"Varislər"in bugünkü qonağı Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən biri, xatirəsi, fəaliyyəti hər zaman hörmətlə anılan, bu gün başımız üstə dalğalanan üçrəngli bayrağı ilk dəfə qaldıran, üzünü bütün dünyaya tutub Azərbaycan səslənən böyük Məhəmməd Əmin Rəsulzadənin varisi Rais Rəsulzadədir.
Hürriyyət aşiqi Əmin bəy
O, 1884-cü ildə Bakının Novxanı kəndində dünyaya gəlib. Atası Hacı Molla Ələkbər dindar idi, amma oğlunu açıqfikirli, müasir dünyagörüşlü biri kimi görmək istəyirdi. Atasının məsləhəti ilə ilk təhsilini məşhur pedaqoq və maarifçi Sultan Məcid Qənizadənin direktor olduğu ikinci rus-tatar məktəbində aldı, oranı bitirdikdən sonra Bakıdakı texniki məktəbdə təhsilini rusca davam etdirdi. Siyasi fəaliyyətə başlamasının tarixi çox gənc yaşlarına təsadüf edir. Hələ 1902-ci ildə, 17 yaşı tamam olmamış "Müsəlman Gənclik Təşkilatı"nı yaradır, ətrafına özü kimi düşünən, Azərbaycanın rus işğalından azad olması, istiqlaliyyətə qovuşması, hürriyyət arzusu ilə yaşayan gəncləri toplayır. Onun sonrakı siyasi fəaliyyəti, həyatı, üzləşdiyi çətinli klər, tutduğu yolda qarşılaşdığı məhrumiyyətlər, bu yolda qurban verdiyi doğmaları, yaxınları haqqında çox şey bilsək də, bəzi məqamları bir daha onun varisi, nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Rais Rəsulzadənin öz dilindən eşitmək istədik.
- Rais bəy, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının ən çox sevdiyi siyasi simalardan biri, xalqımızın tarixində əvəzsiz xidmətləri olmuş lider, dahi şəxsiyyətdir. Ümumxalq sevgisi qazanmış belə bir kişinin nəvəsi olmaq, bu yükün ağırlığını, bu soyadın eşqini daşımaq olurmu?!
Soyadı Rəsulzadə olmaq...
- Əlbəttə, bu soyadı daşımaq həm şərəf, həm də böyük məsuliyyətdir. Onun nəvəsi olduğum üçün qürur duyuram. Amma hər addımını ölçüb-biçməli, hər sözünü düşünüb deməlisən. Yaşdan, vəzifədən, sosial vəziyyətdən asılı olmayaraq hər zaman bu məsuliyyəti hss etməlisən. Çünki bu adın arxasında təkcə Məhəmməd Əmin baba yox, böyük bir xalq, böyük bir dövlət, böyük bir respublika, milyonlarla soydaşımız dayanır.
- Babanız Məhəmməd Əmin Rəsulzadə bu xalqın sevimli şəxsiyyətlərindən biri olduğu üçün onunla bağlı çox şeyi bilirik, amma bildiklərimizi xatırlamaq, bu tarixi faktları birbaşa sizin dilinizdən eşitmək maraqlı olar.
- Doğru qeyd edirsiniz, Məhəmməd Əminin ailəsi haqqında çox yazılıb. Söhbətin formatını bilsəydim, gələrkən özümlə müəyyən sənədlər gətirərdim.
- Amma formatımız elədir ki, bu layihədə sənədlərdən daha çox, xatirələr danışır. Bu gün sizə çox sual vermək fikrində deyiləm. Sadəcə, birlikdə Rais Rəsulzadənin xatirə dəftərini vərəqləyək.
- Dediyiniz kimi, bu ailənin demək olar, bütün üzvləri güllələmələrə, həbslərə, sürgünlərə, məhrumiyyətlərə, təqiblərə, böhtanlara məruz qalıb. Bu ailə hər cür siyasi, mənəvi, fiziki təzyiqlərlə üzləşib. Bununla yanaşı, bu ailə həm də Azərbaycan dövlətçiliyinə, onun siyasi düşüncəsinə, bayraq, dövlət sevgisinə, onun mədəniyyətinə, mübarizə əzminə böyük töhfələr verib. Unutmaq olmaz ki, əvvəldə saydığım qara zolaq bu insanların bir qədər əvvəl qeyd etdiyim fəaliyyətinə görə baş verib.
Sovet dərslikləri nə yazırdı?!
Cümhuriyyətin süqutundan sonra da təqiblərin, fiziki əzabların, həbslərin fonunda bu ailənin üzvləri türkçülük məfkurəsi ideyalarını təbliğ etməkdən çəkinmədi, bu fəaliyyəti davam etdirdilər. Ümumiyyətlə, azad düşüncəli, demokratik fikirli hər kəs hakimiyyətə yeni gəlmiş sovetlərin hədəfində idi. Sovet dərslikləri yazırdı ki, 1917-ci ilə, yəni Böyük oktyabt sosialist inqilabına qədər xalqımızın tarixi olmayıb. Geridə qalmış, cəhalət içində yaşayan millət olmuşuq. Bu, sosialist ideologiyasindan irəli gələn təbliğat forması idi və bu təbliğatın arxasında rus şovinistləri dayanırdı.
- Məhəmməd Əmin Rəsulzadənin iki oğlu, iki qızı olub. Əminiz Rəsul bəy, atanız, bibiləriniz, digər yaxınlarınız, onların taleyi, aqibəti haqqında danışın, mümkünsə.
- Məhəmməd Əmin bəyin iki oğlu, iki qızı olub. Babamın ilk övladı bibim Lətifə xanımdır, 1910-cu ildə dünyaya gəlib. Bilirsiniz də, nənəm Ümbülbanu xanımla babam əmiuşağı olublar. Sonra 1914-cü ildə Rəsul əmim, 1916-da ikinci bibim Xalidə dünyaya gəlib. Cümhuriyyətin süqutundan sonra babamla yanaşı, digər ailə üzvlərinin də acı və ağır günləri başlayıb.
Cümhuriyyətin süqutundan sonra
Təsəvvür edirsinizmi, bolşeviklər hakimiyyətə gəlib, sovet quruluşu 18 ildir hökm sürür, amma bu quruluş və onu idarə edənlər yenə Məhəmməd Əminin varlığından ehtiyat edirlər, buna əsasları da var. Çünki babam ömrünün sonuna qədər əqidəsindən dönmədi, sınmadı. Bu yolda ən yaxın adamları, dostları, qohumları qurban getdi, amma o, bir gün yenidən Azərbaycanın müstəqil dövlət olacağına inandı və bu inamla da gözlərini yumdu.
Cümhuriyyət qurulanda Rəsul əmimin 4, bolşeviklər Azərbaycanı işğal edəndə isə 6 yaşı olub. Yəni, əslində, nə atam, nə də Rəsul əmim babamı doyunca görə, onun söhbətlərini dinləyə, fikirlərini eşidə bilməyiblər. Amma bütün bunlara baxmayaraq, onlar məhz Məhəmməd Əmin Rəsulzadənin övladları, qohumları olduqları üçün məhv ediliblər.
Rəsul əmim ilk dəfə Seyid Hüseynlə eyni gündə - biri Şüvəlanda, o biri Novxanıda - həbs olunublar. Sonra ikisini də buraxıblar. Daha sonra 1937-ci ilin sonunda Seyid Hüseyn yenidən həbs olunub və az sonra güllələnib. Seyid Hüseyn babamla bacanaq olub.
Rəsul əmimi növbəti dəfə həbs edəndə cəmi iki dəfə istintaqa çağırıblar, "təqsiri sübuta yetib" və məşhur "troyka"nın (üçlüyün) qərarı ilə həmin il, martın 1-də güllələnib. 24 yaşında, gənc adam.
Məzarsız cəfakeşlər
Həbsdə olarkən ona olmazın fiziki təzyiqlər göstəriblər, sındırmağa, atasına qarşı çıxmağa çalışıblar, lakin göründüyü kimi, bu təzyiqlərə boyun əymədiyi üçün güllələnib. Hətta onun harada güllələndiyi ilə bağlı dəqiq məlumat yoxdur. Yəni məzarını da ona çox görüblər.
1938-ci ildə nənəmi NKVD-yə aparıb, Azərbaycana xəyanətdə ittiham ediblər. Nənəm bu xəyanətin nə olduğunu xəbər alıb, cavab veriblər ki, sən Sovet Azərbaycanının bir nömrəli düşməni, Müsavat başqanı, Cümhuriyyət lideri ilə əlaqə saxlayırsan. Nənəm deyib ki, sizin haqqında danışdığınız adam həyat yoldaşım, övladlarımın atasıdır. 1934-cü ilə qədər babam arada ailəsinə bağlamalar, pul göndərirmiş. Bu təzyiqlərdən sonra nənəm babamın yardımlarından imtina edib. Səbəb: "İstəmədik əlaqəmiz övladlarımıza ziyan versin". Atamdan eşitmişdim: Rəsul əmim hər dəfə dərsdən qayıdanda əsəbi, gərgin olurdu. Çantasını bir tərəfə atıb, qəzəbdən özünə yer tapa bilmirdi. Müəllimlər dərsdə də onu rahat buraxmırdılar - babamla bağlı təhqirlər, iftiralar, xalq düşməni ittihamları və s. Bezdirirdilər onu. Psixoloji hücumlar edirdilər.
Xoşbəxt günlərin xatirəsi - tar
Yağışlı, soyuq noyabr günlərinin birində NKVD əməkdaşları Rəsulzadənin ailə üzvlərini sürgün etməyə gəlirlər. Evdə hökm oxunur: əmlakı müsadirə edilməklə həbs və sürgün. Əmlak dedikləri bir kamoddan, bir masadan, bir çarpayıdan ibarət olur. Atam yaxşı tar çalırdı. Bircə tarı özü ilə götürməyi xahiş edib və nə yaxşı ki, mane olmayıblar. Atam altmış il o tarı özü ilə gəzdirdi. İndi həmin tar məndədir. Bir müddət əvvəl Dövlət Konservatoriyasında həmin tarın təqdimatı oldu. Xalq artisti Ramiz Quliyevin köməkliyi ilə tarı bərpa etdik. Tarın çanağının içində "1917-ci il" yazılmışdı. Yəni o tarın indi 103 yaşı var. Təqdimatda Ramiz müəllim həmin tarda bir neçə musiqi ifa etdi. O tar sürgün illərində, ucsuz-bucaqsız Qazaxıstan çöllərində, Çolak-Kurqanda, Taldı-Kurqanda atama əsl yoldaş oldu, dünyadan küsdüyü, həyatdan bezdiyi, ruhunun çarmıxa çəkildiyi anlarda o tarın səsi atama güc, yaşamağa ümid verdi. Orada yaxınlıqdan Nura çayı axırdı. Bəzən bazar günləri tarı götürüb sahilə gedir, saatlarla müxtəlif musiqi parçaları çalırdı (gözləri dolur).
Bir aya qədər Gəncədə saxladıqdan sonra, yük vaqonlarına mindirib, sürgünə aparıblar. Eşitdiyimə görə, sürgünə göndərildiyi gün bir sərəncam çıxıb və orada qeyd olunub ki, onları sürgün etmək o qədər də vacib deyil, sadəcə, Azərbaycan ərazisində tez-tez yerlərini dəyişməklə kifayətlətmək olar. Amma bu sərəncam bizimkilərə şamil olunmayıb. Bir aya qədər şəraitsiz, soyuq, narahat vaqonlarla yol gedib, nəhayət, o "cəhənnəmə" çatıblar. Qadınlarla kişilərin yerini bircə pərdə ilə ayırıblar. Yol boyu xəstəlikdən, aclıqdan, fiziki işgəncələrdən dünyasını dəyişənləri elə yol kənarındaca dəfn edirmişlər.
Sürgündə ilk qurban
Atamın analığı Maral xanımın 71 yaşı olub, mömin xanım idi, demək olar, heç nə yemir, yol boyu qəndi suya batırıb yeyir, su içirdi. Əvvəlcə onları Çolak-Kurqanda şəraitsiz, soyuq məktəb binasına yerləşdirirlər. İlk günlər Maral xanım gizlədib özü ilə apardığı üzüyə bir az ərzaq alıb bişirib yeyiblər. Dəhşətli aclıq olub. İnsanları atıblar çölün düzünə, gəlib axtaran, vəziyyətləri ilə maraqlanan yox idi. O yeməkdən sonra Maral xanımın halı pisləşib, günlərlə ac qaldığından bağırsaqları dolaşıb. Ara həkimi gəlib baxsa da, kömək edə bilməyib və beləcə, Rəsulzadə ailəsi sürgündə ilk qurbanını verib. Qarlı-çovğunlu bir gündə, torpağı qardan təmizləyib, Maral xanımı dəfn ediblər. Atam danışırdı: "Öz əllərimlə o imanlı qadını torpağa verdim".
Bu hadisələr atamı çox sarsıtmışdı. 17-18 yaşlı bir adam tanımadığı uzaq bir yerə düşüb. Bəzən günlərlə baş alıb səhraya gedir, bir qədər özünə gələndən sonra qayıdırmış. Bir faktı deyim: repressiya illərində Azərbaycan əhalisi sayına görə nisbətdə keçmiş sovet dövlətləri arasında ən çox repressiyaya məruz qalan respublika olub. Lap dərinə getsək, bu, elə Moskvanın azərbaycanlılara qarşı soyqırımıdır.
Atam babamla görüşməkdən imtina edir
Belə məhrumiyyətlərlə yaşamaq mümkün deyildi. Nənəm Ümbülbanu xanım SSRİ rəhbərlərindən olan Kalininə yerimizin dəyişdirilməsi xahişi ilə məktub yazdı və işə yaradı. Ailəmizi Çin sərhədlərinə, Taldı-Kurqana göndərdilər. Atam orada ağır metal mədənlərində işlədi. Çox çətin iş idi. Müharibə başlamışdı, əslində, sürgün olunanların övladlarını müharibəyə aparmırdılar, amma 1943-cü ildə vəziyyət dəyişdi. Atamı Hərbi Komissarlığa çağırıb İrana, Tehran ətrafına göndərdilər. İranda olarkən hərbi hissədən arabir şəhərə çıxır, bəzən keçmiş qonşularımızla görüşürdü. Bir dəfə onu qonaq çağırırlar. Atam tarını da götürüb gedir. Onun üçün süfrə açırlar. Siqaret çəkməyə çıxanda biri yaxınlaşıb deyir ki, səni atanla görüşdürmək istəyirik. Atam razı olmur. Deyir, birdən ağlıma gəldi: bu mənimçün, ya da atam üçün qurulmuş tələ də ola bilərdi. Sonradan bu xəbər babama da çatır. Deyirlər, oğlun səninlə görüşməkdən imtina etdi. Babam atama haqq qazandırıb deyir: - Ağıllı iş görüb.
1940-cı ildə Ümbülbanu xanım sürgündə dünyasını dəyişir. Elə "Rəsul" deyə-deyə gözlərini yumur.
Əzim Əzimzadə onu məktəbdən qovdu
Seyid Hüseynin oğlu Oqtay Salamzadə ilə atam dostluq edirdi. Eyvanda özləri üçün üzüm, bardaq, bəzi şeylər qoyub natürmort qurub, akvarellə çəkirmişlər. Əzim Əzimzadə Seyid Hüseynlə dost idi. Onların çəkdiyi natürmortu görüb bəyənib, ikisini də direktoru olduğu rəssamlıq məktəbinə qəbul edib. Oqtay çox istedadlı oğlan idi, dəfələrlə respublika yarışlarında qalib gəlmişdi, amma xalq düşməninin oğlu olduğu üçün ona yer vermirdilər. Əzimzadə onları məktəbə qəbul etdikdən bir qədər sonra vəziyyət dəyişmişdi. Oqtayın əlaçı, istedadlı olmasına baxmayaraq, onu heç bir səbəb olmadan məktəbdən xaric etmişdilər. Oqtay danışırdı: "Bikef gəzirdim şəhərdə, birdən atamın nazirlikdə işləyən keçmiş tanışlarından birini gördüm, kefsiz olduğumun səbəbini soruşdu, məktəbdən çıxarıldığımı dedim. Həmin adam nazirlikdə mənim məsələmi yoluna qoydu, yenidən məktəbə bərpa olundum. Vəziyyət o qədər çətin idi ki, insanlar hər şeydən çəkinirdilər. Ola bilsin, Əzim Əzimzadəyə təzyiq olunub, ya da qabaqlayıcı tədbir görüb. Nə bilim?!".
Məhəmməd Əminin kürəkənisənsə...
Bibim Lətifə xanım ərdə idi, ayrı qalırdı. O da çox acı tale yaşayıb. Lahıclı mühəndis Damad Müslümzadə adlı adamla ailə qurub. 1939-cu ildə bu adamı da Müsavat partiyası ilə əlaqədə olduğu üçün həbs edib güllələyiblər. İttiham: Rəsulzadənin kürəkənisən, vəssalam! Lətifəni iki uşaqla birlikdə Semipalatinska, sürgünə göndəriblər. Kiçik qızı Sona körpə olub, özü də xəstə imiş. Körpəni xəstəxanaya yerləşdiriblər. Həmin uşağın taleyi sonradan qaranlıq qaldı. Xəstə, zəif uşaq imiş, bəlkə də ölüb.
Sürgün həyatları çox məşəqqətli olub. Taxta baraklarda qalırmışlar. Yayı isti keçir, amma qışda bəzən 40 dərəcəyə qədər şaxta düşür. Bir səhər qızı Firuzə yuxudan qalxır, anasını oytamaq istəyir, nə qədər tərpətsə də, Lətifə oyanmır. Soyuqdan donub. Firuzə o biri tərəfə çevrilib bacısı İşvəni oyatmaq istəyir, o da donub. (Gözləri yaşarır.) Dəhşətli mənzərədir. Heç kəs yaxın durmur. Bir neçə yerli qazax gəlib dəfn ediblər. Firuzənin 7-8 yaşı olub, qalıb ortalıqda, sonra onu uşaq evinə yerləşdiriblər.
Xalidə bibim sürgündə dözə bilmir, nə qədər təhlükəli olasa da, 1943-cü ildə min bir əziyyətlə qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseyngildə qalır, amma bunun təhlükəli olduğunu başa düşür. Neftçalada tanışları olur, onu qatara mindirib Neftçalaya yola salırlar, bundan sonra ondan heç bir xəbər çıxmır.
- Məhəmməd Əmin Rəsulzadənin babanız olduğunu nə vaxt anladınız?
"Bilirdim ki, bu adam mənim babamdır..."
- Məktəbə gedirdim, kitab, qəzet oxuyurdum. Tez-tez rastıma çıxırdı babamın adı. Üstəlik, atam savadlı idi, idmanla məşğul olurdu, yaxşı üzə bilirdi. O da yeri düşdükcə danışırdı bizə babamla bağlı müəyyən şeyləri. Sürgün həyatı atama çox şey öyrətmişdi. Yaxşı mebellər düzəldirdi. Daşdan divar sobaları yığırdı. Bir müddət müəllimlik etmişdi. Sürgündə olduğuna baxmayaraq, atam hər zaman öz şəxsiyyətini qorudu. Ətrafında olan adamların hamısını adı ilə çağırırdılar: Petya, Vitya, Saşa və s. Amma hamı atama Azer Mamedoviç deyərək, müraciət edirdi. "Sovet Azərbaycanının tarixi" dərsliyini oxuyanda babamın adına rast gəlirdim. Leninin, Stalinin, Şaumyanın fikirlərinə etiraz etdiyini yazırdılar. Doğrudur, o kitablarda babamın fikirlərini kəskin tənqid edirdilər, amma yavaş-yavaş həqiqəti başa düşürdüm. Bilirdim ki, bu adam mənim babamdır.
- Əmin bəy təqiblərdən yaxa qurtarmaq üçün 1908-ci ildə Təbrizə qaçır və orada Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Səttarxanla görüşür...
Səttarxanla görüş
- Hə, bu da çox maraqlı tarixi dövrdür... Bir gün dedilər, iki yapon araşdırmaçı mənimlə görüşmək istəyir. Görüşdük. Yapon ləhcəsində türkcə danışırdılar. Məhəmməd Əminin nəvəsi olduğumu öyrənib, məni görmək istəyiblər. Tokio Universitetinin filologiya və tarix üzrə professorları idilər. "İranda demokratiya" mövzusunda tədqiqat aparırlar, Tehranda arxivlərdə olublar. Səttarxan haqqında yazmaq istəyiblər, amma sənədlərdə hər sətirbaşı Məhəmməd Əmin adı ilə qarşılaşıblar və bu ad onlarda maraq doğurub. Başlayıblar Məhəmməd Əmini araşdırmağa. Ankarada, İstanbulda arxivləri araşdırıblar və babamın fəaliyyətini öyrəndikcə heyrətə gəliblər. Çox böyük məhəbbətlə danışırdılar babamdan. Ayrılarkan göz yaşlarını saxlaya bilmədilər.
İranda Seyid Həsən Təqizadə adlı məşhur siyasətçi olub. 1946-cı ildə İran parlamentinə sədr seçilib. Gəncliyində babamla İranda görüşüb, yaxın olublar. O, xatirələrində yazırdı ki, mən bir ömürdə dünyanın çox siyasətçisi, çox dövlət və hökumət adamı ilə görüşdüm, amma Məhəmməd Əmin bəy qədər ziyalı, intellektual, savadlı, mədəni adam görmədim. O, təkcə Şərq aləminin deyil, dünyanın ən işıqlı siyasətçilərindən biridir. Belə bir övladı olan xalq xoşbəxtdir".
Səttarxanla görüşüb, bərabər fəaliyyət göstəriblər, "Məşrutə hərəkatı"nda iştirak edib və s. Amma çar hökuməti orada ona rahatlıq verməyib, həbs olunmasını tələb edib və beləcə, İstanbula getməyə məcbur olub. Orada Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev ilə görüşüb, birgə fəaliyyət göstəriblər. 1911-ci ildə Türkiyədə Müsavat partiyasının əsasını qoyublar.
- Əmin bəyin Stalinlə yaxın münasibəti olub. Bakıda fəhlə hərəkatında iştirak etdikləri vaxtlardan tanıyıblar bir-birlərini və hətta Stalin Əmin bəyin həbsdən azad olunmasında, Moskvaya getməsində birbaşa özü iştirak edib.
Rəsulzadə və Stalin
- Onların tanışlığının tarixi 1906-1907-ci illərə təsadüf edir. Babam "Stalin və inqilab" adlı xatirələrində yazır ki, fəhlələri tətilə dəvət etdiyi üçün yerli sahibkarlar Stalini tutub neft quyusuna atmaq istəyiblər, babam o vaxt Stalini ölümdən xilas edir. Daha sonra müsavatçı yoldaşları ilə Stalinin Bayıl həbsxanasından qaçırılmasının təşkilatçılardan biri olur. 1920-ci ildə Bakıda olan Stalin M.Ə.Rəsulzadənin həbsdə olduğunu öyrənir və həbsxanaya gələrək onu azad edir. Bununla babama olan can borcunu qaytarır.
Cümhuriyyət devrildikdən sonra babam Lahıca sığınır. Orada "Əsrimizin Siyavuşu" əsərini yazır. Yerli adamlardan biri yerini xəbər verir, gəlib onu həbs edirlər. Bir tüfəngə satıb adam babamı. Bəlkə də kimi satdığını dərk etməyib, kim bilir.
Növbəti gecə istintaqlarının birində gur işığın arxasında qaraltı görünür və həmin qaraltı babama yaxınlaşır: "Məni tanımadın?" - soruşur. "Mənim inqilab dostum, Koba", - babam cavab verir. Görüşürlər. Stalin: "Səni tanıyıram, bu müddət ərzində boş oturmazsan. De görüm nə fikirləşirdin?". Babam: "Sürgündə olanda da, həbsdə olanda da ağlımda bir fikir vardı, sizi necə devirmək barədə plan cızırdım", - cavab verir.
Stalin gülür. Babamın nə qədər işıqlı adam olduğunu söyləyir, deyir həbsxana sənin yerin deyil, bir yerdə fəaliyyət göstərməliyik. Sənə icazə verirəm, get ailənlə görüş, vidalaş, birlikdə Moskvaya gedəcəyik. Həbsxanadan çıxıb evə gəlir, ailəsi ilə görüşür. O vaxt atam 3 aylıq olub, adını Əliheydər qoyublar, babam atamın adını dəyişib Azər qoyur.
Moskvada Stalin babama vəzifə təklif edir, çünki onun təcrübəsindən, nüfuzundan, imkanlarından yararlanmaq istəyir, amma babam razı olmur. Hətta onun Nərimanovu əvəz etməsi barədə danışıqlar gedir, babam buna da etiraz edir. Üstəlik, təklif edirlər ki, siyasi əqidəni dəyiş, səni Azərbaycana rəhbər təyin edək. Babam işğalçı ölkənin əli altında işləməkdən imtina edir. Nərimanovla görüşəndə ona da öz fikrini çatdırır. Deyir Nəriman, narahat olma, mənə təklif olunan heç bir işə razılıq verən deyiləm. Stalin babam haqqında yazırdı: "Bu, Rəsulzadə çox qəribə adamdır, nə vəzifə, nə iş təklif edirsən et, razı olmur". Axırda Millətlər evində rusiyalı alimlərin Şərq ədəbiyyatı üzrə elmi işlərinə kömək etməyə razılıq verir. 1921-ci il, Rusiyada dəhşətli aclıq hökm sürür, atam nəzarət altında olsa da, nüfuzuna, hörmətinə görə ona da alimlərə verilən ərzaq payından ayırırlar.
Moskvadan Sankt-Peterburqa
1922-ci ildə onu Moskvadan Sankt-Peterburqa göndərirlər. Orada bir müddət yaşayır, müəyyən fəaliyyəti olur, sonra bir neçə nəfərin köməyi ilə Fin körfəzini keçib, Finlandiyaya mühacirət edir. Müəyyən tanışların köməyi ilə pasport düzəldirlər onun üçün və yenidən Türkiyəyə sığınır. Amma SSRİ hökuməti Türkiyəyə nota göndərir və 30-cu ildə babam bir müddət Polşada yaşamalı olur. Yəni bu adamın bütün həyatı sınaqlarla, məşəqqətlərlə, fiziki və mənəvi çətinliklərlə keçir. Polşa sovet hökumətini qəbul etmirdi. Yuzef Pilsudskinin də tərcümeyi-halı Məhəmməd Əminin tərcümeyi-halına bənzəyir. O da Polşa Respublikası qurmuşdu. Polşadakı mühacirlər "Prometey" təşkilatı yaradırlar və Rəsulzadə təşkilatın rəhbərlərindən biri olur. SSRİ yenə onu rahat buraxmır. M.Ə.Rəsulzadə məqalələrinin birində yazırdı: "Ruslar elə həmin ruslardır, heç dəyişməyiblər. Rus şovinistləri özlərini SSRİ tərkibində olan bütün millətlərdən üstün tuturdular. Millətlərə bərabərlik yox, onların iradəsi və hökmranlığı altında həyat vəd edirlər. Təəssüflər olsun ki, hakimiyyətə yeni gəlmiş bolşeviklər də rus imperializminin yüz illər boyu yürütdüyü siyasi xətlə addımlayırlar".
- Çox şərəfli, amma olduqca acı taledir. Həyəcansız, kövrəlmədən, təəssüflənmədən, qürur duymadan dinləmək olmur.
Rais bəy, mümkünsə, bir qədər Azər bəyin ailəsindən danışın.
"Atam sürgündə olan doğmalarını itirmişdi"
- Anamın ailəsi Naxçıvandan sürgün olunmuşdu. Naxçıvanda sayılıb-seçilən kişinin ailəsi idi. Anamın ulu babası Məşədi Böyükağa o yerlərin çox imkanlı adamlarından biri olub. El içində hörmətini saxlayıblar. İlk dəfə altıncı sinifdə oxuduğum vaxt anamın doğma yurd-yuvası ilə tanış oldum. Buz kimi soyuq suyu olan Çınqıllı bulağa getdik. Bir qoca kişi vardı, kim olduğumu bilən kimi gözləri yaşardı. Mənə qəribə gəldi. Dedilər babamı yaxından tanıyan biridir.
1920-ci ildə sovet hökuməti qurulanda Məşədi Böyükağa deyib ki, hər şeyimi verməyə hazıram, amma sizin bayrağınıza baş əyə bilmərəm. Mənə icazə verin, bu ölkəni tərk edim. Oğluna, yəni anamın atası Rəhim ağaya deyib ki, gəl bir yerdə gedək, babam razı olmayıb. Məşədi Böyükağa İrana gedib. Rəhim ağa çox müasir dünyagörüşlü adam olub. İlk dəfə torpaqlarını traktorla şumladan adamlardan biridir. Şəhər sovetinə deputat seçilib. Otuzuncu illərdə onun üzünə durmağa bir nəfər tapılır. Onsuz da bir gün həbs olunacağını gözləyirmiş. Ana nənəm danışırdı: Rəhim ağa işdən təzə gəlir evə, üç nəfər NKVD əməkdaşı həyətə girir. Deyirlər, bizimlə getməlisən. Məsələnin nə yerdə olduğunu başa düşür. Deyir, işdən təzə gəlmişəm, yuyunub, bir tikə çörək yeyim gəlirəm. Adamlar gedib, babam tövlədən atını çıxarıb atılıb tərkinə.
...Bəlkə bir gün gəlib sizi apardım
Nənəm Fizzə xanım atın ayaqlarını qucaqlayıb, babamın getməyinə mane olmaq istəyib. Babam deyib ki, çağırdıqları yerə getsəm, üzümü görməyəcəksiz, aparıb bir dərədə güllələyəcəklər məni. Amma belə getsəm, bəlkə də bir gün gəlib sizi də apardım. Atı çapıb dağlara gedir, başına dəstə yığır, qaçaqlıq etməyə başlayır. 17 nəfər əlisilahlı adam qoşulur ona. Sarışın adam olub. Evdə rus mürəbbiyə ona Saşa dediyindən elə kənddə hamının yaddaşında Saşa kimi qalıb.
Bir gecə ailəsini aparmaq üçün evinə qayıdır, amma gec olur, artıq ailəni sürgün etmişdilər. Hər yerdə onu axtarırdılar.
İllər sonra ondan donos yazan adamın kimliyi bilinir. 90 yaşlı xalası oğlu bir gün halallıq almaq üçün gəlir və deyir ki, bu sirri özümlə qəbrə apara bilmərəm. Bəs, o vaxt sizdən donos yazan mən idim. Məni döyə-döyə Saşanın əleyhinə donos yazmağa məcbur elədilər.
Rəhim babam Naxçıvandan Arazı keçib Vanda məskunlaşmışdı. Rusca yaxşı bilirdi. Qaçaq vaxtlarıdır, çayı keçməlidirlər. Arazın sularının harada dayaz olduğunu bilirlər, ruslar da postlarını elə o yerlərdə qururlar. Yağışlı bir gün rus zabiti forması geyinib, atılır atın tərkinə, başının adamları da pusquda dayanıb gözləyirlər. Postdakı əsgərlərin üstünə çığırır: "Siz burda ocaq qalayıb qızınırsız, qaçaqlar o tərəfdə sərhədi keçirlər". Bir yağlı söyüş də söyür. Postdakı əsgərlər tez onun göstərdiyi tərəfə gedirlər, o da işarə edir, öz adamları ilə bir yerdə çayı keçirlər. Sonradan ruslar arxadan nə qədər atəş açsalar da xeyri olmur.
"Atamla anam sürgündə tanış olublar"
Atamla anam sürgündə tanış olublar. Atam Azər bəy anam Şölə xanımın müəllimi olub. Belə tanıyıblar bir-birlərini. Maral xanım dünyasını dəyişmişdi, bacısı qaçmışdı, atam tam tək qalmışdı... Anamgilin ailəsi ilə yaxın idi. Atam həm müəllimlik edir, həm portretlər çəkirdi. Müharibədən qayıtdıqdan sonra ailə qurmuşdular.
Arabir Bakıya gəlib-gedirdi. Növbəti səfərlərinin birindən sonra xeyli fasilə olur. Artıq vəziyyətimiz düzəlmişdi, atam rəssam kimi də, müəllim kimi də babat qazanırdı. Geyinib-kecinib, plaş, şlyapa... Yeddi gün qatarla yol gəlir, çatır Krasnovodska. Xəzərin mehi vurur onu, doğma yerlərin havası dolur ciyərlərinə, özünü elə paltarlı-şlyapalı atır dənizə (gözləri dolur). Suyu öpür, dalğaları qucaqlayır. Bu həsrət bir ömür bitmədi ki... Vətən həm maqnit kimi bizi çəkirdi, həm də elə maqnitin eyni qütbləri kimi itələyirdi.
Bir ömür bitməyən həsrət
1965-ci ildən Bakıdayam. Orta məktəbi Qazaxıstanda əla qiymətlərlə bitirmişdim. Atam nə qədər təkid etsə də, Bakıya qayıtmaq istəyimin qarşısını ala bilmədi. Burada təhsil aldım. Nə yolla olur-olsun, həsrətini çəkdiyim günlərin əvəzini çıxmaq istəyirdim. Axırda dedi ki, səni sınayırdım, Bakıya getmək istəyin çox doğru fikirdir.
1988-ci ildə növbəti dəfə gəldi Bakıya. Qarabağ hadisələri başlamışdı. Bakıda bir yerdə gəzdik. 1991-ci ildə, 20 Yanvar hadisələrindən sonra yenə gəldi. Şəhidlər xiyabanı təzə salınırdı, ilk şəhidlər dəfn olunmuşdu. Dedi, məni Şəhidlər xiyabanına apar, ziyarət etmək istəyirəm. Xeyli qərənfil alıb getdik xiyabana. Ziyarət etdik.
Ulu öndərlə görüş
Adam da az idi. Birdən qoluma toxunub, işarə ilə yaxınlıqdakı adamı göstərdi. Heydər Əliyev də şəhidlərimizi ziyarət etməyə gəlmişdi. Yanında 3-4 nəfər vardı.
- Ulu öndərin o vaxt Bakıya gəlməsini mən də xatırlayıram. Filarmoniyada Yazıçılar Birliyinin qurultayında da iştirak etdi, biz də gənc yazarlar idik, ətrafına toplaşdıq, söhbət etdik. Unudulmaz xatirə idi çoxumuz üçün.
- Ziyarət edə-edə bir qədər də yaxınlaşdıq. Heydər Əliyeviç də atamı gördü və yaxınlaşdı. Salamlaşdılar. Heydər Əliyeviç dedi ki, siz Məhəmməd Əminin oğlu Azərsiz?! Sizi televizorda görmüşəm. Kefini xəbər aldı. Atam: "Xalq düşməninin oğlu damğasını üstümdən atmışam, indi sərbəst adamam" - dedi. Heydər Əliyeviç də gülümsəyərək: "Mən də kommunist damğasını üstümdən atmışam, indi Naxçıvandayam. Leninin büstünü atıb, Məhəmməd Əminin büstünü ucaltmışıq, onun qaldırdığı bayrağı qaldırmışıq" - söylədi.
Atam dedi ki, "sizə bir sual vermək istəyirəm, olar? Heydər Əliyeviç imkan yaratdı. Atam dedi: "Azərbaycana rəhbərlik etdiyiniz dövrdə Vətənə qayıtsaydım, məni qəbul edər, ev, iş verərdinizmi?". Heydər Əliyeviç gülümsəyərək cavab verdi: "Buna qətiyyən şübhəniz olmasın. Gərək qayıdardınız. Mən respublikaya təzə birinci katib təyin olunmuşdum. Qlavlit vəzifəsinə (ədəbiyyat və nəşriyyat işləri üzrə baş idarə) adam lazım idi. Bir gün gəlib məlumat verdilər ki, münasib adam tapa bilmirik, amma bir nəfər var, yəqin, siz onu qəbul etməzsiniz. Həmin adamın kim olduğunu soruşdum, dedilər Məhəmməd Əminin qohumudur. Dedim bunun nə fərqi var ki, işləyə bilərsə, qoy işləsin. Həmin adamı o vəzifəyə təyin etdim, yaxşı da işlədi". Aralarında çox səmimi söhbət oldu.
Sonra Novxanıya gedib, doğmalarımızın qəbrini ziyarət etdik. Babam Molla Ələkbərin qəbrinin yanındakı boş yeri göstərib dedi ki, məni burda dəfn edərsən. Novxanı çimərliyinə baş çəkdik, uşaqlıq xatirələrindən, bu sahildə keçən günlərindən danışdı mənə...
Atamın son günləri
Bir də xəbər verdilər ki, yatağa düşüb, vəziyyəti ağırdır. Tez özümü ona çatdırdım. Üç aya qədər yanından çəkilmədim. Həkimlər gəlib-gedirdi, müalicə edirdilər, bir gün tatar mollası gəldi, ikilikdə xeyli söhbət etdilər. Molla gedəndən sonra atamdan bunun səbəbini soruşdum, dedi ağrılarım dözülməzdir, molladan xəbər almaq istəyirdim ki, intihar eləsəm, bunun cəzası ağır olacaq, ya yox. Molla bunun günah olduğunu başa saldı.
Ulu öndərin diqqəti
Bir neçə gün də keçdi, qazax həkim gəlib yenə müayinə etdi və məni kənara çəkib dedi ki, bu gün hər şeyə hazır olun. Elə həmin gün dünyasını dəyişdi. Həmişə deyirdi ki, ən böyük arzum Vətəndə dəfn olunmaqdır. Atam dünyasını dəyişəndə Azərbaycanda 1993-cü ilin məlum iyun hadisələri baş vermişdi, qarışıqlıq idi, təyyarə göndərməliydilər, gecikirdi. Bir-birlərinin üstünə atırmışlar. Xəbər ulu öndərə çatan kimi tez tapşırıq verdi, təyyarə göndərildi və atamın nəşini Bakıya gətirdik. Heydər Əliyeviç dövlət komissiyası yaratmışdı, Lalə Şövkət evə gəlmişdi, dedi, Heydər Əliyeviç Azər Rəsulzadənin Fəxri xiyabanda dəfn olunmasını təkilf edir, ailəmiz adından təşəkkürümü bildirdim və atamın vəsiyyətini söylədim. Beləcə, atam həsrətilə yaşadığı doğma Vətən torpağında əbədi rahatlıq tapdı.
Söhbətləşdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!