"Sağır nun" - "N1" səsinin işlədilməsi barədə...
Ədəbi dil normalarının pozulması halları dilin bütün təbəqələrində, hətta, sanki yüz illər boyu dəyişməz qalan fonetikada da müşahidə olunur. Türk dillərinin qədim dövründə, həm söz köklərində (məsələn, "tanrı", "dəniz", "donuz" kimi sözlərdə), həm də şəkilçilərdə "sağır nun" - "N1" adlandırılan burun samiti geniş işlənirdi. Hətta qədim türk əlifbasında bu səsi işarələyən ayrıca hərf də var idi. Ərəb əlifbası işlədiləndə də bu səsi yazıda işarə etmək mümkün olurdu. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inkişafı sahəsində qarşıya qoyduğu əsas vəzifələrdən biri bu dillərin fonetik və qrammatik sisteminə daha uyğun olan yeni əlifbaya keçilməsi məsələsi olmuşdu. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 oktyabr 1928-ci il tarixli qərarı ilk dəfə latın qrafikalı əlifbaya keçiləndə, bu gün məlum olmayan səbəbdən, yeni türk əlifbasına "sağır nun" səsini ifadə edən xüsusi hərfin daxil edilməsi "məsləhət bilinmədi". XX əsr boyu dilimizin sonrakı inkişaf prosesində xüsusən söz köklərində bu səsin işlədilməsi, demək olar ki, aradan çıxmışdır. (Yeri gəlmişkən, bəzi müasir türk dillərində, məsələn, tatar dilində bu səs və onu bildirən hərf əvvəlki qayda ilə tam hüquqla işlədilir).
İndi tələffüzündə bu səsi işlədənləri "şivədə danışan" kimi qələmə verirlər. Halbuki, müasir Azərbaycan ədəbi dilinə aid bütün ciddi mənbələrdə, o cümlədən akademiklər Ə.Dəmirçizadə və A.Axundovun fonetikaya dair kitablarında ikinci şəxsin həm təkinə, həm də cəminə aid morfoloji məqamlarda - isimdə yiyəlik hal və mənsubiyyət şəkilçilərində, feildə isə ikinci şəxsə aid şəxs şonluqlarında "N1" (sağır nun) səsinin işlədilməsi ədəbi tələffüz norması kimi təsbit olunur. Məsələn, "səniN1 kitabıN1", " siziN1 eviN1iz", "siz gəldiN1iz", "sən oxuduN1" şəklində tələffüz şivə təzahürü yox, məhz ədəbi dil normasıdır. Maraqlıdır ki, bu ideyanı irəli sürən görkəmli dilçi alimlərin heç biri "N1" səsini fəal şəkildə işlədən bölgələrin təmsilçisi deyil, lakin real həqiqət qarşısında subyektiv yanaşmanı bir kənara qoyaraq məsələyə elmi obyektivlik mövqeyindən yanaşmağı bacarıblar. Həm Ə.Dəmirçizadənin "Müasir Azərbaycan dili. Fonetika" dərsliyi, həm də A.Axundovun "Azərbaycan dilinin fonemlər sistemi" monoqrafiyası elmi dəyərinə görə vaxtilə Dövlət Mükafatına layiq görülmüşdür. Ə.Dəmirçizadənin kitabının 2007-ci ildə akademik A.Axundovun redaktorluğu ilə çap olunmuş son nəşrində də həmin müddəa saxlanılmış (səh. 200) və beləliklə, "N1" səsi barədə iki böyük alimin elmi konsepsiyası müasir dövrdə bir daha təsdiqini tapmışdır. Yeri gəlmişkən, bu normanı ali məktəblər üçün "Müasir Azərbaycan dili" (Bakı, 2007) dərsliyində professor B.Xəlilov da təsdiq etmişdir (səh. 296). Xatırlatmaq istərdik ki, 1991-ci ildə latın qrafikalı yeni Azərbaycan əlifbasına keçilərkən bir çox mütəxəssislər əlifbamıza həmin səsi ifadə edən xüsusi hərfin daxil edilməsini yenidən təklif etdilər, lakin stereotip yanaşma yenə üstün gəldi...
Təəssüf ki, ədəbi tələffüz nümunəsini yaşatmağa borclu olan auditoriyalarda, o cümlədən televiziya, radio və internet kanallarımızın heç birində bu normaya əməl olunmur, nitqində "N1" işlədənləri isə, əvvəldə dediyimiz kimi, şivədə - "kəndçi ləhcəsində" danışırmış kimi qınayırlar, halbuki, yanaşma tamam tərsinə olmalı, "sağır nun"u işlətməmək ədəbi tələffüz pozuntusu sayılmalıdır.
Bir dəfə bu mövzuda keçirilən diskussiyaların birində Quba rayonundan olan çox hazırlıqlı bir Azərbaycan dili müəllimi dialekt xüsusiyyətlərini nəzərdə tutaraq məsələ barədə mövqeyini belə bildirdi: - Bizim rayonun şagirdləri üçün bu qaydada danışmaq çətin olar. Mən ona sualla müraciət etməli oldum: Müəllimə, məktəblərinizdə ingilis dili keçilir? - Bəli. - Şagirdləriniz bu dili öyrənə bilirlər? - Əlbəttə, yaxşı da nəticələr alınır. - Elə isə, zəhmət olmasa deyin, necə olur ki, Qubada yaşayan azərbaycanlı balası ingilis dilini öyrənə bilir, Azərbaycan ədəbi dilini yox?..
Qeyd olunan tərzdə yanaşma bir çox dialekt təmsilçiləri üçün səciyyəvidir. Həqiqətdə isə müasir danışıq dilimizin şivələrindən heç birində ikinci şəxsə aid məqamlarda indi qəbul edildiyi kimi, adi "N" səsi işlədilmir. Fərqə diqqət yetirək: "Mən bu daşı ataN1 tanıyıram" - burada düzgün olaraq adi "N" səsi işlədilib. İndi isə ikinci şəxslə bağlı olan məqamı nəzərdən keçirək: "Mən sənin ataN1ı tanıyıram". Ədəbi normaya görə, burada N1 səsi işlədilməlidir. Yaxud digər bir müqayisə: Üçüncü şəxsdə - "Onun sözüNə heç kəs inanmadı". İkinci şəxsdə - "Mən səniN1 sözləriN1ə inanıram". Məgər kimsə bu səsləri eyni cür tələffüz edir? Əsla! Müxtəlif şivələrdə ikinci şəxslə əlaqədar məqamlarda bu səs "N1" əvəzinə müxtəlif cür - "atou", "atavı", "atavu", "atuu", "atağı", "ateyi", və s. şəkillərdə işlədilir, ancaq heç zaman "daşı atanı" ifadəsindəki kimi, adi "N" səsi ilə işlədilmir.
Beləliklə, ədəbi dilimizdə danışıq səslərinin düzgün tələffüzü sahəsində ən ciddi pozuntu olan bu hal davam etməkdədir. Zənnimizcə, buna son qoymaq üçün orta və ali məktəblərin dil dərsliklərində dilimizin doğma "N1" (sağır nun) səsinin yeri birmənalı şəkildə təsbit edilməli, dil praktikasında onun işləkliyi təmin olunmalıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!