Günümüzün gündəlikdən uzaq şairi
Kəramətlə söhbət
- Bir-birimizi xeyli vaxtdı tanıyırıq, müxtəlif məclislərdə, toyda-yasda, adi günlərdə "şair kimi poz verən adam" deyilsən. Heç şeir deməyi də xoşlamırsan. Yəni şairliyini gözə soxan, belə deyim ki, həyatda şairlik eləyən deyilsən. Səni tanımayan adam şair olduğunu ağlının ucundan keçirməz. Amma çoxları şair rolu oynayır, özünü anormallığa qoyur ki, ona "şair" desinlər. Doğrusu, sənin belə davranmamağın, ciddiliyin mənim təqdir etdiyim cəhətlərdən biridir. Haqqında yüz adamdan yüz söz eşitmişəm; olan-olmayan. Mənim tanıdığım Kəramətlə o dostların-tanışların tanıdığı-tanıtdığı Kəramət arasında yerlə-göy arasında fərq var. Bir şeirdə yazmısan; "O, necə adamdı? Sözü-söhbəti, Onu tanıyanın sayı qədərdi". Heç özün-özünə sual vermisənmi: "Sən kimsən?". Adamın özünün özü haqqında danışması, əlbəttə, çətindi, bilirəm... özün özünü necə tanımlardın?
- Yaradılan da, yaranan da - hər şey mükəmməldi, - deyə düşünürəm. Yaşandıqca, həyatla qovğada dəyişmələrə məruz qalır insan da. İndiki dünyada bu dəyişmələr 100 il bundan öncəkindən daha sürətlə baş verir. Əslində, bu dəyişmələr prosesini ehtiva eləməkdi şairin missiyalarından biri, bəlkə də birincisi. Bütün gəlib-gedən insanlar özünü mükəmməl sayır. Şairlər də elə. Elə bilirlər ki, onların yazdığı, sevdiyi ən yaxşısıdı. Özünü sıradan biri olaraq görmək isə adamlara yox, adama məxsus keyfiyyətdi. Şeirimə - özümə, ən azından, kənardan baxmağa cəhd edirəm. Nəyi səhv-düz eləmişəm üzərində yox, yaşadıqlarım və həmin vəziyyətdə yaşaya biləcəklərimin versiyaları mənim obrazım kimi şeirlərimdə, poemalarımda qarşıma çıxır. Mən mənimlə dostluq eləməzdim, sən səbirli dostsan, mənim şıltaqlarıma dözürsən, çıxılmaz vaxtımda ona üz tutardım. Necə ki, lazım olanda kiminsə üz tutduğu ünvan olmuşam, belə də varam. Təmiz-müqəddəs-mükəmməl-filan da deyiləm. Kimilərinə adamayovuşmaz, qapalı, kimilərinə ürəyiaçıq, kimilərinə də əclaf-qəddar və sair biri. Bu sifətləri artırmaq mümkündür: Maraqlı adam, komplekssiz, tabularla yaşamayan, özündən-sözündən dünya malına görə vazkeçməyən, kimsədə yox, həmişə özündə günah gəzən biri. Hər zaman uduzan və bu uduzmasıyla da xoşbəxt olmağı bacaran biri. Qüruru anormallıq həddində. Ona baxan nə qədər göz varsa, onu göstərən nə qədər güzgü varsa, mütləq həqiqət deyil. Ümumiyyətlə, mütləq həqiqət yoxdur, düşünürəm. Olan-olmayan bütün günahların sahibi-baiskarı insan öz varlığıyla bir hadisədi, dinamik, həyat dolu insandan söhbət gedir. "Get naxıra-gəl axıra"lardan yox. Mülahizələr, dəyərlər, dedi-qodular, ara söhbətləri daxil, hadisə - insana baxış sahiblərinə aiddi, hadisə - insan kənardadı, ona aid deyil. Situasiyaya görə dəyişir insan. Bir hadisəni yüzündən dinlə, hərə bir söz deyəcək. Deməyim odur ki, bunların heç biri gerçək olduğu qədər də əskikdi. Əslində, bu məsələ ədəbiyyatda Dostoyevskinin romanlarında, fizikada Eynşteynin nisbilik nəzəriyyəsində həllini tapıb. Bu səbəbdən kəşfinə görə Eynşteyn Dostoyevskiyə minnət borcu olduğunu söyləyib. Qaldı "çətin şair" məsələsi... Adam bir-birini anlamayanda bir-biri üçün çətinləşir. İnsan bilmədiyi, görmədiyi, öyrəşmədiyi nə varsa, ondan qorxur və müxtəlif anlamlar yükləyir. Səkkizinci sinifdə oxuyanda "Gənc Verterin iztirabları" çətin gəlmədi mənə, həmin ilin yayında "Faust"u oxuyanda nəinki çətin gəldi, ümumiyyətlə, heç nə anlaya bilmədim. Oxumağa başladım deyə, "Faust"u axıracan oxudum, heç nə anlamasam da. Ali məktəbdə bir də oxudum və anladım, ən azından anlamağa başladım və mənə çətin gəlmədi. Rəsul Rzanın bir misrasını xatırlayıram, özünəxas sərt şəkildə yazıb: "Nadan yüz yol oxusun, yenə bir şey anlamaz". Dərketmə prosesi ağır və ağrılı prosesdi, sadəcə, anlamağa çalışmaq lazımdı, dönə-dönə. Həyatı da elə... heç nəyi dominant, ehkam kimi qəbul eləmək olmaz, onda özündə durğunlaşır, ətalətə yol açırsan, nəticədə hərəkətsizlik çürümə prosesinə yerini verir. Təbiət də, cəmiyyət də, yaradıcılıq da eynilə belədir, deyə bilərəm.
- Bəzən, biri yatdı-durdu, yuxu gördü, sevgilisi tərk etdi, mənsəb yolunun qapısı, şöhrət pilləsi sanıb olur şair, romançı və sair. Hamının şeir yazması, müğənni olması nədən qaynaqlanır. Bir tərəfdən də iki yanaşma mövcuddur, hansı məqbuldur, oxuyub öyrənməkmi, yoxsa ilham pərisi, vəhy, sinədəftərlik?
- Yumşaq şəkildə deyim ki, nəyinsə yerində olmadığının göstəricisidir. İnsan - fərddən hər şey "düzəldilməsi" nə qədər anormallıqsa, bütün cəmiyyətin eyni lada köklənməsi o dərəcədə anormallığın özüdür ki var. Heç Məhəmməd peyğəmbər də özündən öncə yaranmış səmavi kitabları - "Tövrat"ı, "İncil"i bilməsəydi, dövrün fəlsəfəsinə vaqif olmasaydı, son müqəddəs kitab "Qurani-Kərim" vəhylə məhz O-na pıçıldamazdı. Cazibə qanununun kəşfi almanın Nyutonun başına düşməsində deyil, məsələ almada yox, başdadı. Milyon adamın başına alma da düşüb, daş da, hələ bir qaya da, nəyi kəşf ediblər? Bunun mübahisəli tərəfi yox ki... Zəhmət çəkmədən, öyrənmədən, dərk etmədən, özünütəkamül prosesi keçirmədən heç nə yaranmayıb, bunun əksini anormallar düşünə bilər, ədəbi texnikanı ucundan-bucağından öyrənib dar çərçivələrinin diqqətində "sənətkar" adlananlar, falçılar, meyxanaçılıq başlar. Texniki işdi hər hansı bir ədəbi şəklə hərfiyyən əməl etmək də, bürokratik məsələyə çevrilmədi. Bir də janrın tələblərinə bürokrat dəqiqliyilə əməl etməklə yaradıcılıq eyni məsələ deyil. Bütövlükdə götürəndə formal olaraq hamı yazır və oluruq "şair xalq". Məntiq yox, məna yox, bədii məna-məntiqi qoyuram bir kənara. Bu kütləvilikdə saman qızıl yerinə satılır. Reklam o qədər mahiyyəti - özü üstələyib ki, artıq kimsə nəinki məna-məzmun haqqında düşünmür, ümumiyyətlə, düşüncəsiz, anlaqsız mühit yaranıb, yaradılıb. Dünyadakı xaotik hərəkət bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da özünü bu və ya digər şəkildə göstərir. Ədəbi fırıldaqçılar da suyu bir az da bulandırırlar ki, "dahi"likləriylə meydan sulasınlar. Bir misran belə olmasın, amma əlifbamızda tariximizdə o şair-yazıçı qalmayıb ki, ona "mız" qoyulmasın. 20 ildi özünüreklam vasitəsinə çevrilib özün olma, olanları inkar-təhqir et. Beləliklə, səni çağırsınlar ekranlara, saytlara və s. Bütün vasitələr məqbul hala gələndə meyar itir, yerini hər zad, hər şey tutur, "ədəbiyyata gəlmə"nin vazkeçilməz metodu. Ən çox bu yanaşmadan nəsibini alan hörmətli Anar müəllim olub. İndi də Fikrət Qoca... Onları tənqid edənlər başlayıblar özləri-özlərinə olmazın ifadələrini işlətməyə. Cəbhəxanada "ədəbi barıt" qurtaranda keçirlər siyasilərə və sairə. "Filankəs şair deyil". "Niyə"siz. Filankəs dahidi, niyəsiz-arqumentsiz. Bilgisizliyin, düşüncəsizliyin hökmü altında verilən qiymətin nə qiyməti olar ki? Bir dəfə yaşı gənc özünü mənsəbə, şöhrətə hesablayan buqələmuna dediyim cavab özümün də xoşuma gəldi: "Ədəbiyyat məhkəməsi cəhənnəmdə keçirilirsə, ordan ədalət ummaram". (Hamıdan, - "günün şeiri vermişik, nəsə səni unutmuşuq" atmacasına).
- Ədəbiyyat sahəsini belə alaqlardan təmizləmək, dediyin kimi, "bulanıq" suyu durultmağa yetərincə cəhd olunurmu? Yoxsa, zamanın ixtiyarına buraxmaq: Böyük Sabir demişkən: "Çalxalandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, Ayranı ayranlıq olur".
- Görürsənmi, zaman dəyişir, amma eyni problemlə" qarşı-qarşıyayıq. Amma bu qədəri, məncə, heç bir dövrdə olmayıb. Astroloq, kosmetoloq, uroloq, iqtisadçı, hüquqşünas, alim, bənna, saatsaz... ağlına gələn-gəlməyən kim varsa, guya şeir yazır. Bunlar üçün asan olan budur ki, texniki iş kimi baxırlar, ritmi tuturlar, ibtidai duyğularını ifadə edirlər. Tanıdığım, yaxın bildiyim xeylisi var ki, Əli aşından da olub, Vəli aşından da. Normal düşüncəsini o dərəcədə itirir ki, elə bilir nəsə yazır, doğrudan-doğruya elə bilir ki, dahidi. Necə olur ki, ciddi adam kimi tanıdığım biri anormallığa yuvarlandı. Ciddi şairin alimliklə məşğul olması nə qədər anlamsızsa, ciddi alimin də başını poeziya dənizinə vurması o qədər absurddur. İnsan, mütəxəssis əlli sahəni əlində tutmaz, özünə hörmət edirsə, özünə hörmət etmirsə cəmiyyətə də hörmətsiz yanaşar. Məmməd Arazın misralarını xatırladır. "Hər şeydən yazanda heç nə yazmıram, Heç nədən yazıram, daha pərgarı". Borxesin də bir essesi var e. "Hər şey və heç nə".
- Ədəbiyyatda səadət axtarışı anlayışı, dərd-kədər ruhu... bunlara münasibətin? "Külqabıya gül qoyursan hələ də, Güldanlara kül tökürsən hələ də, Həyatda haqq aramaq özü də haqsız işdi, Yanar işıldaböcəklər, Sönər işıldaböcəklər". Doğrudanmı, "həyatda haqq aramaq haqsız işdi"sə onda insanların əlini-qolunu bağlamaq doğrumu?
- İnsan həmişə xoşbəxt olmadığı kimi, həmişə bədbəxt də deyil. Həyat bizim gördüyümüzdən daha rəngarəng, düşündüyümüzdən daha mürəkkəbdi. Bizim mühitdə bədbəxtlik duyğuları daha çox çəkici olduğundan bizim şairlər daha çox bu rolu oynayır, öz həyatlarında yaşamadıqlarını süni şəkildə sözlərinə improvizə edirlər. Nəticədə, şeirlərimizdə həmişə "yağış yağır". Amma şəkillərimizdə həmişə xoşbəxt görünmək istəyirik. Nəticədə, gülən foto ağlayan şeir dilemmasıyla üz-üzə qalırıq. Paradoks deyilmi?
- Gördüyüm qədərilə, reklama, ədəbi reklama nəinki meyilli deyilsən, hətta anti-reklamçısan, demək olar. Günümüzün reallığından qaçış nə ilə bağlıdı.
- Yaradıcı insan menecerliklə məşğul ola bilməz. Bir də həyatım boyu nəyi, kimi təriflənən, reklam olunan görmüşəmsə, zay çıxıb. Amma camaat aldığı məhsulu yox, reklamı geyir-yeyir-içir. Və kim reklam olunursa, onu bəyənir, belə deyim ki, qəbul etmək məcburiyyətində qalır.
Alternativi yoxdu reklamın, ədəbi reklamın alternativi, xüsusilə, indiki zamanda yenə reklamın özüdü. Oxucuyla birbaşa söhbətə dəvət olunmamışam, bunu kimdənsə inciklik kimi vurğulamıram, sadəcə, öz vəziyyətimi təsbit etmək üçün deyirəm. Düzünə qalsa, özüm də təşəbbüs etməmişəm. Reklamçılar alternativ istəməz, ədəbi duyğu-düşüncə sıçrayışlarından hürkər. Bir də hər şeyin bazarı yaşadığımız günlərdə ədəbiyyatda da bazara çevrilibsə, orda heç "təzə məhsul" qəbul edilməz. Amma yaxşı ki, mənəviyyat məsələsi olan ədəbiyyat gec də olsa, ünvanına təmənnasız çatır. Bazarçılar istəyir ki, oxucu-tamaşaçı bundan başqasını görməsin. Hamı da seçim qabiliyyətinə malik deyil, "Pis olsa, ekrana çıxmazlar, tərifləməzlər, mükafat-zad verməzlər ki" yanaşmasıyla haqlı görünür. Belə şeylərdən danışanda özümü naqolay hiss edirəm. Əslində, şeirlərimlə cavab vermişəm mənə bəslənən münasibətə:
Birləşin, birləşin
Bütün ölkələrin istedadsızları
Qarşınızda dayanıb
Ordu kimi tək adam
Tək adam ordu kimi.
- Sən ancaq şeir, poema yazırsan. Başqa janrlarda yazmaq istəmirsən, yoxsa nə? İndi roman yazmaq dəbdədi. Bir az ironiyalı olsa da, roman yazana sanballı yanaşırlar.
- Gülməlidi, o qədər ki, "Gülürük ağlayası halımıza". Bizdə həftəbecər yazıçılar var ki, hərşeyşünasdılar, asanca da bütün janrlarda, şəkillərdə yazmağı ədəbi borc bilirlər.
Kökündən yanlışdır. "Niyə"sini sadalayacağam. Birincisi, hər bir insan konkret bir işlə - sahəylə parçalanır, gərəkli effekt alınmır, nəcəfdən yayınırsan. İkincisi, deməli, məşğul olduğun sahədə, ixtisasda başarı əldə edə bilməmisən. Üçüncüsü, qarşına çıxan hadisə səni üstələyib, ixtisasında əskikliyin var. Dördüncüsü, biz ədəbiyyatı hər şeyə qurban veririk, sənət isə hər şeyi ədəbiyyata qurban verənlərindir.
- Son olaraq da ədəbiyyatımızdakı uzun müddətdi gündəmdə xüsusi çəkisi olan atalar-oğullar, gənclərə münasibət barədə fikirlərini öyrənmək istərdim.
- Çox-çox geridə qalmış məsələdi... Yəni həyat özü bu məsələni həll etmişkən, təhsildə aradan qaldırılmışkən bunu bir problemmiş kimi ortaya qoymaq elə özü problemdi. İndiki müəllim, ata-ana dünənki kimi yanaşmır ki, uşağa, gəncə. 70 yaşlı adamın 7 yaşlı uşaqla eyni tonda, müstəvidə söhbət etdiyi gündə bizdə belə söhbətlər özü gerilik əlamətidi. İndiki gənclə, hələ bir uşaqla da diktə ilə danışmaqmı olar, o dövr çoxdan qapanıb. Süni şəkildə gündəmdə saxlanılmağa çalışılan boyat söhbətlərdi. Əvəzində bədii düşüncəni analiz eləmək, müasir təfəkkürün sıçrayışlı dəyişməsiylə ayaqlaşmasını gündəmə gətirmək gərəkir. Ədəbi üslub, janrın imkanlarının zorlanması, o qədər ciddi ədəbiyyat söhbətləri varikən... nə isə... Səni qabaqlayıb müsahibə götürdüyün üçün "sağ ol" deyirəm.
KƏRAMƏT
***
Başıma nə gəldisə...
İnsana inamdan gəldi
Həmişə qəlbimdə məsum bir uşaq öldürüldü
ya asıldı, güllələndi, işsiz qoyuldu.
Onlardan olmadığından
qovuldu, qovuldu
oğrular, oğrular
inamımı, əlimdəki çiçəyi
götürüb qaçdılar
gör nə qədər bədbəxtəm ki,
yenə də bu oğrulara
yenə də inanıram
qəlbimdəki uşaq
qarşıma çıxacaq
inanıram.
Mən sizə
O dünyadan (varsa əgər, əgər varsa)
Yol göndərəcəm
Bir az pul göndərəcəm
Bir az torpaq göndərəcəm
gözünüz doysun deyə,
bir az ümid bir az aşq
Bir az da dadını bilmədiyiniz
Zad
Bir dənə də
qəbirdən çıxmış
əl rəsmi göndərəcəm
(göz yaşı şəklində).
Mən sizə
Özümü göndərəcəm
o məktubu açmayın
partlada bilər zamanı.
***
Getmək, getdikcə getmək
özümü aldatmaq, azdırmaq
qayıtmaqmı? -
Yox, canım, şəxsiyyət vəsiqəmi dəyişmək
başqa bir ömürdə bambaşqa adla
maraqlıdı, deyilmi
(birdən çaşıb şeir kimi oxuyarsız, etməyin)
şeir endi sizinlə çay, pivə içməyə
bunu da mən etdim
hə, qoy onu da deyim ki,
şeir adamla söhbətdi, adamcasına.
***
Nəsə deyəcəkdim
yadımdan çıxıb.
Nənəm uç-uğur böcəyim
Canbəsər olmuşam e...
Gəl ki, ölüm... bircəyim
Qu nəğməsi oxu, de...
Uğursuz uğur böcəyim.
Gözləyəcəm haçanacan
Yeri barmaq ucunacan
Yer üzündən qaçanacan
Uç, uğur böcəyim
Birim, bircəm, çiçəyim
Ay mənim xallı göyçəyim.
Uç, birlikdə köcəyim
Nənəm uç - uğur böcəyim.
Şərqilərin bütün notlarında sevdim səni
İsmin bütün hallarında sevdim səni
Saçından dırnağınacan
Sevdanın bütün notlarında
bütün fəsillərdə
beşinci fəsildi mən yaşadığım.
Vüsaldan ayrılığacan
Sonra da ayrılığını sevdim.
Bütün şəxs əvəzliklərində
öldürürük bir-birimizi
Aldadırıq bir-birimizi
bütün dillərdə,
Çocuqların toppuş-toppuş əlləriylə
yüyürürük biri-birimizə yıxıla-dura.
Min yerə bölmüşük yer üzünü
özümüz də bölünə-bölünə gedirik
Ölümə - Böyük Partlayışa
Bir olan Allahdan min Allah düzəltmişik
Öz Allahı var hər kəsin
La-İlahə-İlləllah
(Allahdan başqa Allah yox)
Müsəlmanam, əlhəmdülillah
Amma hər şeydən öncə insanam
İnsandan başqa insan da yox.
Hamıya yetər yer üzü,
yetər göy üzü
Bütün əvəzliklərdə
öldürürük bir-birimizi
Amma mən səni
ismin bütün hallarında sevdim
Şərqilərin bütün notlarında.
***
0:35-də yağış yağdı, 2-3 dəqiqə...
sənə zəng eləmək istədim; yağır
sonra bu hissdən qurtardım özümü.
Sonra da çoxdanın şeirindən
yaddaşımda bu misraları
zorla oyatdım.
"Misra-misra yağış yağar üstünə
Yuyuna-yuyuna mələklənərsən
qupquru əksinə baxıb gülərsən.
İslanar yastığın, gecə köynəyin
Evinin içinə yağar bu yağış".
Diksinib qalxarsan yağış səsinə
Əlin, saçın damır gözlərin damır
Dinmə, dodağından sözlərin damır...
Anan da soruşar:
- Çağırır göylərdə ulduz-ulduzu
Harda islanmısan, bala, ay bala?
- Mən yağış səsinə oyandım, ana.
Azan səsi qarışıb
kilsə zənglərinə
Xaotik simfoniya
Əynində tabutu gəzir adamlar,
Bir zaman yaz üzlüm,
İndi yas üzlüm
Yas üzlüdü körpələr belə...
Sındıra bilmir polis,
sındıra bilmir dostum-düşmənim.
Bəlkə sən gözündəki çiçəyi çırpıb
Sındırarsan məni?
Asılqan adamlar paltar gəzdirir
qarışıb rənglər, fəsillər
Azan qarışıb kilsə zənglərinə.
Səslənir
Sərhəd məftillərində
Simfonik xaos.
Bilgisayar yaddaşımdan
yarpaqlar tökülür.
tökülür axşamın qəribliyinə.
Toy çadırı qurulsun
qəbiristanda
Şərqilərlə dəfn edin məni
upuzun olmasın, qımqısa
Niyə gülsün ki, başdaşında şəkillər?
Bütün heykəllər qəmliykən
niyə ölsün ki çocuqlar?
mənım kimi qocalar varikən.
Toy çadırı qurulsun qəbiristanda
Ölüm yox ki,
Həsrət yox ki,
həyat sevgiylə var
Ömür də şərqilərlə
unudulmaqdan-zaddan qorxmayın
təngnəfəs yüyürməyin Fəxri xiyabana
yüyürməyin divarlarda şəklinizə
Şahla oturub yeyin-için, deyin-gülün,
dərdləşin.
O dərdini danışsa,
hönkür-hönkür ağlarsan
...nə isə...
Onu deyirdim axı,
şərqilərlə dəfn edin məni.
***
Türkiyədə bir dostumla görüşdüm,
"Nə gətirim" sordum,
Dedi ki, mənə "Qarabağ" gətirə bilərsənmi?
Mən sənə nə deyim, ay gidi dünya
Ömürdü yaşadıq, elə-beləcə
Guya ki, xoşbəxtik, bədbəxtik guya
Danışdıq, daşıdıq elə beləcə.
Özünü bir belə naz-qoza qoyma
Mən haqdan yanıram küləklə sönməm
Vaxtın reklamına bu qədər uyma
Elə beləcəyəm mənəm, mənəm, mən!
Astara limonu, Naxçıvan duzu
Bir az Lənkərandan çay gətirəcəyəm
EH... OF... Savalandan bir əlçım bulud
Bir az toy, bir az da vay gətirəcəyəm.
Onsuz da dustağıq... hərə bir cürə
Gəldim, canım-gözüm, ovcumda Göygöl
Şəmkir konyakıyla aran necədi?
Kürdəmir çaxırı, bir az yaxın gəl.
Bütün rənglərinlə doğmasan mənə
Bütöv Azərbaycan xəritəsiyəm
Laçın dağlarında qıylanan qartal
Şuşadan harayam - XANın səsiyəm.
Fatehəm, həm də ki, Şah İsmayılam,
Belə bir əsildən, kökdən gəlirəm.
Mənəm əxz eləyən bütün dinləri
Bütün dilləri də əzbər bilirəm.
Mənə yuxarıdan aşağı baxma,
Yıxdığım kişinin başın kəsmərəm
Mən o Qarabağı qaytarmayınca
Ulu əcdadıma "qonaq" getmərəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!