Ülkər TALIBZADƏ: "Nəinki mən, məndən əvvəlki, məndən sonrakı nəsil də bu şeirlərlə böyüyüb"

"Varislər"in bugünkü qonağı Azərbaycan ədəbiyyatında xüsusi yeri olan unudulmaz şair, yazıçı, milli uşaq ədəbiyyatımızın yaradıcılarından biri, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin nəvəsi Ülkər xanım Talıbzadədir.

 

Qafqaz şeyxülislamı müavininin oğlu

1881-ci ildə Tiflisdə, Şeytanbazar məhəlləsində, dövrünün tanınmış din xadimi və sayılıb-seçilən ziyalılarından olan Axund Mustafanın ailəsində dünyaya gəlmişdi. Axund Mustafa bir müddət Tiflis şəhəri üzrə qazi müavini və Qafqaz Şeyxülislamının müavini olmuşdu. Böyüdüyü mühitdə daha çox dini elmlərlə əhatə olunmasına baxmayaraq, ədəbiyyata dərin həvəsi vardı. Qardaşı Yusiflə birlikdə ilk təhsilini Tiflisdəki müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli məktəbdə almışdı. Anası Mehri xanım övladlarının dindar olmasını arzulayırdı, amma atası Axund Mustafa açıqgözlü, demokratik ruhlu adam olduğundan, oğlunun ədəbiyyata olan həvəsinə dəyər verir, onun bu istəyinə qarşı çıxmırdı.

1889-cu ildə Xorasana ziyarətə gedən Mehri xanım oğlanları Yusiflə Abdullanı da özü ilə aparır. Dörd ilə qədər Xorasanda qalan doğmalar burada əslən Urmiyadan olan Yusif Ziya adlı açıqfikirli, dərin bilikli gənc müəllimlə tanış olurlar və bu müəllim yeniyetmələrin dünyagörüşünə ciddi təsir göstərir. Onlar 1893-cü ildə yenidən Tiflisə qayıdırlar. Abdullanın böyük qardaşı Yusif atasının yolu ilə gedir, axund kimi fəaliyyət göstərir, üstəlik, Xorasandakı müəlliminə ehtiram olaraq özünə Yusif Ziya təxəllüsü götürür...

Bu maraqlı ailə, ziddiyyətli tale yaşamış insanların varisi, Abdulla Şaiqin ev-muzeyinin direktoru, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünalıq üzrə fəlsəfə doktoru, böyük ədəbiyyatşünas alim Kamal Talıbzadənin qızı Ülkər xanım Talıbzadə ilə doğma məkanda, Abdulla Şaiqin ev-muzeyində görüşdük.       

Xatirələr masası...

- Ülkər xanım, arxasında əyləşdiyimiz masa bu muzeyin eksponatlarından biridir. Masanın quruluşu otağın ölçülərinə uyğun olaraq kvadrat şəklindədir. Hətta üstünün örtüyü də özündə ötən, xatirə dolu illərin rəsmini əks etdirir. Kimlər oturub bu masanın arxasında?

- Siz soruşun kimlər oturmayıb?! Bu evin ən doğma, ən sevilən qonaqlarından biri Hüseyn Cavid olub. Atam danışırdı ki, Cavid əfəndi az qala hər gün bu evə gəlir, saatlarla Abdulla Şaiqlə oturur, söhbət edirdilər. Muzeyimizin üçüncü otağında rəssam Tofiq Kərimovun yağlı boya ilə çəkdiyi tablo var. Həmin tablonu Tofiq Kərimov uşaqlıqda gördüyü mənzərə, şahidi olduğu real görüntülərin fonunda çəkib. Onların ailəsi qonşuluqda yaşayıblar və Tofiq Kərimov uşaq ikən tez-tez gəlib pəncərədən onlara baxar, söhbətlərini dinləyərdi. Diqqətlə fikir versəniz görərsiniz ki, həmin tabloda əks olunan mebellərin hamısı hal-hazırda muzeyimizdə qorunur.

Bu masanın arxasında böyük dramaturqumuz Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiqin həm tələbəsi, həm də yaxın müəllim dostu olan Atababa Musaxanlı oturub. Bilirsiniz ki, babamla Səməd Vurğun bacanaq olublar və böyük şairimiz bu evin ailə üzvlərindən biri kimi qəbul edilib. Həbib və Mahmud bəy Mahmudbəyovlar, Tağı Şahbazi. Zülfüqar Hacıbəyov Abdulla Şaiqin ən yaxın dostlarından biri olub və hətta böyük bəstəkarımız babamın "Nüşabə" əsəri əsasında opera yazmağa başlayıb, lakin qəfil ölümü ilə bu iş yarımçıq qalıb. Həmin operanın əlyazması hal-hazırda Əlyazmalar İnstitutunda qorunur. Biz də onun surətini çıxarıb, ekspozisiyamıza əlavə etmişik.

Bu evdə bir neçə toy qurulub və Abdulla Şaiqin öz toyu da bu evdə baş tutub. Çünki babam bu evə köçəndə subay idi.

Hacı Zeynalabdin Tağıyevin doğum şəhadətnaməsi

Sizə deyim ki, Abdulla Şaiqin atası Axund Mustafa da çox maraqlı adam olub. Öz dövrünə görə geniş dünyagörüşlü, dərin təfəkkürlü adam kimi tanınıb. Din xadimi kimi böyük hörmət qazanıb. Özü qazi müavini, Şeyxülislam müavini olmaqla bərabər, Rüştiyyə məktəbində həm şəriətdən, həm də Azərbaycan dili və ədəbiyyatdan dərs deyib. Üstəlik, rus dilini də mükəmməl bilirmiş. Yəni bu insan, sadəcə, dindar olmayıb, həm də elm adamı olub. Bizim böyük mesenatımız Hacı Zeynalabdin Tağıyevin doğum haqqında şəhadətnaməsini Qafqaz Şeyxülislamının müavini və qazi kimi Axund Mustafa imzalayıb. Həmin sənədin surəti də muzeyimizdə qorunan qiymətli eksponatlardan biridir.

- Axund Mustafadan söz düşmüşkən, dediniz ki, ulu babanız dövrünün tanınmış din xadimi, nüfuzlu din adamı olub. Abdulla Şaiq də Axund Mustafanın ailəsində böyüyüb və təbii ki, atasının müəyyən təsiri altında olub. Nədən o da atası kimi dini biliklərin, şəriət elminin arxasınca getməyb? Bəlkə, Abdulla Şaiq də bir din xadimi kimi daha böyük nüfuz və hörmət qazana bilərdi?

- Maraqlı sualdır. Əlbəttə, o dövrün özü daha çox xurafatla, dini hökmlərin üstün olduğu məqamlarla xatırlanır, amma yuxarıda qeyd etdiyim kimi, Axund Mustafanın bilik dairəsi təkcə şəriət elmləri ilə məhdudlaşmırdı və övladlarını da daha sərbəst, açıqgözlü böyütməyə çalışırdı. Ailədə müəyyən qədər belə söhbətlər olub. Abdulla Şaiq xatirələrində yazır ki, anam Mehri xanım möhkəm iradəli qadın və qatı dindar idi. O, övladlarının üçünün də dindar kimi yetişməsini arzulayırdı, hətta elə bu məqsədlə də onları dövrün din mərkəzlərindən biri olan Xorasana aparıb. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, müəllim Yusif Ziya ilə də orada tanış olurlar. Abdulla Şaiqin o dövrdə ədəbiyyata böyük həvəsi olub və ruscadan fars dilinə ilk tərcümələrini də elə o vaxt edib.

Urmiyalı müəllim - Yusif Ziya

Tərcümələrini sevimli müəllimi Yusif Ziyaya göstərib, müəllimi onun bu bacarığını yüksək qiymətləndirib və məsləhət görüb ki, azərbaycanlı olduğu üçün fars dilinə yox, elə türk dilinə tərcümələr etsin. Beləcə, babam daha da həvəslənib və bu fəaliyyətini davam etdirib. Yusif Ziya Abdulla Şaiqin ədəbi fəaliyyətində mayak olub, ona yol göstərib. Bundan əlavə, Axund Mustafa da Abdulla Şaiqin ədəbiyyata həvəsini görüb və bu həvəsə qarşı çıxmayıb. Abdulla Şaiqgili Xorasanda olarkən Axund Mustafa ilə məktublaşıblar və bu məktublarda axund babamın daha çox ədəbiyyat həvəskarı olduğunu hiss edib, ona görə də məktublarının birində yazıb ki, qoy Abdulla dünyəvi elmlər üzrə təhsil alsın, Yusif isə dini təhsilini davam etdirsin. Doğrudan da, Yusif Talıbzadə dini təhsilini davam etdirib və axund rütbəsi alıb. Abdulla Şaiq isə 1900-cü ildə Tiflisə qayıdıb, qısa müddət orada yaşadıqdan sonra, Bakıya köçüb və sonrakı həyatı qısa fasiləni saymasaq, bütünlüklə Bakı ilə bağlı olub. Daha sonra Axund Yusif də Bakıya gəlib. Onların bacıları çox tez ailə qurub. Xorasanda yaşayan Azərbaycan türkünə ərə gedib.

Abdulla Şaiq ilk vaxtlar Bakıda, İçərişəhərdə kiçik bir mənzildə yaşayıb. Sonra buradan bir tin aşağıda olan başqa evə köçüblər. 1916-cı ildə isə Nəriman Nərimanov bu evi babama verib.

Abdulla Şaiq də, Yusif Ziya da Bakıya köçdükdən sonra Nərimanovla sıx əlaqə saxlayıblar. Çünki onların tanışlığı hələ Tiflisdən başlamışdı. Nərimanov Axund Mustafa ilə dostluq edirdi. Babam da, Yusif Ziya əmim də gənc idi və Nərimanovu tanıyırdılar.

Müəllim adının şərəfi

Bilirsiniz ki, Abdulla Şaiq ömrü boyu müəllim adının şərəfinə hörmətlə yanaşdı və müəllim adını daşıdığı bütün adlardan üstün tutdu. Onun Bakıda müəllim kimi fəaliyyətə başlamasında da Nərimanovun böyük köməyi olub. İmtahanlara hazırlaşmaq üçün ona müəyyən ədəbiyyat tövsiyə edib və babam həmin ədəbiyyatları öyrəndikdən sonra müəllimlik üçün imtahanları uğurla verib. Nərimanov bununla da kifayətlənməyib və o dövrdə Bakıda təhsil işləri üzrə komissar olmuş Mixail Aqanoviçə məktubla müraciət edərək Abdulla Şaiqin işlə təmin olunmasını xahiş edib. Həmin məktubun da surətini muzeyimizdə qoruyuruq. Müəllim yeri olmadığından Abdulla Şaiq bir müddət ehtiyat müəllim kimi fəaliyyət göstərib. Sonra Süleyman Sani Axundovun direktor olduğu məktəbdə ilk dəfə müəllim ştatına işə qəbul edilib və fəaliyyət göstərib.

Abdulla Şaiq Nərimanovun xətrini çox istəyib, hətta Nərimanov nişanlananda ona "Möhtərəm Nərimanov" adlı şeir də həsr edib. Ümumiyyətlə, bu ailənin həyatında Nərimanovun öz yeri var. Muzeyimizdə N.Nərimanov guşəsi var və bütün o sənədləri, adıçəkilən şeirin əlyazmasını həmin guşədə saxlayırıq.

Abdulla Şaiqin qardaşı: Axund, yoxsa paşa?!

- Ülkər xanım, Talıbzadələr ailəsindən mənim üçün maraqlı şəxsiyyətlərdən biri də Abdulla Şaiqin böyük qardaşı, Axund Yusif Ziyadır. Bir qədər əvvəl də qeyd etdik ki, Yusif Ziya atası Axund Mustafa kimi dindar olub və axund rütbəsi alıb, amma divardakı tabloda onu general paltarında təsvir ediblər. Bundan başqa, Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə öz xatirələrində Abdulla Şaiqi Cümhuriyyət sevdalısı kimi yada salır və onun adını bu xəbərə ilk sevinənlərdən biri kimi qeyd edir. Bir qədər bu barədə danışın, zəhmət olmasa.

- Tamamilə doğru qeyd edirsiniz, babam da, onun qardaşı Yusif Ziya da Cümhuriyyət sevdalısı olublar və Abulla Şaiq Azərbaycan Demokratik Cümhuriyyətinin ilk dövründə milli məktəblərin təşkil edilməsində yaxından iştirak edib. Bildiyimiz kimi, o dövrdə daha çox rus-tatar məktəbləri fəaliyyət göstərirdi və belə məktəblərdə əsasən rus imperiyasının tarixi, rus ədəbiyyatı tədris olunurdu. Ümumi götürsək, rus dilində təhsil almaq cəmiyyətdə yüksək təbəqə göstəricisi hesab olunurdu. Azərbaycan dilində dərsliklər çatmırdı. Abdulla Şaiq həmin dövrdə çətinliklə də olsa, bir sinif yığa bilmişdi. Dərsliklər çatışmadığından özü bir neçə dərslik tərtib etmişdi və bəzi məşhur uşaq şeirlərini də məhz həmin dövrdə qələmə almışdı. Cümhuriyyətin süqutundan sonra bu işlər də yarıda qalır. Həmin dövrdə Yusif Ziya dini fəaliyyətinə son qoyub, aktiv siyasətə qoşulur.

Qatı türkçü

Yusif Ziya, doğrudan da, çox maraqlı şəxsiyyətdir və qatı türkçü olub. Hətta deyirdilər ki, Abdulla Şaiqə qardaşı Yusif Ziyanın böyük təsiri keçib. Yusif Ziya ədəbi yaradıcılıqla da məşğul olub və hətta bəzi mənbələrdə qeyd olunur ki, müqəddəs kitabımız olan "Quran"ı ilk dəfə dilimizə tərcümə edən də odur. Təəssüf ki, bu fakt konkret sənədlərlə öz təsdiqini tapmır. Belə deyək də, Abdulla Şaiq sovet quruluşunda da yaşamağı qəbul edib və bu mühitə uyğunlaşıb. Doğrudur, tədqiqatçılar deyir ki, o, öz türkçü ideyalarını müəyyən rəmzlər, simvollar şəklində əsərlərinin alt qatında verib və ömrünün sonuna qədər bu ideyalarından dönməyib. Amma Yusif Ziya heç vaxt sovet quruluşu ilə barışmayıb, açıq şəkildə quruluşa qarşı çıxıb və hətta onun ölümündən uzun illər sonra da atamı qardaşına görə çək-çevirə salıb, onu ev dustağı ediblər.

Nuru Paşanın yavəri

Türkiyədə hərbi təlim alıb, 1918-ci ildə Nuru Paşanın yavəri kimi, minbaşı rütbəsində türk ordusu tərkibində Azərbaycana gəlib. Daha sonra general rütbəsi alıb. Hətta A.Şaiq bununla bağlı qardaşına müraciətlə "Neçin böylə gecikdin?" adlı şeir də yazıb. Həmin şeir:

"...Xain, alçaq düşmənlərə qol gücünü göstər.

Aç yolları, tez gəl ki, qəlbim səni çox istər",

- misraları ilə bitir.

Cümhuriyyət dövründə Yusif Ziya bolşeviklərə qarşı gizli fəaliyyət göstərib, müəyyən məxfi tapşırıqlarla gizli yolla Türkiyəyə gedib-gəlib. Bunu A.Şaiqin Tiflisdə yaşayan dayısı qızı Nuşafərim xala danışıb. Deyirdi ki, qəfil bir adam qapıdan içəri girdi. Tanımadıq. Sonra bığını-saqqalını çıxardı, görürdük Yusifdir. Deyirdi Türkiyədən gəlirəm. Nəyə görə belə tanınmaz halda gəzdiyinin səbəbini bilmirdik. Belə hadisə 2-3 dəfə təkrarlanıb.  

Sovet hakimiyyəti qurulandan sonra N.Nərimanovun göndərişi ilə Yusif Ziyanı Naxçıvanın hərbi komissarı təyin ediblər və o, bir müddət bu vəzifədə çalışıb, lakin sovet quruluşuna bəslədiyi nifrətini boğa bilmədiyi üçün Nərimanovdan istefasını xahiş edib, Orta Asiya basmaçılarına qoşularaq sovetlərə qarşı mübarizə aparıb.

Amudərya sahilində şəhadət

- Yusif Ziya Orta Asiyada şəhid olub?

- Bəli, 1923-cü ildə Amudərya sahillərində sovet ordusu əsgərləri ilə döyüşlərin birində həlak olub və şəhidlik zirvəsinə yüksəlib. Onun islam tarixinə aid kitabları var. Dünya İslam xəritəsini tərtib edib. Hal-hazırda həmin xəritənin bir nüsxəsi AMEA-nın Nadir jurnallar fondunda, digər nüsxəsi isə Əlyazmalar fondundadır. Şeirləri, dram əsərləri qalır. "İttihadi-İslam Cəmiyyəti"nin rəhbərlərindən biri olub. H.Z.Tağıyevin ilk tərcümeyi-halını yazanlardandır. Sonra, Yusif Ziya Azərbaycan Daxili Qoşunlarının yaradıcılarından biridir.

- Ülkər xanım, Yusif Ziya haqqında belə dolğun məlumat verdiyiniz üçün sağ olun. Bir az da A.Şaiqin ailəsi haqqında danışaq. Bildiyim qədər, atanız Kamal Talıbzadə evin böyük oğlu olub...

- Bəli, atam ailənin böyük oğludur, amma atamdan əvvəl Abdulla Şaiqin Altunsaç adlı bir qızı da olub və atamın dünyaya gəldiyi gün həmin o qız dünyasını dəyişib. Atamdan başqa, Gülbəniz xanım adlı bibim və ailənin sonbeşiyi İldırım əmim olub. Gülbəniz bibim ixtisasca həkim idi və ömrünün sonuna qədər Politexnik İnstitutunun poliklinikasında həkim işləyib. İldırım əmim isə tarixçi idi. Akademiyanın Tarix İnstitutunda çalışırdı, tarix üzrə fəlsəfə doktoru idi, hətta doktorluq dissertasiyası da hazır idi, amma təəssüf ki, o da həyatdan tez köçüb. 

Bu masa arxasında kimlər oturmayıb ki...

- Söhbətin əvvəlində Abdulla Şaiqin dostları haqqında az da olsa söhbət açdıq, amma, məncə, bu siyahı daha böyükdür və indi oturub çay içdiyimiz masanın arxasında bir vaxtlar o dövrün ən məşhur simaları da çay içiblər.

- Abdulla Şaiqin çox məşhur tələbələri olub: Ruhulla Axundov, Tağı Şahbazi Simurq, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Mehdi Hüseyn, Məmməd Arif, maestro Niyazi, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Yusif Məmmədəliyev, Süleyman Rüstəm, Mirzə İbrahimov, Həmid Araslı, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi və başqaları. Babam bu tələbələrin bəziləri ilə dostluq edib. O ki qaldı bu masa arxasında oturanlara, doğru qeyd etdiniz, bu siyahı kifayət qədər uzundur: yuxarıda Hüseyn Cavidin adını çəkdik. Ondan başqa, Əhməd Cavad, Məhəmməd Hadi, Müşfiq, Yusif Vəzir Cəmənzəminli, Atababa Musaxanlı, Mirmehdi Seyidzadə. Folklorçu alim Hümmət Əlizadə həm onun sevimli tələbəsi olub, həm də bir ilə yaxın bu evdə yaşayıb. Babam onun toyunu da bu evdə edib.

Onu repressiyadan kim xilas etdi?!

- Ülkər xanım, adlarını çəkdiyiniz adamların bir çoxu Stalin repressiyasının qurbanları oldu. Təbii ki, bu fakt Abdulla Şaiq kimi həssas adama təsir etməyə bilməzdi. Üstəlik, qardaşı Yusif Ziya antisovet adamı kimi ad çıxarmışdı. Abdulla Şaiqi o qanlı repressiya illərindən nə, yaxud kim xilas edə bildi?

- Hə, babam 37-ci ildə çox yaxın dostlarını, sevimli tələbələrini itirmişdi, üstəlik, dediyiniz kimi, qardaşı Yusif Ziya da sovet hakimiyyətinin qatı düşməni idi. Hətta Yusif Ziyanın 1923-cü ildə həlak olmasına baxmayaraq, 37-ci ildə babamı bir neçə dəfə NKVD-yə aparıb, qardaşı ilə bağlı sorğu-sual etmişdilər. Üzünə durub demişdilər ki, qardaşın sağdır və Almaniyaya sığınıb, sən də gizli şəkildə onunla əlaqə saxlayırsan. Əslində, qardaşı şəhid olandan sonra ondan qalan əşayaları, qana bulaşmış kiçik "Quran"ı, qanlı köynəyini gətirib babama vermişdilər. Həmin "Quran" odur, bizim eksponatlardan biri kimi (haqqında danışdığı "Quran"ı mənə göstərir) təqdim olunur. Buna görə babamı bir neçə il ev dustağı etmişdilər. Ev dustağı olduğu illərdə ailənin maddi vəziyyəti çox acınacaqlı olub. Nənəm gəlinlik qızıllarını sataraq, ailənin ehtiyaclarına sərf edib. Babam hər an qapnın döyüləcəyini, gecə ilə aparılacağını gözləyirmiş. Amma xeyirxah adamlar da olub və babam elə insanların köməyi ilə sürgündən, yaxud güllələnmədən qurtula bilib.

- Kim idi o xeyirxah adamlar?

- Ruhulla Axundov onun sevimli tələbələrindən idi. Özü repressiya qurbanı olana qədər Xalq komissarı işləyirdi və Şaiqin təhlükə ilə üzləşəcəyini hiss edən kimi, onu gözdən-könüldən uzaq yerə, Şuşaya müəllim işləməyə göndərmişdi. Şuşaya getməklə babam müəyyən qədər diqqətdən uzaqda qalmış, unudulmuşdu. Daha sonra başqa bir tələbəsi Mirzə İbrahimov da o vaxt Mərkəzi Komitədə təlimatçı işləyirmiş. Abdulla Şaiqin kitabını çap etdirir və həmin kitaba özü çox sanballı ön söz yazır. Abdulla Şaiqi dəyərli sovet yazıçısı kimi təqdim edir və beləliklə, babamın başı üstə dolaşan qara buludlar dağılır.

Cavid əfəndidən gələn xəbər

- Babanız Hüseyn Cavidlə yaxın olub və deyilənlərə görə, bir dəfə xəbər yayılıb ki, Cavid Əfəndi Bakıya gəlib, dəmiryol vağzalındadır. Onu qarşılamağa gedənlərdən biri də Abdulla Şaiq olub.

- Hə, olub elə bir hadisə. Atam danışırdı ki, bir gün səhər tezdən qapı döyüldü və qapını açdım. Tanımadığım bir adam idi. Abdulla Şaiqi istədi, atam qapıya gəldi. Həmin naməlum adam dedi ki, Cavid əfəndi vağzaldadır, onu göndərib evinə xəbər versin, evdən isti paltar, ərzaq tədarük edib vazğalda Cavidə çatdırmaq lazımdır. Təbii ki, Cavidin xətrini çox istəyən bir adam kimi babam bu xəbərə çox sevinib və atamı, yəni Kamal Talıbzadəni Cavidin evinə, Mişkinaz xanımgilə göndərib. Mişkinaz xanım da xəbərdən çox sevinib, təsəvvür edin, aildə bu xəbər necə qarşılanıb. Sonra babam evdə hazırlanan bağlamanı götürüb, vağzala gedib. Mişkinaz xanımı aparmayıb. O gün hava qaralana qədər vağzalda gözləyib, amma nə Cavid gəlib, nə də onu gətirə biləcək qatar. Sonradan məlub olub ki, bu, babam üçün hazırlanmış təxribat idi. Xalq düşmənini qarşılamağa gedən sovet şairi... Bir neçə gün sonra Yazıçılar İttifaqının iclas zalında bu məsələ qabardılıb və babamı ciddi ittiham ediblər. Yəni bu hadisə bircə dəfə baş verib və belə olub.

- Stalinin ölümündən sonra ölkədə vəziyyət müəyyən qədər dəyişdi. Dəyərlər dəyişdi. Xalq düşməni damğası vurulan minlərlə insan bəraət aldı. Yəqin, "dahi rəhbərin" ölümünü sevinclə qarşılayanlardan biri də Abdulla Şaiq olub.

- Məncə, sevinclə qarşılamalı idi, çünki həmin dövrün insanlara vurduğu mənəvi-psixoloji zərbələr, zədələr uzun zaman insanların ruhunda yaşadı və onlara kabus yaşatdı. Babam Stalinin ölümündən sonra cəmi altı il ömür sürüb və bu dövrdə dövlət tərəfindən müəyyən diqqətə layiq görülüb. Ölümündən sonra Fəxri xiyabanda dəfn edilib və Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri kimi ədəbiyyat tariximizə düşüb.

Əzbərlədiyimiz ilk şeirlərin müəllifi

- Ülkər xanım, A.Şaiq xoşbəxt müəlliflərdəndir, çünki Azərbaycan dilində dil açıb danışan və ilk dəfə şeir öyrənən əksər uşaqlar məhz onun "Dovşan", "Keçi", "Xoruz" şeirlərini əzbərləyirlər. Bu şeirlər uşaq dilinə o qədər yatımlıdır ki, bir neçə dəfə təkrar etdikdən sonra uşaqların yaddaşına yazılır. Siz özünüz necə, bu şeirlərlə böyümüsünüz?

- Nəinki mən, məndən əvvəlki, məndən sonrakı nəsil də bu şeirlərlə böyüyüb. Mənə elə gəlir, nə qədər ki, Azərbaycan dili, onun ədəbiyyatı yaşayır, hələ neçə-neçə nəsil də bu şeirlərlə böyüyəcək. Açığını deyim, bu, hər müəllifə nəsib olmayan səadətdir. Hər bir azərbaycanlı S.Vurğunun "Azərbaycan" şeirindən ən azı bir neçə bəndi əzbər bildiyi kimi, elə bir adam tapılmaz ki, yuxarıda adlarını çəkdiyiniz şeirləri əzbərdən bilməsin. Belə deyək də, Abdulla Şaiq azərbaycanlı balaların ana laylasından sonra eşitdikləri şeirlərin müəllifidir və bu seirlər elə ana laylası qədər doğmadır.

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!