı çap olunub və onun qonorarı ilə özünə maşın alıb - "Moskviç 408". O dövr üçün əla göstərici idi. 

- Salam Qədirzadənin "Kirpi" jurnalındakı təcrübəsi onun həm də satirik yazılar müəllifi kimi çıxış etməsinə təkan verib, "Mozalan" satirik kinojurnalı üçün ssenarilər yazıb. Bu da yaxşı qonorar deməkdir.

- Hə, "Mozalan" üçün süjetlər yazıb. Xeyli satirik yazısı var. Atam qonorar sarıdan heç vaxt problem yaşamayıb. Kitabları böyük tirajla çap olunur, tez də satılırdı. Bir kitabını ard-arda bir neçə dəfə çap edirdilər. Biz qətiyyən korluq çəkmirdik. Sonra özünə "Volqa" aldı. O dövrdə "Volqa. QAZ-24"dən üstün maşın yox idi. İstəsəydi mənə də maşın ala bilərdi, amma ərköyün, hazırın naziri kimi böyüməyimi istəmirdi. Maşın sürməyi mənə atam öyrədib. Yanımda otururdu, sürürdüm. Sonra sərbəst sürməyə başladım. Sevgisi də, münasibətləri də, qəzəbi də ölçülü idi. Özü hər şeyin yerini bildiyi üçün, bizdən də hər şeyin yerini, təhərini bilməyi tələb edirdi.   

 

Gənclərin sevimli yazıçısı

 

- Tələbə auditoriyalarında, gənclərlə, o dövr üçün dəbdə olan terminlə desək, zəhmətkeşlərlə görüşləri çox qələbəliklə keçirdi. Onun qəhrəmanları sadə insanlar idi, amma sevməyi bacaran, xoşbəxt gələcəyə ümid edən, romantik, kosmopolit adamlar və onlara mane olmaq istəyən hansısa vəzifə sahibi, elm pillələrini təsadüfən qalxmış professor, zovod direktoru və başqaları. Şöhrət bəzən insanları çaşdırır. Salam Qədirzadə şöhrət sarıdan korluq çəkmirdi. Vəzifəsi, imkanları, altında dəbdə olan, çoxunun həsəd apardığı maşın... Bütün bunlar çaşdırmırdı ki, onu?

- Qətiyyən. O, uşaqlıqda, yeniyetməlikdə çətinlik görmüşdü, müharibə görmüşdü, ağır yaralanmışdı.  Əldə etdiyi imkanlar, bəlkə də, bir başqasını, sizin dediyiniz kmi, çaşdıra bilərdi, amma o, həyatda yaşamağı və doğru yaşamağı bacaran nadir insanlardan idi. Ailə, cəmiyyət, dostlar, yaradıcılıq atmosfer... bütün bunlara çox həssaslıqla yanaşırdı. Əslində, yazılarını oxuyanda deməzdin bu adam qapalı, az danışan ola bilər. Amma hər şeyi hər yerdə danışmağı xoşlamazdı. Sözlərini yerində deyərdi. Heç kəsin qarşısında əyilmədi. Heç bir fəxri ad, ev və s. üçün kiməsə ağız açmadı. Mən ailə qurmuşdum. Mənzil şəraitimiz yaxşı deyildi. Onu zorla Yazıçılar İttifaqına ev almaq üçün müraciət etməyə razı saldıq. O ərəfədə Yazıçılar İttifaqının qurultayı keçirilirdi. Ulu Öndər də qurultayda iştirak edib. Çıxışında deyib ki, sizi eşidirəm, kimin nə sözü, nə problemi varsa buyursun. Səhv etmirəmsə, Mirzə İbrahimov sədr idi. O deyib ki, Salam Qədirzadə oğlunu evləndirib, amma evi yoxdur. Heydər Əliyev o dəqiqə tapşırıq verib və qısa zaman ərzində bizi evlə təmin etdilər.   

 

"Ondan sənə dost olmaz"

 

- Ruslan bəy, atanızın dostlarının adını çəkdiniz. Belə başa düşdüm ki, ədəbi came yoldaşları çoxluq təşkil etsə də, evə gəlib-gedən çox məhdud sayda dostu olub.

- Atam dost məsələsinə xüsusi həssaslıqla yanaşırdı. Onunla dostluq etməyin öz tələbləri, öz qanunları vardı və həmişə deyirdi ki, adamın uzaqbaşı 3-4 dostu ola bilər. Bir hadisəni xatırladım. Ailədə tək oğlan olmuşam. Dosta ehtiyacım olub. Tələbə vaxtı bir nəfərlə yoldaşlıq edirdim. Hansı rayondan olduğunu demək istəmirəm. "Azdrama"nın arxasındakı gecəqonduların birində kirayədə qalırdı. Yaxın idik də. Cavan oğlan, tələbə. Evdə bişirilən yeməkdən, çərəzdən, meyvədən götürüb tez-tez onun yanına gedirdim. Ondan yaxın dostum yox idi. İmkanım düşəndə cibinə pul da qoyurdum. İstəmirdim dostum korluq çəksin. Bir gün təkidlə onu evimizə, atamla tanış etməyə apardım. Görüşdülər, bir qədər söhbət elədilər, sonra dostumu yola saldım getdi. Atam məni otağına çağırıb bir kəlmə söylədi: "Ondan sənə dost olmaz!". Çox incidim. Hətta bəlkə də həyatımda ilk dəfə atamdan küsdüm. Həyətə düşüb bir-neçə siqaret çəkdim dalbadal. Atamın sözünə baxmadım, dostluğumuzu davam etdirdim. Həmin adam sonuncu imtahandan sonra biryolluq itdi. Yaxşı olduğunu, işlədiyini, imkanlarının əla olduğunu eşidirdim. Mənim ona ehtiyacım yox idi, amma axtarırdım onu, o isə qaçırdı məndən. Atamdan üzr istədim.

- Cəmi 64 yaş... Bilirdim, hipertonik idi, amma niyə müalicə almırdı, niyə pəhriz saxlamırdı. Bu xəstəlikdən özünü qoruyaraq, uzun ömür yaşayanlar da var.

 

"Bilsəydim elə olacaq..."

- Qismət. Məncə, ölümdən qaçmaq mümkün deyil. O yaşda öləcəyini ağlına da gətirməzdi. Qəfil insult keçirtdi. Bir həftə 1 saylı Kliniki Tibbi Mərkəzdə huşsuz yatdı, 1987-ci il 15 noyabrda dünyasını dəyişdi. Çox qəribə bir gün idi... Maşını qarajdan çıxaranda qapısını əzmişdi. Maşını usta yanına aparmışdı. O ərəfədə mən bir aylıq hərbi toplanışdan qayıtmışdım. Yəni son bir ayda görüşməmişdik. Evdən çıxarkən zəng vurub dedi ki, qayıtmağım münasibətilə dostları toplayıb, yığcam məclis qurmaq istəyir, məni filan yerdə gözləyəcək. Başımı yumuşdum, hava soyuq olduğundan dedim, yuyunmuşam, bayıra çıxsam soyuqlayaram. Qalsın sabaha. Razılaşdıq. Nə bilim belə olacaq. Elə usta yanında olanda insult keçirmişdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!