Azər TURAN
Hüseyn Cavid də, Abdurrauf Fitrət də eyni mövzularda dram əsərləri yazdılar.
Cavid "Topal Teymur"u, Fitrət "Teymurun sağanası"nı yazdı.
Cavid "İblis"i, Fitrət "Şeytanın Tanrıya üsyanı"nı yazdı.
Cavidin "Çingiz", "Attila" dramları NKVD tərəfindən müsadirə olunub itdiyi kimi, Fitrətin də "Teymurun sağanası", "Oğuz Xan", "Əbu Müslim" dramları itdi, itirildi.
Cavid də, Fitrət də, təxminən, eyni illərdə İstanbul Universitetində təhsil alıblar.
Təhsil almaq üçün İstanbula gedən gənclər İsmayıl bəy Qaspıralının cədidizm layihəsinə görə Vətənlərinə bir mürşid olaraq qayıtmalıydılar.
(Bu barədə "Cavidnamə" kitabımda ətraflı yazmışam).
Cavidin də, Fitrətin də imzaları İstanbulda ilk dəfə Mehmet Akifin "Sirati-müstəqim" dərgisində görünüb.
Hüseyn Rasizadə İstanbuldan Vətənə Cavid kimi, Abdurrauf Abdurrahman oğlu isə Fitrət olaraq qayıtdı.
İkisi də - biri Bakıda, digəri Buxarada zamanının mürşidi idi.
İkisi də 1937-ci il repressiyasının qurbanıdır.
Sənətkarlıq baxımından Hüseyn Cavidin "İblis"i ilə Fitrətin "İblisin Tanrıya üsyanı" pyeslərinin arasında nəzəri paralellər aparmaq, hər iki əsəri müqayisəli ədəbiyyatşünaslığın predmetinə çevirmək zəruridir. Məsələnin həssas tərəfi isə odur ki, istər Cavidin, istərsə də Fitrətin Türkiyədə təhsil aldıqları dövr pozitivizmin türk ədəbiyyatına daxil olduğu illərdir. Cavid bu istiqamətdə heç kəsin etmədiyini edir. Pozitivizmlə təsəvvüf arasındakı "qızıl orta"nı kəşf edir. Fitrət isə irfandan pozitivizmə yalın düşüncə ilə adlayır və birbaşa ateizmə yuvarlanır. Hətta alman alimi Baldauf Fitrətin bu əsərində ekzistensial məqamların müşahidə edildiyini yazır. Cavid "İblis"i 1918-də, Fitrət isə "İblisin Tanrıya üsyanı"nı 1924-cü ildə qələmə alıb. 1924-cü ildə Cavidin bir sıra əsərləri, o cümlədən "İblis" Özbəkistanda tamaşaya qoyulmuşdu. Hətta həmin tamaşa barədə Çolpan məqalə də yazmışdı. Yəni Fitrətin bu əsərdən xəbərsiz olması qeyri-mümkün idi.
Bunu da ayrıca vurğulamaq istəyirəm: Dildə osmanlı prinsiplərini təqib edən Cavid də, yaradıcılığında cığatay leksikasını ehya edən Fitrət də dil baxımından olmasa da, estetika baxımından Tofiq Fikrətin cazibəsindəydilər. Hər ikisi həm də Mehmet Akifin tələbəsi olmuşdu. Amma dediyim kimi, Cavid irfanla pozitivizmin arasındakı "qızıl orta"nı tapa bilsə də, Fitrət, pozitivizmin ateistik yönünü mənimsədi və zahirən bununla kifayətləndi. Zahirən ona görə deyirəm ki, istər Hüseyn Cavidin, istərsə də Abdurauf Fitrətin burjua millətçi görüşləri 1934-cü ildə Moskvada keçirilən SSRİ Yazıçılarının I qurultayında xüsusi müzakirə mövzusuna çevrilmişdi. Hətta ilk özbək professoru Fitrətin tarixilik pərdəsi altında, təsəvvüfə, Əhməd Yəsəvi dünyasına yönəlməsi Özbəkistan Yazıçılar İttifaqının sədri Məcidinin məruzəsində kəskin tənqid olunmuşdu. Bu mənada, elmi yaradıcılığında özbək ədəbiyyatını Əhməd Yəsəvi kultunun çevrəsinə səsləyən Fitrət ateist ola bilməzdi. Din tarixini, fəlsəfəsini dərindən bilirdi, Buxarada Mir Ərəb mədrəsəsini bitirmişdi, İstanbulda yazdığı "Münazirə" əsərində rus istilasını nəzərdə tutaraq "Bu gün İslam dininin düşmənləri biz müsəlman xalqını qara günlərə saldılar. Bu cinayətkarlar İslam dininə düşmənlik edib, yaxın zamanlarda bizdən dinimizi tərk etməyi tələb edərlər. İmamımızın keşiş, azanımızın zəng, məscidimizin kilsəyə çevrilməsindən başqa yol qalmaz", - deyə yazan Fitrət birdən-birə bu qədər dinsizliyə yuvarlana bilməzdi. Təbii ki, bu əsərin də məna örtüyünün olması şübhəsizdir.
Özbək alimi, professor Həmidulla Baltabayevə istinadən amerikan alimi Olvortun fikirlərini xatırlatmaq yerinə düşər. Olvort yazırdı ki, "Bu əsər türküstanlılara onların vətənindəki siyasi əhvalın bütün həqiqətlərini açıq dillə izah etdi... Müəllif öz fikirlərini qeyri-təbii aləm düşüncəsi ilə pərdələyib ifadə etdi".
Fitrətdə üsyankar İblis Tanrıya xitabən, "Rəhbərim fənn, Peyğəmbərim bilimdir" - deyir. Cavidin pozitivist qəhrəmanları isə "Kişi irfan işığından parlar, şübhəsiz, bilgidə Allah gücü var" - deyir. Eynən Tofiq Fikrət kimi: "Ənbiyadan yaşarım müstəğni / Bir hörümçək götürür haqqa bəni".
Cavidin "İblis"i, təbii ki, Hötedən qaynaqlanır. Bu İblisin ən yaxın oxşarına bir də Saramaqonun "İsanın İncili"ndə rast gəlinir. Fitrətdəki İblis isə ədəbi bioqrafiyası baxımından bənzərsiz və yenidir. 1924-cü ildə Özbəkistanda belə bir fəlsəfi düşüncənin, teologiya ilə ideologiyanın bir ədəbi mətndə bu miqyasda şəkillənməsi və ədəbiyyatlaşması nadir hadisədir.
Fitrətin "İblisin Tanrıya üsyanı" əsərinin ilk remarkasında "Bir tərəfdə yaqutdan hazırlanmış, dürlü qiymətli daşlarla bəzədilmiş yüksək bir minbər. Minbərin üstündə qızıl hərflərlə "Həzə minbərü həzrəti-Əzazil" deyə yazılıb". Əsərin girişində İblisin Əzazil şəklində təqdim olunması mənə maraqlı göründü və müəllifin bu əsərə hansı qaynaqlardan yola çıxaraq gəldiyini düşündüm. "Tövrat"da İblis həm də Əzazil adı ilə təqdim olunur. Bibliyaşünas Krıvelev Əzazili təfsir edərkən onu israillilərin allahı Yəhvanın antipodu olaraq keçmiş allahlar silsiləsinə aid edir.
Əhməd Yəsəvinin "Divani-Hikmət"ində də "Otuz birdə Xızır Babam mey içirdi, / Vücudumdan Əzazili qaçırdı" - deyirdi. Mövlana da "Məsnəvi"sində İblisdən bəhs edərkən bəzən onu Əzazil adlandırır. Teoloji düşüncəyə görə, Əzazil İblisin mələklər arasında yaşadığı və hələ Hz. Adəmə səcdə etmə əmrini alıb da üsyan etmədiyi zamanlardakı adıdır və ilk mələkdir. Buna görə də, təbii ki, ilk və böyük mələk olduğuna görə sonrakı mələklərin onu təqdis etməsi də mümkündü: "İlk öncə mələklər məni təqdis ediyordu. Adəm kimi bir sayqısız axır ləkə vurdu" (Cavid). Fitrətin də əsərində İblisi ilk öncə mələklər təqdis edir. Mələklərin etirafına görə o, böyük müəllimdir, könlü maarif işığı ilə dolu aləmi-irfandır, bilik və hikmət göylərinin nurlu ülkəridir.
Hadisələr misaq dövründə baş verir. Yəni Adəmin yaradılması ərəfəsində cərəyan edir. İştirakçılar isə İblis, Cəbrayıl, Mikayıl, Əzrayıl və başqa mələklərdir. "Ağappaq nurdan libaslar geymiş, başında tac, əlində yaşıl əsa" tutmuş Adəm, sadəcə, görüntüdür. Əsər bütövlükdə İblislə mələklər arasında mükalimədən ibarətdir.
Fitrət, bəlkə də, dünya ədəbiyyatında ilk dəfə yaradılışın Adəmdən əvvəlki dövrünü yazıb. Ümumən, Fitrət türk ədəbiyyatında ənənəvi İblis metaforasını dəyişdirməyə cəhd edib. Eyni zamanda, "İblisin Tanrıya üsyanı"nı yaradarkən "Qurani-Kərim"in "Əl-Əraf" surəsinə referens edib.
***
Əli bəy Hüseynzadənin "Yurd qayğısı" ("Hali-Vətən") şeiri təkcə Azərbaycanda deyil, bütün türk dünyasında - Krımdan İstanbula, Bakıdan Buxaraya qədər cədidçilərin proqram şeiri idi. "Ey ulu Turan! Çingizlərin, Teymurların, Oğuz Xanların, Attilaların şanlı beşikləri. Sənə nə oldu?" - deyə hali-vətənin "Yurd qayğısı"nı üç versiyada yazan Fitrət də Əli bəy Hüseynzadənin təsiri altındaydı. Bunu cədid hərəkatının təmsilçisi özbək Ləziz Əzizzadə də etiraf edib.
Fitrətin "Teymurun sağanası" əsərinin məzmunu da Əli bəy Hüseynzadənin hələ Azərbaycanda çap olunmamış "Teymurun xəyalı önündə" əsərinin adını və məzmununu yansıdır. Birində Teymur öz sağanasının (məqbərəsinin) önündə sonrakı nəsillərə xitab edir, digərində isə sonrakı nəsillər Teymurun xəyalının önündədir.
1908-ci il. İstanbul. Oturanlar: Rza Tevfik, Hüseyn Cavid,
ayaq üstə (soldan): Bəkir Çobanzadə, Gulcalı Əbdül Əziz, Abdulla Sur
Zəki Vəlidi Toğandan oxumuşdum ki, Fitrət İstanbula 1908-ci ildə Özbəkistandan Gulcalı Əbdül Əzizlə gedib. Əbdül Əzizin sonrakı taleyi ilə çoxdan maraqlanıram. Professor Həmidulla Baltabayevlə söhbətimizdə ondan Əbdül Əzizi soruşdum. "Eşitdiyimə görə, Əbdül Əziz Vətənə qayıtmayıb, Türkiyədə qalıb" - dedi. Əbdül Əzizin Özbəkistanda yadigar bir şəkli də yoxdur. Amma Əbdül Əzizdən soraq verən şəkil Bakıda var. İstanbul Universitetində Hüseyn Cavid, Abdulla Sur, Bəkir Çobanzadə ilə birgə Rıza Tevfiqlə şəkil çəkdirən gənclərdən biri həmin Gulcalı Əbdül Əzizdir.
***
Fitrət yaradıcılığı, təəssüf ki, bu günə qədər Azərbaycanda, demək olar ki, araşdırılmayıb. Ya da çox ötəri tədqiq olunub. Fikir həyatımızın kəsiridir ki, 1916-cı ildə Bakıda nəşr edilən "Rəhbəri-nicat" kitabı istisna, ondan sonra bir də bu böyük ədibin yaradıcılığına Azərbaycanda əsaslı dönüş olmayıb. Amma olmalıydı...
"Ədəbiyyat qəzeti" Yaşar Qasımbəylinin tərcüməsində "Şeytanın Tanrıya üsyanı" əsərini çap etməklə tarixi bir ilkə imza atır.
Əsər ədəbiyyat estetikası baxımından yeniliklərə meylin gözəl bir örnəyidir. XX yüzilin əvvəllərində özbək şairi Fitrət küfrə deyil, modern ədəbiyyata doğru addım atırdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!