"Varislər"in bugünkü qonaqları Azərbaycan caz musiqisinin inkişafında xüsusi xidmətləri olan, muğam və caz janrının sintezi ilə əvəzsiz musiqilər bəstələyən, onlarca tanınmış musiqiçinin yetişməsində pedaqoq kimi fəaliyyət göstərən unudulmaz bəstəkar, Xalq artisti Rafiq Babayevin varisləri - Gülarə və Fərizə Babayevalardır.
Biz onu unutmadıq...
O, 1936-cı ildə Bakıda doğulub. Rafiq Babayev xüsusi xidmət orqanı əməkdaşı olan Fərzi Babayevin ailəsində dünyaya gələn beşinci uşaq idi.
1937-ci ildə NKVD əməkdaşları Fərzi Babayevin də qapısını döydülər. O, həbs edildi və məhkəmə ona güllələnmə cəzası kəsdi. Sonuncu övladı dünyaya gələndə Fərzi kişi həbsxanada güllələnəcəyi günü gözləyirdi...
Rafiq Babayev repressiya və müharibə dövrünün ağır sınaq günlərini anası Şahbəyim xanım və digər beş bacı-qardaşı ilə birlikdə mətanətlə keçdi. Şahbəyim xanım min bir əziyyətlə də olsa övladlarını böyüdüb sənət sahibi etdi və ömrünün sonuna qədər oğlu Rafiqin evində yaşadı.
Unudulmaz bəstəkarımız Rafiq Babayevin varisləri, musiqiçilər Gülarə və Fərizə Babayevalar ilə Fərizə xanımın həyat yoldaşı, Əməkdar rəssam Hüseyn Haqverdiyevin emalatxanasında görüşdük.
O, çekist oğlu idi
- Rafiq müəllimin atası Fərzi Babayev Azərbaycanın ilk çekistlərindəndir və çox qəribədir ki, Stalin repressiyası illərində o da həbs olunub. Adətən, çekistlər həbs edirdilər o vaxt... Mümkünsə, bir az babanız Fərzi kişi, onun ailəsi haqqında danışın.
Fərizə Babayeva: - Əslində, Fərzi Babayev haqqında o qədər də geniş məlumatımız yoxdur. Bircə onu bilirik ki, anasını erkən, lap körpəliyində itirib və bibisinin himayəsində böyüyüb. Onlar əslən Cəlilabadın Zəhmətabad kəndindəndirlər, bu kənddə Babayevlər indinin özündə də çox böyük nəsildir. Bildiyimiz qədərilə Fərzi kişi İranda hərbi təhsil alıb, çünki təhsilini bitirib Vətənə qayıdan kimi onu xüsusi xidmət orqanında işə götürüblər, çekist olub. Komissar vəzifəsinə qədər yüksəlib. Bir neçə rayonun təhlükəsizlik xidmətinə nəzarət ona həvalə olunub. Müxtəlif rayonlarda xidmət edib və Lənkəranda xidmət edəndə nənəmiz Şahbəyim xanımı görüb, ona aşiq olub.
Gülarə Babayeva: - Hə, bu çox maraqlı əhvalatdır. Nənəmiz bu barədə danışmağı çox sevirdi. O vaxt nənəmizin cəmi 14 yaşı olub. Şahbəyim xanım ömrünün sonuna qədər bizimlə qaldı. O, 1992-ci ildə dünyasını dəyişdi. Qılığına girib xatirələrini soruşurduq, bizə o qədər maraqlı gəlirdi ki, bəzən bir əhvalatı dəfələrlə danışmağını xahiş edirdik. Babam çox sevib onu. Nənəm Lənkəranda Kazımbəyovlar nəslindən olub. Bu nəslin də maraqlı tarixçəsi var. Ana tərəfi Cənubi Azərbaycana, ata tərəfi isə Osmanlıya gedib çıxır. Çox zadəgan ailədən olub nənəmiz. Atası Hacı Məhəmməd Kazımbəyov məşhur bəylərdən, ziyalılardan idi.
Onun anası bəy qızı idi
Fərizə Babayeva: - Biz onu əzizləyərək çağırırdıq: nənəcan, anacan deyirdik. Ata babamızın da, ana babamızın da ailəsi dindar olub. Fərzi kişinin atası hörmətli axundlardan imiş, Şahbəyim xanımın valideynləri isə imkanlı olublar, Həcc ziyarətinə, Məkkə, Kərbəla ziyarətlərinə gediblər. Məzarları Şüvəlan qəbiristanındadır.
Gülarə Babayeva: - Hə, Şahbəyim xanımla Fərzi kişinin maraqlı sevgi tarixçəsi var. Demək, Fərzi kişi Lənkəranda xidmətdə olanda küçədə Şahbəyim nənəmizi görür və bir könüldən, min könülə ona aşiq olur. Amma o vaxt nənəmizin yaşı az olub. Fərzi kişi qızın ailəsi ilə maraqlanır və ertəsi gün özü elçiliyə gedir. Böyük babamız Məhəmməd Kazımbəyov sərt adam imiş. Dini qaydalara əməl edən, hər şeyin yerini bilən biri. Özü də bəy olduğundan sovetlərə nifrət edirmiş. Əvvəlcə qızı sovet məmuruna vermək istəməyib, amma Fərzi babam bir yolla ona təsir edib və razı salıb. Necə təsir edib, deyə bilmərəm.
- Məlum məsələdir necə təsir edib. Çekist adam olub da, güc, səlahiyyət onda. Hacı Məhəmməd də bəy, dindar adam, məncə, təsir etməyə nə qədər desən bəhanə var.
Sevəcəyi qadını yuxuda gördü
Fərizə Babayeva: - Ola bilər. Məncə də elədir. Bəlkə də dini dəlillər gətirərək təsir edib, deyə bilmərəm. Maraqlı odur ki, Fərzi kişi o ərəfədə yuxuda həyatının qadınını görüb və bir neçə gündən sonra küçədə həmin qızla qarşılaşıb. O vaxt onun haradasa 30-a yaxın yaşı olub, nənəmizsə, dediyim kimi, həddi-büluğa çatmayıb hələ. Şahbəyim xanım mədrəsədə təhsil alırmış, dərsdən qayıdanda qarşılaşıblar. Nənəmiz fars dilində çox mükəmməl yazıb-oxuyurdu. Nəsə, qızı alıb, amma artıq sovet qanunları işlədiyi üçün, qanuna görə, həddi-büluğa çatmayan bir qızın nikaha girməsi qadağan idi. Razılaşıblar ki, Şahbəyim xanım 16 yaşı tamam olana qədər atamın bibisi evində yaşasın. Beləcə, vaxt tamam olub və 1926-cı ildə onlar Lənkəranda toy edib, ailə qurublar.
Gülarə Babayeva: - Fərzi kişi orqan işçisi olduğu üçün həmişə xidmətdə olub və toydan sonra onlar ailəliklə Azərbaycanın müxtəlif bölgələrində yaşayıblar. Çox qarışıq dövrlər olub. Hərəyə bir ad qoyub həbs edir, gülləyir, sürgünlərə göndərirdilər. Fərzi kişi çox vətənpərvər adam olub. Xüsusi xidmət orqanında vəzifə sahibi olduğundan səlahiyyəti daxilində günahsız adamların şərlənməsinin qarşısını almağa çalışıb, neçə nəfərə köməyi dəyib. Təbii ki, onun bu fəaliyyəti kimlərinsə xoşuna gəlməyib.
Ermənilərin gözü
onu götürmürdü
Fərizə Babayeva: - Kimlərin olacaq?! Ermənilər, ruslar xüsusi xidmət orqanlarında at çapırmışlar. Ən yuxarı vəzifələrdə onlar idi və hansısa azərbaycanlının xüsusi xidmət orqanında yuxarı getməsi ürəklərincə deyildi. Nəticədə Fərzi kişi kimi vətənpərvər, milləti üçün yanan bir adamı tələyə salmaq, şərləmək onların əlində su içmək kimi bir şey olub.
- Çekist adam, guya bilmirdi ki, sovet "düşmənlərinə" kömək etməklə bir gün özünü də çətinə salacaq?!
Gülarə Babayeva: - Əlbəttə, bilib. Peşəkar hərbçi, təcrübəli çekist bunu bilməyə bilməz. Amma elə şeylər var ki, etməsə insanın vicdanı sakitləşmir. Söhbət vətəndən gedəndə, millətdən gedəndə, birlikdən gedəndə vəzifə, səlahiyyət kənara qoyulur, insan sadəcə vətəndaş olur, qalan hər şey ikinci plana keçir. Görünür, Fərzi kişi də bir vətəndaş kimi bəzi şeyləri özünə borc bilib və gücü çatdığı qədər kimlərəsə kömək edib.
Söhbət vətəndən gedirsə...
Fərizə Babayeva: - Babamız ədalətli adam olub. Bu barədə cəsarətlə danışmağa haqqım çatır, çünki onunla bağlı arxivdəki sənədlərlə tanış olduqdan sonra bu qənaətə gəlmişəm. Arxiv sənədlərindən görünür ki, əməliyyatların uğursuzluqla başa çatması üzündən ona tez-tez partiya töhməti veriblər. İstintaq zamanı məlum olub ki, bu əməliyyatlar birbaşa onun öz təşəbbüsü ilə uğursuz alınıb, çünki gələcək naminə, millət naminə qorumaq istədiyi adamları qoruyub.
- Maraqlı bir məqama toxundunuz. Bəli, Fərzi kişi kimi insanlar olub və elələri həmişə də olacaq. Bu gün də biz millət olaraq çox tarixi anlar yaşayırıq. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızı bir-bir azad edir. Bu gün xalqımız bir yumruq kimi birləşib və ön cəbhə də, arxa cəbhə də vahid amal uğrunda yaşayır, mübarizə aparır, həmrəylik göstərir. Rafiq Babayevin övladları son günlər baş verən hadisələrlə bağlı nə demək istəyir?
Fərizə Babayeva: - Əlbəttə, hər şey çox qürurvericidir. İllər sonra biz həm dünyaya, həm də özümüzə möhtəşəm birlik, qətiyyət göstəririk. Təbii, bu işdə ən böyük məsuliyyət Prezidentimizin üzərinə düşür və mən əminəm, o, başladığı işi mütləq uğurla başa çatdıracaq.
Zəngilanın azad olunması xəbəri
Bu vaxt Gülarə xanımın telefonuna zəng gəlir. Cavab verir və qısa danışdıqdan sonra telefonu qapadıb bacısından televizoru açmasını xahiş edir. Sual dolu baxışlarımla gözlərinə baxıram. Fərizə xanım televizoru açır. Hamımız gözlərimizi ekrana dikirik. Cənab Ali Baş Komandanın Azərbaycan xalqına növbəti müraciəti yayımlanır. Qətiyyətli, ümumxalq sevgisi qazanmış lider hisslərini növbəti dəfə öz sevimli xalqı ilə bölüşür. Hər sözü ilə illərlə gözlədiyimiz həsrət buzları əriyir. Hər kəlməsi ilə ruhumuzda əsir qalan ümidlər cücərir. Əlinin hər hərəkəti ilə bizə yeni güc, qətiyyət bəxş edir. Və an həmin andır. Ali Baş Komandan yenə siyahını götürüb, işğaldan azad olan ərazilərimizin adını elan edir. Bu dəfə siyahı da xeyli uzundur. Kənd və qəsəbə adları yağ kimi ürəyimizə yayılır. "...və Zəngilan şəhəri işğaldan azad edilib!.. Yaşasın Azərbaycan xalqı!".
Bundan gözəl xəbər ola bilməz. Gözlərimiz yaşarıb. Özümü nə qədər sıxmaq istəsəm də, alınmır. Sakitcə qalxıb pəncərəyə yaxınlaşıram. Buradan dənizə gözəl mənzərə açılır. Bayırda külək əsir. Baxıram, bütöv Azərbaycan görünür.
Özümüzü toparlamaq üçün xeyli vaxt keçir.
- Bu gözəl xəbərdən sonra adam özünə yer tapa bilmir. Hamımızı təbrik edirəm! Gözümüz aydın olsun!
Rafiq Babayevin valideynləri haqqında çox geniş danışdıq. Gəlin indi də onun öz ailəsi haqqında danışaq. Necə ata idi? Necə həyat yoldaşı idi?
Dürüst adam
Gülarə Babayeva: - Atası xalq düşməni adı ilə həbs ediləndə Rafiq Babayevin bir yaşı təzə tamam olmuşdu. Anası Şahbəyim xanım isə hamilə idi. Məlum məsələdir, o dövrdə xalq düşməni ailəsi olmaq nə deməkdir. Şahbəyim xanım hər bir əziyyətə tablaşıb, övladlarını namusla böyüdüb, hamısına təhsil verib, hamısını cəmiyyət üçün yetişdirib. Az sonra müharibə başlayıb, bu qadın üç növbə işləyirdi ki, övladları az çətinlik çəksin. O, böyük qadın idi və Rafiq Babayev də həyatda çətinlik görmüş adam kimi həmişə ədalətli olmağa çalışırdı. Onun üçün dürüstlük, həqiqət hər şeydən irəlidə gəlirdi.
Fərizə Babayeva: - Rafiq Babayev gözəl ata, gözəl həyat yoldaşı idi. Gənc yaşlarından musiqiçi kimi özünü göstərə bilmişdi. Onun ürəyi bir ailəsi, bir də musiqi ilə döyünürdü. Biz onun işdən gəlməyini səbirsizliklə gözləyirdik, çünki hər gün danışmağa təzə mövzu olurdu. Bu söhbətlər dünya musiqisindən başlamış, tanıdığımız, tanımadığımız adamlara qədər gedib çıxırdı. Onun söhbətlərindən doymaq olmurdu. Tez-tez qastrol səfərlərinə gedirdi, bizim üçün müxtəlif donlar, paltarlar alıb gətirirdi.
"Onun evə qayıtması
bayram idi"
Gülarə Babayeva: - Yayda Novxanıdakı bağımızda dincəlirdik. Hər axşam saat 6-7 arası işdən çıxıb bağa gəlirdi. Külafirəngidə dayanıb onun yolunu gözləyirdik, uzaqdan yola burulan kimi maşının siqnalını verirdi, o dəqiqə həyətə düşüb darvazanı açırdıq. Onun evə qayıtması bayram idi.
Evimiz həmişə qonaq-qaralı olub. Xoşlayırdı evdə qonaq qəbul etməyi. Ad günlərimiz təmtəraqla keçirdi. Xüsusi olaraq heç kimi dəvət etmirdik, adamların çoxu bu tarixləri özləri yadda saxlayırdılar. O vaxt elə idi. Atam bazarlıq edib maşının yük yerini doldurur, nənəmlə anam biş-düş edirdilər. Unudulmaz günlər idi. Təsəvvür edirsinizmi, anam özünə xüsusi olaraq pal-paltar seçməyi xoşlamazdı. Atam öz zövqünə görə alırdı onun əyin-başını və anam bundan çox razı idi.
- Sizcə, Rafiq Babayev Azərbaycan musiqisinə nə vermək istəyirdi? Nə verə bildi və hansı arzuları yarıda qaldı?
Fərizə Babayeva: - Biz ikimiz də peşəkar musiqiçiyik. Suala onun övladı kimi yox, elə musiqiçi kimi cavab verməyə çalışacağam. Rafiq Babayevin mayası milli xalq və peşəkar klassik Azərbaycan musiqisi üzərində qurulmuşdu. Bu, Azərbaycan muğamı ilə bəstəkar mahnılarımızın sintezindən yaranan bir şeydir. Muğam onun üçün mistik, ilahi musiqi idi. O, Azərbaycan musiqisinə muğamla cazın yeni nəfəsini gətirmişdi və bunu daha da inkişaf etdirmək, improvizə etdirmək istəyirdi, təəssüf, çox arzusu ürəyində qaldı.
Xaricə gedə bilərdi, amma...
Gülarə Babayeva: - Atam çox vətənpərvər adam idi. Ona dəfələrlə xaricdə yaşamaq təklif olunurdu. Amerikada, Avropada qalıb işləyə bilərdi, amma o, Bakıdan başqa heç yerdə rahatlıq tapmırdı. Onunla müqavilə bağlamaq, müəyyən işlər görmək istəyirdilər, razı olmurdu. O, ancaq öz xalqının musiqisinə xidmət etmək istəyirdi. Hətta ən çətin vaxtlarımızda, maddi çətinlik çəkdiyimiz dövrlərdə belə, o bu cür təkliflərdən imtina edirdi. Azərbaycanda caz, muğam, rəqs, aktyor oyunu kimi incəsənət janrlarını bir yerə toplayıb teatr yaratmaq arzusunda idi. Müəyyən planlar cızmış, hazırlıqlar da etmişdi.
- Adətən Azərbaycan cazı deyəndə, ilk növbədə, Vaqif Mustafazadə yada düşür. Münasibətləri necə idi?
Vaqif Mustafazadədən
xəbər var...
Gülarə Babayeva: - Çox yaxın idilər. Atam Vaqif Mustafazadədən 4 yaş böyük idi və Vaqif əmi bu böyüklüyü həmişə hörmətlə qoruyurdu. Hər şeyi atamla məsləhətləşirdi. Birgə çalışırdılar. Bir-birlərini dinləyirdilər. Bir dəfə evə zəng gəldi, mən cavab verdim, yaşım az idi, bir şey başa düşmədim. Atama dedim ki, hansısa Vaqif rəhmətə gedib. Atamın rəngi o dəqiqə göyərdi. İnanmaq istəmirdi və hələ doğrudan da, dünyasını dəyişənin hansı Vaqif olduğunu dəqiq bilmirdi. Zəng vurdu bir-iki yerə, sonra yerində donub qaldı. Bu xəbər onu çox sarsıtmışdı, xeyli müddət özünə gələ bilmədi. Sonra atam Əzizə Mustafazadənin yetişməsində böyük rol oynadı.
Fərizə Babayeva: - Sizin Rafiq Babayev Azərbaycan musiqisinə nə verdi sualına bir qədər ritorik cavab vermək istəyirəm: təsəvvür edin, biz Qız qalasına nə veririk? Digər tarixi yerlərə nə veririk? Milli dəyərlərimizə nə veririk? Rafiq Babayevin irsi milli dəyərdir və bu dəyəri Azərbaycan xalqının milli sərvəti kimi qorumaq bizim hər birimizin üzərinə düşən vəzifədir. Biz Qız qalasının hər daşını qorumalıyıq. Milli dəyərimiz olan hər şeyi də Qız qalasının daşları kimi qorumalı, qədrini bilməliyik.
Bəs niyə caz?!
- Maraqlıdır, niyə məhz caz? Məncə, Rafiq Babayevin gəncliyində caz qadağan olunmuş musiqi kimi diqqət çəkirdi və qadağan olunmuş hər şey insanı maqnit kimi özünə cəlb edir. Bu, həm də psixoloji tələbdir.
Fərizə Babayeva: - Rafiq Babayevin sevgisi xalq musiqisindən başlamışdı. Muğam, milli musiqi nümunələrimiz onun qanına, canına hopmuşdu. Ana nənəsi gözəl qarmon ifa edirmiş. Atamın bacı-qardaşları da musiqiyə böyük həvəs göstəriblər. Ulu babamız Hacı Məhəmməd Kazımbəyov Lənkəranda baba Müslüm Maqomayevlə dostluq edib. O vaxt M.Maqomayev Lənkəranda işləyirmiş. Məhəmməd bəyin evinə dövrünün ziyalıları toplaşırmış və evdə tez-tez musiqi, ədəbiyyat məclisləri təşkil olunurmuş. İnsana çox şey genlərlə ötürülür, görünür, musiqi Rafiq Babayevə genetik şəkildə ötürülüb. Atam musiqinin gücünü bütün varlığı ilə hiss edirdi. Ən çətin əsərləri belə, bir dəfə dinlədikdən sonra asanlıqla ifa edirdi. Misilsiz musiqi duyumu olan adam idi. Əksər musiqiçilər, bəstəçilər indi də deyirlər ki, Rafiq Babayev müraciət etdiyi muğamları çox həssaslıqla, muğamın ruhunu incitmədən caza sintez edirdi. Deyirlər, musiqi parçası səslənən kimi hiss olunur ki, bu, Rafiq Babayevin yanaşmasıdır, onun improvizəsidir. Yəni Rafiq Babayev imzasını öz dəst-xəttinə qoyub.
- Rafiq Babayevin səhəri necə açılırdı? Gündəlik iş rejimi necə idi? Evdə neçə saat musiqi ilə məşğul olurdu?
Səhətr idmanı və Şopen
Gülarə Babayeva: - Təsəvvür edirsinizmi, onun maşınında radio, maqnitofon yox idi. Hər dəfə soruşanda deyirdi ki, musiqi dinləyə-dinləyə maşın sürə bilmirəm, fikrim musiqidə olur. Musiqi ilə yatıb-dururdu. Bağda tutaq ki, nəsə iş görürdüsə, mütləq musiqi dinləyərək işləyirdi. Nahara gəlirdi, yeməyini bitirən kimi royalın arxasına keçib məşğul olurdu. Musiqi dünyasında təzə nə varsa əldə edib dinləyirdi. Vallar, maqnitofon lentləri ən yaxın sirdaşı idi onun.
Fərizə Babayeva: - Bütün ruhu musiqidə idi. Hər şeyi anında görürdü. Xüsusi partitura, yaxud nəsə geniş musiqi yazmaqla arası yox idi. Təzə bir şeyi məşq edirdilərsə, əlüstü hər kəsin parçasını fərdi qaydada onun tonallığına, ifa qabiliyyətinə uyğun şəkildə işləyib verirdi və sonra həmin kağızlar atılırdı. Bu səbəbdən evdə onun not yazıları qalmayıb. Səhər qəhvəaltısından sonra onun idmanı Şopenin etüdlərinin ifası olurdu. Şopen onun üçün əvəzolunmaz düha idi. Bir də Raxmaninov... Barmaqların daima formada qalması üçün klassik musiqi əvəzsizdir. Etüdlərin sadəcə, ilk sətrini nota yazırdı, ardını özü davam edirdi, çünki musiqi duyumu, musiqi yaddaşı izaholunmaz idi. Ard-arda Şopendən 10-12 etüd ifa edirdi.
Səsi alınmış royal
Gülarə Babayeva: - Müəllimi, gözəl pianoçu, müğənni Rauf Atakişiyev ona royal bağışlamışdı, həmin royalda moderator funksiyası vardı, royalın səsini almaq olurdu. Atam alətin səsini alıb qonşuları narahat etmədən gecələr də rahat məşğul ola bilirdi.
- Rafiq Babayev erməni terrorunun qurbanı oldu və o terror bu gün də davam edir. Sentyabrın 27-dən başlayan haqq davamızda erməni terroru dinc insanları atəşə tutur, nəticədə yenə Gəncədə, Tərtərdə, Füzulidə və digər cəbhəyanı ərazilərimizdə körpələr, qadınlar, adi vətəndaşlar həyatını itirir. Ümumiyyətlə, terror, terrorçu deyəndə nə düşünürsünüz, ağlınıza ilk olaraq nə gəlir?
Fərizə Babayeva: - Əlbəttə, terror nəticəsində biz ailəmizin dayağını itirdik. Terror deyəndə ilk olaraq erməni terrorizmi gəlir ağlıma, çünki biz Babayevlər ailəsi bu terroru bütün varlığımızla hiss etmişik, yaşamışıq. O gecə Gəncədəki hadisədən xəbər tutanda səhərə qədər gözümüzə yuxu getmədi. Axı necə ola bilər, bir ordu, bir komandan insanlar yatdıqdan sonra günahsız körpələr, xəstələr, qadınlar, adi vətəndaşlar olan binanı raket zərbəsi ilə yerlə bir etsin?! Hətta alman faşistləri belə, dinc əhaliyə atəş açmayıblar. Bu faşistlikdən də betərdir.
Və o unudulmaz gün
Gülarə Babayeva: - Erməni terroru sevdiyimiz insanı bizdən aldı, hələ də bu itki ilə barışa bilmirik. Hələ də bir gün atamın qapını döyüb geri qayıdacağını gözləyirəm. Heç vaxt unuda bilmərəm o günü. Bir-iki gün əvvəl boş bir şeydən ötrü atamla aramızda inciklik yaranmışdı. Şıltaq idik də, onun ölümündən sonra bütün şıltaqlıqlarımız da getdi. Həmin gün səhər işə hazırlaşırdım, o da bir gün əvvəl maaşını almışdı, otağıma gəlib mənə xərclik verdi. Qucaqlaşdıq. Ürəyimdə fikirləşdim ki, nə yaxşı oldu barışdıq. Sonra hər kəs öz işinə getdi. Metroda terror baş verməsi xəbəri ildırım sürətilə yayılmışdı. Atam həmin gün səsyazma studiyasına, sonra Mahnı Teatrına getməli idi. Axşamüstü onu Mahnı Teatrından axtarmağa başlamışdılar. Bakıda böyük faciə baş vermişdi, bütün şəhər ayaqda idi, hamı narahat olmuşdu. Ağlımıza gəmirdi ki, atamız da o qatarda ola bilər, amma vaxt keçdikcə narahatlıq pik həddə çatırdı. Bacımın yoldaşı morqları axtarmağa başladı. Bir şey olan kimi bayıra cumurduq. Hər xəbərə hazır idik, bircə buna yox. Səs eşidən kimi hamımız bayıra cumduq, mərhum kürəkənimiz həkim idi, atamla çox doğma münasibətləri vardı. Onu görən kimi hər şeyi başa düşdüm. Çiyinləri sallanmışdı, gözlərindən yaş axırdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!