Azərbaycan Yazıçılar İttifaqının katibi İlqar Fəhmi Qarabağda davam edən müharibə ilə bağlı fikirlərini səsləndirib:
“Başa düşürəm, insanlarımız qələbənin tez həyata keçməsini istəyirlər, amma nəzərə almaq lazımdır ki, müharibənin öz qaydaları var. İkinci məsələni də nəzərə almalıyıq, Azərbaycan hücum əməliyyatları həyata keçirir. Bunun çətinlikləri daha çoxdur. O baxımdan mən bizim bütün ədiblərə, yazıçılara, ziyalılara çağırış edirəm ki, hər dəfə xalqımıza müraciət eləsinlər: bir az dözümlü olsunlar, səbirli olsunlar. Ordumuza da dayaq olmağa davam eləsinlər.”
İ.Fəhmi Azərbaycana sülh çağırışı edən beynəlxalq təşkilatlardan da danışıb:
“Sülh çağırışı edənlər niyə 92-93-cü illərdə həmin çağırışı ermənilərə eləmədilər?! Niyə erməniyə demədilər ki, hücumu dayandırsın? Halbuki, o vaxt bizim hökumət də, ziyalılar da müraciətlər edirdi. Onda bizi heç kim eşitmirdi. Əslində, Azərbaycan xalqı o qurumların bütün çağırışlarının birtərəfli olduğunu çox yaxşı başa düşür. Bu gün Türkiyənin arxamızda olmağını şişirdib, böyüdüb, qaldırıblar dünya faciəsi səviyyəsinə. Amma 92-93-cü illərdə bütün dünya Ermənistana kömək edirdi. Hətta, yadımdadı, ABŞ-ın belə bir qanunu vardı ki, Azərbaycana dəstək edilməsin, Ermənistana dəstək edilsin. Niyə? Birtərəfli mövqe nümayiş etdirirdilər. Konkret deyirdilər, ermənilərə kömək edirik. Azərbaycanlılara heç nə etməyəcəyik. Bunun müqabilində o çağırışlar nədi? Yəni, heç olmasa, 20-25 il əvvələ qayıdıb, öz əməllərini, hərəkətlərini analiz eləsinlər”.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!