18 noyabr 1978-ci il. Goranboyda həmin gün, həmin tarixli "Ədəbiyyat və incəsənət" qəzetini köşkdən alıb çayxanaya gəldim. Əyləşib çay içə-içə qəzeti vərəqləməyə başladım. Birdən gözüm öz şeirimə sataşdı. Bu sevinc cəmisi bir anlıq oldu... Gördüm ki, böyük şairimiz Bəxtiyar Vahabzadə şeir haqqında çox yüksək fikirlər söyləsə də, imza yerində Hafiz Alov (Əliyev) yazılmışdır. Gənclik çılğınlığı özünü göstərdi. Redaksiyaya teleqram vurub çap etdikləri "O gözəl" şeirin müəllifi mən olduğumu bildirdim. Məni redaksiyaya dəvət etdilər. Sübut üçün həmin şeirin çap olunduğu 10 iyun 1978-ci il tarixli "Kirovabad kommunisti" qəzetini də özümlə götürdüm.
Bəxtiyar müəllim çox əsəbiləşmişdi. O, xeyirxahlıq etmək istəmiş, ancaq əksinə alınmışdı... Pərt halda ancaq bu sözləri dedi: - Beləsini rüsvay etmək lazımdı. Qoy bu fikrə düşənlərin qulağında bir sırğa olsun!
B.Vahabzadənin məsləhəti ilə qəzetin 25 noyabr 1978-ci il tarixli sayında mərhum şairimiz Davud Nəsibin "Şeir oğrusu" adlı replikası verildi...
Avqust 1979-cu il. Uşaqlar üçün yazmış olduğum bir neçə şeir "Kənd həyatı" jurnalının səkkizinci sayında çap olunmuşdu. Aradan iki-üç ay keçmişdi. İndiki "Azərbaycan" nəşriyyatının "Pioner" jurnalı yerləşən mərtəbəsində dəhlizdə dayanmışdım. Arxadan bir adam qolunu boynuma saldı. Geri çevrilərkən mərhum şairimiz Aslan Kəmərlini gördüm. O gülümsəyə-gülümsəyə: "Bostanına oğurluğa girmişdilər, cəzalandırdım. Gəl gedək otağıma" - dedi. O, otağında sözünə davam edərək bildirdi ki, bir yeniyetmə (yanılmıramsa ya Cəlilabaddan, ya da Beyləqandan) sənin "Qapını döymür, gözünü döyür" adlı şeirini "Kənd həyatı"ndan köçürüb bizə göndərmişdi. Şeir jurnalda çap olunandan sonra duyuq düşdük ki, müəllifi sizsiniz. Növbəti nömrədə bu haqda məlumat verdik. Ancaq yeniyetmə olduğu üçün bir az üzdən getdik...
Aprel 2014-cü il. 1983-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən çapdan buraxılan "Səhərin yoluna çıxdım" adlı kitabımı bir yazar xanıma hədiyyə etmişdim. Aradan uzun illər keçəndən sonra, yəni 2014-cü ilin yaz günlərinin birində həmin xanımla qarşılaşdım. O, çapdan çıxan kitabından söz açdı və sonra həmin kitabdan bir neçə şeir oxudu. Bəlağətlə oxuduğu bu şeirlərin arasında mənim ona vaxtilə bağışladığım kitabda gedən "İlk eşqin göynəyi" adlı lirik parça da var idi. O oxuduqca mən tərəddüd keçirirdim. Üzüm gəlmirdi ki, deyəm bu şeir mənimdir. Özümü birtəhər toplayıb eyham vurdum: - Xanım, əlyazmalarınız başqalarının yazıları ilə qarışmayıb ki? "İlk eşqin göynəyi" şeiri axı elə bil sizin deyil...
Cavabında nə eşitsəm yaxşıdır: - Siz nə danışırsınız, mən onu hələ orta məktəbdə oxuyarkən yazmışam...
Onun qadınlığına görə susmağı üstün tutdum. O isə, yəqin, unutmuşdu ki, həmin şeir gedən kitabımı neçə illər qabaq mən ona bağışlamışam. Bu gün həmin qadının adını çəkə bilmirəm. Çünki artıq dünyasını dəyişmişdir... Özü də pis qadın deyildi. Görünür, şeytan yoldan çıxarmışdı...
20-22 fevral 2016-cı il. Bu tarixli "Kaspi" qəzetində iki şeirim çapdan çıxmışdı. "Dünyanın yeriyən ağaclarıyıq" və "O sevdanın axırı"... Təəssüf ki, yenə də özgə imzayla. Bu şeirlər mənim 1989-cu ildə "Yazıçı" nəşriyyatında çapdan çıxan "Dəryada gəmim qaldı" adlı kitabımdan götürülmüşdü. Onu da qeyd edim ki, bu şeirlərin birincisi 1983-cü ildə, ikincisi isə 1979-cu ildə qələmə alınmış, hələ kitaba düşməmişdən qabaq ayrı-ayrı mətbuat orqanlarında da çap olunmuşdu. Bununla bağlı bir dostum xahiş etdi ki, bir işdir olub, açıb-ağartma. Mən də dostumun xahişini yerə salmadım... Onu da öyrəndim ki, bu iki şeiri öz adına çap etdirən müəllifin təvəllüdü hər iki şeirin çap təvəllüdündən (hələ yazılma tarixini demirəm!) gəncdir. Eşitdiyimə görə, o, istedadlı yazardır... Buna görə də ona öz daxili dünyasından süzülüb gələn hisslərə rəğmən uğurlar arzuladım...
20 avqust 2020-ci il. Bu gün qarşılaşdığım səhnə isə məni lap heyrətləndirdi. Qarşıdakı dərs ilində II sinfə getməyə hazırlaşan nəvəm Turqut dəhlizdə "Hasardakı quşlar" şeirimi əzbərləyirdi. Bu məni çox sevindirdi. Tələsik dəhlizə çıxdım. Elə düşündüm ki, mənim 1982-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən 7000 tirajla çapdan buraxılan "Xortumsuz fil" kitabımı oxuyur. (O, kiril əlifbasını da tanıyır). Ancaq bayıra çıxanda onun əlində başqa kitabı - II sinif üçün "Azərbaycan dili" dərsliyini gördüm. Dərsliyi onun əlindən aldım. Baxıb gördüm ki, doğrudan da mənim şeirimdir. Ancaq yenə də şeirin sonunda özgə imza!!!
...Müasir Azərbaycan uşaq ədəbiyyatını mənim zənnimcə sevimli şairimiz Zahid Xəlilsiz təsəvvürə gətirmək mümkün deyil. Onun əsərlərinin dəyəri hamımıza yaxşı məlumdur. Neçə-neçə əbədiyaşar əsərlərin müəllifidir. Bunları deməkdə məqsədim odur ki, şeirin sonunda qəribə də olsa, Zahid Xəlilin imzası ilə qarşılaşdım. Mən inanıram ki, sevimli şairimizin bundan xəbəri yoxdur... Kaş xəbəri olaydı!.. Onda mənim "Hasardakı quşlar" şeirim balalarımıza öz imzamla təqdim olunardı!
2018-ci ildə 152901 tirajla "Altun kitab" nəşriyyatı tərəfindən II sinif üçün çapdan buraxılan "Azərbaycan dili" dərsliyinin müəlliflərinə və nəşriyyatın məsul şəxslərinə üzümü tutub demək istəyirəm: Azərbaycan Respublikası Təhsil Nazirliyi adından kitabın son səhifəsində vermiş olduğunuz bildirişdən bircə cümləyə təkrarən nəzər yetirəsiniz: "Müəlliflik hüquqları qorunur...". Təəssüf ki, buna özünüz əməl etmədiniz. Şagirdlərin hər dərsliyi bir neçə il istifadə etməsini belə nəzərə almadan bildirirəm ki, siz ən azı 152901 nəfər fidan balamızın qarşısında mənim hüquqlarımı pozdunuz!..
Mən sizin adlarınızı bir-bir çəkmək istəmirəm. Dərslik hazırlamaq üzrə hər halda səriştəniz var. Amma insaf da yaxşı şeydir! Unutmayın ki, diqqətsizlik bəzən başqasını da pis vəziyyətdə qoyur... Elə düşünürəm ki, bu yanlışlıqla təkcə mənə qarşı deyil, eyni zamanda şair Zahid Xəlilə qarşı da hörmətsizlik göstərmisiniz... Bir də ki, həmin dərslik müəlliflərinin sırasında Zahid Xəlilov adının verilməsindən heç nə başa düşmədim!
P.S. Bəlkə də heç bunu açıb-ağartmazdım. Amma atalar üçədən demişdir. Təəssüf ki, mənim ədəbi taleyimə qarşı sayqısızlığın limiti artıq bitmişdir. İndi nə etməliyəm?.. Məhkəməyəmi müraciət edim, yoxsa yenə də susum!? Bu sualın cavabını əzizini, övladını sevən hər bir oxucunun ixtiyarına verirəm. Çünki söz özü də əzizdir, söz özü də övlad kimidir...
21.08.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!