K.: - Nənə, həyatda ən yüksək nailiyyətini nə sayırsan?
Nüşabə Ə.M.: - Ən böyük nailiyyətim odur ki, simamı qoruya bildim. Bundan böyük uğurum yoxdur.
K.: - Yaxşı, bəs onda keçmişə qayıda bilsəydin, zaman maşını olsaydı, hansı vaxta qayıdardın?
Nüşabə Ə.M.: - Atamın, anamın, qardaşlarım sağ olan vaxtlara.
K.: - Onları kimsə əvəz edə bildimi?
Nüşabə Ə.M.: - Əlbəttə, yox. Ancaq mənim həyatımdan artıq sevdiyim uşaqlarım, nəvələrim, əziz bildiyim insanlar var.
K.: - Təsəvvür et ki, keçmişə qayıda bildin, onda həyatında nəyi dəyişmək istərdin?
Nüşabə Ə.M.: - Həddsiz sevdiyim Cavidin sözləri ilə demək istərdim: Keçmişi qaytara bilsəydim əgər, Onu bu əllərimlə təzədən qurardım...
K.: - Həyatında baş verən ən dəhşətli hadisə nəyi bilirsən?
Nüşabə Ə.M.: - Ən böyük qorxum doğma, əziz adamları itirməkdi və kasıblıqdı. Mən bunların hamısından keçmişəm. İstəməzdim ki, yaxınlarımı, əziz bildiyim insanları itirim.
K.: - Nənə, Milli Azadlıq Hərəkatında mühüm rol oynamışdın. 80-ci, 90-cı illərdə baş verən hadisələrə qiymət ver. Hansı hisslər daha üstün idi?
Nüşabə Ə.M.: - Hesab edirəm ki, çətin və ağır illər idi, amma həmin zamanda mən Azərbaycanın müstəqilliyimi gördüm. Buna görə özümü xoşbəxt sandım. Xoşbəxtiydim ki, Vətənimiz müstəqilliyini qazandı. Lakin nə Xocalını, nə də 20 Yanvar hadisələrini unutmadım. Xocalı, 20 Yanvar faciələri, Vətən uğrunda gedən minlərlə şəhidlərimiz - həmişəlik ağrımdır.
K.: - Nənə, yaradıcılığının zirvəsini hansı əsərini sayırsan?
Nüşabə Ə.M.: - Düşünürəm ki, "Cavad xan" romanı ən baş əsərimdi. Əvvəlcə dram, povest sonra isə roman yazmışdım. 80-ci illərdə başlayanda əlbəttə ki, çox çətin idi. Hələ də gördüyüm yuxu yadımdadı. Əsərin axırını bitirə bilmirdim. Bunun ücün çox əzab çəkirdim. Onda mən yuxu gördüm. Gördüm ki, Cavad xanın atı asılıb. Məhz bu yuxu əsəri axıra çatdırmaqa təkan verdi. Ümumiyyətlə, mən tariximizdə, ədəbiyyatımızda 2 şəxsiyyətə səcdə edirəm - Cavad xana və Hüseyn Cavidə. Və Cavad xan haqqında yazmağı mən mənəvi borc bilirdim. Ona görə də onun haqqında yazmağım vətəndaşlıq borcum idi...
K.: - Nənə, sən 1987-ci il fevralın 13-də Azərbaycan jurnalistlərinin VII qurultayında Gəncənin tarixi adının qaytarılması məsələsini qaldırdın. O vaxt təqiblərə məruz qaldın. Onda bizim ziyalılar sənə mənəvi dəstək verdilərmi?
Nüşabə Ə.M.: - Minlərlə insan, o cümlədən böyük ziyalımız Tofiq Bağırovun başcılığı ilə imza kampaniyası başlandı. İki ildən sonra tarixi Gəncə adı şəhərə qaytarıldı. Mən bu işdə xidməti olan hər kəsə minnətdaram.
Ancaq ilk olaraq məni Azərbaycan Jurnalistlər İttifaqının sədri Hacı Hacıyev, böyük şairlərimiz Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, qocaman jurnalist Qulam Məmmədli, yazıçılar Nahid Hacızadə, Xalidə Hasilova, Abbas Abdulla, Hidayət Orucov, Qərib Mehdi, jurnalist Yusif İsmayılov, Gəncədə yaşayan həmkarlarım müdafiə etdilər.
Bəxtiyar Vahabzadə, hətta Gəncəyə gəldi. Şəhər rəhbərlərini və jurnalistlərini bir yerə yığdı. Rəhbərliyə xitabən dedi - Nüşabənin xətrinə dəyənin anasını ağladaram.
O dövrdə, hətta 1981-ci ildə rəhmətə gedən atamın nəşini eskumasiya eləmək istəyidilər. Guya atam sağdır, Qazaxıstanda yaşayır və mənə də o tapşırıq verir. Rəhbərlik mənim çıxışımı 1986-ci ilin dekabrında Qazaxıstanda baş vermiş üsyanla əlaqələndirirdi.
Mən heç vaxt Bəxtiyar müəllimin çəkinmədən, qorxmadan məni bu sayaq müdafiə etməsini unutmayacam. Mən onun mənə 1972-ci ildə bağışladığı kitabı əziz xatirə kimi qoruyuram.
K.: - Bəs yaxın ildə yazdığın və ən sevdiyin əsər hansıdır?
Nüşabə Ə.M.: - "Qara kvadrat" hekayəm. Çox maraqlıdır ki, bu əsəri də yazmaq üçün təkan qəribə yuxu oldu. Gördüm ki, K.Maleviçin sevmədiyim "Qara Kvadrat"ını əlimdə tuturam və ağlayıram. Göz yaşlarım əsərin üstünə düşür və əsər ağarmağa başlayır.
K.: - Oldu. Onda dünya ədəbiyyatında və Azəri-türk ədəbiyyatında ən sevdiyin müəlliflər kimdir?
Nüşabə Ə.M.: - Bizim ədəbiyyatımızdan ən çox sevdiyim Nizami, Nəsimi, Xaqani Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Cavid. Sadalıyarkən, dahi Füzulinin sətrlərini xatırladım: "Qılma nifrət ölməkdən, hər ovuc topraq bir Ədəmdir". Məncə, Füzuli doğrudan da bəşər poeziyasının ən görkəmli nümayəndələrindən biridi.
Dünya incəsənətinə gəldikdə, Şekspir, Dante, Höte, Puşkin, Tolstoy, Dostoyevski, Hüqo, Balzak, Siqrid Unset... və əlbəttə, Mikelancelo. Onun orijinal rəsm əsərlərini seyr etmişəm və çox sevmişəm, həmin zamanda onun şeirlərini də oxumuşam və hesab edirəm ki, onun poeziyası - dünya poeziyasının incisidir.
Xarici ədəbiyyatın ən görkəmli nümayindələrindən biri dahi Hötedir. Onun "Faust" əsərini oxuyanda heyran olmuşdum. XIX əsrdə yaşayaraq, şair kapsullarda süni uşağın əmələ gəlməsi haqqında yazırdı. Bu dəhşətlidi! Çünki yazdığı hadisələr ancaq 200 il sonra həqiqətən baş vermişdi.
K.: - Nənə, mən yaşlı adamlardan tez-tez "Keçmiş vaxtı, sovet vaxtı - daha yaxşı idi" ifadəsini eşidirəm. Bəs, səncə, bunun ədəbiyyata əhəmiyyəti varmı? Müasir ədəbiyyat XX, yaxud XIX əsrin ədəbiyyatından əskikdirmi?
Nüşabə Ə.M.: - Əlbəttə, yox. Mən, hətta deyə bilərəm ki, hardasa üstündü belə. Əsl sənət heç vaxt ölmür. Müasir müəlliflər də öz prizmalarından yazır.
K.: - Bəs, mənim dövrümün yazıçılarından hansılarını çox sevirsən?
Nüşabə Ə.M.: - Rey Bredberi, Stiven Kinq, Bernhard Şlink, Deniel Kiz, Xaruki Murakami. Və əlbəttə, Azərbaycan postavanqardın ən parlaq nümunələrindən biri - Vaqif Sultanlı. İlk dəfə Azərbaycan ədəbiyyatına sürrealizmi məhz Vaqif Sultanlı gətirdi.
K.: - Avanqard incəsənətə toxunduqsa, realizm üslubunu istisna edərək, ayrı cərəyanlarda yazan və yaradan, yaratdıqlarını çox sevdiyin insanlardan kimi saya bilərsən?
Nüşabə Ə.M.: - Sözsüz ki, Jan Kokto, Frans Kafka, Pablo Pikasso, Salvador Dali, Amedeo Modilyani, Edvard Munk. Bu arada, Dalinin dahi "Neoinsan" əsərində insan əlini məhz Bakıya uzadır - Xəzər dənizinin yaxınlığında olan torpağa.
K.: - Səncə, niyə?
Nüşabə Ə.M.: - Qlobal hadisələri duyurdu. Və həmin o hadisələr oldu da, olur da.
K.: - Yaxşı, onda blitz sorğu-sual. Qadının ən böyük dəyəri nədir?
Nüşabə Ə.M.: - Yenə Cavidin sözlərini dilə gətirirəm: Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti.
K.: - Bəs, kişilərdə ən dəyərləndirdiyin cəhət hansıdır?
Nüşabə Ə.M.: - Ağıl, mərdlik.
K.: - Bəs, ümumi götürərək, insan özündə hansı cəhətləri ehtiva etməlidir?
Nüşabə Ə.M.: - Vətənə bağlılıq, milli dəyərlərə sevgi və millətin rifahı üçün çalışması.
K.: - Və sonda: nənə, sən xoşbəxtsən?
Nüşabə Ə.M.: - Bir ay əvvələ qədər düşünürdüm ki, Vətənin iyirmi faiz torpağı əsarətdə olan, Polad Həşimov və digər qeyrətli oğulları qurban verən vətəndaş necə xoşbəxt ola bilər?.. Amma indi ürəyimdə işığa hədsiz ümid var... Artıq az qala bir aydır ki, Respublikamız tarixi günlərini yaşayır, Böyük Vətən müharibəsi gedir. Azərbaycan işğalçı ermənilərə qarşı, onların havadarlarına qarşı müqəddəs savaş aparır. Minlərlə vətən oğlu cəbhəyə könüllü yazıldı, bu torpaq uğrunda şəhid olmağı şərəf bildi. Qarabağımızda qanlı savaş gedir, ancaq düşmən müharibə zonasından kənar şəhər və kəndlərimizi raket atəşinə tutur. Qədim Gəncə də ballistik raket atəşinə məruz qaldı. Mən bu günlərdə bombardman olan evlərin dağıntılarında oldum. Sanki İkinci Dünya müharibəsindəki Stalinqrad xarabalıqları idi. Dağıntılar içində hələ geynilməmiş uşaq paltarları, çoxlu oyuncaqlar var idi. Bir dağılmış evin salamat qalan hündür divarından Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı. Bu bayrağı şəhid uşaqların atası asmışdı. Sanki hər kəsə bəyan edirdi bu bayraq - şəhid qanı ilə suvarılan Vətən əbədidir.
Mən şəhid uşaq Ləmanın anası Vəfa xanımla görüşdüm. O, ağlamırdı. Qohumlarıgildə məskunlaşan xanım dedi; bu tarix qızıl hərflərlə yazılacaq yaddaşımıza. İnanıram ki, cəbhədə vuruşan yüzlərlə qardaşlarım mənim balamın qisasını alacaqlar. Mən qələbəmizə inanıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!