Fidan RZAYEVA: "Onlar bir-birləri üçün doğulmuşlar"

"Varislər"in növbəti qonağı iki Xalq şairinin qızı - XX əsr Azərbaycan poeziyasına yeni ruh, yeni nəfəs gətirmiş unudulmaz Rəsul Rza və lirik, nəğmə dolu şeirləri ilə hər zaman xatirələrdə yaşayan Nigar Rəfibəylinin varisi Fidan xanım Rzayevadır.

 

"Bil ki, son şeirimin ilk sözü sənsən..."

Onlar Azərbaycanın ayrı-ayrı yerlərində gəlmişdilər dünyaya. Bir-birindən xəbərsiz, bir-birindən uzaqda, hərəsi öz xəyal dünyasının içində yaşayırdı. Biri Göyçayın hörmətli adamlarından olan, soyu-kökü məşhur Məmmədxanovlara gedib çıxan İbrahim kişinin oğlu, o biri isə Gəncənin sayılıb-seçilən ziyalılarından hesab edilən, həkim kimi böyük hörmət sahibi olan Xudadat bəy Rəfibəylinin qızı idi. Aralarında üç yaş fərq vardı: 1910-cu ildə sonradan hamının Rəsul Rza kimi tanıyacağı Rəsul, 1913-cü ildə isə Nigar Rəfibəyli anadan olmuşdu. Sonradan Rəsul Rza 1942-ci ildə uzaq Krım cəbhəsində xidmət edərkən həyat yoldaşı Nigara yazdığı məktubu:

"Bil ki, son şeirimin ilk sözü sənsən,

Bir də can verdiyim bu ana torpaq"

- sözləri ilə bitirəcəkdi.

Kənddə mirzəlik edən İbrahim kişi dünyadan gedəndə Rəsul balaca idi. O, anası Məryəm xanım və yaxın qohumlarının himayəsində böyümüşdü. Yeddi yaşlı Nigarın atası Xudadat bəyi isə yeni qurulmuş sovet hökumətinin düşməni damğası ilə Nargin adasında güllələmişdilər...

Bu maraqlı ailənin üzvü, unudulmaz Rəsul Rza ilə Nigar Rəfibəylinin varisi, şərqşünas Fidan xanım Rzayeva ilə söhbətimiz yenə doğma məkanda, Yazıçılar Birliyinin Natəvan klubunda baş tutdu.

- Fidan xanım, siz iki böyük nəslin - Məmmədxanovlar və Rəfibəylilər nəslinin nümayəndəsisiniz. Bu nəsilləri təmsil etmək sizdə hansı hissləri oyadır?

Yasaq olunmuş söhbətlər

- Açığını deyim ki, heç vaxt bunu xüsusi olaraq özümlə əlaqələndirməmişəm, amma valideynlərimin sevgisi, hörməti yaddaşımda qalır. Üstəlik, bizim uşaqlığımız müəyyən qədər ailədə onlarla bağlı söhbətlərin qadağan olunduğu, gizlində danışıldığı dövrə təsadüf edib. Sovet dövründə yasaq idi onları xatırlamaq, onlarla bağlı nəsə danışmaq və s. Biri xan, digəri bəydir və onlar sovet quruluşunun düşmənləridir. Biz isə bu quruluşda yaşamağa məhkumuq. Görünür, valideynlərimiz ailəni, övladlarını qorumaq üçün belə mövzulara vurğu vurmağa ehtiyat ediblər. Lakin quruluş dəyişəndən, Azərbaycan yenidən öz müstəqilliyinə qovuşandan sonra illərlə gizli qalan həqiqətlər üzə çıxdı və biz babalarımızın kim olduğunu, bu millət üçün, bu xalq üçün nə qədər doğma olduğunu öyrəndik, gördük. Bir şeyə təəssüf edirəm: kaş atam da, anam da müstəqilliyimizi görəydilər. Bəlkə onda illərlə ürəklərində kilidləyib saxladıqları xatirələri, söhbətləri bizimlə bölüşərdilər.

Valideynlərim yetim böyümüşdü. Hər ikisi atasını erkən itirmişdi və nənələrimiz övladlarını böyütmək üçün hər əzaba qatlaşmışdı. Bildiyiniz kimi, ana babam Xudadat bəy Cümhuriyyət dövrünün ikinci hökumətində Səhiyyə və sosial təminat naziri olmuşdu. Bundan əvvəl Gəncə xəstəxanasının baş həkimi kimi böyük hörmət və nüfuz qazanmışdı. Onun atası Ələkbər bəy Rəfibəyli isə məşhur maarifçilərdən və tarixə Azərbaycanın ilk siyasi partiyası kimi düşən Difai partiyasının yaradıcılarından idi. 1920-ci ildə Sovet Ordusu Azərbaycanı işğal edəndə Xudadat bəy Gəncə quberniyasının general-qubernatoru kimi fəaliyyət göstərirdi. O, Cümhuriyyət devrildikdən 2 gün sonra, aprelin 30-da vəzifəsindən istefa verir və az sonra əsassız ittihamlarla həbs edilir.

Tez-tələsik istintaq və güllələnmiş arzular

O dövrün ən acı gerçəklərindən biri də belə insanları xəyanətdə, qarışıqlıq salmaqda günahlandırmaq idi. Xudadat bəyin istintaqı da, məhkəmə hökmü də tələskənilə icra olunub və demokratik respublikanın süqutundan təxminən bir ay sonra, 1920-ci il 1 iyunda onu Nargin adasında güllələyiblər. Əlbəttə, atasının belə bir acı tale yaşaması Nigar Rəfibəyli kimi həssas ruhlu, kövrək ürəkli insanı sarsıtmaya bilməzdi, üstəlik, dərdini açıb kiməsə deyə bilmirsən...

Gəncə camaatı Xudadat bəyi həmişə ehtiramla yad edir. O,  hər şeydən əvvəl tanınmış cərrah olub və yüzlərlə insana şəfa verib, onları yenidən həyata qaytarıb. İmkansızlara, köməksizlərə əl uzadıb, yardım edib. Təsəvvür edin, əsgərlər gəlib onu evindən aparmaq istəyəndə gəncəlilər buna qarşı çıxmaq, mane olmaq istəyiblər, Xudadat bəy imkan verməyib. Adamları sakitləşdirib və deyib ki, mənim heç bir günahım yoxdur, narahat olmağa dəyməz. Görünür, sovet hökumətinə günahkarlar yox, sadəcə, qurbanlar lazım olub. Nənəm iki yeniyetmə oğlu və yeddi yaşlı anamla başsız qalıb.

"Əvvəl məni öldürün!"

Nənəm danışırdı: evlərində xidmətçi varmış, bir gün həmin adam onları aparmağa gəlib. Nənəm elə bilib bunları ya həbs etməyə, ya da güllələməyə aparmaq istəyirlər. Nənəm deyib ki, əgər bizi güllələməyə aparırsansa, əvvəl məni öldür, sonra uşaqlarımı. Adam bir söz deməyib, onları araba ilə öz evinə aparıb, orada gizlədib. Ara bir qədər sakitləşdikdən sonra Bakıya köçüblər. Nənəm rejimin bir gün gəlib onun oğlanlarını da həbs edəcəyindən ehtiyatlanıb, deyib burada qalsanız sizi də tutacaqlar, çıxın gedin Azərbaycandan. Böyük dayımız Kamil bəyin hələ heç 17 yaşı tamam deyilmiş. O, əvvəlcə İrana, oradan da Türkiyəyə gedib, tibb təhsili alıb. Bir azərbaycanlı xanımla ailə qurub və üç övladı olub. Rəşid dayım isə Moskvaya gedib, geologiya fakültəsində təhsil alıb. Nigar xanım nənəm Cəvahir xanımla qalıb. 16-17 yaşı olanda ailəyə kömək etmək üçün kinostudiyada tərcüməçi işləməyə başlayıb. Uşaqlıqdan rus dilini mükəmməl bildiyi üçün tərcüməçilik edib. Sonra Moskva Pedaqoji İnstitutunda ali təhsil alıb. Çox erkən yaşlarından şeirlər yazıb.

Atamla anamın tanışlığı ilə bağlı çox yazılıb, çox deyilib, eyni şeyləri təkrar etmək istəmirəm.

- Baş vermiş bir hadisəni fərqli danışmaq mümkün deyil. Rəsul Rza ilə Nigar Rəfibəylinin tanışlığı da maraqlı tarixdir və məncə, xatırlamağa dəyər.

Başqasının şeirinə görə tənqid yağışı

- Onlar 1931-ci ildə tanış olublar. O vaxt başqasının yazdığı bir şeiri Nigar Rəfibəylinin adına çıxarıb, onu kəskin təndiq ediblər. Anam ziyalı ailədə böyüyüb tərbiyə aldığı üçün hər zaman təmkinli, qürurlu, mədəni olub. "Madmuazel Nigar bu şeiri ilə nəyə ehyim vurur, nə demək istəyir və s.". Belə tənqidi yazılardan birini də atam yazıb. Sonradan şeirin gerçək müəllifi üzə çıxıb və atamla anam arasında səmimi münasibət yaranıb.

- Kim idi o başıbəlalı şeirin müəllifi?

- Mikayıl Rzaquluzadə. Beləcə, tanış olublar, bir-birlərini bəyəniblər, nişanlanıblar. Sonra bir yerdə ali təhsil almaq üçün Moskvaya gediblər. Dediyim kimi, anam Pedaqoji İnstitutda, atam isə Kinematoqrafiya İnstitutunda təhsil alıb.

Bir yerdə qərar tuta bilməyən adam

- Rəsul Rzanın ali təhsil alması ilə bağlı maraqlı faktlar var. Deyirlər, bu adam bir yerdə oxumağa qərar tuta bilməyib. Tiflisdə, Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Tibb İnstitutunda, Dövlət Elmi Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutundakı təhsillərini yarıda saxlayıb. Buna nəsə ciddi səbəb olub?

- Məncə, ciddi səbəb olmayıb, sadəcə, atam bir qədər hövsələsiz adam idi, görünür, özünü axtarırdı, ürəyinə, ruhuna yaxın bir sahə üzrə təhsil almaq istəyirdi. Moskva Kinematoqrafiya İnstitutunda qərar tutur və təhsil alır. O vaxt Rəşid dayım Moskvada yaşayırdı və anamla dayım bir yerdə kirayədə qalıblar, atam isə ayrı evdə kirayədə yaşayıb. Tez-tez görüşüblər. Ali təhsil aldıqdan sonra Bakıya qayıdıb, 1937-ci ildə ailə qurublar.

Onların toyunda o dövrdə Bakıda yaşayıb-yaradan əksər şairlər, yazıçılar, ziyalılar iştirak edib. Üstəlik, 1937-ci il tarixə Stalin repressiyalarının ən qanlı, ən qəddar dövrü kimi düşüb. Rəsul Rza ilə Nigar Rəfibəyli gənc olmaqlarına baxmayaraq, ədəbi mühitdə artıq kifayət qədər tanınırdılar, onların toyu ədəbiyyat adamlarının böyük fəallığı ilə baş tutmuşdu, amma nə yazıq ki, həmin toy elə ədəbiyyat adamlarının bir yerə toplaşdığı son məclislərdən olub. Çünki az sonra onların əksəriyyətini həbs ediblər, kimisini sürgünə göndərib, kimisini də güllələyiblər. 

- Fidan xanım, bir az Rəsul Rza ilə bağlı xatirələrinizi yada salın.

- Rəsul Rzanın da həyatı ağır keçib. Dediyim kimi, atasını tez itirib, yeniyetmə yaşlarından ailəyə kömək etmək üçün işləmək məcburiyyətində qalıb. Atası rəhmətə gedəndən sonra evin yeganə başıpapaqlısı atam olub. Bacıları Kübra, Sara, Surə, Turə və anası... Rəsul Rzanın qardaşı olmayıb. Belə deyək də, anam iki qardaşın tək bacısı, atam da dörd bacının tək qardaşı idi.

- Rəsul Rzanın anası Məryəm xanım sinədəftər olub. Əzbərdən çoxlu şeir, bayatı bilib. Özü də yaradıcılıqla məşğul olub.

"O, hamının cijisi idi"

- Məryəm nənəm çox maraqlı qadın idi. Bizimlə yaşayırdı. Doğru qeyd etdiniz, həm sinədəftər idi, həm də öz şeirlərini əzbər saxlayırdı yadında. Yəqin, atamın ədəbiyyata, şeirə həvəsi də elə Məryəm xanmdan gəlib. Anamla gəlin-qayınana münasibətindən çox, ana-qız münasibəti vardı aralarında. Heç vaxt onların bir-birindən nədəsə narazı qaldığını, küsdüyünü görmədik. Hətta bəzən bibilərim onu qonaq aparırdı, bir qədər qaldıqdan sonra deyirdi ki, daha bəsdir, gedim evimə, yəni bizə qayıtmaq istəyirdi. Hamı ona ciji dediyi üçün biz də ciji deyirdik. O, hamının cijisi idi.

Kiçik bibim Turə övladını dünyaya gətirəndə dünyasını dəyişmişdi. İxtisasca fizik olan Surə xanım isə 1945-ci ildə Rza Təhmasibin lentə alındığı "Arşın mal alan" filmində Süleyman obrazını yaratmış Əməkdar artist İsmayıl Əfəndiyevin həyat yoldaşı idi. Ömrü boyu fizika kitablarının redaktoru kimi "Azərnəşr"də işləmişdi. Böyük bibim Kübra xanım həkim idi, Sara bibim isə eyni vaxtda həm tibb, həm də biologiya üzrə ali təhsil almışdı, amma biologiya sahəsində işləyirdi. Ailə qurmamışdı. Turə bibim vəfat edəndə körpəsi qalmışdı, həmin körpəni Sara xanım böyütmüşdü və uşaq onu böyüdən qadının əslində, xalası olduğunu bilmirdi.    

- Məryəm xanım Rəsul Rzaya klassik ədəbiyyatı sevdirmişdi, Füzulinin, Natəvanın, M.Ə.Sabirin şeirlərini ilk dəfə oğluna o söyləmişdi. Mümkünsə, Məryəm xanımın obrazını canlandırmağa çalışın.

- Bəlkə də, Məryəm xanım vəfat edəndə yaşı altmışı təzə keçmişdi, amma bizim təsəvvürümüzdə o çox qoca bir qarı idi. Saçları tam ağarmış, dişləri seyrəlmişdi. Sifəti qırışlı, əllərindəki damarlar üzdə... Həmişə tuman-köynək geyir, başına kəlağayı salırdı. Alagöz qadın idi. Məğrur idi.

- Yəqin, Rəsul Rzanın məşhur ala gözləri elə anasından keçib...

"Atamın çox qəribə mavi gözləri vardı"

- Yəqin... Amma atamın gözləri aladan daha çox mavi idi, özü də çox qəribə mavi idi, məncə. Həm də mənə elə gəlir ki, onun gözlərinin rəngi dəyişirdi.

- Nigar Rəfibəylinin "Çadra" adlı ilk şeiri 1928-ci ildə, onun 15 yaşı olanda mətbuatda çıxıb.

- Ümumiyyətlə, Nigar xanım xaraktercə çox eşqli adam idi. Romantik idi. Hələ yaşı az olanda, Gəncədə yaşadıqları vaxt müxtəlif səhnəciklərdə aktrisa kimi rollar oynayırmış. Balaca, göyçək qız idi, şirin idi, cəlb edirdilər belə səhnəciklərə. Növbəti səhnəciklərin birində finala yaxın qəhrəman ölür. Nigar xanım da rola uyğun olaraq, səhnədə yıxılıb qalıb. Nənəmiz Cəvahir xanım da zalda olub, qızının öldüyünü görəndə hisslərini cilovlaya bilməyib, təsirlənib və zalda hönkürüb ağlamağa başlayıb.   

       İncə ruhlu Nigar

  Anamın ən çox sevdiyim bir şeiri var, anasına həsr edib. Moskvaya gedəndə yolda qatarda yazmışdı. Çox təsirli şeirdir. Atamın     şeirlərində döyüşkənlik, ötkəmlik var, amma anamın şeirləri daha çox kövrək notlara köklənir, daha çox lirika var onun şeirlərində.   Uşaq olanda, dünyanı hələ yaxşı dərk etmədiyim vaxtlarda bəzən onun şeirlərini tənqid edirdim, deyirdim ay ana, yenə çiçəkdən,   güldən yazırsan... Amma onun ruhu elə idi, hər şeydə bir zəriflik, incəlik görürdü. Onu əhatə edən mühitdə də, yaradıcılığında da,   rəftarında da.

 - Fidan xanım, qanlı repressiya illərini ürək ağrısı olmadan xatırlamaq mümkün deyil. "Varislər" layihəsi çərçivəsində XX əsr   Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, elminin bir sıra nümayəndəsinin ailə üzvləri ilə görüşmüş, söhbət etmişəm. Ötən əsrin 30- cu illərində millətimizin milli kimliyini ifadə edən yüzlərlə adam mərkəzdə Stalinin, Beriyanın, Yejovun, Bakıda isə Mir Cəfər Bağırovun azğın siyasi əqidəsinə qurban gedib. Düşünən beyinləri az qala beşikdəcə məhv ediblər. Bəzən cəmiyyət arasında qəribə bir məntiq dolaşır: niyə o illərdə filankəslər repressiya olundular, amma filankəslərə toxunan olmadı?! Hətta o illərdə sağ qalan, sürgün olunmayan, güllələnməyən, həbs edilməyənlərə bəzən düşmən kimi, satqın kimi baxırlar...

Niyə Rəsul Rza repressiya olunmadı?!

- Maraqlı sualdı. Bəzən biz də eşidirik: niyə Rəsul Rza, Nigar Rəfibəyli sürgün olunmadı, yaxud güllələnmədi və s. Bu çox mənasız düşüncə tərzidir, çox yanlış yanaşmadır. Əslində, Stalin rejiminin bu siyasi mövqeyi sovet xalqlarının kütləvi soyqırımı idi. Ziyalıların soyqırımı. Zadəgan ruhluların, maarifçilərin, istedadlı adamların soyqırımı. Bu ağır cinayətlərin cavabı bir gün verilməliydi, çünki ilahi ədalət deyilən bir şey var. Və bunun cəzası elə ağır oldu. Stalin bəlkə də, öz ölümü ilə canını qurtardı, çünki belə davam edə bilməzdi. O dövrün tarixinə nəzər salsaq görərik, axı repressiyadan kənarda qalan təkcə Rəsul Rza ilə Nigar Rəfibəyli olmayıb. Axı, başqa ziyalılar, alimlər, mədəniyyət, ədəbiyyat adamları da xilas ola biliblər və onlar da bu millətin inkişafı, xoşbəxt gələcəyi yolunda yorulmadan fəaliyyət göstəriblər. Axı, hamını biryolluq həbs etmək, sürgünə göndərmək, güllələmək olmazdı. Bəlkə də, Nigar xanım üçün, Rəsul Rza üçün ən ağır cəza illərlə susmağa məhkum olmaq idi. Təsəvvür edin, Xudadat bəy kimi işıqlı bir adamın məzarı belə yoxdur. Rəsul Rzanın yaxın qohumları pərən-pərən düşüblər, Nigar Rəfibəylinin iki qardaşı var, ikisi də mühacirətə getməyə məcbur olub. Amma evdə, ailədə bu barədə danışmağa ehtiyat edir, görüşməyə çəkinirlər. Susurlar. Öz hisslərini öz ürəklərində dəfn edirlər və onları bu məhrumiyyətlərə məhkum edən bir quruluşda yaşamağa, yaratmağa məcburdurlar. "Niyə filankəs güllələnmədi?!" sualını verənlər, məncə, haqsızlıq edirlər. Əksinə, o cəza rejiminin qanlı pəncəsindən qurtula bilənlərə görə sevinmək lazımdır! Təsəvvür edin, SSRİ kimi böyük bir ölkədə nə qədər ziyalı, ağıllı, istedadlı adam varsa, hamısını güllələyirlər! Ölkənin aqibəti necə olardı? Biz bu günə necə, kimin hesabına gəlib çıxa bilərdik?! Müəllim yox, həkim yox, alim yox, mədəniyyət adamı yox... Bunu ağlıma gətirmək belə istəmirəm.

- Çox sağ olun bu qədər dolğun, məntiqli və həm də həssas cavaba görə. Doğrudan da, belə bir mənzərəni təsəvvür etmək ağlasığmazdır.

Mümkünsə, bir az Cəvahir xanımdan danışaq.

- Xudadat bəy evin tək oğlu olub və tez ailə qurub. Doğrudur, onun bir bacısı da olub, amma tez dünyasını dəyişib. Xudadat bəy 1899-cu ildə Xarkov İmperator Universitetinə tibb təhsili almağa gedəndə həyat yoldaşı Cəvahir xanımı da özü ilə aparıb.

Cəvahir xanım Xarkovda yaşadığı dövrdə avropasayağı geyinib, başına şlyapa qoyub və s. Amma həyat yoldaşı təhsilini bitirib, Gəncəyə qayıdanda yenidən yerli mühitə uyğun paltar geyməyə davam edib. Çox ziyalı, kübar qadın idi. Deyirmiş, qayıdanda Xarkovda geydiyim paltarları büküb sandığa yığıdım. Mən onun çarşab taxdığını, yaxud tuman-köynək geydiyni görməmişəm. Yəni qayıdandan sonra da artıq müasir dəbə uyğun paltarlar seçirdi özünə. Rus dilini yaxşı bilirdi, sərbəst danışırdı. Savadlı idi, yazıb-oxuya bilirdi. Xanım-xatın qadın idi.

- Nigar Rəfibəyli ilə Rəsul Rzanın adı Azərbaycan sovet ədəbiyyatını yaradanlarla eyni sırada çəkilir. Dərsliklərdə onların ikisi üçün də xüsusi yer ayrılmışdı. Siz oxuyanda, məktəb proqramında valideynlərinizə həsr olunmuş dərs saatlarında özünüzü necə aparırdınız?! Neçə alırdınız o dərslərdən?

"Mən ədəbiyyatdan həmişə əla qiymət almışam"

- (Gülür) Mən ədəbiyyatdan həmişə əla qiymət almışam. Mən də, Anar da orta təhsilimizi konservatoriyanın nəzdində olan onillik orta ixtisas musiqi məktəbində almışıq. Anar məndən beş yaş böyük idi, fortepiano sinfində dərs alırdı. Mən birinci sinfə qəbul olunanda məni də fortepiano sinfinə verdilər. Məktəbin müdirəsi vardı, Kövkəb xanım Səfərəlibəyova, nədənsə, özündən bir yazılmamış qanun çıxartmışdı, bir ailədən iki nəfər fortepiano sinfində dərs ala bilməz. Ona görə də beşinci sinifdən Anarı alt sinfinə keçirtdilər. Bu alət skripkadan bir qədər böyük, violonçeldən kiçikdir. Təsəvvür edin də, beş il başqa alət üzrə təhsil alan adam indi də istəmədiyi bir alətlə məşğul olmalıdır. Anar bir az məşğul olurdu, sonra aləti atırdı bir tərəfə. Anar indi də pianoda yaxşı ifa edə bilir. Doqquzuncu sinfə qədər dözsə də, sonda üsyan etdi, dedi daha altla məşğul olan deyiləm. Evdən gedib müdirə ilə danışdılar, onu Anarın həmin məktəbdə təhsilini davam etməyə, amma daha musiqi ilə məşğul olmamağa razı saldılar. Anar onilliyi orada bitirdi. Həyat yoldaşı Zemfira xanımla da eyni sinifdə oxumuşdu. Mən bitirəndə məktəbdə təhsil onbirillik oldu. Evdə musiqi təhsilini davam etməyimi istəyirdilər, amma razı olmadım. Musiqini çox sevirdim və indi də sevirəm, amma ali təhsilimi musiqi üzrə almaq istəmirdim. Altı saat royal arxasında oturmaq mənə çox çətin gəlirdi. Həm də şərqşünas olmaq istəyirdim. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə, ərəb dili şöbəsinə daxil oldum.   

- Fidan xanım, yəqin, elə buna görə ötən əsrin altmışıncı illərində bir müddət Suriyada işləmək imkanı qazanmısınız. Anar müəllim "Mübarizə bu gün də var" kitabında Rəsul Rzanın Suriyaya gəlib sizinlə görüşdüyünü yazır.

- Bəli, 1969-cu ildə həyat yoldaşımla bir yerdə Suriyada işləyirdik. Azərbaycandan mədəniyyət, incəsənət, elm adamlarının yer aldığı böyük bir nümayəndə heyəti Dəməşqə gəlmişdi və aralarında atam da vardı. Onlarla görüşdüm, birlikdə müəyyən tədbirlərdə iştirak etdik. Sonra Suriyanın ikinci böyük şəhəri və mədəniyyət mərkəzi olan Hələbə getdik.

Nəsiminin məzarını ilk ziyarət edənlər...

Bizi Hələb şəhərinin meri qarşıladı, Hələbdə də bir neçə görüş və tədbir baş tutdu. Atam görüş əsnasında merə dedi ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məzarı da Hələbdədir və onun məzarını ziyarət etmək istəyirik. Mer tapşırıq verdi, məsələ dəqiqləşdi və bizə Nəsiminin məzarını ziyarət etməyə imkan yaratdılar. Atamın təşəbbüsü ilə bir qrup ziyalı ertəsi gün gül dəstələri ilə Nəsiminin məzarını ziyarət etdilər. Məzarlıq Hələbdə dalda bir yerdə idi. Məzarlığa baxan adamı tapdılar. Nəsimi nəslinin nümayəndəsi olan Hikmət adlı bu adam Hələbdə xəyyamlıq edirdi, yəni xeymə (çadır) satırdı. İlk dəfə dahi Nəsiminin məzarı məhz Rəsul Rzanın təşəbbüsü ilə ziyarət edildi, ilk fotoları çəkildi. İndi bəzən mətbuatda, televiziyada bu tarixlə bağlı yanlışlığa yol verilir. Kimlərsə bu faktı öz adına çıxarmaq istəyir, amma birmənalı şəkildə deyə bilərəm ki, Nəsiminin məzarı ilk dəfə məhz 1969-cu ildə, Rəsul Rzanın təşəbbüsü ilə ziyarət olunub.

- Maraqlı faktdır. Fidan xanım, birdən-birə musiqidən ərəbşünaslığa keçid sizin üçün çətin olmadı?

- Yox, qətiyyən. Lap uşaqlıqdan ərəb dilini sevirdim. Bakıya tez-tez Misir filmləri gətirirdilər, maraqla baxırdıq. Ümumiyyətlə, ərəb mədəniyyəti, ərəb dilinin sehri mənə nağıl təsiri bağışlayırdı. Üstəlik, həm də ərəb mədəniyyəti Azərbaycan mədəniyyətinə, ədəbiyyatına da təsir edib axı. Zövqlə ərəb dilini öyrəndim və bu seçimimə görə heç vaxt peşman olmadım. Valideynlərimiz də əski əlifba ilə sərbəst yazıb-oxuyurdular. Mənimçün maraqlı idi, onların əlyazmalarını oxuya bilmək. Əski əlifbada yazmaq onlar üçün daha rahat idi, həm də bu əlifba yığcamdır, az yer tutur. Onların məktubları qalır, mənsə hələ də macal tapıb onların üzünü köçürə bilməmişəm.

- Rəsul Rza müxtəlif dövlət işlərində rəhbər vəzifələrdə çalışıb. Deputat olub, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, bir sıra ictimai vəzifələrdə fəaliyyət göstərib. SSRİ Dövlət Mükafatı alıb və çox gənc olanda, qarışıq bir dövrdə qısa müddət olsa da, 1938-1939-cu illərdə, 28 yaşında Yazıçılar Birliyinin sədri olub...

Kinoteatr adlarının milliləşdirilməsi

- Bəli, atam Kinematoqrafiya naziri, Dövlət Filarmoniyasının direktoru, Bakı kinostudiyasının direktoru, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olub və dediyiniz kimi, bir sıra ictimai işlərdə çalışıb. Amma özü həmişə deyirdi ki, onun üçün ən böyük vəzifə şairlikdir. Onun kinoya rəhbərlik etdiyi dövrdə milli kinomuzun ən maraqlı işlərindən biri - "Arşın mal alan" (1945) filmi ekranlaşdırılıb. Böyük Vətən müharibəsinin ilk günlərində atam Krım cəbhəsində hərbi müxbir kimi fəaliyyət göstərib, "Döyüşən Krım" qəzetində çalışıb. Özü danışırdı ki, tez-tez ön cəbhədə döyüşən əsgərlərin, zabitlərin yanına gedib, müharibənin bütün məşəqqətlərini, məhrumiyyətlərini öz gözləri ilə görüb. Sonra onu geri çağırıblar və fəaliyyətsiz qalan kinostudiyaya direktor təyin ediblər. O dövrdə Azərbaycan kinematoqrafçıları daha çox sənədli filmlər, xronika çəkirdilər. Sonra o, iki ildən artıq kino naziri olub və bu dövrdə paytaxt Bakıda, ətraf rayon və şəhərlərdə fəaliyyət göstərən kinoteatrların adlarını milliləşdirib. O dövrdə daha çox kommunist təbliğatını əks etdirən "Proletari", "Rodina", "Krasnaya Zvezda" və bu kimi kinoteatr adları "Vətən", "Nizami", "Şəfəq" və s. adlarla əvəzlənib.

- Fidan xanım, axı bu, həm də risk idi, hamı ruslaşdırma siyasəti yürüdür, milli adları ruslaşdırır, Rəsul Rza isə əksinə, rus adlarını milliləşdirirdi.

- Rəsul Rza başqa cür işləyə bilməzdi. Bu adam bütün varlığı ilə öz yurduna, elinə, tarixinə, mədəniyyətinə bağlı idi. Görünür, vəzifəyə gəlməyinin bir məqsədi də elə bu işləri görmək istəyi olub.

- Nə əcəb, o vaxtkı rəhbərlik, elə Mir Cəfər Bağırovun özü onun bu fəaliyyətinə göz yumub? Axı, bütün ölkədə hər şey "böyük qardaşa" - ruslara xoş gəlmək üçün edilirdi.

Hamı "Balaca kişi"dən qorxurmuş

- Mən uşaq idim, amma xatırlayıram, hamı Bağırovdan qorxurdu. Onun adı çəkiləndə adamların ürəyinə qorxu düşürdü və bu da başadüşülən idi. Çünki heç nədən adamı gəlib evindən apara, sorğu-sualsız güllələyə bilərdilər. Səhv etmirəmsə, Bağırova xalq arasında "balaca kişi" deyirdilər, Stalin isə "böyük kişi" idi. Beriya ilə yaxınlığı Bağırovu, ümumiyyətlə, toxunulmaz etmişdi. Ondan kimə şikayət etmək olardı? Moskvada hər şey Beriyanın əlində idi. Təbii ki, mənim valideynlərim də bu qorxu hissini keçirirdilər, amma Rəsul Rza nazirdən əvvəl şair idi və onun üçün Azərbaycanın mənafeyi hər şeydən öndə gəlirdi. Bir nazir kimi səlahiyyəti çatırdı və bu işləri görürdü. Həm də ola bilsin, elə şairliyi də müəyyən qədər onun belə düşünməsinə, belə işləməsinə kömək edirdi. Bəlkə də, yuxarılarda bunu da nəzərə alıb, göz yumur, mane olmurdular. İndi qəti nəsə demək çətindir, amma fakt faktlığında qalır, Rəsul Rza bu işləri görüb.

- Fidan xanım, ailəliklə getdiyiniz səfərlərdən danışın. Xatirinizdə qalan maraqlı əhvalatlardan birini bizimlə bölüşün.

Məşhur ekstrasenslə görüş

- Atam bizi çox yerə aparırdı. O vaxt xaricə getmək çətin idi, amma az qala keçmiş ittifaqın hər yerində olmuşduq. Maraqlı səfərlərdən biri Volqa çayı ilə gəmi səyahətimiz olub: Moskvadan Həştərxana qədər. Qara dənizlə səyahətimiz xatirimdədir. Anamın görmə qabiliyyəti çox yaxşı idi. Qarşıdan gələn gəminin adını hər kəsdən əvvəl oxuyurdu. Tez-tez Moskvaya gedirdik. Qış tətillərində Moskvada teatr tamaşalarına baxırdıq. Sizə maraqlı bir əhvalat danışım. Volqa çayı ilə səyahət zamanı sahilyanı şəhərlərin birində gəmi dayandı, sahilə çıxdıq. Boş vaxtımız çox idi. O vaxt məşhur ekstrasens vardı - Volf Messinq. Şəhərdə hər yerdə onun afişaları asılmışdı. Biz də seansların birinə bilet aldıq. Anar, mən, bir də Məhəmməd Əlili vardı, kinostudiyada işləyirdi, o da bizimlə bir yerdə idi. Zalda oturmuşduq. Messinq dedi ki, kağıza bir şey yazın, gizlədin, mən sizin fikrinizi oxuyacağam. Mən də yazdım. Zalda anşlaq idi. Mənimlə Anarın əlindən tutub, bizi səhnəyə çıxartdı. Qolumuzdan tutdu, müəyyən hərəkətlər etdi və doğrudan da, kağıza yazdığımız fikri dedi. O hadisə heç vaxt yadımdan çıxmır. Belə şeylərə inanmırdım, amma özüm yaşadım və inandım.

- Ailədə üç uşaq olmusunuz. Anar müəllimi bilirik, sizin ərəbşünas olduğunuzu öyrəndik, bəs kiçik bacınız, o hansı sahənin adamıdır? Və bir də soruşmaq istəyirəm, Anardan başqa da ədəbi yaradıcılıqla məşğul olan var aranızda?

- Kiçik bacım Təranə xanım ingilis dili üzrə təhsil alıb, Pedaqoji Universitetdə müəllim idi, indi təqaüdə çıxıb. Anardan başqa yox, nə mən, nə də bacım ədəbi yaradıcılıqla məşğul olmuruq. Sadəcə, mən hərdən ərəb, rus və türk dillərindən tərcümələr edirəm. Bilirsiniz də atam da, anam da yaxşı tərcümələr ediblər, həm klassik ədəbiyyatdan, həm də müasirlərdən. Anamın çox maraqlı tərcümələri qalır: Məhsəti xanımın rübailərini, Evripidin "İfigeniya" faciəsini, Şillerin "Məkr və məhəbbət", Çexovun "Vanya dayı", "Albalı bağı" dramlarını, Voyniçin məşhur "Ovod" əsərini Nigar xanım dilimizə tərcümə edib.

"Onlar bir-birləri üçün doğulmuşdular"

- Anar müəllim "Sizsiz" romanında ailəniz haqqında, Rəsul Rza ilə Nigar Rəfibəylinin həyatı haqqında çox geniş, maraqlı və bəzən də kövrək xatirələri qələmə alıb. Çox qəribə və mistik sonluq. Rəsul Rza dünyasını dəyişir və xəstə yatağında olan Nigar xanım bu acı hadisədən xəbər tutmur və təxminən üç ay Rəsul Rzadan artıq yaşaya bilir...

 - Hə, o günləri hər dəfə xatırlayanda qəribə hisslər keçirirəm. Həmişə bir şeyi düşünürəm: onlar bir-birləri üçün yaranmışdılar.

Atam xəstələnmişdi, həmişə təzyiqdən əziyyət çəkirdi, hipertonik idi. Üstəlik, şəkəri də vardı. Anamın isə səhhətində ciddi problem yox idi. Bir qədər şəkəri vardı, vəssalam. 1981-ci ildə atam yenə yatağa düşdü. Həkimlər xəbərdarlıq etdilər ki, vəziyyət çox ciddidir və bir daha belə bir şey təkrar olsa, Rəsul müəllimi xilas etmək olmayacaq. Anam qalırdı yanında. Arada biz də əvəz edirdik, amma daha çox o qalırdı. Bir gün atamın yanından evə gəlib dedi ki, mən daha xəstəxanaya gedə bilməyəcəyəm. Görünür, artıq o da özünü pis hss edirdi, çünki başqa cür olsa, heç vaxt belə deməzdi. Atam onun bu fikrini öyrəndikdən sonra müalicəsini Mərdəkandakı sanatoriyada davam etdirməyə qərar verdi. Anamı da xəstəxanaya yerləşdirdik. Ümumi narahatlıq, başqa heç bir şikayəti yox idi. Həkim müayinə etdi və bədənində bəd xassəli şiş olduğunu söylədi. Özü də xəstəlik xeyli irəliləmişdi. Moskvaya aparmağı planlaşdırırdıq. Anar Moskva ilə əlaqə saxladı, bilet aldıq, mən, anam və Anar yola düşməyə hazırlaşdıq. Birdən ev telefonuna zəng gəldi, cavab verdim, Anarın yoldaşı Zemfira idi. Çox sarsılmış, həyəcanlı səsi vardı. Çaşıb qaldım.

"Ala gözlüm, səndən ayrı gecələr..."

Mənə atamın sanatoriyada keçindiyini xəbər verdi. Anar vidalaşmaq üçün onun yanına gedib və birdən atamın halı dəyişib, həkimlər müdaxilə etsələr də, geri qaytara bilməyiblər. Anara son olaraq: "Yaxşıyam, narahat olma", - deyib. Moskva səfərimizi təxirə saldıq. Anam bunun səbəbini bilmədi. Atamın dəfnindən sonra Nigar xanımı yenidən xəstəxanaya yerləşdirdik. Hər kəs anamın başını qatmağa çalışırdı. Tez-tez atamın adından anama çiçək dəstəsi göndərirdik. O ərəfədə bir gün Anar məndən soruşdu ki, Fidan, bu xəbəri Nigara nə vaxt deyək? Dedim heç vaxt. Əgər Nigar bu xəbəri eşitsə, o dəqiqə keçinər, qoy nə qədər ömrü qalıbsa, Rəsul onun üçün çiçək göndərsin...

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!