"Varislər"in bugünkü qonağı quruluş verdiyi filmlər və yazdığı əsərlərlə hər zaman sevgi ilə xatırlanan, milli kino tariximizin ən uğurlu ekran işlərinə həyat vermiş unudulmaz kinorejissor, yazıçı, kinodramaturq, ictimai xadim, Xalq artisti Həsən Seyidbəylinin varisləri Ziya və Məryəm Seyidbəylilərdir.
Bizim Həsən Seyidbəyli
1920-ci ilin 22 dekabr günündə Bakıda anadan olmuşdu. Ölkənin və Bakının qarışıq günləri davam edirdi o vaxt. Bolşevik Rusiyası Azərbaycanı növbəti dəfə işğal etmiş, cəmi 23 ay yaşayan Azərbaycan Cümhuriyyəti yenicə süqut etmişdi. Bu qovğalar, bu qasırğalar, bu tufanlar dövrünə dünyanın gələcəyi üçün işıqlı insanlar lazım idi və Həsən Seyidbəyli o işıqlı insanlardan idi ki, bütün şüurlu həyatını doğma xalqının mədəniyyətinə, ədəbiyyatına xidmətə sərf etdi.
Onun gənclik dövrü isə 1941-1945-ci illər müharibəsinə təsadüf etdi. Müharibə Bakısı, cəbhədən gələn qara xəbərlər, qələbə üçün arxa cəbhədə görülən işlər onun həyatından təsirsiz ötüşmədi.
Bu unudulmaz insanın varisləri - oğlu, iqtisadçı-mühəndis Ziya Seyidbəyli və qızı, tarix elmləri doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun direktoru Məryəm xanım Seyidbəyli ilə onun akademiyadakı iş otağında görüşdük.
- Hörmətli Ziya bəy, əziz Məryəm xanım, sizi "Varislər" layihəsində görməkdən məmnunam. Bugünkü söhbətimiz atanız - sevimli kinorejissorumuz və yazıçımız Həsən Seyidbəyli haqqında olacaq.
Həsən Seyidbəyli necə adam idi? Hər biriniz öz fikrinizi deyə bilərsiniz. O böyük insan sizin yaddaşınızda fərqli də qala bilər...
"Biz bu Sərəncamı gözləyirdik"
Məryəm Seyidbəyli: - İlk növbədə, fürsətdən istifadə edib ailəmiz adından möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dərin təşəkkürümü bildirmək istəyirəm. Sözün gerçək mənasında bu sərəncamı böyük həyəcanla gözləyirdik. Bu il 19 avqust tarixində möhtərəm Prezidentimiz Həsən Seyidbəylinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam imzaladı. Əminəm ki, bu sərəncam çərçivəsində nəzərdə tutulan tədbirlər yüksək səviyyədə keçiriləcək.
Sizin sualınızla bağlı nə deyə bilərəm?! Atamın yaradıcılıq diapazonu çoxşaxəli idi. Həm kinorejissor, həm kinodramaturq, həm yazıcı kimi yorulmaq bilmədən Azərbaycan mədəniyyətinə xidmət edirdi. Belə gözəl və istedadlı insanın övladı olduğum üçün özümü xoşbəxt hesab edirəm.
Onun adına layiq övlad olmaq
Ziya Seyidbəyli: - Hər zaman onun adına layiq övlad olmağa çalışmışıq. Atam haqqında saatlarla danışa bilərəm. Onun çox müsbət keyfiyyətləri vardı. Onlardan bir neçəsini diqqətinizə çatdırmaq istərdim: Həsən Seyidbəyli böyük vətənpərvər idi. Öz millətinə görə qürur duyurdu. Milli tariximizə böyük sevgisi vardı. Tarixçi olmasa da, tarixlə ciddi maraqlanırdı. Adət-ənənələrimizi qoruyurdu. Azərbaycan dilinin vurğunu idi. Çox alicənab insan idi. Yaradıcı fəaliyyətlə yanaşı, ictimai fəaliyyətlə də məşğul olurdu. İki çağırış Azərbaycan Ali Sovetinin deputatı kimi, Kinematoqrafçılar İttifaqının sədri kimi həmişə öz işinə məsuliyyətlə yanaşırdı. Bütün bu yaradıcı, ictimai fəaliyyətin gərginliyinə, yorğunluğuna baxmayaraq, azacıq boş vaxt tapan kimi onu bizə həsr edirdi. Tez-tez doğma Azərbaycanımızın müxtəlif bölgələrinə səfərə çıxırdıq. Bizimlə bir yerdə vaxt keçirməyə çalışır, rayonlarımızın gözəl təbiətindən həzz alırdı. Qubada, Lənkəranda, Göyçayda birgə keçirdiyimiz günləri həmişə sevgi ilə xatırlayırıq.
Qarabağı qarış-qarış gəzmişdik
Qarabağı qarış-qarış gəzdirmişdi bizə. Son dəfə 1975-76-cı illərdə Şuşada, Laçında olmuşuq. Keçilməz dağ yolları idi. Ancaq "QAZ-69"-la qalxmaq olurdu o yolları. Bir tərəfi uçurum, bir tərəfi sıldırım qayalar. Maşının şüşəsindən aşağı baxanda adamın gözləri qaralırdı. Laçında atamın dostu vardı, böyük təsərrüfat, mal-qara sahibi idi. Biz yaylaq-qışlaq nədir oralarda gördük ilk dəfə. Gözəl təbiət, dağ çayları, yaşıllıqlara bürünmüş dağlar... O günləri unutmaq mümkün deyil. İndi o yerlərin işğal altında olması mənə çox pis təsir edir. Əminəm ki, tezliklə Azərbaycan ordusu öz tarixi torpaqlarını azad edəcək, atamın ayaq izləri qalan o yerlərdə bir də gəzə biləcəyəm.
"Ovçu, keçmə bu dağlardan..."
Məryəm Seyidbəyli: Atam bağ həvəskarı idi. Pirşağıda bağımız vardı, çox istəyirdi tətil günlərini, bayramları bağda keçirək. Bağbanımız vardı, amma öz əlləri ilə əkirdi meyvə ağaclarını, növbənöv çiçəkləri. Meynələrə özü qulluq edirdi. Eyni zamanda çox mahir ovçu idi, rayonlara gedəndə həmişə ov tüfəngini də özü ilə götürürdü. Ailədə üç uşaq idik, bir qardaşımız dünyadan köçüb, indi ikimiz qalmışıq. Üçümüzü də aparırdı özü ilə ova.
Ziya Seyidbəyli: Həm də yaxşı idmançı idi. Hər zaman özünü formada saxlamağa çalışırdı. Yüngül atletika ilə məşğul olurdu. Çox yaxşı voleybol oynayırdı, çox yaxşı üzürdü. Hətta bir dəfə dənizdə boğulan iki nəfəri də xilas etmişdi.
İki nəfəri ölümdən qurtaran adam
Çox sadə həyat tərzi sürürdü. Çox səmimi insan idi. Onun filmlərini hamı sevirdi, qəzetlər, radio, televiziya ondan danışırdı. Məşhur idi, amma heç vaxt bu məşhurluğun, bu şöhrətin işığı onun gözlərini qamaşdırmırdı. Hər zaman insanlara kömək etməyə çalışırdı. Çox qonaqpərvər idi.
- Kimlər qonaq gəlirdi evinizə? Həsən Seyidbəyli kimi məşhur adamın evinin qonaqları da məşhurlar olub, yəqin. Bu qonaqlar daha çox bağa, yoxsa Bakıdakı evinizə gəlirdilər?
- Bağ mövsümü ancaq yayda, tətil aylarında başlayırdı. May ayının sonundan sentyabrın axırına qədər bağda olurduq. Xalq rəssamı Elbəy Rzaquliyev evimizin, ailəmizin daimi qonaqlarından idi. Çox isti münasibətləri vardı. Bağ qonşularıydıq.
"Onunla görüşəndə bizi unudurdu"
Məryəm Seyidbəyli: Bağa gedəndə tez-tez unudulmaz Nəsir İmanquliyevin bağına baş çəkirdi. Nəsir müəllimlə çox yaxın idilər. Nəsir müəllimin bağı Pirşağının girişində idi. Bizim bağımızla onların arasında 200-300 metr ara vardı. Maşını saxlayırdı, deyirdi gözləyin, qardaşıma baş çəkim, qayıdıram. Biz maşında oturub gözləyirdik, onların başı qarışırdı söhbətə, biz yaddan çıxırdıq. Bir də yadına düşəndə tez qayıdıb üzürxahlıq edirdi. Alışmışdıq belə məqamlara.
"Yox bir qaşqaldaq..."
Yazıçı Mikayıl Rzaquluzadə olurdu bağımızda. Tarix muzeyinin direktoru, akademik Nailə Vəlixanlıgilin bağı ilə bağımız yanbayan idi. Nailə xanımın atası məşhur aktyor, Xalq artisti Məmmədəli Vəlixanlı da atamla dost idi. "Görüş" filmindəki unudulmaz Çayçı.
Səhər həyətə çıxan kimi atam ətrafdakı qonşularla salamlaşırdı. Məmmədəli Vəlixanlı çox maraqlı adam idi. Bağı da maraqlı idi. Qu quşları saxlayırdı bağında. İbrahimbəyov qardaşları gəlirdi bizə. Anar gəlirdi.
Ziya Seyidbəyli: Xalq rəssamı Mikayıl Abdullayev bağımızın da, evimizin də doğma adamlarından biri idi. Atamla Mikayıl Abdullayev həm də süd qardaşları idilər. Tofiq Quliyevlə atam lap gənclik vaxtlarından dost olublar və bu dostluq sona qədər davam edib. Atamın filmlərinin doxsan faiz musiqisini Tofiq əmi yazmışdı. Bircə "Bizim Cəbiş müəllim" filminin musiqisini Emin Sabitoğlu yazdı. Xalq yazıçısı İmran Qasımov evimizin əziz adamı hesab edilirdi. Atamla birgə işləri vardı. "Uzaq sahillərdə" filminin ssenarisini də, povesti də birgə yazmışdılar.
Atamın dostları...
- Mənim üçün çox maraqlıdır. Bu həm də mənim yazıçı marağımdam irəli gəlir. Birgə roman yazmaq, povest yazmaq necə olur axı? Ssenari yazmaq aydındır, müəyyən bölgü aparırsan, işləyirsən. Amma bədii əsərdə üslub, təhkiyə, ruh fərqliliyi var axı. Tutaq ki, "Uzaq sahillərdə" povestini götürək: bu əsərdə kim hansı hissəni yazıb?
Məryəm Seyidbəyli: Onlar bir yerdə işləyirdilər. Kim hansı hissəni, nəyi yazıb, cavab verməyə çətinlik çəkirəm. İmran müəllim İtaliya, keçmiş Yuqoslaviya arxivlərində, Triyestdə olmuşdu, xeyli sənədli material əldə etmişdi. Sonra bir yerdə məşğul olurdular. Məncə, mətni kim yazıb sualına tənqidçilər daha doğru cavab verə bilərlər. Onlar üslubları, yazı texnikasını ayırd edə bilərlər. Amma atamla İmran müəllimin işi hər ikisinin ürəyincə idi. Həmmüəllif kimi bir neçə kitab yazmışdılar. Atamın başı filmə qarışanda bədii əsərlərə ara verirdi. Üstəlik, ali kino təhsili alıb Bakıya qayıtdıqdan sonra bir müddət ona müstəqil film vermirdilər çəksin. Mütləq kimisə qoşurdular onun böyrünə. Elə kitablarının çoxunu da həmin ərəfədə yazdı. Çəkdiyi filmlərin əksəriyyətini öz əsərlərinin motivləri əsasında ekranlaşdırırdı. "Uzaq sahillərdə" müharibə mövzusunda çəkilmiş ən maraqlı filmlərdən biri kimi yaddaşlarda yaşayır.
- Bir sual da məni həmişə düşündürür: özü Tofiq Tağızadədən əvvəl bitirmişdi kinematoqrafiya institutunu. Bəs niyə ssenari müəlliflərindən biri olduğu "Uzaq sahillərdə"ni özü yox, Tofiq Tağızadə çəkdi. Tofiq müəllim də o vaxt hələ təzə idi axı. Üstəlik, Tofiq müəllimin çəkdiyi və premyerası 1956-cı ildə baş tutan "Görüş" filminin estetikası ilə "Uzaq sahillərdə"nin estetikası tam fərqlidir.
"İlk vaxtlar ona müstəqil film vermirdilər"
Ziya Seyidbəyli: Bir qədər əvvəl də dedim, ilk vaxtlar ona müstəqil film vermirdilər çəksin. 1962-ci ildə ssenarisinin motivləri onun eyniadlı povestindən götürülmüş "Telefonçu qız" filminə də rejissor kimi İsidor Annenskini qatmışdılar. Növbəti filmini Fogelmanla işlədi və yalnız bundan sonra müstəqil rejissor kimi filmlər verdilər. Onun "Sən niyə susursan" povesti o dövrdə çox məşhur idi, bir neçə dilə tərcümə olunmuşdu, keçmiş SSRİ ərazisində yayılmışdı. Sonra ssenarini də yazdı və 1966-cı ildə filmini çəkdi.
- Kinomuzun məşhurları bəzən bir-birlərinə etdikləri paxıllıqlar, xəyanətlər, maneçiliklərlə də yadda qalıblar. Bildiyim qədərilə Həsən Seyidbəyli rejissor kimi ilk müstəqil filmini çəkəndə 42 yaşı vardı. Bu yaşda ona gənc rejissor demək olmazdı. Başa düşürəm, araya müharibə düşmüşdü, bu da ciddi səbəblərdən biri idi, amma kinostudiyada konkret olaraq Həsən Seyidbəyliyə mane olanlar vardı. Kim idi onlar?
Ona mane olanlar...
Ziya Seyidbəyli: Əlbəttə, mane olanlar vardı və bu, onun səhhətinə, yaradıcılıq ehtirasına pis təsir edirdi. Mən adlarını çəkmək istəmirəm, onların əksəriyyəti indi haqq dünyasındadır və ad çəkmək heç aldığım tərbiyəyə də yaraşmaz. Amma o adamlar nə qədər çalışsalar da, Həsən Seyidbəylini məqsədindən daşındıra bilmədilər. O, istədiyi filmləri çəkdi. Doğrudur, vaxtında imkan versəydilər bəlkə də bir neçə başqa film də çəkərdi, amma onun çəkdiyi filmlər Azərbaycanın kino tarixində qaldı və qalacaq. Üstəlik, ona mane olmaq istəyənlər peşəkar deyildilər. Doğrudur, kinostudiyada işləyirdilər, filmlər çəkirdilər, amma savadları, istedadları atam kimi peşəkarlarla müqayisə oluna bilməzdi. Atam Sergey Eyzenşteyn və Qriqori Kozintsev kimi müəllimlərdən dərs almışdı və o dövrdə onlardan böyük pedaqoq yox idi. Evdə Kozintsevin atama yazdığı məktublar var. O, hər zaman atamın işlərini izləyirdi və ona çox yüksək qiymət verirdi.
- Sualım hər ikinizədir. İki filmin adını çəkəcəyəm və bu filmlərin ikisi də milli kinomuzun şedevrləridir. Mən tamaşaçı olaraq daha çox "Bizim Cəbiş müəllim" filmini sevirəm, həm də peşəkar kinodramaturq kimi bu filmin nə qədər yüksək səviyyəli ekran işi olduğunu bilirəm. Bəlkə də bu filmi başqa bir ölkədə çəksəydilər, yəqin, "Oskar"a layiq görülərdi. Bir də "Nəsimi" filmi... Mənim üçün maraqlıdır: Həsən Seyidbəyli özü bir rejissor kimi bu iki filmdən hansına daha yüksək qiymət verirdi?
İki filmdən biri
Ziya Seyidbəyli: Məncə, o, bu filmlərə fərq qoymurdu.
Məryəm Seyidbəyli: Məncə də. Bu filmlərin ikisi də ona doğma idi.
- Amma mənə elə gəlir ki, bir peşəkar kimi Həsən Seyidbəyli bu filmlərin hansının daha uğurlu olduğunu gözəl bilirdi. Həsən Seyidbəyli yaradıcılığında italyan neorealizmi estetikası daha qabarıq hiss olunur və bu, onun ilk filmi olan "Telefonçu qız"dan başlayaraq davam edir. "Bizim Cəbiş müəllim"də isə bu yanaşma ən yüksək səviyyədə təqdim olunur. "Nəsimi" uğur gətirən filmdir, möhtəşəmdir, amma, məncə, onun yaradıcılığı üçün bir qədər yad təqdimatdır.
İtalyan neorealizmi
Məryəm Seyidbəyli: Mən sizinlə tam razıyam. "Bizim Cəbiş müəllim"də doğma elementlər çoxdur. Bu, tanıdığımız qəhrəmanların bir yerə toplaşdığı filmdir. "Nəsimi" bir tarixi mövzunu, bir tarixi şəxsiyyəti əks etdirdiyi kimi, "Bizim Cəbiş müəllim" də bir tarixi dövrü əks etdirir.
Ziya Seyidbəyli: Bu, müharibədən bəhs edən, amma müharibə səhnələri olmayan filmlərdəndir. Burada müharibənin ağrıları, fəsadları, faciələri insanların taleyində əks olunur. "Nəsimi" isə həm Şirvan tarixinin, həm də böyük Nəsiminin tarixinin, həyatının müəyyən bir dövrünü əhatə edir. Məncə, Həsən Seyidbəyli kimi peşəkar, ciddi bir rejissor ürəyincə olmayan işə qol qoymazdı.
- Gəlib çatdıq əsas məsələyə. Həsən Seyidbəyli italyan neorealizmindən bəhrələnmişdi. "Sən nə üçün susursan" həm ssenari, həm də rejissor işi ilə bu cərəyanın bütün tələblərini özündə əks etdirir. Və bu, daha çox özünü ağ-qara kadrlarda təsdiq edə bilir.
Ziya Seyidbəyli: Tam doğru qeyd edirsiniz. Bizim sevimli tənqidçimiz və kinorejissorumuz Ayaz Salayev də bu faktı dəfələrlə qeyd edib. Ayaz Salayev həmişə deyir ki, Həsən müəllim Azərbaycan kinematoqrafında neorealizmin banisidir. Onun sevdiyi rejissorlar vardı: italyan Mikelancelo Antonioni, yapon Akira Kurasava və Kaneto Sindo. Atam bu rejissorların işlərini çox sevirdi və onun yaradıcılığında bu təsirlər hiss olunurdu. "O qızı tapın", "Sən nə üçün susursan"... bu stildə çəkilib.
Müharibə dövrü Bakısı
Məryəm Seyidbəyli: O, yaşadığı dövrün koloritini çox dərindən öyrənmişdi. Bu dövr ona doğma idi. Müharibə dövrü Bakısı, müharibə dövründə arxa cəbhədə qalan insanların taleyi... o özü də bu insanlardan biri olmuşdu.
- Xalq yazıçısı İsa Hüseynov öz dünyası, öz tələbləri olan yazıçı idi və "Nəsimi"nin ssenarisini o yazmışdı. İsa müəllimə hər şeyi bəyəndirmək olmazdı, amma, məncə, "Nəsimi"ni bəyənmişdi. Belə mürəkkəb xarakterli bir ssenaristlə işləyərkən necə dil tapırdı Həsən müəllim onunla?
"Nəsimi"nin ssenari müəllifi ilə dil tapmaq...
Ziya Seyidbəyli: Əvvəlcə onu deyim ki, atam İsa müəllimlə çoxdan dostluq edirdi. Xurşud xanım, İsa müəllim hələ "Nəsimi"dən əvvəl bizə tez-tez gəlirdilər. İkisi də kinostudiyada işləyirdi. "Nəsimi"də tez-tez aralarında yaradıcı mübahisələr düşürdü. İsa Hüseynov yazıçı kimi hər şeyin xırdalığına gedirdi, amma atam mətnə rejissor gözü ilə baxırdı və bunun rejissor həllini tapmağa çalışırdı. Atam əvvəldə Nəsiminin həyat və yaradıcılığı haqqında tam məlumatlı olmasa da, həmin ərəfədə o tarixi dərindən öyrəndi. Yəni çəkilişə tam hazır idi. Bütün mübahisələrin sonunda ümumi razılığa gəlirdilər.
Atam çəkdiyi bir neçə filmdən başqa, filmlərinin ssenarilərini özü yazıb. "Bizim Cəbiş müəllim"in ssenarisi böyük yazıçımız Maqsud İbrahimbəyova aiddir. Maqsud müəllim bu film haqqında həmişə yüksək fikirdə olub.
Aktyorlara sərbəstlik verən rejissor
Məryəm Seyidbəyli: Əvvəla onu qeyd edim ki, atam aktyor seçiminə çox ciddi yanaşırdı. Bundan sonra aktyorlara sərbəstlik verirdi. Ona görə filmlərində obrazların səmimiyyəti tamaşaçını özünə çəkir. "Bizim Cəbiş müəllim"də Əliağa Ağayev, Nəsibə xanım obrazlara xeyli improvizələr ediblər və bu, filmin uğurlu alınmasına xidmət edib. Sanki filmdə aktyorlar deyil, hər bir obraz özünü ifadə edir. Bu obrazlarda oyun hiss etmək olmur, onların hər biri səmimiyyət ifadə edir. Atam peşəkar olmayan aktyorlarla da çox həvəslə işləyirdi. Yeniyetmələr, gənclər vardı "Bizim Cəbiş müəllim"də, hər biri öz rolunun öhdəsindən məharətlə gəlməyə çalışırdı. Ümumiyyətlə, atam çəkiliş meydançasında gözəl, səmimi atmosfer yarada bilirdi.
- "Bizim küçə" filmində Mehdi Hüseynzadə obrazı var. Maraqlıdır, İmran Qasımov bu obrazı ssenariyə əlavə edəndə Həsən Seyidbəyli ilə razılaşmışdı?
Ziya Seyidbəyli: Yox, o filmin ssenarisini İmran Qasımov özü yazmışdı. Bu əlavə də onun özündən gəlirdi, onun öz fantaziyası idi. İmran müəllim niyə bu əlavəni edib, səbəbini bilmirəm.
"Cəbhədən cəbhəyə"
- Həsən Seyidbəyli çox maraqlı bədii əsərlər müəllifi, yazıçı kimi də hörmətlə, sevgi ilə xatırlanır. Onun "Cəbhədən cəbhəyə" romanı milli detektiv əsərlərimizin ilk qaranquşlarından hesab edilir. Həsən müəllim özü müharibədə iştirak etməmişdi. İmkan varsa, bunun səbəbini deyin. Sonra da bu mövzunu, yəni müharibə, müharibədən sonrakı Bakının kriminal qruplaşmaları mövzusunu haradan götürmüşdü? Bu əsərdə avtobioqrafik nəsə varmı? Üstəlik, belə əsərlər sovet dövründə qadağan idi. Həsən Seyidbəyli bu romanı yazarkən, onun çap olunmayacağını fikirləşmişdimi?
Ziya Seyidbəyli: Əvvəlcə onu deyim ki, müharibə başlayanda atam Ümumittifaq Kinematoqrafiya İnstitutunun tələbəsi idi və bu ali təhsil ocağı tələbələrinin möhlət hüququ vardı. Müharibə başlayanda bu institutu Moskvadan Qazaxıstana köçürmüşdülər. Atam bir müddət Qazaxıstanda oxumuşdu. O ki qaldı mövzuya, dəqiq deyə bilmərəm bu mövzu nə qədər avtobioqrafikdir. Amma qardaşı Kamil əmimiz müharibə iştirakçısı idi, üstəlik, hərbçi idi, hərbi-hava qüvvələrinin zabiti. Ola bilsin, müəyyən məqamları ondan götürmüşdü. "Cəbhədən cəbhəyə" romanı o dövrdə ən yüksək tirajla çap edilən kitablardan biri idi.
- Kinematoqrafçılar İttifaqının sədri kimi kino işçilərinin nazını çəkə, onların problemlərini həll edə bilirdi? Səbri çatırdı bu işdə qarşılaşdığı adamların ziddiyyətli xarakterləri ilə yola getməyə?
Boş durmağı sevməyən adam
Məryəm Seyidbəyli: Atam təşkilatçı kimi də bacarıqlı insan idi. Boş oturmağı sevmirdi. Müəyyən tədbirlər, kino baxışları, festivallar keçirirdi. Tanınmış kino mütəxəssislərini Bakıya dəvət edirdi. Yeni kinokadrların yetişməsinə xüsusi diqqət yetirirdi. "Kino evi"ndə çox maraqlı premyeralar baş tuturdu. Qapalı baxış çərçivəsində. Hələ ekranlara çıxmamış xarici filmlər ilk dəfə "Kino evi"ndə nümayiş etdirilirdi. Geniş müzakirələr, təhlillər olurdu. İttifaqın üzvləri çox maraqla qarşılayırdılar belə tədbirləri.
Ziya Seyidbəyli: Bildiyiniz kimi, bu ittifaq öz tərkibində yaradıcı adamları birləşdirirdi. Hər biri ayrı-ayrılıqda dahi idi. Hər birinin öz tələbi, öz istəyi. Daha çox maşın, ev və bağ istəyirdilər ittifaqdan. Atam həm də Ali Sovetin deputatı idi və səlahiyyətləri, nüfuzu sayəsində müəyyən qədər belə problemləri həll etməyə çalışırdı. Amma yorurdu ictimai işlər onu. O, daha çox kamera arxasında, çəkiliş meydançasında, yazı masasının arxasında özünə rahatlıq, dinclik tapırdı.
- Ziya bəyin "Bizim Cəbiş müəllim" filmində rol alması, çəkiliş prosesi ilə bağlı artıq həm mətbuatda, həm televiziya verilişlərində xeyli material gedib, maraqlı faktlardan bəhs olunub. Bəs balaca Məryəm necə oldu ki, "Telefonçu qız" filmində rol aldı? O günlər yaddaşınızda necə qalıb?
Balaca "Telefonçu qız"
Məryəm Seyidbəyli: Çox maraqlı xatirədir. "Telefonçu qız" filmi çəkiləndə 5 yaşım vardı. Görkəmli aktyorumuz Gündüz Abbasov atamı, Nodar Şaşıkoğlu baş qəhrəman Zakiri oynayırdı. Mən də ukraynalı Raisa Nedaşkovskayanın yaratdığı Mehribanın uşaqlığını. Bir dəfə çəkilişlə əlaqədar Odessaya getmişdik. Heç vaxt unutmaram, yeməkdən zəhərlənmişdim, bütün çəkiliş qrupu dəymişdi bir-birinə. Odessada çox maraqlı kadrlar çəkmişdi atam, təəssüf ki, kimsə o kadrları qəsdən cızıb korlamışdı. O kadrlar filmdə yer almadı. Sonra "Bizim Cəbiş müəllim" filmində Cəbiş müəllimin qızını da mən oynadım. Ümumiyyətlə, evimizdə həmişə kino mühiti, kino söhbətləri gedirdi, bu sahə mənə doğma idi.
- "O qızı tapın" filmi bir müddət rəfdə qaldı, nümayişinə qadağa qoyuldu. Mövzu sovet ideologiyasına zidd olduğuna görə. Ekranda "sexovşiklər"i (kiçik sahibkarlar) göstərirlər, mafiya, qətl və s. Bu, necə təsir etmişdi Həsən müəllimə?
Ziya Seyidbəyli: Təbii ki, pis təsir etmişdi. Hər bir film adama doğma balası kimi əziz olur. Təsəvvür edin də balanı əsir ediblər.
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!