"Varislər"in bugünkü qonağı Azərbaycan nəsrinin unudulmaz imzası, yazdığı tarixi romanlarla
ruhumuzu dirildən, bizə Xudafərin sevdasının
şirinliyini yaşadan, ssenariləri ilə qorxmaz, ləyaqətli Azərbaycan kişilərinin portretini yaradan
Fərman Kərimzadənin varisi, tanınmış yazıçı,
kinossenarist Yeganə Kərimzadədir.
Milis rəisinin oğlu
1937-si ilin martında Vedi rayonunda, partiya işçisi İsmayıl kişinin ailəsində dünyaya gəlib. İbtidai təhsilini Vedidəki kənd məktəbində alsa da, onilliyi Beyləqan rayonunun Şahsevən kəndində bitirib. Hələ yeniyetməlik dövründən mütaliə etməyi sevir, əlinə rəngli qələmlər, rəng, fırça düşən kimi müxtəlif rəsmlər çəkirdi. Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsilini başa vurduqdan sonra ədəbiyyata, kinoya olan həvəsi onu Moskvaya, Ümumittifaq Kinematoqrafiya İnstitutu nəzdindəki ali ssenari kurslarına gətirib çıxartdı. İkiillik kursu bitirdikdən sonra peşəkar kinodramaturq kimi C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor, müəllif, kollegiya üzvü kimi fəaliyyətə başladı. Onlarca filmin redaktoru, bir neçə bədii filmin ssenari müəllifi olaraq, kino tariximizə öz töhfəsini verdi.
Unudulmaz və hər zaman doğma Fərman Kərimzadənin varisi, tanınmış yazıçı Yeganə xanım Kərimzadə ilə "Ədəbiyyat qəzeti" redaksiyasında görüşdük.
Vedili qəhrəmanlar
- Vedi dedikdə ilk olaraq elə Fərman Kərimzadənin özünün yaratdığı, obrazlarını kinoya gətirdiyi insanlar - Kərbəlayi İsmayıl, Qəmlo, Abasqulu bəy Şadlinski yada düşür. Fərman Kərimzadəni tanıyırdım, kinostudiyada, Yazıçılar Birliyində dəfələrlə üz-üzə gəlmişdik, görüşmüşdük. Mənə elə gəlirdi ki, onun yerişində bir Kərbəlayi İsmayıl ləngəri, davranışında Abasqulu bəy Şadlinski təmkini, hərəkətlərində bəzən Qəmlo qətiyyəti hiss olunur.
- Atası İsmayıl Şıxəli oğlu inqilabçı olub, daşnaklara qarşı mübarizədə fəal iştirak edib. Vedi mahalının milis rəisi işləyib. Atam 1937-ci ildə Stalin repressiyasının hər kəsə qan uddurduğu bir dövrdə anadan olub. Dərd ondadır ki, Stalinin insanlara zülmü təkcə sürgünlərlə, güllələnmələrlə, yerli-dibli yox olmalarla yadda qalmayıb, bu həm də deportasiyalar dövrüdür və bundan ən çox əziyyət çəkən də azərbaycanlılar və SSRİ-də yaşayan digər türk xalqları olub. Atamın 12 yaşı olanda, yəni 1949-cu ildə azərbaycanlıları Ermənistandan deportasiya ediblər və onlar Beyləqana köçməyə məcbur olublar.
Burada doğulan adam
mütləq yazıçı olmalıdır
Mən Vedini görməmişdim, illər sonra atam məni ora apardı, başa düşdüm ki, belə yerdə doğulan adam mütləq yazıçı, ya da şair olmalıdır.
Babam əsl sovet adamı olub. Quş cəldliyi ilə at belinə sıçrayan, güllə yağışı altında at çapan biri. Yetmiş yaşı olmamışdı hələ dünyasını dəyişəndə. Mən onu çox az xatırlayıram, sadəcə uşaq yaddaşı... Çünki o vaxt 3 yaşım olub, amma ata nənəm yaxşı yadımdadır. O, ali təhsil almamışdı, ancaq ağzı bayatılı, qoşmalı, nağıllı, dastanlı qadın idi. Əsl folklor boğçası demək olardı ona. Hətta iş görəndə bayatı deyə-deyə, zümzümə edə-edə görürdü. Çox maraqlı qadın idi. İllər keçdi, müxtəlif folklor topluları, ədəbiyyat kitabları ilə tanış oldum, lakin bir vaxtlar nənəmdən eşitdiyim nümunələri o kitablarda tapa bilmədim. Mənə elə gəlir, dediklərini özü yaradırdı. Qardaşını erkən itirmişdi, taleyinə deportasiya illəri, ayrılıqlar, itkilər düşmüşdü. Daha çox ağrılı bayatılar deyirdi: qardaş oxşamaları.
O adam atamın dayısı olub
Atamın "Qarlı aşırım" romanındakı Xəlil obrazı nənəmin doğma qardaşıdır, yəni atamın dayısı. Nənəm ömrünün sonuna qədər qardaş deyib göz yaşı axıtdı, son dəfə qardaşının şəklinə baxıb, canını tapşırdı.
Bir də bizi nazlayanda, əzizləyəndə qoşurdu sözləri mirvari dənələri kimi bir-birinin ardınca. Özüm də nəsə yazıram və mənə elə gəlir, nənəmə çəkmişəm. Məncə, belə şeylər qanla, genlə gəlir.
- Fərman Kərimzadəyə ilk böyük uğuru "Qarlı aşırım" romanı və romanın motivləri əsasında ekranlaşdırılmış "Axırıncı aşırım" filmi gətirdi. Kim motivasiya vermişdi, kim tanıtmışdı bu hadisələri ona?
- Əlbəttə, ilk növbədə, atası İsmayıl kişidən eşitmişdi həmin hadisələri, çünki babam da həm milis rəisi, həm də inqilabçı kimi hadisələrin içində olub. Atam öz xatirələrində bu barədə qeyd yazıb. Ümumiyyətlə, ailədə bu hadisələr heç vaxt unudulmayıb. Üstəlik, bir qədər əvvəl də dedim axı, Xəlil atamın dayısı idi. Müəyyən şeyləri arxiv sənədlərindən, hadisələrin şahidi olmuş qohumlardan, insanlardan eşitmişdi. Abasqulu bəy də kənar adam deyildi, qohumluğu çatırdı bizə. Elə Kərbəlayi İsmayıl özü də qohum idi. Qəmlo özü də kənd adamı olub. Yəni bu obrazlar haqqında atam uşaqlıqdan eşitmişdi və yəqin, zaman-zaman bu, onun yazıçı yaddaşında bədii həll formasını tapıb. Mən uşaq olanda atamın xalası Nəzirə nənəmdən bu söhbətləri çox eşitmişəm. Əslində, atam bu obrazların bədii təsvir formasını çox maraqlı işləyib. Bəzi obrazlar dəyişdirilib, rəng qatılıb onlara.
Onu yaba ilə öldürüb
Tutaq ki, Qəmlo tam olaraq romanda, filmdə göstərildiyi kimi olmayıb. Doğrudur, ermənilərə qan uddurub, adı gələndə hamı pərən-pərən düşüb, çox vahiməli adam olub. Müəyyən çatışmayan cəhətlərinə görə həm də nifrət edirmişlər ona. Məlik Dadaşov filmdə onun obrazını gözəl yaradıb. O dövrün şahidlərinin dediyinə görə, güllə ilə vurublar, Qəmlo ölməyib, sonra yaba ilə öldürüblər onu.
- "Axırıncı aşırım" milli kinematoqrafımızın vestern janrında çəkdiyi ən uğurlu işlərdən hesab olunur. İllər keçsə də bu filmə maraq azalmır. Rejissor Kamil Rüstəmbəyovun quruluşu, Rasim İsmayılovun operator işi, Arif Məlikovun ölməz musiqisi və peşəkar aktyor ifaları adamı sehrləyir. Fərman Kərimzadə belə bir uğurlu işin şöhrəti ilə necə yaşayırdı?
- Atam həm kinostudiyadan, həm də yazıçı kimi çox yaxşı qazanırdı. Korluq çəkmirdik. Özü çox zəhmətkeş adam idi, çox işləyirdi və bunun haqqını da alırdı. Kitabları böyük tirajla çap olunurdu. "Xudafərin körpüsü" ilə "Çaldıran döyüşü" romanları o dövrdə rekord vurmuşdu. İki nəşriyyat bir ayın ərzində bu kitabların hesabına milyonlar qazandı və təbii ki, atam da öz payına düşəni almışdı. Hamı hörmət edirdi ona. Hər yerdə başa çəkirdilər.
"Göy at"lı oğlan
Ailədə üç bacı, bir qardaş olmuşuq. Mənə qədər iki qız da dünyaya gəlib, amma onlar vəfat ediblər. Evin böyük övladı mənəm. Ailəmizin elə də böyük tələbatı olmayıb. Sadə həyat tərzi sürmüşük. Maşınımız vardı. Rəngi göy olduğundan "göy at" deyirdi ona. Kinostudiyanın binasında yaşayırdıq. Rəhmətlik Adil İsgəndərov o evi atama vermişdi. Atam bizi respublikanın hər yerinə aparıb. Siqnal səsi eşidib eyvana cumurduq. Yuxarı qalxmağa da hövsələsi çatmırdı. Deyirdi, əyin-baş götürün, geyinin, düşün aşağı. Hara gedəcəyimizi bilmirdik. Az qala Azərbaycanın hər rayonunda döyməyə qapısı vardı. Öz evi kimi idi döydüyü qapıların hamısı. Biz də gedirdik, onlar da ara-sıra gəlirdilər bizə. Raykom katibləri, vəzifəli adamlar başına and içirdilər, amma onun dostları daha çox sadə adamlar idi. Şuşanı, Laçını, Kəlbəcəri qarış-qarış gəzdirib bizə. Cənub zonası, Şimal zonası, Şəki-Qəbələ tərəflər. Azərbaycanın dörd tərəfi cənnətdir, harada gözəl təbiət, saf sulu bulaq, təmiz dağ havası vardısa, maqnit kimi çəkirdi onu özünə. Gəlişi toy-bayram olurdu dostları üçün. Quzular kəsilirdi, süfrə açılırdı. Belə şeyləri götürmürdü, heyvan kəsiləndə gözləri dolurdu, amma kimə deyirsən, adamlar bilmirdilər necə dursunlar onun qulluğunda.
Rusiyanı gəzmişik. O vaxtkı sovet respublikalarını gəzmişik. Yəni valideynlərimiz əsasən tərbiyəmizə, təhsilimizə, sağlamlığımıza fikir veriblər.
Atam çox ürəyiyumşaq adam idi, bizə iynə vurulanda gözləri dolurdu. Ümumiyyətlə, kiminsə əzab çəkməyini, ağrımağını ürəyi götürmürdü. Ata deyildi, dost idi bizə. Evdə əsasən anamız məşğul olurdu tərbiyəmizlə. Dərslərimizlə o maraqlanırdı, lazım olanda anamız cəzalandırırdı bizi, üstümüzə çığırırdı. Atam yanımızda olmasa da, xəlvətdə anama deyirdi ki, elə bil yad uşaqlarıdır, niyə belə davranırsan onlarla?! Əslində, valideyn elə belə olur. Onların ikisi də bizim yaxşılığımızı istəyirdi.
Atamla ilk uzaq səfərim
Atamla ilk uzaq səfərim 4-cü sinfi bitirdiyim vaxt oldu, məni özü ilə Moskvaya apardı. Kinostudiyada işləyirdi onda, filmləri Moskvaya təhvil verirdilər. İlk dostluğumuz, yoldaşlığımız belə başladı. Nə yaxşı ki, məni özü ilə aparmışdı. Bunu özü də sonralar deyirdi: "Yeganə yanımda olmasaydı getmişdim!". Oteldə onun təzyiqi qalxdı. Cavan idi, otuzdan bir qədər artıq yaşı vardı. Ayıltmaq olmurdu. Yaxşı ki, rus dilini bilirdim. Moskvada azdım, amma sonra yolu tapdım, həkim gətirdim onun üçün. Bir neçə saatdan sonra özünə gəldi.
Ailədə çox mehriban idi, üstümüzə acıqlandığını xatırlamıram. Özü də səfərlərə çox çıxırdı. Mütləq bizə nəsə hədiyyə gətirməliydi. Paltar, suvenir, oyuncaq... Ayaqqabı həvəskarı olduğum üçün çalışırdı mənə çoxlu ayaqqabı alsın. Uşağıq da, bir də gördün qripə yoluxurduq, qızdırmamız qalxırdı. Özünə yer tapa bilmirdi. Tez nəsə bir hədiyyə alıb başımızı qatmaq istəyirdi. Saçları tez ağarmışdı, qar kimi idi, amma uşaq kimi saf, insanlara inanan, onları sevən biri idi atam. Övladlar arasında heç vaxt ayrı-seçkilik salmazdı. Dördümüzü də eyni məhəbbətlə sevirdi.
Yalançı adamları sevmirdi
- Gündəliyinizə baxırdı? Pis qiymət alanda gündəliyi gizlətdiyiniz vaxtlar olubmu heç? Bir də, mənim üçün maraqlıdır, insanlarda ən çox hansı keyfiyyətə dəyər verirdi?
- Elə adam idi ki, ondan heç nə gizlətmək olmazdı. Onunla hər söhbəti açıq, səmimi etmək mümkün idi. Deyə bilərdin ki, filan səbəbdən dərsimi oxuya bilməmişəm və s. Yalançı adam gözünün düşməni idi. Bayaq dedim, səsini qaldırmazdı, bütün bu xoş xasiyyətlərinə baxmayaraq, ondan çəkinirdik. Bircə baxışı bəs edirdi, özümüzü yığışdıraq. Yeganə arzusu savadlı, təhsilli olmağımızı görmək idi. Dördümüz də ali təhsil aldıq. Hətta aramızda iki universitet bitirən də oldu. Vəzifədə olan çoxlu dost-tanışı vardı, amma kimdənsə istifadə etmək onun xarakterinə yad idi. Yekəxana insanlardan ümumiyyətlə, qaçırdı. Özü kimi sadə, təkəbbürsüz, səmimi adamların ətrafında olmaqdan zövq alırdı.
- Kimlər idi Fərman Kərimzadənin dostları? Sirrini verdiyi, sirrini bildiyi adamlar. Ailəsini etibar edə biləcəyi, evinə gedib-gələn, evində qonaq qala biləcəyi adamlar? Fərman Kərimzadə dünyasını dəyişəndən sonra necə, bu dostlar yenə o münasibəti qoruyub saxlaya bildilərmi? Dayaq ola bildilərmi Fərman Kərimzadənin övladlarına?
Atamın dostları...
- Ən yaxın dostu Sabir Rüstəmxanlı idi. Dəfələrlə Yardımlıda, Sabir bəyin ata-baba yurdunda olublar. Məmməd İsmayıl, Məmməd Aslan... Hətta Məmməd Aslan atamın elçiliyini də edib.
Tələbəlikdən dostluq etdiyi, ürək qızdırdığı adam Əlibala Hacızadə idi. Soyadını xatırlamadığım tələbə yoldaşı vardı - Seyfəddin əmi. Fotoqraf idi. Onlara dost demək olmazdı, qardaşdan artıq idilər. Rəssam Əli Verdiyevlə dost idi. Şeyx Əbdül Mahmudovla dost idi, həm də ana tərəfdən qohumluğu çatır bizə Əbdül müəllimin. Yəni həm sənət adamları, həm də adi insanlar arasında dostları çox idi. Təəssüflər olsun ki, atam dünyasını dəyişdikdən sonra bu dostların çoxu yoxa çıxdı.
- Belə demək mümkünsə, Fərman Kərimzadə ali təhsil almamışdı, Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmiş, sonra Moskvada ikiillik ali ssenari kursunda oxumuşdu. Keçmiş milis rəisinin oğlunun incəsənətə, rəssamlığa, ədəbiyyata haradan idi bu qədər marağı?
Tarix fakültəsinə
qəbul olunsa da...
- Atam orta məktəbi bitirdikdən sonra universitetin tarix fakültəsinə qəbul olunur. Yəni imtahan verir, amma elə bilir ki, müsabiqədən keçməyib. Buna görə də maraqlanmır. Əslində, qəbul olunur, lakin onu tapa bilmirlər. O da, haradasa küsür. Sənədlərini rəssamlıq məktəbinə verir, ora qəbul olunur, təhsilini davam etdirir. Sonra kinostudiya, kino onu maraqlandırdığı üçün ali ssenari kursunda təhsil alır. Çox mütaliəli adam idi. Tarixlə, xarici ədəbiyyatla maraqlanırdı və Azərbaycan tarixini gözəl bilirdi.
- Yeganə xanım, bu il oktyabr ayının 18-də şanlı Azərbaycan Ordusu Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızı sancdı. "Xudafərin körpüsü" deyiləndə ilk olaraq Fərman Kərimzadənin eyni adlı romanı yada düşür. Torpaqlarımız 30 ilə yaxındır düşmən işğalı altında idi. Xudafərinin alınması xəbərini eşidəndə hansı hissləri keçirdiniz? Xudafərin körpüsünü ziyarət etmək niyyətiniz varmı?
Xudafərin və atamın ruhu...
- (O dəqiqə gözləri dolur, səsi titrəyir) Ağladım. Hönkür-hönkür ağladım. Sevindiyimdən özümə yer tapa bilmirdim. Xudafərin işğal altında olanda həmişə mənə elə gəlirdi ki, atamın ruhu da işğal altında qalıb. Ali Baş Komandan o şad xəbəri televiziya ilə elan edəndə bir anlıq rahatlıq hiss etdim, düşündüm, atamın ruhu da sakitləşdi. Yollar açılan kimi mütləq gedib Xudafərini ziyarət edəcəyəm. O körpü ilə bağlı atamın dilindən o qədər maraqlı hadisə eşitmişəm ki... "Xudafərin körpüsü" kitabının məndə avtoqraflı nüsxəsi var. Orada atam təxminən belə yazıb: "Qızım, bu romanı oxu və nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var mənim əxlaqımdan, bu kitabdakı əxlaqdan çıxma. Nə zaman bu əxlaqdan çıxsan, o zaman bil ki, nə atan var, nə də Azərbaycan xalqı!". O, bütün kitablarını övladlarına avtoqrafla hədiyyə edirdi.
- Stalin repressiyasından sonra sovet DTK-sında bir ənənə qalmışdı. Ədəbiyyatı, yəni kütləvi təsir gücünə qadir təbliğat sahələrini daima nəzarətdə saxlamaq ənənəsi. Kimin qabında nə vardısa, gözəl bilirdilər. Hətta DTK-ya işləyən sənət adamları da az deyildi və bununla fəxr edənlər də vardı. Eşitdiyimə görə, sovet DTK-sı ilə Fərman Kərimzadənin ulduzu düz gətirməyib...
Onu niyə izləyirdilər
- Çox doğru qeyd etdiniz, DTK sənət adamlarını nəzarətdə saxlayırdı və güclü senzura vardı. Ümumiyyətlə götürsək, o dövrdə rus xalqı ilə müştərək qəhrəmanlıq faktı olmayan tarixi əsərlərin yazılması qanunla olmasa da, yazılmamış qanunlarla qadağan idi. Azərbaycan tarixində isə ancaq rus zülmü, rus işğalından söhbət gedə bilər. Ümumi götürsək, Kərbəlayi İsmayıl kimi obrazları ədəbiyyata gətirmək çətin idi. Bu kişilər millətimizin mentallıq göstəriciləri olub. Bolşevik bayrağına əyilməyən, mübariz, qətiyyətli, ölümün gözünə düz baxan adamlar. Sovet ədəbiyyatı belə obrazları görmək istəmirdi. Onları yaratmaq üçün mütləq böyük peşəkarlıq tələb olunurdu, qolçomaq kimi təqdim edirsən, sinfi düşmən kimi yaradırsan, amma onu alçaltmırsan, təhqir etmirsən. Əlbəttə, belə şeylər DXK-nın gözündən yayına bilməzdi. Yəqin, elə ilk əsərlərinin çapından sonra atam daima onların nəzarətində olub, amma 1988-ci il hadisələri başlayandan sonra, meydan hərəkatı öz pik nöqtəsinə çatanda bu nəzarət artıq təzyiq halı aldı. Qarabağa Xalq Yardımı Komitəsi yaradıldı və atamın orada rəhbərlikdə təmsil olunmasını istəyirdilər. Artıq, Ermənistandan azərbaycanlıların növbəti deportasiyası başlamışdı.
Həbs olunsam
intihar edəcəyəm
Atam komitə üzvləri ilə rayonlara gedir, qaçqınların yerləşdirilməsində fəallıq göstərirdi. Həmin ərəfədə izləndiyini hiss edirdi. Xəlvətcə anama demişdi ki, əgər məni tutsalar, intihar edəcəyəm. Razı olmaram mənə görə övladlarım başıaşağı olsunlar. Yəni həbs olunmağı özünə, ailəsinə təhqir hesab edirdi.
O vaxt işğaldan təzə azad olunmuş Cəbrayıl rayonu bizdə idi. Atamın dostu vardı orada, Şahmat məktəbinin direktoru, Şəhriyar müəllim. Atam onlarda olanda özünün xəbəri olmayıb, milislər gəlib ev yiyəsinə xəbərdarlıq ediblər ki, Fərman müəllim təcili Cəbrayılı tərk etməlidir. Ev sahibi bunu atamdan gizlədib, amma milislər əl çəkməyiblər və Şəhriyar müəllim axırda deyib ki, mən qonağıma evimi tərk elə deyə bilmərəm, əgər o gedəcəksə mən də onunla biryolluq gedəcəyəm. Beləcə, Şəhriyar müəllim atama qoşulub Cəbrayıldan çıxmışdı.
O ərəfədə atam böyük bir nümayəndə heyətini başına toplayıb Moskvaya getmişdi. SSRİ prezidenti Mixail Qorbaçovun qəbuluna düşmək, Azərbaycandakı vəziyyət, qaçqınlar, ermənilərin xəyanəti ilə bağlı onu birbaşa məlumatlandırmaq istəyirdilər. Xeyli vaxt Moskvada qalmalı oldu. Bilirsiniz də, erməni lobbisi Rusiyada güclüdür. Rusiyanın, elə Azərbaycanın özündə ermənilər DTK və digər güc strukturlarında yerləşiblər. Atam 1967-68-ci illərdə qələmə aldığı romanda erməni Andranik haqqında dəqiq faktlar yazmışdı və bunu çox dar çərçivədə dostlarının yanında oxumuşdu. DTK dərhal bundan xəbər tutmuşdu və atam o vaxtdan bəri həmişə nəzarətdə olub.
Oğurlanmış roman
Haqqında danışdığım roman çap olunmadı və evdən yoxa çıxdı. Yəni romanı evdən oğurladılar. Bunu gözlərimlə gördüm. Səhərə yaxın idi, hamı yatmışdı. Birdən evdə ayaqqabı səsi eşitdim. Elə uşaqlıqdan çox ayıq yatıram. Oyandım. Fikirləşdim anam niyə evdə ayaqqabı ilə gəzir?! Yad bir qadın vardı evdə, məni görən kimi qaçıb getdi. Həyəcandan çığıra bilmədim. Sonra bunu evdə danışdım, gülüb dedilər ki, qara basıb məni. Atam da gülərək dedi ki, təxəyyülü güclüdür, bu qız yazıçı olacaq.
- Bəs nəyə görə həmin romanı yenidən bərpa etmədi? Düzdür, bir şeyi itirdikdən sonra yenidən yazmaq çox ağır prosesdir, amma belə vacib əsəri nədən unutdu?
- İmkan vermədilər axı. Danışdığım hadisədən xeyli müddət sonra məlum oldu ki, roman evdən yoxa çıxıb. Nə qədər axtarsaq da, əlyazmaları tapa bilmədik. Xeyirxah adamlar hər yerdə var. Atama məlumat verdilər ki, romanın filan yerdədir və üstünü açıb-ağartma. Yalnız bundan sonra o vaxt mənim yuxu görmədiyimə inandılar.
Arxivləri Rusiyaya köçürmüşdülər
Atam dünyasını dəyişəndən sonra onun adına xeyriyyə fondu yaratdıq. Milli Təhlükəsizlik Nazirliyinə fond adından rəsmi müraciət etdik və bizə cavab verdilər ki, 1990-cı ildə bəzi arxiv sənədləri Rusiyaya köçürülüb.
O romanda təsvir olunmuş epizodların böyük qismi şahidlərin danışdığı hadisələr əsasında yazılıb. Andranikin necə bir türk düşməni olduğu, türklərə necə divan tutduğu yazılıb.
- Məşhur kişilərin ətrafında qadınlar da çox olur. İşlə əlaqədar olaraq fanatlar, oxucular və b. Yəqin, Fərman Kərimzadənin də ətrafında belə qadınlar az olmayıb. Evdə necə idi vəziyyət?! Ananız Xalidə xanım qısqanırdı Fərman müəllimi?
- Anam atamı çox sevirdi. Bu sevgi qarşılıqlı idi. Onlar sevib evləniblər. Atam elə ilk görüşdən aşiq olub anama. Üç yaş kiçik idi anam ondan. Həmişə xatırlayıb gülürdülər. On bir günün içində az qala on dəfə elçi gedirlər və dediyim kimi, babam tərslik edib qızı vermək istəmir. Təsəvvür edin, əvvəl böyüklər, ağsaqqallar gedir elçiliyə, alınmır. Dostları gedir, alınmır. Atam dostlarına qoşulub elçiliyə gedir, özünü oğlanın yaxın dostu kimi təqdim edir, alınmır. Yəni babam onlara başqa çıxış yolu saxlamır, məcbur olub qızı qaçırırlar. Sonradan babam atamın xətrini dünyalar qədər istəyirdi. Belə deyək də, arvad qohumları başına and içirdilər onun. Hətta anam bəzən bundan küsürdü.
Anam onu
Elizabet Teylora da qısqanırdı
- Yeganə xanım, bunu başa düşdüm, amma cavab vermədiniz axı, Xalidə xanım Fərman Kərimzadəni qısqanırdı, ya yox?
- Anam çox qısqanc qadın idi. O vaxt "Kleopatra" filminə birgə gedib baxıblar. Filmdən sonra atam deyib ki, gördün də Elizabet Teylor necə gözəl qadın idi, anam da bunu təsdiq edib, amma həm də küsüb atamdan. Yəni anam uzaq məsafələrdəki qadınları da atama qısqana bilirdi. Hətta elə bil dünyasını tez dəyişməsinə də anam qısqandı onu. Son günlərində bir dəfə dedi ki, uşaqlar, məni bağışlayın, atanızdan çox yaşadım.
- Fərman Kərimzadə 52 yaşında dünyasını dəyişdi. Bu yaşda ölüm həm gözlənilməzdir, həm də ağrılı. Nə oldu ölümünə səbəb?
- Tərtərdə idi, qaçqınların yerləşdirilməsi ilə məşğul olurdu. Qəfil insult olmuşdu. Amma mənim içimdə bir şübhə də var. Məncə, ona nəsə elədilər. Həkimə çatdırılsa da gec olub. Bizə xəbər verdilər ki, xəstədir. Həkimlə danışdıq, birlikdə Tərtərə getmək istədik. İlaxır çərşənbəyə hazırlaşırdıq. Evə qayıtmağını gözləyirdik. Müslüm əmi vardı, yanında idi. O xəbər verdi bizə. Sən demə, artıq atam keçinib, amma bizə demirlər. Yazıçılar İttifaqında Lida xanım vardı, o zəng vurdu, mən danışdım. Dedi ki, nəsə kömək, maşın-zad lazımdırsa xəbər verin.
Bizdən başqa hamı bilirmiş...
Çox sakit danışdım, dedim hər şey qaydasındadır, maşın da, adam da gedib. Söhbətin sonunda dedi ki, Allah rəhmət eləsin. Yerimdə donub qaldım, dilim tutuldu. Sən demə, yaxın ailə üzvlərindən başqa, hamı onun rəhmətə getdiyini bilirmiş. (Göz yaşlarını saxlaya bilmir).
- Sonda rəssam, yazıçı, kinossenarist Yeganə Kərimzadə atası Fərman Kərimzadənin portretini bir cümlə ilə necə təsvir edə bilər?
- Fərman Kərimzadə mənim üçün Ağrı dağıdır, saçları Ağrının qarı, xatirəsi Ağrı dağının əzəmətidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!