"Varislər"in bugünkü qonağı müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru, üçüncü dərəcəli ədliyyə müşaviri, erməni terroru nəticəsində həlak olmasından 29 il ötməsinə baxmayaraq hələ də xatirələrdə yaşayan, adı hörmətlə anılan dəyərli vətənpərvər, gözəl insan İsmət Qayıbovun varisi, hüquqşünas İsmayıl Qayıbovdur.
Molla Vəli Vidadinin nəvəsi...
1942-ci ildə qədim Gəncədə, Əməkdar müəllim İsmayıl kişinin ailəsində dünyaya gəlib, amma soykökü Qazax mahalının məşhur Qayıbovlar nəslindəndir. Ulu babaları Molla Vəli Vidadi olub. Uşaqlığı Gəncədə keçib, orta məktəbi burada bitirib, hüquqşüas olmaq arzusu ilə Bakıya üz tutub. Müxtəlif illərdə komsomol işində çalışıb, 1971-ci ildən etibarən prokurorluq orqanlarında fəaliyyət göstərib. Bakı Şəhər Prokurorluğunda şöbə pokuroru, İsmayıllı rayonu, Şirvan, Sumqayıt şəhərlərinin prokuroru olub, 1990-cı ildə Azərbaycan SSR-in Baş prokuroru vəzifəsinə təyin edilib.
XX əsrin əvvəllərində Şərqin ilk müstəqil dövləti olmuş Azərbaycan Cümhuriyyəti 1991-ci il 18 oktyabr tarixində yenidən müstəqilliyinə qovuşdu və İsmət Qayıbov bu ölkənin ilk Baş prokuroru oldu. Bu vəzifədə fəaliyyəti çox qısa çəksə belə, qətiyyəti, peşəkarlığı, ölkəmizin mənafeyi naminə səsləndirdiyi səlis və kəskin fikirlər hələ də o dövrün insanlarının xatirində, lent yazılarında, arxiv sənədlərində yaşayır. Bu unudulmaz insan, gözəl dost, böyük vətənpərvərin varisi, hüquqşünas İsmayıl Qayıbovla onun xidməti otağında görüşdük.
Mən onu tanıyırdım
- Tale elə gətirib ki, atanız İsmət Qayıbov Sumqayıt şəhər prokuroru olduğu vaxt mən də gənc komsomol işçisi kimi bir neçə dəfə onunla görüşmüşəm. Şəhər tədbirlərində qarşılaşmışıq, iş otağında söhbət etmişik və onun faciəli ölümünü bütün Azərbaycan xalqı kimi, mən də böyük hüzn, ürək ağrısı ilə yaşamışam.
İsmət Qayıbov müəllim ailəsində dünyaya gəlib. Mümkünsə, bir qədər onun valideynləri, doğulub böyüdüyü ailə haqqında məlumat verin.
- Adını daşıdığım babam İsmayıl Qayıbov 1884-cü il təvəllüdlü idi. Atam ailənin səkkizinci övladı olub və o, dünyaya gələndə babamın 58 yaşı varmış. Müəllimlik fəaliyyəti ilə əlaqədar Qazaxın Yuxarı Salahlı kəndindən Gəncəyə köçüb və ömrünün qalan hissəsini orada keçirib. İndiki Gəncə Aqrar Universitetində Rus dili və ədəbiyyatı kafedrasının müdiri olub. Nənəm Füruzə xanım isə orta məktəbdə ibtidai sinif müəllimi işləyib.
Üzeyir bəyin
seminariya yoldaşı
Babam İsmayıl Qayıbov Qori Seminariyasını bitirib və böyük Üzeyir bəy Hacıbəyli, baba Müslüm Maqomayevlə tələbə yoldaşı, həm də dost olub. Üzeyir bəy Gəncəyə gələndə ancaq bizim evdə qalırmış. O ev indi də durur. Nənəm Füruzə xanım Gəncə şəhər 1 saylı məktəbdə dərs deyirdi, atam orta məktəbi həmin məktəbdə bitirib, indi o məktəbə atamın adı verilib. Məktəbin önündə onun büstü var. Məktəbin yerləşdiyi küçə də İsmət Qayıbovun adını daşıyır.
- İsmət Qayıbov ümumxalq sevgisi qazanmış prokurorlardan biri idi. Belə başa düşdüm ki, o, Sumqayıta doğma olduğu qədər də Gəncəyə doğmadır, çünki Sumqayıtda da onun adına küçə, xatirə lövhəsi, orta məktəb var.
- Məncə bu, bir qədər əvvəl qeyd etdiyiniz ümumxalq sevgisinin göstəricisidir... Nəslimiz-kökümüz Qazaxdan olsa da, əmilərim, bibilərim Gəncədə doğulub, orada böyüyüblər. Bu səbəbdən Gəncə bizim xatirlərimizin şəhəridir. Amma hamımız qəlbən qazaxlıyıq.
Gəncə - xatirələrin şəhəri
- Bax, indi dediniz ki, Gəncə sizin xatirələrinizin şəhəridir. Erməni terror birləşmələri bu il oktyabr ayının 17-də gecə saatlarında Gəncəni raket atəşinə tutdu və nəticədə azyaşlı uşaqlar da daxil olmaqla 14 nəfər dinc sakin həyatını itirdi, 55 nəfər müxtəlif dərəcəli xəsarət aldı. Bu acı xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
- O raket həmin gecə təkcə Gəncədə hansısa məhəlləyə, evə atılmadı, o raket mənim evimə, mənim doğma şəhərimə, xatirələrimə atıldı. Bunu izah etmək çətindir. Bunu yaşamaq çox ağırdır. O gecə bütün Azərbaycan xalqı ayaq üstə idi. Hamı yumruq kimi bir idi və düşməni də bizim bu birliyimiz narahat edir. Bütün bu terror əməliyyatlarına hüquqi qiymət veriləcək, hər kəs öz cəzasını alacaq, amma təəssüf, evində, yatağında həyatını itirmiş insanları geri qaytarmaq mümkün olmayacaq.
Atam 1991-ci ildə Qarakənd səmasında erməni vandalları tərəfindən vurulmuş vertolyot qəzasında həlak olub. Onunla birlikdə Azərbaycan rəhbərliyini təmsil edən şəxslər də həlak olmuşdular və bu insanlardan biri də mərhum Daxili işlər nazirimiz, general-mayor Məhəmməd Əsədov idi. Bu yaxınlarda Məhəmməd Əsədovun dünyaya gəldiyi Zəngilan rayonunun Baharlı kəndi işğaldan azad olundu. Bu xəbəri eşidəndə uşaq kimi sevindim. Yəqin, general Əsədovun ruhu dinclik tapar bundan sonra. Qələbələrimizə sevindiyim kimi, itkilərimizə, terror xəbərlərinə də bir o qədər sarsılır, narahat oluram. Həm ailə üzvünü, doğmasını terrorda itirmiş biri, həm də vətəndaş kimi ürək ağrısı keçirirəm. Müharibədir, bu bizim haqq savaşımızdır, amma adam istəyir ki, düşmənin atdığı bütün raketlər elə səmadaca zərərsizləşdirilsin, hər şey itkisiz ötüb keçsin.
Şair qəlbli prokuror
- İsmət Qayıbov müəllim ailəsində anadan olub, siz isə prokuror oğlusunuz. Atanızın yarımçıq qalmış arzularının davamçısısınız: həm bir oğul, həm də hüquqşünas kimi.
Bir hadisə yadıma düşdü: komsomol fəalı olaraq bir neçə gənc yoldaşla onun otağında idim və bu vaxt qolu qandallı birini gətirdilər. İsmət müəllim onu görən kimi başını bulayaraq: "Yenə sən?" - dedi. Sonra "Bu, nə edib?" - soruşdu. Görünür, otaqda olduğumuz üçün məruzə etmədilər, sadəcə, bir neçə rəsmi sənədi prokurora təqdim etdilər. Prokuror sənədlə tanış oldu, kağızları cırdı və üzünü qolu qandallı adama tutaraq: "Səni bu dəfə də buraxıram, - dedi. - Amma bu, axırıncı dəfədir!". Mən orada humanist prokuror gördüm. Söhbət əsnasında onun nə qədər ədəbiyyat maraqlısı, kitab həvəskarı olduğunu hiss etdim. Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Hüseyn Arifdən şeirlər dedi. Fikirlərini folklor nümunəsi, hər hansısa dahidən, filosofdan sitatlar gətirməklə əsaslandırdı. Qarşımızda sadəcə məmur yox, yüksək intellektli, yüksək mədəniyyətli adam görürdük. Sizdə necədir, yeri gələndə humanist olmağa, kitab oxumağa vaxt tapa bilirsinizmi?
Prokuror - himayədar deməkdir
- Atamın intellekti çox adamda heyrət doğururdu. O, çətinlik çəkmədən hər kəslə ünsiyyət qura bilirdi. Əslində, prokurorun vəzifəsi cinayətkarı cəzalandırmaqla bitmir, onun əsas vəzifəsi həm də cinayətkarı tərbiyə etməkdir. Qədim latın dilində prokuror sözü himayədar mənasını daşıyır. Bu baxımdan deyə bilərəm ki, elə əsl prokuror mənim atam kimi olmalıdır. Prokuror deyəndə çox vaxt təsəvvürdə əzazil, daşürəkli birinin obrazı yaranır, bu, qətiyyən belə deyil.
Elə adamlar var ki, kiminsə dilindən bir-neçə ağıllı fikir, maraqlı sitat eşidib əzbərləyir və yeri gəldi-gəlmədi, onları deyərək, özünü ağıllı adam kimi qələmə verməyə çalışır. Amma atam elə deyildi, o, fikirlərini zərgər dəqiqliyi ilə seçib ifadə edirdi. O ki qaldı kitab oxumağa vaxt tapmaq... biz ailədə özümüzü kitabsız təsəvvür edə bilməzdik. Atam səhərdən axşama qədər işdə olduğundan, tərbiyəmiz əsasən anam Leyla xanımın üzərinə düşmüşdü. Ağlımız kəsəndən biz nağıllar dünyasında böyüdük. Atamın işi ilə əlaqədar bir müddət İsmayıllıda yaşamışıq. İndi bütün rayonlarımızda sosial-iqtisadi vəziyyət gözəldir, yaşamağa hər cür şərait var, amma o zaman elə deyildi. Qaz yox, şərait yox... Anam bütün bunları normal qarşılayırdı. Hələ oxumaq-yazmaq bilməyəndə Leyla xanım nağılları bizə ucadan oxuyurdu. Nağıllar, hekayələr yazılmış müxtəlif vallar olurdu evimizdə, onları dinləyirdik. Diafilmlərə baxırdıq. Sonrakı dövrdə isə bədii kitablara maraq göstərdik. İndi də müasir ədəbiyyatdan uzaq düşməməyə çalışıram. Orta məktəbdə əlaçı olmuşam, universiteti də əla bitirmişəm. Buna görə ailədən aldığım tərbiyəyə və kitablara borcluyam.
- Artıq xeyli vaxtdır ki, siz də prokurorluq orqanlarında çalışırsınız. Prokuror kimi atanızın humanist biri olduğunu mən öz xatirəm, siz isə övladı olaraq dilə gətirdiniz. Oğul İsmayıl Qayıbovun ata İsmət Qayıbova verdiyi qiyməti eşitmək istəyirəm.
"Əminliklə deyə bilərəm ki..."
- Əminliklə deyə bilərəm ki, İsmət Qayıbovun oğlu olaraq, nə onun adına, nə də xatirəsinə xələl gətirəcək heç bir addım atmamışam və atmaram da. Humanizm insani keyfiyyətdir, amma bizim sahədə bunu hər adama tətbiq etmək olmaz. Atam öz işinin peşəkarı idi, qarşısındakı şəxsə hara qədər humanistlik göstərmək lazım olduğunu dəqiq bildiyi üçün haqqında danışdığınız adamı buraxıb. Əgər onun gedib daha ağır cinayət edəcəyinə iynənin ucu qədər şübhəsi olsaydı, heç vaxt belə bir addımı atmazdı. Elə peşəkarlıq da budur.
İkinci sualınızın cavabı olaraq bir hadisəni danışmaq istəyirəm. Bu yaxınlarda sosial şəbəkə ünvanıma tanımadığım həkimdən məktub gəldi. İsmət Qayıbovun oğlu olduğumu bildikdən sonra yazmışdı. Gənc ailədir, körpə uşaqları var və 1990-cı illərin əvvəllərində Ermənistandan köçkün düşmək məcburiyyətində qalıblar. Sumqayıtda boş erməni evlərinin birində yerləşib, sahə müvəkkili dərhal başının üstünü kəsdirib və təcili evi tərk etməsini tələb edib. Çarəsiz qalan, şəhərdə heç kəsi tanımayan adam xahiş edib ki, başqa yer axtarmaq üçün ona vaxt versinlər. Adam pərt, pərişan halda küçələrə düşüb və təsadüfən uzaq tanışı ilə qarşılaşıb. Dərdini açıb danışıb və tanışı deyib ki, bu işdə sənə ancaq şəhər prokuroru İsmət Qayıbov kömək edə bilər. Həmin həkim tərəddüd içində prokurorluğa gedib, atamla görüşmək istədiyini bildirib və atam onu qəbul edib, problemini dinləyib, şəhər milis idarəsinin rəisi ilə danışıb, sahə müvəkkilini tənbeh edib və başa salıb ki, bu insanlar bizim öz vətəndaşlarımızdır, qardaşlarımız, bacılarımızdır. Biz onlara sahib çıxmasaq kim sahib çıxacaq?! Beləliklə, məsələ həll olunub. Həmin həkim indi də atama minnətdarlıq edir, ruhuna rəhmət oxuyur. Sizcə, belə ataya bir oğul kimi münasibətim necə ola bilər?! Sadəcə, onunla qürur duyuram!
"Həmişə bir yerdə olmuşuq"
- Uşaqlıq illəriniz yaddaşınızda necə qalıb? Məni daha çox atanızla, ailənizlə keçirdiyiniz zaman, tətillər, səyahətlər maraqlandırır. Atanızın dostları kim idi? Ailə tədbirləri necə keçirdi? Özəl olaraq sizə nə hədiyyə alırdı və o hədiyyələrdən hansısa evdə qorunurmu?
- Yadıma gəlmir məzuniyyətini nə vaxtsa bizsiz keçirsin. Həmişə bir yerdə olmuşuq. Uşaq vaxtı səhhətimdə astmaya meyillilik vardı, həkim müalicə proseduru kimi Yaltada, dağ havasında dincəlməyimi məsləhət görmüşdü. Bu səbəbdən beş il ard-arda yay tətili başlayan kimi ana nənəmlə mən Yaltaya gedirdik, tətilin son ayında isə valideynlərimlə bacım da gəlib bizə qoşulurdu. Unudulmaz günlər idi. Atamla dost idim, qardaş idim. Arada pərdə vardı, bu öz yerində, amma bir-birimizlə nəfəs alırdıq. O həm də mənim ilk peşə müəllimim oldu, ondan aldığım məsləhətlər hələ də yaddaşımda qalıb. Ad günləri, müəyyən tarixləri qeyd etmək, səs-küy, mehribanlıq... Mənzilimiz çox darısqal idi, təsəvvür edirsinizmi, üç otaq olsa da, cəmi 21 kvadrat metr sahəsi vardı, amma o darısqal mənzilə otuz adam toplaşırdı. Musiqişünas Firudin Şuşinski, Xalq şairi Hüseyn Ariflə dostluq edirdi. Rəhmətlik Ağaxan Abdullayev, sevimli Alim Qasımov dəfələrlə evimizdə olub. Yəqin, hər bir ailənin tarixində belə unudulmaz məqamlar var.
"Rütbəsinin artmasını istəmirdim..."
Bir dəfə rütbəsini artırmışdılar, respublika prokurorunun əmrini divarda şəkil asılmış mismara keçirdib sevinclə dedi ki, bu gündən kapitanam. O vaxt 5-6 yaşım olardı. Xəbəri eşidən kimi ağlamağa başladım, dedim istəmirəm kapitan olsan, istəyirəm həmişə prokuror olasan. Kapitan deyəndə gəmi kapitanı başa düşmüşdüm.
Hədiyyə məsələsi... Adətən saat alırdı mənə. Özü də aksesuar kimi saatı xoşlayırdı. Əlbəttə, o saatlardan bir neçəsi hələ də evdə əziz xatirə kimi qorunur.
- Bildiyim qədərilə İsmət Qayıbovla ananız Leyla xanımın maraqlı tanışlıq tarixçəsi var. İmkan varsa, bu barədə bir qədər danışın.
"Mən o qızla ailə quracağam"
- Anamın "İnsan arzulamalıdır" adlı kitabı çap olunub. Oraya şeirlər, xatirələr, müsahibə toplanıb. İndi sizə danışacağım əhvalat həmin kitabda da yer alıb. Demək, o vaxt SSRİ məktəbliləri bir-birilə məktublaşırdı. Anam da sibirli bir qızla məktublaşırmış. Elə olur ki, anam orta məktəbi bitirib instituta qəbul olunur və həmin ərəfədə sibirli qız Bakıya qonaq gəlir. Bir neçə gün sonra çimərliyə getmək istədiyini söyləyir. Anam belə yerlərdən uzaq adam olub, amma qonağa xatir çimərliyə getməyə məcbur olur. Özündən balaca bacısı və qonaqla bir yerdə Şıx çimərliyinə getməyə qərar verirlər. Dayanacaqda iki cavan oğlandan başqa heç kəs olmur. Onlara yaxınlaşıb marşrutu xəbər alır və oğlanlardan biri deyir ki, elə biz də ora gedirik, yolu sizə göstərərik. Həmin oğlan İsmət Qayıbov imiş. Beləcə, eyni avtobusda gedirlər, vəssalam. Bir neçə gün sonra anam evdən çıxanda oğlanlardan birini - atamı görür. Guya təsadüfən qarşılaşırlar. Amma atam avtobusa minən kimi dostuna demişdi ki, mən o qızla ailə quracağam. Atam çimərlikdən sonra bir neçə gün anamı kənardan izləyib. Sonra onun dostu da atamla bacanaq oldu, xalamla ailə qurdu. O vaxt Aleksandr Qrinin "Al yelkənlər" povesti məşhur idi və povest əsasında çəkilmiş filmin qəhrəmanları da sevilirdi. Atamın köynəyinin sinəsində həmin "al yelkən" sapla hörülübmüş. Anam başa düşüb ki, zövqləri də uyğun gəlir. Çox xoşbəxt ailə həyatı yaşayırdılar. Atam işdən nə qədər yorğun, nə qədər qayğılı, əsəbi gəlsə də, qapıdan içəri girən kimi hər şeyi unudurdu. Bütün problemlər, yorğunluq, əsəb qapının o tayında qalırdı.
Bu gün o gündür!
- Baş prokuror işlədiyi qısa müddət ərzində sovet məmuru stereotipini kökündən dəyişə bilmişdi. Hər axşam "Xəbərlər"də onun yeni görüntülərini gözləyirdik. O, həbs edilmiş erməni terrorçularını istintaqa çəkirdi və hər dəfə də deyirdi ki, Azərbaycan xalqı sizin bu xəyanətlərinizi cavabsız qoymayacaq. Ermənilər Quqarkda yüzlərlə azərbaycanlını qətlə yetirmişdilər və cəmi 4 nəfər məsuliyyətə cəlb edilmişdi. İsmət Qayıbov bununla barışa bilmirdi və hər dəfə bu məsələni qaldırırdı. Məncə, o gün bu gündür! Üstündən 30 il keçsə də, Azərbaycan xalqı öz Ali Baş Komandanının qətiyyətli iradəsi və şanlı ordusu ilə illərlə davam edən erməni xəyanətinin layiqli cavabını verir.
- Ümumiyyətlə, atam erməni vandalizmi ilə hələ Sumqayıtda işləyəndə qarşılaşmışdı. Artıq ermənilərin nə mal olduğunu bilirdi. Daha sonra 20 Yanvar faciəsi baş verdi. Bu hadisə onu ümumiyyətlə çox sarsıtdı. Şəhidlərimizin dəfni axşamı, yanvarın 23-də işdən evə gəldi, bizə dedi ki, geyinin gedirik. Hara gedirik, niyə gedirik?! Heç kəs soruşmadı. O da heç nə bildirmədi. Anam, bacım və mən geyinib aşağı endik, maşın gözləyirdi. Şəhidlər xiyabanına getdik. Gecə düşmüşdü. Birdən üç nəfər yaxınlaşıb bizim ziyarət etməyimizə mane olmağa çalışdı. Vəziyyət gərginləşdi. O adamlar şəhidlərimizin məzarına keşik çəkirdilər. Atam dedi ki, mən ailəmlə şəhidlərmizi ziyarət edəcəyəm. Az qala dalaşmaq həddinə çatmışdıq. Birdən o üç adamdan biri atamı tanıdı. "Bu ki İsmət Qayıbovdur!" - deyib, o biri yoldaşlarını sakitləşdirdi. Biz xiyabana gedib şəhidlərimizi ziyarət etdik. Deməyim odur ki, cəmiyyətin istənilən təbəqəsində onun hörmətini saxlayırdılar. Atam Sumqayıt hadisələrində məhkəməyə dövlət ittihamçısı kimi çıxmasına baxmayaraq, təsadüfən erməni Qriqoryanın bandasına qoşulan gənclərimizin bəraət alması, cəzasının yüngülləşdirilməsinə çalışırdı. Erməni ictimaiyyəti arasında ona böyük nifrət yaranmışdı.
Ermənilər ona nifrət edirdi
- İsmayıl müəllim, cətin də olsa Qarakənd faciəsi barədə danışın. Həmin gün, 1991-ci ilin 20 noyabrı yaddaşınızda necə qalıb? İsmət Qayıbov işə hansı ovqatda getmişdi? Xalq olaraq biz 20 noyabr gününü heç vaxt unutmadıq, çünki erməni xəyanəti nəticəsində ölkənin rəhbər vəzifələrində işləyən insanlarını itirdik.
- Həmin hadisədən 3 gün əvvəl atam Milli Məclisdə olarkən köməkçisi, general Şükür Rzayevin Xankəndidə ermənilər tərəfindən girov götürüldüyü xəbərini almışdı. Əslən şuşalı olan Ş.Rzayev qorxu bilməyən, qətiyyətli adam idi. Xankəndidə arın-arxayın gəzdiyi yerdə ermənilər maşını saxlayıb onu götürmüşdülər. Bu hadisə atamın heysiyyətinə toxunmuşdu. Yaxın silahdaşının, dostunun, köməkçisinin başına gələn hadisəni həzm edə bilmirdi. Dəfələrlə ezamiyyətə, səfərə, görüşlərə getmişdi, amma mütləq evə baş çəkir, anamla, bizimlə görüşür, sonra yola çıxardı, o gün isə evə dəymədən birbaşa Xankəndiyə yola düşdü.
Həmin hadisədən bir müddət əvvəl atamın qurduğu xüsusi əməliyyat tədbiri ilə Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın qətlində əli olan 7 nəfəri həbs edib, Bakıya gətirmişdilər. Ermənilər Baş prokurorun özünün gəldiyini görəndə həmin 7 nəfərlə generalı dəyişmək fikrinə düşürlər. Atam buna gedə bilməzdi. Odur ki, danışıqlar uzandı. Həmin vaxt Azərbaycanın dövlət və hökumət adamlarından ibarət nümayəndə heyəti də Xankəndidə xüsusi müşavirə keçirirmiş. Atam da gedib onlarla görüşüb və bu vaxt xəbər gəlib ki, ermənilər Ağdam tərəfdə kəndlərə od vururlar. Həmin iclasda Rusiya təmsilçiləri də olub və onlar ermənilərə havadarlıq ediblər. Dövlət katibi Tofiq İsmayılov təkilf edib ki, məsələni yerindəcə yoxlamaq üçün vertolyotla hadisə yerinə getsinlər. Qarakənd səmasında vertolyot vurulur. Yəni atamın həmin vertolyotda olması tam təsadüf idi.
- Bəs siz hadisədən necə xəbər tutdunuz?
"Mənim üçün həyat
o anda bitdi"
- Gün ərzində çox narahat idim. Özümə yer tapa bilmirdim. Nahara atamgilə getdim, anam yemək çəkdi, iştaham olmadı. Gedib uzandım ki, bir az dincəlim, sonra işə qayıdaram. Nahar fasiləsi bitdi, anam xəbərdarlıq etdi ki, gecikirəm, əhəmiyyət vermədim. O gün günortadan sonra işə qayıtmadım. Axşam evə gedəndə yoldaşım dedi ki, atasıgilə getmək istəyir. Həvəssiz də olsa razılaşdım, əslində, başımı qatmaq istəyirdim. Gəzə-gəzə getdik qayınatamgilə. Şam süfrəsi açılmışdı. Yenə yeməyə həvəsim olmadı. Bu vaxt atamın sürücüsü gəldi. Şübhələndim. Bu adamın burada nə işi var?! Qayınatamı bir kənara çəkib ona nəsə dedikdən sonra çıxıb getdi. Qayınatam təkidlə nəsə yeməyimi istədi, alınmadı. Nə olub?! - soruşdum. Dedi ki, atamın da olduğu vertolyot qəzaya uğrayıb. O anı sözlə ifadə etmək mümkün deyil. Mənim üçün həyat o anda bitdi. Gecə ilə atamın iş otağına girib şəxsi əşyalarını yığdım. Onun iş masası arxasına keçib, stolüstü lampanı yandırdım. Artıq xəbər televiziya ilə də verilmişdi. Qaranlıq otaqda bircə lampa yanırdı. Bu vaxt dəhlizdən ayaq səsləri gəldi. Əməkdaşlardan biri qapıdan məni görüb: "İsmət müəllim?!" - deyə səsləndi. O anda atamın yoxluğunu iliyimə qədər hiss etdim.
Hərbi cinayətkarların aqibəti...
- Bir aydan artıqdır ölkədə Vətən müharibəsi gedir. Bu gün də erməni terroru davam edir. Gəncəyə, Bərdəyə, Tərtərə, Ağdama, Naftalana atılan raket mərmiləri sivil insanların, körpələrin, uşaqların həyatına son qoyur. Siz bir peşəkar hüquqşünas kimi bu cinayətlərdə əli olan insanların nə vaxtsa məsuliyyətə cəlb olunacağına inanırsınızmı?
- Terror erməninin ən yaxşı bacardığı işlərdən biridir. Torpaqlarımızın, eləcə də Qarakəndin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirəm və əminəm ki, o günə çox az qalıb. O ki qaldı erməni terrorçularının məsuliyyətə cəlb olunmasına, buna tam arxayın ola bilərsiniz. Həm 30 illik hərbi cinayətlərdə, həm də son günlər baş vermiş terror hadisələrində əli olanlar mütləq beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunacaqlar. Yuqoslaviya hadisələrində necə oldu? Doğrudur, bu, illərlə uzandı, amma nəticə oldu, hərbi cinayətdə əli olanlar həbs edilərək, layiq olduqları cəzanı aldılar. Ermənistan rəhbərliyini də eyni aqibət gözləyir, çünki bu, 30 il əvvəlki Azərbaycan deyil.
Söhbətləşdi:Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!