Böyük Turan xanım Cavid haqqında kövrək xatirələrim - Şövkət Tağıyeva

Turan Cavidin vəfatının 16 illiyinə

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, XX əsr Azərbaycan ədəbiyyatının inciləri olan "Peyğəmbər", "Səyavuş", "Xəyyam", "İblis", "Topal Teymur" və başqa əsərlərin müəllifi dahi Hüseyn Cavidlə  onun ilham pərisi Mişkinaz xanımın dünyaya bəxş etdiyi ikinci övladı Turan xanım Cavid haqqında xatirə yazmağı son dərəcə məsuliyyətli və olduqca çətin bir iş sanıram.

Mən böyük filosof, şair və dramaturq Hüseyn Cavidin yadigarı Turan xanım Cavidi 1948-ci ildən tanıyırdım. Bu tanışlıq mənim mənsub olduğum ailənin üzvü Turan xanımın ən yaxın rəfiqəsi, hamının onu Turan xanımın bacılığı kimi qəbul etdiyi Həbibə xanım Məmmədxanlının vasitəsilə olmuşdu və onunla sonrakı görüşlərimiz də məhz Həbibə xanımla birlikdə ya bizim, ya da Turan xanımgilin mənzilində baş vermişdi.

Mən ilk tanışlıqdan ona dahi Hüseyn Cavidin və mənə göylərdən enmiş məlakə xislətli və surətli bir insan təsiri bağışlayan Mişkinaz xanımın övladı kimi pərəstiş edirdim.

Şəxsiyyətə pərəstiş dövrünün bitməsi ilə dahi filosof-dramaturq Hüseyn Cavid əfəndinin "bəraət" qazanmasından sonra artıq, bu ölməz sənətkarın əsərlərinin bütün premyeralarında və ümumiyyətlə, Hüseyn Cavid adı ilə bağlı bütün toplantılarda Turan xanımın dəvətilə iştirak etmək mənə nəsib olmuşdu.

Turan xanımın şəxsiyyətindəki ona məxsus olaraq özü deməsə də (o hisslərini heç vaxt büruzə verməzdi - bunu hamı bilir), işlətdiyi bəzi sıcaq sözlərdən mənə olan rəğbət və hörmətini hiss edirdim. Bu özünü Cavid Əfəndi ilə bağlı bütün tədbirlərə məni həyat yoldaşım, tarixçi Mahmud İsmayılovla birlikdə mütləq dəvət etməsindən (özü zəng vurub deyərdi), mənə münasibətdə istifadə etdiyi yaxınlıq bildirən müraciət formasından (bunu yalnız o, Həbibə xanım və Sona xanım başa düşürdü) və sairədən hiss edirdim.

Yadımdadır, bu danışıqların birində mən Cavid Əfəndinin ev-muzeyinin açılışının ləngiməsi ilə əlaqədar sual verdikdə o dedi: "Sən gəl, mən sənə göstərəcəm". Sabahısı mən danışdığımız vaxtda hələ rəsmi açılışı olmamış "Hüseyn Cavidin ev-muzeyi"nə getdim. Turan xanımın mənə göstərdiyi ilk otaqda bir neçə rəsm əsəri diqqətimi çəkdi. Bunlardan biri onu tanıyanların çox sevdiyi və pərəstiş etdiyi Mişkinaz xanımın portret ustası, Azərbaycanın Xalq rəssamı Oqtay Sadıqzadənin yağlı boya ilə çəkdiyi portreti idi. Xüsusi qeyd edilməlidir ki, rəssam Oqtay  Sadıqzadə bu əsərdə Mişkinaz xanımın ona məxsus təkrarolunmaz gözəlliyini və ən başlıcası, daxili aləmini  (xüsusilə onun nəcibliyini) böyük ustalıqla yaratmışdı. Bu, ali, nəcabətli, ziyalı, vəfalı və zadəgan görkəmli Azərbaycan türk qadınının surəti idi. Həm də başlıcası bu idi ki, bu portretdən bizə baxan məhz Mişkinaz xanımın özü idi. Məharətlə işlənmiş portretdən gözlərimi çəkə bilməsəm də Turan xanıma dedim: "Bu portretdə mən Azərbaycanımızın madonnasını görürəm". Turan xanım dinməsə də, anasının portretinin belə uğurlu alınmasından və eləcə də mənim sözlərimdən çox razı qalmasını görmək heç də çətin deyildi.

Bəli, Turan xanım dinmirdi. Bu isə hər şeydən əvvəl onun təvazökar olmasından irəli gəlirdi.

Turan xanım mənim nəzərimdə öz təvazökarlığı və sadəliyindən başqa, bir sıra yüksək insani keyfiyyətlərilə - son dərəcə savadlı, ilk növbədə, Azərbaycan dili və ədəbiyyatının (şübhəsiz, eləcə də dünya ədəbiyyatının) gözəl bilicisi olan kamil bir insan kimi qalmaqdadır. Onun Azərbaycan dilində səlis və ədəbi dildəki kimi zəngin üslubda danışığı bəzilərində təəccüb doğurduqda onun dostları Turan xanımın danışıq dilinin də ədəbi dil səviyyəsində olduğunu xüsusi vurğulayırdılar. Danışığında işlətdiyi bəzi ifadələri onun dostları tərəfindən az qala zərb-məsələ çevrilmişdi.

Dostların bu yüksək qiyməti isə, məncə, Cavid Əfəndinin Turan xanıma ayırdığı xüsusi diqqətin bəhrələri idi. 30-cu illərin BDU tələbələrinin bəzilərinin söylədiklərindən bəlli olur ki, həmin dövr cavanlığının pərəstiş obyekti olan böyük Hüseyn Cavid axşam saatlarında çox sevdiyi qızı Turanla söhbət edə-edə gəzməyi çox xoşlayarmış (həmin tələbələr isə hiss etdirmədən onların arxasınca bir qədər aralıda hərəkət etməkdən böyük zövq alarmış). Çox maraqlıdır ki, təqribən həmin dövrdə - 30-cu illərin ortalarında böyük ustad 10-12 yaşlı bu savadlı və dərrakəli qız haqqında sürgündən yazdığı məktublarının birində belə bir söz demişdir (bəlkə də vəsiyyət etmişdir): "Turan xanımı qoruyun!". Fikirləşmək olar ki, bu sözlər gələcəyə tuşlanmış çox böyük məna yükü daşıyırmış! Bu sözlər bəlkə də, eyni zamanda həmin xiyaban gəzintiləri zamanı sevimli qızı ilə apardığı, az qala, böyüklərə məxsus söhbətlərdən yaranmış qənaət idi?!

"Mən səma şairiyəm" deyən şair Hüseyn Cavidin böyük Turan xanım haqqındakı bu sözləri təsadüfi deyildirsə və biz bunu qəbul ediriksə, deməli, Turan Cavid də Tanrının göndərdiyi "Səma yavrusu" idi (ölməzdən əvvəl onun gördüyü yuxu da buna sübutdur) - bu müqəddəs ailənin ruhən yaşaması üçün bir neçə insanın öhdəsindən gələ biləcəyi ağır bir yükü (ata-balanın irsini yaşatmaq yükünü) öz zərif çiyinlərində çəkib sona yetirmək üçün göndərilmişdi və o, bu müqəddəs tapşırığı yüksək ustalıq və məharətlə, böyük şəxsiyyətlərə məxsus möhkəm iradə və dözümlə yerinə yetirdi.

Turan xanımla bağlı çox maraqlı bir faktı sonda qeyd etmək istəyirəm.

Mişkinaz xanım rəhmətə gedəndən bir xeyli sonra telefon  söhbətlərindən birində belə bir söz dedi: "Mənə deyirlər ki, sən bir uşaq götürüb yanında saxla ki, tək qalmayasan". Sonra əlavə etdi: "Mən heç vaxt tək qalmıram. Axı, biz dördümüz də həmişə burada bir yerdə oluruq".

Turan xanımın bu sözlərini eşitdikdə mən, düzü, sarsıldım, nə deyəcəyimi bilmədim. Sonra isə məndə belə bir əminlik  hasil oldu ki, o, Hüseyn Cavid, Mişkinaz xanım və Ər-Toğrol kimi müqəddəs ruhlar cərgəsində olan ilahi (səmavi) varlıqlardan biri imiş. Və mənə elə gəlir ki, bu müqəddəs ailənin dördlüyü (dörd ruh) həmin odada (Turan xanımın sözləri!) toplaşır, söhbətləşirlər - Turan xanımın cismən sağlığında olduğu kimi!

Bir neçə kəlmə də Azər Turan haqqında yazmaq istəyirəm. Azər Turan Cavidimizin özünə oğul götürdüyü və öz adını ona verdiyi onun müqəddəs ruhunu xatırlamağa, əzizləməyə, ucaltmağa və əbədiləşdirməyə haqqı olan yeganə ləyaqətli şəxsdir.

Turan xanımın sadiq dostları!

Günahsız ruhların görüş məkanı olan səadət qibləmiz Savalan dağında böyük Turan xanımla görüşənədək.

2005-ci il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!