Tural BAXIŞ: "ATAM SON NƏFƏSİNƏ QƏDƏR TORPAQLARIN QAYTARILACAĞINA İNANIRDI" - Söhbətləşdi: Əyyub QİYAS

"Varislər"in bugünkü

qonağı şair, nasir,

dramaturq, ictimai xadim, ruhu uzun illər Vətən

nisgilindən narahat olan, ürəyi daima Azərbaycan sevdası ilə döyünən,

sevdiklərini və canı qədər sevdiyi Azərbaycanı

vaxtsız tərk etmiş

unudulmaz Eldar Baxışın varisi, tanınmış aktyor Tural Baxışdır.

 

Məktəbdən qovulan oğlan

 

1947-ci ildə Qubadlıda, sadə bir ailədə anadan olub. Atası Baxış kişi zəhmətkeş adam idi və övladlarını öz halal çörəyi, alnının təri ilə qazandığı ruzi ilə böyüdürdü. O, ibtidai təhsilini doğma Aşağı Müskənli kəndində alıb, amma bir müddət sonra məktəb direktorunun təzyiqi ilə kənd məktəbindən rayon məktəbinə keçirilib.

Eldar elə uşaqlıqdan ipə-sapa yatmırdı. Kitab-dəftərə sevgisi tükənməz olsa da, ruhu at belində çapmağa, sal qayalara dırmaşmağa, haqqı müdafiə etməyə təşnə idi. 1969-cu ildə ADU-nun Tarix fakültəsini bitirib müəllimlik etdi. Ara-sıra şeirləri dövrü mətbuatda çap olunurdu. Sonra Dövlət Televiziyasında fəaliyyətə başladı. Müstəqillik dövrünün ilk mətbu orqanlarından olan "Səs" qəzetini yaradıb baş redaktoru oldu, kəskin yazıları ilə ölkə ictimaiyyəti arasında böyük hörmət qazandı.

Unudulmaz Eldar Baxışın oğlu, tanınmış teatr və kino aktyoru Tural Baxışla "Ədəbiyyat qəzeti"nin redaksiyasında görüşdük.

 

 

Qarabağ Azərbaycandır!

 

- Tural, sən doğma adamsan, ssenari müəllifi olduğum serialda bərabər işləmişik, çox maraqlı və əsas rollardan birini yaratmısan. Amma bu gün sənin aktyor fəaliyyətin haqqında deyil, atan, unudulmaz Eldar Baxış haqqında danışacağıq. Söhbətə keçməzdən əvvəl fürsətdən istifadə edib bütün Azərbaycan xalqını erməni hərb tarixi üçün rüsvayçı, bizim üçün isə tarixi qələbə münasibətilə təbrik edirəm. Gözümüz aydın olsun! Bəli, artıq həm də tam gerçəkliyi ilə Qarabağ Azərbaycandır!

- Mən də xalqımızı təbrik edirəm. Bu sevincli, qürurlu günləri bizə yaşadan ordumuza və cənab Ali Baş Komandanımıza təşəkkür edirəm. Bu möhtəşəm tarixin şahidi olduğum üçün Allaha şükürlər olsun!

- Tural, gəl söhbətə elə Eldar Baxışın da, sənin də ata yurdun olan Qubadlıdan başlayaq. Kim olub valideynləri? Uşaqlığı necə keçib? Bakıya hansı ümidlərlə gəlib?!

 

"Məni tanıdın?"

 

- Atam Aşağı Müskənli kəndində, zəhmətkeş bir adamın ailəsində dünyaya gəlib. Babam Baxış kişi kənddə hörmətlə qarşılanan, sözü keçən ağsaqqallardan olub. 9-cu sinfə kimi kənd məktəbində təhsil alıb, amma dəcəl olduğuna, müxalif fikirlərinə görə məktəb direktoru atamı qovub və sonrakı təhsilini rayon məktəbində davam etdirib. Kənd məktəbi və onun direktoru ilə bağlı atamın maraqlı xatirəsi vardı. Demək, illər sonra atam ali təhsilini bitirir və müəllim kimi fəaliyyətə başlayır. O vaxtkı Maarif Nazirliyinin yaratdığı komissiyanın tərkibində bir vaxtlar qovulduğu məktəbə göndərilir. Direktorla görüşən kimi ilk sualı: "Məni tanıdın?" - olur. Əlbəttə, direktor onu unuda bilməzdi. Direktor deyir ki, hardan biləydim bir gün komissiya üzvü kimi məktəbə qayıdacaqsan?!

Atam Qubadlıya bağlı adam idi. 1988-ci ildə çap olunan "Deyə bilmədiyim sözlər" kitabında "Zori Balayana məktub" poeması yer almışdı və poema az qala əl-əl gəzirdi. Poemanın üzünü əllə köçürüb yayanlar vardı.

Qubadlının Eyvazlı kəndi Ermənistanla sərhəddə yerləşir. Eyvazlı kəndini ermənilər tamamilə yandırmışdılar. O vaxt 13-14 yaşım olardı, bir qədər böyüyəndən sonra həmin hadisə ilə bağlı  mətbuatda çox axtarış apardım, təəssüf ki, bir şey tapa bilmədim. Atam danışırdı, hətta mal-heyvan tövlədə diri-diri yanıb, it zəncirdə yanıb və s. Həmin ərəfədə atam bir qrup təəssübkeşlə Eyvazlıda olur və sərhəddə xidmət edən erməni hərbçisi xəbər alır ki, sizdə bir Eldar Baxış adlı şair var, Zori Balayana məktub yazıb, onu tanıyırsınız?

 

Erməni hərbçisi və Eldar Baxış

 

Atam deyib həmin adam mənəm. Hərbçi deyib ki, əgər Ermənistanda olsaydın səninlə başqa cür danışardıq. Atam çəkinmədən bildirib ki, problem deyil, istəyirsən oturaq sənin maşınına, hara istəyirsən gedək, orada söhbət edək. Adam deyib mümkün olan şey deyil. Atam isə: "Bu, sənin üçün mümkün deyil, amma istəyirsən mən səni özümlə Bakıya aparım, Dağüstü parkda oturub çay içək. Heç kəs də heç nə deyə bilməz, çünki səni mən aparacağam. Amma sənin belə bir addım atmağa cəsarətin çatmaz", - deyib. Poemanın sonunda belə bir yer var: "Ölmək istəyirsən - gəl Qarabağa..." və s. Qarabağın işğalından sonra hər dəfə həmin poemanı oxuyanda ürəyimdə nisgil yaranırdı. Bu şeir yazılanda Qarabağ bizdə idi və bu gün Qarabağ yenə bizdədir, ürəyimdəki nisgil də əriyib itdi. Qubadlı işğaldan azad olan gün getdim Xırdalan qəbiristanındakı məzarını ziyarət elədim, muştuluqladım onu.

- Eldar Baxışın bir oğlunu maşın vurmuşdu, deyəsən. Onun da məzarı Bakıdadır? Çünki uşağın maraqlı adı vardı və ona görə yadımda qalıb. Səhv etmirəmsə, Anday idi...

 

Dostunun adını qardaşımda yaşadırdı

 

- Hə... Onu kənddə, yol kənarında oynayanda öz toyuna gedən bəy maşınla vurmuşdu. Bir həftəyə yaxın yaşadı, nə qədər eləsələr də, həyatını xilas etmək mümkün olmadı. Onu Qubadlıda dəfn ediblər. Anday atamın türk dostunun adı idi. 70-ci illərin sonunda Türkiyədə milli tələbə hərəkatının fəallarından olub, həbs etmişdilər, həbsxanada dünyasını dəyişmişdi. Atam qardaşımın adını dostunun xatirəsinə Anday qoymuşdu.

Bir hadisə yadıma düşdü: qardaşım təzə dəyişmişdi dünyasını. Onun kəfənə bürünmüş bədəninə baxanda elə bilirdim bu dəqiqə nəfəs alacaq, bu dəqiqə qalxacaq... Bir də eyni hissləri atam dünyasını dəyişəndə yaşadım. Gözləyirdim, düşünürdüm: bizi qoyub gedə bilməz, mütləq qalxacaq və hər şey bitəcək.

Dəfndən sonra idi. Qubadlıda bağda atamla gəzirdik. Balaca idim, 7 yaşım vardı. Maraqlı şeylər danışırdı, birdən dayandı, məni qucağına alıb alnını üzümə dayadı. Dedi: "Atanın balası, qaqanın ölməyinə pis oldun?". Başımla hə deyib, kövrəldim. Hələ ölüm nədir bimirdim axı. Qəhər boğdu onu. Məni sinəsinə sıxıb: "Atanın beli qırıldı, bala", - dedi. O səs hələ də qulaqlarından getməyib. Andaydan sonra atam çox sarsılmışdı, sonra təzə dünyaya gələn qardaşımın da adını Anday qoydu. Yəni atam heç vaxt Qubadlıdan qopa bilmədi, hadisələrdən əvvəl də, sonra da Qubadlı ilə nəfəs aldı.

- Sən Qubadlının işğal tarixini də, işğaldan azad olunma tarixini də yaşayan nəslin adamısan. Biz xalq olaraq 30 illik həsrətə son qoyduq və tarix yazdıq. Bu, möhtəşəm duyğudur. Özünü necə hiss edirsən?

 

Mən o işğalın içində olmuşam

- Çox qürurluyam. Tale elə gətirib ki, mən Qubadlının işğılını birbaşa yaşamışam, hadisələrin içində olmuşam. İndi bəzi adamlar deyir ki, işğal tarixi bitdi, bu tarixləri silirlər və s. Belə olmaz. Biz o acı tarixi unuda bilmərik. Bu tarixlərin arxasında yüzlərlə şəhid qanı, qazilər, mülki insanların məhv edilmiş taleləri var. Məncə, hər bir rayonun girəcəyində xatirə lövhəsi qoyulmalıdır. Uşaqlı-böyüklü hər kəs o acı tarixi bilməlidir. Düşmənin kimliyini unutmaq olmaz. Qubadlıdan yeni videolar, fotolar payaşırlar, gördükcə dəhşətə gəlirəm. Xarabaya çeviriblər. Bu vandallığı, bu azğınlığı unutmaqmı olar? Qətiyyən.

1993-cü ilin yayında ortancıl dayımın toyu oldu. İyul ayında toydan sonra hamı Bakıya qayıtsa da mən orada qaldım. Müskənlidən daha çox Qubadlının özünə bağlı idim. Anam da Mollu kəndindəndir, ora da doğmadır mənə. Bibim rayonda ikinci katib idi. Onlarda qalırdım. O vaxt Qubadlını artilleriya atəşi ilə vururdular, amma saatın müəyyən vaxtlarında olurdu və əhali bunu bilirdi. Ona görə də qorxu yox idi. Həm də maraqlı idi. Patron oğurlayırdıq, barıtını boşaldıb yandırırdıq, gilizi parladırdıq. At belində döyüşçü oğlanlar vardı, avtomatla, qumbara ilə gəzirdilər. Yəni yaşımın elə vaxtı idi ki, o mühit məni çəkirdi özünə.

 

Bomba səsi ilə açılan səhər

 

Bir səhər yatmışdım, yuxuda taqqıltı səsləri eşidirdim. Anar adlı qohumumuz vardı, qaçaraq gəlib məni oyatdı və sığınacağa qədər qaçdıq. Ətraf toz-duman idi. "Qrad"lar vıyıltı ilə gəlib düşür, hər tərəfi dağıdırdı. Büzüşüb qalmışdım, ürəyimdə deyirdim burada nə işim var, niyə Bakıda ata-anamın yanında deyiləm?! Amma sığınacaqdan çıxan kimi hər şey unudulurdu. Həm də mənim o müddətdə Qubadlıda qalmağıma səbəb atamın tez-tez rayona gəlib-getməsi idi. Ümumiyyətlə, Bakı üçün darıxmırdım. Atam sonuncu dəfə avqustun 26-sı gəldi, artıq vəziyyət kritik idi və qayıdanda məni də özü ilə apardı. Bizimlə bir yerdə nənəm, xəstə, yaşlı qohumlardan bəziləri də gəldi. 31 avqustda isə rayon işğal olundu.

- Eldar Baxış birbaşa hadisələrin içində idi, rayonların işğalı ilə nə düşünürdü? Qənaəti nə idi? O torpaqların nə vaxtsa azad olunacağına inanırdımı?

- Yenə deyirəm, atam dünyasını dəyişəndə 16 yaşım vardı, amma diri uşaq idim, hər şeyi xatırlayıram. 1992-ci ildə insanlar sovet düşüncə tərzindən qurtula bilməmişdi hələ. Hamı eyforiyada idi. Satqınlıq, xəyanət vardı orduda. Başıpozuqluq hökm sürürdü. Vahid komandanlıq yox idi. Hərə özünə görə bir ağa idi. Belə olmasaydı erməni torpaqları çətin işğal edə bilərdi. Amma onu da deyim, atam son nəfəsinə qədər torpaqların azad olunacağına, insanların bir gün geri qayıdacağına inanırdı.

 

Hadisələr başlayandan sonra...

 

1988-ci ildən başlayan hadisələr, Sumqayıt hadisələri, Ermənistandan azərbaycanlıların qovulması, qaçqınların gəlməsi... bütün bunlar atamın sağlamlığına pis təsir etmişdi. Demək olar, ailəyə vaxt ayıra bilmirdi. Bəzən həftələrlə üzünü görmürdük. Yəni bu həm də mənim tərbiyəmə təsir edirdi. Atama ehtiyacım vardı, amma istədiyim vaxt yanımda olmurdu. Anam olmasaydı bəlkə də mən tamam başqa mühitə düşəcəkdim. Bir sözlə, hadisələr birbaşa ailəmizin varlığına təsir edirdi. Atam qaçqın düşmüş qohum-əqrəbanı yerləşdirmək üçün dəridən-qabıqdan çıxırdı. Ailəmiz narahatlıq keçirirdi. Bakıda yaşayıb Şamaxıdan olan bir adam bu hadisələri bir başqa cür yaşayar, biz isə tamamilə başqa cür yaşayırdıq. Bir xaos hökm sürürdü. Üstəlik, qohumlar arasında şəhidlərimiz vardı. Yaralılarımız vardı. Qocalar vardı, Qubadlıda sağlam idilər, qaçqınlıq bir ayda sındırdı onları, yaşaya bilmədilər, öldülər. Belə şeyləri yaşamaq çox ağırdır.

O dövrdə bütün ümidini Rusiyaya bağlayan, əqidəcə ruslaşan adamlar vardı, farslaşan, islamofobiya ilə yaşayanlar vardı, amma canı ilə, qanı ilə vətən təəssübünü çəkənlər də vardı və Eldar Baxış onların önündə gedənlərdən biri idi. Əslində, mən atamı işğal tariximiz başlanan gün itirdim. Qaramat hadisələr bir-birini əvəz etdikcə Eldar Baxış da uzaqlaşırdı, daha çox milləşirdi. Ailə üçün yansa da, bizi düşünsə də, bizdən daha çox sevdiyi Azərbaycan vardı və o Azərbaycanı dağıtmaq istəyirdilər.

 

Onu zəhərləmişdilər...

 

- Elə o vaxt da, indinin özündə də söhbət gəzir ki, Eldar Baxış zəhərləndiyi üçün həyatını itirib. Mümkünsə, bu məsələyə bir qədər aydınlıq gətir. Mən onun xəstəxanada müalicə olunduğunu xatırlayıram və bir müddət sonra Eldar Baxışın dünyasını dəyişdiyini eşitdik.       

- Mən ancaq dəqiq xatırladığım məqamları deyə bilərəm. 1994-cü ildə atam  zəhərlənmə diaqnozu ilə əvvəlcə o vaxtkı Semaşko adına xəstəxanada, indiki 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olundu. Vəziyyəti kritik idi. Dostları dəstək olurdu. Bahalı cihazlar, dərmanlar, müalicə proseduru və s. xərc tələb edirdi. Bütün bunları dostları, yaxınlarımız həll edirdilər. 1995-ci ilin sonlarında Moskvadan xüsusi həkim briqadası gəlmişdi Bakıya, onlar atamı müayinə etdikdən sonra konsilium keçirtdilər və yekun nəticə kimi bizə "pasientin orqanizmində süni preparat aşkar olunub" dedilər. Yəni bunun izahı belə idi: Eldar Baxış qida zəhərlənməsindən deyil, süni yolla orqanizminə yeridilmiş kənar maddədən zəhərlənib. Bu qərar böyük səs-küyə səbəb oldu. Artıq hamı Eldar Baxışın səhhəti ilə maraqlanır, mətbuat vaxtaşırı yazırdı. Atamın yaxşı dostları vardı, bu məsələnin üstünə düşdülər. Təxminən iki ay sonra, haradasa 1996-cı ilin yanvar ayında yerli həkimlər yenə konsilium elədilər, amma bu dəfə qərar fərqli oldu: "Pasientin orqanizmində qida zəhərlənməsi əlamətləri aşkar olunmuşdur". Bizə bildirdilər ki, xəstə artıq bu xəstəxanada müalicə olunmasın. Dövlət səviyyəsində onunla maraqlanırlar, müalicəsini Mərkəzi Kliniki Xəstəxanada davam etdirəcək. Beləcə atam birbaşa dövlət xəstəxanasında dövlətin nəzarəti altında müalicə olunmağa başladı. Biz daha cihazlara, dərmanlara, müalicəyə görə heç bir ödəniş etmirdik.

Təxminən mart ayına qədər həmin xəstəxanada müalicə aldı, evə yazıldıqdan iki ay sonra dünyasını dəyişdi. Bizim üçün qaranlıq qalan bir məqam oldu: haqlı olan kim idi? Moskvadan gəlmiş 11 nəfərlik dünya səviyyəli həkimlər, yoxsa yerli həkimlər?! Bu sualın cavabı hələ də yoxdur.

- Kim ola bilərdi Eldar Baxışın düşmənləri? Niyə onu zəhərləməliydilər? İndiki dövrdə bir şair kimə mane ola bilərdi?

 

Onu hər şeydən təcrid etmişdilər

 

- Atam Mərkəzi Kliniki Xəstəxanada müalicə alanda hər şeydən və hər kəsdən təcrid edilmişdi. Bircə anam qala bilirdi yanında. Heç kəsi buraxmırdılar onunla görüşməyə. Məntiqlə düşündükdə adamın ağlına qəribə fikirlər gəlir: kimsə nəyisə kimdənsə gizlətməyə çalışır. Düşmənləri vardımı? Maraqlı sualdır. Atam sözün axırını əvvəldə deyən adam idi, buna görə başı həmişə ağrıyırdı. Qarabağ münaqişəsinin ilk dövrləri idi. Hələ ölkə daxilində ermənipərəst qüvvələr tam zərərsizləşdirilməmişdi. Üstəlik, o dövrdə kəskin yazıları çap olunurdu mətbuatda. Ölkəyə xəyanət edənləri, rüşvətxorları, korrupsiyaçıları ifşa edirdi və az qala hər elə yazısından sonra evə, iş telefonuna anonim zənglər gəlirdi, hədələyirdilər onu. Bu hadisələr "Səs" qəzeti çap olunan dövlərdə lap intensivləşmişdi. Hətta bir dəfə işdən evə qayıdanda qorxutmaq üçün arxasınca üç güllə atmışdılar. Dostu vardı, iş adamı idi, Yelmar Məmmədov, cangüdən ayırmaq istəyirdi, atam razı olmurdu. Maşın alıb bağışladı ona, atam həmin maşını dostuna verdi. Maşına heç vaxt həvəs göstərməyib. Yalnız güllə söhbətindən sonra Azərbaycan Televiziyasının rəhbərliyi onun üçün maşın və sürücü ayırdı. Bura qədər dediklərim məntiqi ardıcıllıqla düşünüb gəldiyim qənaətdir, amma eyni qətiyyətlə deyə bilərəm ki, bu düşüncələrimdə yanıla da bilərəm. Bütün bunlar sadəcə, şübhə də ola bilər. Bir sözlə, xəstəxanadan çıxdıqdan iki ay sonra atam dünyasını dəyişdi və mənim, ümumilikdə, ailəmizin ağır günləri başladı.

- Nə mənada ağır günlər? Atasızlıq, ailə başçısını itirmək, yoxsa maddi çətinliklər? Dediyin kimi, Eldar Baxışın imkanlı dostları çox idi və güman eləmirəm ki, onun yoxluğu ilə bu dostlar kənara çəkilsinlər.

 

Yalnız 17 ildən sonra özümüzə gəldik

 

- İlk vaxtlar dostlar yenə vardı, amma qısa müddət sonra hamı kənara çəkildi. Atama cangüdən ayırmaq istəyən iş adamı, dostu, Yelmar Məmmədov da Özbəkistanda xəyanət nəticəsində həyatını itirdi. Biz maddi çətinliklər üzündən evimizi satıb başqa evə köçdük. Sonra həmin evi də satıb 17 il ərzində kirayədə yaşadıq. Bütün bu problemləri həll etmək, ayaqda durmağımız üçün illər lazım oldu. Mənim həyatım dəyişdi. Nəzarətsiz qaldım və meylimi küçələrə saldım. Küçə həyatını bilirsiz, orada başqa qanunlar işləyir. Ağlıma gəlməzdi ki, nə vaxtsa özümdə güc tapıb həyatımı dəyişə bilərəm.

Atam dünyasını dəyişəndə evimizdə 5 minə yaxın kitab vardı. Hər dəfə köçəndə o kitabların 20 faizi it-bata düşdü. Hər dəfə o kitablara baxanda düşünürdüm ki, kaş bunları oxuya biləydim. Amma küçə həyatı buna imkan vermirdi. Təsəvvür edirsiniz, biz 8-ci mikrorayonda yaşayırdıq. Həftədə 3-4 dəfə xırda alverlə məşğul olmaq, nəsə qazanmaq üçün aeroport ərazisindəki ticarət mərkəzinə qədər piyada yol gedirdim. Sadəcə, gedirdim, nəsə qazanıb qazanmayacağımı bilmədən gedirdim. Atamı bilirsiniz, dəli-dolu adam idi, mən də ipə-sapa yatmırdım. Elə bil macəra axtarırdım özüm üçün.

 

Ən yaxın dostum kitablar oldu

 

- Yaxşı, bəs nə baş verdi? Küçələrdən necə yığışa bildin? Kim sənə təsir elədi, kimin dəstəyi ilə həyatın yenidən dəyişdi?

- Atamın! Yox, mənə elə baxmayın! Tam səmimi deyirəm, atamın! Yəqin, narahat idi, yuxuda görürdüm onu, çox canlı görürdüm, deyirdim ola bilməz, axı sən ölmüsən, "ölməmişəm" söyləyirdi. Hiss edirdim ki, mənə nəsə demək istəyir, amma demir. Artıq ondan qalan kitablar xeyli azalmışdı, Haradasa dörddə üçü it-bat olmuşdu. Bir gün yenə onlara baxıb fikirləşdim: kaş bu kitabları oxuya biləydim. Amma küçələr maqnit kimi məni özünə çəkirdi. İlk dəfə özümdə cəsarət tapdım, kitablardan birini götürüb ilk sətirləri oxudum. Bir də son nöqtəyə çatanda özümə qayıtdım. Kitab məni alıb aparmışdı. Əlbəttə, ilk olaraq atamın kitablarından başlamışdım. Onlar mənə daha doğma idi. Sonra ən yaxın dostum kitablar oldu. Kitablar məni yeni həyata qaytardı. Hazırlaşdım, Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Savadsız müəllimlərlə savaşa-savaşa, bacarıqlı, savadlı müəllimlərdən öyrənə-öyrənə haradasa az da olsa uğur qazana bildim.

- Tural, belə səmimi söhbət üçün sənə təşəkkür edirəm. Açığı, həm sarsıldım, həm də sənə olan hörmətim bir az da artdı. Bunları bilmirdim. Sən bir istedadlı aktyor kimi tanınırsan, sevilirsən. Uğurların bol olsun.

- Təşəkkür edirəm. Atamı xatırladığınız üçün və onu məhz bu günlərdə, qələbə günlərinin sevinci ərəfəsində xatırladığınız üçün çox sağ olun.

 

Atam anamı qaçırtmışdı

 

- Eldar Baxışın evlənməyi də maraqlı olub, axı. Bu evlilik, səhv etmirəmsə, hər iki ailənin ciddi etirazına səbəb olub. Yoxsa elə deyil?

- Elədir... Atamgilin ailəsi ilə anamgilin ailəsi arasında düşmənçilik olub. Böyüklərdən eşitmişəm, biz tərəflərdə belə qan düşmənçiliyi olub həmişə. Təsəvvür edin də, anamın ailəsi Molludandır, Qaçaq Nəbinin qohumları. Bunlar həmişə sovet hökumətinə qarşı çıxıblar. Atamın ailəsi isə sırf bolşevik hökumətini dəstəkləyənlərdir. Ona görə də bir-birlərilə yola getməyiblər. Üstəlik, arada kiminsə qohumu kiminsə qohumunu öldürüb... Yəni bütün bunların fonunda onların evlənməsi mümkün deyilmiş. Atam hər şeyi gözə alıb, heç kəsin fikrinə məhəl qoymayıb, ürəyinin səsinə qulaq asaraq anamı qaçırıb. İlk vaxtlar narazılıq olsa da, sonra barışıblar, toy ediblər və bu evlilik həm də illərlə davam edən düşmənçiliyə, soyuqluğa son qoyub. Təəssüf, atam dünyasını dəyişdikdən sonra münasibətlər yenə soyudu.   

- Tural, necə fikirləşirsən, məncə, çox vaxt adam dostlarında yanılır. Bu müsahiblərdə dəfələrdə eyni fikirləri eşitmişəm: atam dünyasını dəyişdikdən sonra dostları bizi unutdu. Niyə belə olur? Maraqlıdır mənim üçün, Eldar Baxış sənə dostluqla bağlı nəsə məsləhət veribmi?

 

O, hər gün bizdən uzaqlaşırdı

 

- Bizim ona vaxtımız çatmadı. Dedim axı, hadisələr başlayanda mənim 8 yaşım vardı və elə o vaxtdan atam məndən də, ailədən uzaq düşdü. Biz onu evdə qayğılı, narahat, daha çox millətin dərdini çəkən biri kimi görürdük. Sağlığında prolemlərimizi, qayğılarımızı həll edirdi, amma bizim ona ehtiyacımız vardı. O isə milli problemlər artdıqca hər gün bizdən daha da uzaqlaşırdı. O mənə nəinki dostluq, ümumiyyətlə, çox şeylə bağlı çox şey deyə bilmədi.

- Belə başa düşürəm ki, atanla bağlı xatirələrin çox azdır.

- Evdə qələmləri var, onlara baxanda barmaqlarını görürəm. Həmin qələmlə kağız üzərində tələsən barmaqlarını. Evdə əlyazmaları qalıb, hələ də ürək eləmirəm onları açıb oxumağa. (Fikrə gedir). Rəfdən kitab götürüb mənə verib deyirdi ki, üç gündən sonra soruşacağam. Mən də biclik edirdim, bir az əvvəldən, bir az ortadan, bir az da sondan oxuyurdum. Vaxtı gəlib çatanda imtahan başlayırdı. Mənə oxumadığım yerdən sual verirdi. Pərt olurdu: "Atanın balası, belə olmaz", - deyirdi və növbəti dəfə oxuyurdum.

- Əziz Tural, söhbətimiz yekunlaşır. Sonda yenə Qubadlı ilə bağlı soruşmaq istəyirəm səndən. Rayon işğal olundu, atan dünyasını dəyişdi, sən tamam başqa bir sahəni seçib öz həyatını qurdun. Amma Qubadlı işğaldan azad oldu. Səni ora bağlayan nəsə qalıbmı?

- Əlbəttə! Ora mənim uşaqlığımın, xatirələrimin ünvanıdır. Orada mənim nakam, balaca qardaşım Andayın məzarı var. Bir də atamın vəsiyyəti var və Qubadlı işğaldan azad olduğu üçün bu barədə ciddi düşünüb qərar verməliyik. Atam da, anam da vəsiyyət etmişdi ki, torpaqlar alındıqdan sonra onların nəşini Qubadlıya, Andayın yanına aparaq. Bilmirəm nə qərar verəcəyik.   


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!