Anar AXUNDZADƏ: "67 ildən sonra Əhməd Cavadın əmanəti bizə çatdı" - Söhbətləşdi: Əyyub QİYAS

"Varislər"in bugünkü qonağı Azərbaycanın istiqlal şairi, Azərbaycan Respublikasının Dövlət himninə yazdığı sözlərlə ruhumuzun səsinə səs verən, xatirəsi hər bir azərbaycanlı üçün ehtiramla anılan şair, tərcüməçi, professor böyük Əhməd  Cavadın varisi Anar Axundzadədir.

   

İstiqlal şairi Əhməd Cavad

 

İstiqlal şairimiz Əhməd Cavad 1892-ci ilin çiçəkli yaz günlərinin birində sənədlərdə Şəmkirin Seyfəli kəndi qeyd olunsa da, Bakıda, İçərişəhərdə, eldə-obada hörmətlə xatırlanan axund Məhəmmədəlinin ailəsində dünyaya göz açıb. Atasını erkən itirdiyindən anası Yaxşı xanımdan tərbiyə alıb. Yaxşı xanım milli folklorumuzun bilicisi idi, xeyli şeir, bayatı, zərb məsəli bilən bu sinədəftər qadın övladlarını milli ruhda böyüdür, onların təhsil alması, savadlı, vətənpərvər olmaları üçün əlindən gələni edirdi.

Əhməd Cavad ilk təhsilini mollaxanada almışdı. Yeddi yaşı olanda artıq "Qurani-Kərim"in bir çox surələrini əzbər bilirdi. İti hafizəsi, müşahidə və analiz etmək bacarığı onu yaşıdlarından fərqləndirirdi.

Taleyinə min bir əziyyət, zülm, işgəncə yazılmış bu işıqlı insanın, bu unudulmaz şəxsiyyətin, bu ilhamlı şairin nəvəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Anar Yılmaz oğlu Axundzadə ilə onun iş otağında görüşdük.

 

  

- Anar bəy, çox gözəl, tarixi günlərdə görüşürük. Azərbaycan Ordusu yeni bir tarix yazır. 30 ildən artıq müddətdə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda haqq savaşımızda qələbə ardınca qələbə xəbərləri bir-birini əvəz edir.

 

İşğalın son günləri

 

- Çox doğru qeyd edirsiniz, Azərbaycan Ordusu, Azərbaycan xalqı yeni və möhtəşəm tarixə imza atır. Əslində, bu, gözlənilən bir prosesdir, çünki Qarabağ heç vaxt sona qədər işğal altında qala bilməz. Əgər mübahisəli bir məsələ dinc yolla, danışıqlar yolu ilə həll edilmirsə, əgər masa arxasında əldə edilən razılaşmalar, beynəlxalq təşkilatların çıxardığı qərarlar öz həllini tapmırsa, o zaman hərbdən başqa yol qalmır. Biz haqq yolundayıq, öz haqqımız uğrunda mübarizə aparırıq. İnşallah, qələbə bizimdir! 

- Var olun! İnşallah! Oktyabr həm də Əhməd Cavadın qətlə yetirildiyi aydır. Bu ərəfədə görüşməyimizin özünün də bir simvolik anlamı var. Anar bəy, babanız Əhməd Cavad bu millətin himninin sözlərini yazan, milli istiqlal tariximizdə öz yeri, öz xidmətləri olan unudulmaz şəxsiyyət, sevilən şairdir. Xalqımız öz sevimli istiqlal şairi haqqında çox şeyi, demək olar, hər şeyi bilir. Siz onun nəvəsi, varisi olaraq bilmədiyimiz nəyisə "Ədəbiyyat qəzeti"nin oxucuları ilə bölüşə bilərsiniz?

 

Əhməd Cavadla bağlı hər şeyi ictimailəşdirmişik

 

- Əslində, elə biz də Əhməd Cavadı onun yaradıcılığını, irsini, həyatını araşdıran tədqiqatçıların yazılarından, söhbətlərindən, daha çox nənəm Şükriyyə xanımın xatirələrindən tanımışıq. Şükriyyə xanım 1992-ci ildə dünyasını dəyişdi və ömrünün sonuna qədər Əhməd Cavadın xatirəsi ilə yaşadı. Şükriyyə xanım bizə həmişə xoş xatirələr danışırdı, ağır sürgün illərindən, ayrılıqlardan, təqiblərdən, çətinliklərdən danışmağı xoşlamazdı. Biz ailəsi olaraq Əhməd Cavadla bağlı xatirələrin demək olar, hamısını ictimailəşdirmişik. Bu gün bir daha 1912-ci ildə babamın Qafqaz könüllüləri ilə birlikdə Balkan müharibəsində iştirak etdiyini xatırlamq istəyərdim. Müharibədən sonra o, yenidən Balkanlara qayıtmışdı, amma bu dəfə qələmi ilə döyüşmüşdü. Balkan hadisələri haqqında yazmış, bu yazılar dövrünün məşhur mətbuat orqanlarında çap olunmuşdu.

Sonra onlar Türk Ordusuna Yardım Fondu yaradıblar, Əhməd Cavad həmin fondun katibi olub. Fondun ofisi Batumidə yerləşdiyindən, babam bir müddət Batumidə qalıb. Türk ordusu tərkibində vuruşub şəhid olan əsgərlərin yetim, kimsəsiz qalmış övladlarını, özü də əsasən, qız övladlarını Gəncəyə gətirib imkanlı ailələrə övladlığa verirmiş. Deyirmiş ki, bu uşaqlar bizim namusumuz, qeyrətimizdir, biz onları qorumalıyıq.

 

67 il sonra sahibinə çatan əmanət

 

Bir də sizə Əhməd Cavadın əldə edilmiş ən sonuncu şeirindən danışmaq istəyirəm. Yəqin, bilirsiniz, bu, "Susmaram" şeiridir. Həmin şeir 2004-cü ildə üzə çıxdı. O ərəfədə Gəncədəki qohumlarımızdan biri zəng vurub bu xəbəri bizə çatdırdı. Şeir vaxtilə "Gəncənin səsi" qəzetində çap olunub. Əhməd Cavadın Gəncədə müəllim dostu olub, babam güllələnməzdən bir qədər əvvəl parkda gəzərkən şeiri ona deyib və tapşırıb ki, yadında saxlasın, vaxtı gələndə bunu varislərinə çatdırsın. 90-cı illərin əvvəllərində xəstələnib yatağa düşən həmin adam övladlarını yanına çağırıb şeiri deyib və onu kağıza yazıblar. Deyib ki, bu əmanəti sahibinə çatdırarsınız. Beləcə, 67 ildən sonra babamın adıçəkilən şeiri bizə çatdı. Həmin şeiri əksər saytlar, qəzetlər çap etdi.

 

"Bu dünyada azadlığı

                        şan-şöhrətdən üstün tut,

Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

Necə susum, danışmayım,

                        mən eyləyim xəyanət?

Hanı sevgi, hanı Vətən,

                        de harda qaldı millət?

Mən bir qulam, yerim altın,

                        suyum gümüş, özüm ac,

Atam məhkum, anam sail,

                        elim hər şeyə möhtac...".

 

Bu parça da həmin şeirdəndir.

 

Kətil üstə qalan şeir dəftəri

 

- Anar bəy, mümkünsə, Əhməd Cavadın ailəsi və bir qədər də öz ailəniz haqqında danışın. Atanız Yılmaz bəy Axundzadə uzun illər hüquq sistemində çalışıb, millət vəkili olub. Əhməd Cavadın oğlu Yılmaz Axundzadə necə adam idi?

- Əhməd Cavadın dörd oğlu, bir qızı olub. Yeganə qızı Almaz 16 yaşında xəstələnib, dünyasını dəyişib. Əmilərimin adı Niyazi, Aydın və Tukay idi. Atam ailənin sonbeşiyi olub. Son dəfə həbs olunana qədər babamı iki dəfə həbs etmişdilər. Hər dəfə həbs olunanda evdə olan əlyazmalarını da aparıb, geri qaytarmayıblar. Əhməd Cavadın əldə olan əsərləri bəlkə də onun yaradıcılığının kiçik bir hissəsidir. (Kövrəlir.) Atam danışanda hər dəfə kövrəlirdi, o vaxt qınayırdım onu, deyirdim yaşlı adamsan, televiziya verilişində gözlərin dolur, ayıbdır, amma indi özüm də danışdıqca hisslərimə hakim ola bilmirəm. Sonuncu dəfə yenə evdə nə qədər əlyazması var idi apardılar. Niyazi əmim evdəki iri kətildə, babamın şeirləri yazılmış dəftərin üstündə oturubmuş. Həmin 48 vərəqli dəftərdə olan şeirlər əski əlifbada yazıldığı üçün hələ latına çevrilməyib, hal-hazırda üzərində iş gedir, yəqin, yaxın aylarda hazır olacaq.

- Niyə bu vaxta qədər onları latın əlifbasına çevirməyiblər? Bu gecikmənin səbəbi nədir?

 

Bu dəftərdə ona

xəyanət edənlərin adları var

 

- Əslində, bu iş çoxdan görülməliydi, amma atam Yılmaz bəy sağlığında buna mane olurdu, çünki həmin dəftərdə babam satqınlıq edən, ara vuran, donos yazan qələm yoldaşları haqqında sərt fikirlər səsləndirib. Atam buna görə istəmirdi, amma artıq vaxtdır, mənim bunu saxlamağa haqqım çatmır.

Babamdan sonra "vətən xaininin oğlu" damğası ilə əmilərimi də həbs edirlər. Böyük əmimi çətin tərbiyə olunan uşaqlar üçün koloniyaya göndərirlər. 1937-ci ilin 13 oktyabrında Əhməd Cavadı güllələyirlər, az sonra Şükriyyə xanımı da NKVD-yə çağırıb deyirlər ki, ərindən imtina elə, boşanma ərizəsi yaz, get övladlarını rahat böyüt. Nənəm imtina edir. "Mən acarlardan Süleyman bəyin qızıyam. Mənim üçün şərəf hər şeydən irəli gəlir. Hər şeyi atıb könlümü Əhməd Cavada vermişəm, onunla Bakıya gəlmişəm. İndi mənə deyirsiz ki, ərimdən imtina edim. Dəqiq bilirəm, onsuz da siz onu güllələyəcəksiniz, amma mənim imtina ərizəm onun üçün sizin vuracağınız güllədən ağır olar".

 

Ən azyaşlı məhkum

 

Az sonra Şükriyyə xanımı da həbs edirlər. O vaxt atam yaşyarımlıq uşaq olub. Rəhmətlik həmişə deyirdi ki, mən Azərbaycanda ən azyaşlı məhkum olmuşam. Onları bir müddət NKVD-nin zirzəmisində saxlayıblar. Bir şey yadıma düşdü. Nənəmin üzündə bir-birinə paralel üç cızıq vardı, ömrünün sonuna qədər bu cızıq hiss olunurdu. Böyük bacılarım bu cızıqların nə olduğunu xəbər alanda demişdi ki,  məni Qazaxıstana sürgünə göndərəndə həbsxanada gəlib uşağı əlimdən almaq istədilər, Yılmaz cırmaqladı üzümü.

Bir əhvalatı da sizinlə bölüşmək istəyirəm. Sonuncu dəfə Əhməd Cavadı evdə həbs edib aparırlar, stulun arxalığına keçirilmiş pencəyi qalır. Yəqin, məlumatınız var, Əhməd Cavad gürcü klassiki Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasını tərcümə edib.

- Belə çıxır ki, gürcü dilini də bilirmiş...

 

Poliqlot adam

 

- Bəli, Əhməd Cavad türk, gürcü, rus, ingilis, acar, ərəb dillərini bilirdi. O, Şekspirin "Romeo və Cülyetta" faciəsini orijinaldan tərcümə edib. M.F.Axundov adına Milli Kitabxanada onun tərcüməsi var. Hafiz olub, "Quran"ı əzbər bilib.

- "Quran"ı əzbər bilməsi, yəqin, dindar ailəsində dünyaya gəlməsi ilə bağlıdır. Atası Məhəmmədəli kişi o zonada tanınmış dindarlardan olub.

- Bəli, Əhməd Cavad dindar ailəsində dünyaya gəlib, amma atasını çox erkən itirib, 5 yaşı olanda. Dini təhsilini əsasən əmisindən alıb. Əmisi Gəncəbasar zonasında çox hörmətli axund olub. Əhməd Cavad ilk təhsilini Gəncədə, mədrəsədə alıb. Əmisi dünyasını dəyişəndə Gəncəbasarda qırx gün onun üçün yas saxlayıblar. Nənəm sürgünə göndəriləndən sonra böyük əmim bir-bir qardaşlarını tapıb. Atamı isə NKVD-nin körpələr evinə veriblər. Babamın anası, böyük nənəmiz dəfələrlə müraciət edib, körpəni ona verməyiblər. Təsəvvür edin sovet quruluşunun ürəyi soyumayıb, hətta nənəmin təqaüdünü də kəsiblər ki, ehtiyac içində yaşasın. Sonra atam bərk xəstələnib. Kim baxacaq "vətən xainləri"nin övladlarına? Görüblər uşaq ölür, tez nənəmi tapıb, atamı ona veriblər. Atam on yaşına qədər Seyfəlidə qalıb.

 

Anasından utanan uşaq

 

Şükriyyə xanım səkkiz il yarımdan sonra sürgündən qayıdıb, onun Bakıda yaşamasına icazə verməyib, dərhal Şəmkirə göndəriblər. Atam danışırdı: "Şükriyyə xanım qayıdanda onu tanımırdım. Biz ayrılanda mən körpə idim, o qayıdanda isə on yaşım vardı. İlk vaxtlar utanırdım anamdan".

Hə, bir qədər əvvəlki sohbət yarıda qaldı axı. Babamın evdə qalan pencəyindən danışırdım. Uzun müddət elə deyirmişlər ki, "Pələng dərisi geymiş pəhləvan" poemasını başqa adam tərcümə edib. Nənəm sürgündən qayıdandan sonra Əhməd Cavadın şəxsi əşyalarını, pal-paltarını yerbəyer edəndə həmin pencəyin cibindən qonorar qəbzi çıxır. Elmlər Akademiyasının sifarişi ilə edilən tərcüməyə görə alınacaq məbləğ. Nənəm atamla Elmlər Akademiyasının o vaxtkı prezidenti Yusif Məmmədəliyevin qəbuluna gedir, Yusif müəllimin köməkliyi ilə həmin qonorar bərpa olunur, nənəm o məbləği alır. Üstəlik, "Pələng dərisi geymiş pəhləvan" poemasının gerçək tərcüməçisinin də kim olduğu üzə çıxır. Qismət elə gətirir ki, nənəm həmin qonorarla atama toy edir. (Kövrəlir.) Mən o halal pulla toyu olmuş ailənin ən kiçik övladıyam.

 

Vaxtı gecikmiş qonorar

və oğul toyu

 

1918-ci ildə Nuru Paşa Qafqaz İslam Ordusunun başında gələndə Əhməd Cavad onları Gəncədə türk uniformasında qarşılayıb, onlarla bir yerdə Bakıya gəlib.

- Anar bəy, uzun illər sovet təbliğatı millətimizin aydınlarının, qəhrəmanlarının adlarını bizdən gizlədib, əvəzində leninləri, şaumyanları, kirovları heykəl edib başımız üstə qaldırıb. Amma həyatda heç bir gerçəyi boğmaq, onu yer üzündən silmək mümkün deyil. Nəvə Anar Axundzadə baba Əhməd Cavadla ilk tanışlığını necə xatırlayır? Təbii, söhbət şəxsi tanışlıqdan getmir...

- Ağlım kəsəndən bilirdim Əhməd Cavad adlı babam olub, özü də yaxşı kişi olub. Doğrudur, onun haqqında indiki kimi geniş məlumat yox idi, 90-cı illərdən sonra arxivlər açıldı, sirlər üzə çıxdı, amma nənəmin xatirələri bəs edirdi. Mən rus məktəbini bitirmişəm, Azərbaycan dili müəllimim vardı, o, Əhməd Cavadın nəvəsi olduğumu bilirdi. Tez-tez mənə onun haqqında danışırdı. Savadlı qadın idi. Atam böyüklərdən eşitdiklərini, onu tanıyanların xatirələrini danışırdı ailədə, amma əmilərim babamı görmüşdülər, onlar Əhməd Cavadın necə adam olduğunu, ailədə necə rəftar etdiyini, uşaqlarla necə münasibət qurduğunu yaxşı xatırlayırdılar.

 

Böyük Turan sevdası

 

- Anar bəy, sizcə, hansı hisslər idi 1912-ci ildə Əhməd Cavadı evini-eşiyini qoyub, təhsilini, işini-gücünü buraxıb Balkanlara aparan? Axı bu yolun bir başında şəhidlik, qazilik də vardı, müharibənin ağır şərtləri də bir yandan. Azərbaycanda Qafqaz könüllülər ordusu yaratmaq, bu könüllüləri səfərbər edib Balkanlara qədər gedib çıxmaq... Nəyə lazım idi, sizcə?

- Düşünürəm ki, onları birləşdirən türkçülük ideyaları idi. Böyük Turan düşüncəsi, türk birliyi fikirləri idi onları bir yerə toplayan və bu haqq savaşında şanlı Türk Ordusunun tərkibində döyüşməyə vadar edən. Babalarımız, atalarımız görməsə də, Allahın izni ilə bizə bu böyük və möhtəşəm birliyi görmək nəsib olar! Babamı pantürkist, müsavat ideoloqu kimi ittihamlarla həbs  edib güllələmişdilər.

- Anar bəy, Əhməd Cavadın böyük Məhəmmədəmin Rəsulzadə ilə doğma münasibəti olub. Bu yaxınlarda Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə görüşüb, söhbət etmişdim. Mənim üçün maraqlıdır, bəs nəvələr necə, yəni Rəsulzadənin nəvəsi ilə Əhməd Cavadın nəvəsi Anar Axundzadə arasında münasibət varmı? Doğrudur, Rais bəy yaşda sizdən böyükdür, amma yenə olsun...

 

Yaxşı kişilərin nəvələri

 

- Əlbəttə, tanıyırıq bir-birimizi, qarşılıqlı hörmət var arada, tədbirlərdə görüşürük və s. Amma qeyd etdiyiniz kimi, mən Rais bəydən yaşda xeyli kiçiyəm, ona görə də bu böyük-kiçik münasibətini qoruyub saxlamağa çalışıram. 

- Əhməd Cavadın dillər əzbəri olan şeirləri var. Bircə Dövlət himnini xatırlamaq bəs edir. Bu sözlər müxtəlif dillərə tərcümə olunub, dünyanın müxtəlif salonlarında, hava limanlarında, idman yarışlarında səslənib. Bu sözlər səslənəndə Azərbaycan xalqı boy-boya verərək ayağa qalxır, əlini ürəyinin üstünə qoyub bu sözləri pıçıldayır. Bu, möhtəşəm bir ucalıqdır. Maraqıdır, bəs Əhməd Cavadın nəvəsi Anar babasının hansı şeirini xüsusi olaraq sevir, üstəlik, nəyə görə sevir?

- Doğru qeyd etdiniz, himnin sözləri möhtəşəmdir. Adamın qanını coşdurur. Adamı mübarizəyə səsləyir. Himnində belə sözlər olan bir millətin böyük olmaqdan, bir olmaqdan başqa yolu ola bilməz.

 

Himnində belə sözlər olan millət böyükdür

 

"Çırpınırdı Qara dəniz" şeirini çox sevirəm. Üzeyir bəyin himnə də, "Çırpınırdı Qara dəniz" şeirinə də yazdığı mahnı əvəzolunmazdır. Şəmkirdə "İstiqlal parkı" var, orada Üzeyir bəylə Əhməd Cavadın abidə kompleksi ucaldılıb. Üzeyir bəy royalın arxasında oturub, Əhməd Cavad da ayaq üstə durub, himnin sözlərini, musiqisini işləyirlər.

Onun türk ordusuna yazdığı şeirlər də mübariz ruhlu, könüloxşayandır. Yəni əvvəldə qeyd etdiyiniz kimi, babam istiqlal şairi olub, bütün varlığı ilə milli istiqlalımızı tərənnüm edib. Cümhuriyyətin 100 illiyi ərəfəsində istedadlı bəstəkarımız Aygün xanım Səmədzadə babamın ondan artıq şeirinə bir-birindən gözəl mahnı bəstələdi: "Bismillah", "Türk ordusuna" və s. Türkiyənin TRT kanalında bu mahnıların çox gözəl təqdimatı oldu. TRT kanalı "Bir Turan eşçisi" adlı film çəkdi. Onu da deyim ki, Türkiyədə Əhməd Cavadı çox sevirlər, onu türk dünyasının böyük istiqlal şairi adlandırırlar. Daha sonra AzTV kanalı da babam haqqında film çəkdi.

 

"Bir Turan elçisi"

 

Bu yaxınlarda mənə Türkiyə arxivindən gözəl bir hədiyyə oldu: "Çırpınırdı Qara Dəniz"in əlyazmasının surətini göndərdilər. Əhməd Cavadın ömrünün müəyyən hissəsi Türkiyə ilə bağlı olduğu üçün Türkiyə arxivlərində onunla bağlı xeyli sənəd, əlyazma qorunur. Babamın Atatürkə, eyni zamanda Atatürkün babama məktubu var və bu məktub Atatürk muzeyinin ekspozisiyasına daxildir.                           

- "Göygöl", əslində, təbiət təsvirləri bol olan şeir nümunəsidir, amma Əhməd Cavad kimi əqidə sahibi, ruhu türkçülük alovu ilə yanan, xəyalı böyük Turan ideyaları ilə aşıb-daşan bir şair sadəcə təbiəti təsvir etməklə işini bitirməz. NKVD əməkdaşları onun qapısını ilk dəfə "Göygöl"ə görə döymüşdülər və donos yazanlar da qələm yoldaşları idi...

- Əlbəttə, alt mənalar, simvollar çoxdur o şeirdə. Aypara - türk və islam simvoludur, şam ağacları türk ordusunu simvolizə edir. Onun qələm dostları da, elə NKVD əməkdaşları da Əhməd Cavadın nəyi niyə yazdığını çox gözəl biliblər. Əslində, bunun üstündən keçə də bilərdilər, sadəcə, ilk dəfə göz dağı vermək istəyiblər. Susdurmaq istəyiblər, amma bacarmayıblar. Yəqin, Əhməd Cavad kimi bir insanı susdurmaq öldürməkdən betər olardı. Atam məni Göygölə aparmışdı, həmin şeirin yazıldığı yeri, babamın üstündə oturduğu daşı göstərmişdi mənə.

Acar bəyinin qızı

 

- "Şükriyyə taleyim, şükür, xudaya...". Yəqin, söhbətin nədən getdiyini başa düşdünüz. Əhməd Cavadın adı çəkiləndə istər-istəməz Şükriyyə xanımın da portreti canlanır. Acar bəyinin qızı, uşaqlığı, yeniyetməliyi naz-nemət içində keçən sevimli bir uşaq və sonrakı taleyi sürgünlərlə, ayrılıqlarla, itkilərlə yadda qalan dönməz, mətin, qeyrət simvoluna çevrilimiş qadın. Şükriyyə xanım çox əzablara qatlaşıb. Özü nə danışırdı bu barədə?

- Bir qədər əvvəl də söylədim, Şükriyyə xanım o qədər mətin, o qədər iradəli qadın idi ki, heç vaxt bizə çəkdiyi əziyyətlərdən, yaşadığı ağır həyatdan danışmazdı. Həmişə babamla yaşadığı xoşbəxt günlərdən xatirələrini yada salardı. Əsrin əvvəllərində onlar Bakı elitasına aid insanlar olublar. Filarmoniyaya konsertlərə, teatra tamaşalara baxmağa gediblər. Deyirdi ki, Cəfər Cabbarlı az qala bütün premyeralarına bizi dəvət edirdi. Əhməd Cavad, Hüseyn Cavid və Mikayıl Müşfiq... bu üç ziyalı çox yaxın münasibətdə olublar. Mikayıl Müşfiqdən söz düşmüşkən... Şükriyyə xanımın danışdığı bir əhvalatı xatırladım.

 

Müşfiqin Dilbəri...

 

Demək, Müşfiq həbs olunduqdan sonra həyat yoldaşı Dilbər xanımı da həbs edirlər, çox gənc olub, 20-21 yaşında. Şükriyyə xanım yaşda bir qədər böyük olub ondan. Bayıl həbsxanasında saxlayırmışlar onları. Deyirdi birdən qapı açıldı, həbsxana rəisi içəri girib dedi ki, Dilbər haradansa şüşə qırığı tapıb, damarını kəsib, intihar etmək istəyir. Heç kəsi də yaxına buraxmır. Vaxt itirmədən məni onun kamerasına apardılar, Dilbər məni görən kimi başını aşağı saldı. Yəni aralarında hörmət olub. Deyir, qucaqladım Dilbəri, şüşəni əlindən aldım. Çox qəribədir, Müşfiq də Axundzadədir.

Bəraət aldıqdan sonra Bakıdakı "beşmərtəbə" tərəfdə ona mənzil vermişdilər - Şahmat məktəbi olan binada. Yaşlanmışdı, artıq pillələri qalxıb-enməyə çətinlik çəkirdi, ona görə də son illərini Şəmkirdə, Aydın əmimgildə, Çinarlı kəndində yaşadı. Biz tez-tez gedib ona baş çəkirdik. Elə dünyasını da orada dəyişdi. Əvvəlcə Niyazi əmim rəhmətə getdi, ardınca üçüncü əmim Tukay dünyasını dəyişdi, amma Şükriyyə xanım bu itkilərdən xəbərsiz getdi həyatdan.

 

Oğlanlarının itkisindən xəbərsiz ana

 

Şükriyyə xanım möhkəm qadın idi, deyim ki, xəstələnib yatağa düşdü, yox. Qocaldı, vaxtı çatdı, doxsan dörd yaşında bizi tərk etdi... Təsəvvür edirsiniz də, Qazaxıstanın şaxtası, səhralar, çətinliklər, aclıq, xəstəlik. Yəqin, belə çətinliklər insanı cilalayır, ona güc verir. Üstəlik, bir gün övladlarına qovuşmaq ümidi adama yaşamaq üçün stimul verir.

Bilirsiniz, bir dəfə nə danışmışdı bizə?! Demək Qazaxıstanda qarlı-çovğunlu günlər, bunlar da sürgündədirlər, dustaqdırlar. Deyir, arabir gəzməyə çıxırdıq, yerli adamlar bizə qartopu atırdılar. Məəttəl qalırdıq, axı bunlara neyləmişik, bizə qartopu atırlar?! Sonradan başa düşdük, sən demə, qartopunun içindəki qurut imiş. Bizə yemək üçün verməyə başqa şeyləri olmadığından qurutu qartopu edib atırmışlar. Doğrudan da, varını verən utanmaz. Dəhşətli aclıq olub. Qarı təmizləyib, ot, bitki kökləri tapıb çıxarır, qaynadıb yeyirmişlər. 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!